Azərbaycan Respublikası "Azərikimya" Dövlət şirkəti Əsasnaməsinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikası "Azərikimya" Dövlət şirkəti yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 13 sentyabr tarixli 199 saylı Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası "Azərikimya" Dövlət şirkətinin Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış əlavə olunan Əsasnaməsi və təşkilat strukturu təsdiq edilsin.[1]

2. Azərbaycan Respublikası "Azərikimya" Dövlət şirkəti haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktaybr tarixli 558 saylı qərarı qüvvəsini itirmiş hesab edilsin.

 

Ə.MƏSİMOV

Azərbaycan Respublikasının Baş nazirin

səlahiyyətlərini icra edən

 

Bakı şəhəri, 12 mart 1993-cü il

143

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1993-cü il 12 mart tarixli, 143 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası "Azərikimya" Dövlət Şirkətinin
Əsasnaməsi

I. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası "Azərikimya" Dövlət Şirkəti (sonra şirkət) qarşılıqlı iqtisadi əlaqələr zəminində tam təsərrüfat hesabı, özxərcini ödəmə, özünümaliyyələşdirmə və valyuta ilə özünütəminetmə prinsipləri əsasında fəaliyyət göstərən kimya və neft-kimya sənayesi üzrə istehsalat, elm-istehsalat və kommersiya birliklərini, zavodları, elmi və layihə təşkilatlarını (sonradan müəssisə) birləşdirən müstəqil dövlət elm-istehsalat-təsərrüfat kompleksidir.

Şirkətin tərkibinə həmçinin Azərbaycan Respublikası ilə xarici sahibkarların birgə mülkiyyəti olan müəssisələr də daxil ola bilərlər.

1.2. "Azərikimya" Şirkəti öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Prezident aparatının rəhbərliyi altında həyata keçirir.

1.3. Şirkət öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, respublikanın başqa dövlətlərlə sazişlərini, beynəlxalq hüquq normaları və aktlarını, digər normativ aktları, eləcə də Şirkətin Əsasnaməsini rəhbər tutur.

1.4. Şirkət hüquqi şəxsdir, müstəqil balansa, əmlaka özünün "Azərikimya" bankında, Respublika Milli Bankında və beynəlxalq banklarda hesablaşma hesabına, valyuta və digər hesablara malikdir.

1.5. Şirkətin Azərbaycan Respublikası Dövlət Gerbi əks etdirilmiş və öz adı yazılmış möhürü və habelə firma blankları, ştampı və başqa rekvizitləri vardır.

Şirkət öz fəaliyyətinə görə Nazirlik, onun prezidenti isə Nazir səlahiyyətinə malikdir.

1.6. Şirkətin tərkibindəki müəssisələrin balanslarında olan əsas və dövriyyə fondları, əmlak, ehtiyatlar, maddi-əmtəə qiymətliləri dövlətin mülkiyyətidir. Şirkət dövlətin adından bu mülkiyyətə sərəncam vermək hüququna malikdir.

1.7. "Azərikimya" Şirkəti Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il 199 nömrəli fərmanı ilə yaradılmışdır.

"Azərikimya" Şirkətinin rəhbər orqanları və işçi aparatı Azərbaycan Respublikasının Sumqayıt şəhərində yerləşir.

II. Şirkətin məqsəd və vəzifələri

2.1. Şirkətin məqsədi - Azərbaycan Respublikası kimya və neft kimyası kompleksinə daxil olan bütün müəssisələrin işini əlaqələndirmək, respublikada kimya sənayesinin inkişafının konsepsiya və strategiyasını təyin etmək, ekoloji cəhətdən təmiz və dünya standartlarına cavab verən texnoloji proseslərin tətbiq olunmasını təmin etmək və bununla Şirkətə daxil olan müəssisələrin və onların kollektivlərinin imkanlarından tam istifadə etməklə respublikanı yüksək keyfiyyətli kimya məhsulları və xalq istehlakı malları və başqa məhsullarla (işlərlə, xidmətlərlə) təmin olunmasına imkan yaratmaq, istehsalat və sosial xarakterli məsələləri müvəffəqiyyətlə həll etmək, material, maliyyə və başqa vəsaitlərdən səmərəli istifadə olunmasını artırmaq, müəssisələrin xarici ixracat potensialını yüksəltməkdir.

2.2. Şirkət özünün əsas məqsədlərini həyata keçirmək üçün aşağıdakıları təmin edir:

respublikanın xalq təsərrüfatının kimya və neft-kimyası məhsullarına olan tələbatını təmin etmək üçün tabeliyində olan müəssisələrdə dövlət sifarişlərini tam və vaxtında yerinə yetirilməsini;

sahənin inkişaf problemlərinin kompleks həllində, iqtisadiyyatın və istehsalatın imkanlarının inteqrasiyasından tam istifadə olunmasını, yüksək istehsal xassələrinə malik yeni məhsulların buraxılmasını, istehsalat strukturlarının bütün sahələrini və bütövlükdə sahənin mənafeyini təmin edən müəssisələrdə bazar iqtisadiyyatı əlaqələrinin tətbiq olunmasını;

fəaliyyətdə olan istehsalatların texniki cəhətdən təzələnməsini təmin etmək, yenidən qurmaq, müasir texniki səviyyədə olan yüksək səmərəli yeni istehsalatlar yaratmaq yolları ilə müəssisələrin və bütövlükdə şirkətin sürətlə tarazlaşdırılmış inkişafını təmin etmək məqsədilə tədqiqat, layihə-konstruktor işləri, inşaat, təmir, quraşdırma və sazlama təşkilatlarının xüsusi bazalarını yaratmağı və möhkəmləndirməyi;

tabeliyində olan müəssisələrdə xammal və təbii ehtiyatlardan tam və səmərəli istifadə etmək, istehsal xərclərinin azaldılması, əmək şəraitinin yaxşılaşdırılması, istehsalatların və müəssisələrin ekoloji təmizliyinin yüksəldilməsi və istismar olunan istehsalatlarda yüksək etibarlılığı və təhlükəsizliyi təmin edən tədbirlərin tətbiqini;

Şirkətin daxili imkanlarından və respublikanın mərkəzi kommersiya strukturlarından daha səmərəli istifadə etməklə şirkət müəssisələrinin material texniki təchizatının yaxşılaşdırılması, respublikadakı və xaricdəki başqa müəssisə və təşkilatlarla uzunmüddətli birbaşa əlaqələr yaratmağı;

Şirkət müəssisələrinin istehsal həcminin artırılması, kimya və neft-kimya məhsullarının texniki səviyyəsinin yüksəldilməsi və bu növ məhsulların ixracının artırılması üçün iqtisadi maraq yaratmağı;

Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan hər hansı fəaliyyətə, o cümlədən istehsalat, iqtisadi, kənd təsərrüfatı, ticarət, sosial-mədəni və başqa növ fəaliyyətlərə kömək etməyi;

müasir tələblərə cavab verən kadr siyasəti aparmağı;

ehtiyat kadrların formalaşdırılması, respublikada və xaricdə fəhlə və mühəndis-texniki işçilərin hazırlanmasının təkmilləşdirilməsinin təşkilini;

Şirkətin müəssisələrində vahid elmi-texniki siyasətin yeridilməsi, elmi-texniki və istehsalat potensialının prinsipcə yeni tipli mütərəqqi texnikanın, texnologiyanın və materialların hazırlanmasına və tətbiqinə məqsədli elmi-texniki proqramların hazırlanması və həyata keçirilməsini istiqamətləndirməyi;

Şirkətin istehsal və sosial bazasının inkişafının ümumi məsələlərini həll etmək üçün investisiya sahəsində vahid strategiyanın işlənib hazırlanması və həyata keçirilməsini, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsini və yenidən qurulmasını;

istehsalat məsələlərini həll etmək məqsədilə müəssisələrdə olan sərbəst maliyyə vəsaitlərindən çevik istifadə etməyi, bankların kredit vəsaitlərinin və başqa mənbələrin cəlb edilməsini;

xarici ölkələrlə, şirkətlərlə və firmalarla iqtisadi-ticarət, elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsini;

respublikada kənd təsərrüfatının inkişafına kömək üçün onun müəssisələrini Şirkətə daxil olan müəssisələr tərəfindən gübrələrlə və kimyəvi preparatlarla təchizatını;

dərman bitkiləri əsasında dərman preparatları istehsalının inkişafını;

yardımçı kənd təsərrüfatı və istixana komplekslərinin inkişafını, kənd təsərrüfatı məhsullarının emalı və saxlanması obyektlərinin yaradılmasını, Şirkətin işçilərinə ticarət və məişət xidmətlərinin təşkilini;

təsərrüfatçılığın forma və metodlarının təkmilləşdirilməsi işinin aparılmasını, kommersiya, istehsalat və elmi kollektivlərin daha səmərəli qarşılıqlı əlaqəsini, informasiya hesablayıcı mərkəzlərin təşkilini, istehsal proseslərinin avtomatlaşdırılmasını və müasir rabitə texnikasının tətbiqini;

ayrı-ayrı işçilərin, habelə bütöv kollektivlərin yaradıcılığını və işgüzarlığını hərtərəfli aşkara çıxarmaq üçün şərait yaratmasını;

sahənin inkişafı üçün uzunmüddətli proqnozlar, məqsədli elmi-texniki, iqtisadi və ictimai kompleks proqramları, xarici ölkələrlə bu sahədə birlikdə əməkdaşlıq etmək üçün tədbirlər planı hazırlamağı;

xarici iqtisadi əlaqələrdə qarşılıqlı faydalı təzə formaların inkişafını;

Şirkət müəssisələri kollektivlərinin ictimai inkişafını və bu sahədə material bazasını möhkəmləndirmək üçün əlverişli şəraitin yaradılmasını.

III. Şirkətin fəaliyyəti

3.1. Şirkət Əsasnamənin tələblərini yerinə yetirmək üçün aşağıdakı əsas tədbirləri həyata keçirir:

öz fəaliyyətində bütün dövlət orqanları, işgüzar adamlar və xarici firmalarla bilavasitə qarşılıqlı fəaliyyətdə olur;

bazar iqtisadiyyatında və beynəlxalq əməkdaşlıqda fəal fəaliyyət göstərmək məqsədi ilə özünün istehsal, elmi və kommersiya fəaliyyətini hazırlayır;

sənaye sahəsinin inkişafını, ən mühüm kimya və neft-kimya məhsullarının istehsalı, əsaslı tikinti, texniki silahlandırma, kimya və neft-kimya sənaye sahəsi obyektlərinin yenidən qurulması proqramlarını yoxlayır, təsdiq edir və onların həayta keçirilməsinə nəzarət edir;

təbiəti mühafizə obyektlərinin tikilməsini və istismarda olanların yenidən qurulmasını təmin edir;

zəhərləyici maddələrin ətraf mühitə tullantısını azaltmaq məqsədi ilə təşkilati-texniki tədbirlər planı hazırlayır;

yeni yaradılan və istismarda olan istehsalatların texniki səviyyəsini yüksəltmək, eləcə də yeni məhsul növlərinin və xalq istehlakı mallarının istehsalının təşkilinə yönəldilmiş elmi-texniki tədqiqatlar aparır;

Şirkətin müəssisələri üzrə dövlət sifarişini müəyyən edir;

Respublikanın kimya və neft-kimya məhsullarına olan tələbatını tam təmin etmək üçün onların miqdarını müəyyən edir və balanslarını hazırlayır və bunu Şirkətin tabeliyində olan hər bir müəssisənin və birliyin nəzərinə çatdırır;

Şirkətin tabeliyində olan müəssisələrin maddi-texniki təchizatına və istehsal olunan məhsulun tədavül olunmasına kömək edir və maddi-texniki təchizat formasını təkmilləşdirir;

qiymətli kağızlar buraxır;

Şirkətin marağı olan müqavilələr bağlayır və yaxud başqa işgüzar əməliyyatlar aparır;

respublikadaxili və respublikalararası məhsul göndərilməsini tənzimləyir (nomenklatura üzrə);

Şirkətin və onun iştirakçılarının səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə elmi-tətbiqi, layihə, məsləhət, məlumat, kommersiya, marketinq, inşaat, anbar, ticarət, maliyyə-hesabat və başqa istehsal-təsərrüfat infrastrukturları yaradır;

xarici ölkələrdə Şirkətin və ona daxil olan müəssisələrin marağını qoruyan nümayəndəliklər açır;

lazım gəldikdə, idarəetmə və təsərrüfat fəaliyyətini mərkəzləşdirir;

müəssisələrin və təşkilatların yenidən qurulmasını, texniki silahlandırılmasını və istehsal bazasını inkişaf etdirmək məqsədi ilə səmərəli maliyyə siyasəti tətbiq edir və onu həyata keçirir;

Şirkətin müəssisə və təşkilatları tərəfindən buraxılan məhsulların normativ-texniki sənədlərini təsdiq edir;

Şirkət aparatının saxlanmasına lazım olan köçürmələr də daxil olmaqla, kollegiya tərəfindən müəyyən olunmuş qayda və ölçüdə, Şirkətin müəssisələrinin mərkəzləşdirilmiş fonda, ehtiyac fonduna köçürmələrinin (o cümlədən valyuta ilə) normativlərini təyin edir;

fəaliyyətdə olan təlimatlar əsasında Şirkətə daxil olan müəssisələr üçün qiymət yaranış qaydaları müəyyən edir;

qüvvədə olan qanunvericiliyə əsasən mühasibat qeydiyyatı və statistik hesabat aparır;

müəssisələrin qarşılıqlı iqtisadi marağına riayət etmək şərti ilə, böyük elmi-texniki, istehsal və sosial tapşırıqların yerinə yetirilməsi üçün cəlb olunmuş müəssisələrin azad maliyyə ehtiyatlarının cəmləşdirilməsi (təsərrüfat münasibətləri çərçivəsində) və yönəldilməsi imkanlarından istifadə edir;

daxili və xarici bazarın vəziyyətini öyrənir və xarici müəssisələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün tədbirlər həyata keçirir;

aktiv kadr siyasəti keçirir, kadrlar ehtiyatı yaradır, rəhbər kadrların və mütəxəssislərin hazırlanmasını və onların ixtisasının yüksəldilməsini təmin edir;

Şirkətin, onun müəssisələrinin və təşkilatlarının elmi-kommersiya və təsərrüfat fəaliyyətinin səmərəliliyinin təhlilini təmin edir;

ildə bir dəfədən az olmayaraq, Şirkətin müəssisə və təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətini yekunlaşdıran kompleks hesabat keçirir;

Əsasnamə və yaxud başqa hüquqi aktlarla müəssisə və təşkilatların Şirkət qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir;

texniki məsələlərin ekspertizasını keçirir;

Şirkətə daxil olan müəssisə və təşkilatların təsərrüfat fəaliyyətini tənzim və maliyyələşdirmək məqsədi ilə Şirkət özünün Azərikimya Bankını yaradır;

Şirkətə daxil olan müəssisələr arasında informasiya əlaqəsi yaratmaq, qabaqcıl iş təcrübə və metodlarını yaymaq və mədəni sosial sahədə olan hadisələri işıqlandırmaq məqsədi ilə Şirkət özünün radio qovşağını, mətbuat orqanını və mətbəəsini yaradır.

3.2. Şirkətə daxil olan və yaxud Şirkət tərəfindən yeni yaradılan müəssisələr Şirkətin rəhbərliyi tərəfindən təsdiq olunmuş və dövlət qeydiyyatına alınmış Nizamnaməyə əsasən fəaliyyət göstərir.

Bu halda Nizamnamədə onların fəaliyyətinin xüsusiyyəti nəzərə alına bilər.

3.3. Təsərrüfatın səmərəliliyini yüksəltmək məqsədilə Şirkət istehsalat-kommersiya, xarici iqtisadi əlaqə, maddi-texniki təchizat və satış, maliyyə təşkilatları, mühəndis, məlumat və hüquqi xidmət sahələri, eləcə də kadrların hazırlanması üçün elmi mərkəzlər və yaxud ixtisasartırma kursları yaradır, eləcə də belə təşkilatların yaradılmasında müəssisələrə kömək edir.

Bu təşkilatlar öz fəaliyyətini müəssisələr və yaxud Şirkətin rəhbərliyi ilə bağlanan müqavilə əsasında həyata keçirirlər. Müəssisələr Şirkətin həmin təşkilatlarının xidmətindən istifadə edə bilər və yaxud bəzi fəaliyyətləri özləri təkbaşına həyata keçirə bilərlər.

3.4. Şirkət xarici əlaqələr sahəsində fəaliyyət göstərir və aşağıdakı hüquqlara malikdir:

xaricdə texniki və texniki-kommersiya filialları, idarələr, şöbələr, nümayəndəliklər və səhmdar cəmiyyətləri, digər cəmiyyətlər, şirkətlər və firmalar, təmir və xidmət təşkilatları, baza və anbarlar yaratmaq;

kommersiya şərtləri əsasında xarici iqtisadi saziş və kontraktların bağlanması və icrası ilə əlaqədar müştərək müəssisələr yaradılmasına və xidmətlərin göstərilməsinə xarici firmaları cəlb etmək;

kimya və neft-kimya sənayesinin inkişafı problemlərinin səmərəli həlli məqsədi ilə xarici müəssisələrlə elmi-texniki əməkdaşlıq aparmaq;

Şirkət tərəfindən xaricdə tikiləcək obyektlərin və yaxud Azərbaycan Respublikasında xarici təşkilatların və firmaların iştirakı ilə Şirkətin müəssisələrində tikiləcək obyektlərin layihə-smeta sənədlərinin ekspertizasını keçirmək və bu məsələlər haqqında qəti qərar qəbul etmək;

Şirkətə daxil olan müəssisələrin məhsullarını xarici ölkələrə, firmalara və şirkətlərə satmaq, xaricdən və respublikanın ayrı-ayrı bölgələrindən və müəssisələrindən alınmış malları reeksport etmək və Şirkət üçün zəruri xammal və materialların, avadanlıqların, xalq istehlakı mallarının və ərzaq məhsullarının alınması üzrə əməliyyatları həyata keçirmək;

Şirkətin marağı olan, həmçinin onun mənafeyinə toxunan məsələlərin həlli üçün mütəxəssisləri xarici ölkələrə ezam etmək və eləcə də beynəlxalq konqreslərdə, simpoziumlarda və yığıncaqlarda iştirak etmək;

Şirkətin mənafeyi ilə əlaqədar məsələlərin həlli üçün xarici kompaniyaların, firmaların nümayəndələrini ölkəyə dəvət etmək və onları viza ilə təmin etmək;

sərbəst olaraq beynəlxalq kompüter qovşaqlarına çıxmaq, beynəlxalq telefon, teleks, telefaks rabitəsindən, eləcə də poliqrafiya, surətçıxaran, faks və başqa texniki avadanlıqlardan istifadə etmək.

3.5. Şirkətin müəssisə, təşkilat və idarələri məhsullarının ixracına, əmtəə və xidmətlərin idxalına dair xarici iqtisadi əlaqələrə aid bütün məsələləri ya Şirkətin müvafiq struktur bölməsi tərəfindən mərkəzləşdirilmiş şəkildə, ya da Şirkətin icazəsi ilə müəssisə və təşkilatların özləri tərəfindən həyata keçirilir.

Bu zaman müəssisələrin məhsul ixracatından əldə etdiyi sərbəst valyuta məbləğinin sərfi Kollegiya tərəfindən müəyyən edilmiş normativlər üzrə həcm və miqdardan artıq olmamalıdır.

3.6. Şirkət dövlət idarəetmə orqanlarında öz tərkibindəki müəssisə və təşkilatların mənafelərini təmsil edir, maddi-texniki təchizatın əlaqələndirilməsini, dövlət sifarişlərinin alınması işini, xarici iqtisadi fəaliyyətdə rəhbərliyi və s. həyata keçirir. Şirkət müəssisələrin inkişafına, o cümlədən geri qaytarma əsasında və mənfəətdə iştirak etmə yolu ilə vəsait və ehtiyatlar sərf edir.

IV. Əmlak

4.1. Şirkətin əmlakı onun tərkibinə daxil olan müəssisələr tərəfindən ona xüsusi olaraq verilən, həmçinin öz təsərrüfat fəaliyyəti nəticəsində qazandığı əsas və xüsusi fondlar şəklində olan vəsaitlərdən, Şirkətin təsdiq etdiyi ayırma normativləri hesabına yaradılmış fond və ehtiyatlardan, eləcə də müəssisələr tərəfindən məqsədli məsələləri həll etmək üçün xüsusi olaraq köçürülmüş vəsaitlərdən, Şirkətin buraxdığı və satın aldığı qiymətli kağızları (səhm və istiqrazlar, o cümlədən Şirkətin xarici kompaniyalardan aldığı səhm və istiqrazlar) və onlar üzrə alınan gəlirlərdən, təsərrüfatlararası müəssisələrdə pay hesabı ilə iştirakına görə daxil olan gəlirlərdən, habelə Şirkətin təşkil etdiyi müəssisə və təşkilatlardan daxil olan gəlirlərdən ibarətdir və Şirkət bu əmlakı idarə etmək hüququna malikdir.

4.2. Şirkət öz fəaliyyətinin məqsəd və tapşırıqlarına və əmlakın təyinatına müvafiq olaraq əsas fondlardan, dövriyyə vəsaitlərindən, digər qiymətli material və maliyyə ehtiyatlarından ibarət olan və ona həvalə olunmuş əmlaka malik olma, ondan istifadə etmə, idarəetmə hüquqlarını həyata keçirir.

4.3. Şirkətin ilkin Əsasnamə fondu 100 mln. rubl və valyuta ilə 0.5 mln. Amerika dolları məbləğində müəyyənləşdirilmişdir. İlkin Əsasnamə fondu Şirkətə daxil olan müəssisələr tərəfindən gəlir hesabına, buraxılan məhsulun (işlərin, xidmətlərin) həcminə, valyuta fondu isə müəssisələrin ixrac etdikləri məhsulun miqdarını mütənasib surətdə, müəyyən edilmiş qaydalar üzrə Şirkətin müəssisələri tərəfindən köçürmə yolu ilə yaradılır.

Şirkətin saxlanılması xərclərinin ödənilməsi üçün vəsaitlər kollegiyada təsdiq edilmiş smeta əsasında hər rüb müntəzəm olaraq, ona daxil olan müəssisələr tərəfindən maya dəyəri hesabına ödənilir. Smeta xərclərində nəzərdə tutulan əmək haqqı fondu isə fəaliyyətdə olan qanunçuluq əsasında Şirkətə daxil olan müəssisələrin köçürmələri hesabına yaradılır.

4.4. Şirkət özünün mərkəzləşdirilmiş fondlarına (sabitləşdirmə fondu, ehtiyat fondu və digər fondlar) və mərkəzləşdirilmiş valyuta fonduna malikdir.

Şirkətin mərkəzləşdirilmiş fondlarının (sabitləşdirmə fondu, ehtiyat fondu və digər fondları) yaradılması ona daxil olan müəssisələrin maya dəyəri hesabına, plan üzrə əmtəəlik məhsul həcminin 2,5 faizi miqdarında, mərkəzləşdirilmiş valyuta fondunun yaradılması isə müəssisələr tərəfindən ixrac edilən məhsulların sərbəst konversiya edilən valyuta ilə ümumi dəyərinin 3 faizi miqdarında köçürmələr yolu ilə müəyyən edilmiş qaydalar üzrə həyata keçirilir.

4.5. Şirkətin əmlakı və vəsaitləri aşağıdakı məqsədlərə yönəldilir:

Şirkətin inkişaf proqramının maliyyələşdirilməsinə;

yeni müəssisələrin tikilməsi və yenidən qurulması, elmi-texniki proqramların həyata keçirilməsi, ümumi sahəli elmi-tədqiqat və təcrübə-konstruktor işlərində və investisiya layihələrinin həyata keçirilməsinə;

qarşılıqlı kapital qoyuluşu olan təsərrüfatlararası və birgə müəssisələrin fəaliyyətində iştirak etməyə;

yeni müəssisə, xidmət və servis təşkilatları yaratmağa;

qiymətli kağızlar (o cümlədən xarici firma və kompaniyalardan) almağa;

təsərrüfatlararası birliklərdə iştirak etməyə;

Şirkəti idarə edən aparatı saxlamağa;

Şirkətin fond və ehtiyatlarını yaratmağa;

xeyriyyə fəaliyyətinə;

nümayəndə heyətləri ilə bağlı xərclər fondu yaratmağa.

Şirkətə köçürülən bütün vəsaitlər, aparatın saxlanılmasına lazım olan vəsaitdən başqa, Şirkətin pul vəsaitlərini təşkil edir və onun tərəfindən sərbəst surətdə, məqsədyönlü istifadə edilir.

4.6. Şirkət onun tərkibinə daxil olan müəssisələrin öhdəçiliyinə, müəssisələr də Şirkətin öhdəçiliyinə cavabdeh deyil.

Şirkətin xüsusi müəssisələrinin cavabdehliyi, təsərrüfat fəaliyyəti və görəcəyi işlərin nəticələri onların özlərinin Əsasnaməsi ilə təyin edilir.

4.7. Şirkətin əmlakı onun müstəqil balansında əks olunur.

4.8. Şirkətin müəssisələri Şirkətin vəsaitlərini istifadə etmək üçün ayrıca hüquqlara malik deyildir.

4.9. Şirkətin fəaliyyətinə nəzarət Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada həyata keçirilir.

4.10. Şirkət vergi və rüsumları respublikada sənaye müəssisələri və firmalar üçün müəyyən edilmiş qanunvericilik aktlarına və normalara uyğun həyata keçirir.

V. Şirkətin üzvləri, onların hüquq və vəzifələri

5.1. Şirkətin tərkibinə daxil olan firma, müəssisə və təşkilatlar hüquqi şəxs olub, müstəqil balansa malikdir, bank müəssisələrində öz hesabları var, aşağıdakı hüquqlara malikdirlər:

Şirkətin fəaliyyəti ilə əlaqədar məsələlərə aid təklifləri şirkətin rəhbər orqanlarına müzakirə üçün vermək, iclas, yığıncaq, müşavirə və rəhbər orqanların işgüzar yığıncağında bu məsələlərin müzakirəsində iştirak etmək;

birinci növbədə Şirkətin təşkilatçılarının və müəssisələrin təqdim etdiyi xidmətlərdən istifadə etmək;

öz firma göstəricilərində Şirkətin rəmzindən istifadə etmək, öz firma blanklarında və möhüründə həmin Şirkətə mənsub olduğunu göstərmək;

Şirkətin mənafeyinə toxunmayan könüllü birlik, assosiasiya, ittifaqlarda iştirak edə bilmək.

Şirkətin müəssisələrinin vəzifələri:

Şirkətə daxil olan müəssisə və təşkilatlar Şirkətin bu həqiqi nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirməyə;

Şirkətin qarşısında duran məsələlərin həllində aktiv kömək göstərməyə;

Şirkətin rəhbər orqanlarının keçirdiyi tədbirlərdə iştirak etməyə;

Şirkət rəhbərliyinin qərarlarını yerinə yetirməyə borcludur və bu sahədə maddi məsuliyyət daşıyırlar.

5.2. Şirkətin müəssisələri müəyyən edilmiş qaydada mühasibat uçotu və statistika hesabatı aparırlar.

VI. İdarəetmə

6.1. Şirkət tərəfindən idarəetmə, Şirkətə daxil olan müəssisə və təşkilatların özünü idarə etməsi və həmçinin ayrı-ayrı mərkəzləşdirilmiş istehsal-təsərrüfat funksiyasını icra etməsi əsasında həyata keçirilir.

Şirkətə Azərbaycan Respublikasının Prezedenti tərəfindən təyin olunmuş Prezident rəhbərlik edir.

Şirkətin Prezidenti Şirkət üzərinə qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün şəxsi məsuliyyət daşıyır.

Prezidentin müavinləri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təyin edilir və vəzifədən azad olunur.

6.2. Razılaşdırılmış dövlət idarəetmə sahələrinin inkişafı və fəaliyyəti, digər vacib problemlərin kollektiv (birgə) həlli üçün Kollegiya - Ali idarəetmə orqanı yaradılır.

Kollegiyanın tərkibinə - Şirkətin prezidenti, onun müavinləri, Şirkətin bəzi idarə rəisləri və bəzi müəssisə rəhbərləri daxildir.

Şirkətin Kollegiya üzvləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunur, Kollegiyaya Şirkətin prezidenti, o olmadıqda isə onun birinci müavini rəhbərlik edir.

Kollegiyanın yığıncağında zəruri hallarda əlaqədar nazirlik və başqa Dövlət idarəetmə orqanları, müəssisə, birlik və təşkilat rəhbərləri iştirak edirlər.

6.3. Kollegiyanın yığıncaqları zəruri vaxtlarda, lakin rüb ərzində 2 dəfədən az olmayaraq keçirilir.

Fövqəladə yığıncaqlar prezidentin, yaxud Şirkətə daxil olan müəssisələrin üçdə birinin tələbi ilə çağrılır.

6.4. Kollegiyanın qərarı açıq səsvermə yolu ilə səs çoxluğuyla qəbul olunur, Kollegiyanın hər üzvü bir səsə malikdir.

Prezident məsələnin son qərarını vermək hüququna malikdir.

Bu Nizamnaməyə əsasən qəbul olunmuş Kollegiya qərarının Şirkətə daxil olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilməsi vacibdir.

6.5. Şirkətin Kollegiyası öz yığıncaqlarında aşağıdakı məsələləri müzakirədən keçirib həll edir:

Şirkətin idarə olunmasının təşkilati strukturuna əlavə dəyişikliklər;

Şirkətin inkişafı strategiyasının müəyyən olunması və iqtisadi, sosial və xarici iqtisadi əlaqələr üzrə əsas inkişaf istiqamətlərinin təsdiq olunması;

"Azərikimya" Şirkətinin elmi-texniki və investisiya siyasətinin təyini;

mərkəzləşdirilmiş əsas və köməkçi fondların tərkibi, onun əmələ gəlmə və istifadə qaydaları, eləcə də Şirkətin müəssisələrinin bu fonda ayırmalarının qayda və miqdarı; lazım olduqda ayrı-ayrı müəssisələrə ayırmalar üzrə güzəşt verilir;

məqsədli istehsalat, elmi-texniki, sosial və təbiəti mühafizə proqramlarının maliyyələşdirilməsi üçün Şirkət iştirakçılarının cəlb olunması;

Şirkətin müəssisələri arasında baş verən mübahisəli məsələlərə baxılması və müvafiq qərarların çıxarılması üçün Şirkət iştirakçılarının razılaşdırma şərtlərinin təsdiqi;

Şirkətin müəssisələrinin yaradılması, ləğv olunması haqqında qərarların qəbul edilməsi, onların təşkilati strukturlarının və nizamnamələrinin təsdiqi;

Şirkətə daxil olma və ya Şirkətin tərkibindən çıxması haqqında müəssisə, əmək kollektivlərinin təkliflərinin baxılması və uyğun qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə verilməsi;

Şirkətin adından bankdan kredit alınması, müəssisələrə yardım edilməsi, elmi-texniki nailiyyətlərin maliyyələşdirilməsi, Şirkətin məsrəflərinin, eləcə də Şirkətə daxil olan müəssisələrin Şirkət tərəfindən verilmiş rəhbər qərarların yerinə yetirilməməsi və ya lazımi səviyyədə yerinə yetirilməməsi nəticəsində əmələ gələn məsrəflərinin ödənilməsi;

Şirkətə lazım olan vacib sənədlərin hazırlanması, onların təsdiqi;

Şirkətin rəhbər kadrlarının seçilməsi, yerləşdirilməsi, öyrədilməsi;

Şirkətin işçi aparatının və Kollegiyanın saxlanılması üçün smeta sənədlərinin baxılması və təsdiqi;

Şirkətin prezidenti və onun müavinlərinin əmək haqtının təyin edilməsi;

Şirkətin fəaliyyətini təmin etmək üçün təftiş və digər struktur bölmələrin yaradılması;

təftiş və digər struktur bölmələrin, müəssisə rəhbərlərinin, şirkətin aparat işçilərinin gördükləri iş haqqında hesabatlarını dinləyib müvafiq qərarlar qəbul edilməsi;

iqtisadi normativlərin işlənilməsi və təsdiqi;

Şirkətə daxil olan müəssisələrin idarəetmə, istehsalat-təsərrüfat hüquqlarının müəyyən hissəsinin mərkəzləşdirilmiş şəkildə Şirkətə verilməsi qərarı;

Şirkətin iqtisadi və sosial sahədə işinin planlaşdırılması qaydalarının, şirkətə daxil olan müəssisələrin şirkət qarşısında hesabatının forma və müddətinin təsdiqi;

Şirkət tərəfdən alınmış dövlət sifarişlərinin yerləşdirilməsi qaydalarının təyin olunması;

perspektiv və cari istehsalat proqramlarının baxılması və təsdiqi, Şirkətin ümumi işi və hesabatı.

6.6. Kollegiya sədr tərəfindən idarə olunur. Sədr:

Kollegiyanın işini təşkil edir;

müavinlərinin vəzifə bölgüsünü, Şirkət aparatı işçilərinin əməyini təşkil və idarə edir, Şirkətin cari və gələcək iş proqramlarının yerinə yetirilməsinin təmin edir;

yuxarı təşkilatların tapşırıqlarının həyata keçirilməsinə nəzarət edir;

aparatın ştat cədvəlini, struktur bölmələri haqqında əsasnamələri təsdiq edir;

Şirkətə daxil olan müəssisə, idarə və təşkilatların nomenklatur rəhbər vəzifəli işçilərini təyin edir və Kollegiyanın təsdiqinə verir;

Şirkətə daxil olan "Üzvi-sintez", səthi aktiv maddələr "SAMİB" və "Sintezkauçuk" istehsalat birliklərinin baş direktorları Azərbaycan Respublikası Prezidenti aparatı və Nazirlər Kabinetilə razılaşdırılaraq Şirkətin Kollegiyasının qərarı ilə vəzifəyə təyin edilir və işdən azad olunurlar;

tabeliyində olan müəssisə və təşkilat rəhbərləri ilə müqavilələr bağlayıb, onların əmək haqqı şərtlərini təyin edir;

Şirkət adından vəkalətnaməsiz hərəkət edir, müəssisə, təşkilat, dövlət idarələri və xarici firma və beynəlxalq təşkilatlarda onun mənafeyini müdafiə edir.

Şirkətin maliyyə, maddi və digər əmlakları üzrə göstərişlər verir.

6.7. Şirkətə daxil olan müəssisə və təşkilatların mənafeyinə uyğun olaraq elm və texnika sahəsində sənayenin inkişafı məsələlərinə baxılması üçün Şura yaradılır. Şuraya Şirkətin rəhbərliyinin və müəssisələrin nümayəndələri daxil edilir.

6.8. Şuranın tərkibinə Şirkətin rəhbər işçiləri, Şirkətə daxil olan və olmayan müəssisə, birlik, elmi-tədqiqat, layihə institutları və ictimai təşkilatların nümayəndələri daxil edilir.

Şuranın şəxsi heyəti və onun Əsasnaməsi Şirkətin Kollegiyası tərəfindən təsdiq edilir.

Müəssisə və təşkilatlar razılığa görə öz nümayəndələrini dəyişə bilərlər.

6.9. Şuranın iclasları ehtiyac olduqda, lakin rübdə 1 dəfədən gec olmayaraq çağırılır, onun qərarları təklif xarakteri daşıyır. Şura öz iclaslarında aşağıdakı məsələlərə baxır və təkliflər verir:

Şirkətin respublikanın kimya və neft kimyası sənayesi üzrə elmi əsaslandırılmış ümumi texniki və investision siyasətinin təyini;

elmi-tədqiqat və konstruktor işlərinin təşkili və yüksəldilməsi üçün tədbirlər planının hazırlanması;

elm və texnikanın yeni nailiyyətlərinin istehsalata tətbiqi;

sənaye üzrə elm və texnika sahəsində əldə edilmiş səviyyənin dünya üzrə müqayisəsi;

istehsalat, təbiəti mühafizə, sosial proqramların hazırlanması və maliyyələşdirilməsində Şirkətin iştirakı;

bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq və Şirkətə daxil olan müəssisələrdə istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədi ilə köhnə, yararsız istehsalatların bağlanması və yeni müəssisələrin, o cümlədən xarici firmalarla birgə müəssisələrin yaradılması təkliflərinin verilməsi;

Şura Şirkətin işinə dair digər məsələlərə də baxa bilər.

6.10. Şirkətin operativ, təşkilati və təsərrüfat işlərinə ümumi rəhbərliyi Şirkətin işçi aparatı yerinə yetirir.

Şirkətin işçi aparatı:

Şirkətin prezidentinin və Kollegiyanın qərarlarının hazırlanmasını, həyata keçirilməsini təmin və nəzarət edir;

Şirkətin işini təhlil edir və Şirkət tərəfindən yaradılmış müəssisələrin birgə işinin nəticələrini müqayisə edir, müvafiq təkliflər hazırlayır;

maliyyə-kredit əməliyyatlarının, Şirkətin fondu və ehtiyatlarının uçotunu, kargüzarlıq, mühasibat və statistika uçotunu yerinə yetirir;

Şirkətin prezidenti və Kollegiyası tərəfindən qoyulmuş digər tapşırıqları yerinə yetirir.

6.11. Şirkətin idarə olunmasının təşkili aşağıdakı təşkilati-idarəetmə sənədləri əsasında həyata keçirilir:

Kollegiya tərəfindən qəbul olunmuş tapşırıq və qərarlar;

Şirkət rəhbərlərinin göstəriş və əmrləri.

6.12. Şirkətin və ona daxil olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət təftiş komissiyası tərəfindən nizamnaməyə uyğun surətdə həyata keçirilir. Təftiş komissiyasının üzvləri və sədri Şirkətin prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

VII. Uçot və hesabat

7.1. Şirkət kargüzarlığı, mühasibat uçotunu, statistika hesabatını həyata keçirir, illik hesabat və balansı tərtib edir və qüvvədə olan qanunvericiliyin və digər normativ aktların tələblərinə müvafiq surətdə təqdim edir.

VIII. Əsasnamənin təsdiq olunması qaydaları

8.1. Şirkətin Əsasnaməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Əsasnaməyə əlavələr və düzəlişlər həmin qaydada həyata keçirilir.

IX. Şirkətin yenidən təşkil olunması və ləğv edilməsi

9.1 Əgər Şirkətin fəaliyyəti bu Əsasnamədə göstərilən məqsəd və vəzifələrə uyğun gəlməzsə, xalq təsərrüfatına və dövlətə ziyan vurarsa, habelə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş digər hallarda o, Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yenidən təşkil oluna bilər və ya ləğv edilə bilər. Bu məqsədlə ləğvetmə komissiyası yaradılır.

9.2. Şirkətin ləğv edilməsilə əlaqədar borclar ödəndikdən sonra qalan əmlak ləğvetmə komissiyası tərəfindən müəyyən edilmiş qaydada Şirkətin müəssisələri arasında bölüşdürülür.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 aprel 2010-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 371)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 aprel 2010-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 371) ilə 1-ci bənd çıxarılmışdır.