Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında son illərdə aparılan islahatlar dinamik iqtisadi inkişafa təkan vermiş və dövlətin sosial siyasətinin daha fəal həyata keçirilməsi üçün əlverişli zəmin yaratmışdır. Dövlət tərəfindən bu istiqamətdə görülən işlərin miqyası genişləndirilmiş, ayrılan dövlət vəsaitlərinin həcmi artırılmış, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Bu tədbirlərin mühüm bir hissəsi ölkədə kommunal xidmətlər sahəsində, ilk növbədə istilik enerjisi ilə təchizatda mövcud olan problemlərin həlli ilə bağlıdır.

Əhalinin və digər istehlakçıların istilik enerjisi və isti su ilə təchizatının təşkili və keyfiyyəti qənaətbəxş vəziyyətdə deyildir və qəbul edilmiş müasir standartlara cavab vermir. Mənzillərin, yaşayış binalarının, uşaq bağçalarının, tədris, sosial və tibb müəssisələrinin istiliklə və isti su ilə lazımi səviyyədə təmin edilməməsi, bəzi yerlərdə isə tamamilə olmaması böyük narahatlıq doğurur.

İstilik enerjisi ilə təminatda yaranmış vəziyyətin səbəbləri kimi istilik təchizatının təşkilində və idarəedilməsində pərakəndəlik, əsas fondların köhnəlməsi, istilik şəbəkələrinin yararsız hala düşməsi, texnoloji itkilərin artması və enerji daşıyıcılarının sərfinə müəyyən edilmiş normalardan artıq yol verilməsi göstərilə bilər. Payız-qış mövsümlərində istilik enerjisi ilə təminatın tələbata uyğun olmaması nəticəsində, çoxsaylı digər istilik mənbələrindən istifadə edilməsinə görə enerji şəbəkələri həddən artıq yüklənir və texniki nasazlıqlara görə sıradan çıxır.

Azərbaycan Respublikasında əhalinin və digər istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasının, bu sahənin mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinin, onun səmərəliliyinin artırılmasının və bu sahəyə investisiyaların cəlb edilməsinin təmin edilməsi məqsədilə qərara alıram:

1.   "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti yaradılsın.

2.   Müəyyən edilsin ki, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirir.

3.   "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi məqsədilə:

3.1.   Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin "İstilikkommunenerjisazlama" Respublika İstehsalat Birliyi ləğv edilsin, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə verilsin;

3.2.   Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər İstilik İdarəsi ləğv edilsin, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar, Qaradağ rayon qazanxanalar və istilik şəbəkəsi balanslarındakı əmlakla birlikdə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

4.1. iki ay müddətində:

4.1.1. Azərbaycan Respublikasında istilik təchizatı sahəsində Dövlət Proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4.2. Bir ay müddətində:

4.2.1.  "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2.2.  "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verilən müəssisə və təşkilatların borclarının tənzimlənməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2.3.  istilik təchizatı sisteminin etibarlı fəaliyyət göstərməsi, əhalinin, digər istehlakçıların istilik enerjisi ilə sabit və keyfiyyətli təmin edilməsi üçün payız-qış mövsümünə hazırlıq tədbirləri hazırlasın, həyata keçirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə hər ay məlumat versin;

4.2.4.  "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti təşkil edilənədək istilik təchizatı işlərinin fasiləsiz həyata keçirilməsi üçün tədbirlər görsün.

4.3. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyun 2005-ci il

№ 847