Sahibkarlıq fəaliyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.

Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.

 

I b ö l m ə

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Sahibkarlıq fəaliyyəti

Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.

 

Maddə 2. Sahibkarlıq haqqında qanunvericilik

Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında” Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir.

Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyi ilə də tənzimlənir.

Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qanunvericilik aktları ilə yanaşı “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri ilə də tənzim edilir.

 

Maddə 3. Sahibkarlığın subyektləri

1.   Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər:

fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;

mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; xarici hüquqi şəxslər.

2.   Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

3.   Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər.

4.   Müəssisəni idarə edən subyektin və əmlakın mülkiyyətçisinin münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını və məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə tənzimlənir.

Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin nizamnaməsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə müəssisənin fəaliyyətinə qarışa bilməz.

 

Maddə 4. Sahibkarlığın formaları

1.   Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

2.   Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.

 

Maddə 5. Sahibkarlıq hüdudlarının hüquqi nizamlanması

1.   Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər—qanunçuluğun közlənilməsi ölkənin və vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma və arxitektura normalarının közlənilməsi və tarixi abidələrin mühafizəsi məsələləri üzrə yol verilir.

Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur”

2.   Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.

Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin müdaxiləsinə yol verilmir.

 

II bölmə

 

SAHİBKARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

 

Maddə 6. Sahibkarın hüquqları

Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:

istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən əldə etmək;

başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;

tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək;

işçiləri işə qəbul etmək və işdən azad etmək;

işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək;

təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək;

öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;

pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfəətin bölüşdürülməsi qaydası bağlaşmada müəyyən edilir;

məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;

dövlət sosial təminatı sistemindən istifadə etmək;

sığorta növünü sərbəst surətdə seçmək;

hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər orqanların, təsərrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət etmək;

xarici iqtisadi münasibətlərdə iştirak etmək;

valyuta əməliyyatları aparmaq;

ictimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki məqsədlərə, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım göstərilməsinə ianələr vermək;

həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.

 

Maddə 7. Sahibkarın vəzifələri

Sahibkarın vəzifələri aşağıdakılardan ibarətdir:

qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək;

işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq;

işçilərin həmkarlar ittifaqlarında birləşməsinə mane olmamaq;

işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək;

dövlət sığorta fonduna, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək;

qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək;

işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq;

qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiyenasının və sanitariyasının təmin edilməsi, arxitektura abidələrinin və digər tarixi abidələrin mühafizəsi sahəsində tədbirlər görmək;

istehsal olunan məhsulların (işlərin, xidmətlərin) rəqabət qabiliyyətliliyinə nail olmaq;

müəlliflik hüququnun qorunmasının qanunvericiliklə müəyyən olunmuş tələblərinə əməl etmək;

əmtəə (xidmət) nişanlarının və markalarının qeydiyyatdan keçirilməsi, işlədilməsi və verilməsi qaydalarına qanunvericiliyə müvafiq surətdə əməl etmək;

istehsal etdiyi məhsulları markalaşdırmaq;

qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi icazə (lisenziya) almaq;

antiinhisar qanunvericiliyinə riayət etmək;

haqsız rəqabət metodlarından istifadə olunmasına yol verməmək;

öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək;

müharibə şəraitində və ya başqa fövqəladə hallarda səlahiyyətli dövlət orqanlarının göstərişi ilə təsis sənədlərində nəzərdə tutulmayan və ya həmin sənədlərdə qeyd olunan məqsədlərə uyğun gəlməyən hər hansı qanuni fəaliyyət forması ilə məşğul olmaq.

 

Maddə 8. Sahibkarın əmlak məsuliyyəti

1.   Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən sahibkarlar seçilmiş təşkilat formasından asılı olaraq tam və ya məhdud əmlak məsuliyyəti daşıyırlar.

2.   Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar bu fəaliyyətlə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir.

3.   Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır. O, bağlaşmadan irəli gələn öhdəliklərin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi üçün də eyni məsuliyyət daşıyır.

4.   Ödəmələr yönəldilə bilməyən əmlakın siyahısı Azərbaycan Respublikasının Mülki prosessual məcəlləsi ilə müəyyən edilir.

 

III b ö l m ə

 

SAHİBKARLIĞIN DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ

 

Maddə 9. Sahibkarlığa dövlət köməyi

1.   Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pul-kredit sistemləri vasitəsi ilə tənzimləyir.

Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir.

Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq güzəştlər sistemini müəyyənləşdirir.

Dövlət sahibkarlığa kömək məqsədi ilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, Azərbaycan Respublikası Milli Bankı ssudalarının faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.

Sahibkarlığa kömək və onun müdafiəsi üzrə dövlətin vəzifələrini və funksiyalarını Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi həyata keçirir.

Sahibkarlığa kömək tədbirlərini maliyyələşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir.

 

Maddə 10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

1.   Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatını Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar həyata keçirir.

2.   Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotunu onların yaşadıqları və ya fəaliyyət göstərdikləri yerin vergi orqanları aparır.

 

Maddə 11. Xüsusi icazə tələb edən sahibkarlıq fəaliyyəti

1.   Sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi icazə əsasında həyata keçirilir. Xüsusi icazə tələb olunan sahibkarlıq fəaliyyəti növlərinin siyahısı Azərbaycan Respublikası Ali Soveti tərəfindən müəyyən edilir.

Sahibkarlıq fəaliyyətinə xüsusi icazənin verilməsi Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin səlahiyyətlərinə aiddir.

2.   Sahibkarlıq fəaliyyətinə xüsusi icazə verilməsi haqqında qərar bu məqsədlə ərizə və müvafiq sənədlər təqdim edildikdən sonra bir ay ərzində çıxarılır.

3.   Xüsusi icazə verilməsindən aşağıdakı hallarda imtina edilir:

xüsusi icazə verilməsi qaydasında nəzərdə tutulmuş sənədlər təqdim edilməyəndə;

xüsusi icazə verilməsi üçün təqdim olunan sənədlərdə saxtalaşdırmalara yol verildikdə;

ərizəçi cəmiyyət, ətraf mühit, ölkənin müstəqilliyi, insanların həyat və sağlamlığı üçün təhlükə doğuracaq fəaliyyətlə bağlı sahələrdə sahibkarlıqla məşğul olmaq istədikdə.

4.   Əgər xüsusi icazə bu maddədə müəyyən edilmiş müddətdə verilməzsə və ya sahibkar xüsusi icazənin verilməsini əsassız hesab edirsə, o, müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir.

5.   Məhkəmə, xüsusi icazənin verilməsi müddətinin gecikdirilməsini və ya xüsusi icazə verməkdən imtinanın əsassızlığı faktını aşkar edərsə, xüsusi icazə verilməsi haqqında qərar çıxarır. Xüsusi icazə verən orqan məhkəmənin qərarını aldığı vaxtdan etibarən üç gün müddətində icra etməlidir.

Eyni zamanda məhkəmə təqsirkar vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb edə bilər.

 

Maddə 12. Sahibkarın hüquq və qanuni mənafelərinin dövlət tərəfindən müdafiəsi

1.   Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.

2.   Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xarici dövlətlərin ərazisindəki sahibkarlıq fəaliyyəti sahəsində hüquq və mənafelərinin müdafiəsinə Azərbaycan dövləti təminat verir.

3.   Sahibkarlıq fəaliyyətinin yoxlanılmasını həyata keçirən orqanlar, onların hüquq və səlahiyyətləri qanunvericilik aktları ilə müəyyənləşdirilir.

4.   Sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər orqanların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar və vəzifəli şəxslər ödəməlidirlər.

5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə sahibkarın əmlakı toxunulmazdır.

Sahibkarın əmlakı Azərbaycan Respublikasının “Mülkiyyət haqqında” Qanuna əsasən dövlət ehtiyacları üçün alınarsa ona müvafiq kompensasiya verilir.

 

Maddə 13. Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti

1.   Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Nəzarəti həyata keçirmək hüququna yalnız qanun əsasında bu hüquqlar verilmiş orqanlar malikdir.

Vergi, antiinhisar, sanitariya, ekologiya və s. dövlət nəzarət orqanlarının yoxlamaları yalnız onların səlahiyyətlərinə müvafiq surətdə həyata keçirilir.

2.   Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən sahibkarlıq fəaliyyətinin yoxlanılması qaydası pozulduğu halda sahibkara dəyən zərərin ödənilməsi məbləğinə yoxlamaya bilavasitə cəlb olunmuş işçilərin yoxlama müddətindəki əmək haqqı, yoxlama ilə bağlı istehsalın məcburi dayandırılması müddətində işçilərin əmək haqqı və əldən çıxmış gəlirlərin əvəzi daxil edilməlidir.

 

Maddə 14. Sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətdən və sahibkarın şəxsi gəlirindən vergi tutulması

Hüquqi şəxs yaradılmaqla həyata keçirilən sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətdən və sahibkarın şəxsi gəlirindən vergilərin tutulması Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Sahibkardan əsassız olaraq məcburi surətdə vergi və digər ödəmələr tutularsa və ya sahibkara vergi qanunvericiliyini pozduğuna görə cərimə sanksiyaları düzgün tətbiq edilməzsə, sahibkarın buna yol vermiş orqanlara iddiası üzrə bütün qeyri-qanuni tutulmuş məbləğ həmin dövr üçün kredit faizi əlavə olunmaqla qaytarılır və ya sahibkarın razılığı ilə növbəti dövrün vergilərinin ödənməsi hesabına aid edilir.

 

Maddə 15. Sahibkarın məsuliyyəti

Sahibkar Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi, öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanunvericiliyə uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır.

 

IV b ö l m ə

 

SAHİBKARLIQ FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ ONA XİTAM VERİLMƏSİ

 

Maddə 16. Sahibkarlıq fəaliyyətinin dayandırılması

Sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında qərarı sahibkarın özü qəbul edə bilər. Antiinhisar fəaliyyəti, vergi, lisenziya verilməsi, ekologiya, sanitariya, arxitektura, texniki təhlükəsizlik və yanğından qorunma məsələləri üzrə səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırılması barəsində təqdimat vermək hüququna malikdirlər. Bu məsələlər üzrə mübahisələr məhkəmə yolu ilə həll edilir.

 

Maddə 17. Sahibkarlıq fəaliyyətinə xitam verilməsi

1.   Sahibkarlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı sahibkar (mülkiyyətçi) özü və ya məhkəmə qəbul edə bilər.

2.   Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər.

3.   Sahibkar vəfat etdikdə onun əmlakı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.

4.   Bağlaşma əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

bağlaşmanın müddəti başa çatdıqda;

tərəflərin qarşılıqlı razılığı ilə;

məhkəmənin qərarı ilə;

bağlaşmada və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 15 dekabr 1992-ci il.

                                № 405.