Azərbaycan  Respublikasında  ovçuluqla  bağlı  bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydası", "Ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində iştirak etməsi qaydası", "Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydası", "Ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması qaydası",   "Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası", "Ov etmək üçün icazənin verilməsi qaydası", "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydası" və "Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növü və istifadəsi qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 30 sentyabr 2004-cü il

                           № 147

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib

ov yerlərinə buraxılması

QAYDASI

I. ÜMUMİ MÜDDƏALAR

1.1.            Bu qayda "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydasını müəyyən edir.

1.2. Vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilməsi məqsədilə tutulması "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.

II. VƏHŞİ HEYVANLARIN TƏSƏRRÜFAT SUBYEKTLƏRİ TƏRƏFİNDƏN YETİŞDİRİLMƏSİ

Vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilməsində aşağıdakı tələblərə əməl edilməlidir:

təbiətdə yaşadığı biotopa uyğun şərait yaratmaq; təbii qida çeşidinə uyğun qida məhsulları ilə təmin etmək; yaşına və cinsinə uyğun istifadə dərəcəsini tənzimləmək; baytarlıq və zootexniki xidmətlə təmin etmək;

vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında, xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirləri həyata keçirmək;

nəsilartırma dövrlərində bioloji xüsusiyyətlərini nəzərə almaq;

il ərzində təbiətdə olan fəallıq və yuxu dövrlərini gözləmək;

təbiətdə olan cinsiyyət nisbətini, artım sürətini nəzərə almaq;

boğazlıq və doğum dövrlərində narahatedici amillərin qarşısını almaq;

heyvanlarla təmasda olduqda, yaşayış yerlərini dəyişdikdə, təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;

heyvanlarla rəftarda humanistlik prinsiplərini gözləmək;

heyvanların yemləri saxlanılan yerlərdə sanitar normalara əməl etmək;

heyvan növlərinin qorunmasını təmin edən üsullardan istifadə etmək;

heyvan növləri saxlanılan və artırılan bütün obyektlərə, heyvanlar aləminin mühafizəsinə, istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanların nümayəndələrini maneəsiz buraxmaq, onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;

heyvan növlərindən səmərəli və düzgün istifadə etmək, istehsalat proseslərini elmi əsaslarla həyata keçirmək və ətraf mühitin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək;

bitişik ərazilərin hüdudlarında heyvan növlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizəsi rejiminə əməl etmək;

heyvanlar aləminin yaşayış şəraitinin pisləşdiyi hallarda nəsilartırma qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olması təhlükəsi yarandıqda, heyvanlara və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün təcili tədbirlər görmək;

dövlət ekoloji ekspertizasının müsbət rəyləri olmadan heyvanlar aləminin məskunlaşdığı ərazilərdə mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılması, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsinə və başqa biotexnoloji məhsulların istehsalına yol verməmək;

heyvanların yaşadığı və qidalandığı ərazilərdə müəyyən edilmiş ekoloji təhlükəsizlik qaydalarına əməl etmək;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı və icazəsi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının elmi cəhətdən əsaslandırılmış rəyi olmadan Azərbaycan Respublikasının faunası üçün yeni olan heyvan növlərinin iqlimə uyğunlaşdırılmasına, artırılmasına və damazlıq bazasının yaradılmasına imkan verməmək.

III. VƏHŞİ HEYVANLARIN TƏSƏRRÜFAT SUBYEKTLƏRİ TƏRƏFİNDƏN OV YERLƏRİNƏ BURAXILMASI

3.1. Təsərrüfat subyektləri tərəfindən hər bir vəhşi heyvan növü üzrə müəyyən yaş dövründə onların həmin təsərrüfatların ərazilərinə buraxılması və müvafiq qaydada ilkin uçotun aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının alim və mütəxəssislərinin razılığı və iştirakı ilə həyata keçirilir.

3.2. Vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən ov yerlərinə buraxılması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq ərizə (məktub) təqdim edilməlidir.

3.3. Ərizədə aşağıdakılar əks olunmalıdır: vəhşi heyvanın növü və sayı;

vəhşi heyvanın buraxılacağı ov yeri; vəhşi heyvanın təbiətə buraxılacağı vaxt.

3.4.   Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanında ərizə (məktub) qeydə alınmaqla qəbul edilir.

3.5.   Ərizəyə (məktuba) qeydə alınma tarixindən başlayaraq 15 gün müddətində baxılır və müvafiq cavab verilir.

3.6.   Vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən ov yerlərinə buraxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanını və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nümayəndəsinin iştirakı ilə həyata keçirilir və nəticəsi barədə müvafiq akt tərtib edilir.

3.7.   Ov obyektinə aid edilmiş vəhşi heyvanların populyasiya quruluşunun (yaş və cinsiyyət tərkibinin), çoxalma və ov mövsümündə yararsız faizi elmi-tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqat işlərinin nəticəsi nəzərə alınmaqla müəyyən edilir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının

təşkili və idarə edilməsində iştirak etməsi

QAYDASI

I. ÜMUMİ MÜDDƏALAR

Bu qayda "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində iştirak etməsi qaydasını müəyyən edir.

II. OVÇULAR CƏMİYYƏTLƏRİNİN OVÇULUĞUN VƏ OVÇULUQ TƏSƏRRÜFATLARININ TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİNDƏ İŞTİRAK ETMƏSİ

Ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində iştirakı aşağıdakılardan ibarətdir:

ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə onlara üzvlük bileti vermək;

hər il üçün ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək;

qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sursatı, ovçuluq-balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalarının satışını təşkil etmək;

həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək;

ovçuluq təsərrüfatlarına təhkim olunmuş ərazilərdə brokonyerliyin qarşısını almaq üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək;

təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək;

ovçuları müəyyən edilmiş normativlər əsasında ov silahı üçün sursatla təmin etmək;

ovçuluq təsərrüfatının beynəlxalq standartlara uyğun təşkil edilməsinə dair təkliflər vermək;

ovçuluq təsərrüfatlarının işinin təkmilləşdirilməsi, işçilərin iş təcrübəsinin artırılması məqsədilə seminar treninqlərin keçirilməsini təşkil etmək;

ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi istiqamətində metodiki göstərişlər hazırlayıb, qabaqcıl təcrübələrin kütləvi informasiya vasitələrində təbliğ edilməsi işində iştirak etmək;

ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artırılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərdə iştirak etmək;

ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərinin mühafizəsi və istifadəsi məsələlərinin həllində iştirak etmək;

ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl edilməsində iştirak etmək;

ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanların yaşadıqları ərazilərdə həyat tərzlərinin sabitliyini pozmayan və ovlanmasına icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsulların tətbiqində iştirak etmək;

ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olma təhlükəsi yarandıqda və tələf olması hallarında xəstəliklərin profilaktikası və ləğvi üzrə keçirilən kompleks tədbirlərdə iştirak etmək;

ovçuluq təsərrüfatında sərhəd nişanlarının qoyulması, nəzarət-buraxılış məntəqələrinin yaradılması və işinin müvafiq qaydada təşkil edilməsinə dair təkliflər vermək;

ovçuluq təsərrüfatında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunun aparılmasında, onların vəziyyətlərinin və yaşayış yerlərinin xüsusiyyətlərinin öyrənilməsində iştirak etmək;

ovçuluq təsərrüfatında ovçulara göstərilən xidmət sahələrinin səviyyəsinin yüksəldilməsinə və təşkil olunmasına dair təkliflər vermək;

ovçuluq təsərrüfatına ova gələn şəxsləri qeydiyyata almaq, ov etmək üçün icazəyə qeydlər etmək və onların ov etmək üçün icazə əsasında ovladıqları vəhşi heyvanların uçotunun aparılmasını təşkil etmək;

ovçuluq təsərrüfatlarında ov əhəmiyyətli vəhşi heyvanların mövcud qanunvericiliyin tələblərinə müvafiq artırılmasına dair təkliflər vermək və təbiətə buraxılmasında iştirak etmək;

ovçuluq təsərrüfatlarında biotexniki tədbirlərin və təbii bərpa işlərinin həyata keçirilməsinə dair təkliflər vermək və onun həyata keçirilməsində iştirak etmək;

ovçuluq təsərrüfatlarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə təbiəti mühafizə, ovçuluq, elmi tədqiqat, sağlamlaşdırma, təlim-tərbiyə, ekoloji maarifləndirmə, turizm və istirahət (rekreasiya) məqsədləri üçün istifadə edilməsinə dair təkliflər vermək.

 

                                                                                                                 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə

                                                                                                                           TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət ovçuluq kadastrının və

ov obyektlərinin monitorinqinin aparılması

 

QAYDASI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.  Bu qayda "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydasını müəyyən edir.

1.2.  Dövlət ovçuluq kadastrı ov yerlərinin statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin mühafizə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur.

1.3.  Dövlət ovçuluq kadastrı "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş respublika və yerli əhəmiyyətli ovçuluq ərazilərinin kateqoriyaları barədə məlumatları cəmləşdirir.

1.4.  Dövlət ovçuluq kadastrı respublikanın təbii sərvətlərinə aid digər kadastrlara uyğun və əlaqələndirmə prinsipi əsasında formalaşır və aparılır.

1.5.  Dövlət ovçuluq kadastrı həmin ərazilərdə və onların mühafizə zonalarında aparılan monitorinq məlumatları əsasında tərtib edilir.

1.6.  Ov obyektlərinin monitorinqi heyvanlar aləminin obyektlərinin dövlət monitorinqinin tərkib hissəsi olub, ov yerlərində vəhşi heyvanların yayılmasında, sayında, fiziki vəziyyətində və yaşayış mühitində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

1.7.  Respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının mühafizəsi və bərpası, onların inkişafı və yerləşdirilməsi üzrə respublika sxeminin hazırlanması, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması tədbirləri dövlət büdcəsinin, xarici investisiyalar, qrantlar və ianələr hesabına maliyyələşdirilir.

 

II. DÖVLƏT OVÇULUQ KADASTRININ APARILMASININ MƏQSƏDİ

 

2.1.   Dövlət ovçuluq kadastr; dövlət ov fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, ovçuluq təsərrüfatlarının perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunması və dövlət nəzarətinin gücləndirilməsi məqsədilə aparılır.

2.2.   Dövlət ovçuluq kadastr məlumatları ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahəsində idarəetmə və digər məsələlərin qəbul edilməsinin əsasını təşkil edir, ərazilərin iqtisadi və sosial inkişafı planlarının hazırlanmasında, yerquruluşu, şəhərsalma işlərinin və dövlət ekoloji ekspertizasının aparılmasında, təbii sərvətlərdən ətraf mühitə təsir edə bilən digər məsələlərin həllində bu məlumatlar mütləq nəzərə alınmalıdır.

2.3.   Dövlət ovçuluq kadastrının vəzifələri:

mövcud və yaradılması planlaşdırılan ov yerləri, respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatları haqqında dövlətdə olan məlumatların toplanması və sistemləşdirilməsi;

müxtəlif kateqoriyalara aid ovçuluq təsərrüfatlarının mövcud vəziyyətinin və fəaliyyətinin səmərəliliyinin təhlili.

 

III. DÖVLƏT OVÇULUQ KADASTRININ TƏRKİBİ VƏ STRUKTURU

 

3.1. Dövlət ovçuluq kadastrına aşağıdakı məlumatlar daxil edilir: ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin hüquqi statusu və normativ hüquqi bazası;

coğrafi vəziyyəti, sərhədləri və ərazisi; inzibati və idarə tabeliyi;

mühafizəsi üsulu və rejimi;

ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin ətrafındakı mühafizə zonaları (ərazisi, sərhədi və rejimi);

ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin ekoloji, elmi, maarifçilik, rekreasiya, iqtisadi, tarixi və mədəni əhəmiyyəti;

ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət xüsusiyyətləri, öyrənilmə dərəcəsi və bu məlumatların saxlanılma yerləri;

ovçuluq təsərrüfatlarında və digər ov yerlərində, onların ətrafındakı mühafizə zonalarında torpaqların və digər təbii sərvətlərin sahibkarları, istifadəçiləri və icarəçiləri;

ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin qorunma vəziyyəti, antropogen təsirin dərəcəsi və təhlükə faktorları;

ov obyektlərinin bərpasını və təbii artmasını təmin edən tədbirlər;

ovçuluq təsərrüfatlarında və digər ov yerlərinin işçi ştatları və struktur bölmələri;

ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin mühafizəsini öhdəsinə götürmüş hüquqi və fiziki şəxslər (ünvanı, öhdəlik müddəti və ştatı);

ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin maddi-texniki bazası və maliyyələşdirilməsi;

ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin ərazilərində aparılan son müayinələr (aparılan işlərin mövzusu və müddəti);

ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin vəziyyətinin qiymətləndirilməsi üçün ekspert kimi cəlb edilməsi məsləhət görülən hüquqi və fiziki şəxslər;

ovçuluq təsərrüfatları və digər ov yerləri barədə məlumatları olan mənbələr.

3.2.   Dövlət ovçuluq kadastrı 2 bölmədən ibarətdir və bölmələrdə müvafiq olaraq respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatları və digər ov yerləri barədə məlumatlar cəmləşir.

3.3.   Respublika əhəmiyyətli ovçuluq təsərrüfatları və digər ov yerlərinin dövlət kadastrına dövlət ovçuluq təsərrüfatları haqqında məlumat daxil edilir.

3.4.   Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları və digər ov yerlərinin dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir:

ovçuluq təsərrüfatları (o cümlədən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə bütövlükdə və ya qismən verilə bilən ovçuluq təsərrüfatları);

ov yerləri;

bələdiyyələr, hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqlarda qanunvericiliyə uyğun olaraq ov obyektlərini yetişdirib ov yerlərinə buraxmaq məqsədilə yaradılan ovçuluq təsərrüfatları haqqında.

3.5.   Kadastrın uçot vahidinə ayrı-ayrı ovçuluq təsərrüfatları və digər ov yerləri aid edilir.

3.6.   Dövlət ovçuluq kadastrı məlumatları Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası dövlət və bələdiyyə orqanlarının normativ sənədlərinə, elmi tədqiqatların, layihə-axtarışlarının və inventarlaşmanın materiallarına, xüsusi tədqiqatların nəticələrinə, monitorinq məlumatlarına, respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatları və ov yerləri barədə dəqiq məlumatları olan digər mənbələrə əsasən hazırlanır və yeniləşdirilir.

3.7. Dövlət ovçuluq kadastrı məlumatlarına daimi nəzarət edilir. Kadastr məlumatlarının dəyişdirildiyi və yeni məlumatların daxil olduğu hallarda köhnə məlumatlar arxivləşdirilərək daimi saxlanılır. Kadastrda yeni məlumatların daxil edilməsi və dəyişikliklər aparılması tarixi göstərilir və əvvəlki (köhnə) məlumatlar barədə qeydiyyat aparılır.

 

IV. DÖVLƏT OVÇULUQ KADASTRININ APARILMASI

 

4.1. Dövlət ovçuluq kadastrı aşağıdakı qaydada aparılır:

respublika əhəmiyyətli ovçuluq təsərrüfatları və digər ov yerləri üzrə - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı tərəfindən;

yerli əhəmiyyətli ovçuluq təsərrüfatları və digər ov yerləri üzrə - bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən.

4.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tabeliyində respublika əhəmiyyətli dövlət ovçuluq təsərrüfatları və digər ov yerləri olan təşkilatların, bələdiyyə və yerli əhəmiyyətli ovçuluq təsərrüfatları və ov yerlərinin kadastrını aparan orqanların təqdim etdikləri kadastr sənədlərinə əsasən Azərbaycan Respublikasının dövlət ovçuluq kadastrı hazırlanır.

4.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi: respublika əhəmiyyətli dövlət ovçuluq təsərrüfatlarının dövlət kadastrına

daxil edilən əsas məlumatların toplanmasını və saxlanmasını təşkil edir və bu məlumatları təhlil edərək respublika əhəmiyyətli ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin vəziyyətini qiymətləndirir;

bütün növlərə və kateqoriyalara aid ovçuluq təsərrüfatları və digər ov yerləri barədə əsas məlumatları ümumiləşdirərək kadastra daxil edir;

kadastrın aparılmasına dair məsələlərlə bağlı metodik sənədləri hazırlayır;

aidiyyəti təşkilatların iştirakı ilə hər bir ovçuluq təsərrüfatının və digər ov yerlərinin növlərinə və kateqoriyalarına aid məlumatların əsas göstəricilərini, kadastrın aparılması üçün tələb olunan digər məlumatları müəyyən edərək, onların təqdim olunma müddətlərini təyin edir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və bələdiyyə orqanlarına təqdim edir;

respublika əhəmiyyətli ovçuluq təsərrüfatları və ov yerlərinin dövlət kadastrının aparılmasını, onun tərtibatı və nəşrini, respublika əhəmiyyətli ovçuluq təsərrüfatları barədə illik hesabatların hazırlanmasını həyata keçirir;

yerli əhəmiyyətli ovçuluq təsərrüfatları və digər ov yerlərinin kadastrının aparılmasına dair əsas məlumatları razılaşdırır;

yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin kadastrlarının nəşrini təşkil edir;

kadastrın aparılmasında müasir texniki-proqramlaşdırma üsullarından və kompüter texnologiyasından istifadəni təmin etmək üçün lazımi tədbirlər görür.

4.4.            Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının və ov yerlərinin kadastrını belə ərazilərin tabeliyində olduğu hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan məlumatlar əsasında aparır;

yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının və ov yerlərinin kadastrlarının aparılması üçün tələb olunan məlumatları, kadastr göstəricilərini və uçot sənədlərini hazırlayır və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırır;

yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının və ov yerlərinin kadastrlarının aparılmasına dair əsas məlumatları təsdiq edilmiş forma əsasında və müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edir;

kadastr məlumatlarını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və bələdiyyə orqanlarına təqdim edir;

yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının və ov yerlərinin kadastrlarının nəşrini təşkil edir.

4.5.            Respublika   və yerli əhəmiyyətli ovçuluq təsərrüfatları və digər ov yerlərinin mülkiyyətində (idarəetməsində), istifadəsində və icarəsində olan idarələr və digər hüquqi və fiziki şəxslər:

ovçuluq təsərrüfatlarının və ov yerlərinin kadastrının aparılması üçün lazımi məlumatların yığılmasını, təzələnməsini, saxlanılmasını, ümumiləşdirilməsini və təhlilini təşkil edir;

ovçuluq təsərrüfatlarının və digər ov yerlərinin kadastrının aparılmasına dair əsas məlumatlan təsdiq edilmiş forma əsasında və müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bilavasitə və yaxud onların müvafiq qurumu vasitəsilə təqdim edir.

4.6.            Hər bir ovçuluq təsərrüfatlarının və ov yerlərinin kadastr məlumatı 5 ildən bir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş hesabat forması əsasında təqdim edilir.

Ovçuluq təsərrüfatlarının və ov yerlərinin kadastr göstəricilərində il ərzində baş vermiş dəyişikliklər və əlavələr barədə isə məlumatlar hər il yanvar ayının 25-nə kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.

 

V. OV OBYEKTLƏRİNİN MONİTORİNQİNİN APARILMASI

 

5.1.  Ov obyektlərində monitorinq aparılarkən təsərrüfatın yerləşdiyi rayonun Baş Dövlət Baytar müfəttişi və ya onun müəyyən etdiyi baytar mütəxəssisi bilavasitə iştirak edir. Monitorinq aparılarkən digər işlərlə yanaşı, ərazinin epizootoloji durumu müəyyən edilməklə vəhşi heyvanlar, qular və ovçuluq təsərrüfatı ərazisində yaşayan digər növ heyvanlar (sürünənlər, gəmiricilər və s.) arasında yoluxucu xəstəliklərin mövcudluğu dəqiqləşdirilir. Monitorinq aparılan ərazidə ölmüş və ya digər vəhşi heyvanlar tərəfindən öldürülmüş heyvanların cəsədlərindən baytarlıq-sanitariya tələblərinə uyğun patoloji materiallar götürülərək, müayinə üçün respublika və ya zona baytarlıq laboratoriyalarına göndərilir.

5.2.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bələdiyyə orqanları və tabeliyində yerli əhəmiyyətli ovçuluq təsərrüfatları və digər ov yerləri olan fiziki və hüquqi şəxslər həmin ərazilərdə və onların mühafizə  zonalarında  monitorinqin  aparılması  məqsədilə  təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin dəyişməsini öyrənmək üçün daimi müşahidələrin aparılmasını təşkil edir.

5.3.  Ov yerlərində aparılan monitorinqə aşağıdakılar daxil edilir:

ov heyvanlarının (o cümlədən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların) ümumi vəziyyəti, sayı, yayılma əraziləri və bərpası; təbiət komplekslərinin qorunma vəziyyəti, bərpası, antropogen təsirlər; təbiət komplekslərinin və komponentlərinin təhlükə faktorları; ov yerlərinə dair hesabat məlumatları.

5.4.            Monitorinq məlumatları hər il ümumiləşdirilir və dekabr ayının 5-nə kimi dövlət ovçuluq kadastrını aparan təşkilatlara təqdim olunur.

                                                                                                                  

    

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması

 

 QAYDASI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu qayda "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının ərazisində əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qərarı əsasında həyata keçirilir.

 

II. AYRI-AYRI YIRTICI HEYVAN NÖVLƏRİNİN VURULMASI

 

2.1.            Ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən rəsmi müraciətdə (ərizədə) aşağıdakılar öz əksini tapmalıdır:

yırtıcı heyvanın vurulması səbəbi;

vurulması nəzərdə tutulan yırtıcı heyvanın növü;

yırtıcı heyvanın ovlanma yeri;

yırtıcı heyvanların ovlanma müddətləri.

2.2.   Təqdim olunan ərizə (məktub) xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və elmi rəyin nəticəsindən asılı olaraq yırtıcı heyvanın vurulması (müddət göstərilməklə) və yaxud digər müvafiq tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul olunur.

2.3.   Azərbaycan Respublikasının ərazisində bəzi yırtıcıların (məməlilərdən - çaqqal, yenot, quşlardan - alaqarğa, sağsağan) il boyu məhv edilməsinə icazə verilir.

2.4.   Əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq üçün ayrı-ayrı yırtıcı heyvan növlərinin sayının tənzimlənməsi məqsədilə onların vurulması barədə qərar və limitlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurası tərəfindən müəyyən edilir, nazirliyin müvafiq orqanının nümayəndəsinin iştirakı ilə yaradılmış ovçu briqadaları tərəfindən həyata keçirilir və ovun nəticəsi aktla sənədləşdirilir.

Bu tədbirlər başqa vəhşi heyvanların növlərinə zərər vurmamaqla, heyvanların yaşayış mühitinin qorunub saxlanmasını təmin etmək üçün həyata keçirilir.

2.5.            Ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması nəticəsində əldə edilmiş ov məhsulları, zərurət yarandığı təqdirdə, elmi cəhətdən tədqiq olunmaq məqsədilə aidiyyəti elmi təşkilatlara təhvil verilir.

 

 

 

                                                                                              Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə

                                                                                                                                             TƏSDİQ EDİLMİŞDİR

 

Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə

məşğul olmaq istəyən şəxslərə verilməsi

 

QAYDASI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.  Bu qayda "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ovçuluq biletinin formasını,  qeydiyyatını və  ovçuluq  fəaliyyəti  ilə  məşğul olmaq. istəyən şəxslərə verilməsi qaydasını müəyyən edir.

1.2.  Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir və 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilir.

1.3.  18 yaşına çatmamış, habelə məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxslərin ovçuluq fəaliyyəti ilə məşğul olması qadağandır.

1.4.  Ovçuluğun minimum üzrə sınağı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qaydada yaratdığı komissiya tərəfindən keçirilir.

1.5.  Ovçuluq biletinin verilməsi ödənişlidir, dəyəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qərarı (əmri) ilə təsdiq edilir.

 

II. OVÇULUQ BİLETİNİN FORMASI

 

2.1.   Ovçuluq bileti (forma əlavə olunur) bu qaydalara uyğun hazırlanmış əlavədə göstərilən formada verilir.

2.2.   Ovçuluq bileti aşağıdakı kimidir:

ovçuluq biletinin cildi "yaşıl" rəngdə, ölçüləri 6,5 x 10,0 sm təşkil edir;

ovçuluq biletinin üz qabığının yuxarı hissəsində "Azərbaycan Respublikasının Dövlət gerbi" verilir və onun altında ardıcıl olaraq "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri yazılır;

ovçuluq biletinin üz qabığının orta hissəsində iri hərflərlə "OVÇULUQ BİLETİ" sözləri yazılır;

ovçuluq biletinin içərisində birinci səhifəsinin yuxarı hissəsində "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri yazılır;

ovçuluq biletinin birinci səhifəsinin aşağı sol hissəsində ovçuluq bileti alan şəxsin rəngli fotoşəkli üçün yer ayrılır;

ovçuluq bileti alan şəxsin fotoşəklinin sağ hissəsində ardıcıl olaraq ovçuluq bileti alan şəxsin adı, atasının adı, soyadı və ünvanı göstərilir;

ovçuluq biletinin ikinci səhifəsinin orta hissəsində ovçuluq biletinin nömrəsi, onu verən müvafiq orqanın rəhbərinin imzası, ovçuluq biletinin verildiyi tarix, qeydiyyat nömrəsi və möhür yeri göstərilir;

ovçuluq biletinin üçüncü səhifəsində ovçuluq bileti alan şəxsin minimum sınağı verməsi barədə qeydlər göstərilir;

ovçuluq biletinin dördüncü və beşinci səhifələrində ovçuya məxsus ov aləti və silahın adı, modeli (markası), növü, nömrəsi və kalibri göstərilir;

ovçuluq biletinin altıncı və yeddinci səhifəsində ovçuya məxsus ov aləti və silahı barədə qeydlər aparılır;

ovçuluq biletinin səkkizinci səhifəsində ovun məhdudlaşdırılması və ya dayandırılması barədə qeydlər verilir.

 

III. OVÇULUQ BİLETİNİN QEYDİYYATI

 

3.1.   Ovçuluq bileti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq edilir, nömrələnir və qaytanlanmış "Ovçuluq biletinin verilməsinə dair qeydiyyat kitabı"na daxil edilməklə qeydiyyata alınır.

3.2.   "Ovçuluq biletinin verilməsinə dair qeydiyyat kitabı"nda ovçuluq bileti alan şəxsin adı, atasının adı, soyadı, təvəllüdü, ünvanı, ovçuluq biletinin tarixi və nömrəsi qeyd olunur.

3.3.   Ovçuluq bileti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri (o olmadıqda onun səlahiyyətlərini icra edən) tərəfindən imzalanır və möhürlə təsdiq olunur.

 

IV. OVÇULUQ BİLETİNİN OVÇULUQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ İSTƏYƏN ŞƏXSLƏRƏ VERİLMƏSİ

 

4.1.            Ovçuluq bileti almaq istəyən şəxs aşağıdakı sənədləri təqdim etməlidir:

ərizə;

ərizəçi tərəfindən ov silahının saxlanması, gəzdirilməsi və istifadəsi hüququnu təsdiq edən şəhadətnamənin surəti; şəxsiyyət vəsiqəsinin surəti; 3x4 ölçüdə  iki ədəd rəngli fotoşəkil.

4.2.   Ovçuluq bileti almaq istəyən şəxsin ərizəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanında qeydiyyata düşdüyü gündən 10 gün müddətində baxılır və ovçunun minimum sınağının nəticəsindən asılı olaraq verilir.

4.3.   Ovçuluq bileti iki il müddətinə verilir və verildiyi müddət üçün etibarlıdır.

4.4. Ovçuluq biletinin verilməsindən imtina etmə halları aşağıdakılardır:

4.4.1.  ərizəçinin təqdim etdiyi ərizədə qeyri-dürüst və təhrif olunmuş məlumatlar olduqda;

4.4.2.  ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə;

4.4.3.  qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

 

                                                                                                                   Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə

                                                                                                                                          TƏSDİQ EDİLMİŞDİR

 

Ov etmək üçün icazənin verilməsi

 

 QAYDASI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.  Bu qayda "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ov etmək üçün icazənin verilməsi (bundan sonra - icazə) qaydasını müəyyən edir.

1.2.  Azərbaycan Respublikasının ərazisində ova icazə hər il Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ov mövsümünün açılmasına və vəhşi heyvan və quşların ov müddəti, ov normalan və ov yerləri barədə verdiyi qərarı (əmri) əsasında həyata keçirilir.

1.3.  İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə (bundan sonra - ərizəçilər) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir.

1.4.  Ov obyektinə aid edilmiş vəhşi heyvanları yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada ov etmək üçün icazə verə bilər.

1.5.  İcazənin nümunələri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir.

1.6.  Ərizəçilərə verilən ov etmək üçün icazədən yalnız onların özləri istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır.

1.7.  İcazənin verilməsi ödənişlidir və onun verilməsi üçün dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

1.8.  İcazədən istifadə edilmədikdə, onun dəyəri ödənilmir və geri qaytarılmır.

 

 

II. İCAZƏNİN VERİLMƏSİ

 

2.1.  Ovçu tərəfindən ovçuluq bileti və üzvlük bileti təqdim edildikdə, ovçuluq fəaliyyətinə icazə verilir.

2.2.  Ovçu üzvü olduğu ovçuluq cəmiyyətinə məxsus təsərrüfatlardan kənar ov təsərrüfatlarında ov etmək istədiyi təqdirdə, ona icazə ərizə əsasında verilir.

2.3.  Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan);

ovçuluq və üzvlük biletinin nömrəsi;

ovun vaxtı;

ovlama yeri;

ov obyektinin növü;

ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən verilən icazə.

2.4.            İcazə almaq üçün təqdim olunan ərizə xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, imtina üçün əsas olmadıqda, 5 (beş) gün müddətində icazənin verilməsi təmin olunur.

Bu qaydada göstərilən əsaslarla icazənin verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.5.            İcazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1.   ərizəçinin təqdim etdiyi ərizədə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.2.   ov silahından istifadəyə dair verilən icazənin müddəti bitdikdə;

2.5.3.   qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

 

III. İCAZƏ

 

İcazədə aşağıdakılar göstərilir:

ov obyektinin növü;

ov obyektinin ovlama üsulu və yeri;

ov obyektinin norması (sayı);

ovun vaxtı;

icazənin müddəti və şərtləri.

 

                                                                                                                  Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə

                                                                                                                                          TƏSDİQ EDİLMİŞDİR

 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan

Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi

 

QAYDASI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.  Bu qayda "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi (bundan sonra - icazə) qaydasını müəyyən edir.

1.2.  Bu qaydaya əsasən icazə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra - ərizəçilər) Azərbaycan Respublikasının ərazisində ov etmək üçün əsas verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir.

1.3.  Azərbaycan Respublikasının ərazisində ova icazə hər il nazirliyin ov mövsümünün açılmasına dair və vəhşi heyvan və quşların ov müddəti, ov normaları və ov yerləri barədə verdiyi qərarı (əmri) əsasında həyata keçirilir.

1.4.  Ərizəçilərə ov etmək üçün verilən icazədən yalnız onların özləri istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır.

1.5.  İcazənin sahibi verilən icazədən (icazənin surətindən) yalnız özü istifadə edə bilər və onu başqa şəxslərə istifadə üçün verə bilməz.

1.6.  İcazənin verilməsi ödənişlidir və onun verilməsi üçün dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

1.7.  İcazədən istifadə edilmədikdə, dəyəri ödənilmir və geri qaytarılmır.

 

II. İCAZƏNİN VERİLMƏSİ

 

2.1. İcazə almaq üçün ərizəçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanına rəsmi müraciət etməlidir və müraciətdə aşağıdakılar öz əksini tapmalıdır:

şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar;

ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən icazə və silahın respublika ərazisində saxlanma müddəti;

ovçuluq biletinin nömrəsi;

 

 

 

ovun vaxtı;

ovlama yeri;

ov obyektinin növü.

2.2.            İcazə almaq üçün təqdim olunan ərizə xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, imtina üçün əsas olmadıqda, icazənin verilməsi təmin olunur.

Bu qaydada göstərilən əsaslarla icazə verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

2.3.            İcazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.3.1.   ərizəçinin təqdim etdiyi ərizədə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.3.2.   ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlanma müddəti bitdikdə;

2.3.3.   qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.4.            Ərizəçiyə Azərbaycan Respublikasının ərazisində ova icazə verildiyi təqdirdə, icazənin dəyəri əvvəlcədən, ovlanmış heyvan və quşların dəyəri isə ov başa çatdıqdan sonra, ovun nəticəsindən asılı olaraq ödənilir.

 

III. İCAZƏ

 

İcazədə aşağıdakılar göstərilir:

ov obyektinin növü;

ov obyektinin ovlama üsulu və yeri;

ov obyektinin norması (sayı);

ovun vaxtı;

icazənin müddəti və şərtləri.

 

                                                                                                                  Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə

                                                                                                                                        TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının ərazisində

ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən

ov alətlərinin növü və istifadəsi

 

QAYDASI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

Bu qayda "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növü və istifadəsi qaydalarını müəyyən edir.

 

II.  AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ

OVÇULUQ FƏALİYYƏTİNİ HƏYATA KEÇİRMƏK

ÜÇÜN İSTİFADƏ EDİLƏN OV ALƏTLƏRİNİN NÖVÜ

 

Azərbaycan Respublikasının ərazisində həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növləri aşağıdakılardır: ov silahları; ov itləri; ovçu quşlar (alıcı quşlar) və başqa ov vasitələri.

 

III.            AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ OVÇULUQ FƏALİYYƏTİNİ HƏYATA KEÇİRMƏK ÜÇÜN İSTİFADƏ EDİLƏN OV ALƏTLƏRİNİN İSTİFADƏSİ

 

3.1.   Ov silahlarının satışı, əldə edilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, tətbiqi, götürülməsi, müsadirəsi və geri alınması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

3.2.   Ovçular cəmiyyətlərinin hər bir üzvünə 2 ədəddən çox olmamaqla yivsiz lüləli ov tüfəngi saxlamaq, ildə 600 qramdan çox olmamaqla tüstüsüz və ya bir kiloqramdan çox olmamaqla tüstülü barıt, 10 kiloqram qırma və 25 ədəd güllə almaq hüququ verilir.

3.3.   Ov itləri ilə təlim işləri ov mövsümündən bir ay əvvəl ov silahlarından istifadə etməməklə, yalnız ov yerlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məqsəd üçün xüsusi ayırdığı sahələrdə aparıla bilər.

3.4.   Ov itlərindən ov heyvanının izlənilməsi, tapılması, vəhşi heyvan növünün ovçu üçün əlverişli olan sahəyə çıxarılmasında istifadə olunur.

3.5.   Bir ovçu qrupu (üç nəfərdən az olmamaq şərtilə) çöl donuzu və ayı ovunda yalnız iki ov itindən istifadə edə bilər.

3.6.   Digər vəhşi heyvanların ovlanmasında ovçu tərəfindən yalnız bir ov itindən istifadə edilə bilər.

3.7.   Ovçu quşlardan ov quşlarının və ov heyvanlarının (Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına daxil edilmiş növlər istisna olmaqla) ovlanmasında istifadə edilir.

3.8.   Heyvan və quş ovunda bir ovçu yalnız iki ovçu quşundan istifadə edə bilər.

3.9.   Ovçu ov quşunu və açıq ov sahələrində ovlanacaq heyvanı ovçu quşa göstərdikdən sonra onu havaya buraxa bilər.

3.10.   Ovçu quşlardan onların ov heyvanlarını ovlama xüsusiyyətləri (vərdişləri) nəzərə alınmaqla, ovda istifadə edilir.

3.11.   Ovçu yırtıcı heyvanların ovlanması üçün tələdən istifadə edə bilər.

3.12.   Azərbaycan Respublikasının ərazisində vəhşi heyvan və quşların kütləvi surətdə əldə edilməsinin qarşısının alınması məqsədilə aşağıda qeyd olunanlar qadağandır:

tor, cələ, ilgək, duzaq, gecə məşəlləri, zınqırovlar, projektor və tor kisələrindən istifadə etmək, kaman qurmaq, ov çalaları qazmaq;

yer buz bağlayarkən donan, suyun donmayan yerlərində keyləşən su quşlarının və eləcə də pərvazlaşmamış quşların vurulması və tutulması;

avtomaşınla, traktorla, motosikletlə, vertolyotla, motorlu qayıqla qovaraq ovlamaq, habelə avtonəqliyyatda yaxınlaşaraq heyvanları vurmaq;

vəhşi heyvanların dərilərini ovun qurtardığı vaxtdan 10 gün keçəndən sonra bir yerdən başqa yerə daşımaq.

3.13. Ov alətləri ilə ov edən şəxslər adamların və ev heyvanlarının yaralanmasına, habelə yanğın baş verməsinə qarşı bütün ehtiyat tədbirlərini görməyə borcludurlar.

 

 

 

 

 

Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydalarına əlavə

 

Üz qabığı

 

 

 

 

Azərbaycan Respublikasının

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

 

OVÇULUQ BİLETİ

 

 

 

Üz qabığı (son)

 


səhifə 1

 

 

Azərbaycan Respublikasının

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

 

Foto

3x4

 

 

Adı__________________________________________

 

Atasının adı __________________________________

 

Soyadı _______________________________________

 

Ünvanı _______________________________________

 

                                       M.Y

 

 

                                                                                     səhifə  2

Ovçuluq bileti № _______

Bilet verilib_______________________________________________________

_________________________________________________________________

 

 

Qeydiyyat nömrəsi_______________________________________________

 

 

 

M.Y.                                                                                    İmza: ____________

 

 

 

                                                                                                                                 səhifə 3

                   

Ovçunun minimum sınaq verməsi

barədə qeyd

 

                  

                sınaq verdi                                                               200__ il

 

 

 

 

                                                                                                                              səhifə 4

Ov silahı və bıçağı haqqında qeyd

Qeyd tarixi

Modeli, markası

Kalibri, növü

Silahın

№ -si

Bıçağın

№ -si

İmza

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                    səhifə 5

 

Ov silahı və bıçağı haqqında qeyd

Qeyd tarixi

Modeli, markası

Kalibri, növü

Silahın

№ -si

Bıçağın

№ -si

İmza

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

səhifə 6

 

Ov silahı və bıçağı haqqında qeyd

Qeyd tarixi

Modeli, markası

Kalibri, növü

Silahın

№ -si

Bıçağın

№ -si

İmza

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

səhifə 7

 

Ov silahı və bıçağı haqqında qeyd

Qeyd tarixi

Modeli, markası

Kalibri, növü

Silahın

№ -si

Bıçağın

№ -Sİ

İmza

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                                                       səhifə 8

 

Ov hüququnun məhdudlaşdırılmasına dair qeydlər