Azərbaycan Respublikasının torpaqla əlaqədar bəzi aktlarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə və “Azərbaycan Respublikasında kəndli (fermer) təsərrüfatlarının yaradılmasını sürətləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 yanvar tarixli Fərmanı arasında torpaq barəsində sərəncam verməyə dair bəzi ziddiyyət və ya uyğunsuzluqlar yaranmışdır.

Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 13-cü maddəsinin “q” bəndinə görə torpağı sahibliyə və istifadəyə vermək hüququ rayon və şəhər icra hakimiyyəti başçısının səlahiyyətinə verilmişdir (torpağın mülkiyyətə və icarəyə verilməsi göstərilməmişdir)

Əsasnamə qəbul olunduqdan sonra qüvvəyə minmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 7-ci maddəsində isə torpağı mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək hüquqları rayon və şəhər xalq deputatları Sovetlərinin səlahiyyətinə aid edilmişdir. Beləliklə, Əsasnamənin 13-cü maddəsinin “q” bəndi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 7-ci maddəsinə və “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə ziddir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8-ci və “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə əsasən kəndli (fermer) təsərrüfatlarına vermək üçün xüsusi torpaq fondunu yaratmaq səlahiyyəti rayon və şəhər xalq deputatları Sovetlərinə verildiyi halda “Azərbaycan Respublikasında kəndli (fermer) təsərrüfatlarının yaradılmasını sürətləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 yanvar tarixli Fərmanının 2-ci maddəsi ilə bu hüquq Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə, yerlərdə isə icra hakimiyyəti başçılarına verilmişdir.

Azərbaycan Respublikası Prezidenti Fərmanının 3-cü maddəsinə əsasən kəndli (fermer) təsərrüfatları təşkil etmək üçün torpaq sahələri vətəndaşlara icarə şərtləri əsasında daimi istifadəyə verilir. həmin Fərmanın 1-ci maddəsinə əsasən torpağı daimi icarəyə icra hakimiyyəti başçısının yaratdığı yardım komissiyalarının verməsi nəzərdə tutulur. Qeyd olunan hər iki qanunda isə bu məqsəd üçün torpaq sahəsi “icarə şərtləri əsasında daimi istifadəyə” deyil, vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur (Torpaq Məcəlləsinin 60-cı və “Kəndli (fermer) təsərrüfatları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 11-ci maddələri).

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin Fərmanından fərqli olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci, 22-ci və 60-cı, “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 11-ci maddələrinə əsasən kəndli (fermer) təsərrüfatının yaradılması üçün torpaq sahəsi ayırmaq səlahiyyəti yardım komissiyalarına deyil, rayon, şəhər xalq deputatları Sovetlərinə verilmişdir.

Fərmanın kəndli (fermer) təsərrüfatları təşkil etmək üçün xüsusi torpaq fondunun yaradılması qaydalarını müəyyən edən 2-ci maddəsi, kəndli təsərrüfatının istehsal etdiyi məhsula sərəncam vermək hüququnu məhdudlaşdıran 4-cü maddəsi və həmçinin ləğv edilən kolxozların əmlaklarının bölüşdürülməsi qaydalarını müəyyən edən 8-ci maddəsi müvafiq surətdə Məcəllənin 8-ci, 47-ci və Qanunun 7-ci, 32-ci maddələrinə ziddir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 9 noyabr tarixli qərarında respublikada xalq təsərrüfatının idarə edilməsi strukturunda torpaq məsələləri ilə məşğul olan orqanın yaradılması nəzərdə tutulduğuna baxmayaraq belə bir orqan indiyə qədər təşkil olunmamışdır.

“Azərbaycan Respublikasında kəndli (fermer) təsərrüfatları yaradılmasını sürətləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidenti Fərmanını həyata keçirmək sahəsində birinci növbəli vəzifələr barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 6 fevral tarixli qərarının 2-ci, 3-cü və 7-ci bəndləri də qeyd olunan qanunlara ziddir (Torpaq Məcəlləsinin 7-ci, 60-cı maddələri və “Kəndli (fermer) təsərrüfatları haqqında” Qanunun 9-cu maddəsinin birinci və ikinci bəndləri və 16-cı maddəsi). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən kəndli (fermer) təsərrüfatlarının yaradılması üçün torpaq sahələrinin mülkiyyətə verilməsi səlahiyyəti rayon, şəhər xalq deputatları Sovetlərinə həvalə edildiyi və Məcəllənin 60-cı maddəsinə əsasən torpağın həmin məqsəd üçün mülkiyyətə verilməsi nəzərdə tutulduğu halda, Nazirlər Kabinetinin qərarında bu səlahiyyəti Prezidentin müvafiq Fərmanına əsasən yaradılmış rayon kəndli (fermer) təsərrüfatlarının inkişafına yardım komissiyasına həvalə olunmuş və həm də torpağın mülkiyyətə deyil, daimi istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu ziddiyyətlər və uyğunsuzluqlar nəticəsində kəndli (fermer) təsərrüfatlarının yaradılması, torpaq sahələrinin ayrılması və mülkiyyətə verilməsi məsələlərində və bütövlükdə torpaq islahatının keçirilməsində ciddi maneələr yaranır ki, bu da kənddə sosial gərginliyin artmasına səbəb olur. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.   Azərbaycan Respublikasının Prezidentinə tövsiyə edilsin:

a)    Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə zidd olduğu və “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi üçün “Azərbaycan Respublikasında kəndli (fermer) təsərrüfatının yaradılmasını sürətləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 1992-ci il tarixli Fərmanını ləğv etsin;

b) “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”nin 13-cü maddəsinin “ğ” bəndinin birinci abzasından “torpaqdan istifadə...”, eləcə də həmin maddənin həmin bəndinin axırıncı abzasından “...torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir” sözlərinin çıxarılması barədə müvafiq qərar qəbul etsin;

v) torpaq islahatının həyata keçirilməsinə, torpaqlardan səmərəli istifadə edilməsinə, onların mühafizəsinə, keyfiyyətinin yaxşılaşdırılmasına və torpaq işləri ilə bağlı olan digər məsələlərə rəhbərlik və nəzarət üçün respublikada xüsusi struktur, şəhər və rayonlarda isə onun bölmələri yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

“Azərbaycan Respublikasında kəndli (fermer) təsərrüfatları yaradılmasını sürətləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidenti Fərmanını həyata keçirmək sahəsində birinci növbəli vəzifələr barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 6 fevral tarixli və digər qərar və sərəncamlarını Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa və bu qərara uyğunlaşdırsın.

3. Rayon və şəhər xalq deputatları Sovetlərinə tövsiyə edilsin ki, torpaq məsələlərinin operativ həll olunması məqsədilə müvafiq qərar qəbul etmək səlahiyyətini rəyasət heyətlərinə versin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV.

 

Bakı şəhəri, 17 iyun 1992-ci il.

      № 173.