AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.09.2006
QEYDİYYAT NÖMRƏSİ
209
ADI
Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2006, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 823)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.09.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.28-ci, 1.36-cı və 1.37-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”, “Dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsi Qaydası” və “Heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 13 sentyabr 2006-cı il

                         № 209

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması

 

QA Y D AL AR I

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il

22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.28-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və baytarlıq normalarına cavab verən məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması qaydalarını müəyyən edir.

1.2. Bütün növ kənd təsərrüfatı, vəhşi heyvan (insan qidası üçün yararlı olan), o cümlədən quş əti və ət məhsullarının baytarlıq damğası və ştampları ilə nişanlanması məcburidir.

1.3. Ət və ət məhsullarının oval damğa ilə nişanlanması Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müəssisə və təşkilatlarının ştatında olan, rayon və şəhər dövlət baytarlıq müfəttişindən rəsmi icazə almış, baytarlıq-sanitariya ekspertizası sahəsində müvafiq hazırlığı olan və qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş baytarlıq mütəxəssisləri tərəfindən həyata keçirilir. Onlar kəsilmiş heyvanların ət və ət məhsullarını baytarlıq - sanitariya ekspertizasından keçirərək, dövlət baytarlıq nəzarətində olan ət kombinatı, yaxud bazarlara göndərilməsi üçün “İlkin baxış” damğası ilə nişanlayırlar. [1]

1.4. Baytarlıq damğa və ştampları rayon və şəhər dövlət baytarlıq müfəttişinin rəsmi icazəsi əsasında müvafiq qanunvericiliklə müəyyən olunmuş formada və ölçüdə bürünc, yaxud paslanmayan metaldan hazırlanır. Baytarlıq ştampları rezindən də hazırlana bilər.

1.5. Ət məhsullarını nişanlama səlahiyyətinə malik olan və baytarlıq damğası və ştampını işlətmək üçün icazə verilən baytar mütəxəssislərini rayon və şəhər dövlət baytarlıq müfəttişləri müəyyən edir.

1.6. Ətin nişanlanması baytarlıq-sanitariya ekspertizası aparıldıqdan sonra həyata keçirilir.

1.7. Damğa, ətin nişanlanmasına hüququ olan baytar mütəxəssisində saxlanılır.

1.8. Ətin nişanlanmasına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qida məhsulları ilə təmasına icazə verilən boyalardan istifadə olunur.

1.9. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. [2]

 

2. BAYTARLIQ DAMĞASI VƏ BAYTARLIQ ŞTAMPI

 

 2.1. Ətin qidaya yararlılığını qiymətləndirmək üçün istifadə edilən damğa və ştamp bu Qaydaların əlavəsində verilmiş formaya uyğun hazırlanmalıdır.

2.2. Oval formada olan baytarlıq damğasının ortasında iki cüt rəqəm olur: birinci cüt rəqəm respublikanın müvafiq şəhər və rayonunun, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonunun sıra nömrəsini, ikinci cüt rəqəm isə damğanı işlədən müəssisənin, təşkilatın sıra nömrəsini bildirir.

Damğanın yuxarı hissəsində “Azərbaycan Respublikası”, aşağı hissəsində “Dövlət baytarlıq nəzarəti” sözləri yazılmalıdır. Oval baytarlıq damğası ət və ət məhsullarının tam həcmdə baytarlıq-sanitariya ekspertizasından keçdiyini və məhsulun ərzaq məqsədi üçün məhdudiyyətsiz olaraq buraxılmasını təsdiq edir.

Qüvvədə olan baytarlıq-sanitariya, yaxud sanitariya-gigiyena norma və qaydalarına uyğun olmayan ət məhsullarını zərərsizləşdirmək üçün onlara müvafiq baytarlıq ştampları vurulur.

2.3. Düzbucaqlı formada olan baytarlıq damğasının yuxarı hissəsində “Baytarlıq xidməti”, mərkəzində “İlkin baxış” sözləri və aşağı hissəsində iki cüt rəqəm olur: birinci cüt rəqəm respublikanın müvafiq şəhər və rayonunun, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonunun sıra nömrəsini, ikinci cüt rəqəm isə damğanı işlədən müəssisənin, təşkilatın sıra nömrəsini bildirir.

“İlkin baxış” düzbucaqlı damğası heyvanların kəsimdən əvvəl və kəsimdən sonra müayinə edildiyini (atların diri ikən manqo xəstəliyinə görə yoxlanmasını), təsərrüfatın karantin xəstəliklərinə görə sağlam olmasını təsdiq edir.

Ancaq bu damğa ətin tam həcmdə baytarlıq-sanitariya ekspertizasından keçirilmədən istifadə edilməsinə hüquq vermir.

2.4. Düzbucaqlı formada olan ştampın yuxarı hissəsində “Baytarlıq xidməti”, mərkəzində “Bişirmək”, “Bişmiş kolbasaya”, “Konservaya”, “Əridilməyə” (piy, şpik), “Dabaq”, “Finnoz”, “Tuberkulyoz”, “Util” sözləri və aşağı hissəsində iki cüt rəqəm göstərilir: birinci cüt rəqəm respublikanın müvafiq şəhər və rayonunun, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonunun sıra nömrəsini, ikinci cüt rəqəm isə ştampı işlədən müəssisənin, təşkilatın sıra nömrəsini bildirir. Baytarlıq ştampları, onların mərkəzində yazılmış sözlərə uyğun ətin təyinatı üzrə zərərsizləşdirilməsini göstərir.

2.5. Düzbucaqlı əlavə ştampların mərkəzində ətin hansı heyvan növündən olduğunu bildirən “At”, “Dəvə, “Maral”, “Ayı” və s. sözlər olur.

2.6. Yarımfabrikatların, dovşan və quş ətinin nişanlanması üçün baytarlıq damğası bu Qaydaların 2.2-ci bəndində göstərilən formada, ancaq kiçik ölçüdə olur.

Ət-quş emalı kombinatlarında və quşçuluq fabriklərində 1, yaxud 2 (kateqoriyasından asılı olaraq) rəqəmdən ibarət yazıları olmayan elektrodamğa istifadə etmək olar. Polietilen paketlərə qablaşdırılmış quş ətinin növü və kateqoriyası paketlərdə mətbəə yazısı ilə göstərilir.

2.7. Baytarlıq damğa və ştamplarında göstərilən ilk cüt rəqəm Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, ikinci cüt rəqəm isə rayon və şəhər dövlət baytarlıq müfəttişi tərəfindən müəyyənləşdirilir.

 

3. ƏT VƏ ƏT MƏHSULLARININ ÜZƏRİNƏ NİŞAN QOYULMASI QAYDASI

 

3.1. Bütün növ heyvanların ətinə baytarlıq damğa və ştampı aşağıdakı qaydada vurulur:

heyvan cəmdəyi və yarımcəmdəyinin hər birinə kürək və bud nahiyəsinə - bir damğa;

dörd hissəyə bölünmüş cəmdəyin hər birinə, şpik hissələrinə - bir damğa;

ürək, dil, ağciyər, qaraciyər, böyrək, baş hissələrinə - bir damğa;

dovşan və qunduz cəmdəklərinin kürək nahiyəsinə və budun xarici hissəsinə - iki damğa;

baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında quş, o cümlədən ov quşu cəmdəyinin boyun, yaxud budun xarici tərəfinə - bir damğa;

ət-quş emalı kombinatında və quşçuluq fabrikində cücə, toyuq, sesar cəmdəyinin bir ayağına; ördək, qaz, hind quşu cəmdəyinin hər iki ayağına - elektrodamğa;

təkrar emal üçün nəzərdə tutulan quş cəmdəklərinin bel hissəsinə - “E” nişanlı elektrodamğa vurulur.

Baytarlıq-sanitariya ekspertizasından keçmiş at, dəvə, maral, ayı, ulaq ətlərinə baytarlıq damğası və bu Qaydaların 2.5-ci bəndinə uyğun olaraq əlavə ştamp vurulur. Piy xammalına damğa vurulmur, yalnız baytarlıq ştampı vurulmuş etiket yapışdırılır.

  3.2. Tam baytarlıq-sanitariya müayinəsindən keçməyən ət və ət məhsulları “İlkin baxış” sözləri yazılmış düzbucaqlı damğa ilə nişanlanır və tam həcmdə baytarlıq-sanitariya ekspertizasından keçirilməsi üçün dövlət baytarlıq laboratoriyasına göndərilir.

3.3. Kolbasa məmulatları istehsalı və digər məqsədlər üçün emala göndərilən ət və ət məhsullarına, ancaq zərərsizləşdirmə təyinatı, yaxud diaqnozu göstərilməklə ştamp vurulur.

3.4. Erkək donuz cəmdəyinə baytarlıq damğası ilə yanaşı “EDE” (erkək donuz emala) ştampı da vurulur.

3.5. Zərərsizləşdirilmək üçün nəzərdə tutulan quş cəmdəkləri qablaşdırılmış taranın üzərinə ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizası qaydalarına uyğun olaraq zərərsizləşdirmə üsulunu göstərən (“Bişirmək”, “Konservaya” və s.) bir neçə baytarlıq ştampının etiketləri yapışdırılır.

3.6. Baytarlıq-sanitariya ekspertizasının nəticəsinə əsasən qida üçün yararsız olan bütün növ heyvan cəmdəklərinə (quş və dovşan cəmdəkləri də daxil olmaqla) ən azı 3-4 yerdən “UTİL” sözü yazılmış baytarlıq ştampı vurulur.

3.7. Saxlanma, yaxud daşınma şəraitinin pozulması nəticəsində keyfiyyətini dəyişmiş ət və ət məhsulları təkrarən baytarlıq-sanitariya ekspertizasına cəlb edilir, ilkin oval damğa forması ləğv edilərək, bu Qaydaların 2.4-cü və 3.1-ci bəndlərinə uyğun olaraq baytarlıq ştampı vurulur.

 

4. QAYDALARIN YERİNƏ YETİRİLMƏSİNƏ NƏZARƏT VƏ MƏSULİYYƏT

 

4.1. Nişanlama hüququ almış baytar mütəxəssisləri ətin baytarlıq-sanitariya baxımından qiymətləndirilməsinə məsuliyyət daşıyırlar.

4.2. Heyvanların kəsimi və kəsimdən əldə edilən məhsulların emalı ilə məşğul olan təsərrüfatların, müəssisə və təşkilatların soyuducularının və nəqliyyat xidmətlərinin rəhbərləri, həmçinin heyvan sahibləri bu Qaydalara əməl olunması üçün məsuliyyət daşıyırlar.

4.3. Bu Qaydaların icrası bütün baytar mütəxəssisləri, mülkiyyət formasından asılı olmayaraq, heyvan və quşların emalı ilə məşğul olan təsərrüfat, müəssisə və təşkilatların, bazarların, soyuducuların rəhbərləri, həmçinin fiziki şəxslər üçün məcburidir.

4.4. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq ticarət və ictimai iaşə müəssisələrinə cəmdəkdə, yarım və dörddə bir cəmdəklərdə oval baytarlıq damğası və müşayiətedici baytarlıq şəhadətnaməsi (sertifikatı) olduğu hallarda ətin qəbuluna, emalına və satışına icazə verilir.

4.5. Bu Qaydalara əməl olunmasına nəzarət dövlət baytarlıq nəzarəti orqanlarına həvalə edilir.

 


 

“Baytarlıq normalarına cavab verən

məhsulların sahibinə həmin məhsulların

satışına icazə verən ekspertiza aktının

təqdim edilməsi və ya məhsulun (ətin, heyvan

və quş cəmdəklərinin, digər məhsulların)

üzərində nişan qoyulması Qaydaları”na

ƏLAVƏ

 

Ət və ət məhsullarının nişanlanması üçün baytarlıq

 damğa və ştamplarının

 

N Ü M U N Ə L ƏR İ

 

 

1. Oval damğa forması

                                                                          Ölçüsü: 40 x 60 mm

                                                                      Dərinliyi: 1,5 mm

                                                                                      Hərfin hündürlüyü: 6 mm

Rəqəmin hündürlüyü: 12 mm

 

2. Kiçik ölçülü oval damğa (dovşan, quş, qunduz ətlərini damğalamaq üçün)

 

 

                                                                                               Ölçüsü: 25 x 40 mm

                                                                                               Dərinliyi: 1 mm

                                                                                               Hərfin hündürlüyü: 3 mm

                                                                                               Rəqəmin hündürlüyü: 6 mm

 

 

3. Düzbucaqlı damğa forması

 

BAYTARLIQ XİDMƏTİ

                 İLKİN BAXIŞ

10-14

                Ölçüsü: 40 x 60 mm

                Dərinliyi: 1,5 mm

                Hərfin və rəqəmin hündürlüyü: 7 mm

 

 

  4. Baytarlıq ştampı                     

BAYTARLIQ XİDMƏTİ

BİŞİRMƏK

12-26

 

BAYTARLIQ XİDMƏTİ

FİNNOZ

12-26

 

                                                                

 

BAYTARLIQ XİDMƏTİ

BİŞİRMƏK

12-26

 

BAYTARLIQ XİDMƏTİ

BİŞİRMƏK

12-26

 

BAYTARLIQ XİDMƏTİ

KONSERVAYA

12-26

BAYTARLIQ XİDMƏTİ

TUBERKULYOZ

12-26

 

 

BAYTARLIQ XİDMƏTİ

BİŞİRMƏK

12-26

 

BAYTARLIQ XİDMƏTİ

BİŞİRMƏK

12-26

 

 

BAYTARLIQ XİDMƏTİ

UTİL

12-26

BAYTARLIQ XİDMƏTİ

ƏT ÇÖRƏYİNƏ

12-26

 

 

 

 

 

Ölçüləri: 20 x 50 mm

Qalınlığı: 1,5 mm

Hərfin və rəqəmin hündürlüyü: 7 mm

At

Maral

Ayı

 

5. Əlavə ştamplar

 

 

Ölçüsü: 20 x 50 mm

Eni: 1,5 mm Hərfin hündürlüyü: 7 mm

 

 

 6. Ət-quş emalı kombinatı və quşçuluq fabriklərində quş cəmdəyi üçün elektrodamğa

 

12 r

 

 Rəqəmin və hərfin hündürlüyü: 20 mm

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetininin

2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsi

 

QA Y D AS I 1.

 

ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.36-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsi qaydalarını tənzimləyir.

1.2. Heyvan mənşəli məhsulların istehsalı, tədarükü, saxlanması, emalı, satışı və ya istifadəsi üçün nəzərdə tutulan istehsalat binaları və onların əraziləri dövlət baytarlıq nəzarəti obyektlərinə aiddir.

1.3. Heyvan mənşəli məhsulların istehsalı, tədarükü, saxlanması, emalı, satışı və daşınması ilə məşğul olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş zoogigiyenik və baytarlıq-sanitariya qaydalarına və normalarına əməl etməlidirlər.

 

2. DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ OBYEKTLƏRİNİN

YERLƏŞDİRİLMƏSİ VƏ TİKİNTİSİ

 

2.1. Bütün heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan mənşəli məhsulları emal edən müəssisələrin, xammal saxlanılan anbarların və məhsulların daşınması ilə məşğul olan müəssisələrin və onların ərazilərinin layihələşdirilməsinin, tikintisinin və yenidən qurulmasının baytarlıq- sanitariya qaydalarına və normalarına uyğun olaraq aparılması məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq nəzarəti orqanı ilə razılaşdırılır.

2.2. Dövlət baytarlıq nəzarəti obyektlərinin yaşayış məntəqələri ilə ara məsafəsi (sanitar mühafizə zonası) qanunvericiliklə müəyyən edilmiş sanitariya tələblərinə uyğun olaraq müəyyən edilir.

2.3. Heyvandarlıq obyektləri, heyvan mənşəli məhsulların istehsalı, tədarükü, emalı və saxlanması üçün nəzərdə tutulan obyektlər və onların əraziləri qanunvericiliklə müəyyən edilmiş qaydada inşa edilir.

2.4. Dövlət baytarlıq nəzarəti obyektlərinin layihələşdirilməsi, tikilməsi, istismara verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəsmi razılığı əsasında aparılır. [3]

2.5. Baytarlıq nəzarəti obyektlərinin tikintisi üçün ayrılmış ərazi yeraltı qrunt suların normativ səviyyədən artıq olmayan sahələrdə yerləşməklə, müəyyən edilmiş qaydada gediş-gəliş yolları, rabitə, enerji, isti-soyuq su və kanalizasiya sistemi ilə təmin olunmalıdır.

2.6. Dövlət baytarlıq nəzarəti obyektlərinin heyvan qəbiristanlıqları və təmizləyici qurğular olan yerlərə yaxın ərazidə tikilməsinə yol verilmir.

2.7. Heyvan mənşəli məhsulların emalı məqsədilə inşa edilən obyektlər qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalat və təsərrüfat zonalarına bölünür.

 

3. DÖVLƏT BAYTARLIQ NƏZARƏTİNDƏ OLAN OBYEKTLƏRİN BƏRPASI VƏ İSTİSMARA VERİLMƏSİ

 

3.1. Dövlət baytarlıq nəzarətində olan obyektlərin yenidən qurulması işləri başa çatdıqdan sonra orada profilaktik dezinfeksiya işləri aparılmalıdır. Bu işlərdən sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəyinə əsasən obyekt istismara verilə bilər.

3.2. Heyvandarlıq binalarının, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, emalı, saxlanması, daşınması üçün nəzərdə tutulan obyektlərin tikintisinə torpaq sahəsinin ayrılması və tikintisi başa çatmış obyektlərin istismara verilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan qəbul komissiyasında dövlət baytarlıq nəzarəti orqanı nümayəndəsinin iştirakı təmin edilməlidir.

3.3. Heyvandarlıq binaları və digər obyektləri bir-birindən və ya ətraf ərazilərdən qanunvericiliklə müəyyən edilmiş qaydada təcrid olunur.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi

 

QA Y D AL AR I

 

1. ÜMUMİ MÜDDƏA

 

Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.37-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi qaydalarını müəyyən edir.

 

2. HEYVAN XƏSTƏLİKLƏRİNİN QARŞISININ ALINMASI

 

Heyvandarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, habelə baytarlıq işçiləri tərəfindən heyvan xəstəliklərinin qarşısını almaq məqsədilə infeksiya və invaziyalar əleyhinə tədbirlər planına uyğun olaraq spesifik profilaktik tədbirlər (peyvəndləmələr, işləmələr, diaqnostik müayinələr və digər baytarlıq-sanitariya tədbirləri) təmin edilməli, həmçinin xəstəlik baş verdiyi halda onun yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilməlidir.

 

3. HEYVAN XƏSTƏLİKLƏRİNİN QARŞISININ ALINMASINDA HEYVANDARLIQLA MƏŞĞUL OLANLARIN VƏZİFƏLƏRİ

 

Heyvan xəstəliklərinin qarşısının alınmasında heyvandarlıqla məşğul olanların vəzifələri aşağıdakılardır:

stasionar heyvandarlıq və quşçuluq fermalarının, fabriklərinin yoluxucu xəstəliklərdən mühafizəsini (vəhşi heyvanlar üzrə fermalar da daxil olmaqla) təmin etmək məqsədilə onların ərazilərini hasarlamaq, müvafiq baytarlıq-sanitariya tələblərinin həyata keçirilməsi üçün şərait yaratmaq, iri təsərrüfatlarda bu məqsədlə xüsusi baytarlıq-sanitariya buraxılış məntəqələri, təcridxanalar, kəsim sexi, ölmüş heyvanların yandırılması üçün xüsusi yer (krematoriya) təşkil etmək;

heyvan və quşçuluq fermalarına, təsərrüfatlarına sahə baytar həkiminin icazəsi olmadan kənar yerlərdən bütün növ heyvan və quşların gətirilməsinə və ya təsərrüfat daxilində yenidən komplektləşdirilməsinə, habelə baytarlıqsanitariya cəhətdən keyfiyyəti müəyyənləşməmiş yem və yem əlavələrinin istifadəsinə və kənar şəxslərin həmin heyvanlarla təmasda olmasına yol verməmək;

təsərrüfata kənardan heyvanlar və quşlar gətirilərkən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrini məlumatlandırmaq, ərazidə heyvanların və quşların nəzarətsiz saxlanmasına yol verməmək; [4]

təsərrüfatda yeni gətirilən heyvanların xəstəliklərə görə epizootik vəziyyəti, onların əvvəlcədən hansı xəstəliklərə qarşı peyvənd edildiyinin müəyyənləşdirilməsi və profilaktika məqsədilə təcrid olunmuş bu heyvanlara baytarlıq baxışının keçirilməsi, epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq lazımi peyvəndləmə və diaqnostik müayinələrin aparılması üçün baytar mütəxəssislərinə şərait yaratmaq;

heyvandarlıq obyektləri və dövlət baytarlıq nəzarətində olan yüklər saxlanılan binaları və digər tikililəri lazımi baytarlıq-sanitariya tələblərinə uyğun vəziyyətdə saxlamaq, baytar mütəxəssislərinin göstərişi ilə onların vaxtaşırı dizenfeksiya edilməsini, bu obyektlərdə hər hansı bir səbəbdən ölən heyvan və quşların cəmdəklərinin təcili toplanaraq yandırılmasını və ya digər yolla zərərsizləşdirilməsini təmin etmək;

heyvanların müvəqqəti saxlandığı yerləri, dəmir yolu stansiyalarını, sərgi yerlərini, yarmarkaları, bazarları, ticarət mərkəzlərini, kəsim məntəqələrini, otaqları, su mənbələrini lazımi baytarlıq-sanitariya tələblərinə uyğun vəziyyətdə saxlamaq;

heyvandarlıq binalarının (quş, vəhşi heyvan saxlanan binalar da daxil olmaqla), baytarlıq obyektlərinin, balıqçılıq təsərrüfatlarının, kəsim məntəqələrinin, yem anbarlarının tikintisində və istifadəsində zoogigiyena və baytarlıqsanitariya norma və tələblərinə riayət etmək;

hüquqi və fiziki şəxslərə mənsub olan heyvanlar arasında tələfat olduqda və ya bir neçə heyvanda xəstəlik müşahidə edildikdə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermək, baytar işçiləri hadisə yerinə gələnə kimi xəstə və xəstəliyə şübhəli heyvanları sağlamlardan ayıraraq təcrid olunmuş vəziyyətdə saxlanılmasını təmin etmək; [5]

baytar mütəxəssislərinin rəyi olmadan heyvanların və quşların ətindən və xammalından hər hansı bir məqsəd üçün istifadə edilməsinə, həmçinin xəstə və xəstəliyə şübhəli heyvanların və onlardan alınmış süd, yumurta və digər heyvan mənşəli məhsulların satılmasına yol verməmək;

ət və süd emalı müəssisələrində, quşçuluq təsərrüfatlarında, soyuducu qurğularda, digər heyvan mənşəli məhsul və xammalın saxlanılması, tədarükü, satılması obyektlərində xəstəliklərə görə təhlükəsizliyin təmin edilməsi üçün bütün sanitar normalara əməl olunmaqla, bu obyektlərin istər layihələşdirilməsində, istərsə də istifadəyə verilməsində dövlət baytarlıq orqanının nümayəndəsinin iştirakını təmin etmək.

 

4. HEYVAN XƏSTƏLİKLƏRİNİN QARŞISININ ALINMASINDA BAYTAR MÜTƏXƏSSİSLƏRİNİN VƏZİFƏLƏRİ

 

4.1. Dövlət və özəl baytarlıq xidmətində baytar mütəxəssisləri xidmət etdikləri ərazi və təsərrüfatlarda heyvan xəstəliklərinin qarşısının alınması üçün tələb olunan profilaktika və baytarlıq-sanitariya tədbirlərini təşkil etməyə, epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq nəzərdə tutulan tədbirləri müəyyən olunmuş müddətdə həyata keçirməyə borcludurlar.

4.2. Dövlət və ya özəl baytar mütəxəssisləri mülkiyyət formasından asılı olmayaraq bütün heyvandarlıq və quşçuluq təsərrüfatlarında heyvanların törəyib artmasına, onlara lazımi qulluq göstərilməsinə, saxlanmasına, yemlənməsinə, səmərəli və düzgün istifadə edilməsinin təmin edilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etməlidirlər.

4.3. Rayon, şəhər dövlət və özəl baytarlıq xidmətinin mütəxəssisləri təsərrüfatlara, fermalara yeni heyvan daxil olarkən (quş, xəzdərili heyvan, balıq, arı da daxil olmaqla) onlar üçün profilaktiki-karantin müddətini təyin etməklə, həmin karantin dövründə ayrı-ayrı heyvanlarda epizootiya əleyhinə tədbirlər planında nəzərdə tutulan xəstəliklərə qarşı spesifik profilaktika və müayinə işlərinin aparılmasını həyata keçirməlidirlər.

4.4. Baytar mütəxəssisləri təsərrüfatda mövcud olan heyvanlar arasında xəstəlik baş verdikdə, xəstələri ümumi naxırdan (sürüdən) ayırmağa, onların müalicəsini təşkil etməyə, xəstəliyin baş vermə səbəbini aydınlaşdırmaqla, onun yerində ləğv edilməsi üçün müvafiq tədbir görməyə borcludurlar.

4.5. Mülkiyyət formasından asılı olmayaraq xəstəlik aşkar edilən bütün təsərrüfatlarda, yaşayış məntəqələrində baytar mütəxəssisləri mövcud heyvanları və ya onların bir qrupunu (seçmə yolu ilə) müayinədən keçirməyi, xəstəliyin yayılma dərəcəsini, eləcə də xəstəlik amilinin daxil olma, yayılma və mənbəyini müəyyən etmək üçün ölçü götürməyi və heyvanları ciddi baytarlıq nəzarətində saxlamağı, xəstəliklərə qarşı qoruyucu tədbirlərin aparılmasını təmin etməlidirlər.

 

5. DÖVLƏT BAYTARLIQ NƏZARƏTİNƏ CƏLB EDİLƏN YÜKLƏRİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ

 

5.1. Dövlət baytarlıq nəzarətində olan yüklərə idxal edilən və ölkə ərazisində yetişdirilən bütün növ heyvanlar və quşlar, heyvan mənşəli məhsullar və xammal, habelə balıq və arı məhsulları, baytarlıq preparatları, yem və yem əlavələri daxildir.

5.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların ölkə ərazisində istehsalına, idxal və ixracına qanunla tələb edilən baytarlıq-sanitariya tədbirlərinin aparılmasından ötrü fermanın, təsərrüfatın, otlaqların ot bitkilərinin, suvatların və su anbarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsindən (infeksion və invazion xəstəliklərin olması, torpağın, suyun zərərli elementlərlə çirklənməsi və s.) başlayaraq, ölkədə istehsal olunan bütün heyvan mənşəli ərzaq məhsullarına və xammala diaqnostik laboratoriyalarda müvafiq qaydada baytarlıq nəzarəti həyata keçirilməlidir.

5.3. İdxal edilmiş və ölkədə istehsal olunmuş dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin müvafiq baytarlıq sənədləri olmalıdır.

5.4. İdxal edilən və ölkə ərazisində yetişdirilən heyvan, istehsal edilən heyvan mənşəli məhsul və xammalın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan akkreditə olunmuş baytarlıq laboratoriyalarında yük sahibləri ilə olan müqavilələr əsasında yoluxucu və invazion xəstəliklərə, habelə seçmə yolu ilə toksiki elementlərə, hormonal preparatlara, ağır metal duzlarına və s. görə müayinə edildikdən və onların sağlamlığına təminat verən ekspertiza sənədi verildikdən sonra istifadəsinə icazə verilməlidir. [6]

5.5. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşındığı nəqliyyat vasitələri boşaldıqdan sonra müvafiq təlimata uyğun olaraq dezinfeksiya edilməlidir.

5.6. Baytarlıq-sanitariya təhlükəsizliyinin qiymətləndirilməsini əhatə edən və bu Qaydalarda göstərilən tələblərin yerinə yetirilməsi fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər üçün məcburidir.

 

6. DÖVLƏT BAYTARLIQ NƏZARƏTİNƏ CƏLB EDİLƏN YÜKLƏRİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ BAYTAR MÜTƏXƏSSİSLƏRİNİN HÜQUQLARI

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyinin təmin edilməsi sahəsində aşağıdakı hüquqları vardır: [7]

baytarlıq haqqında qanunvericiliyi pozan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlər tətbiq etmək;

dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasını təmin etmək üçün baytarlıq sənədlərinin vaxtında və düzgün tərtib edilməsinə nəzarət etmək;

dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasını, tədarükünü, saxlanmasını, emalını və satışını aparan fiziki və hüquqi şəxslərlə “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsi üçün maarifləndirici iş aparmaq. [8]

dövlət baytarlıq nəzarətində olan yüklərin idxalında və istifadəsində, baytarlıq- sanitariya qaydalarına əməl edilməsində və ya həmin məhsulların təhlükəsizliyi üçün dövlət baytarlıq müfəttişlərinin qanunvericiliyə müvafiq olaraq verdiyi göstərişlərinə əməl edilmədikdə, həmin şəxslər barəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlara məlumat vermək. [9]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.               13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)

2.               1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721)

3.               16 sentyabr 2019-cu il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2019-cu il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1563)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nın 1.3-cü və 2.7-ci bəndlərində ismin müvafiq hallarında “Dövlət Baytarlıq Xidməti” sözləri ismin müvafiq hallarında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 sentyabr 2019-cu il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2019-cu il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1563) ilə “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”na yeni məzmunda 1.9-cu bənd əlavə edilmişdir.

 

[3] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsi Qaydası”nın 2.4-cü və 3.1-ci bəndlərində “Dövlət Baytarlıq Xidmətinin” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 3-cü hissənin dördüncü abzasında “yerli dövlət baytarlıq orqanlarını” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrini” sözləri ilə əvəz edilmişdir.

 

[5] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274) “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 3-cü hissənin doqquzuncu abzasında “dövlət baytarlıq orqanına” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 5.4-cü bəndində “Dövlət Baytarlıq Xidmətinin” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

 

1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 5.4-cü bəndində “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[7] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 6-cı hissənin birinci abzasında “Dövlət baytarlıq orqanları” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[8] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 6-cı hissənin dördüncü abzasın sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir.

 

[9] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 6-cı hissənin beşinci abzası ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status