Veteranlar haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun 1992-ci il
dekabrın 3-də Birləşmiş Millətlər
Təşkilatı Baş Məclisinin 46-cı
sessiyasının qəbul etdiyi prinsiplərə uyğun
olaraq müharibə, əmək, silahlı
qüvvələr, daxili işlər, sərhəd
xidməti
və milli təhlükəsizlik orqanları
veteranlarının statusunu, veteranlar barəsində
Azərbaycan Respublikası dövlət siyasətinin
əsaslarını təsbit edir. Qanun veteranlara verilən
güzəştlərin şamil edildiyi şəxslərin dairəsini,
habelə veteran təşkilatlarının fəaliyyət
sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından
asılı olaraq cəmiyyət həyatının
bütün sahələrində fəal iştirak etməsi
üçün təminatları
müəyyənləşdirir. [1]
Maddə 1. Veteranlar barəsində dövlət siyasəti
Veteranlar
barəsində dövlət siyasəti
aşağıdakı əsaslar üzərində qurulur:
sosial və hüquqi
müdafiənin təmin edilməsi;
əmək
haqqının minimum səviyyəsindən az olmayan
dolanacağa təminat verilməsi;
fiziki və ruhi
sağlamlıq, fəal uzunömürlülük
üçün şərait yaradılması;
yaşayış
sahəsi ilə təminat;
hər bir veterana
zəruri tələbatını təmin edən
səviyyədə müxtəlif növ sosial xidmətlər
göstərilməsi;
əmək
hüququnun heç bir məhdudiyyət qoyulmadan,
sağlamlıq vəziyyətinin imkan verdiyi
səviyyədə həyata keçirilməsi, ictimai
faydalı fəaliyyətdə iştirak etmək
üçün lazımi şərait yaradılması;
veteran
təşkilatlarının fəaliyyətinə kömək
göstərilməsi, veteranların bütün
cəmiyyətə və xüsusən onlara aid siyasətin
və proqramların hazırlanması və həyata
keçirilməsi işinə bilavasitə cəlb
edilməsi,
Maddə 2. Veteranlar
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Veteranlar haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və
Azərbaycan Respublikasının sosial-məişət,
nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində
və başqa sahələrdə veteranların
hüquqlarını və güzəştlərini
müəyyənləşdirən digər qanunvericilik
aktlarından ibarətdir.
Maddə 3. Müharibə
veteranları
Aşağıdakılar
müharibə veteranları sayılırlar:
İkinci dünya
müharibəsi illərində döyüşən orduda
(donanmada), partizan birləşmələri tərkibində,
gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda
döyüş əməliyyatlarında iştirak etmiş,
habelə başqa ölkələrin ərazisində gedən
məhəlli müharibələrdə və hərbi
münaqişələrdə hərbi
birləşmələrin tərkibində və
keçmiş SSRİ Silahlı Qüvvələrinin,
Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər
Nazirliyinin mütəxəssisləri və
müşavirləri kimi iştirak etmiş şəxslər;
Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
döyüş əməliyyatlarında iştirak etmiş
şəxslər;
1944-cü il
yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın,
Belorusiyanın, Baltikyanı respublikaların ərazisində
quldur dəstələrinə qarşı silahlı
mübarizədə iştirak etmiş şəxslər;
Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan, ikinci
dünya müharibəsi illərində xarici
ölkələrin ərazisində milli orduların, partizan
dəstələrinin tərkibində faşist Almaniyasına,
onun müttəfiqlərinə və imperialist Yaponiyaya
qarşı döyüş əməliyyatlarında
iştirak etmiş şəxslər;
İkinci dünya
müharibəsi illərində döyüşən
cəbhələrin arxa hüdudları, yaxud
döyüşən donanmaların əməliyyat zonaları
daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin
işçiləri;
1941
— 1945-ci illərdə keçmiş Sovet ordusunda
(donanmasında), daxili işlər və dövlət
təhlükəsizliyi orqanlarında hərbi xidmətdə
olmuş, lakin döyüş əməliyyatlarında
iştirak etməmiş hərbi qulluqçular; [2]
İkinci
dünya müharibəsi dövründə Leninqrad
şəhərinin mühasirəsi zamanı
şəhərin müəssisələrində, idarə
və təşkilatlarında işləmiş və
“Leninqradın müdafiəsinə görə” medalı,
“Leninqrad mühasirəsində yaşayan” döş
nişanı ilə təltif edilmiş
şəxslərə. [3]
Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
döyüş əməliyyatlarının aparıldığı
ərazilərin və dövrlərin siyahısı,
habelə Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda döyüş
əməliyyatlarının iştirakçılarına aid
edilən şəxslərin kateqoriyalarının
siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq
edilir.
Qeyd:
Bu
maddənin birinci hissəsinin üçüncü abzası
Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə
əlaqədar əlil olmuş şəxslər istisna olmaqla,
Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda döyüş
əməliyyatlarının aparıldığı
dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk
etməyə, fərariliyə və ya digər hərbi
cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək
qüvvədə olmuş Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci
hissəsinə əsasən cəzadan azad edilmiş
şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə
bəraətverici əsaslar olmadan xitam verilmiş və ya
amnistiya aktına
əsasən cinayət məsuliyyətindən azad edilmiş
şəxslərə şamil edilmir.[4]
Maddə 4. Silahlı Qüvvələrin
veteranları
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
və qanunvericilikdə nəzərdə tutulmuş digər
silahlı birləşmələrin sıralarında
«(SSRİ Silahlı Qüvvələri və digər
silahlı birləşmələrində xidmət
müddəti də nəzərə alınmaqla)
təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi
qulluqçunun
şərəfmi ləkələyən xətalar törədilməsinə
və ya törədilmiş
cinayətə görə
məhkəmə tərəfindən hərbi xidməti
istisna edən cəzaya məhkum edildiyinə görə ordu
sıralarından və ya müvafiq
orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası
vətəndaşları Silahlı Qüvvələrin veteranları
sayılırlar. [5]
Maddə 5. Əmək
veteranları
Dövlət
qarşısında xüsusi xidmətləri olan və ya
fəxri adlara layiq görülmüş, yaxud
ordenlərlə təltif edilmiş uzun illər ictimai
əməklə məşğul olmuş və
qüvvədə olan qanunvericiliyə müvafiq surətdə
yaşa görə pensiya almaq hüququnu qazanmış
şəxslər əmək veteranı sayılırlar.
(Çıxarılıb)
[6]
Maddə 6. Veteranların
pensiya təminatı
Veteranlara pensiyalar "Əmək
pensiyaları haqqında" Azərbaycan
Respublikasının Qanunu əsasında təyin edilir. [7]
Maddə 7. Veteran adlarının və
vəsiqələrinin verilməsi
Müharibə
veteranı, Silahlı Qüvvələrin veteranı və
əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Veteranların hər bir
kateqoriyası üçün müvafiq icra hakimiyyəti
orqanı tərəfindən vahid nümunədə
vəsiqə təsdiq edilir. Veteranlar üçün
nəzərdə tutulmuş güzəştlər
veteran vəsiqəsi təqdim edildikdə həyata
keçirilir.
Veteran adları və vəsiqələri öz
səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları
tərəfindən verilir.
Veteran statusunu təsdiq
edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar
edilərsə, həmin sənədi vermiş müvafiq icra
hakimiyyəti orqanı onun geri alınmasını
təmin edir.[8]
Maddə 8. Veteran təşkilatlarının yaradılması
Veteran
təşkilatları müvafiq qanunvericilik aktlarına
əsasən yaradılır, dövlət qeydiyyatından
keçirilir və fəaliyyət göstərirlər. [9]
Veteran
təşkilatı qeydiyyata alındığı andan
hüquqi şəxs hesab edilir.
Dövlət orqanları
veteran təşkilatlarına öz hüquq və
vəzifələrini həyata keçirməkdə
hərtərəfli kömək göstərirlər.
Maddə 9. Əmək
fəaliyyətinin davam etdirilməsi
Veteranlar
pensiyasını almaqla əvvəllər
işlədikləri müəssisədə,
təşkilatda, idarədə, yaxud mülkiyyət
formasından asılı olmayaraq başqa
müəssisədə əmək fəaliyyətini davam
etdirmək, sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq, hər hansı təsərrüfatçılıq
formasına əsaslanan müəssisə yaratmaq hüququna
malikdirlər.
Qanunda
nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların
əmək, sahibkarlıq və başqa ictimai faydalı
fəaliyyətinin məhdudlaşdırılmasına yol
verilmir.
Bu Qanunla
müəyyən edilmiş güzəştlərlə
yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra
əmək kollektivinin qərarı ilə mövcud
qanunvericiliyə əsasən həmin müəssisədə,
təşkilatda, idarədə mənzil şəraitinin
yaxşılaşdırılması, tibbi yardım
göstərilməsi, sanatoriya-kurort xidməti və
mədəni xidmət sahəsində
müəyyənləşdirilmiş
güzəştlərdən istifadə edə
bilərlər.
Maddə 10. Veteran
təşkilatlarının istehsal fəaliyyətinə
təminat verilməsi
Dövlət
orqanları öz səlahiyyətləri daxilində
qanunvericiliklə müəyyən edilmiş qaydada veteran
təşkilatlarına maliyyə yardımı
göstərə bilər, onlara müvafiq
büdcələrdən vəsait ayıra bilər,
nizamnamə vəzifələrini həyata keçirmək
üçün binaları, avadanlığı və başqa
əmlakı güzəştli şərtlərlə
onların istifadəsinə və ya mülkiyyətinə
verə bilərlər.
Veteran
təşkilatları müəssisələrinin xammal, texnika
və tikinti materialları ilə təmin edilməsinə
üstünlük verilir.
(Çıxarılıb) [10]
Maddə 11. Mənzil-məişət şəraitinin
yaxşılaşdırılması
Veteranlar Azərbaycan
Respublikasının mənzil qanunvericiliyində onlar
üçün nəzərdə tutulmuş
güzəştlərdən istifadə edir, eyni zamanda qaraj,
mənzil tikintisi kooperativlərinə və
bağçılıq ortaqlıqlarına (birliklərinə)
daxil olmaq sahəsində üstünlüklərə
malikdirlər.
Müharibə
veteranlarının istifadəsində olan dövlət
bağları və bağçılıq sahələri
əvəzsiz olaraq onların şəxsi
mülkiyyətinə verilir.
Maddə 12. Mənzil, kommunal və rabitə
xidmətləri haqqının ödənilməsi
İkinci
Dünya müharibəsi iştirakçılarına, bu
Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci
və altıncı abzaslarında qeyd edilən
şəxslərdən həlak olmuşların dul
arvadlarına müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada və
məbləğdə telefondan (şəhərlərarası
və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil,
kommunal xidmətlərindən istifadə haqqının
ödəmək üçün müavinət verilir. [11]
Maddə 12-1. (Çıxarılıb)[12]
Maddə 13. (Çıxarılıb)[13]
Maddə 14. Tibbi xidmət
İkinci
Dünya müharibəsi iştirakçıları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada tibb
müəssisələrinin göndərişi əsasında
sanatoriya-kurort müalicəsi alırlar. [14]
Maddə 15. Dərman və
müalicə vasitələri ilə təminat
İkinci
Dünya müharibəsi iştirakçılarına
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada və
məbləğdə dərman və müalicə
vasitələri almaq üçün müavinət verilir. [15]
Maddə 16. Geriatriya yardımı
Müvafiq icra hakimiyyəti
orqanları daimi qulluğa ehtiyacı olan xroniki
xəstələr üçün geriatriya kabinetləri,
pansionatları, xəstəxanaları vasitəsilə geriatriya
yardımı şəbəkəsini təşkil edir və
maliyyələşdirirlər. [16]
Maddə 17. Protezləşdirmə
İkinci
Dünya müharibəsi iştirakçıları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada protez-ortopediya
məmulatları ilə (qiymətli metallardan hazırlanan
protezlər istisna olmaqla) təmin edilir və diş
protezləri düzəltdirirlər. [17]
Maddə 18. İctimai
nəqliyyatdan istifadə sahəsində veteranlara
güzəştlər
İkinci
Dünya müharibəsi iştirakçılarına
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada və
məbləğdə ölkədaxili nəqliyyat
vasitələrindən (taksidən başqa) istifadə
haqqını ödəmək üçün
müavinət verilir. [18]
Maddə
18-1. (Çıxarılıb) [19]
Maddə 19. Müvafiq icra hakimiyyəti orqanlarının
və müəssisələrin veteranlara əlavə
güzəşt vermək
hüququ
Müvafiq icra hakimiyyəti
orqanları, müxtəlif mülkiyyət növləri
əsasında fəaliyyət göstərən
müəssisələr öz vəsaitləri hesabına
veteranların maddi təminatının
yaxşılaşdırılmasına yönəldilmiş
tədbirlər həyata keçirə bilərlər, müalicə
olunmaqda, veteranların həyat və fəaliyyətini
asanlaşdıran texniki vasitələr almaqda,
mənzilləri təmir etdirməkdə, başqa
ehtiyacları ödəməkdə veteranlara yardım
göstərə bilərlər. Bundan ötrü müvafiq
fondlar yaradıla bilər. [20]
Maddə 20. Sosial
xidmət
20.1. Müvafiq icra hakimiyyəti
orqanları, dövlət qurumları və digər
təşkilatlar veteranların həyat və
məişəti üçün lazımi şərait
yaratmaq məqsədi ilə sosial xidmət
müəssisələri, habelə veteranlara sosial xidmətin
göstərilməsini təşkil edirlər.
20.2. Veteranlara “Sosial xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq sosial xidmət göstərilir.[21]
Maddə 21. Veteranların
sosial müdafiəsi tədbirlərinin
planlaşdırılması və
maliyyələşdirilməsi
Veteranların sosial
müdafiəsi tədbirlərini müvafiq icra
hakimiyyəti
planlaşdırır və veteranların sosial
müdafiəsi proqramları respublika dövlət
büdcəsinin, Azərbaycan Respublikası Sosial Müdafiə
Fondunun vəsaiti hesabına maliyyələşdirilir. [22]
Veteranların
respublika təşkilatlarına dövlət
büdcəsindən vəsait ayrılır.
Maddə 22. Veteran
təşkilatlarının beynəlxalq əlaqələri
Veteranların ictimai
təşkilatları öz nizamnamələrinə uyğun
olaraq qeyri-hökumət xarakterli beynəlxalq birliklərə
daxil ola bilər, onlarla bilavasitə əlaqə saxlaya və
müqavilələr bağlaya bilərlər.
Dövlət
orqanları veteran təşkilatlarına xarici
ölkələrin müvafiq təşkilatları ilə
əməkdaşlıq etməkdə hərtərəfli
yardım göstərə bilərlər.
Maddə 23. Mərasim
xidməti
Vəfat etmiş
veteranlara mərasim xidməti qüvvədə olan
qanunvericiliyə müvafiq surətdə göstərilir.
Veteranın əvvəl işlədiyi əmək
kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş
veteranın dəfnində qohumlarına zəruri yardım
göstərməlidirlər. Vəfat etmiş tənha
veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına
dəfn edirlər. [23]
Maddə 24. (Çıxarılıb)[24]
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 28 iyun 1994-cü il.
¹ 841.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2
may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, ¹ 9, maddə
177)
2.
20
iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, ¹ 14,
maddə 241)
3.
10
oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə
16)
4.
4
noyabr 1997-ci il tarixli 395-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 2, maddə
66)
5.
30
mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə
283)
6.
4
iyun 1999-cu il tarixli 676-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə
395)
7.
15
noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
731)
8.
5
mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 199)
9.
9
mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202)
10.
30
aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 505)
11.
10 iyun 2005-ci il tarixli 925-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684)
12.
7 aprel
2006-cı il
tarixli 90-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-ci il, ¹ 4, maddə 315)
13.
6
mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
401)
14.
19
oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1078)
15.
22
fevral
2013-cü il tarixli 571-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2013-cü
il, ¹ 61)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5 mart 2004-cü il tarixli 597-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 199) ilə
Qanunun preambulasında "daxili
işlər" sözlərindən sonra ",sərhəd xidməti" sözləri
əlavə edilmişdir.
[2] 20 iyun 1995-ci il tarixli 1067
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, ¹ 14, maddə 241) ilə
3-cü maddənin yeddinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1941—1945-ci
illərdə keçmiş Sovet ordusunda (donanmasında)
hərbi xidmətdə olmuş, lakin döyüş
əməliyyatlarında iştirak etməmiş hərbi
qulluqçular;
[3] 2 may 1995-ci il tarixli 1029
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, ¹ 9, maddə 177) ilə
3-cü maddənin birinci hissəsinə müvafiq abzas
əlavə edilmişdir.
[4] 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-ci il, ¹ 4, maddə 315) ilə 3-cü maddəyə
aşağıdakı məzmunda ikinci hissə və Qeyd əlavə
edilsin.
[5] 2 may 1995-ci il tarixli
1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, ¹ 9, maddə 177) ilə
4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 4. Silahlı qüvvələrin veteranları
“Hərbi
qulluqçuların pensiya təminatı haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşa
və ya xidmət müddətinə görə ehtiyata və
ya istefaya buraxılmış hərbi qulluqçular
silahlı qüvvələrin veteranları sayılırlar.
Müharibə və
silahlı qüvvələrin veteranlarına veteran
adını və sənədlərini müvafiq olaraq
Azərbaycan Respublikasının müdafiə, daxili
işlər və milli təhlükəsizlik nazirlikləri
verirlər.
4 noyabr 1997-ci il
tarixli 395-IQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 2, maddə
66) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə
4. Silahlı
qüvvələrin veteranları
“Hərbi
xidmət haqqında” Azərbaycan Respublikası Qanununa
uyğun olaraq, yaşa və ya xidmət müddətinə
görə ehtiyata və ya istefaya buraxılmış, pensiya
təminatı hüququ olan hərbi qulluqçular silahlı
qüvvələrin veteranları sayılırlar.
30 mart 1999-cu il tarixli 644-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə 283) ilə 4-cü
maddədə “sıralarında”
sözündən sonra “(SSRİ
Silahlı Qüvvələri və digər silahlı
birləşmələrində xidmət müddəti də
nəzərə alınmaqla)” sözləri əlavə
edilmişdir.
[6] 2 may 1995-ci il tarixli
1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, ¹ 9, maddə 177) ilə
5-ci maddənin ikinci hissəsi
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Əmək
veteranı adının verilməsi qaydası və
şərtləri haqqında Əsasnaməni Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
[7] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 5, maddə 401) ilə 6-cı maddədə "Vətəndaşların pensiya təminatı
haqqında" sözləri "Əmək pensiyaları haqqında"
sözləri ilə əvəz edilmişdir.
19
oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1078) ilə 6-cı
maddəsində “və
“Hərbi qulluqçuların pensiya təminatı haqqında”
Azərbaycan Respublikasının qanunları” sözləri
“Azərbaycan
Respublikasının Qanunu” sözləri ilə əvəz
edilmişdir.
[8] 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-ci il, ¹ 4, maddə 315) ilə 7-ci maddə aşağıdakı redaksiyada
verilsin:
Əvvəlki redaksiyada deyilirdi:
Müharibə
veteranı, silahlı qüvvələr veteranı və
əmək veteranı adlarının verilməsi qaydası
və şərtləri haqqında Əsasnaməni və
müvafiq vəsiqələrin nümunəsini müvafiq icra
hakimiyyəti orqanı təsdiq edir.
Müharibə
və silahlı qüvvələrin veteranlarına müvafiq
veteran adını və sənədlərini uyğun olaraq
müvafiq icra hakimiyyəti
orqanları verirlər.
Əmək veteranlarına veteran
adını və sənədlərini müvafiq icra hakimiyyəti orqanları verirlər.
[9] 10
iyun 2005-ci
il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
684) ilə 8-ci maddəsinin
birinci hissəsindən "İctimai
birliklər haqqında" Azərbaycan Respublikasının
Qanununa və digər" sözləri
çıxarılmışdır.
[10] 10 oktyabr 1997-ci il tarixli 380-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə 16) ilə 10-cu
maddəsinin üçüncü hissəsi
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Müharibə,
əmək, silahlı qüvvələr veteranlarının
müəssisələrində işləyənlərin
sayının 70 faizi veteranlardan ibarət olduqda həmin müəssisələr
mənfəət vergisi ödəməkdən azad edilir.
30 aprel 2004-cü il
tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 505) ilə 10-cu
maddənin dördüncü hissəsi
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Veteran
təşkilatları qeydiyyata alınarkən dövlət
rüsumu ödəməkdən azad edilirlər.
[11] 2 may 1995-ci il tarixli 1029
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, ¹ 9, maddə 177) ilə
12-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 12. Mənzil,
kommunal və rabitə xidmətləri haqqının
ödənilməsi
Uşaqları olmayan,
habelə uşaqlarından və başqa qohumlarından
ayrı yaşayan müharibə veteranlarına,
işlƏməyən əmək və silahlı
qüvvələr veteranlarına (kişilər 60, qadınlar
55 yaşına çatdıqda) qanunvericiliklə
müəyyən edilmiş normalar daxilində mənzil
haqqının, telefon çəkilməsi, telefondan
istifadə haqqının (şəhərlərarası
və beynəlxalq danışıqlar istisna olmaqla) və
kommunal xidmətlərin (istilik, qaz, su, elektrik enerjisi)
haqqının ödənilməsində 50 faiz
güzəşt, mərkəzi isitmə sistemi olmayan
evlərdə yaşayanlara isə əhaliyə satmaq
üçün müəyyənləşdirilmiş normalar
daxilində əldə edilən yanacağın
dəyərinin ödənilməsində 50 faiz güzəşt
verilir.
Mənzil
haqqının, kommunal xidmətlərin, telefondan istifadə
haqqının, yanacağın dəyərinin
ödənilməsində fərq dövlət büdcəsinin
vəsaitindən verilir.
20 iyun 1995-ci il
tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, ¹ 14, maddə 241) ilə
12-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə
12. Mənzil, kommunal və
rabitə xidmətləri haqqının ödənilməsi
Müharibə
veteranlarına, habelə uşaqlarından və başqa
qohumlarından ayrı yaşayan və işləməyən
silahlı qüvvələr veteranlarına və əmək
veteranlarına qanunvericiliklə müəyyən edilmiş
normalar daxilində mənzil, telefon çəkilməsi,
telefondan istifadə (şəhərlərarası və
beynəlxalq danışıqlar istisna olmaqla) və kommunal
xidmətlər (istilik, qaz, su, elektrik enerjisi) üçün
haqqın ödənilməsində 30 faiz güzəşt, mərkəzi
isitmə sistemi olmayan evlərdə yaşayanlara isə,
əhaliyə satmaq üçün
müəyyənləşdirilmiş normalar daxilində
əldə edilən yanacağın dəyərinin
ödənilməsində 50 faiz güzəşt edilir.
Mənzil, kommunal
xidmətlər, telefondan istifadə üçün haqqın
və yanacağın dəyərinin
ödənilməsində fərq dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.
15 noyabr 2001-ci il
tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
731) ilə 12-ci maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Müharibə
veteranları, həmçinin həlak olmuş, yaxud sonralar
vəfat etmiş döyüşçülərin dul
arvadları, onlarla birgə yaşayan və yaşayış
yeri üzrə qeydiyyatda olan ailə üzvləri ilə
birlikdə mənzil, kommunal xidmətlər, telefon
çəkilməsi, telefondan istifadə
(şəhərlərarası və beynəlxalq
danışıqlar istisna olmaqla) haqqını
ödəməkdən azad edilirlər.
İşləməyən
silahlı qüvvələr veteranlarına, həmçinin
ali və orta peşə-ixtisas təhsili
müəssisələrinin əyani
şöbələrində təhsil alanlar istisna
edilməklə, əmək qabiliyyəti uşaqlarından
və başqa qohumlarından ayrı yaşayan və
işləməyən əmək veteranlarına
qanunvericiliklə müəyyən edilmiş normalar
daxilində mənzil, kommunal xidmətlər, telefon
çəkilməsi, telefondan istifadə
(şəhərlərarası və beynəlxalq
danışıqlar istisna olmaqla) haqqının
ödənilməsində 50 faiz güzəşt, mərkəzi
isitmə sistemi olmayan, evlərdə yaşayanlara isə
əhaliyə satmaq üçün
müəyyənləşdirilmiş normalar daxilində
əldə edilən yanacağın dəyərinin
ödənilməsindən 50 faiz güzəşt edilir. [11]
Mənzil, kommunal
xidmətlər, telefondan istifadə haqqının və
yanacağın dəyərinin ödənilməsində
fərq dövlət büdcəsinin vəsaiti hesabına
ödənilir.
[12] 20 iyun 1995-ci il tarixli 1067
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, ¹ 14, maddə 241) ilə
Qanuna 12-1 maddə əlavə edilmişdir.
30 aprel 2004-cü il
tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 505) ilə 12-1-ci
maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə
12-1. Rüsumların
ödənilməsində güzəştlər
Müharibə
veteranları, həmçinin həlak olmuş, yaxud sonralar
vəfat etmiş döyüşçülərin dul
arvadları mülki-hüquqi əqdlərin bağlanması
zamanı və “Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində
nəzərdə tutulan hallarda dövlət
rüsumlarını ödəməkdən azad edilirlər.
[13] 15 noyabr 2001-ci il tarixli 214-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə
13-cü maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 13. Ticarət-məişət xidmət
Veteranlara ən
zəruri sənaye və ərzaq malları ilə
ticarət-məişət xidmətini təşkil etmək
üçün yerli icra hakimiyyəti orqanları xüsusi
mağazalar, bölmələr, şöbələr
yaradır, malların müəyyən qismini məqsədli
təyinatla buraya göndərir, hərəkət imkanları
məhdud olan veteranlara isə evdə xidməti təşkil
edirlər.
Kolxozların idarə
heyəti, sovxozların müdiriyyəti əmək
qabiliyyəti olmayan tənha veteranlara zəruri ərzaq
mallarının alınmasında, mal-qaranın yemlə
təmin edilməsində, habelə mənzillərin,
təsərrüfat binalarının təmirində və
yanacaq gətirilməsində kömək göstərmək
üçün tədbirlər görürlər.
[14] 15 noyabr 2001-ci il tarixli 214-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə
14-cü maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Veteranlar işlədikləri (xidmət etdikləri)
dövrdə təhkim olunduqları səhiyyə
müəssisələrində tibbi yardım almaq hüququnu,
habelə sanatoriya-kurort müalicəsi hüququnu pensiyaya
çıxdıqdan sonra da saxlayırlar.
Sanatoriya-kurort
müalicəsinin qaydasını səhiyyə, sosial təminat
orqanları və ictimai təşkilatlar
müəyyənləşdirirlər.
Tibb
müəssisələrinin rəyinə əsasən
veteranlar dövlət büdcəsinin vəsaiti hesabına
xüsusi bərpa mərkəzlərində bərpa
müalicəsi hüququna malikdirlər.
[15] 15 noyabr 2001-ci il tarixli 214-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 15-ci
maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanunun 3-cü
maddəsində sadalanan müharibə veteranlarına
dərman və müalicə vasitələri həkimin
nüsxəsi əsasında pulsuz verilir.
Digər veteranlara
(kişilər 70, qadınlar 60 yaşına çatdıqda)
dərman və müalicə vasitələri həkimin
nüsxəsi əsasında 50 faiz güzəştlə
verilir.
Ödənişdəki
fərq dövlət büdcəsinin vəsaitindən verilir.
[16] 30 mart 1999-cu il tarixli 644-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə 283) ilə
16-cı maddədə “yerli”
sözü “müvafiq”
sözü ilə əvəz edilmişdir.
[17] 15 noyabr 2001-ci il tarixli 214-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 17-ci
maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Müvafiq
icra hakimiyyəti orqanları
müharibə veteranlarının qol-qiçlarinin, ağiz
boşluğunun protezləşdirilməsini (qiymətli
metaldan olan protezlərdən başqa), eşitmə və
görmə orqanlarının protezləşdirilməsini
müəyyənləşdirilmiş qaydada birinci
növbədə həyata keçirirlər. [17]
Protezləşdirmənin
bu növləri üçün çəkilən
xərclər dövlət büdcəsinin vəsaiti
hesabına ödənilir.
[18] 15 noyabr 2001-ci il tarixli 214-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 18-ci
maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Veteranlar
şəhər ictimai sərnişin nəqliyyatının
bütün növlərində (taksidən başqa) pulsuz
gedib-gəlmək hüququna malikdirlər.
Müharibə
veteranları (kişilər 70, qadınlar 65 yaşına
çatdıqda) respublika hüdudları daxilində ildə
bir dəfə dəmiryol, hava və dəniz
nəqliyyatında pulsuz gedib-gəlmək hüququna
malikdirlər.
Veteranlara verilən
güzəştlərlə əlaqədar nəqliyyat
müəssisələrinin xərcləri dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.
[19] 20 iyun 1995-ci il tarixli 1067
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, ¹ 14, maddə 241) ilə
Qanuna 18-1 maddə əlavə edilmişdir.
15 noyabr 2001-ci il
tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
731) ilə 18-1-ci maddə
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 18-1. İkinci dünya müharibəsi illərində arxa
cəbhədə əməyinə görə
fərqlənmiş şəxslərə
güzəştlər
1941
1945-ci illərdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallar ilə
təltif edilmiş şəxslər bu Qanunun 12-ci
maddəsinin birinci hissəsində, 12-1-ci və 13—18-ci
maddələrində veteranlar üçün
nəzərdə tutulan bütün
güzəştlərdən və imtiyazlardan istifadə
etmək hüququna malikdirlər.
[20] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999-cu il, ¹ 5, maddə 283) ilə 19-cu maddənin adında
və mətnində “yerli”
sözü “müvafiq”
sözü ilə əvəz edilmişdir.
6
mart 2007-ci il tarixli 260-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401) ilə 19-cu maddədə "pensiyalarına
əlavələr edə bilərlər və bu
əlavələrin məbləğini dolanacaq
xərclərinin səviyyəsi ilə əlaqədar
dəyişdirə bilər" sözləri "maddi təminatının
yaxşılaşdırılmasına yönəldilmiş
tədbirlər həyata keçirə bilərlər"
sözləri ilə əvəz edilmişdir.
[21] 30 mart 1999-cu il tarixli 644-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə 283) ilə 20-ci
maddənin birinci hissəsində “yerli icra hakimiyyəti orqanları, əhalinin sosial
müdafiəsi orqanları” sözləri “müvafiq icra hakimiyyəti
orqanları” sözləri ilə əvəz
edilmişdir.
22 fevral 2013-cü
il tarixli 571-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2013-cü
il, ¹ 61) ilə 20-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 20. Evdə sosial-məişət xidməti,
pansionatlar və internat evlər
Müvafiq
icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar,
idarələr, kəndli və fermer təsərrüfatları,
kolxozlar veteranların həyat və məişəti
üçün lazımi şərait yaratmaq
məqsədilə sosial-məişət xidməti evləri,
pansionatlar, habelə onlara evdə sosial-məişət
xidməti təşkil edirlər.
Başqasının daimi qulluğuna ehtiyacı olan
veteranlar üçün internat evlər təşkil olunur.
[22] 30 mart 1999-cu il tarixli 644-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə 283) ilə 21-ci
maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli
icra hakimiyyəti” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə
əvəz edilmişdir.
9 mart
2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202) ilə 21-ci
maddəsinin birinci hissəsində "respublika büdcəsinin və yerli büdcələrin" sözləri "dövlət büdcəsinin"
sözləri ilə əvəz edilmişdir.
[23] 30 mart 1999-cu il tarixli 644-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə 283) ilə
23-cü maddədə “mənzil-kommunal
təsərrüfatı orqanları” sözləri “müvafiq icra hakimiyyəti
orqanları” sözləri ilə əvəz edilmişdir.
9 mart
2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202) ilə 23-cü
maddəsində “yerli
büdcənin"
sözləri "dövlət
büdcəsinin" sözləri ilə əvəz edilmişdir.
[24] 2 may 1995-ci il tarixli 1029
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995-ci il, ¹ 9, maddə 177) ilə
24-cü maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 24. Veteran günü
Hər il 9 may Veteran
günü kimi qeyd edilir.