BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı  Konvensiyasını tamamlayan "Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı Protokol"a qoşulmaq haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.  Azərbaycan Respublikası BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan "Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı Protokola müvafiq bəyanat və qeyd-şərt ilə (bəyanat və qeyd-şərtin mətni əlavə olunur) qoşulsun.

II.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2004-cü il

                        №750-IIQ

 

 

BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı

Konvensiyasını tamamlayan "Odlu silahların, onların hissələrinin

və komponentlərinin, habelə döyüş sursatının qanunsuz

hazırlanmasına və dövriyyəsinə qarşı

PROTOKOL

 

PREAMBULA

 

Bu Protokolun iştirakçısı olan Dövlətlər, odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasının və dövriyyəsinin hər bir dövlətin, regionun və ümumilikdə bütün dünyanın təhlükəsizliyinə zərərli təsir göstərə bil-məsi, insanların rifahını, onların sosial və iqtisadi inkişafını, habelə onların sülh və əmin-amanlıqda yaşamaq hüququnu təhlükə altına alması səbəbindən bu fəaliyyətin qarşısının alınmasına, onunla mübarizə aparılmasına və onun aradan qaldırılmasına ehtiyacın olduğunu etiraf edərək, bu səbəbdən də, bütün Dövlətlər üçün bu məqsədlə bütün lazımi tədbirlərin, o cümlədən regional və qlobal səviyyələrdə beynəlxalq əməkdaşlıq və digər tədbirlərin görülməsi zərurətinə əmin olaraq, transmilli mütəşəkkil cinayətkarlığa qarşı hərtərəfli beynəlxalq konvensiyanın işlənib hazırlanması, xüsusilə də odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizə haqqında beynəlxalq sənədin işlənib hazırlanması məsələsinin müzakirəsi üçün açıq tərkibli hökumətlərarası komitənin yaradılmasını nəzərdə tutan, Ali Məclisin 9 dekabr 1998-ci il tarixli 53/111 saylı qətnaməsinə istinad edərək,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq dövlətlər arasında dostluq əlaqələrinə və əməkdaşlığa aid olan beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə təsbit edilmiş bərabər hüquqlar və öz müqəddəratını təyinetmə prinsiplərini nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanması və dövriyyəsinə qarşı olan beynəlxalq sənədlə tamamlanmasının belə cinayətlərin qarşısının alınmasına və onlarla mübarizənin aparılmasına yardım edəcəyinə əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

I. ÜMUMİ MÜDDƏALAR

 

Maddə   1

Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa

qarşı Konvensiyası ilə əlaqə

 

1. Bu Protokol Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayır. O, Konvensiya ilə birlikdə şərh edilir.

2.      Əgər digər qayda nəzərdə tutulmayıbsa, Konvensiyanın müddəaları bu
Protokola mutatis mutantis qaydasında tətbiq edilir.

3.      Bu Protokolun 5-ci maddəsinə müvafiq olaraq müəyyən edilmiş hüquqpozmalar Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hüquqpozmalar kimi nəzərdə tutulur.

 

Maddə 2

Məqsəd

Bu Protokolun məqsədi, odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasının qarşısını almaq, bununla mübarizə aparmaq və bunu aradan qaldırmaq üçün İştirakçı Dövlətlər arasında əməkdaşlığı təşviq etdirmək, asanlaşdırmaq və möhkəmlətməkdir.

Maddə 3

Anlayışlar

Bu Protokolun məqsədləri üçün:

(a)  "odlu silah" dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşma bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid
edilmir;

(b) "hissələr və komponentlər" dedikdə, əsasən odlu silah və onun işləməsinə əsas olan hissə üçün nəzərdə tutulan hər hansı element (ünsür) və ya əvəzedici element, həmçinin lülə, çərçivə və ya dəstək, xizək və ya baraban, çaxmaq,  çaxmaq oxu və ya xəzinə    odlu  silahdan atəş açarkən  səsi azaltmaq üçün istehsal olunmuş və ya quraşdırılmış hər hansı cihaz başa düşülür;

(c)  "döyüş sursatı" dedikdə, odlu silahda istifadə edilən gilizlər və ya onun komponentləri, o cümlədən patron gilizləri, kapsul, atıcı maddə, güllə və mərmi başa düşülür, bu şərtlə ki, bu komponentlər müvafiq İştirakçı Dövlətdə icazə predmeti olsun;

(d) "qanunsuz hazırlanma" dedikdə, odlu silahların, onların hissələrinin və ya döyüş sursatlarının:

(i) qanunsuz dövriyyədə olan hissələrdən və komponentlərdən;

(ii) hazırlanmanın və yığılmanın həyata keçirildiyi İştirakçı Dövlətin səlahiyyətli orqanının müvafiq lisenziyası və ya icazəsi olmadan;

(iii) onun hazırlanması zamanı bu Protokolun 8-ci maddəsinə müvafiq olaraq odlu silahın nişanlanmadan

hazırlanması və yığılması başa düşülür, hissələrin hazırlanmasının və yığılmasının lisenziyalaşdırılması və icazənin verilməsi daxili qanunvericiliyə uyğun olaraq həyata keçirilir;

(e)  "qanunsuz dövriyyə" dedikdə, odlu silahın, onun hissələrinin və komponentlərinin, habelə döyüş sursatlarının, bu Protokolun müddəalarına müvafiq olaraq maraqlı İştirakçı Dövlətlərdən biri icazə vermədən və ya odlu silahın üzərində bu Protokolun 8-ci maddəsinə uyğun olaraq həkk edilən nişan olmadan, bir İştirakçı Dövlətin ərazisindən digər İştirakçı Dövlətin ərazisinə idxalı/ixracı, əldə edilməsi, satılması, göndərilməsi, ötürülməsi və ya təhvil verilməsi başa düşülür;

(f) "izləmə" dedikdə, İştirakçı Dövlətlərin səlahiyyətli orqanlarına qanunsuz hazırlanmanın və qanunsuz dövriyyənin aşkar edilməsində, istintaqında və təhqiqatında yardım etmək məqsədilə, odlu silahın və mümkün olduqda, on-ların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının istehsalçıdan alıcıya qədər izlənilməsi başa düşülür.

 

Maddə 4

Tətbiq sahəsi

1.       Bu Protokol, əgər onda digər qayda nəzərdə tutulmayıbsa, odlu silahların, onların hissələrinin və döyüş sursatının qanunsuz hazırlanmasının və dövriyyəsinin qarşısının alınmasına və bu Protokolun 5-ci maddəsinə müvafiq olaraq müəyyən edilmiş, transmilli xarakter daşıyan və mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilən cinayətlərin istintaqına və cinayət təqibinə tətbiq edilir.

2.       Bu Protokolun tətbiqi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq İştirakçı Dövlətin milli təhlükəsizlik baxımından tədbirlər görmək hüququna xələl gətirə bilərsə, Protokol dövlətlərarası razılaşmalara və ya köçürmələrə tətbiq edilmir.

 

Maddə 5

Kriminallaşdırma

1.  Hər bir İştirakçı Dövlət aşağıdakı əməllərin qəsdən törədildiyi təqdirdə onların cinayət qanunu ilə cəzalandırılan əməllər kimi tanınması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür:

(a)  odlu silahın, onun hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanması;

(b) odlu silahın, onun hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz dövriyyəsi;

(c)  odlu silahın bu Protokolun 8-ci maddəsində nəzərdə tutulan nişanının saxtalaşdırılması və ya qanunsuz pozulması, ləğv edilməsi və ya dəyişdirilməsi.

2.  Hər bir iştirakçı Dövlət eyni zamanda aşağıdakı əməllərin cinayət qanunu ilə cəzalandırılan əməllər kimi tanınması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür:

(a)  öz hüquqi sisteminin əsas prinsiplərinə əməl etmək şərtilə, bu maddənin 1-ci bəndinə müvafiq olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayəti törətməyə cəhd etmə və ya həmin cinayətdə iştirak etmə;

(b) bu maddənin 1 -ci bəndinə müvafiq olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsini təşkil etmə, ona rəhbərlik etmə, kömək göstərmə, təhrikçilik, yardım və ya məsləhət vermə.

Maddə   6

Müsadirə, həbs və özgəninkiləşdirmə

1.       Konvensiyanın 12-ci maddəsinin müddəalarına xələl gətirmədən iştirakçı Dövlətlər, qanunsuz hazırlanmış və ya qanunsuz dövriyyədə olan odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının müsadirəsini təmin etmək üçün öz daxili hüquq sistemləri çərçivəsində mümkün olan zəruri tədbirlər görürlər.

2.   İştirakçı Dövlətlər öz daxili hüquq sistemləri çərçivəsində, qanunsuz hazırlanmış və ya qanunsuz dövriyyədə olan odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının bunun üçün səlahiyyəti olmayan şəxslərin əlinə keçməsinin qarşısını almaq üçün belə odlu silahları, onların hissələrini və komponentlərini, habelə döyüş sursatını, əgər onların özgəninkiləşdirilməsinə digər rəsmi icazə verilməmişdirsə, həbs etmək və məhv etməklə zəruri tədbirlər görür, bu şərtlə ki, həmin odlu silahların üzərində nişan həkk edilmiş olsun və həmin odlu silahların və döyüş sursatının özgəninkiləşdirilməsi üsulu rəsmiləşdirilsin.

 

II. EHTİYAT TƏDBİRLƏRİ

M a d d ə   7

Qeydiyyatın aparılması

Hər bir iştirakçı Dövlət qanunsuz hazırlanmış və ya dövriyyədə olan odlu silahları və lazım gəldikdə və mümkün olduqda, onların hissələrini və komponentlərini, habelə döyüş sursatını izləmək və müəyyən etmək və bu cür fəaliyyətin qarşısını almaq və aşkar etmək üçün zəruri olan və həmin odlu silahlara və lazım gəldikdə və mümkün olduqda, onun hissələrinə və komponentlərinə, habelə döyüş sursatına aid olan məlumatı ən azı on illik müddət ərzində saxlayır. Belə məlumata aşağıdakılar daxildir:

(a)  bu Protokolun 8-ci maddəsində nəzərdə tutulan müvafiq nişanlar;

(b)  odlu silahlara, onun hissələrinə və komponentlərinə, habelə döyüş sursatına dair beynəlxalq əqdlərə aid olan hallarda, müvafiq lisenziya və icazələrin verilmə tarixi və etibarlılıq tarixi, ixrac edən ölkə, idxal edən ölkə, tranzit ölkə, lazım gəldikdə, son alıcı, habelə predmetlərin təsviri və sayı.

Maddə 8

Odlu silahların nişanlanması

1. İştirakçı Dövlətlər odlu silahların müəyyən edilməsi və izlənməsi məqsədilə:

(a) hər bir odlu silahın hazırlanması prosesində ya istehsalçının, ya istehsal edilən ölkənin və ya yerin adını və seriya nömrəsini əks etdirən xüsusi nişanın həkk edilməsini tələb edirlər və yaxud rəqəmli və/və ya hərfi-rəqəmli kodla birləşən sadə həndəsi işarələrdən ibarət olan və bütün İştirakçı Dövlətlərə istehsalçı ölkəni asanlıqla müəyyən etməyə imkan verən hər hansı alternativ xüsusi aydınlıq nişanı tətbiq edirlər;

(b)idxal olunan hər bir odlu silahın üzərində, idxal edən ölkəni və mümkün olduqda, idxalolunma ilini müəyyən etməyə imkan verən və həmin ölkənin səlahiyyətli orqanlarına həmin odlu silahı izləməyə imkan verən müvafiq sadə nişanın, həmçinin həmin odlu silahın üzərində bu cür nişanlama olmadıqda xüsusi nişanını olmasını tələb edirlər. Bu yarımbəndin tələbləri qanuni məqsədlər üçün yoxlanılması nəzərdə tutulan odlu silahların müvəqqəti
idxalına tətbiq edilmir;

(с) odlu silah dövlət fondlarından daimi mülki məqsədlərlə istifadəyə verilən zaman bütün İştirakçı Dövlətlərə göndərən ölkəni müəyyən etməyə imkan verən müvafiq xüsusi nişanlamanı təmin edirlər.

2. İştirakçı Dövlətlər odlu silahların istehsalçısı olan müəssisələr tərəfindən nişanların ləğvinə və ya dəyişdirilməsinə mane olan tədbirlərin inkişaf etdirilməsini dəstəkləyirlər.

 

Maddə   9

Odlu silahların istifadədən çıxarılması

İstifadədən çıxarılmış odlu silahı öz daxili qanununa uyğun olaraq odlu silah hesab etməyən İştirakçı Dövlət, istifadədən çıxarılmış odlu silahların qanunsuz istifadəsinin qarşısını almaq məqsədilə istifadədən çıxarmanın aşağıdakı ümumi prinsiplərinə uyğun olaraq müvafiq tədbirlər görür, o cümlədən, lazım gəldikdə, konkret cinayət tərkiblərini müəyyən edir:

(a)        istifadədən çıxarılmış odlu silahın bütün əsas hissələri, istifadədən çıxarılmış odlu silahın təyinatı üzrə istifadə edilməsinə imkan verə bilməyən tərzdə ləğv etmə, əvəz etmə və ya dəyişmə üçün tamamilə zərərsizləşdirilməli və yararsız hala gətirilməlidir;

(b)   istifadədən çıxarılmanı yoxlamaq məqsədilə müvafiq tədbirlər görülməlidir ki, müvafiq hallarda, səlahiyyətli orqan odlu silahın üzərində aparılmış dəyişiklikləri, onun istifadəyə tam yararsız olduğunu müəyyən edə bilsin;

(c)   səlahiyyətli orqan tərəfindən yoxlamaya odlu silahın istifadədən çıxarılmasını təsdiq edən şəhadətnamənin və ya qeydiyyat sənədinin verilməsi, yaxud belə odlu silahın üzərində aydın görünən xüsusi işarələrin həkk edilməsi daxildir.

 

Maddə   10

İxrac, idxal və tranzit lisenziyalaşdırması ya icazə sistemlərinə

 olan ümumi tələblər

1.      Hər bir İştirakçı Dövlət səmərəli ixrac və idxal lisenziyalaşdırması və ya icazə sistemi yaradır və ya tətbiq edir, habelə odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının göndərilməsi üçün beynəlxalq tranzit üzrə tədbirlər görür.

2.      Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının daşınması üçün ixrac lisenziyalarının və ya icazələrin verilməsindən öncə hər bir İştirakçı Dövlət yoxlayır ki:

(a)       idxal edən dövlətlər idxal üçün lisenziyalar və ya icazələr vermiş olsunlar; və

(b)       dənizə çıxışı olmayan dövlətlərin maraqlarmı qoruyan ikitərəfli və ya çoxtərəfli saziş və ya razılaşmalara xələl gətirmədən, tranzit dövlətlərin ən azı, göndərməyə qədər bu cür tranzitə etirazlarının olmadığı barədə müvafiq yazılı bildirişi olsun.

3.      İxrac və idxal üçün lisenziyada və ya icazədə və onlara edilmiş əlavələrdə ən azı, verilmə yeri və tarixi, etibarlılıq müddəti, ixrac edən ölkənin, idxal edən ölkənin, sonuncu qəbul edənin adları, odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının təsviri və miqdarı, tranzit əməliyyatı olduqda isə tranzit ölkələrin adlarını  göstərən məlumatlar əks etdirilir. İdxal lisenziyasında olan məlumatlar tranzit dövlətlərə əvvəlcədən təqdim edilir.

4.      İdxal edən İştirakçı Dövlət, sorğu əsasında, odlu silahlar, onların hissələri və komponentləri, habelə döyüş sursatı ilə olan göndərilmiş yükün qəbul edilməsi haqqında ixrac edən İştirakçı Dövləti məlumatlandırır.

5.      Hər bir İştirakçı Dövlət, öz imkanları daxilində, lisenziya və ya icazə verilmə prosedurlarının etibarlılığını və lisenziya və ya icazə sənədlərinin autentikliyinin yoxlanılması və ya təsdiq edilməsini təmin etmək üçün zəruri olan tədbirlər görür.

6.      İştirakçı Dövlətlər odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının ovçuluq, idman atıcılığı, qiymətləndirmə, sərgi və təmir və s. yoxlanıla bilən qanuni məqsədlər naminə müvəqqəti idxal, ixrac və tranziti üçün sadələşdirilmiş prosudurlar qəbul edə bilərlər.

 

Maddə 11

Təhlükəsizlik və ehtiyat tədbirləri

Hər bir İştirakçı Dövlət odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının oğurlanmasının, itirilməsinin və ya kənara çıxarılmasının, habelə qanunsuz hazırlanmasının və dövriyyəsinin aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görür ki:

(a)  odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının onun ərazisində hazırlanması, idxalı, ixracı və tranzit zamanı təhlükəsizlik təmin edilsin; və

(b)  idxala, ixraca və tranzitə nəzarətin, o cümlədən lazım gəldikdə, sərhəd nəzarətinin səmərəliliyi,  habelə polis və gömrük orqanları arasında transsərhəd əməkdaşlığın səmərəliliyi artırılsın.

Maddə 12

Məlumat

1. Konvensiyanın 27-ci və 28-ci maddələrinə xələl gətirmədən, İştirakçı Dövlətlər özlərinin müvafiq daxili hüquqi və inzibati sistemlərinə uyğun olaraq, odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının səlahiyyətli istehsalçıları, dilerləri, idxal və ixrac edənləri, mümkün olduqda isə daşıyıcıları kimi məsələlər üzrə müvafiq konkret məlumat mübadiləsi həyata keçirirlər.

2. Konvensiyanın 27-ci və 28-ci maddələrinə xələl gətirmədən İştirakçı Dövlətlər özlərinin müvafiq daxili hüquqi və inzibati sistemlərinə uyğun olaraq aşağıdakılar haqqında müvafiq məlumat mübadiləsi həyata keçirirlər:

(a)  odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanması və ya dövriyyəsində iştirak etməsi məlum olan və ya iştirak etməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar qruplar;

(b)  odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasında və ya dövriyyəsində istifadə edilmiş gizlətmə üsulları və onları aşkar etmə yolları;

(c)       odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qruplar tərəfindən adətən istifadə olunan üsul və vasitələr, göndərmə və təyinat məntəqələri və marşrutlar; və

(d)  odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş
sursatının qanunsuz hazırlanması və dövriyyəsinin qarşısının alınmasına, mübarizənin aparılmasına və tam aradan qaldırılmasına yönəldilmiş qanunvericilik təcrübəsi və tədbirləri.

3.      İştirakçı Dövlətlər odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanması və dövriyyəsinin qarşısının alınması, aşkar edilməsi və araşdırılması üçün bir-birlərinin imkanlarını gücləndirmək və belə qanunsuz fəaliyyətlərə qatılmış şəxslərin təqib edilməsi məqsədilə hüquq mühafizə orqanları üçün səmərəli olan müvafiq elmi və texnoloji məlumatlar təqdim edir və ya onların mübadiləsini həyata
keçirirlər.

4.  İştirakçı Dövlətlər qanunsuz hazırlanan və ya dövriyyədə olan odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının izlənilməsi sahəsində əməkdaşlıq edirlər. Bu əməkdaşlığa bu cür odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının izlənilməsində yardımın göstərilməsi haqqında sorğulara, imkan daxilində, təxirəsalınmaz cavabların təmin edilməsi aiddir.

5.  Öz hüquq sisteminin və ya istənilən digər beynəlxalq razılaşmaların əsas prinsiplərinə əməl etmək şərtilə hər bir İştirakçı Dövlət bu maddəyə müvafiq olaraq digər İştirakçı Dövlətdən alınan məlumatların, o cümlədən kommersiya sövdələşmələri ilə əlaqədar mülkiyyət hüquqları ilə qorunan məlumatların məxfiliyinə təminat verir və həmin məlumatlan təqdim etmiş İştirakçı Dövlət müvafiq müraciətlə ona müraciət etdikdə belə məlumatların istifadəsinə dair olan istənilən məhdudiyyətlərə riayət edir. Məxfilik təmin edilə bilmədikdə, məlumatı təqdim etmiş İştirakçı Dövlət onun yayılmasına qədər bu barədə məlumatlandırılır.

 

Maddə 13

Əməkdaşlıq

1. İştirakçı Dövlətlər odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanması və dövriyyəsinin qarşısının alınması və aradan qaldırılması məqsədilə ikitərəfli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlıq edirlər.

2.      Konvensiyanın 18-ci maddəsinin 13-cü bəndinin müddəalarına xələl gətirmədən hər bir İştirakçı Dövlət Bu Protokola aid olan məsələlər üzrə digər İştirakçı Dövlətlərə əlaqə saxlamaq məqsədilə əlaqələndirici kimi fəaliyyət göstərmək üçün milli orqan və ya vəzifəli şəxs təyin edir.

3.      İştirakçı Dövlətlər bu maddənin 1-ci bəndində qeyd olunan qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının istehsalçıları, dilerləri, onları idxal və ixrac edənlər, brokerlər və kommersiya daşıyıcıları ilə dəstək və əməkdaşlıq yollarını axtarırlar.

 

Maddə 14

Kadr hazırlığı və texniki yardım

İştirakçı Dövlətlər bir-biri ilə və müvafiq hallarda, beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər ki, İştirakçı Dövlətlər, sorğu əsasında, odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanması və dövriyyəsinin qarşını almaq, mübarizə və aradan qaldırma imkanlarını gücləndirmək üçün zəruri kadr hazırlığı və texniki yardım, o cümlədən Konvensiyanın 29 və 30-cu maddələrində göstərilən məsələlərdə texniki, maliyyə və maddi yardım ala bilsinlər.

 

Maddə 15

 Brokerlər və broker fəaliyyəti

1. Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasının və dövriyyəsinin qarşısını almaq və onlarla mübarizə aparmaq məqsədilə İştirakçı Dövlətlər broker əməliyyatını həyata keçirən şəxslərin fəaliyyətini tənzimləmək üçün sistemin yaradılması mümkünlüyünü, əgər bunu hələ etməmişlərsə, nəzərdən keçirirlər. Belə sistem bir və ya bir neçə tədbirin görülməsini nəzərdə tuta bilər, məsələn:

(a)       onların ərazisində fəaliyyət göstərən brokerlərin qeydiyyata alınması tələbi;

(b)       broker fəaliyyətinin lisenziyalaşdırılması və ya ona icazə verilməsi tələbi; və ya

(c)       idxal və ixrac lisenziyalarında və ya icazələrində və ya əlavə edilmiş
sənədlərdə əqdlərin yerinə yetirilməsinə qatılmış brokerlərin adlarının və olduqları yerlərin göstərilməsi.

2. Bu maddənin 1-ci bəndində göstərildiyi kimi, broker fəaliyyətinə münasibətdə icazə sistemi yaratmış İştirakçı Dövlətlər bu Protokolun 12-ci maddəsinə əsasən aparılan məlumat mübadiləsində brokerlər və broker fəaliyyəti haqqında məlumat mübadiləsinə və bu Protokolun 7-ci maddəsinə uyğun olaraq brokerlər və broker fəaliyyətinə aid olan məlumatın saxlanmasına həvəsləndirilir.

 

III. YEKUN MÜDDƏALAR

 

M add ə 16

 Mübahisələrin tənzimlənməsi

1.       Bu Protokolun şərhinə və tətbiqinə dair yaranan mübahisələri İştirakçı Dövlətlər danışıqlar vasitəsilə tənzimləməyə çalışacaqlar.

2.       Bu Protokolun şərhinə və tətbiqinə dair iki və ya daha çox İştirakçı Dövlət arasında yaranmış hər hansı bir mübahisə ağlabatan müddət ərzində danışıqlar vasitəsilə tənzimlənmədikdə, həmin İştirakçı Dövlətlərdən birinin xahişi ilə arbitraj araşdırmasına təqdim edilir. Arbitraj araşdırması haqqında müraciət təqdim edildiyi tarixdən etibarən həmin İştirakçı Dövlətlər altı ay ərzində onun təşkili barədə razılığa gələ bilmədikdə, həmin İştirakçı Dövlətlərdən biri Beynəlxalq Məhkəmənin Nizamnaməsinə uyğun olaraq ərizə ilə
müraciət edərək mübahisəni Məhkəməyə təqdim edir.

3.       Hər bir İştirakçı Dövlət, imzalanma, ratifikasiya, qəbul və ya bu Protokolun təsdiqi və ya ona daxil olma zamanı bəyan edir ki, o, özünü bu maddənin 2-ci bəndinə görə cavabdeh hesab etmir. Digər İştirakçı Dövlətlər bu cür qeyd-şərt etmiş hər hansı İştirakçı Dövlətə münasibətdə bu maddənin 2-ci bəndinə görə cavabdeh olmamalıdırlar.

4.       Bu maddənin 3-cü bəndinə müvafiq olaraq qeyd-şərt etmiş hər hansı İştirakçı Dövlət istənilən zaman Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə həmin qeyd-şərti geri götürə bilər.

 

Maddə 17

 İmzalama, ratifikasiya, qəbul, təsdiq və qoşulma

1.       Bu Protokol onun Ali Məclis tərəfindən qəbul edilməsindən sonra gələn ayın otuzuncu günündən 2002-ci ilin 12 dekabr ayına qədər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mərkəzi təşkilatlarında bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.

2.       Bu Protokol həmçinin regional iqtisadi inteqrasiya təşkilatlan tərəfindən imzalanmaq üçün açıqdır, bu şərtlə ki, belə təşkilatın üzvü olan ən azı bir dövlət bu maddənin 1-ci bəndinə müvafiq olaraq bu Protokolu imzalamış olsun.

3.   Bu Protokol ratifikasiya, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya, qəbul və ya təsdiq haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatı da, əgər onun üzvü olan ən azı bir dövlət belə qaydada hərəkət etmişdirsə, özünün ratifikasiya, qəbul və ya təsdiq haqqında sənədlərini saxlanca verə bilər. Belə təşkilat özünün ratifikasiya, qəbul və ya təsdiq etməsi haqqında sənəddə bu Protokolla tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Belə təşkilat həmçinin öz səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.

4. Bu Protokol, istənilən dövlətin və ya ən azı bir üzv-dövlətin bu Protokolun iştirakçısı olan istənilən regional iqtisadi inteqrasiya təşkilatının qoşulması üçün açıqdır. Qoşulma haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. Qoşulma zamanı regional iqtisadi inteqrasiya təşkilatı bu Protokolla tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Belə təşkilat həmçinin öz səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.

 

Maddə 18

 Qüvvəyə minmə

1.      Bu Protokol ratifikasiya, qəbul, təsdiq və ya qoşulma haqqında qırxıncı sənədin saxlanca təqdim edildiyi tarixdən sonra gələn doxsanıncı gün qüvvəyə minir. Bu bəndin məqsədləri üçün regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca verilmiş hər hansı bir belə sənəd belə təşkilatın üzvü olan dövlətlər tərəfindən saxlanca verilmiş sənədlərə əlavə hesab edilmir.

2.      Bu Protokolu ratifikasiya, qəbul və ya təsdiq edən və ya qırxıncı sənədi saxlanca verdikdən sonra ona qoşulan istənilən dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Protokol, belə dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı, ən sonda hansı sənədin qüvvəyə minməsindən asılı olaraq, müvafiq sənədi saxlanca verdiyi tarixdən sonra gələn otuzuncu gün və ya bu Protokol bu maddənin 1-ci bəndinə uyğun olaraq qüvvəyə mindiyi tarixdən qüvvəyə minir.

 

Maddə 19

Düzəlişlər

1. Bu Protokolun qüvvəyə minməsindən beş il sonra, bu Protokolun istənilən İştirakçı Dövləti düzəlişlərin edilməsini təklif edə və həmin təklifi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərə bilər, sonuncu isə hə-min təklifi müzakirə etmək və onun əsasında qərar qəbul etmək üçün təklif edilmiş düzəlişi İştirakçı Dövlətlərə və Konvensiya İştirakçılarının Konfransına ötürür. İştirakçıların Konfransında iştirak edən bu Protokolun İştirakçı Dövlətləri təklif edilmiş hər bir düzəlişə münasibətdə konsensusa nail olmaq üçün öz səylərini əsirgəmirlər. Konsensusa nail olunmasında bütün səylər əbəs sərf edildikdə və razılığa nail oluna bilmədikdə, düzəlişin qəbul edilməsi üçün son vasitə kimi İştirakçılar Konfransının iclasında və səsvermədə iştirak edən bu Protokolun İştirakçı Dövlətlərinin üçdə iki hissəsinin səs çoxluğu tələb olunur.

2.      Regional iqtisadi inteqrasiya təşkilatı öz səlahiyyəti daxilində olan məsələlərlə bağlı, bu maddəyə əsasən öz səsvermə hüququnu bu Protokolun İştirakçısı olan onun üzv dövlətlərinin sayına bərabər olan səsə malik olaraq həyata keçirirlər. Belə təşkilatların üzv dövlətləri öz səsvermə hüquqlarını həyata keçirdikdə, həmin təşkilatlar öz səsvermə hüququnu həyata keçirmirlər, yaxud əksinə.

3.      Bu maddənin 1-ci bəndinə müvafiq olaraq qəbul edilmiş düzəliş İştirakçı Dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilməlidir.

4.      İştirakçı Dövlətə münasibətdə bu maddənin 1-ci bəndinə müvafiq olaraq qəbul edilmiş düzəliş, belə düzəlişin ratifikasiya və ya qəbul və ya təsdiq edilməsi haqqında sənədin Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verildiyi tarixdən doxsan gün sonra qüvvəyə minir.

5.      Düzəliş qüvvəyə minən zaman həmin düzəlişə bağlı olmaq haqqında öz razılığını ifadə edən İştirakçı Dövlətlər üçün məcburi olur. Digər İştirakçı Dövlətlərin bu Protokolun müddəalarına və onların əvvəl ratifikasiya, qəbul və ya təsdiq etdiyi istənilən düzəlişə bağlı olmaları davam edir.

 

Maddə 20

Denonsasiya

1.       İştirakçı Dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş
göndərməklə bu Protokolu denonsasiya edə bilər. Belə denonsasiya, Baş katib bu barədə bildirişi aldığı tarixdən bir il sonra qüvvəyə minir.

2.       Regional iqtisadi inteqrasiya təşkilatının üzvü olan bütün dövlətlər bu Protokolu denonsasiya etdikdə həmin təşkilatın bu Protokolda İştirakçılığı başa çatır.

 

Maddə 21

 Depozitari və dillər

 

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun depozitarisi hesab edilir.

2.       Bu Protokolun ingilis, ərəb, Çin, rus və fransız dillərində autentik olan əsl nüsxəsi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir.

Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən lazımi qaydada müvəkkil edilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Protokolu imzaladılar.

 

BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı

Konvensiyasını tamamlayan "Odlu silahların, onların hissələrinin

və komponentlərinin, habelə döyüş sursatının qanunsuz

hazırlanmasına və dövriyyəsinə qarşı Protokol"a münasibətdə

Azərbaycan Respublikasının bəyanatı və qeyd-şərti

 

BƏYANAT

 

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikası ərazilərində bu Protokolun müddəalarının yerinə yetirilməsinə həmin ərazilər azad olunanadək təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)*.

 

QEYD-ŞƏRT

 

Azərbaycan Respublikası bəyan edir ki, o, özünü Protokolun 16-cı maddəsinin 2-ci bəndi ilə bağlı hesab etmir.

 



*  Bax “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu” , 2003-cü il № 4,səh. 712