Azərbaycan Respublikasının Hərbi xidmətlərə görə medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Hərbi xidmətlərə görə medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 6 dekabr 1993-cü il.

759.

 

Azərbaycan Respublikasının 1993-cü il

6 dekabr tarixli 759 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

Hərbi xidmətlərə görə medalı haqqında

ƏSASNAMƏ

 

1. Azərbaycan Respublikasının Hərbi xidmətlərə görə medalı Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir:

öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə;

dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə.

2. Hərbi xidmətlərə görə medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Tərəqqi medalından sonra taxılır.

 

 

Azərbaycan Respublikasının 1993-cü il

6 dekabr tarixli 759 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

Hərbi xidmətlərə görə medalının təsviri [1]

 

Hərbi xidmətlərə görə medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 36 mm qalxanabənzər dairəvi gümüşü lövhədən ibarətdir.[2]

Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur.

Arxa tərəfi hamar səthlidir, ortasında Hərbi xidmətlərə görə sözləri yazılmışdır, ondan aşağıda medalın seriyası və nömrəsi həkk olunmuşdur. [3]

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Açıq qəhvəyi rəngli xara lentin sağ və sol kənarlarında 1 mm enində açıq boz rəngli zolaq vardır. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü rəngli təbəqə bərkidilmişdir.[4]

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.[5]

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 3, maddə 141)

2. 30 mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 5, maddə 312)

3. 30 sentyabr 2013-cü il tarixli 728-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti 30 noyabr 2013-cü il, 263)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 3, maddə 141) ilə Qanuna əlavə olunmuş Hərbi xidmətlərə görə medalının təsviri yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Hərbi xidmətlərə görə medalının təsviri

Hərbi xidmətlərə görə medalı gümüşdəndir, qabarıq formalı uzunsov səkkizguşə şəklindədir. Medalın qırağı və üz tərəfi sağanaqla əhatələnmişdir.

Üz tərəfin sağanaqları arasında hörmə həndəsi ornament təsvir edilmişdir. Medalın ortasında bir böyük və iki kiçik hörmə kvadrat, habelə çarpazlanmış təbərzin, qılınc, toppuz təsviri vardır.

Medalın aşağı hissəsində Hərbi xidmətlərə görə sözləri yazılmışdır.

Medalın arxa tərəfində yuxarı hissədə aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş, aşağı hissədə təltif tarixini yazmaq üçün nəzərdə tutulan gərilmiş altıbucaq yerləşdirilmişdir.

Bütün yazılar və təsvirlər qabarıqdır.

Medalın hündürlüyü 45 mm, eni 36 mm-dir.

Medal ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib yaşıl xara lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin sol yuxarı və sağ aşağı küncləri sarı-yaşıl rənglidir, 1 mm enində qızılı zolaqlarla ayrılmışdır. Lentin ümumi eni 19 mm-dir.

Qəlibin ölçüsü 46 mmX22 mm-dir.

 

[2] 30 sentyabr 2013-cü il tarixli 728-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti 30 noyabr 2013-cü il, 263) ilə birinci hissədə "35 mm" sözləri "36 mm" sözləri ilə, "girdə" sözü "dairəvi gümüşü" sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 5, maddə 312) ilə "Hərbi xidmətlərə görə" medalı təsvirinin üçüncü abzasında "ordenin" sözü "medalın" sözü ilə əvəz edilmişdir.

 

30 sentyabr 2013-cü il tarixli 728-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti 30 noyabr 2013-cü il, 263) ilə üçüncü hissədə "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilmişdir.

 

[4] 30 sentyabr 2013-cü il tarixli 728-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti 30 noyabr 2013-cü il, 263) ilə dördüncü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə qəhvəyi çalarlı düzbucaqlı xara lentə halda və ilgək vasitəsilə birləşdirilir.

 

[5] 30 sentyabr 2013-cü il tarixli 728-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti 30 noyabr 2013-cü il, 263) ilə beşinci hissədə "üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm" sözləri "eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm" sözləri ilə əvəz edilmişdir və Qanuna əlavə edilmiş "Hərbi xidmətlərə görə" medalının eskizi yeni eskizi ilə əvəz edilmişdir.