" Doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI[2]

 

"Doktorantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 aprel tarixli 187 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. " Doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 30 iyun 2004-cü il

89

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 30 iyun tarixli 89 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi

 

QAYDALARI[3]

 

I. TƏQAÜDLƏ TƏMİNAT

 

1.1.Bu Qaydalar Azərbaycan Respublikasının Təhsil Qanununa, " Doktorantlara, dövlət ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 aprel tarixli 187 nömrəli Sərəncamına uyğun hazırlanmışdır və əyani forma üzrə təhsil alan doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsini müəyyənləşdirir.

1.2.Dövlət büdcəsi hesabına təhsil alan doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüd dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.

1.3.Təqaüd doktorantlara, ali və orta ixtisas təhsili müəssisələrində "əla", "əla və yaxşı", "yaxşı-kafi" qiymətlərlə təhsil alan tələbələrə və peşə məktəblərinin və peşə liseylərinin şagirdlərinə verilir.

 

II. TƏQAÜD FONDU VƏ TƏQAÜDLƏRİN HƏCMİ

 

2.1. Dövlət büdcəsi hesabına təhsil alan doktorant, tələbə və şagirdlərə verilən təqaüdlərin fondları müəyyən olunmuş qaydada formalaşdırılır. [4]

2.2. Mütəxəssis hazırlığı ali təhsil pilləsinin səviyyələrinə bölünmədən aparılan səhiyyə sahəsinin ixtisasları üzrə təhsil alan tələbələrə təqaüd I-IV kurslarda bakalavriat, V-VI kurslarda isə magistratura səviyyələri üçün müəyyənləşdirilmiş həcmdə verilir. [5]

 

III. TƏQAÜDLƏRİN TƏYİN OLUNMASI VƏ ÖDƏNİLMƏSİ

 

3.1. Dövlət büdcəsi hesabına təhsil alan doktorant, tələbə və şagirdlərə təqaüdün verilməsi Təqaüd komissiyasının təqdimatı əsasında müəssisə rəhbərinin əmri ilə həyata keçirilir.

3.2. Təqaüd ayda bir dəfə verilir.

3.3. Doktorant, tələbə və şagirdlərə təhsil aldıqları müəssisədən xaric olduğu gündən təqaüdün verilməsi dayandırılır.

3.4. Təqaüd dövlət ali, orta ixtisas təhsili müəssisələrinin tələbələrinə, peşə məktəblərinin, peşə liseylərinin şagirdlərinə semestrlər üzrə imtahan sessiyalarının nəticələrinə görə təyin edilir.

3.5. Dövlət büdcəsi hesabına təhsil alan doktorantlara təqaüd onların illik attestasiyalarının nəticələrinə görə təyin edilir.

3.6. Bakalavriat təhsil səviyyəsinin I kurs tələbələrinə birinci semestr ərzində təqaüd minimal həcmdə, 600 və daha çox balla qəbul olunanlara isə "əla" qiymətlərlə təhsil alan tələbələr üçün müəyyənləşdirilmiş həcmdə verilir. [6]

3.7. Bakalavriat təhsil səviyyəsini fərqlənmə diplomu ilə bitirmiş və magistraturaya qəbul olunmuş tələbələrə birinci semestr ərzində təqaüd magistratura təhsil səviyyəsi üzrə "əla" qiymətlərlə təhsil alanlar üçün müəyyənləşdirilmiş həcmdə, digərlərinə isə minimal həcmdə verilir. [7]

3.8. Orta ixtisas təhsili müəssisələrinin tələbələrinə qəbul olduqları tədris ilinin ilk semestrində təqaüd bu pillə üçün nəzərdə tutulmuş minimal həcmdə, 250 və daha yüksək balla qəbul olunanlara isə "əla" qiymətlərlə təhsil alan tələbələr üçün müəyyənləşdirilmiş həcmdə verilir.

3.9. İmtahan sessiyalarının nəticələrinə görə "qeyri-kafi" qiymət almış ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə, peşə məktəbi və peşə liseylərinin şagirdlərinə təqaüd akademik borclar ləğv edilən gündən təyin olunur.

 

3.10.Xəstəliyə və digər üzrlü səbəblərə görə imtahanlarda iştirak etməyən tələbə və şagirdlərə akademik borcların ləğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir.

3.11.İstehsalat təcrübəsi və tətil müddətlərində tələbə və şagirdlərin işləyib işləməmələrindən asılı olmayaraq, təqaüd alma hüquqları saxlanılır.

3.12.Akademik borca görə təkrar kursda saxlanılan və təhsillərini müvəqqəti olaraq dayandıran tələbə və şagirdlərə təkrar təhsil ili dövründə təqaüd ödənilmir.

3.13.Hamiləlik, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri və şagirdlərinə müvafiq səhiyyə orqanları tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən müəyyən olunmuş müddətdə təqaüd tam həcmdə ödənilir.

3.14.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pensiya alan doktorant, tələbə və şagirdlərə təqaüd ümumi qaydalar əsasında müəyyənləşdirilir.

3.15.Bir təhsil müəssisəsindən və ya bir ixtisasdan digərinə köçürülən tələbə və şagirdlərə təqaüd (fənn fərqlərindən asılı olmayaraq) əvvəllər təhsil aldıqları təhsil müəssisələrindəki (ixtisasdakı) sonuncu imtahan sessiyasının nəticələrinə görə verilir. [8]

3.16.Ali təhsil müəssisələri tələbələrinə adlı təqaüdlərin verilməsi ali təhsil müəssisələrinin Elmi Şuraları tərəfindən həyata keçirilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264)

  1. 5 fevral 2016-cı il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 380)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə adında, preambulasında və 1-ci bəndində Aspirantlara sözü Doktorantlara sözü ilə əvəz edilmişdir.

 

[2] 5 fevral 2016-cı il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 380) ilə ləğv edilmişdir.

 

[3] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydalarının adında, 1.1-ci, 1.2-ci, 1.3-cü və 3.5-ci bəndlərdə aspirantlara sözü doktorantlara sözü ilə əvəz edilmişdir.

 

[4] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydalarının 2.1-ci, 3.1-ci, 3.3-cü və 3.14-cü bəndlərdə aspirant sözü doktorant sözü ilə əvəz edilmişdir.

 

[5] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydalarının 2.2-ci bənddə pillələrə sözü ali təhsil pilləsinin səviyyələrinə sözləri ilə, bakalavr sözü bakalavriat sözü ilə, magistr pillələri sözləri magistratura səviyyələri sözü ilə əvəz edilmişdir.

 

[6] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydalarının 6-cı bənddə Bakalavr pilləsinin sözləri Bakalavriat təhsil səviyyəsininsözü ilə əvəz edilmişdir.

 

[7] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydalarının 3.7-ci bənddə Bakalavr pilləsini sözləri Bakalavriat təhsil səviyyəsini sözləri ilə, magistratura pilləsi sözləri magistratura təhsil səviyyəsi sözü ilə əvəz edilmişdir.

 

[8] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydalarının 3.15-ci bənddə tədris müəssisələrindəki sözləri təhsil müəssisələrindəki sözü ilə əvəz edilmişdir.