Bakı
şəhərinin 8-ci kilometr qəsəbəsində Daxili
İşlər Nazirliyinin keçmiş xüsusi təyinatlı polis
dəstəsinin bazasında yerləşən sabiq
əməkdaşları haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Daxili
İşlər Nazirliyinin keçmiş xüsusi təyinatlı polis
dəstəsinin sabiq əməkdaşları son günlər
Bakı şəhərinin 8-ci kilometr
qəsəbəsində yerləşərək dövlətin
qanunlarına itaətsizlik edirlər.
Yaranmış
vəziyyətdə qardaş qırğınının
qarşısının alınması, respublikada sabitliyin
qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin
edilməsi məqsədi ilə, habelə humanizm
prinsiplərini rəhbər tutaraq qərara alıram:
1. Daxili İşlər Nazirliyinin
keçmiş xüsusi təyinatlı polis dəstəsinin Bakı
şəhərinin 8-ci kilometr qəsəbəsindəki
bazasında yerləşən sabiq əməkdaşlarına
təklif edilsin ki, silahlarını, döyüş sursatını və
digər hərbi ləvazimatı təxirə salınmadan
təhvil versinlər.
2. Müəyyən edilsin ki,
silahlarını könüllü surətdə təhvil verib keçmiş
xüsusi təyinatlı polis dəstəsinin Bakı
şəhərinin 8-ci kilometr qəsəbəsində
yerləşən bazasını tərk edən
şəxslər cinayət məsuliyyətinə cəlb
olunmasınlar və onlar haqqında qanunvericiliklə
nəzərdə tutulan digər tədbirlər tətbiq
edilməsin.
Azərbaycan Respublikasının
Prezidenti
Heydər ƏLİYEV.
Bakı
şəhəri, 16 mart 1995-ci il.
№
298.