"Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİNQƏRARI

 

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.  "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 1 iyul 2004-cü il

№ 90

 

                                                                                                                  Azərbaycan Respublikası Nazirlər Kabinetinin

                                                                                                                       2004-cü il 1 iyul tarixli 90 nömrəli qərarı ilə

                                                                                                                                           TƏSDİQ EDİLMİŞDİR               

 

Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında

 

ƏSASNAMƏ

 

1.  Bu Əsasnamə ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarını tənzimləyir.

2.  Ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir.

3.  Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinq sistemini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradır və bu fəaliyyəti Azərbaycan Respublikasının digər müvafiq icra hakimiyyəti orqanları ilə birgə həyata keçirir.

4.  Təbiətdən istifadəçilər ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə ətraf mühitin və təbii ehtiyatların monitorinqi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş formalar əsasında lazımi məlumatlar təqdim edirlər.

5.  Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (konvensiyalar, sazişlər və s.) və bu Əsasnamə əsasında həyata keçirilir.

6.  Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminə aşağıdakılar daxildir:

 

6.1.            atmosfer havasının monitorinqi;

6.2.            su obyektlərinin monitorinqi;

6.3.            torpaqların monitorinqi;

6.4.            mineral-xammal ehtiyatlarının monitorinqi;

6.5.            bioloji ehtiyatların monitorinqi;

6.6.            atmosfer yağıntılarının (yağış, qar) monitorinqi;

6.7.            radioaktivliyin monitorinqi;

6.8.            ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi;

6.9.            tullantıların monitorinqi;

6.10.        sanitariya-epidemioloji monitorinq;

6.11.        ekzogen geoloji və seysmogeodinamik proseslərin ətraf mühitin vəziyyətinə

                           təsirinin monitorinqi;

6.12.        xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi.

 

6.1. Atmosfer havasının monitorinqi

 

Atmosfer havasının monitorinqi - atmosfer havasının vəziyyətinin, çirklənməsinin, onda baş verən təbii hadisələrin öyrənilməsi, qiymətləndirilməsi və proqnozu məqsədilə müşahidə və nəzarət sistemidir.

Atmosfer havası təbii ehtiyat hesab edilmədiyindən, karbon iki oksid istisna olmaqla, atmosfer havasının komponentləri monitorinq zamanı nəzərə alınmır.

6.1.1. Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir.

Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatılığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir:

stasionar müşahidə məntəqələri sistematik və uzun müddətli müşahidələr aparılması üçün nəzərdə tutulur. Bu məntəqələr hava nümunələrinin götürülməsi, atmosferə atılan tullantıların fasiləsiz qeydiyyatının aparılması və meteoroloji parametrlərin müəyyənləşdirilməsi üçün zəruri olan cihaz və avadanlıqlarla təchiz olunur;

səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur;

məşəlaltı postlar tüstü və qaz məşəlləri altında birdəfəlik müşahidələr aparmaq üçün nəzərdə tutulur.

Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin (yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla aşağıdakı qaydada təşkil olunur:

əhalinin sayı - 50 minə qədər olduqda, 1 məntəqə

-  50-100 min olduqda, 2 məntəqə

-  100-200 min olduqda, 2-3 məntəqə

-  200-500 min olduqda, 3-5 məntəqə

-  0,5-1,0 mln. olduqda, 5-10 məntəqə

-  1,0-2,0 mln. olduqda, 10-15 məntəqə

-  2,0 mln. və çox olduqda, 15-20 məntəqə

 

6.2. Su obyektlərinin monitorinqi

 

Su obyektlərinin monitorinqi - onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, su təchizatı və su mühafizəsi sistemlərinin təkmilləşdirilməsi məqsədilə su obyektlərinin hidroloji, hidrogeoloji, hidrobioloji və hidrokimyəvi göstəricilərinə müntəzəm müşahidə və nəzarət sistemindən ibarətdir.

Su obyektlərinin dövlət monitorinqi dövlət su kadastrı hüdudlarında aparılır. Su kadastrı özündə vahid dövlət su fondunun tərkib hissələri olan:

yerüstü su obyektləri (çaylar, göllər, su anbarlan, kanallar, gölməçələr və buzlaqlar);

yeraltı su obyektləri (quyular, kəhrizlər, məcraaltı su götürücüləri və s.);

sərhəd su obyektləri;

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi onların su ehtiyatları, su obyektlərindən istifadə və su obyektlərinin istifadəçiləri barədə məlumatların məcmusudur.

Dövlət Su Kadastrının (DSK) nəşr olunan hissəsi aşağıdakı struktura malikdir:

yerüstü sular bölməsi;

yeraltı sular bölməsi;

sulardan istifadə bölməsi.

Sadalanan üç bölmədən hər biri üç seriyadan ibarət olur:

kataloq məlumatları - birdəfəlik nəşr;

illik məlumatlar - illik nəşr;

çoxillik məlumatlar - 5 ildə bir dəfə nəşr edilir.

6.2.1. Su obyektlərinin çirklənməsinin monitorinqi

Su obyektlərinin çirklənməsi - suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və axıdılmasıdır.

6.2.1.1. Yerüstü su obyektlərinin fon tərkibi və çirklənməsinin monitorinqi təbii proseslərin fonunda antropogen təsirləri müəyyən etmək üçün su ehtiyatlarının hidroloji, hidrokimyəvi və hidrobioloji göstəricilərində olan dəyişikliklərin təhlili, qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir.

Yerüstü su obyektlərinin (su axınları və sututarlar) fon tərkibi və çirklənməsinin monitorinqinin əsas məqsədi su ehtiyatlarının mühafizəsi, onlardan səmərəli istifadə olunması və yerüstü su obyektlərinin optimal idarə edilməsi üçün suyun keyfiyyət göstəricilərinə nəzarətin elmi əsaslarla həyata keçirilməsidir.

Bu məqsədlə aşağıdakı tədbirlərin həyata keçirilməsi tələb olunur:

ölkə çayları, gölləri və sututarlarının sularının fon tərkibi və çirklənməsi üzrə müntəzəm (sistematik) müşahidələrin təşkil edilməsi;

su obyektlərində kimyəvi birləşmələrin və çirkləndirici maddələrin balansının hesablanması, o cümlədən kimyəvi və çirkləndirici maddələrin transsərhəd çaylarının su axımı ilə qonşu ölkələrdən respublikamızın ərazisinə gətirilməsinə nəzarətin təşkili;

ölkə çayları, gölləri və sututarlarının çirklənmə səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması.

Yerüstü su obyektlərinin çirklənmə səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə daimi müşahidə məntəqələri su obyektlərinin aşağıdakı hissələrində təşkil olunur:

antropogen təsirə məruz qalmayan hissələrində (fon tərkibi üzrə);

şəhərlər və iri yaşayış məntəqələrinin kommunal-məişət tullantı sularının su obyektinə axıdılan hissəsində;

iri sənaye müəssisələrinin tullantı sularının su obyektinə axıdılan hissəsində;

suvarılan kənd təsərrüfatı sahələrindən kollektor - drenaj sularının su obyektinə axıdılan hissələrində;

su obyektlərinin balıqçılıq üçün əhəmiyyətli olan hissələrində;

transsərhəd çaylarının respublika ərazisində qonşu ölkələrdən daxil olan hissələrində;

su obyektlərinin kurort-sağlamlıq, istirahət və idman üçün istifadə olunan hissələrində;

iri çayların mənsəblərində.

Yerüstü su obyektlərinin çirklənməsinin vəziyyəti haqqında lazımi və real informasiyanın toplanması ilə bağlı monitorinq məntəqələri dörd kateqoriyaya bölünür və aşağıdakı qaydada təşkil olunur:

I kateqoriyalı məntəqələr: orta və iri su obyektlərinin (sututar və su axınlarının) iqtisadiyyat üçün böyük əhəmiyyətli hissələrində; 1 mln.-dan çox əhalisi olan iri sənaye şəhərlərinin yaxınlığında; xüsusi qiymətli su orqanizmlərinin kürüləmə və qışlama yerlərində; fövqəladə çirklənmə hallarının təkrar olunduğu hissələrdə; tullantı sularının həddən çox axıdılması nəticəsində yüksək çirklənmə vəziyyəti olan yerlərdə təşkil olunur. Xüsusi hallarda kiçik sututarı və su axınlarında I kateqoriyalı məntəqələr təşkil edilə bilər. Bu kateqoriyalı məntəqələrdə: su mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr hər gün; 2-3 xarakterik çirkləndiricilər üzrə müşahidələr ayın hər dekadasında; bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə; suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər - fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır.

II   kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5-1,0 mln. olan şəhərlər yerləşən hissələrində; çayları Azərbaycan Respublikasının dövlət sərhədi ilə kəsişdiyi yerlərində; su canlılarının kürüləmə və qışlama yerlərində; çayların balıq təsərrüfatı üçün əhəmiyyətli olan su bəndlərinin yaxınlığında; kollektor-drenaj və sənaye tullantı sularının mütəşəkkil axıdıldığı/atıldığı yerlərdə, suyun orta çirklənmə səviyyəsinin olduğu rayonlarda və çayların mənsəblərində təşkil olunurlar. Məntəqələrdə: vizual müşahidələr - hər gün, su mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr - ayın hər dekadasında, bütün mümkün çirkləndiricilər üzrə müşahidələr - ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər - fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır.

III   kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5 mln.-dan az olan orta və kiçik yaşayış məntəqələrinin yerləşdiyi və əhalinin kütləvi istirahət etdiyi zonalarında, su obyektinə müxtəlif tullantı sularının mütəşəkkil axıdılması/atılması nəticəsində zəif çirklənmə səviyyəsi müşahidə edilən zonalarda, böyük və orta çayların suqovuşanlarında, böyük çayların və sututarların çirklənmiş qollarının mənsəblərində təşkil olunur. Bu məntəqələrdə suyun hidroloji və hidrokimyəvi göstəriciləri və bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr isə hidroloji rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə vegetasiya dövründə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır.

IV  kateqoriyalı məntəqələr stasionar hidroloji şəbəkədə su obyektlərinin təbii fon tərkibinin öyrənilməsi məqsədilə sututar və su axınlarının çirklənməyə məruz qalmayan hissələrində, həmçinin, təbii milli parkların və qoruqların ərazilərindəki su obyektlərində təşkil olunurlar. Bu məntəqələrdə müşahidələr çayların (göllərin) hidroloji rejiminin əsas fazalarında (adətən, il ərzində 7 dəfə) kimyəvi tərkibi üzrə tam həcmdə aparılır.

Kateqoriyalarından asılı olmayaraq müşahidə məntəqələrinin hamısında hər gün su obyektinin ümumi vəziyyəti üzrə və kimyəvi analiz üçün su nümunələri götürülən zaman suyun sərfi (səviyyəsi), temperaturu və su axınının sürəti üzrə müşahidələr aparılır.

6.2.1.2. Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqi - təbii və texnogen amillərin təsiri nəticəsində, onların kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə, bakteriyalarla (mikroorqanizmlərlə) çirklənmə dərəcəsinin öyrənilməsi, proqnozlaşdırılması və çirklənməyə qarşı tədbirlərin hazırlanmasının təmin edilməsi məqsədilə aparılır.

Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqi regional və xüsusi şəbəkə üzrə aparılır.

Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqinin regional şəbəkəsi yeraltı su obyektlərinin vəziyyətinin monitorinqini təşkil edən dövlət dayaq rejim şəbəkəsinin müşahidə məntəqələri - quyular, bulaqlar, kəhrizlər, horizontal drenlər və s. ilə eynidir və bu məqsədlə ayrıca şəbəkə yaradılmır.

Şəhər, qəsəbə və digər yaşayış məntəqələrinin və aqrar sektor obyektlərinin su təchizatı üçün istifadə edilən yeraltı su götürücülərin sahəsində, yeraltı suları çirkləndirən obyektlərin təsir sahələrində, yeraltı suların qidalanma mənbəyi olan çirklənmiş yerüstü və həmçinin yerüstü suları qidalandıran çirklənmiş yeraltı suların təsir zonasında yeraltı suların çirklənməsinin monitorinqinin aparılması məqsədilə ərazinin hidrogeoloji, geoloji, geomorfoloji şəraiti, yerüstü və yeraltı suların axımının istiqaməti, obyektin planda və kəsilişdə sərhədləri, çirkləndiricilərin növü, miqrasiya xüsusiyyətləri və s. nəzərə alınmaqla xüsusi şəbəkə yaradılır.

Regional və xüsusi şəbəkənin məntəqələrindən su nümunələrinin götürülərək laboratoriyalarda xüsusi kimyəvi, bioloji və radioaktiv analiz edilməsi yeraltı suların çirklənməsinin monitorinqinin tərkib hissəsidir.

Monitorinqin aparılma tezliyi regional şəbəkə üzrə ildə bir dəfədən az olmamaqla həyata keçirilir. Xüsusi şəbəkə üzrə isə hər bir hal üçün ayrılıqda müəyyən edilir.

Yeraltı su obyektlərinin hidrokimyəvi göstəriciləri müşahidə məntəqələrindən götürülmüş su nümunələrinin laboratoriya şəraitində analiz edilməsi ilə öyrənilir. Analizlərin götürülmə tezliyi qarşıda duran məqsəddən və sulu horizontların hidrokimyəvi dinamikliyindən asılı olaraq ildə bir dəfədən az olmamalıdır.

6.2.1.3. Sərhəd su obyektlərinin çirklənməsinin monitorinqi - dövlətlərarası sərhədi müəyyən edən, sərhədi kəsib keçən, yaxud üzərindən Azərbaycan Respublikasının dövlət sərhədi keçən yerüstü və yeraltı su obyektlərində yerləşən suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması üzərində müşahidə və nəzarət sistemidir.

Çayların transsərhəd çirklənməsinin monitorinqi II kateqoriyalı müşahidə məntəqələrində aparılır. Su obyektlərində transsərhəd çirklənmənin monitorinqinin təşkili aşağıdakılardan ibarətdir:

transsərhəd çayların respublika ərazisinə qonşu ölkələrdən daxil olan hissələrində daimi müşahidə məntəqələrinin qurulması;

su obyektlərinin çirklənməsi üzrə nəticələrin qonşu dövlətlərin müvafiq nəticələri ilə müqayisəli təhlili və qiymətləndirilməsi;

qonşu ölkələrdən tranzit gətirilən çirkləndirici kimyəvi maddələrin balansının hesablanması;

aylıq, illik, çoxillik müşahidə nəticələrinin hidrometeoroloji parametrlərlə əlaqələndirilməsi və onların əsasında çirklənmə səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması.

6.2.1.4. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin çirklənməsinin monitorinqi - dənizin çirklənmədən mühafizə edilməsi məqsədilə onun çirklənmə mənbələrinin, dənizə atılan/axıdılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, dənizin çirklənmə vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir.

Xəzər dənizinin (gölünün) çirklənməsinin monitorinqinə aşağıdakılar daxildir:

dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi;

dənizin Azərbaycan Respublikasına mənsub olan bölməsində daha intensiv çirklənməyə məruz qalan sahələrində, kurort-sağlamlıq və balıqçılıq zonalarında suyun və dib çöküntülərinin çirklənmə səviyyəsinin fiziki, kimyəvi və hidrobioloji göstəricilərinə daimi nəzarət edilməsi;

çirkləndirici maddələrin qatılıqlarının zaman və məkan dinamikasının tətqiq edilməsi və bu dinamikanın təbii sirkulyasiyası prosesləri, dənizin hidrometeoroloji rejimi və təsərrüfat fəaliyyətinin xüsusiyyətlərindən asılılığının öyrənilməsi;

açıq dənizdə, sahil zonalarında və dəniz sərhədi boyunca suyun və dib çöküntülərinin çirklənmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə müntəzəm və mütəmadi müşahidələrin aparılması;

dəniz suyunun və dib çöküntülərinin fon tərkibi üzrə müşahidələr açıq dənizdə və az çirklənməyə məruz qalmış ayrı-ayrı sahil rayonlarındakı uzun müddətli okeanoloji (dəniz hidrometeoroloji) stansiyalarda aparılır.

Suyun çirklənməsi üzrə müşahidələr dənizin okeanoloji standart dərinliklərində (0,5, 10, 20, 50, 100, 500, 1000 m) və dib qatında aparılır.

Müşahidə stansiyaları (məntəqələri) dənizin çirklənmə səviyyəsindən asılı olaraq üç kateqoriyaya bölünür. Kateqoriyalar çirklənmə mənbələrinin gücü və yerləşməsi, çirkləndiricilərin tərkibi, forması və qatılığı, fiziki - coğrafi və regional xüsusiyyətlər nəzərə alınmaqla aşağıdakı şəkildə müəyyən edilir:

I kateqoriyalı stansiyalar (məntəqələr) dənizin mühüm iqtisadi əhəmiyyətli, yüksək dərəcədə antropogen təsirə məruz qalan sahilyanı hissələrində, balıqların və digər dəniz canlılarının kürüləmə, artma və qışlama yerlərində, liman və limanətrafı sahələrdə, iri yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı tullantı sularının axıdıldığı, faydalı qazıntıların kəşfiyyatı, hasilatı, istismarı və nəqli yerlərində; böyük çayların mənsəblərində təşkil olunur. Bu stansiyalarda vizual və iki-üç çirkləndiricilər üzrə müşahidələr ayın birinci və üçüncü dekadasında, hidrokimyəvi göstəricilər üzrə tam həcmli müşahidələr isə hər ayın ikinci dekadasında aparılır və dəniz mühitinin vəziyyəti haqqında operativ məlumatlar alınır. Hidrobioloji göstəricilərdən fitoplankton, zooplankton və mikrobioloji göstəricilər üzrə tam həcmli müşahidələr ildə bir dəfə aparılır.

II   kateqoriyalı müşahidə stansiyaları (məntəqələri) dəniz suyunun çirklənməsinin mövsümi və illik dəyişmələrini tədqiq etmək üçün açıq dənizdə və sahilyanı zonalarda çirkləndirici maddələrin miqrasiya prosesləri nəticəsində daxil olduğu yerlərdə təşkil olunur. Bu stansiyalarda çirkləndirici maddələr və fon tərkibi üzrə tam həcmli müşahidələr hidrometeoroloji şəraitdən asılı olaraq ildə 5-6 dəfə aparılır. Hidrobioloji göstəricilər üzrə tam həcmli müşahidələr ildə bir dəfə aparılır.

III  kateqoriyalı stansiyalar çirklənmənin fon səviyyəsinin tədqiqi, bu fonun mövsümi və illik dinamikasının öyrənilməsi və kimyəvi maddələrin balansının hesablanması məqsədilə açıq dənizdə ən az çirklənməyə məruz qalan hissələrdə təşkil olunur. Bu stansiyalarda çirkləndirici maddələr və fon tərkibi üzrə tam həcmli müşahidələr hidrometeoroloji şəraitdən asılı olaraq ildə 2-4 dəfə aparılır. Hidrobioloji göstəricilər üzrə müşahidələr 3 ildə bir dəfə aparılır.

Dənizin dib çöküntülərinin çirklənməsi üzrə müşahidələr I və II kateqoriyalı monitorinq stansiyalarında aparılır.

Kateqoriyasından asılı olmayaraq monitorinq stansiyalarının hamısında dəniz mühitinin çirklənməsi üzrə aparılan tam həcmli müşahidələr zamanı hidrometeoroloji parametlər öyrənilir/ölçülür (suyun temperaturu, su axımının istiqaməti və sürəti, atmosfer təzyiqi, küləyin istiqaməti və sürəti, atmosfer yağıntıları, nisbi rütubət).

 

6.3. Torpaqların monitorinqi

 

Torpaqların monitorinqi - torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemidir.

Torpaqların monitorinqinin aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 saylı qərarı ilə təsdiq edilmiş "Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə" ilə müəyyən edilir.

"Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə" torpaqların çirklənməsinin monitorinqinin aparılması qaydalarını tam əhatə etmədiyindən, bu qaydalar aşağıdakı kimi müəyyən olunur:

6.3.1. Torpaqların çirklənməsinin monitorinqi - onların təbii və antropogen təsirlər nəticəsində çirklənməsinin qarşısının alınması məqsədilə torpaqlara atılan/axıdılan tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir.

Torpaqların çirklənməsinin monitorinqi aşağıdakı qaydada həyata keçirilir:

kənd təsərrüfatı ərazilərinin torpaqlarının mineral gübrələr, pestisid və herbisidlərlə çirklənməsi üzrə;

iri sənaye şəhərləri və müəssisələrinin ərazi və ətraf torpaqlarının texnogen tullantılarla (ağır metallar, neft, civə və s.) çirklənməsi üzrə;

respublikanın müxtəlif coğrafi zonalarının torpaqlarının fon tərkibi üzrə müşahidələr təşkil edilir və aparılır.

Kənd təsərrüfatı torpaqlarının çirklənməsinin monitorinq məntəqələrində müşahidələr il ərzində iki dəfə aparılır:

yazda: mineral gübrələr, pestisid və herbisidlərin istifadəsindən qabaq;

payızda: kənd təsərrüfatı məhsullarının yığımından sonra.

Monitorinq məntəqələri kənd təsərrüfatının əkin sahələrində - pambıqçılıq, üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, yem bitkiləri altındakı torpaq sahələrində yerləşdirilir.

İri sənaye şəhərləri və müəssisələrinin ərazi və ətraf torpaqlarının texnogen tullantılarla çirklənməsi üzrə müşahidələr şəhər (müəssisə) ətrafında dörd istiqamətdə (şimal, cənub, qərb, şərq), müxtəlif məsafələrdə ilin yaz və payız fasillərində aparılır.

Respublikanın müxtəlif coğrafi zonalarının torpaqlarının fon tərkibi üzrə müşahidələr ilin hər fəslində bir dəfə və güclü atmosfer yağıntılarından (leysan) sonra aparılır.

 

6.4. Mineral-xammal ehtiyatlarının monitorinqi

 

Azərbaycan Respublikasının mineral-xammal bazasının monitorinqinə yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsi və hərəkətinin uçotu daxildir.

Dövlət geoloji öyrənilməsinin əsas məqsədi ölkə ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində geoloji tədqiqatların aparılması, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yer təkində baş verən proseslərin öyrənilməsi, mineral-xammal bazası haqqında informasiyanın toplanması, sistemləşdirilməsi və saxlanılmasından ibarətdir.

Mineral-xammal ehtiyatlarının dövlət balansı sənaye əhəmiyyətli yataqlar üzrə hər növ faydalı qazıntı ehtiyatlarının kəmiyyəti, keyfiyyəti, öyrənilmə dərəcəsi, faydalı qazıntıların çıxarılması, itkisi və kəşf edilmiş faydalı qazıntı ehtiyatları ilə sənayenin təmin edilməsi haqqında məlumatları özündə əks etdirir və mineral-xammal bazasının vəziyyətinin uçotu məqsədilə aparılır.

Faydalı qazıntıların dövlət kadastrı faydalı qazıntı yataqlarının kompleks istifadəsi, onların işlənilməsi və əlaqədar infrastrukturların səmərəli inkişafı və yerləşdirilməsi məqsədilə aparılır.

 

6.5. Bioloji ehtiyatların monitorinqi

 

6.5.1. Bitki örtüyü, o cümlədən meşələrin monitorinqi - meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.

Meşələrin monitorinqi meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının, ekoloji funksiyalarının artırılması, meşələrin deqradasiyasının əsas səbəblərinin müəyyənləşdirilməsi, meşələrin davamlı və dayanıqlı inkişafı üçün proqnozların və tədbirlərin işlənməsi, onların uzunmüddətli və müntəzəm monitorinq sisteminin yaradılması məqsədilə aparılır.

Meşələrin monitorinqinə aşağıdakılar daxildir:

meşələrin ekoloji funksiyalarını tam öyrənmək məqsədilə müşahidə yerlərinin, təbiət və təbii amillər nəticəsində geosistemdə gedən dəyişikliklərin istiqamətinin və dinamikasının müəyyənləşdirilməsi;

meşələrin əhəmiyyətini, bioloji xüsusiyyətlərini, təbii və iqtisadi şəraitini nəzərə almaqla səmərəli istifadəsinə, meşə təsərrüfatının səmərəli aparılmasına nəzarətin həyata keçirilməsi;

müşahidələrin aparılmasında, məlumatların toplanmasında, təhlilində ümumiləşdirilməsində yeni texnologiyalardan, yerli və aerokosmik üsullardan, o cümlədən məsafədən zondlama və müxtəlif xəritə materiallarından istifadə edilməsi;

meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların ekoloji funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılmasının həyata keçirilməsi;

meşələrin yanğından qorunması üçün profilaktiki tədbirlərin görülməsi, yanğın əmələ gəlməməsi üçün əhali arasında müxtəlif vasitələrdən istifadə etməklə təbliğat işlərinin aparılması, meşə yanğınlarının vaxtında aşkar edilərək onların qarşısının alınması üçün tədbirlər görülməsi;

meşələrdə zərərvericilərin və xəstəlik mənbələrinin aşkara çıxarılması, onların yayılmasının qarşısını almaq üçün müvafiq fitosanitar tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;

meşə fondunun vəziyyətinə dair cari, ekspedisiya, aviavizual və s. meşəpatoloji müşahidələrin aparılması;

sanitar normalarına əməl edilməsi, sanitar qırmaların vaxtında və düzgün aparılmasına nəzarət olunması.

Meşə fondunun uçotu mütəmadi olaraq aparılan meşə quruluşu işləri zamanı həyata keçirilir.

Monitorinq müşahidələrinin nəticələri təhlil olunaraq meşələrin vəziyyəti bitki örtüyünün deqradasiyasına səbəb olan əsas amillər öyrənilir, meşə fondunun kəmiyyət və keyfiyyət göstəriciləri qiymətləndirilir, proqnozlaşdırılır və məhsuldarlığının yüksəldilməsinə düzgün istiqamət veriləcək xəritə, sxemlər, texnologiya və tövsiyələr işlənib hazırlanır.

Meşə ehtiyatlarının monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.

6.5.2. Heyvanat aləmi, 0 cümlədən balıq ehtiyatlarının monitorinqinə - respublika ərazisində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvanlar, quşlar və balıqların yayılmasının, sayının, fiziki vəziyyətinin, onların yaşayış mühitinin strukturunun, keyfiyyətinin müntəzəm müşahidəsi, qiymətləndirilməsi və proqnozlaşdırılması, eləcə də onların mühafizəsi və səmərəli istifadə olunması sahəsində tövsiyələrin işlənib hazırlanması daxildir.

Heyvanat aləmi obyektlərinin monitorinqinə aşağıdakılar daxildir:

heyvanat aləminin yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin, nəsilartırma və çoxalma yerlərində müşahidələrin aparılması (mövsüm üzrə);

nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin yayıldığı ayrı-ayrı ərazilərin, çoxalma yerlərinin ekoloji vəziyyətinin öyrənilməsi (mövsüm üzrə);

heyvanat aləminin say hesabatının aparılması (məməlilərin yaz və payız, quşların isə payız və qış say hesabatlarının aparılması);

təsərrüfat obyektlərinin tikintisindən, istismarından, habelə heyvanat aləminin yaşayış mühitinə zərərli təsir göstərə bilən fəaliyyət növlərinin heyvanat aləminə təsirinin öyrənilməsi (il ərzində);

su obyektlərində balıqların yayılma areallarının vəziyyəti;

su obyektlərində balıqçılıq rayonları və onların yerlərinin dəyişməsi;

balıq, vəhşi heyvan və quşların ovlanmasının intensivliyi;

nəsli kəsilməkdə olan balıq, vəhşi heyvan və quşların sayının kvotalar üzrə tənzimlənməsi.

 

6.6. Atmosfer yağıntılarının monitorinqi

 

Atmosfer yağıntıları (yağış, qar) vasitəsilə respublika ərazisinə gətirilən çirkləndirici maddələrin tərkibinin öyrənilməsi, onların ətraf mühitə mənfi təsirinin qiymətləndirilməsi və yağıntıların monitorinqinə daxildir.

Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir:

ölkə ərazisində yağış sularının fon tərkibi üzərində sistematik müşahidələr təşkil olunur və aparılır;

respublikanın davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində qarın kimyəvi tərkibi üzərində müşahidələr aparılır;

yağış sularının fon tərkibi üzrə müşahidələr iri sənaye şəhərlərindən 100 km aralı yerləşən meteoroloji məntəqələrdə təşkil olunur. Aparılan müşahidələr zamanı kimyəvi analiz üçün yağış suyu nümunələri ay ərzində yığılır.

İri sənaye şəhərləri və müəssisələrinin tullantılarının yağıntıların tərkibinə təsirinin öyrənilməsi məqsədilə müşahidələr onların yaxınlığındakı meteoroloji məntəqələrdə yerləşdirilir. Bu məntəqələrdə kimyəvi analiz üçün yağış suyu nümunələri leysan yağıntıları zamanı 1-3 saat ərzində, digər vaxtlarda isə həftə və dekada (10 gün) ərzində yığılır.

Yağıntı nümunələrinin yığılması zamanı meteoroloji parametrlər üzrə də müşahidələr aparılır.

Qar örtüyünün fon tərkibi üzrə müşahidələr davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərdə hidrometeoroloji şəbəkənin qarölçmə marşrutlarında təşkil olunur. Müşahidə məntəqələri iri sənaye şəhərlərindən 100 km və ondan çox aralı ərazilərdə yerləşdirilir.

Kimyəvi analiz üçün qar nümunələri ildə bir dəfə dayanıqlı qar örtüyü zamanı (fervral və mart aylarında) götürülür.

Aparılan müşahidələrin nəticələrinin əsasında ölkə ərazisinə atmosfer yağıntıları ilə düşən kimyəvi maddələrin miqdarı hesablanır, onların ətraf mühitə təsiri qiymətləndirilir və bu təsirin qarşısını almaq üçün müvafiq tövsiyələr hazırlanır.

 

6.7. Radioaktivliyin monitorinqi

 

Radioktivliyin monitorinqi - kosmik şüalanmaların və təbii radionuklidlərin torpaqda, suda, havada, biosferin digər elementlərində, qida maddələrində, habelə insan orqanizmində yaratdığı təbii şüalanma dozasının monitorinqidir.

6.7.1. Radioaktiv çirklənmənin monitorinqi - ətraf mühitdə, fəaliyyətləri ətraf mühitin radioaktiv çirklənməsinə, məhsullarında və tullantılarında radionuklidlərin toplanmasına səbəb ola bilən müəssisələrdə, təbii mühit komponentləri və insanın yaşayış mühitinə radioaktiv çirklənmənin müəyyənləşdirilib qarşısını almaq məqsədilə sistematik və xüsusi məqsədli rejimlərdə radioaktiv çirklənmə mənbələrinin qeydiyyatı yolu ilə aparılır.

Müəssisələrdə radioaktiv çirklənmənin monitorinqi istehsalat monitorinqi çərçivəsində müəssisənin özü tərəfindən aparılır, nəticələri aylar üzrə göstərilməklə ildə bir dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir.

Radiasiya mənbələrinin qeydiyyatı respublika ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarda mövcud olan radiasiya mənbələrinin, radiasiya mənbəli cihaz və avadanlıqların inventarlaşdırma aktının ildə bir dəfə yanvar ayının 25-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunması yolu ilə aparılır.

Ətraf mühitin (su, torpaq, hava) radioaktiv çirklənməsinin sistematik müşahidələri aşağıdakı kimi aparılır:

γ-şüalanmanın ekspozisiya dozasının gücünün ölçülməsi - fon müşahidələri - gündə 3 dəfə (saat 9.00, 15.00, 18.00-də) əhalinin radiasiya təhlükəsindən mühafizəsi və əvvəlcədən xəbərdar edilməsi məqsədilə respublikanın yaşayış məntəqələrində aparılır. Gündəlik müşahidələrin nəticələri əsasında aylıq və illik göstəricilərin tendensiyaları müəyyənləşdirilir;

ətraf mühitdə, əsasən su hövzələrində, atmosfer havasında və yağıntılarında, torpaqlarda ümumi β-radioaktivliyin təyin edilməsi.

Havanın β-radioaktivliyinin təyin edilməsi gündəlik saat 7.30-13.30 və 19.30-1.30 intervallarında ilin bütün fəsillərində temperaturdan asılı olmayaraq aparılır.

Suların radioaktivliyinin monitorinqi hidroloji rejimlərindən asılı olaraq müxtəlif su obyektlərində müxtəlif qaydada aparılır:

çaylarda su mümünələri yayda-suyun minimal sərfində - 1 dəfə, payızda - 1 dəfə, qışda - 1 dəfə, yazda - maksimal su sərfində - 3 dəfə aparılır.

Su anbarlarında və göllərdə (3-radioaktivliyin təyin edilməsinin müddətləri və sayı suyun səviyyə rejimlərindən asılı olaraq müəyyənləşdirilir: yayda - suyun minimal səviyyəsində - 1 dəfə (yağıntı olmayan gündə), payızda - 1 dəfə, qışın axır günlərində - qar əriməmiş -1 dəfə, yazda-gursululuq dövründə -1 dəfə aparılır.

Torpaqların radioaktiv çirklənməsinin monitorinqi, onlarda ayrı-ayrı radioizotopların aktivliyinin yol verilən həddən yüksək olmamasına nəzarət məqsədilə sistematik - ildə 1 dəfə, xüsusi məqsədlər üçün isə - zəruri hallarda aparılır.

Yer səthinə yaxın olan atmosfer qatında aerozolların ümumi β-radioaktivliyinin qatılığının təyin edilməsi, sutka ərzində tənzif planşetlərin üzərində yığılmış aerozolların radioaktivliyinin ölçülməsi yolu ilə aparılır.

Yağıntıların (qar, yağış) radioaktivliyi aylıq yağıntı nümunələrində tritium izotopunun miqdarının təyin edilməsi yolu ilə aparılır.

6.8. Ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi

6.8.1. Elektromaqnit şüalanmanın monitorinqi - respublikanın ərazisində əsas şüalanma mənbəyi olan Qəbələ radiolokasiya stansiyasının, müxtəlif radio-televiziya stansiyalarının, radarların, yüksək gərginlik xətlərinin, peyk və mobil telefon rabitələri stansiyalarının yaratdığı elektromaqnit şüalanmasının ətraf mühitə, canlılara və əsasən də insanların sağlamlığına vura biləcəyi zərərin öyrənilməsi məqsədilə aparılır.

Bu məqsədlə:

elektromaqnit şüalanması yaradan mənbələrin yerləşdiyi ərazilər müəyyənləşdirilir;

şüalanma mənbələrinin yaxın ətrafının radiomonitorinqi üçün elektromaqnit şüalanmasının əsas parametrləri olan "Elektrik sahəsinin intensivliyi - E" (V/m-lərlə), "Maqnit sahəsinin intensivliyi - H" (A/m-lərlə) və "Şüalanma selinin sıx-lığı - P" (Vt/m2-lərlə) müəyyən edilir;

intensiv şüalanma mənbəyi olan RLS-in təsir zonasında monitorinq daimi müşahidə məntəqələri yaradılmaqla aparılır, daimi müşahidə məntəqələrində fasiləsiz stasionar monitorinq aparılması təşkil edilir;

radio-televiziya, peyk və mobil telefon stansiyalarının ətrafında ildə 2 dəfədən gec olmayaraq monitorinq aparılır;

ildə bir dəfədən az olmamaq şərti ilə yüksək gərginlik xətlərinin keçdiyi ərazilərin səyyar radiomonitorinqi təşkil edilir;

radarlara yaxın yaşayış məntəqələrinin ərazilərinin radiomonitorinqi tələb olunan vaxtlarda aparılır;

monitorinqin nəticələri əsasında şüalanma mənbələrinin sanitar-mühafizə zonaları müəyyənləşdirilir;

sanitar-mühafizə zonaları üzrə müvafiq tədbirlər planı işlənib hazırlanır.

6.8.2. Səs-küy vibrasiya təsirlərinin monitorinqi - obyektlərin bu parametrlərə görə xarakterizə edilməsi, həlledici amillərin müəyyənləşdirilməsi və ziyanlı təsirlərin aradan qaldırılması üzrə tədbirlər görülməsi məqsədilə aparılır (vibro və akustik təcridedilmə, onların yol verilən hədləri daxilində olmasına nəzarət).

Vibrasiya və səs-küyün monitorinqi aparılarkən təyin edilən parametrlər aşağıdakılardır: vibroyerdəyişmə; vibrosürət və vibrotəcil; kəskinlik;

kənarlaşmaların amplitudaları; vibrasiyanın dispersiyası; akustik gücün səviyyəsi;

səs təzyiqinin orta kvadratik qiyməti.

Böyük şəhərlərdə vibrasiya və səs-küyün insana təsir edən qeyri - əlverişli çirkləndiricilər qrupuna daxil olmasını nəzərə alaraq onların monitorinqi sistematik aparılır.

Müşahidə məntəqələrinin yeri, sayı və hər nöqtədə nəzarət edilən parametrlərin sayı səs-küy və vibrasiya mənbələrinin xarakterinə uyğun fərdi qaydada müəyyənləşdirilir.

6.9. Tullantıların monitorinqi

Tullantıların monitorinqi - əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə uçota alınması və tullantıların düzgün yerləşdirilməsi qaydalarına riayət olunmasının təmin edilməsindən ibarətdir.

Tullantıların monitorinqi aşağıdakı qaydada aparılır:

tullantı mənbələri müəyyənləşdirilir və inventarlaşdırılır;

tullantı istehsalçıları, daşıyıcıları, emal edənlər, tullantı poliqonlarının operatorları tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə ildə bir dəfədən az olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat təqdim edirlər;

Ekolokiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Təhlükəli tullantıların sərhədlərarası daşınması və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyasının prinsip və şərtlərinə əməl olunması təmin edilir.

6.10. Sanitariya-epidemioloji monitorinq

Ətraf mühitin sanitariya-epidemioloji monitorinqi - ətraf mühit amillərinin öyrənilməsi və onların insanların sağlamlığına təsirinin qiymətləndirilməsi məqsədilə orqanoleptik, sanitariya-kimyəvi, fiziki-kimyəvi, bakterioloji, radioloji, toksikoloji, helmintoloji göstəricilər üzərində aparılan nəzarətdən ibarət olub, aşağıdakıları əhatə edir:

seliteb və iş zonasının atmosfer havasının monitorinqi;

əhalinin təsərrüfat-içməli su təchizatında və rekreasiya məqsədilə istifadə olunan açıq su mənbələrinin monitorinqi;

bitkilərin yetişdirildiyi, mineral gübrə və pestisidlərdən istifadə, zəhərli kimyəvi maddələrin saxlanma yerlərinin, uşaq müəssisələrinin, idman-sağlamlıq meydançalarının və sənaye müəssisələrinin ərazilərinin torpağının monitorinqi;

təsərrüfat-içməli suyun monitorinqi;

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində əhalinin rekreasiya məqsədilə istifadə etdiyi sahil zolaqlarının monitorinqi;

əhalinin radiasiya təhlükəsizliyinin monitorinqi.

6.10.1. Atmosfer havasının sanitariya-epidemioloji monitorinqi

Seliteb zonanın atmosfer havasının sanitariya-epidemioloji monitorinqi, əsasən, sənayenin inkişafı, avtomobil nəqliyyatının intensivliyi və s. nəzərə alınmaqla dövlət sanitariya orqanları tərəfindən müəyyənləşdirilmiş yerlərdə və tezlikdə təşkil olunur.

İş zonasının havasının monitorinqi - işçinin əmək fəaliyyəti prosesində daimi və müvəqqəti olduğu meydança və ya döşəmədən 2 m-dək hündürlükdə olan sahənin havası üzərində dövlət sanitariya-epidemioloji xidməti tərəfindən aparılan nəzarəti əhatə edir.

Monitorinq 17.12.2002-ci il tarixli GN-4336/01-01 nömrəli "Yaşayış yerlərində atmosfer havasını çirkləndirən maddələrin yol verilən konsentrasiya həddi" gigiyena normaları ilə reqlamentləşdirilən göstəricilər üzərində aparılır.

6.10.2.       Əhalinin təsərrüfat-içməli su təchizatında və rekreasiya məqsədilə istifadə olunan açıq su mənbələrinin monitorinqi - əhalinin açıq su mənbələrindən təsərrüfat-içməli və rekreasiya məqsədilə istifadə etdiyi açıq su mənbələrinin üzərində nəzarətin həyata keçirilməsindən ibarətdir.

Monitorinq Səhiyyə Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş sanitariya norma və qaydaları ilə müəyyənləşdirilmiş orqanoleptik, sanitariya-kimyəvi, bakterioloji, radioloji, toksikoloji göstəricilər üzərində ayda bir dəfədən az olmamaq şərti ilə aparılır.

6.10.3.       Torpağın sanitariya-epidemioloji monitorinqi aşağıdakı yerlərdə təşkil olunur:

bitkilərin yetişdirildiyi yerlərdə;

sənaye müəssisələrinin ərazisində;

mineral gübrə və pestisidlərin istifadə yerlərində;

zəhərli maddələrin saxlanma yerlərində;

uşaq müəssisələri və idman-sağlamlıq meydançalarının ərazisində;

yeni yaşayış və ictimai binaların, habelə əhalinin müntəzəm istifadə etdiyi obyektlərin tikintisi planlaşdırılan ərazilərdə.

Monitorinq kimyəvi göstəricilərin, o cümlədən üzvi birləşmələr, ağır metallar, pestisidlər, bakterioloji göstəricilər, helmintlər və radioaktiv maddələrin miqdarı üzərində rübdə bir dəfədən az olmamaqla həyata keçirilir.

6.10.4.       Təsərrüfat-içməli suyun sanitariya-epidemioloji monitorinqi - əhali tərəfindən təsərrüfat-içməli su kimi istifadə olunan su mənbələrinin çirklənməsinin qarşısının alınması məqsədilə həyata keçirilir.

Monitorinq müvafiq standartlar və sanitariya normaları və qaydaları ilə reqlamentləşdirilən göstəricilər əsasında, su mənbələrində, su təmizləyici qurğularda, su hovuzlarında, paylayıcı şəbəkələrdə aparılır.

Monitorinqin keçirilmə tezliyi ayda bir dəfədən az olmamaqla sanitariya-epidemioloji xidmət orqanları tərəfindən müəyyənləşdirilir.

6.10.5.       Xəzər dənizinin sanitariya-epidemioloji monitorinqi - əhalinin rekreasiya məqsədilə istifadə etdiyi sahil zolağında aparılır.

Monitorinq çimərlik mövsümü (may-sentyabr) ərzində həftədə bir dəfədən az olmamaqla, qalan vaxtlarda isə ayda bir dəfə aparılır.

Monitorinq dəniz suyunda insan sağlamlığına mənfi təsir göstərən neft məhsullarının, fenolun, mikrobioloji göstəricilərin, asılı maddələrin təyini məqsədilə həyata keçirilir.

6.10.6.       Əhalinin radiasiya təhlükəsizliyinin monitorinqi - əhalinin və ətraf mühitin ionlaşdırıcı şüalanmanın təsirindən mühafizəsinin təmin edilməsi məqsədilə aparılan tədbirlər sistemi olub qanunvericiliklə müəyyən edilmiş normativ sənədlərə uyğun olaraq həyata keçirilir.

6.11. Ekzogen geoloji və seysmogeodinamik proseslərin

ətraf mühitin vəziyyətinə təsirinin monitorinqi

6.11.1.       Ekzogen geoloji proseslərin ətraf mühitin vəziyyətinə təsirinin monitorinqinə - torpaqların, şəhər, qəsəbə və kəndlərin, sənaye və mülki obyektlərin sürüşmələrdən, sellərdən, subasmalardan, bataqlaşmadan, şoranlaşmadan, yarğanəmələgəlmədən, külək və su eroziyasından, abraziyadan və s. qorunması, baş verə biləcək proseslərin dinamikasının nəzarətdə saxlanılması, proqnozlaşdırılması, onlardan dəyə biləcək ziyanın minimuma endirilməsi məqsədilə kompleks hidrogeoloji, mühəndis-geoloji, geofiziki, topogeodezik tədqiqatların aparılması və bu məqsədlə müşahidə şəbəkəsinin yaradılması daxildir.

Ekzogen-geoloji proseslərin monitorinq şəbəkəsinə növlərindən asılı olaraq aşağıdakılar daxildir:

sürüşmələr üzrə - reperlər, quyular, mayaklar, xüsusi cihazlar, vizual müşahidə nöqtələri;

sellər, uçqun və töküntülər üzrə - xüsusi meydançalar, tamasalar, vizual müşahidə nöqtələri;

subasmalar, bataqlaşmalar və şoranlaşmalar üzrə - quyular, tamasalar, vizual müşahidə nöqtələri;

külək və su eroziyaları abraziyalar və palçıq vulkanları üzrə - vizual müşahidə nöqtələri və tamasalar.

Ekzogen-geoloji proseslərin monitorinqi prosesin dərəcəsindən və növündən asılı olaraq aşağıdakı tezliklə aparılır:

I     dərəcəli proseslər (inkişaf edən, lakin hələlik iri miqyaslı təhlükə yaratmayanlar) üzrə - ildə 1 dəfə;

II   dərəcəli proseslər (təhlükə yaradanlar, lakin ümumi profilaktik tədbirlərin görülməsi ilə qarşısının alınması mümkün olanlar) - sürüşmələr, sellər, subasmalar, bataqlaşmalar üzrə ilin mart-iyun aylarında hər ayda 1 dəfədən az olmayaraq, qalan vaxtlar 3 ayda 1 dəfədən az olmayaraq;

digər proseslər - hər 3 ayda 1 dəfədən az olmayaraq;

III  dərəcəli proseslər (əhaliyə və iqtisadiyyat sahələrinə real təhlükə yaradan və onlara qarşı təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunan) - sürüşmələr üzrə mart-iyun və oktyabr-noyabr aylarında - hər ayda 3 dəfədən az olmayaraq, qalan aylar 1 dəfədən az olmayaraq;

digər proseslər - ayda 1 dəfədən az olmayaraq.

Atmosfer çöküntülərinin aylıq normadan artıq olduğu və anomal hallarda proseslər üzərində əlavə olaraq yoxlama müşahidələri aparılır.

6.11.2.       Seysmogeodinamik proseslərin monitorinqi - respublika ərazisində seysmogeoloji, seysmogeodinamik, hidroseysmoloji və geofiziki tədqiqatlar əsasında təşkil edilmiş regional və lokal rejim şəbəkələrində hidrodinamik, hidrokimyəvi və geofiziki sahələrin variasiyalarına müşahidələrin aparılmasından, seysmogeodinamik şəraitin dəyişmələrinin izlənilməsindən, ona nəzarətdən və güclü seysmik proseslərin proqnostik əlamətlərinin öyrənilməsindən ibarətdir.

Seysmogeodinamik proseslər üzərində kompleks müşahidələr hidrodinamiki, hidrokimyəvi, geofiziki müşahidə şəbəkələrində (poliqonlarda) aparılır.

Müşahidələr hidrodinamiki məntəqələrdə fasiləsiz olaraq (hər saatdan bir), geofiziki məntəqələrdə gündəlik, hidrokimyəvi məntəqələrdə isə 5 gündən bir aparılır.

6.12. Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi - təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin öyrənilməsi, vəziyyətin qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin dövlət kadastrı hüdudlarında aparılır.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqinə aşağıdakılar daxildir:

stasionar və marşrut müşahidə məntəqələrinin təşkil edilməsi və müşahidələrin aparılması;

heyvanlar aləminin say hesabatının aparılması (əsasən məməlilərin yaz və payız, quşların isə payız və qış say hesabatları);

xüsusi mühafizə olunan təbiət ərazilərində olan meşələrdə təbii bərpanın vəziyyəti, vegetasiya dövrü ərzində onların üzərində müşahidələrin aparılması (əsasən erkən yaz dövründən başlayaraq tumurcuqlama, çiçəkləmə, meyvə və yarpaqların düşdüyü dövrə qədər);

təbiət komplekslərinin qorunma vəziyyəti, bərpası, antropogen təsirlərin qiymətləndirilməsi;

təbiət komplekslərinin və komponentlərinin təhlükə faktorlarının öyrənilməsi.

Qoruqların (yasaqlıqların) monitorinqi aşağıdakı qaydada aparılır:

qoruqların (yasaqlıqların) yerləşdiyi coğrafi mövqedən, orada olan bitki və heyvanlar aləmindən asılı olaraq bütün təbii zonaları əhatə edən daimi və müvəqqəti təcrübə və hesabat müşahidə məntəqələrinin və marşrutların seçilməsi;

qoruqların (yasaqlıqların) ərazilərinin torpaq kateqoriyalarına görə bölünməsi və orada olan dəyişkənliyin öyrənilməsi (il ərzində);

qoruğun (yasaqlığın) relyefində olan dəyişikliklərin öyrənilməsi (il ərzində);

vegetasiya dövründə torpağın rütubətliliyi, temperaturun və yağıntıların dinamikasının qiymətləndirilməsi;

suların (çaylar, göllər, bulaqlar, şəlalələr və s.) uçotu (il ərzində);

flora (yeni növlər və əvvələr məlum olan növlərin yeni yayıldığı ərazilər, nadir, nəsli kəsilməkdə olan, relikt və endemik növlər) və onun dəyişməsi (il ərzində);

fauna (məməlilər, quşlar, amfibi, reptili, balıq və s.) və onun dəyişməsi (il ərzində);

təbiətin təqvimi (müşahidələr il boyu mövsümlər üzrə aparılır);

-  fenoloji mərhələ;

-  landşaftın görünüşü;

-  əsas mövsümi proseslər, onların indikatorları, temperaturun gedişi;

-  başlanma;

-  kənara çıxma;

-  qoruq rejiminin vəziyyətinin və qoruğun mühafizə zonasına antropogen təsirin öyrənilməsi.