Ünvanlı dövlət sosial
yardımı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun
ünvanlı dövlət sosial yardımının
göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi
əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.
M a d d ə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı
əsas anlayışlardan istifadə olunur:
1.0.1. ehtiyac meyarı - əhalinin
əsas sosial-demoqrafik qrupları üzrə yaşayış
minimumundan asılı olaraq ünvanlı dövlət sosial
yardımının təyin edilməsi məqsədilə
dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq
olunan hədd;
1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə
müəyyən olunmuş digər xüsusiyyətlərə
görə bağlılığı olan, birgə yaşayan,
ümumi ev təsərrüfatına malik şəxslər
və yaxud tənha yaşayan şəxslər;
1.0.3. ailənin gəlirləri - ailə
üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə
üzvlərinə bağışlanmış
hədiyyələr, mülkiyyətdən, ailə
üzvlərinə məxsus əmlakdan, şəxsi
yardımçı təsərrüfatdan əldə olunan və yaxud
əldə oluna biləcək pul və natural formada gəlirlərinin
toplusu;
1.0.4. ailənin orta aylıq
gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi;
1.0.5. aztəminatlı ailə
- orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan
aşağı olan ailə;
1.0.6.
ünvanlı dövlət sosial yardımı (bundan sonra sosial
yardım) aztəminatlı
ailələrə dövlət tərəfindən
göstərilən pul yardımıdır.
M a d d ə 2. Ünvanlı
dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Ünvanlı
dövlət sosial yardımı haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
M a d d
ə 3. Sosial yardım almaq
hüququ olan ailələr
Sosial yardım hüququna orta
aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək
qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli
üzvünün müvafiq icra
hakimiyyəti orqanında işsiz kimi qeydə alınması,
vəfat etməsi,
məhkəmə tərəfindən itkin düşmüş və
yaxud ölmüş hesab edilməsi, azadlıqdan
məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum
olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının
məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
M a d d ə 4. Sosial
yardımın məqsədi və prinsipləri
4.1.Sosial
yardımın məqsədi aztəminatlı ailələrin
sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
4.2.Sosial yardımın əsas
prinsipləri aşağıdakılardan ibarətdir:
4.2.1.
ünvanlılıq - sosial yardım yalnız
aztəminatlı ailələrə təyin olunur;
4.2.2.
ədalətlilik - sosial yardım ailənin orta
aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac
meyarının məcmusu arasındakı fərq məbləğində
təyin olunur;
4.2.3.
bərabərlik - sosial yardım bütün aztəminatlı
ailələrə təyin olunur.
M a d d ə 5. Sosial
yardımın maliyyə mənbəyi
Sosial yardım dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilir.
Maddə 6. Sosial
yardımın alınması üçün müraciət edilməsi, onun təyin
olunması, verilməsi və verilməsindən imtina edilməsi
6.1. Sosial
yardım aztəminatlı ailələrə
yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təyin olunur.
6.2. Sosial yardımın
alınması üçün müraciət edilməsi, onun təyin
olunması, verilməsi və verilməsindən imtina
edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
M a d d ə 7. Sosial
yardımın məbləği
7.1.
Sosial yardımın məbləği ailənin orta
aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac
meyarının məcmusu arasında yaranan fərq
məbləğində hesablanır.
7.2.
Ehtiyac meyarı mərhələlərlə ölkə
üzrə yaşayış minimumuna çatdırılır;
7.3.
Ailənin orta aylıq gəlirinin hesablanması
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
M a d d ə 8. Sosial yardımın təyin
olunması müddəti
8.1. Sosial yardım onu almaq üçün
müraciət edilən ayın 1-dən etibarən 1 il
müddətinə təyin olunur. [1]
8.2 Aztəminatlı ailə sosial
yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
M a d d ə 9. Sosial
yardımın təyin olunması zamanı ailə
tərkibində nəzərə alınmayan
şəxslər
9.0. Sosial
yardımın təyin olunması zamanı yardımın
verilməsi üçün ailə tərkibində aşağıdakı
şəxslər nəzərə alınmır:
9.0.1. tam
dövlət təminatında olan şəxslər (uşaq evi
və internatlarda, qocalar , əlillər və ya
sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində,
xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); [2]
9.0.2. müddətli həqiqi hərbi
xidmətdə olan şəxslər;
9.0.3. cəzaçəkmə
müəssisələrində cəza çəkən
şəxslər;
9.0.4. axtarışda olan
şəxslər;
9.0.5. Azərbaycan Respublikasının
ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının
ərazisində daimi yaşayanlar istisna olmaqla). [3]
M a d d
ə 10. Sosial yardım almaq
hüququna yenidən baxılması
10.1.
Sosial yardımın məbləğinin
dəyişdirilməsinə və ya verilməsinin
dayandırılmasına səbəb ola biləcək hallar
baş verdikdə (ailənin tərkibi və ya
gəlirləri dəyişdikdə) sosial yardımın
verilməsi dayandırılır və ailənin sosial yardım almaq
hüququna yenidən baxılır.
10.2.
Bu Qanunun 10.1-ci maddəsində nəzərdə
tutulan hallardan biri baş
verdikdə
sosial yardım alan ailə bu barədə müvafiq icra
hakimiyyəti orqanına 7 gün müddətində məlumat
verməlidir. Sosial yardımın təyin
olunmamasına,
məbləğinin azaldılmasına və ya verilməsinin
dayandırılmasına səbəb ola biləcək hallar
barədə
məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il
müddətinə sosial yardım almaq hüququnu itirir. [4]
10.3. Sosial
yardımın verilməsinə təsir edəcək hallar
barədə zəruri məlumatların verilməməsi, yaxud
ailə tərkibi və ailə üzvlərinin gəlirləri
barədə düzgün olmayan
məlumatların verilməsi səbəbindən artıq
yardım ödənildiyi hallarda,
sosial yardım alan ailə artıq ödənilmiş
yardımın məbləğini könüllü qaydada müvafiq icra
hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə
mübahisəyə məhkəmə qaydasında baxılır.
M a d d ə 11.
Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun
pozulmasına görə təqsirkar şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən
olunmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d
ə 12. Qanunun qüvvəyə
minməsi
Bu Qanım
2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr
2005-ci il
№ 1039IIQ
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
1.
13 iyun 2008-ci il tarixli 641-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, №6, maddə 474)
2.
13 iyun 2008-ci il tarixli 648-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, №7, maddə 602)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 13 iyun 2008-ci il tarixli
641-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, №6, maddə 474) ilə 8.1-ci maddə
yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.1. Sosial yardım almaq üçün istənilən
ayın 15-dək müraciət edildikdə həmin ayın
1-dən, ayın 15-dən sonra müraciət edildikdə isə
növbəti ayın 1-dən
6 ay müddətinə təyin olunur;
[2]
13 iyun 2008-ci il tarixli 648-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 9.0.1-ci
maddəsində və
əlillər sözləri ,
əlillər və ya sağlamlıq imkanları məhdud
uşaqlar sözləri ilə əvəz edilmişdir, internat evlərində
sözlərindən sonra , xüsusi
təhsil müəssisələrində sözləri
əlavə edilmişdir.
[3] 13 iyun 2008-ci il tarixli 641-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, №6, maddə 474) ilə 9.0.6-cı
maddədə əcnəbilər
sözündən sonra (Azərbaycan
Respublikasının ərazisində daimi yaşayanlar istisna
olmaqla) sözləri əlavə edilmişdir.
[4] 13 iyun 2008-ci il tarixli 641-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, №6, maddə 474) ilə 10.2-ci
maddənin ikinci cümləsində yardımın
sözündən sonra təyin
olunmamasına, sözləri əlavə edilmişdir və
həmin cümlədə 2 il
sözləri 1 il sözləri
ilə əvəz edilmişdir.