AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.07.2005
QEYDİYYAT NÖMRƏSİ
258
ADI
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-07-2005, Nəşr nömrəsi: 161), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2005, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 594)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.08.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə xalqımızın cəsarətli oğul və qızları ağır sınaqlardan şərəflə keçərək müasir tariximizin canlı qəhrəmanlıq salnaməsini yaratmışdır. Xalqımızın mərd övladları bu çətin yolda yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş, onların bir qismi müstəsna xidmətlərinə və igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmin şəxslərin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilir, onların maddi və mənəvi ehtiyaclarının ödənilməsi üçün müntəzəm tədbirlər həyata keçirilir.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1800 (min səkkiz yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin. [1]

2. Müəyyən edilsin ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

2.1. dul arvadına (ərinə), valideynlərinə; [2]

2.1-1. 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;

2.1-2. birinci növbədən digər qohumları olmayan baba və nənələrinə. [3]

2.2. bu Fərmanın 2.1-ci yarımbəndinə müvafiq olaraq təqaüdü almaq hüququ olan Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadı və uşaqları olmadıqda, valideynlərinə. [4]

3. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına verilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar lazım olan məsələləri həll etsin.

5. Bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2005-ci il

№ 258

 

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       27 may 2008-ci il tarixli 762 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 373)

2.       28 avqust 2013-cü il tarixli 954 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 897)

3.       11 oktyabr 2016-cı il tarixli 1068 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 oktyabr 2016-cı il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1627)

4.       3 may 2017-ci il tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 770)

5.       20 fevral 2018-ci il tarixli 1843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 fevral 2018-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 207)

6.       16 may 2019-cu il tarixli 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 847)

7.       14 avqust 2020-ci il tarixli 1134 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1037)

8.       30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1487)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 28 avqust 2013-cü il tarixli 954 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 897) ilə 1-ci hissədə “3.000.000 (üç milyon)” sözləri “1000 (bir min)” sözləri ilə əvəz edilmişdir.

11 oktyabr 2016-cı il tarixli 1068 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 oktyabr 2016-cı il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1627) ilə 1-ci hissədə “1000 (min)” sözləri “1300 (min üç yüz)” sözləri ilə əvəz edilmişdir.

20 fevral 2018-ci il tarixli 1843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 fevral 2018-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 207) ilə 1-ci hissədə “1300 (min üç yüz)” sözləri “1500 (min beş yüz)” sözləri ilə əvəz edilmişdir.

30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1) ilə 1-ci hissədə “1500 (min beş yüz)” sözləri “1800 (min səkkiz yüz)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 27 may 2008-ci il tarixli 762 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 373) ilə 2.1-ci bəndində "yaxud 18 yaşına çatanadək əlil olmuş" sözləri "yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş" sözləri ilə əvəz edilmişdir.

3 may 2017-ci il tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 770) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına;

16 may 2019-cu il tarixli 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 847) ilə 2.1-ci bənddə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

14 avqust 2020-ci il tarixli 1134 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1037) ilə 2.1-ci bəndində “əlil uşaqlarına” sözləri “əlilliyi olan övladlarına” sözləri ilə əvəz edilmişdir.

30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1487) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada edilmişdir.

2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə.

 

[3] 30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1487) ilə yeni məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilmişdir.

 

[4] 3 may 2017-ci il tarixli 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 770) ilə 2.2-ci bənd ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status