Dövlət qulluğu haqqında

 Azərbaycan Respublİkasının Qanunu

 

I fəsil

 Ümumİ müddəalar

Maddə 1. Qanunun məqsədi

 Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət  qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

Maddə 2. Dövlət qulluğu

 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və  funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

 2.2. Bu Qanun icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən  qulluqçulara şamil edilir.

 2.3. Bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna girmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları  prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında  dövlət qulluğu keçən şəxslərə də şamil edilir.

 2.4. Bu Qanun hərbi qulluqçulara şamil edilmir.

 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin qulluğu ilə bağlı  məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri

 3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:

 3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin  edilməsi;

 3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;

 3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin  edilməsi.

Maddə 4. Dövlət qulluğunun prinsipləri

 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:

 4.1.1. qanunçuluq;

 4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən  edilməsi;

 4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;

 4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və  vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;

 4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə  etməyə borclu olması;

 4.1.6. dövlət qulluğuna girmənin şəffaflığı;

 4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında girməsi;

 4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini  tutmaqda hüquq bərabərliyi;

 4.1.9. irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, dinə  münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa  səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;

 4.1.10. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;

 4.1.11. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun  hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması.

 4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.

 4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını rəhbər tuturlar və siyasi  partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur.

Maddə 5. Dövlət qulluğunu idarəetmə orqanları

 5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan  Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət  Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra—Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan  Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən  edilir.

 5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.

 5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.

Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik

 Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət  qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.

II fəsil

 Dövlət orqanları

Maddə 7. Dövlət orqanı anlayışı

 7.1. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və  funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu dövlət orqanıdır.

 7.2. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə  struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.

Maddə 8. Dövlət orqanlarının təsnifatı

 8.1. Dövlət orqanları öz səlahiyyətlərinə görə aşağıdakı təsnifata bölünür:

 8.1.1. əsas səlahiyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən Azərbaycan Respublikasının ali dövlət orqanları —  (1-ci kateqoriya dövlət orqanları);

 8.1.2. əsas səlahiyyəti Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsində  nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - (2-ci kateqoriya dövlət orqanları);

 8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasının 120-ci maddəsində  nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - (3-cü kateqoriya dövlət orqanları);

8.2. Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrə bölünür (1-ci — 7-ci kateqoriya dövlət  orqanlarının bölmələri).

 8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında  müəyyən edilir.

III fəsil

 Dövlət qulluğu vəzİfəsİ

Maddə 9. Dövlət qulluğu vəzifəsinin anlayışı

 Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan struktur  vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.

Maddə 10. Dövlət qulluğu vəzifələrinin təsnifatı

 10.1. Dövlət qulluğu vəzifələri həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı  olaraq siyasi, inzibati və yardımçı vəzifələrə bölünür.

 10.2. Siyasi vəzifələr 1-ci kateqoriya dövlət orqanları rəhbərlərinin, rəhbərlərin birinci müavinlərinin və müavinlərinin, 2-ci kateqoriya dövlət  orqanları rəhbərlərinin vəzifələridir. Siyasi vəzifəyə dövlət qulluqçuları Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada  və müddətə qanunvericilik və icra hakimiyyəti orqanlarının qərarı ilə təyin edilir və ya seçilirlər.

 10.3. Dövlət qulluqçuları siyasi vəzifəyə təyin ediləndən və ya seçiləndən sonra özlərinə müşavir, köməkçi və katib işə götürə bilərlər.

 10.4. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və bu Qanunun qüvvəsi onlara şamil  edilmir.

 10.5. İnzibati vəzifələr 1-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin, 3-cü  kateqoriya dövlət orqanları rəhbərlərinin, onların müavinlərinin və 1-ci, 2-ci və 3-cü  kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, habelə dövlət  qulluqçuları tərəfindən peşəkarlıq əsasında tutulan mütəxəssis vəzifələridir. Əgər qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, inzibati vəzifəyə dövlət qulluqçuları müsabiqə qaydası ilə təyin edilirlər. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

 10.6. Yardımçı vəzifələr əmək müqaviləsi (kontraktı) bağlanması yolu ilə tutulan vəzifələrdir.  

Maddə 11. İnzibati vəzifələrin təsnifatı

11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatı vardır:

 birinci təsnifat — 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;

 ikinci təsnifat — 1-ci kateqoriya dövlət  orqanları bölmələri rəhbərlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri;

 üçüncü təsnifat — 1-ci kateqoriya dövlət orqanları bölmələri rəhbərlərinin müavinlərinin vəzifələri;

       dördüncü təsnifat —2-ci kateqoriya dövlət orqanları  bölmələri rəhbərlərinin vəzifələri, 1-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri;

beşinci təsnifat —3-cü kateqoriya dövlət orqanları  bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri;

altıncı təsnifat — 3-cü kateqoriya dövlət bölmələri rəhbərlərinin və onların müavinlərinin vəzifələri;

yeddinci təsnifat — 1-ci dərəcə böyük inspektorların  vəzifələri;

səkkizinci təsnifat -  2-ci dərəcə böyük inspektorların  vəzifələri;

doqquzuncu təsnifat — 3-cü dərəcə böyük inspektorların  vəzifələri;

onuncu təsnifat — 1-ci dərəcə inspektorların  vəzifələri;

on birinci təsnifat -  2-ci dərəcə inspektorların  vəzifələri;

on ikinci təsnifat -  3-cü dərəcə inspektorların  vəzifələri;

on üçüncü təsnifat -  1-ci dərəcə kiçik inspektorların  vəzifələri;

on dördüncü təsnifat -  2-ci dərəcə kiçik inspektorların  vəzifələri;

11.2. Rəhbərin və onun birinci müavininin vəzifələri eyni təsnifata aid edilir. Rəhbərin müavininin vəzifə təsnifatı rəhbərin vəzifə təsnifatından bir pillə aşağı olur.

11.3. Dövlət orqanının ştat cədvəlində vəzifələrin adları həmin orqanın fəaliyyətinin profilini əks etdirməlidir.

Maddə 12. İnzibati vəzifələrin təsnifat toplusu

 12.1. İnzibati vəzifələrin təsnifat toplusuna vəzifələrin ixtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü və vəzifələrin tutulması şərtləri  haqqında məlumatlar daxil edilir.

 12.2. İnzibati vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə  təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati vəzifələrin təsnifat toplusunu Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edilir.

Maddə 13. İnzibati vəzifələr sahəsində ixtisas tələbləri

13.1. İnzibati vəzifələr sahəsində ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin səriştəsinin müəyyən edilmiş funksiyalara uyğunluğunu təmin edir.

13.2. Vəzifə iddiasında olan şəxs üçün aşağıdakılar vacibdir:

birinci - doqquzuncu təsnifat inzibati vəzifələr üçün – profilli ali təhsilin olması, başqa ali təhsil olduqda isə hazırlığını dəyişdirib inzibati vəzifənin profilinin öyrənilməsi;

onuncu - on dördüncü təsnifat inzibati vəzifələr üçün – profilli orta təhsilin olması, başqa orta və ya ümumi orta təhsil olduqda isə hazırlığını dəyişdirib inzibati vəzifənin profilinin öyrənilməsi;

13.3. İnzibati vəzifələr  sahəsində başqa tələblər qanunvericilik aktlarında və vəzifə təlimatlarında müəyyən edilir.

IV fəsil

 Dövlət qulluqçusu

Maddə 14. Dövlət qulluqçusu

 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu  vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.

 14.2. Siyasi və ya inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir.

 14.3. Deputatlar və hakimlər dövlət qulluqçuları sayılmırlar.

Maddə 15. Dövlət qulluqçusunun andı

 15.1. And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

 15.2. Vətəndaş dövlət qulluğuna daxil olarkən belə bir and içir:

 «Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri  qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə,  var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».

 15.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl  basmaqla həyata keçirilir.

 15.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni dövlət qulluqçusunun şəxsi işində saxlanılır.

 15.5. Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən  edilir.

 15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.

Maddə 16. Dövlət qulluqçularının ixtisas dərəcələri

16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, onun tuta bildiyi dövlət qulluğu növlərinin və dövlət  vəzifələrinin təsnifat siyahısını müəyyənləşdirir, dövlət qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək  hüququ verir.

16.2. İxtisas dərəcəsi tutulan inzibati vəzifənin təsnifatına uyğun müəyyən edilir:

16.2.1. həqiqi dövlət müşaviri - 1-ci təsnifat vəzifələri;

16.2.2. 1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşavirləri - 2-ci təsnifat vəzifələri;

16.2.3. dövlət qulluğunun baş müşaviri -3-cü və 4-cü təsnifat vəzifələri;

16.2.4. dövlət qulluğu müşaviri, dövlət qulluğunun kiçik müşaviri, dövlət qulluğunun 1-ci dərəcə referenti – 5-ci, 6-cı, 7-ci, 8-ci və 9-cu təsnifat vəzifələri;

16.2.5. dövlət qulluğunun 2-ci və 3-cü dərəcə referentləri, dövlət qulluğunun kiçik referenti – 10-cu, 11-ci, 12-ci, 13-cü və 14-cü təsnifat vəzifələri;

Maddə 17. İxtisas dərəcələrinin verilməsi

 17.1. İxtisas dərəcəsi dövlət qulluqçusunun ixtisasına, tutduğu vəzifəyə və qulluq stajına uyğun  olaraq, habelə əvvəllər verilmiş dərəcə nəzərə alınmaqla ardıcıl qaydada verilir.

17.2. Dövlət qulluğunun kiçik müşaviri, dövlət qulluğunun 1-ci dərəcəli referenti ixtisas dərəcələrində qalmaq müddəti 3 il,  dövlət qulluğunun 2-ci və 3-cü dərəcəli referentləri, dövlət qulluğunun kiçik referenti referenti ixtisas dərəcələrində qalmaq müddəti isə 2 ildir. Başqa ixtisas dərəcələrində qalmaq müddəti müəyyən edilmir. İxtisas dərəcəsinin vaxtından əvvəl verilməsi dövlət qulluqçusu daha yüksək təsnifat üzrə vəzifəyə təyin edildikdə mümkündür.           

17.3. Dövlət qulluğunun kiçik referentindən dövlət qulluğu müşavirinədək ixtisas dərəcələri dövlət qulluqçusunun şəxsi ərizəsi  əsasında verilir. Ərizəyə ixtisas dərəcəsi xahiş edilən ixtisas dərəcəsindən aşağı olmayan iki dövlət qulluqçusunun zəmanətləri, habelə  iddiaçının təhsilini təsdiq edən sənədlər və onun xidməti vərəqəsi əlavə edilir.

 17.4. İxtisas dərəcələrinin verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 17.5. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə  verilir.

 17.6. İstefada olan  dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.

Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri

 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:

 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;

 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;

 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;

 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol  verməməli;

 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz  həll etməli;

 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;

 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan, istefaya və ya pensiyaya getdikdən  sonra da saxlamalı;

 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli  saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;

 18.0.9. qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin  mənbəyini, növünü və məbləğini göstərməli;

 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və  ya başqa vəzifələri icra etməli;

 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına  yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;

 18.0.12. qulluq etikası normalarına əməl etməlidir.

Maddə 19. Dövlət qulluqçusunun əsas hüquqları

 19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir:

 19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən  edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;

 19.0.2. dövlət qulluqçusunu işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı  surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;

 19.0.3. dövlət maaşı almaq;

 19.0.4. ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət  maaşının məbləğinin artırılması iddiasında olmaq;

 19.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə  məşğul olmaq;

 19.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;

 19.0.7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz  izahatlarının şəxsi işə tikilməsini tələb etmək;

 19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti təhqiqat aparılmasını tələb etmək;

 19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;

 19.0.10. həmkarlar ittifaqlarında birləşmək;

 19.0.11. işlədiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət  qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;

 19.0.12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə,  ictimai birliklərdə üzv olmaq;

 19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil  məqsədilə məzuniyyət almaq;

 19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin  müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər), özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq.

Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər

 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:

 20.1.1. dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmağa;

 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli  fəaliyyətlə məşğul olmağa;

 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;

 20.1.4. istefaya getdikdən, işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş  müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə  informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;

 20.1.5. işlədiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;

 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;

 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;

 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.

20.2. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq  aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar  barəsində qulluq etdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.

Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar

 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:

 21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;

 21.1.2. lazımi qulluq şəraiti;

 21.1.3. haqqı ödənilən məzuniyyət;

 21.1.4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;

 21.1.5. təkrar hazırlıq və ixtisasartırma;

 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya başqa dövlət  orqanında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;

 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası;

 21.1.8. qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;

 21.1.9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;

 21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,  hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.

 21.2. Dövlət qulluqçusu sosial sığorta və məşğulluq fondlarına ödənişlərdən azaddır.

 21.3. Dövlət qulluqçusu bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə  bilər.

 21.4. Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas  deyildir.

 21.5. Yardımçı vəzifələr tutan dövlət qulluqçuları üçün təminatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.

Maddə 22. Dövlət məvacibi

 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət  dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır.

 22.2. Dövlət məvacibi vəzifə maaşındın, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq  stajına və s. görə verilən əlavələr) ibarətdir.

 22.3. İnzibati vəzifələrin on dördüncü təsnifat vəzifəsi üçün maaşın məbləği dövlət qulluqçusu üçün Azərbaycan Respublikasının müvafiq qanunvericilik və icra hakimiyyəti orqanı tərəfindən təyin edilən minimum vəzifə maaşına bərabər müəyyən edildiyinə görə, vəzifə maaşlarının məbləğləri dövlət qulluğu vəzifələrinin təsnifatına müvafiq surətdə müəyyən edilir. Hər sonrakı dərəcənin vəzifə maaşı  əvvəlkindən qanunvericilik və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən faiz miqdarında yuxarı olmalıdır. Hər kəs dövlət qulluğu vəzifəsinə təyin edilərkən onun vəzifə  maaşının müəyyən edilməsi haqqında qərar qəbul olunur.

 22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq  qanunu ilə müəyyən edilir.

 22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.

 22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə  onun üçün qanunvericilik və  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir.

 22.7. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq hər iki ildən bir  artırılır. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən  əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq verilmir.

 22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının  müvafiq Qanunu ilə müəyyən edilir.

Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı

 23.1. Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan  Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir.

 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət  pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.

 23.3. Yaşına və ya əlilliyinə görə istefaya çıxmış və dövlət qulluğunda xidmət  illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusuna qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda ömürlük müavinət təyin edilir.

 23.4. Dövlət qulluqçusunun minimum vəzifə maaşının məbləği dəyişərsə, onun dövlət pensiyası və ömürlük müavinəti pensiyanın və müavinətin hesablandığı anda müəyyənləşdirilmiş maaşın həcmindəki dəyişikliklərə uyğun olaraq yenidən hesablanır.

 23.5. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun dul arvadına (ərinə), anasına (atasına), ölənin himayəsində olmuş və 22  yaşına çatmamış işləməyən qızına (oğluna) pensiyanın müvafiq qanunvericilik və müvafiq icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən müəyyən edilən faizi ödənilir.

Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması

 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının  mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.

 24.2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən  qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət  qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını  almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və  qaydalar qanunvericiliklə müəyyən edilir.

Maddə 25. Dövlət qulluqçularının məsuliyyəti

 25.1. Dövlət qulluqçularına həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımi şəkildə yerinə yetirilməməsi, həmçinin bu  Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb  olur.

 25.2. Dövlət qulluqçuları bu Qanunun 18-ci maddəsində nəzərdə tutulan tələbləri pozarlarsa, onlara qarşı aşağıdakı intizam tənbeh  tədbirləri tətbiq oluna bilər:

 25.2.1. töhmət;

 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

 25.2.3. həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi;

 25.2.4. daha aşağı dərəcəli işə keçirilməsi;

 25.2.5. ixtisas dərəcəsinin aşağı salınması;

 25.2.6. ixtisas dərəcəsindən məhrum edilməsi;

 25.2.7. dövlət qulluğundan azad edilməsi.

 25.3. Bu Qanunun 25.2.4-cü, 25.2.5-ci, 25.2.6-cı və 25.2.7-ci maddələrində göstərilən intizam tənbeh növləri müvafiq dövlət qulluğunu idarəetmə orqanının razılığı ilə dövlət qulluqçusunun işlədiyi dövlət orqanının rəhbəri tərəfindən tətbiq olunur.

 25.4. Tətbiq olunmuş intizam tənbeh tədbirinin ləğv edilməsi üçün 7 gün ərzində yuxarı dövlət qulluğunu idarəetmə orqanına şikayət  vermək olar. Bu zaman intizam tənbeh tədbiri 10 gün ərzində həmin orqan tərəfindən ya ləğv olunmalı, ya da qüvvədə saxlanmalıdır.  Çıxarılmış intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının  müvafiq qanunvericilik və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 25.5. Dövlət qulluqçuları qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə və cinayət məsuliyyətinə cəlb oluna  bilərlər.

 25.6. Dövlət qulluqçuları onların təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar.  Dövlət qulluqçularının qanunauyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 25.7. Siyasi vəzifələr tutan dövlət qulluqçuları qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada vəzifədən çıxarıla bilərlər.

Maddə 26. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti

 26.1. Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.

 26.2. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə  saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur.

V fəsil

 Dövlət qulluğu keçmə

Maddə 27. Dövlət qulluğuna girmək hüququ

 27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən,  yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin  tələblərinə uyğun peşə hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır.

 27.2. Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda götürülə bilməz:

 27.2.1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq  edilərsə;

 27.2.2. məhkəmə onu müəyyən müddətə dövlət vəzifəsi tutmaq hüququndan məhrum etmişsə;

 27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi vəzifəli şəxslə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların  valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

 27.2.4. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

 27.3. Dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanıla bilər. Yoxlamanın  qaydası qanunvericiliklə müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

Maddə 28. Dövlət qulluğuna qəbul

 28.1. Dövlət qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər. Dövlət qulluğunda boşalan vəzifələrə vətəndaşlar  müsabiqə əsasında təyin edilirlər.

 28.2. İnzibati vəzifələrin onuncu – on dördüncü təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda müvafiq dövlət qulluğunu idarəetmə orqanı  həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir.

 28.3. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq dövlət qulluğunu  idarəetmə orqanına təqdim edirlər.

 28.4. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 gün ərzində keçirilir və test imtahanından və söhbətdən ibarət olur. Müsabiqənin  elan edilməsi, keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 28.5. Test imtahanından müvəffəqiyyətlə çıxanlar söhbətə buraxılırlar. Test nümunələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən müəyyən edilən  ilə müəyyən edilmiş qaydada hazırlanır və təsdiq olunur.

 28.6. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən keçmiş namizədlər dövlət orqanı rəhbərinə təqdim olunurlar.  Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək öz qərarı ilə bir il müddətinə stajçı kimi qulluğa götürür və boş  vəzifəyə təyin edir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işinə göz qoyur və staj müddəti qurtardıqdan sonra  stajçının dövlət qulluğuna götürülməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Qanunvericiliklə başqa qayda nəzərdə  tutulmadıqda, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi (kontrakt) bağlamaq yolu ilə iki illik sınaq müddəti ilə işə qəbul edilir.  Kontraktda sınaq müddəti ərzində işin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə işə qəbul kontraktının nümunəsi Azərbaycan  Respublikasının müvafiq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq olunur. Sınaq müddəti ərzində kontrakt pozulmayıbsa, həmin müddət  qurtardıqdan sonra dövlət orqanının rəhbəri kontraktın şərtlərinə əməl etməklə işləmiş şəxsin daimi dövlət qulluğuna götürülməsi haqqında  əmr verir və bu şəxslə müvafiq kontrakt bağlanır. Sınaq müddəti ilə bağlı digər məsələlər müvafiq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 28.7. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.

Maddə 29. İnzibati vəzifələrin tutulması

 29.1. İnzibati vəzifələrin birinci— doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsabiqə və qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

 29.2. İnzibati vəzifələrin birinci— doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr müsabiqə nəticələrinə əsaslanan müvafiq dövlət qulluğunu  idarəetmə orqanının tövsiyəsi nəzərə alınmaqla tutulur. Boşalmış vəzifənin tutulması üçün namizəd seçilərkən müsabiqə vaxtı aşağıdakılar  nəzərə alınmalıdır:

 29.2.1. ixtisas dərəcəsi;

 29.2.2. attestasiyanın nəticələri;

 29.2.3. boşalmış vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçilməsi və ixtisasın artırılması.

 29.3. Müsabiqədə başqa hakimiyyət qolunda dövlət qulluğu keçən dövlət qulluqçuları da iştirak edə bilərlər.

 29.4. Müvafiq dövlət qulluğunu idarəetmə orqanı dövlət orqanının rəhbərinə boşalmış vəzifənin tutulması üçün ən azı 3-4 namizəd təqdim  edir. Dövlət orqanının rəhbəri onlardan birini seçərək həmin vəzifəyə təyin edir. Dövlət orqanının rəhbəri dövlət qulluğunu idarəetmə orqanının  tövsiyəsi ilə razılaşmadıqda, yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının müvafiq qanunvericilik və ya icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aradan qaldırılır (tövsiyə qüvvədə saxlanılır və namizədlərdən biri təyin olunur və ya tövsiyə rədd olunur). Dövlət qulluğunun idarəetmə  orqanının tövsiyəsi qüvvədə saxlanılarsa, dövlət orqanının rəhbəri namizədlərdən birini mütləq boşalmış vəzifəyə təyin etməlidir. Həmin  tövsiyə rədd edildikdə isə boşalmış vəzifənin tutulması üçün bu Qanunun 29.3-cü, 29.4-cü və 29.5-ci maddələrinin müddəaları nəzərə  alınmaqla, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müsabiqə elan edilir və  keçirilir.

 29.5. Müsabiqəyə ixtisas dərəcəsi boşalmış vəzifəyə uyğun gələn ixtisas dərəcəsinin təsnifatından ən çoxu iki təsnifat aşağı olan dövlət  qulluqçuları buraxılırlar.

 Maddə 30. Dövlət qulluğunun şərtləri

 30.1. Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı  müəyyən edilə bilər.

 30.2. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş  vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.

 30.3. Dövlət qulluqçularına ildə bir dəfə 30 təqvim günü qədər haqqı ödənilən məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən  əlavə məzuniyyət aşağıdakı qaydada verilir:

 30.3.1. 5 ildən 10 ilədək qulluğa görə—2 təqvim günü;

 30.3.2. 10 ildən 15 ilədək qulluğa görə—4 təqvim günü;

 30.3.3. 15 ildən çox qulluğa görə—6 təqvim günü;

 30.4. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur:

 30.4.1. mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil  sahəsi;

 30.4.2. iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı;

 30.4.3. digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər.

30.5. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş  yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl işlədiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər uşaq müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir. Müvəqqəti  olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan başqa məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur.

 30.6. Yardımçı vəzifələr tutun dövlət qulluqçularının əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Maddə 31. Dövlət qulluqçularının attestasiyası

 31.1. İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.

 31.2. Attestasiya kollegial, obyektiv surətdə, müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir. Attestasiya komissiyasının tərkibini və attestasiyanın nəticələrini müvafiq dövlət qulluğunu idarəetmə orqanı təsdiq edir. Dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlmədiyi  hesab edilərsə, onun aşağı vəzifəyə keçirilməsi və ya azad edilməsi məsələsi qoyulur.

 31.3. Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə  uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarılır.

 31.4. Attestasiyanın əsas məqsədləri aşağıdakılardır:

 31.4.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;

 31.4.2. işçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyini artırmağa  stimullaşdırılması;

 31.4.3. qulluqçunun ixtisasının, peşə hazırlığının yüksəldilməsinə və ya təkrar hazırlıq keçməsinə zərurət dərəcəsinin  müəyyənləşdirilməsi;

 31.4.4. kadrların irəli çəkilməsinin uzunmüddətli planını tərtib etmək imkanının təmin edilməsi, habelə dövlət qulluqçusunun vaxtında vəzifədən azad edilməsi və ya daha aşağı ixtisaslı işə keçirilməsi.

 31.5. Attestasiya ümumi kadr potensialının aşkara çıxarılmasına və dövlət orqanının funksional təyinatının optimal surətdə təmin edilməsinə  kömək göstərməlidir.

 31.6. Attestasiyanın keçirilməsinin konkret müddətləri, habelə cədvəli müvafiq dövlət qulluğunu idarəetmə orqanı tərəfindən təsdiq edilir və  attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən işçilərin nəzərinə çatdırılır.

 31.7. Tutduğu vəzifədə 1 ildən az işləmiş dövlət qulluqçuları, stajçılar növbəti attestasiyadan keçməli deyildirlər. Uşağa qulluq etmək üçün  məzuniyyətdə olan qadınlar işə çıxdıqdan sonra bir ildən tez olmayaraq növbəti attestasiyadan keçməlidirlər.

 31.8. Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı beş komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksək ixtisaslı mütəxəssislər, dəvət edilmiş elmi ekspertlər daxil olurlar.

 31.9. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri  tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir. Xasiyyətnamədə işçinin şəxsiyyətinə hərtərəfli qiymət verilir, fərdi xüsusiyyətləri, güclü  və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya həmçinin əvvəlki attestasiyanın  attestasiya vərəqəsi təqdim edilir.

 31.10. Attestasiyadan keçən işçi onun barəsində verilən xasiyyətnamə ilə qabaqcadan, attestasiyaya ən azı 2 həftə qalmış tanış olmalıdır.

 31.11. İşçi attestasiyadan keçirilərkən onun işlədiyi struktur bölməsinin rəhbəri orada iştirak etməlidir. Attestasiya komissiyası attestasiyadan  keçən işçinin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

 31.12. Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyanın iclasına gəlmədikdə komissiya attestasiyanı onsuz keçirə bilər.

 31.13. Dövlət qulluqçusunun attestasiyanın nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verə bilər:

 31.13.1. tutduğu vəzifəyə uyğun gəlir;

 31.13.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar yoxlamadan keçmək şərti ilə tutduğu  vəzifəyə uyğun gəlir;

 31.13.3. tutduğu vəzifəyə uyğun gəlmir.

 31.14. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə  mükafatlandırılması, müvafiq vəzifələr üzrə vəzifə maaşlarının dəyişdirilməsi, vəzifə maaşlarına əlavələr müəyyən edilməsi, əlavələrin  dəyişdirilməsi və ya ləğv edilməsi, irəli çəkilmək üçün ehtiyata daxil edilməsi, vəzifəsinin aşağı salınması və ya tutduğu vəzifədən azad  edilməsi haqqında tövsiyələr verə bilər, habelə attestasiyadan keçən şəxslərin ixtisasının yüksəldilməsi, qulluq fəaliyyətinin, işinin  nəticələrinin yaxşılaşdırılması barədə təkliflər irəli sürə bilər. Bu halda komissiya müvafiq təkliflər irəli sürərkən hansı mülahizələrə  əsaslandığını göstərməlidir.

 31.15. Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət komissiyanın tövsiyələri attestasiyadan keçən şəxsin iştirakı olmadan açıq səsvermə  yolu ilə qəbul edilir.

 31.16. Attestasiya və səsvermə təsdiq edilmiş tərkibdə olan attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir.  Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən səsvermədə iştirak etmir. Attestasiyanın  nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir.

 31.17. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak  etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə (əlavəyə) yazılır.

 31.18. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti  attestasiyadan keçən dövlət qulluqçusuna verilir.

 31.19. Attestasiya komissiyasının verdiyi qiymət və tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə riayət edilməklə ayrı-ayrı  dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində maddi və mənəvi cəhətdən mükafatlandırılması, onların vəzifə maaşına  əlavələr müəyyən edilməsi, əlavələrin dəyişdirilməsi və ya ləğv edilməsi, iş ixtisasının artırılmasına göndərilməsi, dövlət qulluqçusunun  vəzifəsinin yüksəldilməsi və ya aşağı salınması, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət  qulluqçusunun vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilir və ya attestasiyadan keçən şəxsin diqqəti qulluq vəzifələrinin  icrasındakı nöqsanlara və ya fəaliyyətinin nəticələrinin zəif olmasına cəlb edilir.

 31.20. Həmin qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 ay müddətində qəbul edilir. Bu müddət  keçdikdən sonra həmin attestasiyanın nəticələri əsasında dövlət qulluqçusunun vəzifə maaşının aşağı salınmasına, ona əlavənin  azaldılmasına və ya ləğv edilməsinə, dövlət qulluqçusunun vəzifədən azad edilməsinə icazə verilmir.

 31.21. Dövlət qulluqçusunun xəstə və məzuniyyətdə olması vaxtı həmin 2 ay müddətinə daxil edilmir.

 31.22. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən yuxarı dövlət qulluğunu idarəetmə orqanına şikayət edə bilər.

Maddə 32. Dövlət qulluğunda irəli çəkilmək hüququ

 32.1 Dövlət qulluqçusu daha yüksək dərəcəli vəzifəyə təyin edilməsi, habelə ona daha yüksək ixtisas dərəcəsi verilməsi yolu ilə, habelə  müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.

 32.2. Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, boşalmış  vəzifə olması, habelə boşalmış vəzifənin tələblərinə uyğun olaraq təcrübə, təkrar hazırlıq keçməyin və ixtisas artırmağın nəticələri nəzərə  alınmaqla həyata keçirilir.

 32.3. Qulluqçunun irəli çəkilməsindən imtina edilməsi barədə qanunvericilikdə müəyyən olunmuş qaydada, yəni yalnız müsabiqənin və ya  attestasiyanın keçirilməsi qaydasının pozulduğu hallarda şikayət etmək olar.

 32.4. Yeni vəzifəyə təyinat Azərbaycan Respublikasının adından həyata keçirilir və müvafiq orqanın sənədi (vəsiqəsi) ilə təsdiq edilir.

Maddə 33. Dövlət qulluğuna xitam verilməsi

 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:

 33.1.1. siyasi vəzifə tutan dövlət qulluqçusunun istefa verməsi;

 33.1.2. inzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət qulluqçusunun könüllü olaraq işdən çıxması;

 33.1.3. inzibati vəzifə tutan dövlət qulluqçusunun işdən azad edilməsi;

 33.1.4. yardımçı vəzifə tutan dövlət qulluqçusunun əmək qanunvericiliyinə müvafiq surətdə işdən azad edilməsi;

 33.1.5. Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə əlaqədar olaraq işdən azad edilməsi;

 33.1.6. bir ildən çox müddətə azadlıqdan məhrum edilməyə səbəb olan cinayət məsuliyyətinə cəlb edilməsi.

 33.2. Dövlət qulluqçusunun bu Qanunun 33.1.1-ci maddəsində nəzərdə tutulan istefası aşağıdakı formada həyata keçirilir:

 33.2.1. vəzifə səlahiyyətlərinin müddətinin başa çatması nəticəsində istefa. Belə istefaya çıxana 12 aylıq vəzifə maaşı məbləğində  birdəfəlik haqq verilir və həmin haqdan vergi tutulmur;

 33.2.2. vəzifəyə seçən və ya təyin edən orqanın və ya rəhbərin qərarı ilə icbari istefa;

 33.2.3 ailə şəraitinə və ya səhhətinə görə qulluqçunun şəxsi xahişi ilə istefa;

 33.2.4. vəzifəyə seçmiş və təyin etmiş orqanın və ya rəhbərin qərarı ilə prinsipcə razılaşmamaq nəticəsində istefa.

 33.3. Siyasi vəzifə tutan dövlət qulluqçusunun istefası haqqında qərar qəbul edildikdən sonra ona 6 ay ərzində vəzifə maaşı verilir.

33.4. Dövlət qulluqçusunun bu Qanunun 33.1.2-ci maddəsində nəzərdə tutulan istefası aşağıdakı formada həyata keçirilir:

 33.4.1. yaş həddinə, yəni 65 yaşa çatmasına görə istefa. Bu cür istefaya çıxanlara hesablanmış pensiyanın 6 aylıq məbləği qədər birdəfəlik haqq verilir və ondan vergi tutulmur;

33.4.2. Azərbaycan Respublikasında müəyyən edilmiş pensiya yaşına çatdıqda könüllü pensiyaya çıxma. Bu cür pensiyaya çıxanlara hesablanmış pensiyanın 6 aylıq məbləği qədər birdəfəlik haqq verilir və ondan vergi tutulmur;

33.4.3. inzibati vəzifələrin birinci— altıncı təsnifatlarına uyğun olan vəzifələri tutan dövlət qulluqçusunun 1-ci, 2-ci və 3-cü kateqoriya dövlət orqanları rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikasının qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanının qərarı ilə müvəqqəti istefası. Müvəqqəti istefaya göndərilən dövlət qulluqçusu “ehtiyatda” olan sayılır. Müvəqqəti istefa dövründə ona vəzifə maaşı ödənilir.  Dövlət qulluğuna qaytarıldıqdan sonra ona əvvəlki vəzifəsi, yaxud həmin dərəcədən olan başqa vəzifə verilə bilər;

33.4.4. dövlət qulluqçusu öz istəyi ilə istefaya çıxdıqda, əgər tərəflərin sazişində (kontraktda) digər şərt nəzərdə tutulmayıbsa, dövlət qulluqçusu istefa haqqında ərizə verdikdən sonra üç ay ərzində qulluğunu davam etdirməlidir;

33.4.5. inzibati vəzifələrin birinci— altıncı təsnifatlarına uyğun olan vəzifələri tutan dövlət qulluqçularının yuxarı orqanın və ya rəhbərin qərarından və hərəkətindən narazılıq əsasında istefası. İstefa qəbul edildikdə dövlət qulluqçusuna 6 ay ərzində maaş verilir.

33.5. Dövlət qulluqçusunun bu Qanunun 33.1.3-cü maddəsində nəzərdə tutulduğu kimi azad edilməsinə müvafiq orqanın rəhbərinin qərarı ilə aşağıdakı hallarda icazə verilir:

33.5.1. andın pozulması;

 33.5.2. əgər dövlət vəzifəsinin tutulması Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu ilə bir araya sığmırsa, Azərbaycan  Respublikası Milli Məclisi deputatının səlahiyyətindən əl çəkməkdən imtina etməsi;

 33.5.3. dövlət qulluğundan kənarda başqa işə keçmə.

 33.6. Əmək müqaviləsində (kontraktda) başqa şərt nəzərdə tutulmayıbsa, ixtisas dərəcəsi olmayan dövlət qulluqçusu öz istəyi ilə işdən  çıxmaq barədə ərizə verdiyi gündən ən çoxu 3 ay müddətində işdən azad edilir.

 33.7. Dövlət qulluqçusu öz istəyi ilə və onu həmin vəzifəyə təyin etmiş rəhbərin razılığı ilə haqqı ödənilmədən uzunmüddətli məzuniyyətə  göndərilə bilər.

IV fəsil

 Yekun müddəalar

Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri

 Bu Qanunda tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan  Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Maddə 35. Qanunun qüvvəyə minməsi

 Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

 Bakı şəhəri, 21 iyul 2000-ci il

                № 926-IQ