İnvestisiya fəaliyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasının ərazisində investisiya-fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquq şərtlərini müəyyənləşdirir.

Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatının intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəldilmişdir və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir.

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. İnvestisiya anlayışı

İnvestisiya—gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.

Belə vəsait və sərvətlər aşağıdakılardır:

pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar;

daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və» başqa maddi sərvətlər);

müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;

bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan ancaq patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat-təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu («non-hau»);

torpaqdan, sudan və digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqdan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn və başqa əmlak hüquqları;

başqa sərvətlər.

Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına investisiya yönəldilməsi kapital qoyuluşları şəklində həyata keçirilir.

Maddə 2. İnvestisiya fəaliyyəti

1. İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur.

2. İnvestisiya fəaliyyətinin aşağıdakı növləri vardır:

Azərbaycan Respublikasının vətəndaşları, qeyri-dövlət müəssisə, idarə, təşkilat və qurumları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti;

dövlət hakimiyyət və idarəetmə orqanları, habelə dövlət müəssisə, idarə və təşkilatları tərəfindən büdcələrin, büdcədənkənar fondların, özlərinə məxsus və borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti;

xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər, beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti;

Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları, hüquqi şəxsləri və dövlətlər tərəfindən həyata keçirilən birgə investisiya fəaliyyəti.

3. İstehsalata və sosial sahəyə elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq etmək üçün investisiya fəaliyyətinin bir forması kimi innovasiya fəaliyyəti həyata keçirilə bilər. İnnovasiya fəaliyyətinə aşağıdakılar daxildir:

uzunmüddətli elmi-texniki proqramların həyata keçirilməsi;

iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədi ilə məhsuldar qüvvələrin vəziyyətində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi;

texnika və texnologiyanın prinsipcə yeni, qənaətcil növlərinin işlənib hazırlanması, buraxılması, yayılması və tətbiqi.

Maddə 3. İnvestisiya fəaliyyətinin obyektləri

İqtisadiyyatın bütün sahələrində hər hansı əmlak, o cümlədən əsas fondlar və dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul əmanətləri, elmi-texniki məhsullar, intellektual sərvətlər, digər mülkiyyət obyektləri, habelə əmlak hüquqları investisiya fəaliyyətinin obyekti ola bilər.

Yaradılması və istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasiya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən, habelə vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafelərini eləcə də insanların sağlamlığını, dövlət təhlükəsizliyini pozan, yaxud poza biləcək obyektlərə investisiya qoyulması qadağandır . [1]

Maddə 4. İnvestisiya fəaliyyətinin subyektləri

1. Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşları və hüquqi şəxsləri, vətəndaşlığı olmayan şəxslər, habelə dövlətlər investisiya fəaliyyətinin subyektləri (investorları və iştirakçıları) ola bilərlər.

2. Özünə məxsus olan, borc götürdüyü və ya cəlb etdiyi maliyyə vəsaitini, maddi və intellektual sərvətləri investisiya fəaliyyəti obyektlərinə qoymaq haqqında qərar qəbul edən, habelə onlardan istifadə olunmasını təmin edən subyektlər investorlardır (sərmayədəyərdır).

İnvestorlar investisiya fəaliyyətində əmanətçi, kreditor və alıcı qismində çıxış edə, habelə investisiya fəaliyyətinin istənilən iştirakçısının funksiyalarını yerinə yetirə bilərlər.

3. İnvestisiya niyyətinin həyata keçirilməsini sifarişlərin icraçısı qismində və ya investorların tapşırığı əsasında təmin edən Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları və hüquqi şəxsləri, habelə vətəndaşlığı olmayan şəxslər investisiya fəaliyyətinin iştirakçılarıdır.

Maddə 5. İnvestisiya fəaliyyəti haqqında qanunvericilik

Azərbaycan Respublikası ərazisində investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətlər bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları və onların əsasında qəbul edilmiş qanunvericilik aktları, habelə beynəlxalq müqavilələri ilə tənzimlənir.

Azərbaycan Respublikası investorlarının xarici dövlətin ərazisində investisiya fəaliyyəti həmin dövlətin qanunvericiliyi ilə tənzimlənir.

 

II fəsil

İNVESTİSİYA FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

 

Maddə 6. İnvestisiya fəaliyyəti subyektlərinin hüquqları

1. Azərbaycan Respublikası ərazisində mülkiyyət formasından və təsərrüfat fəaliyyətinin növündən asılı olmayaraq investisiya fəaliyyətinin bütün subyektləri investisiya fəaliyyətinin həyata keçirilməsi sahəsində bərabər hüquqlara malikdirlər.

Bu Qanunla və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə investisiya qoyulması qadağan edilən və ya məhdudlaşdırılan obyektlərdən başqa, hər hansı obyektə investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur.

2.   İnvestor müstəqil surətdə investisiya qoyuluşunun məqsədini, istiqamətini, növünü və həcmini müəyyənləşdirir, onun həyata keçirilməsi üçün müqavilə əsasında, o cümlədən müsabiqə və hərrac yolu ilə fiziki və hüquqi şəxsləri investisiya fəaliyyətinin hər hansı iştirakçısı qismində cəlb edir. [2]

3.   Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq investor Azərbaycan Respublikasının ərazisində investisiyanın obyektlərinə və nəticələrinə sahiblik, istifadə və sərəncam vermək, həmçinin investisiya və ticarət əməliyyatları həyata keçirmək hüquqlarına malikdir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş mülkiyyət hüququ əmələ gətirməyən obyektlərə investisiya qoyulması sonradan onlara digər əşya hüquqları əsasında və ya belə obyektlərin istismarından əldə edilən gəlirdə investorun iştirakı hüququnu istisna etmir. [3]

4.   İnvestorun qərarı ilə investisiyaya və onun nəticələrinə sahiblik, istifadə və sərəncam hüquqları qanunla müəyyənləşdirilmiş qaydada digər fiziki və hüquqi şəxslərə verilə bilər. hüquqların bu cür verilməsi zamanı yaranan qarşılıqLı münasibətləri onlar müstəqil surətdə müqavilə əsasında nizama salırlar.

5.   İnvestor investisiya qoyuluşu üçün maliyyə vəsaitini kredit. qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli kağızlar buraxılışı və borc kimi də cəlb edə bilər.

İnvestor öz öhdəliklərinə təminat vermək üçün yalnız mülkiyyət hüququ əsasında özünə məxsus olan əmlakı girov qoya bilər. [4]

Azərbaycan Respublikası ərazisinin hüdudlarından kənarda ipoteka krediti hesabına investor kimi çıxış edən dövlət müəssisələrinin investisiyaları üçün Azərbaycan dövləti tərəfindən təminat verilir.

6.   Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmadıqda investorun fiziki və hüquqi şəxslərdən birbaşa və ya vasitəçilik yolu ilə istənilən miqdarda və növdən olan əmlakı tərəflərin müəyyənləşdirdiyi qiymətlərlə və şərtlərlə almaq hüququ vardır.

7.   Dövlət və bələdiyyə mülkiyyətinin, habelə başa çatdırılmamış tikinti obyektlərinin özəlləşdirilməsində investorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada iştirak edə bilərlər.

Maddə 7. İnvestisiya fəaliyyəti subyektlərinin vəzifələri

1.   İnvestisiya fəaliyyətinin subyektləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və qaydada müvafiq olaraq aşağıdakıları həyata keçirməyə borcludurlar:

maliyyə vəsaiti və maddi sərvətlər əsasında həyata keçirdikləri investisiyanın həcmi və maliyyələşdirilməsi mənbəyi barədə yerli banklara və ya maliyyə orqanlarına müvafiq orqanların arayışını təqdim etmək;

əsaslı tikinti və icazə tələb edən digər işlər üçün müvafiq dövlət orqanlarından və xüsusi xidmətlərdən zəruri icazə və ya razılıq almaq;

texnoloji, sanitariya-gigiyena, radiasiya, ekologiya və arxitektura tələblərinə əməl edilməsi baxımından investisiya layihələri üçün ekspertiza rəyi almaq;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilən norma və standartlara, habelə beynəlxalq norma və standartlara əməl etmək;

dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri daxilində, Azərbaycan Respublikasının Qanunvericilik aktlarına uyğun verdikləri tələbləri yerinə yetirmək;

müəyyənləşdirilmiş qaydada mühasibat və statistika hesabatları təqdim etmək;

haqsız rəqabətə yol verməmək və antiinhisar tənzimlənməsinin tələblərinə əməl etmək.

2.    Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşğul olmaq üçün investisiya fəaliyyətinin iştirakçıları lisenziya almalıdırlar[5]

Maddə 8. İnvestisiya fəaliyyətinin subyektləri arasında münasibətlər

İnvestisiya fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyən əsas hüquqi sənəd müqavilədir (kontraktdır).

Müqavilənin bağlanması, tərəflərin seçilməsi, öhdəliklərin, təsərrüfat münasibətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hər hansı şərtlərinin müəyyənləşdirilməsi investisiya fəaliyyəti subyektlərinin müstəsna səlahiyyətinə daxildir. Dövlət orqanlarının və vəzifəli şəxslərin mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş həddən artıq investisiya fəaliyyəti subyektlərinin müqavilə münasibətlərinə qarışmasına yol verilmir.

Maddə 9. İnvestisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələri

İnvestisiya fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdiri bilər:

investorun özünün maddi və intellektual sərvətləri, maliyyə vəsaiti və təsərrüfatdaxili ehtiyatları (mənfəət, amortizasiya ayırmaları, fiziki və hüquqi şəxslərin pul yığımları, əmanətləri, qəza və təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi üçün sığorta orqanlarının müvafiq ödənişləri və s);

investorun borc maliyyə vəsaiti (bank və büdcə kreditləri, istiqrazlar və digər vəsait);

investorun cəlb edilmiş maliyyə vəsaiti (əmək kollektivlərinin, vətəndaşların, hüquqi şəxslərin payları və digər haqları, səhmlərin satışından əldə edilən vəsait);

büdcədən və büdcədənkənar fondlardan investisiya məqsədli təxsisatlar;

xarici investisiya;

müəssisələrin, təşkilatların və vətəndaşların əvəzsiz və xeyriyyə haqları, ianələr və s.

Zərurət yarandıqda investisiya fəaliyyətini həyata keçirmək məqsədilə müvafiq investisiya fondları və digər təsisatları yaradıla bilər.

 

III fəsil

İNVESTİSİYA FƏALİYYƏTİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

Maddə 10. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinin məqsədi

İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi vahid iqtisadi, elmi-texniki və sosial siyasət yeridilməsi məqsədi ilə həyata keçirilir və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş həcmlərdə dövlət büdcəsi hesabına maliyyələşdirilir. [6]

İctimai tələbatın ödənilməsinin daha vacib istiqamətlərində investisiya fəaliyyətini həyata keçirən investorlara Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan güzəştlər verilir.

Maddə 11. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinin formaları

1.   İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinə dövlət investisiyasının idarə olunması, habelə investisiya fəaliyyəti şərtlərinin tənzimlənməsi və bu şərtlərə investisiya fəaliyyətinin bütün subyektləri tərəfindən əməl edilməsinə nəzarət daxildir.

2.   Dövlət investisiyasının idarə olunması respublika və yerli dövlət hakimiyyət və idarəetmə orqanları tərəfindən həyata keçirilir və büdcə, büdcədənkənar vəsaitin və həmin orqanlar tərəfindən cəlb edilən başqa vəsaitin planlaşdırılmasından, investisiyanın şərtlərinin müəyyənləşdirilməsindən və bunlarla bağlı digər məsələlərin həllindən ibarətdir.

3.   İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi aşağıdakı vasitələrlə həyata keçirilir:

(Çıxarılıb) [7]

kredit və amortizasiya siyasətinin həyata keçirilməsi, o cümlədən əsas fondların sürətli amortizasiyası yolu ilə. Amortizasiya üzrə güzəştlər ayrı-ayrı iqtisadi sahələr, əsas fondların və avadanlığın müxtəlif növləri və elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər;

ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün subvensiya, subsidiya büdcə borclarının verilməsi;

dövlət norma və standartlarının müəyyənləşdirilməsi;

antiinhisar tədbirlərin görülməsi;

mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi;

torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi;

qiymətqoyma siyasətinin həyata keçirilməsi;

investisiya layihələrinin ekspertizasının keçirilməsi;

başqa tədbirlər.

Maddə 12. Respublika ərazisində dövlət investisiyalarına dair qərarların qəbul edilməsi qaydası

1.   Respublika ərazisində dövlət investisiyalarına dair qərarlar respublikanın iqtisadi və sosial inkişaf proqnozları, məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi, bu investisiyaların məqsədəuyğunluğunu müəyyənləşdirən texniki-iqtisadi əsaslandırmalar, məqsədli elmi-texniki və kompleks proqramlar əsasında qəbul edilir.

2.   Respublika üzrə məqsədli kompleks proqramların layihələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanında işlənib hazırlanır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3.   həyata keçirilmə müddəti iki ilə qədər olan və fövqəladə vəziyyət, qəzalar və təbii fəlakətlərlə bağlı dövlət investisiyaları haqqında qərarları Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında qəbul edir. [8]

Maddə 13. Əsaslı tikintidə işlərin yerinə yetirilməsi üçün dövlət sifarişinin yerləşdirilməsi qaydası

1.   Respublika ərazisində dövlət investisiyasının həyata keçirilməsi formalarından biri əsaslı tikintidə işlərin yerinə yetirilməsi üçün dövlət sifarişidir.

2.   Dövlət sifarişi, bir qayda olaraq, müəssisə və təşkilatlar üçün bu sifarişin iqtisadi sərfəliyi nəzərə alınmaqla müsabiqə (tender) əsasında yerləşdirilir. Bu zaman həmin müəssisə və təşkilatlar üçün qanunvericiliklə müəyyən güzəştlər də nəzərdə tutula bilər.

3.   Respublika dövlət sifarişi obyektləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada istismara qəbul olunur.

Maddə 14. İnvestisiyaların dövlət ekspertizası

1.   Büdcə və büdcədənkənar vəsaitlər, o cümlədən xarici investisiya hesabına maliyyələşdirilən respublika, dövlətlərarası və regional investisiya layihə və proqramları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada müvafiq icra hakimiyyəti orqanında mütləq dövlət ekspertizasından keçirilməlidir. [9]

Başqa mənbələr hesabına maliyyələşdirilən investisiyalar ekoloji, seysmoloji və sanitariya-gigiyena tələblərinə əməl edilməsi baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada dövlət ekspertizasından keçirilməlidir.

(Çıxarılıb) [10]

Maddə 15. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və yerli dövlət hakimiyyət və idarəetmə orqanları tərəfindən investisiya fəaliyyətinin tənzimlənməsi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və respublika tabeli şəhər və rayonların yerli dövlət hakimiyyət və idarəetmə orqanları öz səlahiyyətləri daxilində ərazilərində investisiya fəaliyyətinin subyektləri tərəfindən istehsal və sosial obyektlərin yaradılması, təbii ehtiyatlardan istifadə edilməsi məsələlərinin razılaşdırılması yolu ilə investisiya fəaliyyətini tənzimləyirlər.

İnvestisiya məqsədləri sosial infrastruktur obyektləri tikdirmək, tikinti üçün torpaq sahəsi ayırmaq, torpaqdan istifadə şərtlərinin, sosial sahə və təbiəti mühafizə təyinatlı obyektlərin tikintisi həcminin və müddətlərinin, habelə tikinti norma və qaydalarının pozulduğu halda tikintinin dayandırılması haqqında səlahiyyətli dövlət orqanları qarşısında məsələ qaldırmaq yerli dövlət hakimiyyət və idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aiddir. [11]

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi investisiyanın dövlət tənzimlənməsi məqsədilə bu Qanuna zidd olmayan əlavə şərtlər müəyyənləşdirə bilər.

Maddə 16. İnvestisiya fəaliyyətində qiymətqoyma

İnvestisiya fəaliyyəti prosesində məhsulların, işlərin və xidmətlərin dəyəri sərbəst qiymət və tariflərlə, o cümlədən müsabiqələrin nəticələrinə əsasən, qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallarda isə dövlət tərəfindən tənzimlənən qiymət və tariflərlə müəyyənləşdirilir. [12]

Tikintidə müqavilə qiymətləri tövsiyə edilən dövlət smeta normalarından və qiymətlərindən istifadə etməklə də müəyyənləşdiri bilər.      

 

IV fəsil

İNVESTİSİYA FƏALİYYƏTİ SUBYEKTLƏRİNİN HÜQUQLARININ TƏMİNATI VƏ İNVESTİSİYANIN QORUNMASI

 

Maddə 17. İnvestisiya fəaliyyəti subyektlərinin hüquqlarının təminatı

Dövlət investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasına təminat verir.

İnvestisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilənin şərtləri bu müqavilənin bütün müddəti ərzində və hətta o bağlandıqdan sonra qanunvericiliklə subyektlərin vəziyyətini pisləşdirən və ya hüquqlarını məhdudlaşdıran şərtlər müəyyən edildikdə belə, əgər onlar müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılığa gəlməyiblərsə, qüvvəsini saxlayır.

Dövlət orqanları və onların vəzifəli şəxsləri qanunvericiliklə yol verilən və onların səlahiyyətinə daxil olan hallardan başqa, investisiya fəaliyyəti subyektlərinin işinə qarışa bilməzlər.

Bu Qanunla müəyyənləşdirilən hallardan başqa, investisiya qoyulan obyektlərin seçilməsində investorların hüquqları məhdudlaşdırıla bilməz.

Dövlət orqanları və başqa orqanlar investorların və investisiya fəaliyyətinin digər subyektlərinin hüquqlarını pozan aktlar qəbul etdikdə investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidirlər. Zərərin ödənilməsi barədə mübahisələrə aidiyyəti üzrə məhkəmə baxır. [13]

Maddə 18. İnvestisiyanın qorunması

1. Dövlət mülkiyyət formasından asılı olmayaraq bütün investisiyaların, o cümlədən xarici investisiyanın qorunmasına təminat verir.

İnvestisiyanın qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi, habelə başqa dövlətlərlə bağladığı müqavilələrlə təmin edilir. İnvestorlar, o cümlədən xarici investorlar investisiyasını idarə, istifadə və ona xitam verməyə maneçilik törədə bilən ayrı-seçkilik xarakterli tədbirləri istisna edən, habelə qoyulmuş sərvətlərin və investisiyanın nəticələrinin respublikadan aparılması şərtləri və qaydasını müəyyənləşdirən bərabər hüquqi rejimlə təmin olunurlar.

2.  Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə investisiya fəaliyyətinə dair bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir.

3.   Azərbaycan Respublikası ərazisində investisiya əvəzsiz milliləşdirilmir, rekvizisiya edilmir və onlara nəticələrinə görə dikər oxşar tədbirlər tətbiq olunmur. Belə tədbirlər investorlara vurulmuş zərərin, o cümlədən itirdikləri faydanın əvəzi tam həcmdə real dəyər üzrə ödənilməklə yalnız Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında həyata keçirilə bilər. Zərərin ödənilməsi qaydası həmin qanunvericiliklə müəyyənləşdirilir.

İnvestorların qoyduğu və ya əldə etdiyi məqsədli bank əmanətləri, səhmlər və digər qiymətli kağızlar, əldə edilmiş əmlak və ya icarə hüquqları üçün ödənişlərin əvəzi Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq alındıqda, investorların öz hərəkətləri və ya onların iştirakı ilə edilmiş hərəkətlər nəticəsində istifadə olunan və ya itirilən məbləğlər istisna edilməklə investorlara qaytarılır.

4.   İnvestisiyalar sığortalana bilər, qanunvericiliklə nəzərdə tutulan hallarda isə hökmən sığortalanmalıdır.

Maddə 19. İnvestisiya fəaliyyəti subyektlərinin məsuliyyəti

1.   Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə və ya investisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilə (kontrakt) öhdəliklərinə əməl olunmadıqda tərəflər həmin aktlarla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.

2.   Dövlət orqanları investisiya fəaliyyətinin həyata keçirilməsinə dair öhdəliklərini və ya qanuni əsaslar üzrə onlara həvalə edilmiş vəzifələri yerinə yetirmədikdə, yaxud lazımınca yerinə yetirmədikdə investisiya fəaliyyətinin digər subyektləri qarşısında həmin öhdəliklərə görə əmlak məsuliyyəti daşıyırlar.

3.  Qanunvericiliyin tələblərinin və müqavilə öhdəliklərinin pozulmasına görə cərimənin və dəbbə pulunun, habelə dəymiş zərərin ödənilməsi təqsirkar tərəfi, qanunvericiliklə və müqavilə ilə digər hal nəzərdə tutulmayıbsa, tələblərin və öhdəliklərin tam yerinə yetirilməsindən azad etmir.

4. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan mübahisələrə müvafiq olaraq məhkəmə və ya münsiflər məhkəməsi baxır. [14]

Maddə 20. İnvestisiya fəaliyyətinin dayandırılması və ya ona xitam verilməsi şərtləri

1.  İnvestisiya fəaliyyətinin dayandırılmasına və ya ona xitam verilməsinə aşağıdakıların qərarı ilə yol verilir:

investorların özünün (bu zaman investorlar investisiya fəaliyyətinin digər iştirakçılarına dəymiş zərəri ödəyirlər); səlahiyyətli dövlət orqanının.

2.  İnvestisiya fəaliyyətinin dayandırılması və ya ona xitam verilməsi barədə səlahiyyətli dövlət orqanının qərarı aşağıdakı hallarda qəbul edilə bilər:

onun davam etdirilməsi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilmiş ekoloji, seysmoloji, sanitariya-gigiyena, arxitektura və başqa normaları, vətəndaşların və hüquqi şəxslərin, dövlətin qanunla qorunan hüquq və mənafelərini pozduqda;

investor qanunla müəyyənləşdirilmiş qaydada müflis elan edildikdə;

qəza və təbii fəlakət baş verdikdə;

Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər hallarda. [15]

Belə hallarda investisiya fəaliyyətinin subyektlərinə zərərin ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.

Maddə 21. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində investisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 13 yanvar 1995-ci il.

                    № 952.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 mart 2001-ci il tarixli 103-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 360)

2.       5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)

3.       23 noyabr 2002-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

4.       23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)

5.       30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 1)

6.       6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 709)

7.       9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 4, maddə 202)

8.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 mart 2001-ci il tarixli 103-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 360) ilə 3-cü maddənin ikinci hissəsində “pozan obyektlərə investisiya qoyulması qadağandır” sözləri “eləcə də insanların sağlamlığını, dövlət təhlükəsizliyini pozan, yaxud poza biləcək obyektlərə investisiya qoyulması qadağandır” sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 709) ilə 6-cı maddəsinin ikinci hissəsindən "(tender)" sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

2. İnvestor müstəqil surətdə investisiya qoyuluşunun məqsədini, istiqamətini, növünü və həcmini müəyyənləşdirir, onun həyata keçirilməsi üçün müqavilə əsasında, o cümlədən müsabiqə (tender)və hərrac yolu ilə fiziki və hüquqi şəxsləri investisiya fəaliyyətinin hər hansı iştirakçısı qismində cəlb edir.

 

[3] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) 6-cı maddənin 3-cü bəndinin ikinci abzasında "sahiblikdə, əməli idarəetmədə" sözləri "digər əşya hüquqları əsasında" sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə ) 6-cı maddənin 5-ci bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının qanunları ilə başqa hallar nəzərdə tutulmayıbsa investor öhdəliklərinə real təminat vermək məqsədi ilə girov qoymaq üçün yalnız özünə məxsus və ya özünün tam təsərrüfat səlahiyyətində olan əmlakdan istifadə edə bilər.

 

[5] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 7-ci maddəsinin 2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müvafiq attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi üçün investisiya fəaliyyətinin iştirakçıları lisenziya almalıdırlar. Belə işlərin siyahısını Azərbaycan Respublikasının Ali Soveti, onlara lisenziya verilməsinin qaydasını isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

 

 

[6] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 4, maddə 202) ilə 10-cu maddənin birinci hissəsində "respublika və yerli büdcələr" sözləri "dövlət büdcəsi" sözləri ilə əvəz edilmişdir.

 

[7] 23 noyabr 2002-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 11-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

vergitutma subyektlərinin və obyektlərinin, vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;

 

[8] 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 1) ilə 12-ci maddənin 2-ci bəndində "əlaqədar dövlət orqanlarının və ictimai təşkilatların iştirakı ilə" sözləri "müvafiq icra hakimiyyəti orqanında" sözləri ilə, "Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin tərkibində Azərbaycan Respublikası Ali Soveti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, 12-ci maddənin 3-cü bəndində "müvafiq mərkəzi və yerli dövlət idarəetmə orqanlarının" sözləri "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə ilə əvəz edilmişdir.

 

[9] 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 1) ilə 14-cü maddənin 1-ci bəndində "müəyyənləşdirdiyi qaydada" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanında" sözləri əlavə edilmişdir.

 

[10] 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 1) ilə 14-cü maddənin 2-ci bəndi çıxarılmışdır.  Əvvəlki redaksiyada deyilirdi:

 Zərurət olduqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı ekspert komissiyası ayrı-ayrı investisiya layihələrini və proqramlarını ekspertizadan keçirə bilər.

 

[11] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 4, maddə 202) ilə 15-ci maddənin ikinci hissəsindən "yerli büdcədən istifadə etmək" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

İnvestisiya məqsədləri üçün yerli büdcədən istifadə etmək, sosial infrastruktur obyektləri tikdirmək, tikinti üçün torpaq sahəsi ayırmaq, torpaqdan istifadə şərtlərinin, sosial sahə və təbiəti mühafizə təyinatlı obyektlərin tikintisi həcminin və müddətlərinin, habelə tikinti norma və qaydalarının pozulduğu halda tikintinin dayandırılması haqqında səlahiyyətli dövlət orqanları qarşısında məsələ qaldırmaq yerli dövlət hakimiyyət və idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aiddir

 

[12]  6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 709) ilə 16-cı maddəsinin birinci hissəsindən "(tenderin)"  sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

İnvestisiya fəaliyyəti prosesində məhsulların, işlərin və xidmətlərin dəyəri sərbəst qiymət və tariflərlə, o cümlədən müsabiqələrin (tenderin) nəticələrinə əsasən, qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallarda isə dövlət tərəfindən tənzimlənən qiymət və tariflərlə müəyyənləşdirilir.

 

[13] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 17-ci maddənin beşinci hissəsindən “və ya arbitraj məhkəməsi”  sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Zərərin ödənilməsi barədə mübahisələrə aidiyyəti üzrə məhkəmə və ya arbitraj məhkəməsi baxır

 

[14] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 19-cu maddənin dördüncü bəndindən “arbitraj məhkəməsi”  sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

 İnvestisiya fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan mübahisələrə müvafiq olaraq məhkəmə, arbitraj məhkəməsi və ya münsiflər məhkəməsi baxır.

 

[15] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 20-ci maddənin 2-ci bəndinə beşinci abzas əlavə edilmişdir.