“Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasında Xaçmaz yarımstansiyası və elektrik verilişi xətti layihəsində istifadə edilməsi məqsədilə Bank adından və Bankın Agenti qismində çıxış edən Azərbaycan Respublikası Hökumətinin 330/110 kV-luq yarımstansiyasının alınması üçün səlahiyyətləndirilməsinə və Azərbaycan Respublikası Hökumətinə satılmasına dair Müddətli Satış Sazişi”nin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2005-ci il iyunun 7-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasında Xaçmaz yarımstansiyası və elektrik verilişi xətti layihəsində istifadə edilməsi məqsədilə Bank adından və Bankın Agenti qismində çıxış edən Azərbaycan Respublikası Hökumətinin 330/110 kV-luq yarımstansiyasının alınması üçün səlahiyyətləndirilməsinə və Azərbaycan Respublikası Hökumətinə satılmasına dair Müddətli Satış Sazişi” təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 sentyabr 2005-ci il

№ 972-IIQ

Layihə № AZ-021

 

Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında

Azərbaycan Respublikasında Xaçmaz yarımstansiyası və elektrik verilişi

xətti layihəsində istifadə edilməsi məqsədilə Bank adından və Bankın

Agenti qismində çıxış edən Azərbaycan Respublikası Hökumətinin

330/110 kV-luq yarımstansiyasının alınması üçün səlahiyyətləndirilməsinə

və Azərbaycan Respublikası Hökumətinə satılmasına dair

MÜDDƏTLİ SATIŞ SAZİŞİ

Azərbaycan Respublikası Hökuməti (bundan sonra - Agent adlandırılacaq) və İslam İnkişaf Bankı (bundan sonra - Bank adlandırılacaq) arasında olan bu Saziş__________ 1426-cı hicri tarixindən (uyğun olaraq, Miladi təqvimi ilə______________ 2005-ci ildən) etibarən qüvvəyə minir.

Burada:

(A) Agent, bu Sazişin I Əlavəsində göstərilmiş mexanizm və avadanlıqların (bundan sonra - Avadanlıqlar adlandırılacaq) alınması və bu Sazişin II Əlavəsində göstərildiyi kimi, yuxarıda adı çəkilən Avadanlıqların layihə üzrə Agentə satılmasını Bankdan xahiş edir.

(B) 3 (üç) illik yerinə yetirilmə müddətindən sonra 12 (on iki) il ərzində, illik 6 % (altı) faiz dərəcəsi ilə Satış qiymətinin Banka ödənilməsi şərtilə, Bank 13 508 000 BŞ dollarından (on üç milyon beş yüz səkkiz min Birləşmiş Ştatlar dolları) yuxarı olmayan məbləğdə Avadanlığın alınmasına və Müddətli Satış Sazişi əsasında Agentə satılmasına razılıq verir.

(C) Paraqraf (B)-də göstərilən maddə və şərtlər Agentlə müzakirə və təsdiq edilmişdir.

Bununla aşağıdakılar razılaşdırılmalıdır:

1. İfadələr

Bu Sazişdə, başqası nəzərdə tutulmayana qədər, aşağıdakı ifadələr növbəti mənaları daşıyır:

Təyin edilmiş məbləğ:                Preambulanın B paraqrafında müəyyən edilmiş məbləğ;

Təchizat tarixi:                            Bankın adından Agent tərəfindən Avadanlıqların qəbul edildiyi tarix;

Qüvvəyə minmə tarixi:              Bank tərəfindən bu Sazişin qüvvəyə minməsinin Agentə bəyan edildiyi tarix;

Avadanlıq:                                  Bu Sazişin I Əlavəsində göstərilən mexanizm və avadanlıqlar və onların ayrılmaz tərkib hissələri;

Ümumi şərtlər:                            V Əlavədə təsbit edilmiş müddəa və şərtlər;

Layihə:                                         Əlavə II-də şərh edilən layihə;

Satınalma Sazişi:                        Bankın adından və Bankın tərəfindən çıxış edən Agent və Malgöndərən arasında Avadanlığın satın alınmasına dair Saziş;

Satınalma qiyməti:                     Satınalma Sazişi üzrə Avadanlıq üçün ödənilən qiymət; bu qiymətə Avadanlığın qiyməti, bütün nəqliyyat və sığorta xərcləri və bu Saziş əsasında Bank tərəfindən ödənilən istənilən başqa xidmətlər üzrə xərclər daxildir;

Satış Sazişi:                                 Bu Sazişin 7-ci maddəsinə uyğun olaraq Bank və Agent arasında imzalanmalıdır. Ümumi Şərtlərin 7.02-ci yarımbəndinə uyğun olaraq, Satış Sazişi III və IV Əlavələrdə göstərilmiş Təklif və Qəbul telekslərindən və eləcə də Ümumi Şərtlərdən ibarət olmalıdır;

Malgöndərən:                              İstehsalçı olan və ya olmayan Malgöndərən;

BŞD, BŞ $ və ya BŞ dolları:       Amerika Birləşmiş Ştatlarının qanuni valyutası.

2. Avadanlığın satın alınması və təchizatı üzrə Agentin səlahiyyətlərinin müəyyən edilməsi

2.1. Bu Sazişin 9-cu maddəsinə uyğun olaraq, bununla Bank Agentə aşağıdakı səlahiyyətləri həvalə edir:

(a) Bu Sazişə uyğun olaraq Bankın adından danışıqların aparılması, Avadanlıqların alınaraq Banka təhvil verilməsi üzrə bütün şərtlərin, avadanlığın qiymətinin və bütün spesifikasiyaların Malgöndərən ilə razılaşdırılması;

(b) Satınalma Sazişinin şərtlərinə uyğun olaraq Bankın adından Avadanlığın qəbul edilməsi;

2.2. Agent Bankın prosedur qaydalarına uyğun şəkildə maliyyələşdirilən Avadanlığın satın alınmasını aşağıdakı qaydada öz öhdəsinə götürür:

(a) Avadanlıq Beynəlxalq Rəqabətqabiliyyətli Satınalma Müsabiqəsinə (İCB) uyğun Açar təhvili Müqaviləsi bazasında əldə ediləcək;

(b) Məsləhətçi Xidmətlər Bankın üzvü olan ölkələrin Məsləhətçilərinin qısa siyahısından məsləhətçinin seçilməsi vasitəsilə göstəriləcək;

2.3. Agent zəmanət verir ki, istənilən Satınalma Sazişində:

(a) Avadanlığın mülkiyyət hüququnun birbaşa Malgöndərəndən Banka keçməsi təmin olunmalıdır;

(b) Tranzit zamanı və bu Sazişə uyğun olaraq Avadanlıq Agentə satılana qədər Bankı qane edəcək şəkildə, Avadanlıqların Bankın adından sığortası nəzərdə tutulmalıdır. Sığorta bütün riskləri tam şəkildə əvəz edə biləcək dəyərdə dəniz və tranzit sığortalarını əhatə etməklə, buna bənzər Avadlanlıqları daşıyan şəxslər tərəfindən təmin edilən sığorta xarakteri daşımalıdır. Sığorta Bankı qane edən etibarlı şirkət tərəfindən həyata keçirilməlidir. Bu sığortanın şərtlərinə uyğun, sığorta polisi üzrə vəsaitin sərbəst dönərli valyuta ilə ödəniləcəyinə Agent zəmanət verməlidir.

2.4. Satınalma Sazişi layihəsinin şərtlərinə Bank tərəfindən razılıq almayana qədər, Agent Avadanlığın satın alınmasına dair hər hansı Saziş imzalanmalı deyil.

2.5. Dəyişiklik, düzəliş və ya imtina ilə bağlı Bankdan qabaqcadan razılıq almayana qədər, Bank tərəfindən təsdiq edilmiş hər hansı Satınalma Sazişinin şərtlərinə hər hansı bir dəyişiklik, düzəliş, imtina edilməsinə Agent razılıq verməməlidir.

2.6. Yekun Satınalma qiymətinin 13 508 000 BŞ$ (on üç milyon beş yüz səkkiz min Birləşmiş Ştatlar dolları) məbləğinə çatdığı anda və ya bu Sazişin ləğv edildiyi təqdirdə (hansı hal daha tez baş verərsə) Bankın adından Avadanlığın alınması üzrə Agentin səlahiyyətlərinə xitam veriləcəkdir.

3. Agentin razılığı

Agent bu Sazişə uyğun olaraq Bankın adından Malgöndərən ilə danışıqlar aparmağa, həmçinin avadanlığın alınmasına və Bankın adından Malgöndərəndən qəbul edilməsinə razılaşır.

4. Layihənin həyata keçirilməsi

4.1. Agent təminat verir ki, Bankın adından Satınalma Sazişini yerinə yetirərkən lazımi səy və diqqət göstərəcək, Satınalma Sazişinin pozulması və gecikdirilməsi haqqında Banka vaxtında məlumat verəcək, belə pozulma və ya gecikmə hallarında Malgöndərənə qarşı tətbiq olunacaq tədbirlərlə bağlı Bankla məsləhətləşmələr aparacaq.

4.2. Agent, Bankın səlahiyyətli nümayəndələrinin avadanlıqla əlaqədar səfərlərinə, həmçinin Layihənin, avadanlıqların və hər cür müvafiq sənədlərin təftişinə hər cür imkan yaratmalı; Bank tərəfindən Layihə və avadanlıq haqqında, təyin olunmuş məbləğin xərclənməsi və Agentin maliyyə vəziyyəti barədə məlumat tələb edildikdə, bütün bu cür məlumatları Banka təqdim etməlidir.

5. Avadanlığın qəbulu

5.1. Agent Avadanlığın Satınalma Sazişində verilmiş spesifikasiyaya uyğunluğunu təmin etmək məqsədilə təchizatdan əvvəl onun baxışını keçirməyi, avadanlığın yaxşı vəziyyətdə olması və bu baxış zamanı aşkar edilə biləcək hər hansı bir nasazlığın olmaması təminatını öz üzərinə götürür.

5.2. Agent təminat verir ki, avadanlığın təftişi yerinə yetirilən kimi bu təftişin nəticələri barədə teleks vasitəsilə dərhal Banka məlumat verəcək. O cümlədən Agent, avadanlığın Satınalma Sazişinin və təchizatın bütün şərtlərinə uyğun gəlib-gəlmədiyini Bankın diqqətinə çatdırmalıdır. Əgər Bank təchizat tarixindən 30 gün ərzində belə bildiriş almazsa, Bank hesab edəcək ki, Agent avadanlığın Satınalma Sazişinin bütün şərtlərinə uyğun gəlməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür.

5.3. Əgər avadanlığın yoxlanılması göstərsə ki, o, Satınalma Sazişinin hər hansı bir şərtinə uyğun deyildir, Agent avadanlıqdan imtina edilməsi və Malgöndərənə qaytarılması barədə məsləhətləşmə aparmaq üçün dərhal Bankla əlaqə yaratmalı, ya da avadanlığı qəbul etməli və zərərin ödənilməsi tələbi ilə Malgöndərənə qarşı məhkəmə iddiasını irəli sürməlidir.

5.4. Agent təchizat tarixindən başlayaraq Satış Sazişinin qüvvəyə minmə tarixinə qədər avadanlığın hər hansı bir qüsuruna və ya avadanlığın mühafizəsi qaydalarına riayət olunmaması nəticəsində yaranan nasazlıqlara görə məsuliyyət daşıyır.

6. Satınalma qiymətinin ödənilməsi

6.1. Satınalma Sazişinin şərtlərinə uyğun olaraq və Bankın ödəniş prosedurlarına müvafiq şəkildə aşağıdakı şərtlərin təmin olunduğuna əmin olduqdan sonra Bank Satınalma qiymətini ödəməyi öz öhdəsinə götürür:

a - Avadanlıq Bankın prosedurlarına və ya Bankın qabaqcadan təsdiq etdiyi digər prosedurlara uyğun olaraq alınmışdır.

b - Satınalma Sazişinin şərtləri və müddəaları Bank tərəfindən bəyənilmişdir.

c - Dəyərinin ödənilməsi tələb olunan avadanlıqların təsviri I Əlavədə göstərilmişdir.

d - Satınalma qiymətinin ümumi məbləği təyin olunmuş məbləği keçməməlidir.

6.2. Əgər Sazişin qüvvəyə minmə tarixindən etibarən 180 (yüz səksən)

gün ərzində və ya Bank ilə Agent arasında razılaşdırılmış başqa bir müddət ərzində, Agent Banka satınalma məbləğinin ilk ödənişi haqda sorğu təqdim etməzsə, Bank Agentə bildiriş göndərərək bu Sazişi ləğv edə bilər.

6.3. Əgər təyin olunmuş məbləğin hər hansı bir hissəsi 31.12.2007-ci il tarixinə və ya Bank ilə Agent arasında razılaşdırılmış digər sonrakı müddətə qədər istifadə olunmazsa, Bank Agentlə məsləhətləşməkdən sonra məbləğin istifadə olunmamış hissəsini ləğv edə bilər.

7. Agentin avadanlığı almaq və Bankın onu satmaq öhdəliyi

7.1. Agent Bankdan avadanlıq alma öhdəliyini götürür və Bank, Təsdiq etdiyi (Preambulada, B paraqrafında göstərildiyi kimi) şərtlər və Ümumi Şərtlər daxilində avadanlığı Agentə satmağı öz öhdəsinə götürür.

7.2. Satış Sazişi, təchizat tarixindən dərhal sonra telekslərin mübadiləsi vasitəsilə Bank və Agent arasında imzalanmalıdır. Mübadilə ediləcək telekslər, III Əlavədə göstərilmiş Agentin tərkibindən və IV Əlavədə göstərilmiş Bankın razılığından ibarət olmalıdır.

7.3. Əgər hər hansı bir səbəb nəticəsində Agent avadanlığın təchizatından

imtina edirsə, avadanlığın və ya onun hər hansı bir hissəsinin təchizatını yerinə yetirə bilmirsə, 7.2-ci maddəyə müvafiq Satış Sazişini imzalamırsa və ya ondan imtina edirsə, Bank özünün təyin etdiyi formada avadanlığın təchizatını həyata keçirmək və onu satmaq (lakin hər hansı bir öhdəlik olmadan) hüququna malikdir. Bundan başqa, Bank satış qiyməti ilə Bankın avadanlıqla bağlı digər xərclərlə birlikdə ödədiyi qiymət arasındakı fərqi aradan qaldırmaq üçün zəruri hesab etdiyi tədbirləri görmək hüququna malikdir.

8. Agentin təsdiq və təminatları

Agent Banka aşağıdakıları təsdiq edir və təminat verir:

1) Bu Sazişin və Satış Sazişinin qanuni qüvvəyə minməsi, bunlarda nəzərdə tutulmuş hüquqlardan istifadə edilməsi və götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan bütün ölkədaxili zəruri hüquqi prosedurlar lazımınca həyata keçirilmişdir və hüquqi qüvvəyə malikdir.

2) Onun bu Saziş və Satış Sazişi üzrə öhdəlikləri qanunidir, qüvvədədir və öz şərtləri daxilində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun öhdəliklərdir və bu iki Sazişin qanuniliyi, hüquqi qüvvə daşıması üçün Azərbaycan Respublikasının hər hansı məhkəməsi və ya dövlət agentliyi tərəfindən qeydiyyata alınmasına ehtiyac yoxdur.

9. Sazişin qüvvəyə minməsi

Bu Saziş və Satış Sazişi üzrə Agent tərəfindən götürülmüş öhdəliklər qanuni

və müvafiq qaydada icra olunduğu, həmçinin bu Sazişin Azərbaycan qanunlarına

və bu Sazişə əsasən artıq mütləq qüvvəyə malik olduğu barədə Agent

tərəfindən Bankı qane edəcək şəkildə Agentin hüquq müşavirinin Hüquqi Rəyi Banka təqdim edilməyincə, bu Saziş qüvvəyə minmiş sayılmayacaq.

10. Sazişin qüvvəyə minməsi səbəbindən etibarsız sayılması

Əgər bu Saziş 20.12.2005-ci il tarixinə qədər qüvvəyə minməzsə, Bank tərəfindən gecikmənin səbəbləri nəzərdən keçirilərək, başqa bir tarix müəyyənləşdirilənədək Saziş və tərəflərin bütün öhdəlikləri etibarsız sayılacaqdır. Bank Agentə bu tarix haqqında dərhal məlumat verməlidir.

11. Sazişin ləğv olunması və dayandırılması

11.1. Bank tərəfindən və ya onun adından üçüncü tərəflə öhdəlik rəsmiləşdirilməmişsə;

1) Agent təyin olunmuş məbləği və ya onun bir hissəsini ləğv etməyi Bankdan tələb edə bilər.

2) Bank aşağıdakı hallarda Agentə məlumat verərək, satınalma qiymətinin və ya onun bir hissəsinin ödənişini dayandıra bilər:

a) Bu Sazişdən fərqli başqa bir Sazişə görə, Agent Banka və ya onun filialına hər hansı bir məbləğin ödənilməsi ilə bağlı öz öhdəliklərini yerinə yetirə bilmədikdə;

b) Agent bu Sazişdə nəzərdə tutulan istənilən öhdəliyi yerinə yetirə bilmədikdə;

c) Agent öz borcunun ödənilməsinə moratorium elan etdikdə;

d) (i) Bankın fikrincə, Layihənin Agent tərəfindən həyata keçirilməsini qeyri-mümkün edə bilən və ya (ii) bu Sazişin nəzərdə tutduğu məqsədlərə çatmağa imkan verməyən fövqəladə hadisə baş verdikdə;

e) Bankda Azərbaycan Respublikasının üzvlüyü dayandırıldıqda və ya Azərbaycan Respublikası Bankın üzvlüyündən çıxarıldıqda;

f) Agent tərəfindən Banka qarşı irəli sürülən hər hansı iddia və ya bu Saziş əsasında tərtib olunan və Layihənin təsdiq edilməsi və Sazişin qüvvəyə minmə prosesi zamanı Banka verilən hər hansı bir bəyanat, material nöqteyinəzərindən etibarsız hesab edildikdə;

g) Layihəni birgə maliyyələşdirən hər hansı maliyyə institutu tərəfindən maliyyələşdirilmə dayandırıldıqda və ya ləğv olunduqda.

Satınalma qiymətinin Bank tərəfindən ödənilməsi, ödənişin tam və ya qismən dayandırılmasına gətirib çıxaran səbəblər aradan qaldırılanadək və ya Bankın Satınalma qiymətinin ödənilməsi ilə bağlı öhdəliyinin bərpa edilməsi barədə Agentə məlumat verəcəyi halda davam edəcəkdir. Öhdəliklərin bərpa edilməsi haqqında belə bir bildiriş verildikdə, Satınalma qiymətinin ödənilməsi ilə bağlı öhdəlik ancaq bu bildirişdə göstərilən şərtlər daxilində bərpa ediləcək və başqa hər hansı bir bildirişin Bankın hüquq və vəzifələrinə heç bir təsiri olmayacaq.

11.2. 6.2 və 6.3-cü maddələrə uyğun olaraq, əgər a) Satınalma qiymətinin ödənilməsi üzrə öhdəlik təyin olunmuş məbləğin hər hansı bir hissəsi ilə əlaqəli şəkildə 90 (doxsan) gün müddətinə dayandırılarsa və ya b) Bankın Agentlə məsləhətləşmələrindən sonra layihənin maliyyələşdirilməsi üçün təyin olunmuş məbləğin hər hansı bir hissəsinin tələb edilməməsi qərara alınarsa, bu zaman Bank bu hissənin ödənilməsi ilə bağlı öhdəliyin ləğv edildiyini bildirişlə Agentə məlumat verə bilər. Bu bildirişin alınmasından sonra təyin olunmuş məbləğin bu hissəsi ləğv olunmuş sayılacaq.

12. İmtina hüququ

Bankın bu Saziş üzrə öz hüquqlarından istifadə edə bilməməsi, müdafiə edə bilməməsi və bunları gecikdirməsi, ya da Agentə qarşı tətbiq edilə biləcək hüquqi müdafiə vasitələrindən istifadə etməməsi və ya gecikdirməsi bu hüquq və vasitələrin mövcudluğunu şübhə altına almamalı və onlardan imtina etmək kimi başa düşülməməlidir.

13. Tənzimləyici qanun, Mübahisələrin həlli

13.1. Bu Saziş İslam Şəriətinin prinsiplərinə uyğun olaraq tənzimlənəcək.

13.2. Tərəflər arasında bu Saziş və ya Satış Sazişi üzrə hər hansı bir fikir ayrılığı, ya da bu Saziş və ya Satış Sazişi üzrə tərəflərdən birinin digərinə olan iddiası, bu barədə bildirişin tarixindən etibarən 60 gün müddətində həll edilməzsə, bu zaman mübahisə Arbitraj Məhkəməsi tərəfindən aşağıda göstərilən şəkildə həll olunacaq:

a) Arbitraj Məhkəməsindəki tərəflər - bir tərəfdən Bank (Satıcı), digər tərəfdən Agent (Alıcı) olmalıdır.

b) Arbitraj Məhkəməsinin tərkibi aşağıda göstərildiyi kimi 3 hakimdən ibarət olmalıdır:

Birinci hakim Bank (Satıcı) tərəfindən, ikinci hakim Agent (Alıcı) tərəfindən, üçüncü hakim isə (bundan sonra - “Müstəqil hakim” adlanacaq) tərəflərin qarşılıqlı razılığı əsasında, tərəflər razı olmadıqda isə İslam Konfransı Təşkilatının Baş katibi tərəfindən və əgər Baş katib Azərbaycan Respublikası vətəndaşı olarsa, təşkilatda Baş katibdən sonrakı ən yüksək vəzifəni tutan qeyri-azərbaycanlı rəsmi şəxs tərəfindən təyin olunacaq. Əgər tərəflər hakimlərin təyini barəsində razılığa gəlməzlərsə, bu halda hakimləri İKT-nin Baş katibi təyin edəcək.

Əgər bu maddəyə uyğun olaraq təyin edilən hər hansı bir hakim istefaya gedərsə, vəfat edərsə və ya iş qabiliyyətini itirərsə, onun hüquqi varisi olan başqa bir hakim eyni qaydalar əsasında təyin olunmalıdır və bu hakim əvvəlki hakimin bütün hüquq və səlahiyyətlərinə malik olmalıdır.

c) Bu maddəyə əsasən arbitraj prosesləri Tərəflərdən birinin digərinə belə proseslərin başlanması barədə bildirişi ilə həyata keçirilir. Belə bildiriş arbitrajda müzakirəyə çıxarılacaq mübahisə və iddianın xarakterini ortaya çıxaran təsdiqedici dəlillər, işin mahiyyəti, tərəfin təyin etdiyi hakimin və təklif olunan müstəqil hakimin adı barədə məlumatlardan ibarət olmalıdır. Bu bildirişin təqdim olunduğu tarixdən etibarən 30 (otuz) gün ərzində Tərəflərdən biri prosesi təyin edən Tərəfə özünün təyin etdiyi hakimin adını və təklif olunan müstəqil hakimin təyini ilə bağlı razılıq və ya etirazını bildirməlidir.

d) Əgər belə bildirişin təqdim olunduğu tarixdən etibarən 60 (altmış) gün ərzində Tərəflər müstəqil hakimin təyini barədə razılığa gəlməsələr, bu halda Tərəflərdən hər hansı biri bu yarımmaddənin “b” paraqrafında izah olunduğu qaydada müstəqil hakimin təyinini tələb edə bilər.

(e) Arbitraj Məhkəməsi Müstəqil Hakim tərəfindən göstərilmiş vaxtda və yerdə toplanmalıdır. Uyğun olaraq, Arbitraj Məhkəməsi iclasın harada və nə zaman keçiriləcəyini təyin edir.

(f) Bu maddənin şərtlərinə uyğun olaraq və Tərəflərin fərqli şəkildə razılaşması ehtimalını istisna edərək, Arbitraj Məhkəməsi öz səlahiyyətlərində olan bütün məsələləri həll etməli və yuxarıda göstərilən məsələlərin həlli ilə əlaqədar öz prosedurlarını müəyyənləşdirməlidir. Arbitraj Məhkəməsinin bütün qərarları səs çoxluğu ilə qəbul edilməlidir.

(g) Arbitraj Məhkəməsi bütün tərəflərə ədalətli yanaşmalı və qərarları yazılı şəkildə təqdim etməlidir. Arbitraj Məhkəməsinin səs çoxluğu ilə imzaladığı qərar Arbitraj Məhkəməsinin qərarı hesab edilməlidir. Qəbul edilmiş qərarın imzalanmış surəti hər iki Tərəfə təqdim edilməlidir. Bu maddədə qeyd edilənlərə uyğun qəbul edilmiş istənilən bu cür qərar hər iki Tərəf üçün qəti və mütləq olmalıdır. Hər iki Tərəf bu maddədə qeyd edilənlərə uyğun olaraq Arbitraj Məhkəməsi tərəfindən çıxarılmış qərarı qəbul etməli və ona uyğun hərəkət etməlidir.

(h) Tərəflər arbitraj proseslərində iştirak etmək üçün tələb olunan hakim və başqa şəxslərin xidmətlərinin ödənilməsi üçün vəsaitin miqdarını müəyyən etməlidirlər. Əgər Arbitraj Məhkəməsi başlayana qədər Tərəflər ödəniş vəsaiti barədə razılığa gəlməzlərsə, öhdəlik üzrə ödənilməli olan məbləği Arbitraj Məhkəməsi müəyyən etməlidir. Bank (Satıcı) və Agent (Alıcı) Arbitraj işləri ilə bağlı öz xərclərini özləri ödəməlidirlər. Arbitraj Məhkəməsinin xərcləri Bank (Satıcı) və Agent (Alıcı) arasında bərabər bölüşdürülməlidir. Arbitraj Məhkəməsinin xərclərinin bölüşdürülməsi və ya ödənilməsi proseduru ilə əlaqədar bütün məsələlər Arbitraj Məhkəməsi tərəfindən müəyyən edilməlidir.

(i) Bu maddədə göstərilən Arbitraj Məhkəməsinin prosedurları Tərəflər arasında bu Saziş üzrə yaranmış anlaşılmazlıqların qarşısını almağa yönəldilmiş istənilən başqa prosedurlarla birlikdə aparılır.

(j) Qərarın müzakirəyə ehtiyacı olmadığına baxmayaraq, Tərəflər Məhkəmənin qərarının surətini aldıqdan sonrakı 30 (otuz) gün ərzində başqa Tərəfin məhkəmə qərarını yerinə yetirməsi məqsədilə prosedur qaydaları tətbiq etmək və ya bu işin yerinə yetirilməsini gücləndirmək və ya Müddətli Satış üzrə bu Sazişin şərtlərinin və ya məhkəmənin qərarının qüvvəyə minməsi üçün başqa müvafiq müdafiə vasitəsinə müraciət etmək üçün istənilən digər məhkəməyə müraciət edə bilər.

(k) Bu maddədəki hər hansı prosedurlarla və ya məhkəmə qərarlarının yerinə yetirilməsini gücləndirən istənilən prosedurlarla bağlı xidmətlər bu Sazişin 14-cü maddəsində şərh edilmiş şəkildə yerinə yetirilə bilər. Bu Sazişin Tərəfləri istənilən bu cür proseslər üçün xidmət üzrə bütün digər tələblərdən imtina edirlər.

14. Bildirişlər:

14.1. Bu Saziş üzrə tərəflər arasında tələb olunan hər hansı bildiriş və ya sorğu yazılı formada olmalı və teleks, məktub və ya faks şəklində verilməlidir. Bu cür bildiriş və ya sorğu o vaxt etibarlı sayıla bilər ki, həmin bildiriş və ya sorğu göndərilən Tərəfin burada - 14.2-ci yarımbənddə göstərilmiş ünvana və ya bildiriş və sorğu vermiş Tərəfin özünün göstərdiyi digər ünvana əllə birbaşa, poçtla, teleqrafla, teleks və ya faksla çatdırılmış olsun.

14.2. Yuxarıda qeyd edilən 14.1-ci yarımbəndin şərtlərinə uyğun olaraq,

Tərəflər öz ünvanlarını aşağıdakı şəkildə təqdim edirlər:

İslam İnkişaf Bankı üçün:

İslam İnkişaf Bankı

P.O.Box:5925

Ciddə-21432

Səudiyyə Ərəbistanı Krallığı.

Teleks: 601137 İSDB SJ

Cable: BANKİSLAMI JEDDAH

Faks: + 966-2-6366871.

Agent üçün:

Azərbaycan Respublikası

Bakı şəhəri, AZ 1022,

S. Vurğun küç., 83

Maliyyə Nazirliyi

Faks:  +994-12-4939398

           +994-12-4985381

 

Təsdiq etməklə, Tərəflər bu Sazişin Preambulasında göstərilən tarixdə bu Sazişi imzaladılar.

 

Azərbaycan Hökuməti üçün və onun adından:

_________________________________________

İslam İnkişaf Bankı üçün və onun adından:

_________________________________________

 

ƏLAVƏ I

AVADANLIĞIN SİYAHISI

 

1) Elektrik Veriliş Xətti üçün avadanlıq

Elektrik Veriliş Xətləri üçün tələb olunan avadanlıq aşağıdakılardan ibarətdir:

2) Yarımstansiya üçün avadanlıq

Yarımstansiya üçün tələb olunan avadanlıq aşağıdakılardan ibarətdir:

·         Hər biri 125 MVA olan 2 ədəd 330/110/10 kV-luq avtotransformator

·         330 və 110 kV-luq özəklər

·         330 və 110 kV-luq açarlar

·         330 və 110 kV-luq ayırıcılar

·         Transformatorlar (Xarici 330 kV və 110 kV-luq cərəyan və gərginlik transformatorları)

·         Açarlar

·         Statik Kondensatorun batareyası

·         Açarlar (qoşucu), güc transformatorları, gərginlik və cərəyan transformatorları

·         Akkumulyator batareyaları

·         İdarəetmə, siqnalizasiya və mühafizə panelləri

·         Güc və siqnal kabelləri

·         Yanğından mühafizə sistemləri

·         Ehtiyat hissələri

ƏLAVƏ II

 

LAYİHƏNİN TƏSVİRİ

 

Layihənin məqsədi Bakıdan 180 km məsafədə və Azərbaycan Respublikasının şimal-şərqində yerləşən Xaçmaz rayonunu etibarlı enerji təchizatı ilə təmin etməkdir. Əhalisi 500.000-dən çoxdur. Hal-hazırda Azərbaycan Respublikasının bu böyük regionu 330/220/110 kV-luq “Yaşma” yarımstansiyasından gələn (1950-ci ildə qurulmuş və indi istifadəyə yararsız olan) uzunluğu təxminən 120 km olan 2 ədəd 110 kV-luq elektrik veriliş xətti vasitəsilə enerji ilə təchiz olunur. Hazırkı vəziyyət paylayıcı şəbəkələrdə aşağı gərginlik, ifrat yüklənmiş xətlərlə ötürülmə nəticəsində yaranan böyük enerji itkiləri, aşağı etibarlılıq səviyyəsi və köhnə xətlərdə tez-tez baş verən nasazlıqlar kimi ciddi problemlər yaradır. Enerji sektorunun inkişafı regionda sosialiqtisadi tərəqqini sürətləndirdiyindən, Azərbaycan Respublikası Hökuməti regionu kifayət dərəcədə effektiv enerji paylayıcı sistemi və elektrik veriliş xətləri (EVX) ilə təmin etmək üçün zəruri tədbirlər görməyi qərara almışdır.

Bu layihə 330/110 kV-luq “Xaçmaz” yarımstansiyasının tikintisindən və onun Azərbaycan enerji sisteminə 330 kV-luq Dərbənd yarımstansiyası ilə qoşulan 330 kV-luq “Yaşma-Dərbənd” EVX-yə birləşdirilməsindən ibarət olacaqdır. Bu layihə regionu mövcud 110 kV-luq ifrat yüklənmiş xəttə əlavə olaraq 110 kV-luq paylayıcı şəbəkə ilə təmin edəcəkdir.

 

ƏLAVƏ III

TƏKLİF FORMASI

 

İslam İnkişaf Bankı

Ciddə

Səudiyyə Ərəbistanı Krallığı

Teleks № 601 137 İSDB SJ

 

Biz, Azərbaycan Respublikası Hökuməti bizimlə İslam İnkişaf Bankı arasında Imzalanmış___________________ 2004-cü il tarixli Sazişə və bunun 7- ci maddəsinə uyğun olaraq, Sazişin Preambula hissəsinin B paraqrafındakı və 5-ci Əlavədəki şərtlərlə bizim İslam İnkişaf Bankı adından qəbul etdiyimiz avadanlığın satın alınmasını təklif edirik.

 

Azərbaycan Respublikası

       Hökuməti adından

ƏLAVƏ IV

 

QƏBUL FORMASI

 

Sizin_______ №-li,__________________ 2004-cü il tarixli telekslə bildirilmiş təklifinizə cavab olaraq, İslam İnkişaf Bankı ilə imzalanmış_________________ 2004-cü il tarixli Sazişin 7-ci maddəsinə uyğun olaraq, Sazişin Preambula hissəsinin B paraqrafındakı və 5-ci Əlavədəki şərtlərlə Bankın adından qəbul etdiyiniz avadanlığın Sizə satılmasına razılıq veririk. Satış qiymətinin məbləği və onların tarixi aşağıdakı kimi olacaqdır:

 

İslam İnkişaf Bankı

 

ƏLAVƏ V

 

ÜMUMİ ŞƏRTLƏR

 

1. İfadələr

Bu Ümumi Şərtlərdə aşağıdakı ifadələr işlədilmişdir:

A. (i) Agent Sazişi - Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Bankın adından bu Sazişin I Əlavəsində sadalanmış Avadanlıqların alınması və təchiz olunması üçün Bankın Azərbaycan Respublikası Hökumətinə səlahiyyət verməsi haqqında Sazişdir.

(ii) Satıcı - İslam İnkişaf Bankıdır.

(iii) Alıcı - Azərbaycan Respublikası Hökumətidir.

B. Başqası razılaşdırılmayana qədər, buradakı bütün ifadələr Agent Sazişində müəyyən edilmiş mənaları daşıyacaq və eləcə də aşağıdakı əlavə ifadələr işlədiləcəkdir:

(i) Yerinə Yetirilmə Müddəti - Satınalma qiymətinin ilk ödəniş tarixindən başlayaraq 3 (üç) ildən sonra bitən və ya Satıcının müəyyən etdiyi istənilən digər bir müddətdir.

(ii) Satış Sazişinin Qüvvəyə Minmə Tarixi - Maddə 7-yə müvafiq olaraq, Satış Sazişinin qüvvəyə minməsi və ya qüvvəyə minmiş hesab edilməsi tarixidir.

(iii) Bank Günü - Alıcının Satış Sazişi üzrə Satıcıya müəyyən olunmuş valyuta ilə ödənişlər aparacağı məkanda bankların rəsmi surətdə açıq olduğu gündür.

(iv) Vergilər - Hər hansı vergi, rüsum və tutma və ya bu mənşəli digər ödənişləri ifadə edir (Ödənişin həyata keçirilməməsi və ya gecikdirilməsi ilə əlaqədar olaraq cərimələrə məhdudiyyət gətirmədən).

(v) Satış Qiyməti - Maddə 3-ə uyğun olaraq, Alıcının Satıcıya ödəməli olduğu avadanlığın qiymətidir.

(vi) İslam Dinarı (İD) - Satıcının Təsis Sazişinin 4(1)(a) maddəsinə uyğun olaraq, Satıcının pul vahididir; bir İslam Dinarı Beynəlxalq Valyuta Fondunun bir Xüsusi borcalma hüququna ekvivalentdir.

2. Avadanlığın Mülkiyyət Hüququnun Alıcıya keçməsi

2.1. Avadanlığın Mülkiyyət Hüququ Satış Sazişinin qüvvəyə minmə tarixindən etibarən Alıcıya keçir. Bu tarixdən başlayaraq, Alıcı avadanlığın mülkiyyətçisinə çevrilir və avadanlığın məruz qala biləcəyi hər hansı ziyan, dağıntı və ya tələfat üçün məsuliyyət daşıyır.

2.2. Alıcı etiraf edir ki, o, avadanlığı sınaqdan keçirmişdir və onun yaxşı vəziyyətdə olduğuna, müvafiq təftiş zamanı aşkar oluna biləcək hər hansı nöqsan və ya nasazlıqdan məhrum olduğuna və Satınalma Sazişinin bütün tələblərinə cavab verdiyinə əmin olmuşdur.

2.3. Əgər avadanlıqda hər hansı bir gizli nöqsan aşkar edilərsə, Satıcı Alıcının sınaqdan keçirib qəbul etdiyi Avadanlıq üçün Təchizatçı tərəfindən Satıcıya verilə biləcək hər hansı zəmanət, təminat və öhdəlikdən və qanuna görə və ya gömrük tərəfindən Satıcının xeyrinə tanınan bütün digər zəmanət və təminatlardan götürülən mənfəəti Alıcıya verəcəyini öz öhdəsinə götürür. Bu öhdəlikdən əlavə olaraq, Satıcı digər tədbirlər də görməlidir, belə ki, Alıcı haqlı olaraq Təchizatçıya qarşı iddia qaldırmaq tələbiylə çıxış edəcəkdir.

3. Satış Qiyməti

3.1. Satıcının avadanlığı Alıcıya satdığını nəzərə alaraq, Alıcı Agent Sazişinin IV Əlavəsində göstərilmiş Qəbul haqqında Bildirişdə Satıcının müəyyən etdiyi Ödəniş cədvəlinə uyğun olaraq (və ya Alıcının 3.2-ci maddədə göstərilən tərzdə xəbərdar edildiyi kimi) Satış Qiymətinin Satıcıya ödənilməsini öz üzərinə götürür. Ödəniş 24 (iyirmi dörd) bərabər yarımillik, ardıcıl hissələrlə aparılmalıdır. İlk ödəniş Yerinə Yetirmə Müddəti başa çatdıqdan 6 (altı) ay sonra edilməlidir və hər bir növbəti ödəniş əvvəlki ödənişdən sonrakı 6-cı ayın sonunda aparılmalıdır.

3.2. Əgər Satınalma Sazişi əsasında Avadanlıqların ayrı-ayrı hissələri müxtəlif vaxtlarda təchiz olunarsa, Satış Qiymətinin ödənişləri və onların tarixləri Avadanlığın sonuncu hissəsinin təchizat tarixindən sonra müəyyənləşdirilməli və Alıcıya bildirilməlidir.

3.3. Alıcı Satıcıya Satış Qiymətinin cari il üçün ödənişlərini vaxtında və ya vaxtından əvvəl yerinə yetirdikdə, o, həmin ildə Satıcıya ödəniləcək faizlərin 15%-i həcmində güzəşt hüququna malik olur.

4. Ödənişlər

4.1. Bu bəndin 4.4-cü yarımbəndinə uyğun olaraq Alıcı tərəfindən Satıcıya ödəniləcək hər bir ödəniş Satıcı üçün məqbul sayılan dönərli valyuta ilə müvafiq tarixlərdə Satıcının hesabına köçürülməli və ya Satıcının vaxtaşırı olaraq yazılı şəkildə Alıcıya bildirdiyi digər formalarda həyata keçirilməlidir.

4.2. Satıcıya ödənilən bütün ödənişlər o vaxt həyata keçirilmiş hesab edilir ki, aşağıdakı banklardan hər hansı biri ödənişin Satıcının aşağıda göstərilmiş hesablarından birinə qəbul edildiyini Satıcıya təsdiq etsin:

 

(a) Ödəniş ABŞ Dolları ilə aparılarsa;

Hesab № İBAN GB 36 SİNT 609 28000 1591 11

Gulf International Bank (UK) Limited

One Knightsbridge,

London SWIX 7XS

United Kingdom

SWIFT CODE: SINTGB2L

 

(b) Ödəniş Funt Sterlinq ilə aparılarsa;

Hesab № 122432 GBP 2520 01

Gulf International Bank B.S.C

London Branch

One Knightsbridge,

London SWIX 7XS

United Kingdom

SWIFT CODE: GULF GB2L

 

(c) Ödəniş Avro ilə aparılarsa;

Hesab № IBAN FR 76 4389 9000 0196 9650 0151 088

Union De Banques Arabes Et Francaises (UBAF)

92523 Paric, Neuilly Cedex, France

Telex № 610334 UBAF

SWIFT CODE: UBAFRPPXXX

 

4.3. Əgər hər hansı ödənişin tarixi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti iş günündə edilməlidir.

4.4. İslam Dinarı Alıcı tərəfindən ödənilmiş hər bir və hər hansı məbləğin hesab vahididir. Əgər İslam Dinarını başqa valyutaya və ya əksinə çevirmək tələb olunarsa, bu halda müvafiq valyuta mübadiləsi kursu Satıcı tərəfindən müəyyənləşdirilməlidir. Satıcı, adətən bu cür mübadiləni Beynəlxalq Valyuta Fondunun Xüsusi borcalma hüququnun mövcud mübadilə kursu əsasında ödənişin aparıldığı gün BVF-nin göstərişinə uyğun olaraq həyata keçirilir.

4.5. Alıcı tərəfindən həyata keçirilən bütün ödənişlər hər hansı vergi, rüsum və digər tutulmalardan azad olmalıdır. Əgər Alıcı hər hansı ödənişə qanun əsasında tutulma tətbiq etməlidirsə, onun ödəməli olduğu məbləğ müvafiq həcmdə artırılmalıdır. Bu o deməkdir ki, bu cür tutulma tətbiq edildikdən sonra bununla əlaqədar heç bir öhdəliyə malik olmayan Satıcı ödənilməli olan məbləği heç bir tutulma və ya çıxarış olmadan tam şəkildə almalıdır.

5. Alıcının öz öhdəliklərini yerinə yetirməməsi

Aşağıdakı hallarda Alıcı Satış Sazişi üzrə öhdəliklərini yerinə yetirməmiş hesab edilir:

(a) Alıcı Satış Sazişi üzrə ödənilməli olan məbləği ödəniş tarixindən 30 (otuz) gün ərzində tam şəkildə ödəyə bilmədikdə (Satıcının ödənilməli olan məbləğin bir hissəsini qəbul etməsi Alıcının ödənişi tam şəkildə həyata keçirə bilməməsi faktını inkar etmir);

(b) Alıcının Agent Sazişi üzrə hər hansı təqdimat və ya zəmanəti təqdimat günündə yanlış və ya etibarsız hesab edildikdə;

(c) Alıcı Satış Sazişi üzrə öz maddi öhdəliklərini yerinə yetirmədikdə və ya pozduqda.

6. Hüquqi müdafiə vasitələri

Əgər Alıcı öz öhdəliklərindən hər hansı birini yerinə yetirməzsə və bu barədə Satıcının Alıcıya bildirişindən etibarən 30 (otuz) gün ərzində bu nöqsanı aradan qaldırmazsa, Satıcı ödənilməli olan satış qiymətinin ödənilməmiş hissəsinin balansını elan edir ki, bundan sonra da Alıcı satış qiymətinin ödənilməmiş qalıq hissəsini ödənilməli olan digər ödənişlərlə birlikdə təcili surətdə Satıcıya ödəməli olur.

7. Satış Sazişinin qüvvəyə minmə tarixi

7.1. Satış Sazişi Agent Sazişinin 7.2-ci maddəsində göstərilmiş Satıcının Qəbul haqqında bildirişinin Alıcıya göndərildiyi tarixdən etibarən qüvvəyə minir.

7.2. Alıcı Satış Sazişinin qüvvəyə minmə tarixindən əvvəl Avadanlıqdan istifadə etmək hüququna malik deyildir. Bununla belə, Alıcı Agentlik Sazişinin 7.2-ci maddəsində göstərilmiş Təklif Formasını Təchizat tarixindən 21 (iyirmi bir) gün ərzində Satıcıya göndərməzsə, bu halda Satış Sazişi Təchizat tarixindən etibarən qüvvəyə minmiş hesab ediləcəkdir.

8. Hesabatlar

Alıcı Satıcıya aşağıdakı hesabatları təqdim etməyi öz öhdəsinə götürür:

(a) Agent Sazişinin qüvvəyə mindiyi tarixdən sonrakı 3 (üç) ay müddətində və bundan sonra hər 3 (üç) aydan bir Layihənin yerinə yetirilməsi və görülmüş işlər haqqında Satıcının müəyyənləşdirdiyi formaya uyğun vaxtaşırı hesabat;

(b) Layihə başa çatdıqdan sonra, lakin bu vaxtdan 6 (altı) aydan gec olmayaraq, Layihənin icrasının ilkin dövrünə və yerinə yetirilməsi gedişinə dair Layihənin başa çatdırılması haqqında Satıcının tələb edə biləcəyi həcm və formada yekun hesabat;

(c) Satıcının vaxtaşırı olaraq tələb edə biləcəyi digər hesabat və məlumatlar.

9. İmtina hüququ

Satıcının Satış Sazişi üzrə öz hüquqlarını müdafiə edə bilməməsi və ya ondan istifadə edə bilməməsi və bunları gecikdirməsi, ya da Alıcıya qarşı tətbiq edilə biləcək hüquqi müdafiə vasitələrindən istifadə edə bilməməsi və ya gecikdirməsi bu hüquq və vasitələrin mövcudluğunu şübhə altına almamalı və onlardan imtina etmək kimi başa düşülməməlidir.

10. Tənzimləyici qanun, mübahisələrin həlli

10.1. Satış Sazişi İslam Şəriətinin prinsiplərinə uyğun olaraq tənzimlənir və təfsir olunur.

10.2. Satıcı və Alıcı Satış Sazişinin icrası və ya təfsiri ilə əlaqədar hər hansı mübahisəli məsələləri qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışmalıdırlar. Sülh yolu ilə həll edilə bilməyən hər hansı mübahisə Agent Sazişinin 13-cü maddəsində şərh edilmiş Arbitraj qaydalarına uyğun olaraq Arbitraj Məhkəməsində baxılmalıdır.

11. Bildirişlər

Satış Sazişi üzrə Tərəflər arasında tələb olunan hər hansı bildiriş və ya sorğu yazılı formada olmalı və teleks, məktub və ya faks şəklində verilməlidir. Bu cür bildiriş və ya sorğu o vaxt etibarlı sayıla bilər ki, həmin bildiriş və ya sorğu göndərilən Tərəfin Agent Sazişinin 14.2-ci maddəsində göstərilmiş ünvanına və ya bildiriş və sorğu vermiş Tərəfin özünün göstərdiyi ünvana əllə birbaşa, poçtla, teleqrafla, teleks və ya faksla çatdırılmış olsun.