Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 18 yanvar 2002-ci il
№ 9

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 18 yanvar tarixli 9 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində

İntİzam NİZAMNAMƏSİ

 

1. Ümumİ müddəalar

1.1. Mülki Aviasiya Azərbaycan Respublikasının nəqliyyat sisteminin mühüm tərkib hissələrindən biridir. Əhalinin hava nəqliyyatına olan tələbatının təmin edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ölkənin müdafiəsində aviasiyadan istifadə edilməsi, xarici ölkələrlə siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi Mülki Aviasiyanın dəqiq və ahəngdar işindən asılıdır. Mülki Aviasiyasının xüsusiyyətləri bütün kateqoriyalardan olan aviasiya işçiləri qarşısında, xüsusən də uçuş heyəti, hava hərəkətini idarə edən rəhbər, mütəxəssis və texniki icraçıların, sərnişin, baqaj və yük daşımalarının təşkilini həyata keçirən mütəxəssislərin, aviasiya təhlükəsizliyini, aviasiya yanacaq-sürtkü materiallarına nəzarəti və onların keyfiyyətini və hava gəmilərinin yanacaqla doldurulmasını təmin edən işçilərin qarşısında xüsusi tələblər qoyur.

Bu tələblərin qoyulması uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin, sərnişinlərə göstərilən xidmət mədəniyyətinin təmin edilməsi ilə yanaşı, mürəkkəb aviasiya texnikasının istismarı şərtlərindən irəli gəlir. Azərbaycan Respublikasının daxilində və xaricində hava daşımalarının və aviasiya işlərinin artan həcmi hər bir aviasiya müəssisələrindən yüksək icra intizamı, təşkilatçılıq və nizam-intizam tələb edir.

1.2. Mülki Aviasiyada intizama riayət edilməsi, bütün aviasiya işçiləri tərəfindən Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydalara, eləcə də işin qəzasız təşkilinə və aviasiya müəssisələrinin kollektivlərində yüksək intizam mütəşəkkilliyinin tərbiyə edilməsinə yönəldilmiş normativ hüquqi sənədlərin tələblərinin yerinə yetirilməsinə əsaslanır. Mülki Aviasiya işçiləri tərəfindən xidməti vəzifələrin dəqiq yerinə yetirilməsi uçuş üçün təhlükəli vəziyyət və digər ağır qəza hadisəsinin baş verməsinə şərait yaradır.

2. Mülkİ Avİasİya İşçİlərİnİn vəzİfə borcları

2.1. Mülki Aviasiya işçisinin vəzifə borcu aşağıdakılardan ibarətdir:

a) öz işini yaxşı bilmək, xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;

b) uçuşların təhlükəsizliyinin və müntəzəmliyinin təmin edilməsinə hərtərəfli yardım etmək;

c) yüksək mədəni xidməti təmin etmək, sərnişinlərə qayğı və diqqət göstərmək;

ç) Azərbaycan Respublikasının qanunvericiliyinə və Mülki Aviasiyada qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;

d) dövlət və kommersiya sirlərini qorumaq;

e) aviasiya müəssisələrinin mülkiyyətini qorumaq, yüklərin ünvanına vaxtında və itkisiz çatdırılmasını təmin etmək;

ə) əmək məhsuldarlığını artırmaq, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq;

f) əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək;

g) düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək.

2.2. Rəhbər işçi tabeliyində olan işçilərin intizam qaydalarına riayət etmələri üçün şəxsən məsuliyyət daşıyır. O, tabeliyində olan işçilər arasında yüksək intizamı təmin etməli, onları intizam qaydalarına daim əməl etmək ruhunda tərbiyə etməli, onlarda vəzifə borcuna vicdanla, tapşırılmış işə məsuliyyətlə yanaşmaq hissələrini aşılamalı, işçilərin əmək göstəricilərinin yaxşılaşdırılmasına və uçuş təhlükəsizliyinin yüksəldilməsinə yönəldilmiş təşəbbüslərini müdafiə etməli, işçilərə qayğı ilə yanaşmalı, işə vicdanla yanaşmalarına görə onları həvəsləndirməli, əmək intizamının pozulmasına görə ciddi cəzalandırmalıdır.

2.3. Rəhbər işçi tabeliyində olan işçilərin işini düzgün təşkil etməli, xidməti borcun yerinə yetirilməsində onlara nümunə olmalı, dəqiq əmr və göstərişlər verməlidir. İşçi bütün əmr və göstəriciləri birbaşa tabe olduğu rəisdən alır. Yuxarı vəzifəli şəxsdən əmr və göstəriş almış işçi bu barədə birbaşa tabe olduğu rəisə məlumat verməlidir. Rəisin əmr və göstərişi vaxtında və dəqiq yerinə yetirilməlidir.

2.3.1. Xüsusi geyim forması olan Mülki Aviasiya işçiləri öz xidməti vəzifələrini icra edərkən müəyyən edilmiş geyim formasında olmalıdırlar.

2.4. Bu Nizamnamənin müddəaları uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə birbaşa bağlı olan aşağıdakı Mülki Aviasiya işçilərinə şamil edilir:

uçuş heyətinə;

təyyarə bələdçilərinə;

hava hərəkətinin idarə edilməsi üzrə mütəxəssislərə;

rəhbərlərə, mütəxəssislərə və texniki icraçılara;

sərnişin, baqaj və yük daşımalarının təşkilini həyata keçirən işçilərə;

aviasiya təhlükəsizliyini təmin edən işçilərə;

aviasiya yanacaq-sürtkü materiallarının keyfiyyətinə və hava gəmilərinin yanacaqla doldurulmasına nəzarəti təmin edən işçilərə.

2.4.1. Bu Nizamnamənin müddəaları şamil edilməyən işçilərin intizamı müəssisədaxili intizam qaydaları ilə tənzimlənir.

2.4.2. Bu Nizamnamənin müddəaları şamil edilən Mülki Aviasiya işçiləri Nizamnaməni bilməli və onun tələblərini dəqiq yerinə yetirməlidirlər.

2.5. Mülki Aviasiya işçiləri xidməti vəzifələrini nümunəvi yerinə yetirmələrin, xidməti vəzifələrini yerinə yetirərkən təşəbbüskarlıq göstərmələrinə, mətanət, fədakarlıq və bacarıqlarına, uzunmüddətli və qüsursuz işlərinə görə mükafatlandırılırlar.

2.6.Mülki Aviasiya işçilərinə mükafatlandırmanın aşağıdakı növləri tətbiq olunur:

a) təşəkkür elan edilməsi;

b) pul mükafatının verilməsi;

c) qiymətli hədiyyə ilə mükafatlandırma;

ç) Fəxri Fərmanla təltif edilmə;

d) Şərəf kitabına və Şəhər lövhəsinə daxil edilmə;

e) döş nişanı ilə təltif edilmə;

ə) əlavə məzuniyyət verilməsi;

f) əmək haqqına fərdi əlavənin müəyyən edilməsi;

g) daha yüksək məbləğdə fərdi sığortanın müəyyən edilməsi;

ğ) müəyyən olunmuş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırma və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırma;

h) sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə verilməsi.

Öz xidməti vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirən işçilərə sosial-mədəni sahədə və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında güzəştlər edilir, onların vəzifə irəliləyişinə üstünlük verilir.

2.7. Mükafatlandırma aşağıdakı qaydada tətbiq olunur:

a) hər bir rəhbər təşəkkür elan etmək hüququna malikdir;

b) pul və qiymətli hədiyyə ilə mükafatlandırma Həmkarlar İttifaqı Təşkilatı ilə razılaşdırılaraq işçini işə qəbul etmək və bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər üzrə göstəriş vermək hüququna malik olan işəgötürən tərəfindən həyata keçirilir;

c) Fəxri Fərmanla, döş nişanı ilə təltif edilmə, Şərəf kitabına və ya Şərəf lövhəsinə daxil edilmə haqqında qərar işəgötürən tərəfindən müvafiq Həmkarlar İttifaqı Təşkilatı ilə birlikdə qəbul edilir;

ç) Azərbaycan Respublikası Mülki Aviasiyasının Fəxri Fərmanı, "Mülki Aviasiya əlaçısı" döş nişanı ilə təltif etmə müvafiq Həmkarlar İttifaqı Təşkilatı ilə razılaşdırıldıqdan sonra müəssisənin, təşkilatın, idarənin işəgötürənin təqdimatı ilə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru tərəfindən həyata keçirilir.

2.8. İşəgötürən olmadığı təqdirdə, mükafatlandırmalar işəgötürənin vəzifəsini icra edən vəzifəli şəxs tərəfindən tərtib olunur.

2.9. Əgər işçiyə işəgötürənə verilmiş hüquqlar çərçivəsindən kənara çıxan mükafatlandırmanın tətbiq olunması zəruridirsə, işəgötürən bu barədə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru qarşısında vəsatət qaldırır.

2.10. Bütün mükafatlandırmalar işçinin şəxsi işində və ya şəxsi vərəqəsində qeyd olunur.

3. İntİzam tənbehİ

3.1.Mülki Aviasiya işçilərinə xidməti vəzifələrini yerinə yetirərkən, habelə xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olmayan, lakin xidməti binada və xidməti ərazilərdə yol verdikləri intizam pozuntusuna görə intizam tənbehi tətbiq edilə bilər.

3.2. Mülki Aviasiya işçilərinə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:

a) töhmət;

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət;

c) qanunvericiliklə müəyyən edilmiş qaydada üç ay müddətinədək azmaaşlı işə keçirilmə və ya həmin müddətdə aşağı vəzifəyə keçirilmə;

ç) qanunvericiliklə müəyyən edilmiş qaydada uçuş işi və ya hava hərəkətinin idarə edilməsindən, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı digər işlərin yerinə yetirilməsindən azad edilmə və bir il müddətinə qədər başqa işə keçirilmə;

d) qanunvericiliklə müəyyən edilmiş qaydada uçuş işinə görə və ya hava hərəkətinin idarə edilməsi ilə, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı digər işə görə müvafiq şəhadətnamənin işçidən geri alınması və ya alınmaması ilə başqa işə keçirməklə tutduğu vəzifəsindən azad edilmə;

e) işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya əmək vəzifələrini kobud şəkildə pozulduqda, yəni:

özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədikdə;

alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;

təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduqda;

təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirdikdə və ya onlar bu səbəbdən həlak olduqda;

qəsdən istehsal, kommersiya və dövlət sirrini yaydıqda və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirmədikdə;

əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdikdə;

əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduqda;

iş vaxtı ərzində bilavasitə iş yerində inzibati hüquqpozmalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdikdə əmək müqaviləsi ləğv edilir.

3.3. Bu Nizamnamənin 3.2.-ci bəndinin "c" və "ç" yarımbəndləri ilə nəzərdə tutulmuş intizam tənbehləri yalnız uçuş heyəti, hərəkəti xidmətinin dispetçer heyəti işçilərinə və fəaliyyətləri uçun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı digər işçilərə uçuşların təhlükəsizliyinə təhlükə yaradan hallara, o cümlədən xidməti vəzifələrini yerinə yetirərkən alkoqollu içki, narkotik, toksik və digər maddələr qəbul etmələrinə və ya işə sərxoş vəziyyətdə gəlmələrinə görə tətbiq edilir.

3.4. Uçuş və hərəkət xidmətinin dispetçer heyətinin işçiləri, işləri uçuş təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan digər işçilər uçuşların təhlükəsizliyinə təhlükə yaradan hərəkətə yol verdikləri halda, yuxarı vəzifəli rəhbərə bu haqda məlumat verilməklə, intizam tənbehinin tətbiq edilməsi barədə məsələ həll olunana qədər komanda, rəis və ya inspektor heyətinin şəxsləri tərəfindən işdən kənarlaşdırıla bilərlər.

Məlumatda adı çəkilən şəxsin işdən azad edilmə şəraiti və səbəbləri dəqiq göstərilməlidir. Kifayət qədər əsas olmadan işdən kənarlaşdırmaya görə səlahiyyətli şəxs məsuliyyət daşıyır.

3.5. Rəhbər tabeliyində olan işçinin heç bir xətasını cəzasız qoymamalıdır. Rəhbər tabeliyində olan işçinin törətdiyi xətanın səbəblərinin vaxtında aşkar edilib qarşısının alınmasına, intizam pozuntularına qarşı barışmaz münasibət yaradılmasına xüsusi diqqət yetirməlidir.

3.6. İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, müqavilə şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən tətbiq edilə bilər. İşəgötürən olmadığı təqdirdə, intizam tənbehi işəgötürənin vəzifəsini icra edən vəzifəli şəxs tərəfindən tətbiq olunur.

3.7. Töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət növlü intizam tənbehləri əmr vermək hüququ olan rəhbər işçilər (uçuş dəstələrinin komandirləri) tərəfindən tətbiq edilir. Eyni bir pozuntuya görə yalnız bir intizam tənbehi tətbiq edilə bilər.

3.8. "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru bu Nizamnamə ilə nəzərdə tutulmuş hüquqlarını tam həcmdə öz səlahiyyətləri çərçivəsində yerinə yetirir.

3.9. İşəgötürən intizam tənbehi tətbiq etməzdən əvvəl baş vermiş xətanın səbəblərini hərtərəfli və obyektiv surətdə araşdırmalı, xətaya yol verən işçidən əvvəlcədən yazılı şəkildə izahat almalıdır. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

3.10. İntizam tənbehi işçinin təqsirinin dərəcəsinə və yol verilən xətanın ağırlığına uyğun olmalıdır.

Rəhbər işçi intizam tənbehinin növünü müəyyən edərkən yol verilən xətanın ağırlığını, xəta baş verən zaman vurulan zərəri, şəraiti, habelə xətaya yol vermiş işçinin buna qədər olan xidmətini nəzərə almalıdır.

3.11. İşəgötürən və bu Nizamnamədə göstərilən hallarda rəhbər işçi intizam tənbehi verərkən tabeliyində olan işçinin ləyaqətinin alçaldılmasına yol verməməlidir.

3.12. Əgər təqsirin ağırlığı nəzərə alınaraq rəhbərin səlahiyyətlərinə daxil olmayan tənbehin tətbiq edilməsi zərurəti yaranarsa, o zaman, o yuxarı vəzifəli rəhbər qarşısında bu haqda vəsatət qaldırmalıdır.

3.13. Yol verilən qanun pozuntusuna görə qanunda cinayət məsuliyyət nəzərdə tutulduğu halda, işəgötürən sənədləri müvafiq orqanlara göndərməlidir.

3.14. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törətdiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlamanın, təftişin) aparılmasının nəticələri ilə aşkar edilmiş vəziyə hüquqpozmaları ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törətdiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

3.15. Yuxarı vəzifəli rəhbər işçi ona verilən səlahiyyətlər çərçivəsində aşağı vəzifəli rəhbər işçinin verdiyi intizam tənbehini ləğv edə bilər, onu yüngülləşdirə və ya gücləndirə bilər.

Təqsirkarın şikayəti ilə əlaqədar intizam tənbehi məsələlərinə baxılarsa, intizam tənbehinin gücləndirilməsinə yol verilə bilməz.

3.16. İntizam tənbehləri əmrlə elan olunur.

3.17. Bütün intizam tənbehləri işçiyə rəsmi elan edilir və müəyyən olunmuş qaydada işçinin şəxsi işinə və ya şəxs vərəqəsinə yazılır.

3.18. İntizam tənbehinin tətbiq edilməsi işçini qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş maddi məsuliyyətdən azad etmir.

3.19.İntizam tənbehinin qanunsuz və ya səhv tətbiqi haqqında və ya bu Nizamnamə ilə verilmiş hüquqların rəhbər işçi tərəfindən pozulması haqqında işçilərin şikayətlərinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda Həmkarlar İttifaqı Təşkilatı yanında yaradılmış məhkəməyəqədər əmək mübahisələrinə baxan orqanlarda baxılır.

Əgər fərdi əmək mübahisələrinin məhkəməyəqədər baxılması üzrə orqan tərəfindən çıxarmış qərar işçini və ya işəgötürəni qane etmirsə, onlar bu məsələnin həll olunması üçün məhkəməyə müraciət edə bilərlər.

3.20. Uçuş işindən, hava hərəkətinin idarə edilməsindən və ya uçuş təhlükəsizliyinin təmin edilməsi ilə bağlı başqa işin yerinə yetirilməsindən kənar edilmək növlü tənbehlərin götürülməsi bu cür tənbeh almış şəxslərin avtomatik əvvəlki iş yerlərinə bərpa edilməsinə əsas vermir.

3.21. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirdikdə, əmək intizamını pozmadıqda, işəgötürən işdə fərqlənmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri ilə ləğv edə bilər. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində işçi bu Nizamnamə ilə nəzərdə tutulmuş hər hansı bir həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, ona verilmiş intizam tənbehi həmin mükafatlandırma günündən etibarən qüvvədən düşmüş hesab edilir.

İşçi intizam tənbehinin vaxtından əvvəl götürülməsi barədə xahişlə müraciət etdikdə, rəhbər işçi onun xahişinə baxmalı və müraciət edilən tarixdən 15 gündən gec olmayaraq qərar qəbul etməlidir.

Bu halda tənbehin götürülməsi əmrlə elan edilir.

3.22. İntizamın ümumi vəziyyətinə, eləcə də bu Nizamnamə ilə verilmiş hüquqların bütün rəhbər işçilər tərəfindən mütləq və düzgün yerinə yetirilməsinə daima nəzarət etmək hər bir səlahiyyətli rəhbər işçinin borcudur.