Xarici investisiyanın qorunması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasının ərazisində xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsiplərini müəyyən edir. Qanun xalq təsərrüfatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəlmişdir və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir.

 

I BÖLMƏ

 

ÜMUMİ MÜDDƏALAR

 

M a d d ə 1. Xarici investisiya haqqında qanunvericilik

Azərbaycan Respublikasının ərazisində xarici investisiya ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə nizama salınır.

Maddə 2. Xarici investorlar

Azərbaycan Respublikasında xarici investorlar aşağıdakılar ola bilər:

a)   xarici hüquqi şəxslər;

b)   xarici vətəndaşlar, vətəndaşlıq olmayan şəxslər və xaricdə daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları; bu şərtlə ki, onlar vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış olsunlar;

v)   xarici dövlətlər;

q)   beynəlxalq təşkilatlar.

Maddə 3. Xarici investisiya və onun qoyulması formaları

Xarici investorların mənfəət əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti və başqa növ fəaliyyət obyektlərinə qoyduqları əmlakın və əmlak hüquqlarının bütün növləri, o cümlədən intellektual fəaliyyətin nəticələrinə hüquqlar və əşya hüquqlarına aid olmayan digər hüquqlar xarici investisiyadır.

Xarici investorlar Azərbaycan Respublikası ərazisində aşağıdakı yolla investisiya qoya bilərlər:

a)    Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə, təşkilatlarda payçılıq iştirakı;

b)   tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;

v)    müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə xarici investorlara məxsus ola bilən başqa əmlakın əldə edilməsi;

q)   torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, habelə digər əmlak hüquqlarının əldə edilməsi;

ğ) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.

Maddə 4. Dövlətsizləşdirmədə və özləşdirmədə xarici investorların iştirakı

Dövlət və bələdiyyə müəssisələrinin, habelə başa çatdırılmamış tikinti obyektlərinin özləşdirilməsində xarici investorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən şərtlərlə və qaydada iştirak edə bilərlər.

Maddə 5. Xarici investisiyanın hüquqi rejimi

Bu Qanunda nəzərdə tutulmuş istisnalarla, xarici investisiyanın, habelə investisiya qoyuluşu sahəsində xarici investorların fəaliyyətinin hüquqi rejimi Azərbaycan Respublikasının hüquqi şəxslərinin və vətəndaşlarının əmlakı, əmlak hüquqları, habelə investisiya fəaliyyəti üçün yaradılmış rejimdən az əlverişli ola bilməz.

Xalq təsərrüfatının üstünlük verilən sahələrində və ayrı-ayrı ərazilərdə xarici investisiya üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə vergi güzəştləri və başqa güzəştlər müəyyən edilə bilər.

M a d d ə 6. Fəaliyyət növləri

Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış hər hansı fəaliyyət növü ilə məşğul ola bilərlər.

Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıdakı ayrı-ayrı fəaliyyət növləri ilə yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.

M a d d ə 7. Xarici investisiya üçün ərazi məhdudiyyətləri

Azərbaycan Respublikasının qanunvericilik aktları ilə elə ərazilər müəyyən edilə bilər ki, müdafiənin və milli təhlükəsizliyin təmin olunması mülahizələrinə görə bu ərazilərdə xarici investisiyalı müəssisələrin fəaliyyəti məhdudlaşdırılsın və ya qadağan edilsin.

M a d d ə 8. İnvestisiya fəaliyyətinin əlaqələndirilməsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti xarici investisiyanın cəlb edilməsi və ondan istifadə olunması tədbirlərini hazırlayıb həyata keçirir, investisiya fəaliyyətini əlaqələndirir, xarici investorlara və xarici investisiyalı müəssisələrə kömək göstərir.

 

II BÖLMƏ

 

XARİCİ İNVESTİSİYA ÜÇÜN DÖVLƏT TƏMİNATLARI

 

Maddə 9. Xarici investisiyanın hüquqi müdafiəsi

Azərbaycan Respublikasının ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə Azərbaycan Respublikasının bu Qanunu, başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə təmin olunur.

Maddə 10. Qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təminatlar

Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il ərzində xarici investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir.

Bu müddəa müdafiənin, milli təhlükəsizliyin və ictimai qaydanın təmin olunmasın, vergitutma, kredit və maliyyə, ətraf mühitin, əhalinin əxlaq və sağlamlığının mühafizəsi barəsində Azərbaycan Respublikası qanunvericiliyinin dəyişdirilməsinə şamil edilmir.

Maddə 11. Milliləşdirmə və rekvizisiya ilə bağlı təminatlar

Azərbaycan Respublikasında xarici investisiya, Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran müstəsna hallar istisna olmaqla, milliləşdirilmir.

Milliləşdirmə haqqında qərarı Azərbaycan Respublikasının Ali Soveti qəbul edir.

Təbii fəlakət, qəza, epidemiya, epizootiya və fövqəladə xarakter daşıyan başqa hallar istisna olmaqla, xarici investisiya rekvizisiya edilmir,

Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.

Milliləşdirmə və rekvizisiya tədbirləri görüldükdə xarici investora təxirə salınmadan müqabil və səmərəli kompensasiya ödənilir.

Maddə 12. Xarici investorların zərərinin kompensasiya edilməsi və ödənilməsi

Xarici investorlara ödənilən kompensasiya investisiyanın milliləşdirmə və ya rekvizisiya haqqında qərarın qəbul olunduğu vaxtdakı real dəyərinə uyğun olmalıdır.

Kompensasiya xarici valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə köçürülə bilər.

Xarici investorlar dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan hərəkətləri nəticəsində düşdükləri zərərin, o cümlədən itirdikləri faydanın ödənilməsi hüququna malikdirlər.

Kompensasiyanın və zərərin ödənilməsi məbləğləri, bunun ödənilməsi müddətləri və qaydası haqqında mübahisələr Azərbaycan Respublikasının Ali Məhkəməsində, habelə tərəflərin sazişi və ya Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda münsiflər məhkəməsində həll olunur.

Maddə 13. İnvestisiya fəaliyyətinə xitam verildikdə təminatlar

İnvestisiya fəaliyyətinə xitam verildikdə xarici investorun hüququ var ki, ona çatası investisiyanı və investisiya ilə əlaqədar gəlirləri investisiya fəaliyyətinə xitam verildiyi zaman real dəyər üzrə pul və əmtəə formasında alsın.

Maddə 14. Xarici valyuta ilə gəlirlərin və başqa məbləğlərin köçürülməsinə təminatlar

Müvafiq vergi və rüsumları ödədikdən sonra xarici investorların investisiya ilə əlaqədar qanuni əsaslarla xarici valyuta şəklində əldə etdikləri gəlirləri və başqa məbləğləri, o cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini xaricə köçürməsinə təminat verilir.

Maddə 15. Mənfəətdən istifadə üçün təminatlar

Azərbaycan Respublikası ərazisində xarici investorların götürdükləri mənfəət həmin pul vahidi şəklində yenidən investisiya kimi qoyula bilər, Azərbaycan Respublikasının banklarında saxlana bilər, Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada və şərtlərlə xarici valyuta almaq üçün sərf edilə bilər.

 

III BÖLMƏ

 

XARİCİ İNVESTİSİYA QOYULMUŞ MÜƏSSİSƏLƏRİN

YARADILMASI VƏ FƏALİYYƏTİ

 

Maddə 16. Xarici investisiya qoyulmuş müəssisələr

Xarici investisiyalı müəssisələr səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər, digər təsərrüfat cəmiyyətləri və ortaqlıqları şəklində, habelə Azərbaycan Respublikasının (qanunvericiliyinə zidd olmayan hər hansı başqa formalarda yaradılır.

Azərbaycan Respublikasının ərazisində xarici investorların pay iştirakı ilə müəssisələr (birgə müəssisələr); tamamilə xarici investorlara məxsus olan müəssisələr (xarici müəssisələr); xarici hüquqi şəxslərin nümayəndəlikləri (büroları, kontorları, agentlikləri) yaradıla və fəaliyyət göstərə bilər.

Birgə və xarici müəssisələr Azərbaycan Respublikasının hüquqi şəxsləridir.

Xarici investisiyalı müəssisələrin yaradılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Xarici investisiyalı bankların yaradılmasının xüsusiyyətləri Azərbaycan Respublikasının banklar və bank fəaliyyəti haqqında qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 17. Ekspertiza

Xarici investisiyalı müəssisə yaradılarkən onun təsisçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada sanitariya-gigiyena və ekoloji tələblərə riayət olunmasına dair ekspertiza rəyi almalıdırlar. Xarici investisiyalı müəssisə fəaliyyət göstərdiyi dövrdə və ləğv edilərkən belə rəy almalıdır.

İri miqyaslı tikinti və rekonstruksiya aparılması və ya iri faydalı qazıntı yataqlarının işlənilməsi ilə əlaqədar belə müəssisələr yaradılarkən texniki-ekoloji layihələrin müvafiq ekspertizasının keçirilməsi də tələb olunur.

M a d d ə 18. Dövlət qeydiyyatı

Xarici investisiyalı müəssisəni səlahiyyət verilmiş dövlət orqanı dövlət qeydiyyatına almalıdır. Qeydiyyatın qaydasını, habelə bunun üçün zəruri olan təsis sənədlərinə və başqa sənədlərə verilən tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Xarici investisiyalı müəssisə qeydə alındığı andan hüquqi şəxs hüquqları əldə edir. Qeydiyyatı aparmış orqan qeydəalma haqqında məlumatı mətbuatda dərc etdirir.

Xarici investisiyalı müəssisələrin qeydə alınması haqqında məlumat vəkil edilmiş dövlət orqanının tutduğu respublika reyestrinə daxil edilir.

Xarici investisiyalı müəssisəni dövlət qeydiyyatına almaqdan yalnız o halda imtina edilə bilər ki, belə müəssisənin yaradılması qaydası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi pozulmuş olsun, yaxud qeydiyyat üçün zəruri sənədlər müəyyən edilmiş tələblərə uyğun gəlməsin, habelə qarşıdakı fəaliyyət növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş olsun.

Qeydə almaqdan imtina olunduqda bu barədə Azərbaycan Respublikasında məhkəmə qaydasında şikayət oluna bilər.

Maddə 19. Törəmə müəssisələr, filiallar və nümayəndəliklər

Xarici investisiyalı müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində və xarici dövlətlərin müvafiq qanunvericiliyində

müəyyənləşdirilmiş şərtlərə riayət etməklə Azərbaycan Respublikasında və xaricdə hüquqi şəxs hüquqlarına malik törəmə müəssisələr, habelə filiallar və nümayəndəliklər yarada bilər.

Azərbaycan ərazisindəki filiallar və nümayəndəliklər Azərbaycan Respublikasının bank idarələrində hesablar açmaq hüququna malikdirlər.

M a d d ə 20. Müəssisələrin birləşməsi

Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş şərtlərlə və qaydada birləşib assosiasiyalar, konsernlər, konsorsiumlar və başqa birliklər yarada bilər.

Belə müəssisələr əvvəllər yaradılmış birliklərə daxil ola bilər.

M a d d ə 21. Birgə müəssisə iştirakçılarının əmanətlərinin qoyulması

Birgə müəssisənin nizamnamə fonduna hər bir iştirakçının əmanətlərinin qoyulması müddətləri, məbləği, qoyulması və qiymətləndirilməsi qaydası təsis sənədlərində nəzərdə tutulur. Birgə müəssisə iştirakçılarının müəssisənin nizamnamə fonduna əmanət kimi qoyduğu əmlakın dəyəri birgə müəssisə iştirakçıları arasında razılığa əsasən müəyyən edilir.

Birgə müəssisə qeydə alındıqdan bir il sonra hər (iştirakçının təsis sənədlərində göstərilən əmanətlərin 50 faizini nizamnamə fonduna keçirdiyini təsdiq edən sənəd olmadıqda müəssisəni qeydə almış orqan onu tutarsız hesab edir və birgə müəssisələrin reyestrindən çıxarır. Reyestrdən çıxarma barədə məlumat mətbuatda dərc edilir.

M a d d ə 22. Ehtiyat fondu

Xarici investisiyalı müəssisələrdə nizamnamə fondunun 25 faizinədək məbləğdə ehtiyat fondu yaradılır. Ehtiyat fondu illik ayırmalar yolu ilə yaradılır. Ayırmaların məbləğini və valyutanın növünü müəssisə müstəqil müəyyən edir.

M a d d ə 23. Respublika ərazisində məhsulun satışı və göndərilməsi

Xarici investisiyalı müəssisə istehsal etdiyi məhsula (işlərə, xidmətlərə) qiymət qoymaq, respublikanın daxili bazarında onun satışı şərtlərini müəyyən etmək, bu bazardan məhsul (işlər, xidmətlər) göndərənləri seçmək ixtiyarına malikdir.

M a d d ə 24. Azərbaycan Respublikasının ərazisində xarici valyuta ilə hesablaşmalar

Azərbaycan Respublikasının ərazisində xarici investisiyalı müəssisələrin hesablaşma zamanı xarici valyutadan, habelə xarici valyuta şəklində tədiyyə sənədlərindən istifadə etməsinə Azərbaycan Respublikasının valyuta tənzimlənməsi haqqında qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yol verilir.

M a d d ə 25. Məhsul ixracı və idxalı

Tamamilə xarici investorlara məxsus müəssisələr və nizamnamə-fondunun 30 faizindən çoxu (xarici investisiyadan ibarət olan müəssisələr öz istehsal etdikləri məhsulu (işləri, xidmətləri) lisenziyasız ixrac edə bilərlər. Xarici investisiyalı müəssisə özünün təsərrüfat fəaliyyəti üçün məhsulu (işləri, xidmətləri) lisenziyasız idxal edə bilər.

Məhsulun (işlərin, xidmətlərin) xarici investisiyalı müəssisələrin istehsal etdiyi məhsula aid edilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Xarici investisiyalı müəssisələrin öz məhsulunu ixrac etməkdən valyuta ilə əldə etdikləri satış pulu onların sərəncamında qalır.

M a d d ə 26. Gömrük vergisi

Birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün Azərbaycan Respublikasına gətirilən əmlak gömrük rüsumundan azad edilir və ondan idxal vergisi tutulmur.

Xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak gömrük rüsumundan azad edilir.

M a d d ə 27. Sığorta

Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığortalama nəzərdə tutulmadıqda, xarici investisiyalı müəssisə öz əmlakının, istehsal, maliyyə və başqa risklərinin sığortalanıb sığortalanmayacağını özü həll edir.

M a d d ə 28. Vergitutma

Xarici investisiyalı müəssisələr, habelə xarici investorlar Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən vergiləri ödəyirlər.

Maddə 29. Xarici investisiyalı müəssisələrin fəaliyyətinin vergi tutmaq məqsədilə yoxlanması

Vergi tutmaq məqsədilə xarici investisiyalı müəssisələrin maliyyə və kommersiya fəaliyyətini auditor təşkilatları yoxlayırlar.

Azərbaycan Respublikasının qanunvericilik aktlarında belə :müəssisələrin fəaliyyətinin ayrı-ayrı cəhətlərini yoxlamağın həvalə edildiyi vergi orqanları və başqa dövlət orqanları zərurət olduqca və yalnız öz səlahiyyəti daxilində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yoxlama apara bilər.

Vergi orqanları və başqa orqanlar, onların vəzifəli şəxsləri kommersiya sirrinin açılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

M a d d ə 30. Mühasibat uçotu və hesabat

Xarici investisiyalı müəssisə Azərbaycan Respublikasında qüvvədə olan qaydalara, yaxud istəsə, həmçinin xarici investorun mənsub olduğu ölkədə qüvvədə olan qaydalara müvafiq surətdə mühasibat uçotu və hesabat aparır.

M a d d ə 31. Öhdəliklərin təmin edilməsi

Xarici investisiyalı müəssisə götürdüyü öhdəliklərin bütün növlərini təmin etmək, o cümlədən borc vəsaiti cəlb etmək üçün öz əmlakından istifadə edə bilər. Öhdəlikləri təmin etmək üçün o, binalar, qurğular, avadanlıq üzərində əmlak hüquqlarından və digər əmlak hüquqlarından, o cümlədən torpaqdan istifadə hüququndan istifadə edə bilər.

M a d d ə 32. İntellektual fəaliyyət nəticələrinə hüquqlar və digər qeyri-əşya hüquqları

Xarici investisiyalı müəssisələrin intellektual fəaliyyət nəticələrinə olan hüquqları, habelə digər qeyri-əşya hüquqları (nou-hau, kommersiya sirri və s.) Azərbaycan Respublikasının qanunvericilik aktlarına müvafiq surətdə müdafiə olunur və həyata keçirilir.

M a d d ə 33. Əmək münasibətləri

Xarici investisiyalı müəssisədə istehsal və əmək münasibətləri, o cümlədən işəgötürmə və işdən azadetmə, əmək və istirahət rejimi, əmək haqqı, təminat və kompensasiya məsələləri kollektiv müqavilə? (saziş) və fərdi əmək müqavilələri (bağlaşmalar) ilə tənzimlənir. Kollektiv və fərdi əmək müqavilələrinin şərtləri həmin müəssisənin işçilərinin vəziyyətini Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş şəraitə nisbətən pisləşdirə bilməz.

Xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin əməyinin ödənilməsi, onlara məzuniyyətlər verilməsi, onların pensiya təminatı məsələləri həmin işçilərin hər biri ilə bağlanan fərdi əmək müqavilələrində (bağlaşmalarda) həll edilməlidir. Bu işçilər xarici valyuta ilə aldıqları əmək haqqını gəlir vergisi ödədikdən sonra xaricə köçürə bilərlər.

M a d d ə 34. Sosial sığorta və təminat

Xarici investisiyalı müəssisənin işçilərinin sosial sığortası və sosial təminatı (əcnəbi işçilərin pensiya təminatı istisna olmaqla) Azərbaycan Respublikası qanunvericiliyinin normaları ilə; tənzimlənir.

Xarici investisiyalı müəssisə əcnəbi işçilərin pensiya təminatı üçün tədiyələri onların daimi yaşadıqları ölkələrin müvafiq fondlarına həmin ölkələrin valyutası ilə və şərtləri üzrə keçirir.

Müəssisə yerli və əcnəbi işçilərin dövlət sosial sığortası üzrə ayırmaları və yerli işçilərin pensiya təminatı üçün ayırmaları Azərbaycan Respublikasının müəssisələri və təşkilatları üçün müəyyənləşdirilmiş dərəcələr üzrə ödəyir.

M a d d ə 35. Ləğvetmə

Xarici investisiyalı müəssisə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada ləğv edilə bilər.

Xarici investisiyalı müəssisə ləğv edilərkən onun yığdığı aktivlərdən real dəyəri üzrə vergi tutulur.

IV BÖLMƏ

 

XARİCİ İNVESTORLARIN QİYMƏTLİ KAĞIZLAR ƏLDƏ ETMƏSİ

 

M a d d ə 36. Dövlət qiymətli kağızlarının əldə edilməsi

Xarici investorlar dövlət qiymətli kağızlarını Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilən şərtlərlə və qaydada əldə edirlər. :

M a d d ə 37. Müəssisələrin iştirak hissələrini, paylarını, səhmlərini və başqa qiymətli kağızlarını xarici investorların əldə etməsi

Xarici investorlar Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisələrin iştirak hissələrini, paylarını, səhmlərini və başqa qiymətli kağızlarını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əldə edə bilərlər.

 

V BÖLMƏ

 

XARİCİ İNVESTORLARIN TORPAQDAN İSTİFADƏ HÜQUQLARINI VƏ BAŞQA ƏMLAK HÜQUQLARINI ƏLDƏ ETMƏSİ

 

Maddə 38. Torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüququ

Xarici investorlara və xarici investisiyalı müəssisələrə torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, o cümlədən torpağın icarəsi hüququnun verilməsi Azərbaycan Respublikasının Torpaq məcəlləsi və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 39. İcarə

Xarici investorların və xarici investisiyalı müəssisələrin icarəsinə əmlakı icarəyəverən müqavilələr əsasında və Azərbaycan Respublikasının icarə qanunvericiliyinə müvafiq surətdə verir.

M a d d ə 40. Konsessiya müqavilələri

Xarici investorlara faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, digər təbii ehtiyatların istifadəyə verilməsi hüquqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin onlarla bağladığı və Azərbaycan Respublikası Ali Sovetinin təsdiq etdiyi konsessiya müqavilələri əsasında verilir.

Müqavilədə başqa şərt qoyulmayıbsa, konsessiya müqaviləsi şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.

 

VI BÖLMƏ

 

SƏRBƏST İQTİSADİ ZONALARDA XARİCİ İNVESTİSİYA

 

Maddə 41. Sərbəst iqtisadi zonalarda xarici investorların və xarici investisiyalı müəssisələrin fəaliyyəti

Azərbaycan Respublikasında xarici investorların, xarici investisiyalı müəssisələrin təsərrüfat fəaliyyəti üçün güzəştli rejimin müəyyən edildiyi ərazi sərbəst iqtisadi zona sayılır.

Sərbəst iqtisadi zonaların yaradılması qaydası, xarici investorların və xarici investisiyalı müəssisələrin orada qeydə alınması, təsərrüfat fəaliyyəti və başqa fəaliyyət ilə məşğul olması şərtləri Azərbaycan Respublikasının sərbəst iqtisadi zonalar haqqında qanunvericiliyi ilə müəyyən edilir.

 

VII BÖLMƏ

 

YEKUN MÜDDƏALARI

 

M a d d ə 42. Mübahisələrə baxılması

Azərbaycan Respublikasında xarici investorlar və xarici investisiyalı müəssisələr ilə Azərbaycan Respublikasının dövlət orqanları, müəssisələri, ictimai təşkilatları və başqa hüquqi şəxsləri arasında mübahisələrə, xarici investisiyalı müəssisənin iştirakçıları arasında mübahisələrə, habelə xarici investisiyalı müəssisənin iştirakçıları ilə həmin müəssisə arasında mübahisələrə məhkəmələrdə, yaxud tərəflərin razılığına əsasən münsiflər məhkəməsində, o cümlədən xaricdəki münsiflər məhkəməsində, Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda isə təsərrüfat mübahisələrinə baxan orqanlarda baxılır.

M a d d ə 43. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində bu Qanundakından fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.

 

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 15 yanvar 1992-ci il.

                   № 57.