İnformasiya
əldə etmək haqqında Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi
aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
İnformasiya
əldə etmək haqqında Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli
Fərmanının 1.4-cü, 1.5-ci və 1.6-cı
bəndlərinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
Sənədlərin saxlanmasına,
komplektləşdirilməsinə və mühafizəsinə dair
Qaydalar, Sənədlərin reyestrinin yaradılması,
saxlanması və vaxtaşırı yeniləşdirilməsi
Qaydaları və Sənədlərin reyestrindən istifadəyə
dair Qaydalar təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bakı
şəhəri, 7 fevral 2006-cı il Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
№ 38
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 7 fevral tarixli 38 nömrəli qərarı
ilə
TƏSDİQ EDİLMİŞDİR
Sənədlərin
saxlanmasına, komplektləşdirilməsinə və
mühafizəsinə dair
QAYDALAR
1. ÜMUMİ
MÜDDƏALAR
1.1.
Bu Qaydalar İnformasiya əldə etmək haqqında
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9
dekabr tarixli 326 nömrəli Fərmanının 1.4-cü
bəndinə uyğun olaraq hazırlanmışdır.
1.2.
Bu Qaydalar İnformasiya əldə etmək haqqında
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq informasiya
sahibləri tərəfindən sənədlərin
saxlanmasını, komplektləşdirilməsini və
mühafizəsini nizamlayır.
1.3.
İnformasiya əldə etmək haqqında Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq dövlət orqanları
və bələdiyyələr, habelə ictimai funksiyaları
yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ
hüquqi aktlarla və ya müqavilə əsasında təhsil,
səhiyyə, mədəniyyət və sosial
sahələrdə xidmət göstərən özəl hüquqi
şəxslər və fiziki şəxslər informasiya
sahibləri sayılır. Bu hüquqi və fiziki
şəxslərə informasiya sahiblərinin
vəzifələri yalnız ictimai funksiyaların yerinə
yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə
əsasında təhsil, səhiyyə, mədəniyyət və
sosial sahələrdə göstərilən xidmət
nəticəsində yaranan və ya əldə edilən
informasiyalar üzrə şamil olunur.
1.4.
Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya
müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi
şəxslər malların və xidmətlərin təklif
edilməsi şərtlərinə və onların
qiymətlərinə həmin şərtlərdə və
qiymətlərdə dəyişikliklərə aid informasiyalar
üzrə, tamamilə və ya qismən dövlət
mülkiyyətində, yaxud asılılığında olan
qeyri-kommersiya təşkilatları, büdcədənkənar
fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak
etdiyi kommersiya birlikləri isə dövlət büdcəsindən
verilmiş vəsaitdən və ya onlara ayrılmış
əmlakdan istifadəyə aid informasiyalar üzrə informasiya
sahiblərinə bərabər tutulurlar.
2.
SƏNƏDLƏRİN SAXLANILMASI
2.1.
Maddi daşıyıcıda mətn, səs və ya təsvir
formasında qeydə alınan və identikləşdirməyə
imkan verən istənilən rekvizitli informasiya
mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan,
mülkiyyət növündən, mənsub olduğu təşkilat
tərəfindən yaradılıb-yaradılmamasından
asılı olmayaraq sənədləşdirilmiş informasiya
(bundan sonra - sənəd) hesab olunur.
2.2.
İnformasiya sahibi aşağıdakı hallarda
sənədə malikdir:
2.2.1.
informasiya sahibində mövcud olan sənəd digər informasiya
sahibinə məxsus deyilsə;
2.2.2.
digər informasiya sahibində mövcud olan sənəd informasiya
sahibinə məxsusdursa.
2.3.
Sənəd İcra hakimiyyəti orqanlarının, idarə,
müəssisə və təşkilatların fəaliyyəti
nəticəsində yaranan sənədlərin saxlanma
müddətləri göstərilməklə nümunəvi
Siyahısına müvafiq və arxiv sənədlərinin
saxlanması tələblərinə uyğun olaraq xüsusi
saxlama yerlərində saxlanılır.
2.4.
Xidməti istifadə üçün nəzərdə tutulan
sənədlərin və (və ya) onların
saxlandığı qovluğun üzərinə Xidməti
istifadə üçün qeydi yazılır. Fərdi məlumatları
əks etdirən sənədlərin və (və ya)
onların saxlandığı qovluğun üzərində
Xidməti istifadə üçün. Fərdi məlumatlar qeydi
aparılır. Hər iki halda sənədlərin və
(və ya) onların saxlandığı qovluğun
üzərində məhdudiyyətin qüvvəyə mindiyi və
qüvvədən düşdüyü tarix göstərilməlidir.
2.5.
Məxfi sənədlərin saxlanması müvafiq
qanunvericiliklə tənzimlənir.
3.
SƏNƏDLƏRİN
KOMPLEKTLƏŞDİRİLMƏSİ
3.1.
Sənədlərin komplektləşdirilməsi dedikdə,
onların müntəzəm surətdə aidiyyəti olan
sənədlərlə tamamlanması nəzərdə
tutulur.
3.2.
Sənədlərin komplektləşdirilməsinə
rəhbərlik və nəzarət bilavasitə informasiya
sahibi tərəfindən həyata keçirilir.
3.3.
Sənədlərin komplektləşdirilməsi işinə
aşağıdakı proseslər daxildir:
3.3.1.
sənədlərin tərkibinin öyrənilməsi;
3.3.2.
sənədlərin aidiyyətinin müəyyən edilməsi;
3.3.3.
sənədlərin aidiyyəti olan digər
sənədlərə əlavə edilməsi.
4.
SƏNƏDLƏRİN MÜHAFİZƏSİ
4.1.
Sənədlərin mühafizəsini təmin etmək üçün
aşağıdakı tədbirlər kompleksi həyata
keçirilməlidir:
4.1.1.
sənədlərin mühafizəsi üçün optimal şərait
yaratmaq;
4.1.2.
sənədlərin istifadə üçün verilməsinə
nəzarət etmək;
4.1.3.
sənədlərin mövcudluğu və fiziki
vəziyyətlərini yoxlamaq;
4.1.4.
xüsusi qiymətli sənədlər üçün sığorta və
istifadə fondu yaratmaq.
4.2.
Sənədlər xüsusi qəfəslərdən,
rəflərdən, seyflərdən, qutulardan, qovluqlardan
və ya digər xüsusi vasitələrdən istifadə
edilməklə mühafizə olunur.
4.3.
Sənədlərin mühafizəsi üçün optimal şərait
yaratmaq məqsədilə sənədlər saxlanılan mühafizəxanalar
yanğından mühafizə vasitələri və yanğın
əleyhinə siqnalizasiya sistemləri ilə təchiz
edilməli, orada optimal temperatur (rütubət) təmin edilməli
və sanitar-gigiyena rejimi yaradan texniki vasitələrdən
istifadə edilməlidir.
4.4.
Milli arxiv fonduna daxil olan arxiv sənədləri Milli arxiv
fondu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu
maddəsində göstərilən müddətlər başa
çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət
arxivlərinə təhvil verilir.
5.
MƏSULİYYƏT
İnformasiya
sahibi malik olduğu sənədlərin bu Qaydalara uyğun
saxlanmasının, komplektləşdirilməsinin və
mühafizəsinin təşkilinə görə məsuliyyət
daşıyır.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 7 fevral tarixli 38 nömrəli qərarı
ilə
TƏSDİQ
EDİLMİŞDİR
Sənədlərin
reyestrinin yaradılması, saxlanması və
vaxtaşırı yeniləşdirilməsi
QAYDALAR I
1. ÜMUMİ
MÜDDƏALAR
1.1.
Bu Qaydalar İnformasiya əldə etmək haqqında
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9
dekabr tarixli 326 nömrəli Fərmanının 1.5-ci
bəndinə uyğun olaraq hazırlanmışdır.
1.2.
Bu Qaydalar İnformasiya əldə etmək haqqında
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq informasiya
sahibləri tərəfindən sənədlərin reyestrinin
yaradılması, saxlanması və vaxtaşırı
yeniləşdirilməsi məsələlərini
tənzimləyir.
2.
SƏNƏDLƏRİN REYESTRİNİN YARADILMASI
2.1.
Sənədlərin reyestri (bundan sonra - reyestr) informasiya
sahibinə daxil
olan, ictimai vəzifələrin
yerinə yetirilməsi nəticəsində yaradılan və
ya əldə edilən informasiyaların qeydə
alındığı və hər kəsin istifadə edə
biləcəyi elektron məlumat toplusudur.
2.2.
İnformasiya sahibi sənədlərin reyestrini
aparmalıdır.
2.3.
İnformasiya sahibi reyestrdə aşağıda sadalanan
sənədləri bu bənddə göstərilən
müddətdə qeydə almalıdır:
2.3.1.
daxil olan, göndərilən və ya idarə daxilində
hazırlanan sənədlər - daxil olduğu, göndərildiyi
və ya idarə daxilində hazırlandığı gün;
2.3.2.
hüquqi aktlar - imzalandığı gün;
2.3.3.
müqavilələr - qüvvəyə mindiyi gün.
2.4.
Mühasibat sənədləri, təbrik məktubları,
bildirişlər, memorandumlar, zəmanətlər, habelə
iclaslar, müşavirələr, konfranslar və digər
kütləvi tədbirlərin proqramları və ya belə
tədbirlər haqqında məlumatlar, müxtəlif statistik
hesabatlar sənədlərin reyestrində qeydə
alınmır.
2.5.
Yazılı informasiya sorğusu üzrə reyestrə
aşağıdakı məlumatlar daxil edilir:
2.5.1.
sorğuçunun adı və soyadı;
2.5.2.
sorğu hüquqi şəxs tərəfindən təqdim
edildikdə - həmçinin hüquqi şəxsin adı;
2.5.3.
informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün
sorğuçuya aid əlaqə məlumatları (poçt və ya
elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);
2.5.4.
sorğu edilən informasiyanın məzmunu, yaxud
sənədin növü və ya adı, sənədin sorğuçuya
bəlli olan rekvizitləri;
2.5.5.
informasiyanın təqdim edilmə forması.
2.6.
Reyestrə bu Qaydaların 2.5-ci bəndində sadalananlarla
yanaşı, aşağıdakı məlumatlar da daxil
edilməlidir:
2.6.1.
sənədin daxil olma və ya göndərilmə üsulu (elektron
poçt, poçt, telefaks vasitəsilə, yaxud şəxsən
təqdim etməklə);
2.6.2.
sənədin növü (informasiya sorğusu, təklif, ərizə
və şikayət, raport, normativ xarakterli akt və s.);
2.6.3.
əgər varsa, sənədin əldə olunmasına qoyulan
məhdudiyyətlər və s.
2.7.
Reyestrdə, həmçinin baxılma və ya cavab tələb
edən sənədin icrası üçün qanunla
müəyyənləşdirilmiş müddət, struktur bölmənin
adı, habelə cavabı tərtib edən vəzifəli
şəxsin adı və soyadı göstərilməlidir.
2.8.
Konfidensial məlumatlar reyestrin qapalı bölməsinə daxil
edilir.
3.
REYESTRİN SAXLANMASI
3.1.
Reyestr elektron məlumat toplusu olmaqla müvafiq elektron
daşıyıcılarda saxlanılır.
3.2.
Reyestr məlumatlarının sığorta nüsxəsi
yaradılır və ayrıca elektron daşıyıcıda
heç bir lokal, yaxud qlobal şəbəkəyə
çıxış olmamaq şərtilə saxlanılır.
3.3.
Reyestrə məlumatlar buna xüsusi səlahiyyəti olan
operatorlar tərəfindən daxil edilir.
3.4.
İnformasiyanın məhvinin, itməsinin,
saxtalaşdırılmasının, habelə informasiyanın
məhvi, modifikasiyası, surətinin çıxarılması,
təcrid edilməsi üzrə sanksiyalaşdırılmamış
hərəkətlərin qarşısının
alınması məqsədilə reyestr informasiya mühafizə
vasitələri və sistemləri ilə müdafiə olunur.
4.
REYESTRİN VAXTAŞIRI
YENİLƏŞDİRİLMƏSİ
4.1.
Məlumatların aktual vəziyyətdə saxlanması
məqsədilə reyestr vaxtaşırı
yeniləşdirilir.
4.2.
İnformasiya sorğusunun icrası və icrasından imtina
reyestrdə qeydə alınır. İnformasiya sorğusu icra
olunduqda və ya icrasından imtina edildikdə reyestrə
aşağıdakı məlumatlar daxil edilir:
4.2.1.
sorğunun icrasına məsul olan vəzifəli şəxsin
adı və soyadı;
4.2.2.
surəti, tərcüməsi və ya çıxarışları
verilmiş sənədlərin rekvizitləri;
4.2.3.
sorğunun icra edildiyi və ya icrasından imtina edildiyi tarix;
4.2.4.
sorğunun icrasından imtina üçün İnformasiya əldə
etmək haqqında Azərbaycan Respublikasının Qanunu
ilə müəyyənləşdirilmiş əsaslar.
4.3.
İnformasiyanın əldə olunmasına qoyulan
məhdudiyyətin qüvvədən düşmüş hesab edilməsi
reyestrdə qeyd olunur.
4.4.
Reyestrdə sənəd haqqında məlumat müvafiq
sənədin saxlanma müddəti başa çatanadək
saxlanılır.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 7 fevral tarixli 38 nömrəli qərarı
ilə
TƏSDİQ
EDİLMİŞDİR
Sənədlərin
reyestrindən istifadəyə dair QAYDALAR
1.
Bu Qaydalar İnformasiya əldə etmək haqqında
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9
dekabr tarixli 326 nömrəli Fərmanının 1.6-cı
bəndinə uyğun olaraq hazırlanmışdır.
2.
Bu Qaydalar İnformasiya əldə etmək haqqında
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq
sənədlərin reyestrindən istifadənin və
sənədin axtarılmasının asanlaşdırılmasına
yönəldilmişdir.
3.
Sənədlərin reyestri (bundan sonra - reyestr) informasiya
sahibinə daxil olan, ictimai vəzifələrin yerinə
yetirilməsi nəticəsində yaradılan və ya
əldə edilən informasiyaların qeydə
alındığı və hər kəsin istifadə edə
biləcəyi elektron məlumat toplusudur.
4.
Reyestr onun qapalı hissəsi istisna olmaqla ümumi istifadə üçün
açıq olur.
5.
İnformasiya sahibi internet informasiya ehtiyatı vasitəsilə
reyestri ümumi istifadəyə verir. Bundan başqa, informasiya
sahibi informasiya texnologiyalarından istifadə etməklə,
reyestrdən bilavasitə vətəndaşların, o
cümlədən informasiya sorğularının qəbul edildiyi
məkanda operativ surətdə istifadə etmək
imkanını yaradır.
6.
Reyestrdə sənədin axtarılmasının
asanlaşdırılması məqsədilə reyestrin
avtomatlaşdırılmış axtarış sistemi
yaradılır.
7.
Reyestrdə avtomatlaşdırılmış axtarış
aşağıdakı parametrlər üzrə aparılır:
sorğuçunun
adı və soyadı;
sorğu
hüquqi şəxs tərəfindən təqdim edildikdə -
həmçinin hüquqi şəxsin adı;
sənədin
adı, tarixi, nömrəsi;
sənədin
növü (informasiya sorğusu, təklif, ərizə və
şikayət, raport, normativ xarakterli akt və s.).