AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.01.2006
QEYDİYYAT NÖMRƏSİ
3
ADI
“Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2006, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 36)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.01.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın təsdi

“Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.13-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 6 yanvar 2006-cı il

         № 3

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 6 yanvar tarixli 3 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması

 

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.13-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması qaydalarını müəyyənləşdirir.

1.2. Bu Qaydalarda “Telekommunikasiya haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş anlayışlardan istifadə olunmuşdur.

1.3. Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması “Telekommunikasiya haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qaydalara və digər normativ hüquqi aktlara əsasən həyata keçirilir.

1.4. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması həmin ərazilərdə, həmçinin qonşu dövlətlərin Azərbaycan Respublikası ilə sərhədyanı ərazilərində yaşayan əhalisinin sağlamlığına, ekologiyanın korlanmasına mənfi təsir göstərməməli, dövlət sərhədində təhlükəsizliyin pozulmasına şərait yaratmamalı, sərhəd mühafizəsi orqanlarının xidmətinə, gömrük orqanlarının fəaliyyətinə, hava uçuşlarına və dənizçiliyə, mühəndis qurğularının işinə, təmiri və istismar olunmasına maneələr törətməməli, həmin inzibati ərazinin iqtisadi təsərrüfat fəaliyyətinə ziyan gətirməməlidir. [1]

1.5. Sərhədboyu zonada telekommunikasiya xətlərinin çəkilməsi bu Qaydalarla tənzimlənir.

1.6. Sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində sualtı telekommunikasiya vasitələrinin və qurğularının müəyyən olunmuş rejiminin tətbiq zonası həmin sularda yerləşən bütün telekommunikasiya vasitələrinə və qurğularına şamil edilir.

1.7. Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələri istisna olmaqla, Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması aidiyyəti dövlət orqanlarının (Dövlət Sərhəd Xidməti, Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyinə əsasən bu sahədə səlahiyyətli orqan olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – NRYTN) icazəsi ilə həyata keçirilir. [2]

Sərhəd keçid məntəqələrində sərhəd və gömrük orqanları üçün nəzərdə tutulan telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı, həmçinin qəza-bərpa işlərinin aparılması sərhəd və gömrük xidmətləri tərəfindən aidiyyəti qurumların əvvəlcədən məlumatlandırılması yolu ilə həyata keçirilir.

1.8. Azərbaycan Respublikasının sərhədboyu zolağında telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması bu Qaydaların 1.7-ci bəndində göstərilən aidiyyəti dövlət orqanlarının rəyinə və bu sahədə səlahiyyətli orqan olan NRYTN-in müraciətinə əsasən Dövlət Sərhəd Xidmətinin icazəsi ilə həyata keçirilir. [3]

1.9. Aidiyyəti dövlət orqanları verdikləri və ləğv etdikləri rəylərin reyestrini aparırlar.

1.10. İcazə almaq üçün ərizə ilə müraciət edə bilərlər:

a) Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi şəxslər (bundan sonra - ərizəçi);

b) xarici hüquqi şəxslər, beynəlxalq təşkilatlar (bundan sonra - xarici ərizəçilər).

1.11. İcazəni almaq üçün ərizəçi nəzərdə tutulan işlərin başlanmasından ən azı 3 ay əvvəl RTİN-ə müraciət edərək, aşağıdakı sənədləri təqdim etməlidir:

a) aşağıdakılar göstərilməklə icazə verilmə haqqında ərizə: hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi və fəaliyyət göstərdiyi ünvanlar barədə məlumat;

yerinə yetirilməsi nəzərdə tutulan işlər haqqında məlumat;

yerinə yetiriləcək işlərin məqsədi və təyinatı;

yerinə yetiriləcək işlərin başlanma və sona çatma müddəti;

b) müvafiq fəaliyyət növləri ilə məşğul olmağa icazə verən lisenziyanın notarial qaydada təsdiq olunmuş surəti;

c) ətraf mühitə, ekologiyaya, mineral ehtiyatlara, canlı aləmə mənfi təsir göstərə biləcək hallar barədə xəbərdarlıq və belə halların qarşısının alınması barədə, həmçinin dəyə biləcək zərərlərin kompensasiya edilməsi haqqında həmin ərazinin icra hakimiyyəti orqanı ilə razılaşdırılmış tədbirlərin siyahısı;

ç) avtomobil və dəmir yolları ilə kəsişən ərazilərdə, magistral neft və qaz kəmərlərinin keçdiyi ərazilərdə, elektrik xətləri və digər texnoloji qurğuların yerləşdiyi sahələrdə nəzərdə tutulan işlərin aparılması üçün aidiyyəti qurumların razılığını təsdiq edən sənədlərin surəti; [4]

d) işlərin aparılması zamanı istifadə olunacaq texniki vasitələr, o cümlədən üzən nəqliyyat vasitələri barədə məlumat;

e) işlərin aparılması zamanı baş verə biləcək qəza hallarının qarşısının alınması məqsədilə nəzərdə tutulan tədbirlər;

ə) xarici ərizəçilər üçün işlərin aparılmasında Azərbaycan Respublikasının və xarici ölkə vətəndaşlarının və yaxud hüquqi şəxslərin hər hansı iştirakının forma və dərəcələri haqqında məlumat;

f) nəzərdə tutulan işlərin aparılması üçün ərizəçi tərəfindən işə cəlb olunacaq şəxslər, o cümlədən işlərin aparılmasında iştirak edəcək işçilər barədə məlumat;

g) telekommunikasiya xətlərinin sxemi və təsdiq olunmuş layihənin surəti.

1.12. Xarici ərizəçilər bu Qaydaların 1.11-ci bəndində göstərilən sənədləri diplomatik kanallar vasitəsilə səlahiyyətli orqanlara təqdim edirlər.

1.13. Ərizəçi tərəfindən bu Qaydaların 1.11-ci bəndinə əsasən təqdim olunmuş sənədlərin surəti rəy alınması üçün NRYTN tərəfindən bu Qaydaların 1.7-ci bəndində göstərilən aidiyyəti dövlət orqanlarına göndərilir.

1.14. Bu Qaydaların 1.4-cü bəndinin tələbləri pozulduğu halda icazənin verilməsi dayandırılır.

1.15. Səlahiyyətli orqan ərizəçiyə aşağıdakı hallarda və müddətdə bildiriş göndərir:

a) bu Qaydaların 1.11-ci bəndinin tələbləri pozulduğu təqdirdə, ərizəyə baxılması haqqında bildiriş daxil olduğu tarixdən sonrakı 10 gün müddətində;

b) icazə və yaxud səbəbləri göstərilməklə icazənin verilməsindən imtina barədə - ərizəyə baxılması haqqında bildiriş daxil olduğu tarixdən sonrakı 15 gün müddətində;

c) icazənin verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda (dövlət sərhədinin mühafizəsi tələblərinə cavab vermədikdə, avadanlığın uyğunluq sertifikatı olmadıqda, tezlik üçün icazə olmadıqda və s.) imtina oluna bilər və bu imtinadan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər; [5]

ç) ərizəyə baxılmasından və yaxud icazə verilməsindən imtina barədə, həmçinin verilmiş icazənin ləğvi barədə bildiriş əcnəbi vətəndaşa diplomatik kanallar vasitəsilə göndərilir.

1.16. Nəzərdə tutulan işlərin aparılması üçün icazə almış ərizəçi icazə aldığı aidiyyəti dövlət orqanlarının, o cümlədən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin orqanlarının və vəzifəli şəxslərin aparılacaq işlərlə əlaqədar bütün sorğularını ətraflı məlumatlandırmalı və işlərin yoxlanılması üçün onlara şərait yaratmalıdır.

1.17. İcazə yalnız həmin icazənin verildiyi şəxsə aiddir və onun digər şəxslərə ötürülməsi qadağandır.

1.18. Fəaliyyət zamanı Azərbaycan Respublikasının qanunvericiliyi və bu Qaydaların müddəaları pozularsa, bu halda buraxılmış nöqsanların aradan qaldırılması üçün müəyyən edilmiş vaxt ərzində icazəni verən səlahiyyətli orqan həmin icazəni dayandıra bilər. Nöqsanlar aradan qaldırılandan sonra həmin icazə qüvvəyə minir. Müəyyən edilmiş vaxt ərzində nöqsanlar aradan qaldırılmazsa, bu halda verilmiş icazə ləğv edilir. İcazənin verildiyi şəxsin fəaliyyəti zamanı yol verilən pozuntular dövlət sərhədinin mühafizəsinə maneçilik yaratdıqda, həmin şəxsin fəaliyyəti Dövlət Sərhəd Xidməti tərəfindən dayandırılır və bu barədə NRYTN-ə məlumat verilir.

1.19. Ərizəyə baxılması, icazənin verilməsi, verilməsindən imtina, eləcə də icazənin qüvvədən düşməsinin təyin edilməsində iştirak edən aidiyyəti dövlət orqanları NRYTN tərəfindən məlumatlandırılırlar.

1.20. Bu işlərin həyata keçirilməsi üçün icazə almış şəxs (mülkiyyətçi) və yaxud işlərin yerinə yetirilməsinə onun tərəfindən cəlb olunmuş şəxs Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə işlərin başlanma tarixi barədə ilkin məlumatı həmin tarixə ən azı 10 gün qalmış, işlərin başlanması və başa çatdırılması barədə son məlumatı isə dərhal çatdırmalıdır.

1.21. İşlər Azərbaycan Respublikasının sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində aparılacağı zaman, işləri aparan təşkilat aidiyyəti orqanlara işlərin başlanma tarixi barədə ilkin məlumatı həmin tarixə ən azı 30 gün qalmış, işlərin başlanması və başa çatdırılması barədə son məlumatı isə dərhal çatdırmalıdır.

1.22. Layihələndirilən telekommunikasiya xətti dəniz gəmiçiliyi üçün (sualtı və suüstü) əsaslı əhəmiyyət kəsb edən dəniz yollarından keçdiyi yerlərdə dəniz dibinin tədqiqatı barədə hesabat sənədləri əlavə edilməklə, NRYTN ərizəçi tərəfindən məlumatlandırılır. [6]

1.23. Azərbaycan Respublikasının sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarına aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl avtomobil yollarına aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır. [7]

 

II. TELEKOMMUNİKASİYA VASİTƏLƏRİNİN VƏ QURĞULARININ TİKİNTİSİNİN LAYİHƏLƏNDİRİLMƏSİ

 

2.1. Sərhədboyu zonada telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılmasını layihələndirmək məqsədilə ərizəçi icazə almaq üçün NRYTN-ə müraciət etməlidir. Ərizədə bu Qaydaların 1.11-ci bəndinin “a” yarımbəndində göstərilən məlumatlardan başqa, aidiyyəti dövlət orqanlarının rəyini təqdim etməli və obyektin tikintisi ilə əlaqədar coğrafi koordinatları göstərməlidir.

2.2. Telekommunikasiya vasitələri və qurğuları Azərbaycan Respublikasının dövlət sərhədini keçirsə, bu halda telekommunikasiya xəttinin layihələndirilməsinə cəlb olunan şəxs, Azərbaycan Respublikasının dövlət sərhədi ilə telekommunikasiya xəttinin kəsişmə nöqtələrinin coğrafi koordinatlarını aidiyyəti dövlət orqanları ilə, həmçinin sərhəd nümayəndəliyi xətti ilə həmsərhəd dövlətin belə işlərin həllində səlahiyyəti olan əlaqədar təşkilatları ilə birgə təyin edir və razılaşdırır.

2.3. İstismarı zamanı radiotezliklərdən və radioelektron vasitələrdən istifadə edilməsi nəzərdə tutulan telekommunikasiya vasitələri və qurğuları layihələndirilərkən, ərizəçi həmin radiotezlik və yaxud radiotezlik kanalının ayrılması məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasına müraciət etməlidir.

2.4. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisi üçün hazırlanmış layihə sənədi coğrafi koordinatlar və istifadə olunacaq radiotezliklər göstərilməklə bu Qaydaların 1.7-ci bəndində göstərilən dövlət orqanları ilə razılaşdırılır.

2.5. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisi üçün layihələr hazırlanarkən, həmin vasitələrdən və qurğulardan Dövlət Sərhəd Xidmətinin istifadə imkanları nəzərə alınmalıdır.

 

III. TELEKOMMUNİKASİYA VASİTƏLƏRİNİN VƏ QURĞULARININ TİKİNTİSİ

 

3.1. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisinə icazə verilməsi ilə əlaqədar müraciət edən ərizəçi bu Qaydaların 1.11-ci bəndində göstərilən sənədlərlə yanaşı, tikiləcək obyektin bilavasitə istismarını həyata keçirəcək telekommunikasiya operatoru, provayderi haqqında məlumat verməlidir.

3.2. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisi üçün ərizəçi aşağıdakı sənədləri təqdim etməlidir:

a) radiotezlik spektrindən istifadə zamanı tezlik verilmə haqqında qərarın surətini;

b) telekommunikasiya xətləri sahəsində təsdiq olunmuş layihənin surətini;

telekommunikasiya xətlərinin sxemlərini;

c) işlərin aparılması qrafikini (başlanma və tamamlanma tarixləri göstərilməklə);

ç) bu Qaydaların 1.7-ci bəndində göstərilən dövlət orqanları ilə razılaşdırma sənədlərinin surətini.

3.3. Telekommunikasiya vasitələrinin və qurğularının tikintisi üçün nəzərdə tutulmuş müddət ərzində işlərin tam başa çatdırılması mümkün olmadığı halda ərizəçi NRYTN-ə icazənin şərtlərinin dəyişməsi (müddətin uzadılması) məqsədilə əsaslandırılmış şəkildə müraciət edir.

3.4. İcazənin şərtlərinin dəyişdirilməsi üçün yekun qərar qəbul edilənə qədər, NRYTN 10 gün müddətində tikintinin aparılmasına icazə verir. Tikintinin tamamlanmasının yeni müddəti və icazənin başqa şərtləri bu Qaydalarda nəzərdə tutulan aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq təyin olunmalıdır.

3.5. Telekommunikasiya vasitələri və qurğuları istismara qəbul edilərkən, həmin tikintinin əvvəlcədən razılaşdırılmış layihəyə uyğunluğu dövlət qəbul komissiyası tərəfindən yoxlanılır. Dövlət qəbul komissiyasının tərkibinə həmin obyektin tikintisinə rəy vermiş, bu Qaydaların 1.7-ci bəndində göstərilən dövlət orqanlarının nümayəndələri daxil edilməlidir.

3.6. Dövlət qəbul komissiyasına təqdim edilən digər sənədlərlə yanaşı, həmin obyekti istismar edəcək operator tərəfindən hazırlanmış obyektin istismar qaydaları haqqında məlumat təqdim edilməlidir.

3.7. İstismar qaydalarında aşağıdakılar göstərilməlidir:

a) planlaşdırılmış və profilaktiki təmir (baxış) işlərinin aparılması qaydası və qrafiki;

b) qəza-bərpa işlərinin aparılması qaydaları;

c) profilaktiki təmir (baxış), qəza-bərpa işləri zamanı məlumatlandırılacaq

orqanların adları;

ç) sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində aparılacaq təmir, qəza-bərpa işləri zamanı cəlb olunacaq digər dövlətlərə məxsus olan dəniz nəqliyyatı vasitələri barədə məlumat.

3.8. İstismar qaydaları dövlət qəbul komissiyasının verdiyi rəyə əsasən səlahiyyətli orqan (NRYTN) tərəfindən təsdiq edilir. İstismar qaydaları təsdiq edildikdən sonra obyektin istismarına icazə verilir.

3.9. Telekommunikasiya vasitələrinin və qurğularının profilaktiki təmiri, qəza-bərpa işlərinin aparılması, təmir və bərpadan sonra istismara verilməsi bu Qaydalarda müəyyənləşdirilən formada həyata keçirilir.

 

IV. TELEKOMMUNİKASİYA VASİTƏLƏRİNİN VƏ QURĞULARININ İSTİSMARI VƏ QƏZA-BƏRPA İŞLƏRİNİN APARILMASI

 

4.1. Telekommunikasiya vasitələrinin və qurğularının istismarı istismaredici təşkilat (telekommunikasiya operatoru, provayderi) tərəfindən istismar qaydalarına uyğun həyata keçirilir.

4.2. Telekommunikasiya vasitələrinin və qurğularının təmiri (baxışı), planlaşdırılmış və profilaktiki işlərin görülməsi barədə (işin vaxtı və məzmunu göstərilməklə) istismaredici təşkilat istismar qaydalarında göstərilən orqanları işlərin başlanmasına 10 gün qalmış məlumatlandırır. Göstərilən orqanlar öz nümayəndələri barədə məlumatı və onların təmir olunan obyektə gəlmə vaxtlarını istismaredici təşkilata çatdırır və yaxud onların təmir aparılacaq obyektdə iştirakına ehtiyac olmadığı barədə məlumatı bildirirlər. Göstərilən orqanların nümayəndələrinin iştirak etmədikləri halda istismaredici təşkilat görülmüş profilaktiki təmir və qəza-bərpa işlərinin başa çatdırılması və nəticələri barədə həmin orqanlara məlumat verməlidir.

4.3. Qəza əlamətləri ehtimal olunan hallarda və ya qəza baş verdiyi hallarda istismaredici təşkilat istismar qaydalarında göstərilən orqanlara, qəza və qəzanın qarşısının alınması üçün görüləcək tədbirlər barədə dərhal məlumat verməlidir. İstismaredici təşkilat göstərilən orqanların nümayəndələrinin qəza yerinə gəlməsini gözləmədən dərhal bərpa işlərinə başlamaq hüququna malikdir. Bununla yanaşı, həmin orqanlarla əlaqə yaradaraq görülən işlər barədə operativ məlumatları çatdırmalı, işlərin qurtarması və nəticələri barədə həmin orqanlara yekun məlumatları verməlidir.

4.4. Qəza-bərpa işləri təsdiqlənmiş istismar qaydalarına əsasən həyata keçirilir.

4.5. İstismar qaydalarına dəyişikliklər həmin qaydaları təsdiq edən səlahiyyətli orqan (NRYTN) tərəfindən mülkiyyətçinin və istismaredici təşkilatın müraciəti əsasında aparıla bilər, həmçinin telekommunikasiya şəbəkəsi, vasitəsi və qurğusunun mülkiyyətçisi tərəfindən verilmiş ərizəyə əsasən istismaredici təşkilat da dəyişdirilə bilər. Ərizədə dəyişikliklərin aparılması səbəbləri göstərilməlidir.

 

V. TELEKOMMUNİKASİYA VASİTƏLƏRİNİN VƏ QURĞULARININ İSTİSMARININ DAYANDIRILMASI

 

 5.1. Telekommunikasiya vasitələrinin və qurğularının istismarının dayandırılması üçün ərizəçi tərəfindən NRYTN-ə ərizə ilə müraciət edilməlidir. Ərizədə bu Qaydaların 1.11-ci bəndinin a) yarımbəndində nəzərdə tutulan məlumatlardan başqa, obyektin istismardan çıxarılmasının səbəbləri barədə məlumat göstərilməlidir.

5.2. Telekommunikasiya vasitələrinin və qurğularının istismarının dayandırılması üçün ərizə daxil olduqdan sonra NRYTN 3 ay müddətində obyektin istismardan çıxarılması və yaxud istismarın dayandırılmasının başqa vaxta keçirilməsi barədə qərar qəbul edir.

5.3. Obyektin demontajı və yenidənqurma işləri başa çatdıqdan sonra demontaj olunmuş hissələr və bu məqsəd üçün istifadə olunan digər avadanlıq Azərbaycan Respublikasının sərhədyanı ərazilərindən, o cümlədən sərhəd çaylarından, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsindən çıxarılır.

5.4. Azərbaycan Respublikasının sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının demontaj işləri başa çatdıqdan sonra həmin obyektin mülkiyyətçisi həmin suların gəmiçilikdə əhəmiyyət kəsb edən dəniz yollarında demontaj olunmuş obyekt boyunca suyun dibinin hidroqrafik müayinəsini aparır və bu barədə aidiyyəti orqana hesabat materiallarını təqdim edir.

 

VI. MƏSULİYYƏT

 

Bu Qaydaların pozulması hallarına görə telekommunikasiya vasitələrinin və qurğularının mülkiyyətçiləri, onları istismar edən operatorlar, provayderlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472)

2.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

3.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

4.       7 noyabr 2016-cı il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2016-cı il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1929)

5.       6 dekabr 2017-ci il tarixli 535 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2483)

6.       23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139)

7.       21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 dekabr 2017-ci il tarixli 535 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2483) ilə “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 1.4-cü bəndində “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizəsi orqanlarının” sözləri ilə əvəz edilmişdir.

 

[2] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 1.7-ci bənddə “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (bundan sonra - RİTN)” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - RYTN)” sözləri ilə əvəz edilmişdir.

 

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 1.7-ci bəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157) ilə “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 1.7-ci bəndində “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – RYTN)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – NRYTN)” sözləri ilə əvəz edilmişdir və həmin bəndindən “Nəqliyyat Nazirliyi,” sözləri çıxarılmışdır.

 

[3] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın mətn üzrə ismin müvafiq hallarında “RİTN” abreviaturası ismin müvafiq hallarında “RYTN” abreviaturası ilə əvəz edilmişdir.

 

21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157) ilə  “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın  mətn üzrə ismin müvafiq hallarında “RYTN” abreviaturası ismin müvafiq hallarında “NRYTN” abreviaturası ilə əvəz edilmişdir.

 

[4] 7 noyabr 2016-cı il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2016-cı il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1929) ilə 1.11-ci bəndin “ç” yarımbəndində “orqanların” sözü “qurumların” sözü ilə əvəz edilmişdir.

 

[5] 22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 1.15-ci bəndinin c) yarımbəndində “qanunvericiliyə uyğun olaraq” sözləri “inzibati qaydada və ya” sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 yanvar 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 157) ilə “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 1.22-ci bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “NRYTN” abreviaturası ilə əvəz edilmişdir.

 

[7] 7 noyabr 2016-cı il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2016-cı il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1929) ilə 1.23-cü bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və ya “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139) ilə “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 1.23-cü bəndində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status