Əlillərin sosial müdafiəsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında əlillər barəsində dövlət siyasətini müəyyən edir, cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, onların öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

 

I. ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əlillərin hüquqi vəziyyətinin əsasları

Azərbaycan Respublikasında əlillər BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.

Əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

M a d d ə 2. Əlil anlayışı

Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

Şəxsin həyat fəaliyyətinin məhdudlaşması onun özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanını tamamilə və ya qismən itirməsində təzahür edir.

M a d d ə 3. Şəxsin əlil sayılması

Şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.

Həkim-əmək ekspert komissiyası haqqında əsasnaməni, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsinə dair əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi sənəddir.

Əlilə vəsiqə verilir. Vəsiqənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti əlillərin ictimai təşkilatları ilə razılaşdırmaqla təsdiq edir.

M a d d ə 4. Əlilliklə bağlı tələbatın müəyyənləşdirilməsi

Əlilliklə bağlı tələbatın müəyyənləşdirilməsi qaydası və şərtləri tibbi-sosial ekspertiza rəyinə əsasən və əlilin peşə və məişət fəaliyyəti qabiliyyəti nəzərə alınmaqla təyin edilir. Əlilin zəruri sosial müdafiəsinin növləri və həcmləri tibbi, sosial-əmək bərpasına və uyğunlaşmasına dair fərdi proqram şəklində təqdim olunur.

M a d d ə 5. Əlilləri sosial müdafiə fondu

Əlilləri sosial müdafiə işlərini (pensiya təminatı istisna olmaqla) Azərbaycan Respublikasının əlilləri sosial müdafiə fondu maliyyələşdirir.

Fond haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti əlillərin respublika ictimai təşkilatlarının rəyini nəzərə almaqla təsdiq edir.

Azərbaycan Respublikasının əlilləri sosial müdafiə fondunun büdcəsi respublika büdcəsinin vəsaiti, təşkilatların, əmək kollektivlərinin və vətəndaşların ianələri, başqa vəsait, o cümlədən fondun qüvvədə olan qanunvericiliklə qadağan edilməmiş sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitlər hesabına formalaşdırılır.

Belə fondların vəsaiti bank idarələrində xüsusi hesabda saxlanılır və geri alına bilməz.

M a d d ə 6. Əlillərin sosial müdafiəsini təmin edən dövlət orqanları

Əlillərin sosial müdafiəsinin təmin olunması sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi, Səhiyyə Nazirliyi, Xalq Təhsili Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Əmək və Sosial Məsələlər Komitəsi, Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi və Azərbaycan Respublikasının yerli hakimiyyət orqanları həyata keçirirlər.

Əlillərin respublika ictimai təşkilatlarının nümayəndələri Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiya üzvü olurlar.

Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi başqa nazirliklər və baş idarələr, yerli hakimiyyət orqanları, əlillərin ictimai təşkilatları ilə birlikdə əlillər barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir.

Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi və əlillərin ictimai təşkilatları əlillərin sosial müdafiə və digər problemlərinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verirlər. Dövlət əlillərin sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə əməkdaşlığının inkişafına kömək göstərir.

Maddə 7. Əlillərin sosial müdafiəsinə dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin və təşkilatların iştirakı

Müəssisələr, idarələr və təşkilatlar əlillərin problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər.

Əlillərin sosial təminatını yaxşılaşdırmaq məqsədilə müəssisə, idarə və təşkilatların öz vəsaiti hesabına onların həyatının sığortası və bədbəxt hadisələrdən sığortası təmin edilir.

Müəssisələrin, idarələrin və təşkilatların əlillər üçün mallar istehsal etməyə və onlara xidmət göstərməyə, habelə əlillər üçün sosial-mədəni obyektlərə və idman qurğularına avadanlıq almağa, bunları saxlamağa yönəldilən mənfəəti dövlət büdcəsinə ayırmaların bütün növlərindən azad edilir.

Əlillərdən ötrü texniki və başqa vasitələr istehsalında ixtisaslaşan müəssisələr, təşkilatlar və kooperativlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi, habelə yerli hakimiyyət orqanlarının qərarları ilə müəyyənləşdirilən qaydada və şərtlərlə güzəştlər təyin edilir.

Maddə 8. Əlillərin hüquq, azadlıq qanuni mənafelərinin qorunması

Azərbaycan Respublikasında əlillərin hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur.

Respublika vətəndaşı onun əlil sayılıb-sayılmaması haqqında həkim-əmək ekspert komissiyasının qərarından Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyinə, habelə rayon (şəhər) xalq məhkəməsinə şikayət edə bilər.

Əlillərin bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

 

II. ƏLİLLİYİN QARŞISININ ALINMASI VƏ TİBBİ BƏRPA

 

Maddə 9. Əlilliyin qarşısının alınması

Əlilliyin qarşısının alınması irsi xəstəliklərin aradan qaldırılmasına, əhalinin sağlam həyat tərzi, ekoloji təhlükəsizlik, zərərsiz əmək şəraiti, səmərəli qida maddələri ilə təmin olunmasına, xəstələrin vaxtında müalicəsinə yönəldilmiş kompleks tədbirləri özündə birləşdirir.

Əlilliyin qarşısının alınması üzrə tədbirlər sistemini respublikanın səhiyyə orqanları hazırlayırlar. həmin tədbirləri müəssisələr, idarələr və təşkilatlar səhiyyə müəssisələri və həm-karlar təşkilatları ilə birlikdə həyata keçirirlər.

Maddə 10. Müəssisələr, idarələr və təşkilatlar tərəfindən orada işləyən vətəndaşların təhlükəsiz əmək şəraiti ilə təmin olunması

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar orada işləyən bütün vətəndaşları təhlükəsiz əmək şəraiti ilə təmin edir və onların əmək qabiliyyətinin aşağı düşməsinə, sağlamlığına yetirilmiş ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır, müalicə və bərpa xərclərini öz öhdəsinə götürür.

Maddə 11. Tibbi bərpa

Tibbi bərpaəlilliyə gətirib çıxaran xəstəliyin, fəsadların qarşısını almaq məqsədilə müxtəlif xəstəliklərin, xəsarətlərin, fiziki, əqli və başqa qüsurların müalicəsinə yönəldilmiş tədbirlər sistemidir.

Tibbi bərpanı tibbi-sanitariya xidməti və ixtisaslaşdırılmış bərpa mərkəzləri həyata keçirirlər.

Maddə 12. Tibbi-peşə bərpası

Tibbi-peşə bərpası əlilin yenidən əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpasına, peşə seçilməsinə və əlilin yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmişdir.

Maddə 13. Əlillərin fərdi bərpa proqramı

Əlillərin tibbi, peşə və sosial bərpası dövlət orqanları və əlillərin ictimai təşkilatları nümayəndələrinin iştirakı ilə tibbi-sosial ekspertizanın rəyi əsasında müəyyənləşdirilmiş fərdi bərpa proqramı üzrə həyata keçirilir.

Əlillərin fərdi bərpa proqramı bərpa tədbirlərinin, eyni zamanda sosial yardımın növlərinin konkret həcmini, növünü və keçirilmə müddətini müəyyən edir.

Fərdi bərpa proqramı elə bir sənəddir ki, müvafiq dövlət orqanları, eyni zamanda mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar tərəfindən hökmən icra edilməlidir.

Maddə 14. Əlillərə tibbi xidmət

Əlillərə dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmət göstərilməsinə zəmanət verilir.

Əlillər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ambulator-poliklinika müəssisələrində və apteklərdə müstəsna xidmətdən istifadə etmək, eyni zamanda sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüququna malikdirlər.

 

III. ƏLİLLƏRİN TƏRBİYƏSİ, TƏHSİLİ VƏ PEŞƏ HAZIRLIĞI

 

Maddə 15. Əlillərin təhsil alması və peşə hazırlığı keçməsi üçün şəraitin təmin edilməsi

Dövlət əlillərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.

Xalq təhsili orqanları sosial təminat və səhiyyə orqanları ilə birlikdə əlil uşaqların və yeniyetmələrin məktəbəqədər təlim-tərbiyəsini, dərsdənkənar vaxtlarda tərbiyəsini, fərdi bərpa proqramına uyğun surətdə orta, texniki-peşə, orta ixtisas və ali təhsil almasını Azərbaycan, Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər.

Əlillərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən evdə tədris formasında və fərdi dərs planları üzrə həyata keçirilir.

Dövlət əlillərin təlim və peşə hazırlığı üçün xüsusi olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir.

Maddə 16. Məktəbəqədər yaşlı əlil uşaqların təlim və tərbiyəsi

Xalq təhsili orqanları məktəbəqədər yaşlı əlil uşaqların təlim-tərbiyəsinə və onlara bərpa yardımı göstərilməsinə daha əlverişli imkanlar yaratmaq məqsədilə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində xüsusi qrupların açılmasına şərait yaradırlar.

Əqli və ya fiziki inkişafındakı qüsurlara görə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində tərbiyə edilməsinə imkan olmayan əlil uşaqlar üçün xüsusi məktəbəqədər uşaq tərbiyə müəssisələri təşkil edilir.

Maddə 17. Məktəb yaşlı əlil uşaqların evdə təhsili

Ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan əlil uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir. Xalq təhsili orqanları əlil uşaqların evdə təhsil almasına hərtərəfli şərait yaradırlar.

Evdə təhsilə cəlb edilmiş əlil uşağın valideynlərindən birinə, yaxud onu əvəz edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə maddi təminat və güzəştlər verilir. Belə əlilə qulluq vaxtı əmək stajına daxil edilir.

Müvafiq təlim-tərbiyə müəssisəsi əlil uşaqlara evdə təlim verilməsində valideynlərə kömək göstərir.

Maddə 18. Əlil uşaqların məktəbdənkənar tərbiyəsi

Əlil uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, onlarda ictimai fəallıq oyatmaq, onları əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək məqsədilə təhsil orqanları, digər dövlət orqanları əlil uşaqların məktəbdənkənar tərbiyəsi üçün lazımi şəraiti təmin etməlidirlər.

Maddə 19. Əlillərin orta, orta ixtisas və ali təhsili

Əlillərin orta, orta ixtisas və ali təhsili ümumi tipli tədris müəssisələrində, zərurət olduqda isə xüsusi tədris müəssisələrində həyata keçirilir.

Əlillərin təhsili üçün xüsusi şəraitin təmin edilməsi məqsədilə texniki-peşə məktəblərinin, texnikumların və ali məktəblərin əlillər üçün ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilir.

Stasionar müalicə-profilaktika və ya bərpa müəssisələrində müalicə kursu keçən əlil uşaqlar üçün də dərs məşğələləri təşkil edilir.

İstedadlı əlil uşaqların ümumi tədris müəssisələrində və ya xüsusi məktəbdənkənar tədris müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır.

Əlillərin qəbul imtahanları verməsi üçün lazımi şərait yaradılır.

Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilmək hüququna malikdirlər.

Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir.

I və II qrup əlil tələbələrə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.

Dövlət əlil - gənc mütəxəssislərin öz ixtisasları üzrə işə düzəlməsini təmin edir.

Tədris müəssisəsini bitirdikdən sonra əlillərə iş yeri seçməkdə üstünlük verilir.

Tədris müəssisəsini bitirdikdən sonra bölgü üzrə göndərilmiş əlili işə qəbul etməkdən imtina etdikdə, ona ixtisası üzrə iş vermədikdə və ya əmək qanunvericiliyinin başqa şərtlərinə əməl etmədikdə müəssisənin (birliyin), idarənin və təşkilatın müdiriyyəti onun iş yerinə gəlmək və daimi yaşayış yerinə qayıtmaq xərclərini habelə zəruri hallarda müşayiətçinin yol xərclərini ödəyir.

Maddə 20. Stasionar müəssisələrdə əlil uşaqların təlim-tərbiyəsi

Stasionar müəssisələr orada daim qalan əlil uşaqların sosial-məişət və əmək uyğunlaşması ilə üzvi əlaqə şəraitində onların fasiləsiz təlim-tərbiyəsini təmin edir.

Maddə 21. Əlillərin peşə hazırlığı və ixtisasının artırılması

Əlillərin peşə hazırlığı və ixtisasının artırılması fərdi bərpa proqramına uyğun olaraq təhsil ocaqlarında, müəssisələrdə və təşkilatlarda. (ixtisaslaşdırılmış və ya ümumi tipli) əlillərə sosial yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilir.

Görməyən və zəif görən uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə, xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi məktəblər və səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir.

Peşə hazırlığı və ixtisasartırma dövründə əlillərin maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə həyata keçirilir.

Maddə 22. Şəxslərarası ünsiyyət vasitələri

Dövlət hərəkətlər dilini şəxslərarası ünsiyyət, təlim və tərcümə xidmətləri göstərmək vasitəsi kimi təsdiq edir.

Görmə qüsurları olan şəxslər Brayl sistemi üzrə təlimlə, audiovasitələr və iri şriftlə təmin edilirlər.

Əqli qüsurları olan şəxslərə dilin asan başa düşülməsinin öyrədilməsi sistemi təşkil edilir.

Nitq qüsurları olan şəxslərə müasir texniki ünsiyyət vasitələri verilir.

 

IV. ƏLİLLƏRİN İŞƏ DÜZƏLDİLMƏSİ

 

Maddə 23. Əlillərin işə düzəldilməsi sahəsində xüsusi tədbirlər

Əlillərin işə düzəldilməsi sahəsində xüsusi tədbirlər əlillərin işə düzəldilməsinin təmin olunmasına və əlillər üçün xüsusi iş yerləri yaradan, onların əməyini tətbiq edən müəssisələrə, idarələrə və təşkilatlara (mülkiyyət formalarından asılı olmayaraq) maliyyə yardımı göstərmək və güzəştlər vermək üzrə öhdəliklərin qanunvericilik yolu ilə təsbit edilməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir.

Maddə 24. Əlillərin əmək hüququnun həyata keçirilməsi

Əlillərin yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi bərpa proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlillərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir.

Həkim-əmək ekspert komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, əlillik mülahizələrinə görə əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir.

Müvafiq müəssisələrdə tibbi, peşə və sosial bərpa keçən şəxsin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq müdiriyyətin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir.

Maddə 25. Əlillərin məşğulluğunun təmin edilməsi

Yerli hakimiyyət orqanları, müəssisələr (birliklər), idarələr və təşkilatlar, Sosial Təminat Nazirliyinin orqanları əlillərin ictimai təşkilatları ilə birlikdə əlillərin əməyi üçün müəssisələr və təşkilatlar yaratmaq yolu ilə xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə əlillərə məşğulluq sahəsində təminat verirlər.

Əlillər cəmiyyətlərinin həmkarlar ittifaqları və sosial təminat orqanları ilə birlikdə əlillər üçün iş yerləri yaradılması, müəssisə və təşkilatlarda iş yerləri üzrə kvota müəyyən edilməsi barədə təklifləri yerli hakimiyyət orqanları təsdiq edirlər.

Əlillərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, ilin yekunlarına görə mənfəətlərindən Azərbaycan Respublikasının əlilləri sosial müdafiə fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş minimum əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər.

Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq kvota müəyyənləşdirilmiş bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir.

Yerli hakimiyyət orqanlarının əlillər üçün müəssisələrdə və təşkilatlarda kvota təyin etməsi üçün işçilərin sayı və kvotanın miqdarı, vergi və maliyyə güzəştləri, işədüzəltmə üzrə tapşırıqların yerinə yetirilməsində müəssisə və təşkilatların məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 26. İşverənlərin əmək qabiliyyətini itirmiş şəxsləri işə düzəltmək vəzifəsi

Müəssisələr, idarələr, təşkilatlar, kooperativlər, kolxozlar və xüsusi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlil sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

Göstərilən tələbi yerinə yetirmədikdə onlar bu işçi ilə əmək müqaviləsini (bağlaşmasını) ləğv edərkən əlilləri sosial müdafiə fonduna həmin işçinin on illik əmək haqqı məbləğində vəsait köçürməlidirlər.

Maddə 27. Əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələrin, sexlərin və sahələrin yaradılması

Müvafiq işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və təşkilatlar əlillərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələr, sexlər və sahələr yaradırlar.

Maddə 28. Əlillərin əməyini tətbiq edən müəssisələr üçün üstünlüklər və güzəştlər

İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən ibarət olduğu müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə və maddi-texniki təminat hüququna malikdirlər. Belə müəssisələrə, idarələrə və təşkilatlara mənfəət vergisinin 50 faizi məbləğində güzəşt verilir.

İşləyənlərin ümumi sayının (əvəzçilik üzrə işləyənlər nəzərə alınmadan) azı 50 faizinin əlillərdən ibarət olduğu müəssisə, idarə və təşkilat mənfəət vergisindən azad edilir.

Əlillərin əməyini tətbiq və təmin edən müəssisələrdən, idarələrdən və təşkilatlardan güzəştli vergi tutulmasının, onların maliyyələşdirilməsinin və maddi-texniki təminatının qaydası və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Müəyyən çeşiddə məhsulların əlillərin ictimai təşkilatlarının müəssisələrində istehsal olunmasına müstəsna üstünlük verilir. Mülkiyyət növündən asılı olmayaraq başqa idarələrin, müəssisələrin, təşkilatların və kooperativlərin həmin məhsulları istehsal etməsinə icazə verilmir, Nazirlər Kabineti əlillərin ictimai təşkilatlarının rəyini nəzərə alaraq belə məhsulların siyahısını müəyyənləşdirib təsdiq edir.

Maddə 29. Əlillərin əmək şəraiti

Müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlillər üçün fərdi bərpa proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır.

Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əmək haqqı, iş və istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən əlillərin vəziyyətini pisləşdirə və ya hüquqlarını məhdudlaşdıra bilməz.

Müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlillərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin.

Əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin.

Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir.

Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olma-yaraq) azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyət verilir.

I və II qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

İşə qəbul zamanı əlillər üçün sınaq müəyyən edilmir. İşçilərin sayı və ya ştatı ixtisar edilərkən ixtisas dərəcəsi bərabər olduqda əlillərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır.

Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.

Maddə 30. Əlillərin evdə əməyi və sahibkarlıq fəaliyyəti

Yerli hakimiyyət orqanları qeyri-yaşayış otaqlarını vermək, habelə xammal əldə edilməsində və məHsulun satışında kömək göstərmək yolu ilə əlillərin evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili üçün lazımi şərait yaradırlar.

 

V. SOSİAL İNFRASTRUKTURUN ƏLİLLƏRƏ MANEƏSİZ MÜYƏSSƏR OLMASI ÜÇÜN ŞƏRAİT YARADILMASI

 

Maddə 31. Sosial infrastruktur obyektləri barəsində dövlət siyasəti

Azərbaycan Respublikasının dövlət hakimiyyəti və idarəetmə orqanları, müəssisələri (birlikləri), idarələri və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər.

Maddə 32. Sosial infrastruktur obyektlərinin layihələşdirilməsi və tikintisi zamanı əlillərin tələbatının nəzərə alınması

Əlillərin müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılmadan yaşayış məntəqələrinin layihələşdirilməsinə, tikilməsinə, yaşayış rayonlarının formalaşdırılmasına, binaların, qurğuların, o cümlədən aeroportların, dəmir yolu vağzallarının, komplekslərinin və kommunikasiyalarının tikilməsinə və yenidən qurulmasına yol verilmir. Bu məsələlərin həllində əlillərin ictimai təşkilatlarının iştirakı və razılığı olmalıdır.

Maddə 33. İstifadədə olan sosial infrastruktur obyektlərinin əlillərin istifadəsi üçün uyğunlaşdırılması

İcra hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr və təşkilatlar tabeliklərində olan nəqliyyat, rabitə, informasiya, mədəni-tamaşa və digər sosial infrastruktur qurğularını və obyektlərini öz vəsaitləri hesabına əlillərin istifadəsi üçün uyğunlaşdırırlar.

Göstərilən obyektləri əlillərə müyəssər olmaq üçün uyğunlaşdırmaq mümkün olmadıqda, müvafiq müəssisələr, idarələr və təşkilatlar əlillərin tələbatının ödənilməsini təmin edən lazımi tədbirlər hazırlayıb həyata keçirməlidirlər.

Maddə 34. Yaşayış binalarının əlillərin müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılması

Əlillərin və ya tərkibində əlil olan ailələrin yaşadıqları binalar, əlillərin yaşadıqları evlərin kiriş qapıları, pilləkən meydançaları fərdi bərpa proqramına uyğun olaraq xüsusi vasitələr və qurğular, lift habelə telefon rabitəsi ilə təmin edilməlidir.

Yaşayış binalarının əlillər üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini mənzil fondu ixtiyarında olan yerli hakimiyyət orqanları, müəssisələr, idarələr və təşkilatlar həyata keçirirlər.

Əlillərin yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin başlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda isə müvafiq yerli hakimiyyət orqanları həyata keçirirlər.

Əlilin mənzili müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə və mənzili əlilin tələbatına uyğunlaşdırmaq mümkün olmadıqda, yaşayış sahəsi onun pazılığı və tələbi ilə dəyişdirilir.

Yerli hakimiyyət orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup əlillərə öz yaşayış yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.

Maddə 35. Mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlillərə müyəssər olmasının təmin edilməsi

Yerli hakimiyyət və idarəetmə orqanları mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlillərə müyəssər olması üçün lazımi şəraiti təmin etməyə, habelə onlara xüsusi idman inventarı verilməsini təmin etməyə borcludurlar.

Əlillər göstərilən xidmətlərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə istifadə edirlər.

Maddə 36. Əlillərin rabitə vasitələri ilə təmin edilməsi

1990-cı ilin 1920 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanların, müharibə əlillərinin, onlarla bərabər tutulanların, Çernobıl əlillərinin, digər kateqoriyalardan olan 1 və II qrup əlillərin növbədənkənar telefon çəkdirmək hüququ vardır.

1990-cı ilin 1920 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlara, müharibə əlillərinə, onlara bərabər tutulanlara, Çernobıl əlillərinə və I qrup işləməyən əlillərə telefon pulsuz, digər kateqoriyalardan olan I və II qrup əlillərə 50 faiz güzəştlə çəkilir. Bu bənddə göstərilən kateqoriyadan olan bütün əlillər telefondan istifadə haqqının 50 faizini ödəyirlər.

I qrup əlillər radio xətlərindən pulsuz istifadə edirlər. I və II qrup gözdən şikəst əlillər 4 kq. qədər bağlamaları (banderolları) respublika daxilində və xaricə pulsuz göndərirlər.

Əlillərin ictimai təşkilatlarının qəzet və jurnalları pulsuz yayılır.

Maddə 37. Əlillərin sosial infrastruktura müyəssərliyinin təmin edilməməsinə görə məsuliyyət

İdarələr və təşkilatlar sosial obyektlərin əlillərə müyəssərliyini təmin etmədikdə Azərbaycan Respublikasının əlilləri sosial müdafiə fondunun hesabına obyektin əlillərə uyğunlaşdırılmasına tələb edilən məbləğin 20 faizi məbləğində çərimə köçürürlər.

Cəriməni ödəmiş müəssisələr və təşkilatlar sosial infrastruktur obyektlərinin əlillərə uyğunlaşdırılması vəzifəsindən azad edilmirlər.

 

VI. ƏLİLLƏRİN MADDİ, SOSİAL-MƏİŞƏT VƏ TİBBİ TƏMİNATI

 

Maddə 38. Əlillərə sosial yardımın növləri

Əlillərin maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə hə: yata keçirilir.

Maddə 39. Sosial yardımın növünün müəyyən edilməsi

Əlillərə lazımi maddi, sosial-məişət və tibbi yardımın növlərini tibbi-sosial ekspertiza orqanları fərdi bərpa proqramında müəyyən edirlər. Yardım Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının və əlilləri sosial müdafiə fondunun vəsaiti hesabına göstərilir.

Maddə 40. Əlilə texniki və digər bərpa vasitəsi verilməsi

Əlilə texniki və ya başqa vasitə fərdi bərpa proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə verilir.

Bərpa proqramında nəzərdə tutulan texniki və ya başqa vasitələr əlilə verilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ona kompensasiya ödənilir.

Fərdi bərpa Proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə nəqliyyat vasitələri almış əlillərə bu vasitələrə texniki xidmət və onların təmiri üçün Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada kompensasiya ödənilir.

Maddə 41. Əlillərə nəqliyyat xidməti

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ildə bir dəfə Azərbaycan Respublikasının hüdudları daxilində hava, dəmiryol və su nəqliyyatından pulsuz istifadə etmək hüququna malikdirlər.

I və II qrup əlillər respublikadaxili (şəhərlərarası) bütün nəqliyyat növlərindən (taksidən başqa) 50 faiz güzəştlə istifadə edirlər.

Əlillər şəhərdaxili və şəhərətrafı nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə edirlər.

Göstərilən güzəştlər I qrup əlili, habelə əlil uşağı müşayiət edən şəxsə də şamil edilir.

Əlillərə növbədənkənar xidmət göstərilir.

Maddə 42. Dərman preparatları və protezlər ilə təminat

1990-cı ilin 1920 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, onlara bərabər tutulanlar, Çernobıl əlilləri, əlil uşaqlar və I dərəcəli əlillər dərman preparatları ilə pulsuz təmin edilirlər. İkinci dərəcəli əlillərə dərman preparatları 50 faiz güzəştlə satılır.

1990-cı ilin 1920 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, Çernobıl əlilləri, Əfqanıstanda xidmətlə əlaqədar əlil olmuş şəxslər və I qrup əlillər üçün diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə) pulsuz hazırlanır və pulsuz təmir olunur.

1990-cı ilin 1920 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil tələbələr, ümumi səbəbdən və uşaqlıqdan əlil olub işləməyən şəxslər, hərbi xidmət əlilləri, büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda işləyən əlillər protez-ortopediya məmulatı, əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə pulsuz təmin edilirlər.

Əlillər eşitmə və tiflotexniki vasitələr ilə pulsuz təmin edilirlər.

Maddə 43. Əlillərə mənzil-məişət xidməti

Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədənkənar verilir.

Fərdi bərpa proqramına uyğun olaraq əlillər binanın növünü, mərtəbəsini, abadlıq vəziyyətini və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər.

I və II qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ verilir.

Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələr, idarələr və təşkilatlar əlillərin iş Yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar.

Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir (və ya dəyişdirilir).

Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun kəlməlidir.

Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

I və II qrup əlillər mənzil-kommunal xidmətləri haqqının 50 faizini, III qrup əlillər isə 75 faizini ödəyirlər. Müharibə əlilləri, onlara bərabər tutulanlar və I qrup işləməyən əlillər ev kirayəsi verməkdən azaddırlar.

Maddə 44. Əlillərin ərzaq və sənaye malları ilə təmin edilməsi

Əlillər ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin edilmək hüququna malikdirlər.

Bu məqsədlə dövlət əlillərə ərzaq və sənaye mallarının satışı üzrə xüsusi mağazalar, bölmələr, şöbələr yaradır, yüksək tələbat olan malların alınması üçün sifariş stolları, xüsusi uçot təşkil edir.

Ərzaq və sənaye mallarının bir hissəsini dövlət güzəştli şərtlərlə əlillərə satılmaq üçün məqsədli təyinatı üzrə yönəldir.

Əlillərin ictimai təşkilatlarının vəsatətləri üzrə yerli hakimiyyət orqanları pərakəndə ticarət şəbəkəsi vasitəsilə təsərrüfat, mədəni-məişət, turist və idman malları almaqda əlillərə kömək göstərirlər.

Ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin edilmək hüququna malik olan əlillərin xəstəliklərinin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Maddə 45. Evdə xidmət

Kənardan qulluğa və yardıma ehtiyacı olan əlillərə sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri göstərirlər.

Dövlət kənardan qulluğa ehtiyacı olan əlillərə sosial yardım üzrə stasionar müəssisələr şəbəkəsinin inkişafına kömək göstərir.

Qohumluq münasibətindən asılı olmayaraq I qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq) qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir.

Maddə 46. İnternat evlərdə və digər stasionar sosial yardım müəssisələrində olan əlillərin hüquqları

Əlillərin internat evdə və ya digər stasionar sosial yardım müəssisəsində olmasının şərtləri onların öz hüquqlarını və qanuni mənafelərini həyata keçirməsi imkanını təmin edir və şəxsiyyətin tələbatının maksimum ödənilməsinə kömək göstərir.

Bərpa tədbirləri nəticəsində əlilin internat evdə və ya başqa stasionar sosial yardım müəssisəsində olması zərurətinin aradan qalxdığı halda yerli dövlət hakimiyyəti orqanı bu Qanunun 34-cü və 43-cü maddələrinin tələblərinə uyğun olaraq ona abad yaşayış sahəsi verir.

Valideynləri olmayan və ya valideynləri valideynlik hüquqlarından məhrum edilmiş, dövlət və ya başqa sosial müəssisələrdə yaşayan əlil uşaqlar yetkinlik yaşına çatdıqda tibbi-sosial ekspertiza rəyinə görə özlərinə xidmət edə bilərsə və müstəqil yaşaya bilərsə, növbədənkənar mənzil almaq və onu abadlaşdırmaqdan ötrü maddi yardım almaq hüququna malikdirlər.

Əlillər üçün internat evlərdə (pansionatlarda) yaşayan tənha pensiyaçıların pensiyası ilə internat evdə (pansionatda) saxlanma dəyəri arasında fərq təyin edilmiş pensiyanın 25 faizindən və yaşa görə minimum pensiyanın 20 faizindən az olmayaraq ödənilir.

Əlillər üçün internat evdə (pansionatda) yaşayan pensiyaçının öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olduqda pensiya aşağıdakı qaydada ödənilməlidir: pensiyanın 25 faizi, lakin yaşa görə minimum pensiyanın 20 faizindən az olmayaraq pensiyaçının özünə, qalan hissəsi isə təyin edilmiş məbləğin 50 faizindən çox olmayaraq göstərilən ailə üzvlərinə.

Əmək və istirahət evində yaşayan gənc əlillərin pensiyası tam məbləğdə ödənilir.

Maddə 47. Əlillərin həyatının yaxşılaşdırılmasına yönəldilən qərarların qəbul olunmasında yerli hakimiyyət orqanlarının səlahiyyəti

Yerli hakimiyyət orqanları müvafiq büdcələrin vəsaiti hesabına və özlərinin səlahiyyəti daxilində əlillərin dövlət pensiyalarının bütün növləri üzərinə əlavə haqlar, onlara tibbi xidmət, yaşayış sahəsinin, kommunal xidmətlərin haqqını, ictimai nəqliyyatda gediş-gəliş haqqını ödəməkdə güzəştlər, fərdi hərəkət vasitələrinin, yanacağın, yeyinti məhsullarının, paltarın, ayaqqabının və əlillər üçün zəruri olan digər malların dəyərini ödəməkdə güzəştlər müəyyən edə bilər, habelə əlillərin spesifik tələbatının ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilən başqa qərarlar qəbul edə bilərlər.

Maddə 48. Əlillərin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilən qərarların qəbul olunmasında əmək kollektivlərinin səlahiyyəti

Pensiyaya çıxanadək müəssisədə, idarədə, təşkilatda işləmiş əlillər onun işçiləri ilə bərabər tibbi xidmət, mənzil təminatı, sağlamlıq və profilaktika müəssisələrinə putyovkalar almaq sahə-sində mövcud imkanlardan istifadə etmək, habelə kollektivin ümumi yığıncağının (konfransının) qərarı ilə həm də başqa sosial xidmətlərdən və güzəştlərdən istifadə etmək hüququnu saxlayırlar.

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların ixtiyarı var ki, kənardan yardıma və qulluğa ehtiyacı olan əlillərin, xüsusən tək əlillərin pensiyaları üzərinə öz vəsaitləri hesabına üstəlik və əlavə haqlar müəyyən etsinlər, habelə bu Qanunda nəzərdə tutulan başqa güzəştləri versinlər.

Maddə 49. Sosial yardımın maliyyələşdirilməsi mənbələri

Sosial yardım respublika və yerli büdcələrin, pensiya fondunun, sosial sığorta fondunun vəsaiti, eləcə də əlilləri sosial müdafiə fonduna müəssisələrin, təşkilatların və vətəndaşların cərimələri və könüllü verdikləri ianə hesabına göstərilir.

 

VII. ƏLİLLƏRİN İCTİMAİ TƏŞKİLATLARI

 

Mad50. Əlillərin ictimai təşkilatlarının yaradılması

Öz hüquqlarını və mənafelərini qorumaq, qarşılıqlı yardım və xidmət göstərmək məqsədilə əlillər-və onları təmsil edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən qaydada ictimai təşkilatlar, o cümlədən müxtəlif fondlar yaratmaq hüququna malikdirlər.

Əlillərin ictimai təşkilatlarının yaradılması, fəaliyyəti və ləğv edilməsi qaydası ictimai təşkilatlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, bu təşkilatların müəyyən edilmiş qaydada qeydə alınan nizamnamələri ilə tənzimlənir.

Maddə 51. Dövlət və əlillərin ictimai təşkilatları

Dövlət əlillərin ictimai təşkilatlarının hüquqlarına və qanuni mənafeyinə əməl olunmasını təmin edir və Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirməsi üçün şərait yaradılmasına təminat verir, onlara hərtərəfli yardım göstərir.

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla əlillərin ictimai təşkilatlarının fəaliyyətinə dövlət orqanlarının" və vəzifəli şəxslərin qarışmasına yol verilmir.

Əlillərin, ictimai təşkilatlarının mənafeyinə toxunan məsələləri qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət orqanları və təsərrüfat təşkilatları əlillərin müvafiq ictimai təşkilatlarının iştirakı və ya razılığı ilə həll edirlər.

Özlərinin respublika orqanlarının şəxsində əlillərin ictimai təşkilatları Azərbaycan Respublikasının Ali Sovetində qanunvericilik təşəbbüsü hüququna malikdirlər.

Mətbuat, radio və televiziya əlillərin həyatından bəhs edən xüsusi rubrika hazırlayır. Dövlət əlillər cəmiyyətlərinin mətbuat orqanlarının nəşrinə maliyyə yardımı və texniki yardım götərir.

Əlillərin ictimai təşkilatlarının yerli orqanları, habelə onların müəssisələrinin (birliklərinin), idarələrinin və təşkilatlarının əmək kollektivləri əlillərin sosial müdafiəsi məsələləri barəsində yerli hakimiyyət orqanlarına təkliflər verə bilərlər.

Maddə 52. Əlillərin ictimai təşkilatlarından vergi tutulması

Əlillərin ictimai təşkilatları pensiya və sosial sığorta fonduna ayırmalardan azad olunurlar.

Əlillərin ictimai təşkilatları yanında təşkil olunmuş müəssisələr, kooperativlər, idarələr, təşkilatlar və başqa istehsalat obyektləri işçilərinin neçə faizinin əlil olmasından asılı olmayaraq yarandığı vaxtdan 5 il ərzində hər cür vergi və rüsumlardan, o cümlədən pensiya fonduna və sosial sığorta fonduna ayırmalardan azad edilirlər.

Əlillərin ictimai təşkilatlarının müəssisələrində, idarələrində və təşkilatlarında sənaye-istehsal heyəti sayının azı 50 faizi əlillərdən ibarətdirsə, onlar yarandığı vaxtdan 5 il keçdikdən sonra da mənfəət vergisindən və dövlət büdcəsinə keçirilən rüsumlardan, o cümlədən pensiya fonduna və sosial sığorta fonduna ayırmalardan azad olunurlar.

Əldə edilən gəlir bu cəmiyyətlərin maddi-texniki bazasının inkişafına və möhkəmləndirilməsinə, əlillərin sosial ehtiyaclarının ödənilməsinə yönəldilir.

Əlillərin ictimai təşkilatları mədəni-kütləvi, idman klubları, mədəniyyət evləri, kitabxanalar və s. yerləşən binalar üçün icarə haqqını, rabitə və kommunal xidmətini ödəməkdən azad edilirlər.

Maddə 53. Əlillərin ictimai təşkilatlarının iqtisadi fəaliyyəti üçün şərait yaradılması

Əlillərin müəssisələrinin və ictimai təşkilatlarının maddi-texniki təminatı mərkəzləşdirilmiş respublika ehtiyatlarından həyata keçirilir.

Əlillərin bərpası üçün nəzərdə tutulan müəssisələrin məhsulları (texniki vasitələr və qurğular) dövlət sifarişinə daxildir və maddi-texniki ehtiyatlarla birinci növbədə təmin edilir.

Əlillər üçün obyektlər tikintisi maliyyələşdirmə mənbələrindən asılı olmayaraq dövlət sifarişi tikintilərinin siyahısına daxil edilir.

Maddə 54. Əlillərin ictimai təşkilatlarının vəsaiti hesabına tikilmiş yaşayış sahəsinin bölgüsü

Əlillərin ictimai təşkilatlarının öz vəsaiti hesabına, o cümlədən payçılıq yolu ilə tikdirdiyi yaşayış sahələri onların daimi mülkiyyəti olaraq geri alına bilməz və Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq əlillərin ictimai təşkilatlarının təkliflərinə əsasən bölüşdürülür.

Əlillərin ictimai təşkilatları mənzil tikintisində payçılıq qaydasında iştirak edərkən tikinti sənayesi qurğularının inkişafında və kommunal tikintidə payçılıq iştirakından, habelə yaşayış sahələrinin bir qismini yerli hakimiyyət orqanlarına və başqa təşkilatlara verməkdən azad edilirlər.

Maddə 55. Əlillərin ictimai təşkilatlarının beynəlxalq əlaqələri

Əlillərin ictimai təşkilatları öz nizamnamələrinə müvafiq surətdə beynəlxalq (qeyri-hökumət) birliklərə daxil ola bilər, bir-başa beynəlxalq əlaqələr saxlaya bilər, müvafiq sazişlər bağlaya bilərlər.

Dövlət orqanları əlillərin bərpası, mədəni əlaqələrin, turizmin və idmanın, o cümlədən əlillər arasında keçirilən olimpiya, para-olimpiya, xoş məramlı və başqa beynəlxalq yarışların genişləndirilməsi məsələlərində beynəlxalq təşkilatların və xarici ölkələrin oxşar ictimai birləşmələri ilə əməkdaşlıq yaratmaqda və onu inkişaf etdirməkdə əlillərin ictimai təşkilatlarına kömək edir, o cümlədən maliyyə yardımı göstərir.

Əlillər təşkilatlarının nümayəndə heyətinin xarici ölkələrə gedib-gəlmək üçün nəqliyyat vasitələrindən istifadəsi və xarici qonaqların respublika ərazisində mehmanxanalarda yerləşdirilməsi respublikada tədavüldə olan pul vahidi ilə ödənilir.

Əlillər təşkilatları beynəlxalq iqtisadi-ticarət əlaqələrində gömrük və başqa dövlət rüsumlarından azad edilir və əldə edilmiş gəlir (valyuta) tamamilə cəmiyyətlərin öz hesablarında qalır.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 25 avqust 1992-ci il.

284.