Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyası haqqında
Əsasnamənin təsdiq edilməsi barədə[1]
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
1.
“Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyası haqqında”
Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2.
Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 3 may 2005-ci il
¹ 906-IIQ
Azərbaycan
Respublikasının 2005-ci il 3 may tarixli
906-IIQ nömrəli
Qanunu ilə
TƏSDİQ
EDİLMİŞDİR
Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyası haqqında[2]
ƏSASNAMƏ
I. ÜMUMİ
MÜDDƏALAR
1. Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyası
(bundan sonra “Komissiya” adlanacaq) “Korrupsiyaya qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun
4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır
və korrupsiyanın qarşısını alınması
sahəsində ixtisaslaşmış orqan funksiyalarını
həyata keçirir.
2. Komissiya
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələri, Azərbaycan Respublikasının
qanunlarını və digər normativ hüquqi
aktlarını, habelə bu Əsasnaməni rəhbər
tutur.
3. Komissiya
15 nəfər üzvdən ibarət tərkibdə
təşkil edilir və fəaliyyət göstərir.
Komissiyanın 5 üzvü Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə
uyğun olaraq, 5 üzvü Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən, 5 üzvü isə
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən təyin edilir.
4. Komissiya
öz fəaliyyətini qanunvericilik, icra və
məhkəmə hakimiyyətləri ilə
qarşılıqlı əlaqədə qurur və
korrupsiyaya qarşı mübarizənin vəziyyəti
barədə mütəmadi olaraq onları
məlumatlandırır.
II. KOMİSSİYANIN ƏSAS
VƏZİFƏLƏRİ
5. Komissiyanın həyata keçirdiyi
əsas vəzifələr aşağıdakılardır:
5.1.
korrupsiyaya qarşı mübarizə sahəsində
dövlət siyasətinin formalaşdırılmasında
iştirak etmək, bu sahədə dövlət orqanlarının
və digər qurumların fəaliyyətini
əlaqələndirmək;
5.2.
korrupsiyaya qarşı mübarizənin vəziyyətini
və səmərəliliyini təhlil etmək;
5.3. korrupsiyaya qarşı
mübarizə üzrə dövlət proqramlarının
icrasına nəzarəti həyata
keçirmək;
5.4.
“Korrupsiyaya qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində
nəzərdə tutulan maliyyə xarakterli məlumatları
qəbul etmək;
5.5.
“Korrupsiyaya qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində
nəzərdə tutulan maliyyə xarakterli məlumatların
təqdim edilməsinə nəzarəti həyata keçirmək;
5.6.
korrupsiya ilə əlaqədar hüquqpozmalarla
bağlı məlumatları toplamaq, təhlil etmək,
ümumiləşdirmək və müvafiq dövlət orqanlarına
təkliflər vermək;
5.7. korrupsiyaya qarşı
mübarizə sahəsində dövlət orqanları və
digər qurumlarla əməkdaşlıq etmək.
6. Komissiya
qanunvericiliyə müvafiq olaraq digər vəzifələri
yerinə yetirir.
III. KOMİSSİYANIN ƏSAS HÜQUQLARI
7. Öz
vəzifələrini yerinə yetirmək məqsədilə
Komissiya aşağıdakı hüquqları həyata
keçirir:
7.1.
korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin
icra vəziyyətini öyrənir və
ümumiləşdirir, bu barədə hüquq mühafizə
və digər dövlət orqanlarının
rəhbərlərinin məlumatlarını və
hesabatlarını dinləyir;
7.2.
dövlət və yerli özünüidarə
orqanlarından zəruri məlumatları və materialları
alır;
7.3. korrupsiyaya qarşı
mübarizə üzrə dövlət proqramlarında
nəzərdə tutulan
tədbirlərin yerinə yetirilməsi barədə
müvafiq dövlət orqanlarından məlumatları
alır və görülən işlərin
vəziyyətini təhlil edir; [3]
7.4.
korrupsiyaya qarşı mübarizənin
səmərəliliyinin artırılması, həmçinin
korrupsiyaya qarşı mübarizə sahəsində
müəyyən edilmiş nöqsanların aradan
qaldırılması üçün təklif və
tövsiyələr hazırlayır, onların həyata
keçirilməsi üçün tədbirlər
görür;
7.5.
korrupsiya ilə bağlı ictimai rəyin
öyrənilməsi və korrupsiyaya qarşı
mübarizə sahəsində maarifləndirmənin həyata
keçirilməsi üçün tədbirlər
görür;
7.6. qeyri-hökumət
təşkilatları, kütləvi informasiya vasitələri
və özəl sektorun nümayəndələri,
müstəqil ekspertlər ilə əməkdaşlıq edir
və zərurət olduqda onları müəyyən
işlərin görülməsinə cəlb edir;
7.7.
korrupsiyaya qarşı mübarizənin təşkili
və səmərəliliyinin artırılması
üçün beynəlxalq
əməkdaşlığın həyata
keçirilməsində iştirak edir;
7.8. daxil olan
korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında
müraciətlərin ümumiləşdirilməsini
həyata keçirir, habelə onun nəticələrinə
əsasən fəaliyyətinə dair daha çox
şikayətlərin daxil olduğu dövlət və ya
bələdiyyə orqanlarının, habelə dövlət
müəssisələrinin fəaliyyətinin
yoxlanılmasını dövlət orqanlarına və ya
auditor təşkilatlarına həvalə edir və
cinayət əlaməti olan hüquqpozmalar aşkar
edildikdə yoxlama materiallarını Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərir;[4]
7.9. korrupsiyaya qarşı
mübarizə haqqında qanunvericiliyin
təkmilləşdirilməsi ilə bağlı
təkliflər verir.
7.10. korrupsiyaya qarşı
mübarizə məsələləri ilə əlaqədar
proqramların və layihələrin hazırlanması və
həyata keçirilməsi üçün qeyri-hökumət
təşkilatlarına maliyyə yardımı
göstərir. [5]
8. Komissiya qanunvericiliyə müvafiq
olaraq digər hüquqları həyata keçirir.
IV.
KOMİSSİYANIN FƏALİYYƏTİNİN
TƏŞKİLİ
9. Komissiyanın
fəaliyyətinə rəhbərliyi və işinin
təşkilini Komissiyanın sədri həyata keçirir.
Komissiyanın sədri onun tərkibindən Komissiya
üzvlərinin sadə səs çoxluğu ilə
seçilir.
10. Komissiyanın
səlahiyyətlərinə aid edilmiş
məsələlərə onun iclaslarında baxılır.
Komissiyanın iclasları mütəmadi olaraq, lakin
üç ayda bir dəfədən az olmayaraq keçirilir.
Zərurət olduqda, bu Əsasnamənin 13-cü
maddəsində nəzərdə tutulmuş Reqlamentlə
müəyyən edilmiş qaydada Komissiyanın
növbədənkənar iclasları çağınla
bilər. Komissiyanın iclasları onun üzvlərinin
üçdə ikisi iştirak etdikdə
səlahiyyətlidir. Komissiyanın qərarları iclasda
iştirak edən Komissiya üzvlərinin sadə səs
çoxluğu ilə qəbul edilir. Qərar qəbul
edilərkən səslər bərabər olduqda,
Komissiyanın sədri həlledici səsə malikdir.
Səsvermə zamanı xüsusi rəyi olan Komissiyanın
üzvü öz rəyini qəbul edilmiş qərara
əlavə edə bilər. Komissiyanın səlahiyyətlərinə
aid edilmiş bəzi məsələlər üzrə
Komissiyanın qərarları iclas çağırılmadan
üzvlərinin rəyi öyrənilməklə
Komissiyanın sədri tərəfindən qəbul edilə
bilər. [6]
11.
Komissiyanın iclaslarına digər şəxslər
də dəvət oluna bilərlər.
12.
Komissiyanın üzvləri fəaliyyətlərində
müstəqildirlər.
13.
Komissiya özünün Reqlamentini təsdiq edir.
14. Komissiya Azərbaycan
Respublikasının Dövlət gerbi əks olunmuş
xidməti blanka malikdir.
15.
Komissiyanın nəzdində daimi fəaliyyət
göstərən Katiblik yaradılır. Katibliyin
rəhbəri Komissiyanın qərarı ilə, digər
işçiləri isə Komissiyanın sədri
tərəfindən vəzifəyə təyin və vəzifədən
azad edilir. Katiblik Komissiyanın iclaslarının
keçirilməsi ilə bağlı təşkilati
məsələlərin həll edilməsi, Komissiyanın
müzakirəsinə çıxarılacaq
məsələlər üzrə sənədlərin
hazırlanması, kargüzarlıq və digər
işlərin aparılması üzrə fəaliyyəti
həyata keçirir. [7]
16. Katiblik
dövlət orqanıdır və Katibliyin
işçiləri dövlət qulluqçularıdır.
17.
Katibliyin fəaliyyəti dövlət büdcəsi
hesabına maliyyələşdirilir.
18.
Katibliyin səlahiyyətləri Komissiya
tərəfindən müəyyən edilir.
19. Komissiya fəaliyyəti haqqında
illik məruzə tərtib edir və onu Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikası
Milli Məclisinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinə təqdim edir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
1 oktyabr 2007-ci il tarixli 420-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 934)
2.
30 dekabr 2008-ci il tarixli 754-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 yanvar 2008-ci il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹01, maddə
7)
3.
12
fevral 2010-cu il tarixli 954-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il,
¹ 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 173)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 1
oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
934) ilə Qanunun adında və 1-ci
maddəsində "Azərbaycan
Respublikasının Dövlət Qulluğunu
İdarəetmə Şurası yanında Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya"
sözləri "Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyası"
sözləri ilə əvəz edilmişdir.
[2] 1
oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
934) ilə Əsasnamənin adında
və 1-ci maddəsində "Azərbaycan
Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya"
sözləri "Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyası" sözləri ilə
əvəz edilmişdir.
[3] 30 dekabr
2008-ci il tarixli 754-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 16 yanvar 2008-ci il, ¹ 11,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹01, maddə 7) ilə 5.3-cü və 7.3-cü
maddələrdə “Korrupsiyaya
qarşı mübarizə üzrə Dövlət
Proqramının”, “Korrupsiyaya qarşı mübarizə
üzrə Dövlət Proqramında” sözləri
müvafiq olaraq “korrupsiyaya
qarşı mübarizə üzrə dövlət
proqramlarının”, “korrupsiyaya qarşı mübarizə
üzrə dövlət proqramlarında” sözləri
ilə əvəz edilmişdir.
[4] 12 fevral 2010-cu il
tarixli 954-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il,
¹ 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 173) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyası haqqında
Əsasnamə”nin 7.8-ci
maddəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
7.8. daxil olmuş materiallarda korrupsiya
ilə əlaqədar hüquqpozmaların əlamətləri
olduqda həmin materialları yoxlanılması
üçün müvafiq orqanlara göndərir;
[5] 30 dekabr
2008-ci il tarixli 754-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 16 yanvar 2008-ci il, ¹ 11,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹01, maddə 7) ilə yeni məzmunda 7.10-cu maddə
əlavə edilmişdir.
[6]
30 dekabr 2008-ci il tarixli 754-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 16 yanvar 2008-ci il, ¹ 11,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹01, maddə 7) ilə 10-cu maddəyə yeni məzmunda
səkkizinci cümlə əlavə edilmişdir.
[7] 30 dekabr
2008-ci il tarixli 754-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 16 yanvar 2008-ci il, ¹ 11,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹01, maddə 7) ilə 15-ci maddənin ikinci cümləsi
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Katibliyin
rəhbəri və üzvləri Komissiya tərəfindən
müəyyən edilir.