“Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın və "Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Dövlət qulluqçularının əmək pensiyası təminatı məqsədi ilə qərara alıram:

1. "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları" təsdiq edilsin (Əlavə 1).

2. "Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları" təsdiq edilsin (Əlavə 2).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 6-cı bəndində nəzərdə tutulmuş vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə təkliflərini təqdim etsin.

4. Müəyyən edilsin ki, bu fərmanın 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş qaydalar "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavini, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.  [1]

5. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş Qaydalar 2005-ci il yanvarın 1-dən tətbiq edilir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 fevral 2005-ci il

№ 194

 

Əlavə 1

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR.


Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün

dövlət məvacibinin hesablanması

QAYDALARI  [2]

 

1. Bu Qaydalar "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. [3]

2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.

3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

4. əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir.

5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.

6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.

7. əmək pensiyası təyin olunduqdan sonra yenidən dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçusu vəfat etdikdə, onun ailəsinə pensiya təyin edilməsi üçün dövlət məvacibi pensiya almaq hüququ olan ailə üzvlərinin arzusu ilə, vəfat etmiş dövlət qulluqçusunun və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının əmək pensiyası təminatına uyğun olaraq bu Qaydalarda göstərilənlərə əsasən müəyyən edilir. [4]

8. Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun:

8.1. 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal;

8.2. 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar;

8.3. 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır.

9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.

10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. [5]

11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

 


Əlavə 2

 
Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR.


Dövlət qulluqçularının
əmək pensiyasının yenidən hesablanması

 QAYDALARI  [6]

 

1. Bu Qaydalar "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. [7]

2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır.

3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur.

4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır.

5. Təyin olunmuş əmək pensiyası dövlət məvacibinin məbləği təqvim ayının 15-dək artırıldıqda həmin ayın 1-dən, 15-dən sonra artırıldıqda isə növbəti ayın 1-dən yenidən hesablanır. [8]

6. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gün daxil olmaqla, azı 5 il dövlət qulluğu stajına malik olan şəxslər öz xahişləri ilə işdən çıxdıqları vaxt əmək pensiyası yaşına çatmışlarsa və ya həmin vaxt əlil olmuşlarsa, müvafiq qanunvericiliyə uyğun olaraq aldıqları əmək pensiyaları onların öz arzuları ilə dövlət qulluqçusu kimi əmək pensiyası təminatı üçün yenidən hesablanır. [9]

7. Dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının vəfatı ilə bağlı onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin əmək pensiyası yenidən hesablandıqda, həmin ailə üzvlərinə əvvəllər hesablanmış əmək pensiyasının ödənişi dayandırılır və ailə başçısını itirməyə görə əmək pensiyası ailə üzvlərinin sayına bərabər bölünməklə müəyyən edilir. Ailə üzvlərindən biri öz arzusuna əsasən digər əmək pensiyası aldıqda, digər ailə üzvlərinin əmək pensiyası həmin ailə üzvünün payı çıxılmaqla yenidən hesablanır. [10]

8. Vəfat etmiş dövlət qulluqçusunun və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının ailəsinə təyin olunmuş əmək pensiyası ailə üzvü vəfat etdikdə, dövlət qulluqçusunun, yaxud əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, dövlət qulluqçusunun, yaxud əmək pensiyaçısının qızı (oğlu) müəyyən yaş həddinə çatdıqda yenidən hesablanır. Bu zaman əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu itirən ailə üzvünə hesablanmış hissəsi belə hüququ olan digər ailə üzvləri arasında bərabər bölünür. [11]

9. dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdən sonra onun uşağı doğulduqda ailə üzvlərinə təyin edilmiş əmək pensiyası yenidən hesablanır. Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin sayından asılı olmayaraq onlara hesablanmış əmək pensiyası dövlət qulluqçusunun, yaxud əmək pensiyaçısının ölümündən sonra doğulmuş uşaq da nəzərə alınmaqla ailə üzvləri arasında bərabər bölünür. [12]

10. Qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyasını təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. [13]

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə  Fərmanın adında, 1-ci və 3-cü bəndlərində “pensiya” sözü “əmək pensiyasının” sözləri ilə əvəz edilmişdir, Fərmanın adında və 2-ci bəndində “pensiyasının” sözündən əvvəl “əmək” sözü əlavə edilmişdir, preambulada “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək” sözləri “Dövlət qulluqçularının əmək pensiyası təminatı” sözləri ilə əvəz edilmişdir və 4-cü bənddən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə müvafiq olaraq” sözləri çıxarılmışdır.

 

 

[2] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə  “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaların adında, 1-3-cü, 5-ci, 6-cı və 8-ci bəndlərində “pensiya” sözü “əmək pensiyasının” sözləri ilə, 4-cü və 7-ci bəndlərində “pensiya” sözü “əmək pensiyası” sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə 1-ci bənddən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən” sözləri çıxarılmışdır.

 

[4] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə 7-ci bənddə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.1 və ya 6.2.2-ci maddələrinə” sözləri “vəfat etmiş dövlət qulluqçusunun və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının əmək pensiyası təminatına” sözləri ilə əvəz edilmişdir.

 

[5] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə  9-12-ci bəndlərdə “pensiyasının” sözündən əvvəl “əmək” sözü əlavə edilmişdir.

[6] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə  həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaların adında, 1-ci, 2-ci və 10-cu bəndlərində “pensiyasının” sözündən əvvəl “əmək” sözü əlavə edilmişdir.

 

[7] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə  1-ci bənddən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən” sözləri çıxarılmışdır.

 

[8] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə  5-ci bənddə “dövlət pensiyası” sözləri “əmək pensiyası” sözləri ilə əvəz edilmişdir.

 

[9] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə  6-cı bənddə “pensiya” sözü “əmək pensiyası” sözləri ilə, “pensiyaları” sözü “əmək pensiyaları” sözləri ilə, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən” sözləri “dövlət qulluqçusu kimi əmək pensiyası təminatı üçün” sözləri ilə əvəz edilmişdir.

 

[10] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə  7-ci bənd yeni  redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7. Vəfat etmiş dövlət qulluqçusunun və ya pensiyaçının ailəsinə pensiya "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında yenidən hesablandıqda, həmin ailənin üzvlərinə "Vətəndaşların pensiya təminatı haqqında" və "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunlarına əsasən hesablanmış pensiyanın ödənişi dayandırılır və ailəyə müəyyən edilmiş pensiya ailə üzvlərinin sayına bərabər bölünməklə müəyyən edilir. Ailə üzvlərindən biri öz arzusuna əsasən başqa qanunlara müvafiq pensiya aldıqda, digər ailə üzvlərinin pensiyası "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həmin ailə üzvünün payı çıxılmaqla yenidən hesablanır.

 

[11] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə birinci cümlədə “pensiyaçının ailəsinə təyin olunmuş pensiya “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində nəzərdə tutulan” sözləri “dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının ailəsinə təyin olunmuş əmək pensiyası” sözləri ilə, hər iki halda “yaxud pensiyaçının” sözləri “yaxud əmək pensiyaçısının” sözləri ilə, “22 yaşına çatanadək işləməyə başladıqda” sözləri “müəyyən yaş həddinə çatdıqda” sözləri ilə əvəz edilmişdir və ikinci cümlədə “dövlət pensiyasının pensiya almaq hüququnu itirən ailə üzvünə hesablanmış hissəsi pensiya almaq hüququ olan” sözləri “əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu itirən ailə üzvünə hesablanmış hissəsi belə hüququ olan” sözləri ilə əvəz edilmişdir.

 

 

[12] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə 9-cu bənddə, birinci cümlədə “pensiyaçı vəfat etdikdən sonra onun uşağı doğulduqda, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində nəzərdə tutulan” sözləri “dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdən sonra onun uşağı doğulduqda” sözləri ilə, “pensiya” sözü “əmək pensiyası” sözləri ilə əvəz edilmişdir və ikinci cümlədə “Pensiya” sözü “Ailə başçısını itirməyə görə əmək pensiyası” sözləri ilə, “dövlət pensiyası” sözləri “əmək pensiyası” sözləri ilə, “pensiyaçının” sözü “əmək pensiyaçısının” sözləri ilə əvəz edilmişdir.

 

[13] 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117) ilə 10-cu bənddə “pensiya” sözü “əmək pensiyasını” sözləri ilə əvəz edilmişdir.