"Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilən heyvanların mühafizəsi və istifadəsi Qaydaları" və "Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.     "Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilən heyvanların mühafizəsi və istifadəsi Qaydaları" və "Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2.     Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 27 iyul 2004-cü il

                   № 100

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 27 iyul tarixli 100 nömrəli qərarı ilə

 TƏSDİQ EDİLMİŞDİR

 

Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına

daxil edilən heyvanların mühafizəsi və istifadəsi

QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR

1. Bu Qaydalar "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli Fərmanına əsasən hazırlanmışdır və xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilən vəhşi heyvanların mühafizəsi və istifadəsi qaydalarmı müəyyən edir.

2.     Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilmiş vəhşi heyvanların mühafizəsi, törəyib artması və istifadəsi sahəsində elmi tədqiqatlar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən aparılır.

Bu heyvan növləri Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan böl-məsində mühafizə olunur.

II. XÜSUSİ MÜHAFİZƏ OLUNAN HEYVAN NÖVLƏRİNİN SİYAHISINA

DAXİL EDİLƏN HEYVANLARIN MÜHAFİZƏSİ

1. Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına aşağıdakı şərtlərə uyğun vəhşi heyvanlar aiddir:

a)       xüsusi mühafizə tədbirləri tələb edən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olanlar;

b)     müxtəlif təbii-iqlim zonalarının faunasını qoruyub saxlamaq üçün vacib olan endemik, nadir və özünüqoruma qabiliyyətini itirmək təhlükəsi qarşısında qalan real və potensial dəyəri müəyyən edilmiş, hazırda ehtiyatının tükənməsinin qarşısının alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən beynəlxalq saziş və konvensiyaların təsir dairəsinə düşən Azərbaycan Respublikasının ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan və Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilməmiş, lakin nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növləri.

2.   Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilən heyvanların yaşayış mühitinə, çoxalma yerlərinə və miqrasiya yollarına ziyan vurulduğu hallarda dəymiş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hüquqi və fiziki şəxslərə qarşı iddialar qaldırılır, təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Bu heyvan növlərinin bərpası, artırılması və qorunması işinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar həyata keçirilir.

III. XÜSUSİ MÜHAFİZƏ OLUNAN HEYVAN NÖVLƏRİNİN SİYAHISINA

DAXİL EDİLƏN HEYVANLARIN İSTİFADƏSİ

1.   Təbii sərbəstlik şəraitində olan heyvanlar aləmindən istifadə sahəsinə aşağıdakılar aid edilir:

a)  vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılması, çoxaldılması məqsədləri üçün tutulması;

b) heyvanlar aləmi obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə olunması.

2.   Heyvanlar aləmindən istifadə qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

Bu tələblər su obyektlərinin, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin ərazilərində məskunlaşan heyvanlar aləminin obyektlərinə də şamil edilir.

3.   Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil olan heyvanların istifadəsi, təbii sərbəstlik şəraitində, qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılması, bərpası, çoxaldılması, elmi tədqiqat məqsədləri üçün tutulması müvafiq qaydalarla tənzimlənir.

Bu heyvan növlərinin göstərilən məqsədlərlə tutulması heyvanlar aləminin obyektləri üçün təhlükəsiz üsullarla həyata keçirilir.

4.     Ərazilərində xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilmiş heyvanlar olan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin növlərin mühafizə rejiminə əməl etməli və onların təsirsiz törəyib artmasını təmin edən şərait yaratmalıdırlar.

5.     Vəhşi heyvan növlərinin təhlükə həddinə qədər sayının və arealının azalması, yaşayış şəraitinin pisləşməsi zamanı Azərbaycan Milli Elmlər Akademiyasının rəyinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bərpası və artırılması məqsədilə bu heyvan növlərindən istifadə məhdudlaşdırılır, müvəqqəti və ya daimi qadağan edilir.

6.     Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilmiş təbii sərbəstlik şəraitində yaşayan (xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla) vəhşi heyvanlardan, onları təbii mühitdən ayırmamaqla elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsi (müşahidə, nişanlama, şəkilçəkmə və s.) onların yaşayış mühitinə zərər vurmamaq, təbii sərvətlərin mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamaq şərtilə pulsuz və müvafiq icazə almadan həyata keçirilir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

  2004-cü il 27 iyul tarixli 100 nömrəli qərarı ilə

         TƏSDİQ EDİLMİŞDİR

 

Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması

QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR

1.1.    Bu Qaydalar "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli Fərmanına əsasən hazırlanmışdır və heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması qaydalarım müəyyən edir.

1.2.    Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin "Nərə balıqlarının qorunmasına dair" Qətnaməsinə qoşulmaq barədə" 1998-ci il 23 iyun tarixli 507-IQ nömrəli və "Baytarlıq təbabəti haqqında" 1994-cü il 17 iyun tarixli 825 nömrəli Azərbaycan Respublikasının qanunlarına və "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən həyata keçirilir.

1.3.    Zooloji kolleksiyalarla ticarət, habelə onların Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və ya aparılması müvafiq qaydalarla tənzimlənir.

1.4.    Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının öz səlahiyyətləri daxilində rəyləri əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi əsasında həyata keçirilir.

1.5.    Azərbaycan Respublikasına gətirilən və onun hüdudlarından kənara aparılan heyvanlar aləmi obyektlərinə təbii sərbəstlik şəraitindən, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericilikdə icazə verilən digər yollarla alınan fauna növləri aiddir.

1.6.    Bu Qaydalar Azərbaycan Respublikasının bütün ərazisinə, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinə şamil edilir və onun icrası Azərbaycan Respublikasının və xarici ölkələrin bütün hüquqi və fiziki şəxsləri üçün məcburidir.

 

II. HEYVANLAR ALƏMİ OBYEKTLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASINA GƏTİRİLMƏSİ VƏ ONUN HÜDUDLARINDAN KƏNARA APARILMASI

2.1.     Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının hüdudlarından kənara aparılması xüsusi icazə əsasında həyata keçirilir.

2.2. Hüquqi və fiziki şəxslər tərəfindən heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması məqsədilə xüsusi icazəni almaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizədə aşağıdakılar göstərilməlidir:

 

a)      fiziki şəxslər üçün - pasport məlumatları (adı, atasının adı və soyadı, ünvanı);

b) hüquqi şəxslər üçün - adı, təşkilati-hüquqi forması və ünvanı;

c)      ölkənin hüquqi tərəfi ilə əməkdaşlıq haqqında müqavilə (kontrakt) və ya niyyət protokolu;

ç) heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya onun hüdudlarından kənara aparılmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Milli Elmlər Akademiyasının mütəxəssislərdən ibarət ekspert qrupunun rəyi.

Ekspert qrupunun tərkibi aidiyyəti təşkilatların razılığı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir;

d)   heyvanlar aləmi obyektlərinin Azərbaycan və latın dillərində adları, miqdarı və qanuni əldə edilməsi barədə sənədləri;

e)   heyvanlar aləmi obyektlərinin ixrac və ya idxal olmasının məqsədi; ə) idxal-ixrac olunan ölkənin adı;

f)     ixrac edilən malların təftişi və mənşə sertifikatı (aidiyyəti olduqda);

q) vəhşi heyvan gətirilən xarici ölkənin baytarlıq sertifikatı, ixrac zamanı respublika dövlət baytarlıq xidmətinin baytarlıq şəhadətnaməsi;

ğ) məqsədindən asılı olaraq əməliyyat növünü izah və təsdiq edən sənədlər.

2.3. Xüsusi icazə vərəqəsinin forması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir və heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılmasına hüquq verən sənəddir.

2.4. Xüsusi icazələr Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın gerbli möhürü ilə təsdiq edilir. "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" (CİTES) Konvensiyanın təsiri altına düşən heyvanlar aləminin obyektlərinə verilən xüsusi icazəyə təhlükəsizlik markası yapışdırılır.

2.5. Hüquqi və fiziki şəxslər heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması üçün sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanmasına görə məsuliyyət daşıyırlar.

2.6. Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilməsi barədə müvafiq sənədləri olmayan fiziki və hüquqi şəxslərdən heyvanlar aləmi obyektlərinin alınması qadağan edilir.

2.7. Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasına aşağıdakı hallarda icazə verilmir:

a)      heyvanlar aləminin obyektləri məhdud olduqda və həmin növdən olan canlı heyvanların bərpası mümkün olmadıqda;

b) xüsusi icazə olmadıqda;

c)      müvafiq ekspert qrupunun rəyi olmadıqda;

ç) heyvanlar aləmi obyektlərinin sayı optimal şəraitdən az olduqda;

d) təbii şəraitdə bərpasına təhlükə yarandıqda;

e)      epizootiya baş verdikdə;

ə) təbii fəlakət zamanı vəhşi heyvanların yaşayış mühitinə mənfi təsir göstərən digər hallarda.

2.8.            Hüquqi və fiziki şəxslər tərəfindən təbii sərbəstlik şəraitində yaşayan, yarımsərbəst və qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər yollarla əldə edilmiş vəhşi heyvanların, onların yumurtaları, cinsiyyət hüceyrələri, rüşeymləri, mayalanmış kürüləri, sürfələri və generativ orqanları, həyat fəaliyyəti məhsullarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi ilə həyata keçirilir.

2.9. Azərbaycan Respublikasına gətirilən və onun hüdudlarından kənara aparılan vəhşi heyvan növlərinin siyahısı Milli Elmlər Akademiyasının rəyi əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir və daşınma üsulu müəyyən olunur.

2.10.          Bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.