Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

M a d d ə   1 . Qanunun məqsədi

1.1.     Bu Qanun Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra - Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri) qulluq edən şəxslərin icbari sığortası qaydalarını müəyyən edir. [1]

1.2.     Bu Qanunun məqsədləri üçün Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslər dedikdə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa Müvafiq olaraq diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər (diplomatik xidmət əməkdaşları) və həmin orqanların inzibati-texniki xidmətini həyata keçirən şəxslər nəzərdə tutulur.

M a d d ə 2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında qanunvericilik

2.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası bu Qanunla, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.[2]

2.2. Ələt azad iqtisadi zonasında Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[3]

 

M a d d ə   3 . Sığorta olunan

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər bu Qanuna uyğun olaraq sığorta olunanlardır.

M a d d ə   4 . sığortalı

Sığortalı Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən Müvafiq icra hakimiyyəti orqanıdır.

M a d d ə   5 . Sığortaçı

5.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin sığortaçısı dövlət sığorta orqanıdır.

5.2. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.[4]

M a d d ə   6 . Sığorta hadisəsi

6.1.     Sığorta olunanın fərdi qəza (bədbəxt hadisə) nəticəsində həlak olması (vəfat etməsi) və ya sağlamlığına zərər vurulması (əlillik və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir.

6.2.     Fərdi qəzanın (bədbəxt hadisənin) sığorta olunanın sərxoş halda olması, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya toksiki maddələrdən istifadəsi, özünə qəsd etməsi nəticəsində baş verməsi sığorta hadisəsi sayılmır.[5]

6.3.     Sığorta hadisəsi baş verdikdə sığorta olunan və ya sığortalı bu barədə sığortaçım xəbərdar etməlidir.

M a d d ə   7 . Sığorta məbləği və sığorta haqqı

7.1.      Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı on bir min manat, digər diplomatik vəzifə tutan şəxslər altı min altı yüz manat, inzibati-texniki xidməti həyata keçirən şəxslər isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər.[6]

7.2.      Sığorta haqqı sığorta məbləğinin 0,3 faizi miqdarında müəyyən edilir.

M a d d ə   8 . Sığorta ödənişləri

8.1. Sığorta olunan sığorta hadisəsi nəticəsində həlak olduqda (vəfat etdikdə) və ya sağlamlığına zərər vurulduqda, ona bu Qanunun 7.1-ci maddəsində müəyyən edilmiş sığorta məbləğindən aşağıdakı miqdarda faizlə sığorta ödənişi verilir:

8.1.1. həlak olması (vəfat etməsi) - 100 faiz; 8.1.2.1 qrup əlillik - 80 faiz;

8.1.3.      II qrup əlillik - 60 faiz;

8.1.4.      III qrup əlillik - 40 faiz;

8.1.5.      əlillik qrupu təyin olunmadan ağır xəsarət alması - 20 faiz;

8.1.6.      yüngül xəsarət alması - 10 faiz.

8.2. Sığorta olunan sığorta hadisəsi nəticəsində sağlamlığına vurulmuş zərərdən bu hadisənin baş verdiyi gündən üç il müddətində vəfat edərsə və ya sağlamlığına zərər vurularsa, sığorta olunanın bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq aldığı Müvafiq sığorta ödənişi ilə sığortanın tam məbləği arasındakı fərq onun varisinə və ya sığorta olunanın özünə bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişi ödənilir.

M a d d ə   9 . Sığortanın aparılması qaydaları

9.1.      Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası sığortalı ilə sığortaçı arasında bağlanmış müqavilə əsasında aparılır.

9.2.      sığortalı növbəti il üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin siyahısını tərtib edir və cari ilin sonunadək sığortaçıya təqdim edir.

9.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində dövlət qulluğuna qəbul edilən şəxslər işə qəbul olunduqları tarixdən müvafiq qaydada sığorta olunmuş hesab edilirlər.

9.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

9.5.      Sığorta haqlarının məbləği hər ilin əvvəlində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin sayına uyğun olaraq hesablanır.

9.6. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləği sığortalı tərəfindən rübdə bir dəfə sığortaçının hesabına köçürülür.

9.7.  Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir. [7]

M a d d ə   10. Sığorta ödənişinin verilməsi müddəti

10.1.     Sığortaçı bu Qanunla nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun varisinə sığorta ödənişini bu Qanunun 11-ci maddəsində göstərilmiş sənədləri aldığı gündən 7 (yeddi) təqvim günü ərzində ödəyir.

10.2.     Sığorta olunan, yaxud onun varisi sığorta ödənişini bu Qanunla müəyyən edilmiş hallarda və qaydada almadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Müvafiq olaraq sığorta hadisəsinin baş verdiyi gündən 3 (üç) il müddətində sığortaçıdan tələb etmək hüququna malikdir. [8]

10.3.     Sığortaçı sığorta ödənişini bu Qanunun 10.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.[9]

M a d d ə   11. Sığorta ödənişinin alınması üçün tələb olunan sənədlər

11.1. Sığorta ödənişinin alınması üçün sığorta olunan, yaxud onun varisi tərəfindən müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığorta olunanın qulluq etdiyi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində tutduğu vəzifə barədə arayışla birlikdə sığortaçıya aşağıdakı sənədlər təqdim edilir:

11.1.1.         həlak olması (vəfat etməsi) halında:

11.1.1.1.      sığorta olunanın ölümü haqqında şəhadətnamənin surəti;

11.1.1.2.      vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti; [10]

11.1.2.         sığorta olunanın sağlamlığına zərər vurulduğu halda:

11.1.2.1.      əlillik haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixi göstərilməklə) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın notariat qaydasında təsdiq edilmiş surəti;

11.1.2.2.      ağır və ya yüngül xəsarətin alınmasını təsdiq edən tibbi arayış.

11.2. Ağır və yüngül xəsarət növlərinin siyahısını Müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə   12. Bu Qanunun icrasına nəzarət və onun pozulmasına rə məsuliyyət

12.1.    Bu Qanunun icrasına nəzarəti öz səlahiyyətləri daxilində sığortalı və sığortaçı həyata keçirir.

12.2.    Bu Qanunun müddəalarının pozulmasına görə sığortalının və sığortaçının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. [11]

M a d d ə   13. Mübahisələrə baxılması qaydası

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. [12]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2004-cü il

¹ 651-IIQ

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 3, maddə 223)

2.       17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 560)

3.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462)

4.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 960)

5.       4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 336)

6.       24 fevral 2015-ci il tarixli 1210-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, ¹ 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 351)

7.       28 dekabr 2018-ci il tarixli 1419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, ¹ 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 36)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 3, maddə 223) ilə 1.1-ci maddəsində "nümayəndəliklərində" sözündən sonra "və konsulluqlarında" sözləri əlavə edilmişdir.

 

[2] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 960) ilə 2-ci maddədə "Sığorta haqqında" sözləri "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.

 

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 336) ilə 2-ci maddədə “Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Diplomatik xidmət haqqında”, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə, bu Qanunla” sözləri “bu Qanunla, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 28 dekabr 2018-ci il tarixli 1419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, ¹ 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 36) ilə 2-ci maddənin mətni 2.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 2.2-ci maddə əlavə edilmişdir.

 

[4] 24 fevral 2015-ci il tarixli 1210-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, ¹ 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 351) ilə 5-ci maddənin mətni 5.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 5.2-ci maddə əlavə edilmişdir.

 

[5] 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 560) ilə 6.2-ci maddəsində “narkotik və” sözləri “narkotik vasitələrdən, psixotrop maddələrdən və ya” sözləri ilə əvəz edilmişdir.

 

[6] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462) ilə  7.1-ci maddəsində “şərti maliyyə vahidinin 10 (on) min misli” sözləri “on bir min manat” sözləri ilə, “şərti maliyyə vahidinin 6 (altı) min misli” sözləri “altı min altı yüz manat” sözləri ilə və “şərti maliyyə vahidinin 4 (dörd) min misli” sözləri “dörd min dörd yüz manat” sözləri ilə əvəz edilmişdir.

 

[7] 4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 336) ilə yeni məzmunda 9.7-ci maddə əlavə edilmişdir.

 

[8] 4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 336) ilə 10.2-ci maddə ləğv edilmişdir.

 

[9] 24 fevral 2015-ci il tarixli 1210-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, ¹ 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 351) ilə yeni məzmunda 10.3-cü maddə əlavə edilmişdir.

 

[10] 4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 336) ilə 11.1.1.2-ci maddədən “notariat qaydasında təsdiq olunmuş” və 11.1.2.1-ci maddədən “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılmışdır.

 

[11] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 960) ilə 4-cü maddənin adında və mətnində, 6.3-cü, 9.1-ci, 9.2-ci, 9.6-cı, 12.1-ci və 12.2-ci maddələrdə ismin müvafiq hallarında "sığorta etdirən" sözləri ismin müvafiq hallarında "sığortalı" sözü ilə əvəz edilmişdir.

 

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 336) ilə 12.2-ci maddədə “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilmişdir.

 

[12] 4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 336) ilə 13-cü maddədə “mübahisələr” sözündən sonra “Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən” sözləri əlavə edilmişdir.