"Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə"nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 575 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında Əsasnamə"nin 6.3-cü bəndinin, "Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının 3-cü bəndinin 11-ci yarımbəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərenerji Səhmdar Cəmiyyətinin "Dövlət Enerjinəzarət" İdarəsinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin birbaşa tabeliyinə verilməsi barədə" 2002-ci il 1 fevral tarixli, 18 nömrəli qərarının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Dövlət enerji nəzarətini həyata keçirən Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin dövlət enerji nəzarəti orqanı - "Dövlət Enerjinəzarət" İdarəsinin say tərkibi 2002-ci il 1 sentyabr tarixindən 150 nəfər müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə tapşırılsın:

2002-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həmin idarənin xərclər smetasını və ştat cədvəlini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;

zərurət yaranarsa, həmin idarənin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində müvafiq xərc maddələri arasında dəyişikliklərin aparılması üçün lazımi tədbirlər görsün.

4. 2002-ci il 1 mart tarixindən "Dövlət Enerjinəzarət" İdarəsinin aparat işçilərinin vəzifə maaşları "Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanları işçilərinin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 29 yanvar tarixli, 28 nömrəli qərarının 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən respublika nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının aparat işçilərinin vəzifə maaşları səviyyəsində, idarənin şəhər və rayon şöbələrinin işçilərinin vəzifə maaşları qərarın 2 nömrəli əlavəsində göstərilən şəhər və rayon icra hakimiyyəti orqanları işçilərinin vəzifə maaşları səviyyəsində təyin edilsin.

5. "Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamənin təsdiqi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 135 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 29 iyul 2002-ci il
№ 117

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 29 iyul tarixli , 117 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasında dövlət enerjinəzarəti

(elektrik və istilik üzrə) haqqında
ƏSASNAMƏ

I. Ümumİ müddəalar

1.1. Azərbaycan Respublikasında dövlət enerji nəzarətinin əsas vəzifəsi elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, satılması, paylanması və istehlakında elektrik və istilik qurğularının təhlükəsiz, etibarlı istismarına və enerjidən səmərəli istifadə olunmasına, həmçinin "Enerji resurslarından istifadə haqqında", "Elektrik və istilik stansiyaları haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikası qanunlarının, elektrik və istilik enerjisindən istifadə, elektrik qurğularının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və energetikaya dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etməkdir.

1.2. Azərbaycan Respublikasında dövlət enerji nəzarətini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin dövlət enerji nəzarəti orqanı həyata keçirir.

1.3. Dövlət enerji nəzarəti orqanları öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, "Enerji resurslarından istifadə haqqında", "Elektrik və istilik stansiyaları haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikası qanunlarını, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin əmr, sərəncam və göstərişlərini, energetika sahəsində mövcud qaydaları, təlimatları, digər normativ sənədləri və bu Əsasnaməni rəhbər tutur.

1.4. Dövlət enerji nəzarəti orqanının rəhbəri eyni zamanda Azərbaycan Respublikasının enerji nəzarəti üzrə baş dövlət müfəttişidir. Rəhbərin müavinləri Azərbaycan Respublikasının enerji nəzarəti üzrə baş dövlət müfəttişinin müavinləridir. Yerlərdəki orqanların rəhbərləri və onların müavinləri enerji nəzarəti üzrə böyük dövlət müfəttişləri, müfəttişləri isə enerji-nəzarəti üzrə dövlət müfəttişidirlər.

1.5. Dövlət enerji nəzarəti orqanlarının vəzifəli şəxslərinin onların səlahiyyəti çərçivəsində mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, elektrik və istilik enerjisi ilə təchizatın subyektlərinin hüquqi şəxslərinə, vəzifəli şəxslərinə və fiziki şəxslərə verdikləri rəsmi tələbnamələrin icrası məcburidir.

1.6. Dövlət enerji nəzarət orqanları dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

II. Dövlət enerjİnəzarətİnİn (elektrİk və İstİlİk üzrə) vəzİfələrİ

2. Dövlət enerji nəzarəti orqanları elektrik və istilik enerjisi ilə təchizatın subyektləri olan dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarında, enerjitəchizat müəssisələrində və enerji istehlakçılarında aşağıdakılarına nəzarət edir:

2.1. fəaliyyətdə olan, tikilən, yenidən qurulan, təmir olunan, sazlanan enerji qurğularında mövcud texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik və istilik qurğularının quraşdırılması qaydalarının, elektrik və istilik enerjisindən istifadə qaydalarının, elektrik şəbəkələrinin qorunması qaydalarının, digər normativ sənədlərin və təlimatların tələblərinə əməl olunmasına;

2.2. enerji qurğularının tikintisində, yenidən qurulmasında, təmir və sazlama işlərinin aparılmasında, layihə sənədlərinin və texniki şərtlərinin tələblərinə əməl olunmasına;

2.3. elektrik və istilik qurğularının təhlükəsiz istismarının, tikintisinin, yenidən qurulmasının, təmirinin, sazlanmasının hazırlanmış enerjitexniki heyətlə, mühəndis-texniki personalla normalara uyğun təmin olunmasına, onların texniki istismar, təhlükəsizlik texnikası qaydaları, digər normativ sənədlər üzrə biliklərinin müəyyən olunmuş müddətlərdə yoxlanılmasına, təlimatların keçirilməsinə;

2.4. elektrik və istilik şəbəkələrində baş verən qəza, yaxud işdə imtinaların düzgün araşdırılmasına, qeydiyyatınının aparılmasına, bu hadisələrin qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasına və yerinə yetirilməsinə;

2.5. elektrik və istilik enerjisi üçün müəyyən edilmiş keyfiyyət normalarına əməl olunmasına, elektrik və istilik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə;

2.6. reaktiv gücün kompensasiyasının uyğun təlimatlara əsasən optimal səviyyəsinin təmin olunmasına;

2.7. elektrik və istilik enerjisinin hesabat-uçot və ölçü cihazlarının texniki vəziyyətinin mövcud qayda, təlimat və digər normativ sənədlərin tələblərinə uyğunluğuna, habelə onun təkmilləşdirilməsinə, yeni texnikanın tətbiqinə, uçotun avtomatlaşdırılmasına, mərkəzləşdirilməsinə yönəldilən tədbirlərin işlənib həyata keçirilməsinə;

2.8. enerji resurslarından israfçılığa yol vermədən, səmərəli və qənaətlə istifadə olunmasına;

2.9. fəaliyyətdə olan, yenidən qurulan, habelə modernləşdirilən enerjitutumlu qurğuların enerjibalans sınaqlarının keçirilməsinə;

2.10. dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizat müəssisələrinin enerji qurğularının təmirinə, yenidən qurulmasına, sazlanması ilə əlaqədar görülən işlərin keyfiyyətlə, mövcud qayda, təlimat və digər normativ sənədlərin tələblərinə uyğun təyin olunmuş müddətlərdə icrasına;

2.11. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarında istehsal olunan elektrik və istilik enerjisinin, həmçinin sənaye, onlara bərabər tutulan istehsalçılarda istehsal olunan məhsulun və göstərilən xidmətlərin vahid kəmiyyətlərinə sərf edilən enerji resursların təsdiq olunmuş normalara uyğunluğuna, onların azaldılması üzrə təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə;

2.12. dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizat müəssisələri tərəfindən elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanmasında təsdiq edilmiş texnoloji sərfiyyat (texniki itki) tapşırıqlarına əməl olunmasına, onun azaldılması məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə;

2.13. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarında, enerjitəchizat müəssisələrində, elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərinin operativ idarə edilməsinə, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin mövcud qaydalara, təlimatlara və digər normativ sənədlərin tələblərinə uyğun təşkil olunmasına;

2.14. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarında istehsal edilən, ötürülən elektrik və istilik enerjisinin hesabatının, həmçinin dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizat müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, müstəqil enerji istehsalçısı ilə enerjitəchizat müəssisəsi arasında, enerjitəchizat müəssisəsi ilə istehlakçı arasında elektrik və istilik enerjisinə görə hesablaşmaların uçot və ölçü cihazları vasitəsilə düzgün aparılmasına;

elektrik və istilik enerjisinə görə hesablaşmaların mövcud qayda, təlimat və digər normativ sənədlərin tələblərinə uyğun təşkil edilməsinə;

2.15. dövlət elektroenergetika müəssisəsi, enerji-təchizat müəssisələri tərəfindən enerjisistemdə elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunmasına və yerinə yetirilməsinə.

III. Dövlət enerjİnəzarətİn (elektrİk və İstİlİk üzrə) funksİyaları

3. Dövlət enerjinəzarəti orqanları:

3.1. elektrik və istilik enerjisi ilə təchizatın subyektləri olan dövlət elektroenergetika müəssisəsinin, müstəqil enerji istehsalçılarının, enerjitəchizat müəssisələrinin və enerji istehlakçılarının fəaliyyətdə olan, layihələşdirilən, tikilən, yenidən qurulan, təmir edilən enerji qurğularında texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının, enerji təchizatının etibarlığının, elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerji resurslarından istifadənin vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar və səlahiyyəti çərçivəsində digər məsələlər üzrə araşdırmalar keçirir. Aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında rəsmi tələbnamələr verir;

3.2. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi"ndə nəzərdə tutulmuş cərimələr tətbiq edir;

3.3. dövlət elektroenergetika müəssisəsinin, müstəqil enerji istehsalçılarının, enerjitəchizat müəssisələrinin, istehlakçıların yeni və ya yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, enerjitəchizat sxemini dəyişən elektrik və istilik qurğularının istismara buraxılmasına icazə verir. Dövlət elektroenergetika müəssisəsinin yeni elektrik və istilik qurğularının istismara verilməsi üzrə dövlət komissiyalarının tərkibində iştirak edir;

3.4. müəyyən olunmuş müddətlərdə enerjitəchizat müəssisələri tərəfindən təqdim olunan dövlət statistik formalı (9 №-li) elektrik enerjisinin istehlakı barədə aylıq hesabatlar əsasında komplekslər üzrə elektrik enerjisi istehlakçını təhlil edir;

3.5. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarından elektrik və istilik enerjisinin istehsalında, həmçinin sənaye, onlara bərabər tutulan istehlakçılarda istehsal edilən məhsulun yaxud göstərilən xidmətlərin vahid kəmiyyətinə sərf edilən enerjiresursların təsdiq olunmuş vahid normalarına əməl olunması üzrə rüblük hesabatları müəyyən olunmuş müddətlərdə alır və təhlil edir;

3.6. səlahiyyəti çərçivəsində dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizat müəssisəsi arasında, müstəqil enerji istehsalçısı ilə enerjitəchizat müəssisəsi arasında, enerjitəchizat müəssisəsi ilə istehlakçı arasında mübahisəli məsələləri araşdırır və uyğun rəy verir;

3.7. dövlət elektroenergetika müəssisəsinin, müstəqil enerji istehsalçılarının, enerjitəchizat müəssisələrinin, habelə istehlakçıların, onların tabeliyində olan qurumların (məişət abonentləri istisna olmaqla) enerji təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin texniki istismar qaydaları, təhlükəsizlik texnikası qaydaları, təlimat və digər normativ sənədlərlə bağlı biliklərin yoxlanılması üzrə imtahan komissiyalarının tərkibində iştirak edir;

3.8. elektrik və istilik qurğuları, avadanlıqlar istehsal edən müəssisələrdən qeyri-səmərəli, istismar və təhlükəsizlik texnikası qaydalarının tələblərinə cavab verməyən elektrik və istilik qurğu və avadanlıqlarının istehsalının dayandırılmasını, həmçinin onların texniki şərtlərinə yenidən baxılmasını tələb edir. Partlayış təhlükəsi olmayan elektrik avadanlıqlarının (dağ-mədən müəssisələrinin elektrik avadanlığı istisna olmaqla) texniki istismar və təhlükəsizlik texnikası tələbləri baxımından kütləvi istehsalına icazə verir;

3.9. marağı olan mərkəzi icra hakimiyyəti orqanlarının və təşkilatların iştirakı ilə səlahiyyətinə aid olan məsələlər üzrə normativ sənədləri hazırlayır, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə təqdim edir;

3.10. dövlət elektroenergetika müəssisəsindən, müstəqil enerji istehsalçılarından, enerjitəchizat müəssisələrindən, istehlakçılardan, həmçinin müvafiq icra hakimiyyəti orqanlarından səlahiyyətinə aid məsələlər üzrə məlumatlar almaq üçün onlara müraciət edir və məlumatları əvəzsiz olaraq alır.

IV. Dövlət enerjİnəzarətİn (elektrİk və İstİlİk üzrə) hüquqları

4.1. Enerjinəzarəti üzrə baş dövlət müfəttişinə və onun müavinlərinə, böyük dövlət müfəttişlərinə, dövlət müfəttişlərinə aşağıdakı hüquqlar verilir:

4.1.1. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq elektrik və istilik enerjisi ilə təchizatın subyektlərinin (məişət abonentləri istisna olmaqla) enerji qurğularına xidməti vəsiqəni təqdim etməklə günün istənilən vaxtı buraxılmaq;

4.1.2. səlahiyyətinə aid vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, elektrik və istilik enerjisi ilə təchizatın subyektlərinin hüquqi şəxslərinə, vəzifəli şəxslərin, fiziki şəxslərinə:

icrası məcburi olan rəsmi tələbnamələr vermək;

qəza, yanğın, habelə xidməti heyətin, əhalinin həyata üçün təhlükə yaradan pozuntular aşkar edildikdə elektrik və istilik qurğularının dərhal enerji şəbəkəsindən açılmasına göstəriş vermək;

texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinin kobud surətdə pozulması nəticəsində qəza, yanğın, bədbəxt hadisələrin baş verməsinə şərait yaratdıqlarına görə yaxud texniki istismar qaydaları, təhlükəsizlik texnikası qaydaları, təlimatlar və digər normativ sənədlər üzrə biliklərin yoxlanılmasından keçməyən enerji təsərrüfatına cavabdeh şəxslərin, mühəndis-texniki personalın, enerjitexniki heyət işlərinin elektrik və istilik qurğularındakı işlərdən kənarlaşdırılması barədə icrası məcburi olan tələbnamələr vermək;

təyin olunmuş müddətlərdə istifadə edilmiş enerji resursları haqqında uçot və hesabatların, informasiyanın təqdim olunmasını tələb etmək;

4.1.3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi"ndə dövlət enerjinəzarət orqanlarının səlahiyyətinə aid olan maddələrə uyğun olaraq pozuntuya yol vermiş hüquqi şəxslərə, vəzifəli şəxslərə, fiziki şəxslərə qarşı cərimə protokolları tərtib etmək.

4.2. Enerjinəzarəti üzrə baş dövlət müfəttişinə, onun müavinlərinə, böyük dövlət müfəttişlərinə aşağıdakı hüquqlar verilir:

4.2.1. dövlət elektroenergetika müəssisəsindən, müstəqil enerji istehsalçılarından, enerjitəchizat müəssisələrindən, istehlakçılardan, həmçinin müvafiq icra hakimiyyəti orqanlarından səlahiyyətinə aid məsələlər üzrə məlumatlar almaq üçün onlara müraciət etmək və məlumatları əvəzsiz olaraq almaq;

4.2.2. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarında, enerjitəchizat müəssisələrində, istehlakçılarda enerji resurslarından istifadə, texniki istismar və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasında, elektrik şəbəkələrinin qorunmasında və səlahiyyətinə aid digər məsələlər üzrə aşkar edilmiş çatışmazlıqlar və pozuntular haqqında sənədləri ölçü götürülməsi üçün müvafiq icra hakimiyyəti və hüquq mühafizə orqanlarına göndərmək.

4.3. Enerjinəzarəti üzrə baş dövlət müfəttişinə və onun müavinlərinə səlahiyyətinə aid məsələlər üzrə rəy verilməsinə, ekspertiza keçirilməsinə yaxud normativ sənədlərin, təlimatların hazırlanmasına elmi tədqiqat və layihə institutlarının, digər təşkilatların mütəxəssislərini müqavilə əsasında cəlb etmək .

4.4. Dövlət enerjinəzarətinin həyata keçirən vəzifəli şəxslərin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi tərəfindən müəyyən olunmuş vahid nümunəli vəsiqəsi olur.

V. Dövlət enerjİnəzarətİn (elektrİk və İstİlİk üzrə) məsulİyyətİ

5.1. Dövlət enerjinәzarәt orqanlarının vəzifəli şəxsləri enerji nəzarəti üzrə funksiyaların həyata keçirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsən məsuliyyət daşıyırlar.