AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.07.2006
QEYDİYYAT NÖMRƏSİ
167
ADI
Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2006, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 635)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.07.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.4-cü, 1.46-cı, 1.47-ci və 1.54-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durma Qaydaları” və “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). [1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 7 iyul 2006-cı il

                   № 167  

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 iyul tarixli 167 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durma

 

QA Y D A L AR I

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.4-cü və 1.54-cü bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və baytarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin (bundan sonra - şəxs) dövlət baytarlıq orqanında uçota durma  aydalarını müəyyən edir.

1.2. Baytarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs Dövlət Baytarlıq Xidmətinin müvafiq ərazi bölməsində (bundan sonra - dövlət baytarlıq orqanı) uçota durmalı, baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə müəyyən edilmiş formada uçot aparmalı və bu barədə dövlət baytarlıq orqanına müvafiq hesabatlar təqdim etməlidir.

1.3. Baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin uçota alınması ödənişsiz həyata keçirilir.

 

2. BAYTARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN DÖVLƏT BAYTARLIQ ORQANINDA UÇOTA DURMA QAYDASI

 

2.1. Baytarlıq fəaliyyəti ilə məşğul olan şəxs uçota alınmaq üçün dövlət baytarlıq orqanına ərizə ilə müraciət etməlidir və ərizədə aşağıdakılar göstərilir:

fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;

hüquqi şəxs olduqda - adı, olduğu yer və qeydiyyat nömrəsi.

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

baytarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) surəti;

baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lazımi avadanlıqlar və yerlə təchiz olunma barədə məlumat;

baytarlıq fəaliyyəti ilə məşğul olan şəxsin baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsilini təsdiq edən sənədin notarial qaydada təsdiqlənmiş surəti.

2.2. Müraciət edən şəxs ərizədə və təqdim etdiyi sənədlərdə göstərilən məlumatların düzgünlüyünə cavabdehdir.

2.3. Dövlət baytarlıq orqanı şəxsin uçota alınması haqqında ərizənin və digər zəruri sənədlərin təqdim edildiyi gündən 15 gün müddətində uçotu həyata keçirməlidir.

2.4. Baytarlıq fəaliyyəti ilə məşğul olan şəxsin uçotu tərtib edilmiş xüsusi kitabda və elektron variantda aparılır. Uçot məlumatları ərizədə və təqdim edilmiş sənədlərdə qeyd edilmiş məlumatlardan ibarətdir.

2.5. Dövlət baytarlıq orqanı baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin siyahılarını ildə bir dəfə dəqiqləşdirməli və faktiki olaraq bu cür fəaliyyətlə məşğul olmalarına baxmayaraq dövlət baytarlıq orqanında uçota durmayan şəxslərin aşkar edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirməli və onların uçota alınmasını təmin etməlidir.

 

3. UÇOT MƏLUMATLARININ DƏYİŞDİRİLMƏSİ

 

3.1. Şəxsin uçot məlumatlarında hər hansı bir dəyişiklik baş verdikdə, yaxud şəxs baytarlıq fəaliyyətini dayandırdıqda, dəyişiklik baş verən gündən 15 gün müddətində o, dövlət baytarlıq orqanını məlumatlandırmalıdır.

3.2. Baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətini dayandırması onların uçotdan çıxarılmasına əsas vermir.

3.3. Baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qanunvericiliklə müəyyən  edilmiş hallarda və qaydada ləğv edildikdə və ya şəxs bu fəaliyyətə xitam verilməsi barədə müraciət etdikdə, habelə sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxs vəfat etdikdə onlar uçotdan çıxarılmalıdır.

3.4. Şəxsin baytarlıq fəaliyyətinin dayandırılması və ya uçotdan çıxarılması barədə qeyd xüsusi kitaba daxil edilir.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 7 iyul tarixli 167 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin

 

S İ Y A H I S I

 

1. Ümumi müddəa

 

Bu Siyahı “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.46-cı və 1.47-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəlikləri əhatə edir.

 

2. Müxtəlif növ heyvan xəstəlikləri

 

bruselyoz (Brucella abortus)

bruselyoz (Brucella melitensis)

bruselyoz (Brucella suis)

qarayara

aueski xəstəliyi

exinokokkoz

leptospiroz

Kü isitməsi

quduzluq

trixinelyoz

dabaq

vezikulyar stomatit

Rift vadisi isitməsi

qoyunların kataral isitməsi

botulizm

tulyaremiya

aktinomikoz

staxibotriotoksikoz

asperqilyoz

trixofitiya

mikrosporiya

qoturluq

dəmrov

dovşancıq (tetanus)

listerioz

melioidoz

çiçək

dermatomikoz

toksoplazmoz

 

3. İri buynuzlu heyvanların xəstəlikləri

 

iri buynuzlu heyvanların vərəmi

iri buynuzlu heyvanların sistiserkozu

infeksion rinotraxeit/infeksion vulvovaqenit

iri buynuzlu heyvanların süngərvari ensefalopatiyası

iri buynuzlu heyvanların taunu

iri buynuzlu heyvanların kontagioz plevropnevmoniyası

 

4. Qoyun və keçi xəstəlikləri

 

qoyunların epididimiti (Brucella ovis)

skrepi

xırda buynuzlu heyvanların taunu

bradzot

vərəm

 

5. Təkdırnaqlı heyvan xəstəlikləri

 

manqo

atların infeksion anemiyası

atların qoturluğu

atların ensefalomiyeliti

 

6. Dəvə xəstəliyi

 

taun

 

7. Donuz xəstəlikləri

 

sistiserkoz

donuzların qızıl yeli

 

8. Quş xəstəlikləri

 

quş vərəmi

qambora

quş xlamidiozu

yüksək patogenli quş qripi

Nyukasl xəstəliyi

ornitoz (psitokokkoz)

quş salmonelyozu

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.               4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 09, maddə 853)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 09, maddə 853) ilə 1-ci bəndindən “Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durma Qaydaları və” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status