AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.09.1994
QEYDİYYAT NÖMRƏSİ
339
ADI
Uşaq evlərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Uşaq evlərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası «Təhsil Qanunu»nun 30-cu maddəsinə müvafiq olaraq, uşaq evlərinin Nümunəvi Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

 

 Baş nazir   S. HÜSEYNOV

 

19 sentyabr 1994-cü il, Bakı şəhəri

                   № 339


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1994-cü il 19 sentyabr

tarixli 339 saylı qərarı ilə

təsdiq edilmişdir

 

Uşaq evlərinin nümunəvi əsasnaməsi

 

Ümumi müddəalar

 

1. Uşaq evləri yetim və valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsini, maddi-məişət şəraitini və sosial müdafiəsini təmin etmək məqsədilə təşkil olunur.

2. Uşaq evlərinin açılması, tipinin dəyişdirilməsi və fəaliyyətinin dayandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.

3. Uşaq evləri öz fəaliyyətində Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Ali Sovetinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, «Təhsil Qanunu»nu, bu Əsasnaməni və başqa normativ aktları rəhbər tutur.

4. Uşaq evləri bu tiplər üzrə yaradıla bilər:

      məktəbəqədər yaşlı uşaqlar üçün;

      məktəbyaşlı uşaqlar üçün;

      məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli.

5. Şərait və müvafiq imkanlar daxilində qarışıq tipli uşaq evlərinin təşkili daha məqsədəuyğun sayılır.

6. Uşaq evlərində nitqi qüsurlu uşaqlar istisna edilməklə, əqli və ya fiziki inkişafca qüsurlu digər uşaqlar üçün (kar, kor, zəif eşidən, əqli cəhətdən zəif inkişaf etmiş və s.) qrupların təşkilinə icazə verilmir.

7. Uşaq evləri 80 nəfərdən az uşaq olmamaq şərtilə komplektləşdirilir. Uşaq evləri bilavasitə yerli icra hakimiyyəti orqanlarının tabeliyində fəaliyyət göstərir. [2]

8. Təhsil şöbəsi ərazisindəki uşaq evinin fəaliyyətinə müntəzəm nəzarət edir, onun işini istiqamətləndirir, rəhbərliyə və pedaqoji kollektivə metodiki köməklik göstərir, təlim-tərbiyə prosesinin təşkilində yaxından iştirak edir.

9. Maddi-tədris baza və müvafiq kontingent olduğu hallarda əqli və ya fiziki inkişafca qüsurlu, habelə sağlamlığının vəziyyətinə görə uzunmüddətli müalicəyə ehtiyacı olan uşaq və yeniyetmələr üçün ayrıca xüsusi uşaq evləri təşkil edilə bilər.

 

Uşaq evlərinə qəbul, uşaqların saxlanması və uşaq evlərindən buraxılışı

 

10. Uşaq evlərinə 3 yaşdan 16 yaşadək olan uşaq və yeniyetmələr qəbul edilirlər. Uşaqlar məktəbəqədər yaşlı uşaqlar üçün uşaq evlərində 6 yaşadək, məktəbyaşlı uşaqlar üçün uşaq evlərində isə 6 yaşdan 16 yaş tamam olan müddətədək saxlanılırlar. Maddi baza və şərait imkan verdiyi hallarda məktəbyaşlı uşaqlar əsas təhsillərini bitirənə qədər qəbul olunduqları uşaq evində saxlanıla bilərlər.

   11. Uşaqlar məktəbəqədər yaşlı uşaqlar üçün uşaq evlərinə körpələr evlərindən, uşaq qəbulu və bölüşdürücü məntəqələrdən, ayrı-ayrı vətəndaşlardan, məktəbyaşlı uşaqlar üçün uşaq evlərinə isə göstərilənlərlə yanaşı körpələr evləri istisna olunmaqla həm də məktəbəqədər yaşlı uşaqlar üçün uşaq evlərindən və digər təhsil müəssisələrindən qəbul edilirlər.

12. Uşaq evlərinə qəbul olunurlar:

      hər iki valideynini itirmiş yetim uşaqlar;

      müxtəlif səbəblərdən (valideynin həbs edilməsi, ruhi xəstə olması, valideynlik hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn himayəsindən məhrum olan uşaqlar.

13. Maddi-məişət şəraiti qeyri-qənaətbəxş olan tək anaların (yaxud ataların) uşaqları yalnız ərazidə internat məktəb olmadıqda, istisna hal kimi ümumi qaydalar üzrə uşaq evinə qəbul edilə bilərlər.

14. Tək analar (yaxud atalar) üzürlü səbəb olmadan 6 aydan artıq müddətdə uşağı ilə görüşə gəlməzsə, taleyi ilə maraqlanmazsa, uşaq evinin rəhbərliyi onun valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldıra bilər.

15. Bir ailənin uşaqlarının (bacı-qardaşlar), habelə qohumluq əlaqəsi olan uşaqların eyni uşaq evinə qəbul edilməsi məsləhət bilinir. Həmin uşaqlardan hansınasa tibbi göstəriciləri və sağlamlığının vəziyyəti uyğun gəlmirsə, o, digər müvafiq uşaq tərbiyə müəssisəsinə göndərilir.

16. Uşaq evində tərbiyə alan eyni ailənin uşaqlarından hər hansı birinin övladlığa götürülməsi məsələsi ortalığa çıxarsa, uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. [3]

17. Uşaqlar uşaq evlərinə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarına əsasən göndərilirlər. Qərara müvafiq olaraq yerli icra hakimiyyəti orqanı uşağın uşaq evinə qəbulu üçün xüsusi formada göndəriş verir. Uşaq evinə qəbul ilboyu aparılır. [4]

18. Zəruri hallarda müvafiq təhsil şöbəsinin, polis idarəsinin və digər aidiyyəti təşkilatların (Uşaq fondu, Qaçqınlar Komitəsi və s.) rəsmi təqdimatı əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarı uşaq evinə qəbul üçün əsas sayılır. [5]

19. Ərazidə olan yetim və valideyn himayəsindən məhrum uşaqların müəyyənləşdirilməsi və uşaq evlərinə göndərilməsi işinin təşkili üçün yerli təhsil şöbələri bilavasitə məsuliyyət daşıyırlar.

20. Uşaq evlərinə göndərilən uşaqlar üçün aşağıdakı sənədlər hazırlanır və təqdim edilir:

      doğum haqqında şəhadətnamənin əsli, yaxud həmin sənəd olmadıqda uşağın yaşının təyin edilməsi barədə tibbi komissiyanın rəyi; [6]

      sağlamlıq vəziyyəti haqqında tibbi arayış;

      uşağın təhsili ilə bağlı sənədlər (məktəbyaşlı uşaqlar üçün);

      valideynləri və ya onları əvəz edən şəxslər barədə sənədlər (valideynlərin ölümü haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə məhkəmənin hökmü və ya qərarı, valideynlərin xəstəliyi, uşaqlarını tərbiyə edə bilməməsi və ya axtarışda olması barədə sənədlər, valideynlərin olmadığını sübut edən digər sənədlər);

      uşağın bacı və qardaşlarının, yaxın qohumlarının (baba, nənə, əmi, dayı, xala, bibi) yaşayış yeri barədə arayışlar;

      valideynlərin ölümündən sonra qalmış əmlakın siyahısı və onların saxlanılmasına cavabdehlik daşıyan şəxslər haqqında məlumat;

      uşağın qeydiyyatda olduğu mənzil barədə sənədlər;

      pensiya vəsiqəsi (pensiya alan uşaqlar üçün), aliment ayrılması barədə məhkəmənin qərarı.  [7]

21. Məktəb yaşına çatmış uşaqların məktəbyaşlı uşaqlar üçün uşaq evlərinə köçürülməsi hər il avqust ayının 20-dək həyata keçirilir.

22. Uşaqların buraxılışı, eləcə də müəyyən hallarda valideynlərə qaytarılması uşaq evinin pedaqoji şurasının qərarına əsasən yerinə yetirilir. Şuranın qərarı uşaq evinin tabeliyində olduğu yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. [8]

23. Uşaqlar valideynlərə qaytarılarkən uşaq evinin rəhbərliyi valideynin maddi, mənzil-məişət şəraitini, mənəvi-psixoloji vəziyyətini öyrənməli, sonra məsələni şura iclasına çıxarmalıdır. Qeyd edilən amillərdən asılı olaraq uşaq valideynə qaytarılmaya da bilər.

24. Uşaq evindən buraxılan uşaqlara aşağıdakı sənədlər verilir:

      doğum haqqında şəhadətnamə, pasport (16 yaşına çatmışlar);

      müddəti göstərilməklə uşaq evində olması barədə arayış;

      sağlamlığının vəziyyəti haqqında arayış;

      təhsil haqqında sənədlər (məktəbyaşlı uşaqlar üçün);

      valideynləri və yaxın qohumları barədə məlumat;

      pensiya vəsiqəsi , aliment alınması haqqında icra vərəqi, mənzil sahəsinə, müəyyən əmlaka malik olması barədə sənədlər və s. [9]

25. Uşaq evində tərbiyə alan uşaqlar qanunvericiliklə yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün təyin edilmiş bütün imtiyazlardan istifadə edirlər.

26. Uşaq evlərində uşaqlar tam dövlət təminatında saxlanılırlar. Uşaqlara paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar və s. avadanlıqlar müəyyən edilmiş normativlər üzrə verilir.

 

Məktəbəqədər yaşlı uşaqlarla işin təşkili

 

27. Uşaq evində məktəbəqədər yaşlı uşaqlar üçün qruplarda uşaqların sayı 20 nəfər müəyyən edilir.

28. Yaş qrupları aşağıdakı şəkildə müəyyənləşdirilir:

      kiçik yaş qrupu – 3 yaşdan 4 yaşadək;

      orta yaş qrupu – 4 yaşdan 5 yaşadək;

      məktəbə hazırlıq qrupu – 5 yaşdan 6 yaşadək.

29. Məktəbəqədər yaşlı uşaqlarla tərbiyə işləri uşaq bağçalarında tətbiq olunan müvafiq proqramlar üzrə aparılır. Bununla belə, uşaq evlərindəki tərbiyə işi daha çox fərdi xarakter daşımalı, uşağın əvvəllər ailədəki psixoloji vəziyyəti, hansı tərbiyə mühitindən gəldiyi, inkişaf səviyyəsi və s. cəhətlər ciddi nəzərə alınmalı, proqramlarda öz əksini tapmalıdır.

30. Məktəbəqədər yaşlı uşaqlarla aparılan tədbirlər onların keçirdikləri mə’nəvi sarsıntıdan uzaqlaşmaları, kollektivə uyğunlaşması və düzgün nitq qabiliyyəti formalaşmasına yönəldilməli, məktəbə hazırlıq işinin real zəmininə çevrilməlidir.

31. Məktəbəqədər yaşlı uşaqlarla aparılan işlər musiqili-əyləncəli oyunlar, sadə əmək məşğələləri, təbiətlə tanışlıq, əşya və hadisələrə münasibət formalaşdırılması və s. tədbirlər vasitəsi ilə yerinə yetirilir.

32. Məktəbəqədər yaşlı uşaqlar üçün hər bir yaş qrupunda uşaqların inkişaf səviyyəsi nəzərə alınmaqla yaradıcı, hərəki, didaktik, musiqili, bədii oyunlar keçirilir, onların nitq qabiliyyətinin formalaşması, ətraf aləmlə tanışlıq, riyazi təfəkkürün müəyyənləşdirilməsi, savad tə’liminə hazırlıq, təsviri incəsənət, musiqi, bədən tərbiyəsi üzrə məşğələlər aparılır, uşaqların iştirakı ilə əlamətdar hadisələr, bayramlar qeyd edilir və başqa tədbirlər həyata keçirilir.

 

Məktəbyaşlı uşaqlarla işin təşkili

 

33. Məktəbyaşlı uşaqlardan ibarət qruplarda uşaqların sayı 25 nəfər müəyyən edilir.

34. Məktəbyaşlı uşaqlarla iş prosesində onların qarşılıqlı hörmət əsasında vahid kollektivdə birləşməsinə, birgəyaşayış qaydalarına uyğunlaşmasına, uğursuz ailələrdəki yaşayış tərzi ilə əlaqədar xarakterlərində yaranmış inamsızlıq, həyatdan küskünlük və digər mənfi əlamətlərdən tezliklə uzaqlaşmalarına, cəmiyyət üçün gərəkli adam olmalarını dərk etmələrinə ciddi diqqət yetirilir.

35. Uşaq evində məktəbyaşlı uşaqların psixologiyası, maraq dairəsi fərdi qaydada diqqətlə öyrənilməli, ayrı-ayrı sahələr üzrə istedadı və qabiliyyəti olan uşaqlar müəyyənləşdirilməli, onların bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülməlidir.

36. Uşaq evinin məktəbyaşlı uşaqlarının tə’limi ərazidəki ümumtəhsil məktəbində təşkil olunur. Uşaq evinin rəhbərliyi ümumtəhsil məktəbi ilə sıx əlaqə saxlayır, uşaqların tə’limi ilə əlaqədar qarşıya çıxan məsələləri birlikdə həll edir, onların biliklərə yiyələnmələri, peşəyönümü işinin təşkili, fiziki və estetik tərbiyəsi üçün kompleks tədbirlər həyata keçirir.

37. Şagirdlərin təlim-tərbiyəsi və peşəyönümü ilə bağlı məsələlər uşaq evinin, eləcə də ümumtəhsil məktəbinin şura iclaslarında müzakirə olunur və müvafiq təkliflər hazırlanır.

38. Şagirdlərin təlim-tərbiyəsinin real vəziyyətini öyrənmək və bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün uşaq evinin tərbiyəçilərinin ümumtəhsil məktəbində, məktəbin müəllimlərinin isə uşaq evində olmaları, onların qarşılıqlı səmərəli fəaliyyəti təmin edilir.

39. Uşaq evində məktəbyaşlı uşaqların əmək təlimi və peşəyönümü işinə xüsusi əhəmiyyət verilir, meyl və maraqlarına görə hər hansı bir peşəni öyrənmələrinə şərait yaradılır. Uşaq evinin yerləşdiyi rayondakı (şəhərdəki) texniki-peşə məktəbləri bu sahədə onlara hərtərəfli köməklik göstərməlidirlər.

40. Uşaq evində uşaqların dərsdənkənar vaxtlarının səmərəli və mənalı təşkili məqsədilə idman bölmələri, özfəaliyyət kollektivi, dərnəklər, klublar yaradılır, vaxtaşırı gecələr, əyləncəli oyunlar, müsabiqələr, baxışlar, yaradıcı adamlarla görüşlər keçirilir, onlar müntəzəm olaraq ekskursiyalara, gəzintilərə, konsert və teatr tamaşalarına, muzeylərə aparılır, respublikamızın flora və faunasının, tarixinin və mədəniyyət abidələrinin öyrənilməsi təmin olunur.

41. Uşaq evində məktəbyaşlı uşaqlarla aparılan işlər onların milli ənənələrimiz, vətənpərvərlik ruhunda böyüməsini, dilimizi, tariximizi, mədəniyyətimizi öyrənməsini, saf əqidəli, fiziki cəhətdən sağlam, əbədii-estetik duyumlu vətəndaşlar kimi tərbiyə olunmasını təmin etmək istiqamətində qurulmalıdır.

42. Uşaq evinin rəhbərliyi məktəbyaşlı uşaqlardan öz bacarığı və istedadı ilə fərqlənənlərin musiqi məktəblərinə, uşaq və gənclər yaradıcılıq evlərinə, texniki klublara göndərilməsini, olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakını təmin etməlidir.

42-1. Uşaq evi öz səlahiyyətləri daxilində: [10]

   inkişafında qüsurlar olan və ya təhsildə çətinlik çəkən uşaqlara sosial-psixoloji və pedaqoji yardım göstərir;

   sosial təhlükəli vəziyyətdə olan uşaqları aşkar edir, onların tərbiyəsi və təlimi üçün ədbirlər görür;

   sosial təhlükəli vəziyyətdə olan ailələri aşkar edir və onlara uşaqlarının təhsil və əlimində kömək edir;

   idman seksiyaları, texniki və digər dərnəklər, klublar yaradır və oraya uşaqların qəbul edilməsini təşkil edir;

   uşaqlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaların həyata keçirilməsi üzrə tədbirlər görür.

 

Uşaq evlərinin idarə olunması.

Pedaqoji kadrlar

 

43. Uşaq evlərinin özünüidarəsinin ali orqanı pedaqoji şura hesab olunur. Pedaqoji şuralar yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müvafiq Əsasnaməyə uyğun fəaliyyət göstərir. [11]

44. Uşaq evlərinin bütün kateqoriyalardan olan işçilərinin hüquq və vəzifələri, daxili intizam və iş qaydaları bu Əsasnamənin tələbləri baxımından hazırlanmış Nizamnamədə öz əksini tapmalıdır. Nizamnamə hər bir uşaq evinin ali orqanında qəbul olunur.   [12]

45. Təlim-tərbiyə prosesinin idarə edilməsini və uşaq evinin gündəlik fəaliyyətinə rəhbərliyi direktor həyata keçirir. Direktor seçkisi «Təhsil Qanunu»na uyğun olaraq aparılır. Özünü doğrultmayan direktor vaxtından əvvəl geri çağırıla bilər.

46. Uşaq evinin direktoru müəssisənin Nizamnaməsində müəyyən olunmuş hüquq və səlahiyyətlər daxilində fəaliyyət göstərir.

47. Uşaq evlərində psixoloji xidmət fəaliyyət göstərir. Psixoloji xidməti uşaq evinin psixoloqu həyata keçirir və o, statusuna görə pedaqoji işçilərə bərabər tutulur.

48. Uşaq evlərinə pedaqoji işçilər təyin edilərkən onların nəzəri, metodiki hazırlığı, uşaqlarla işləmək  qabiliyyəti, həssaslığı, intizamı və məsuliyyəti, təşəbbüskarlığı, işə yaradıcı münasibəti ciddi surətdə nəzərə alınmalıdır.

49. Uşaq evlərində uşaq və gənclərin ictimai təşkilatları mövcud qanunvericiliyə və öz Nizamnaməsinə uyğun yaradılır.

50. Uşaq evlərində uşaqların ərzaq məhsulları ilə təminatına və iaşə xidmətinin təşkilinə aidiyyəti ticarət təşkilatları, onların yerlərdəki nümayəndələri cavabdehdirlər. Yeməyin keyfiyyətinə dövlət nəzarətini səhiyyə orqanları həyata keçirirlər.

 

Tibb və sanitar-gigiyena xidməti

 

51. Uşaq evlərində uşaqların sağlamlığının mühafizəsi, sanitar-gigiyena tələblərinin ciddi tələbkarlıqla yerinə yetirilməsi mühüm şərt hesab edilir və uşaq evinin rəhbərliyi həmin məsələlərin həyata keçirilməsi üçün təsirli tədbirlər görür.

52. Uşaqların sağlamlığının qorunması və möhkəm sanitar-gigiyena rejimi yaradılması üçün əsas məsuliyyət uşaq evində çalışan tibbi xidmət işçilərinin üzərinə düşür.

53. Uşaq evinin həkimi və tibb bacısının fəaliyyətinin məzmunu uşaq müəssisələrində

müalicə-profilaktika işinin təşkili haqqında mövcud Əsasnamə, təlimat və digər sənədlərə əsasən qurulur, onların vəzifələri, yerinə yetirəcəkləri tədbirlər uşaq evinin Nizamnaməsində müəyyənləşdirilir.

54. Uşaq evinin rəhbərliyi şura iclaslarında, direktoryanı müşavirələrdə həkim və tibb bacısının gördüyü işlərə dair hesabatını dinləyir, onların qaldırdığı məsələlərin həlli ilə bağlı tədbirlər görür.

 

Uşaq evlərinin maddi-texniki bazası, maliyyələşdirilməsi, təsərrüfat və hesabat işləri

 

55. Uşaq evlərinin maliyyə vəsaiti normativlər əsasında müəyyən edilən büdcə və büdcədənkənar təxsisatlardan yaranır.

56. Uşaq evləri tabelik qaydasına görə, yerli icra hakimiyyəti orqanları tərəfindən maliyyələşdirilir. [13]

57. Uşaq evlərinin maliyyə fondu, əsasən, aşağıdakı mənbələrdən yaranır:

      büdcədən ayrılmış vəsait;

      mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrin və təşkilatların vəsait qoyuluşları və ianələr;

      yardımçı təsərrüfatdan, tədris-təcrübə sahəsindən, tədris emalatxanalarında hazırlanan məhsulun satışından əldə edilən gəlir.

58. Uşaq evlərinin büdcə vəsaiti və müxtəlif mənbələrdən toplanmış gəliri toxunulmazdır. Uşaq evinin maliyyə vəsaiti bütünlüklə öz ixtiyarındadır və həmin vəsaiti bölüşdürmək hüququna malikdir.

59. Uşaq evlərinin müstəqil mühasibatlığı olmalıdır. Mühasibat və statistika uçotunun aparılması, xərc smetasının icrası mövcud qaydalar əsasında uşaq evinin Nizamnaməsi ilə müəyyənləşdirilir.

60. Uşaq evlərinin ştat cədvəli, işçilərinin əmək haqqı stavkası və vəzifə maaşları mövcud qaydalara uyğun olaraq direktor tərəfindən müəyyən edilir.

61. Uşaq evlərinin tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədləri ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsində müəyyən olunmuş siyahıya uyğun aparıla bilər.

62. Uşaq evlərində lazımi avadanlıqlarla təchiz edilmiş yataq, istirahət və məşğələ otaqları, emalatxanalar, yeməkxana, akt və idman zalı, kitabxana, tibb məntəqəsi, izolyator, gigiyena otağı, duşxana və digər yardımçı otaqlar təşkil edilir.

63. Uşaqların gəzintilərə, ekskursiyalara, tamaşalara, mədəni-kütləvi tədbirlərə aparılıb-gətirilməsi, ərzağın, inventar-avadanlığın daşınması üçün uşaq evlərinə birinci növbədə avtobus və yük maşını ayrılır.

64. Şərait və imkanlar nəzərə alınmaqla uşaq evlərinin nəzdində mövcud qaydalar üzrə yardımçı təsərrüfat təşkil edilə bilər.

65. Yardımçı təsərrüfatdan, uşaqların əl işlərinin satışından əldə edilən gəliri, habelə mülkiyyət formasından asılı olmayaraq təsərrüfat hesablı müəssisə və təşkilatların, eləcə də ayrı-ayrı vətəndaşların köçürdüyü vəsaiti cəmləşdirmək üçün uşaq evinin yerli bank müəssisəsində xüsusi hesabı açılır. Xüsusi hesabda toplanmış vəsait uşaqların maddi-məişət şəraitinin yaxşılaşdırılmasına, mədəni-kütləvi tədbirlərin keçirilməsinə, işçilərə mükafat verilməsinə və digər bu kimi məqsədlərə istifadə edilir.

66. Uşaq evlərində mövcud qaydalara əsasən, kargüzarlıq işləri aparılır, tabelik üzrə təhsil orqanlarına hesabat verilir. [14]

67. Uşaq evləri hüquqi şəxs statusuna malikdir, üzərində uşaq evinin və tabe olduğu təşkilatın adı yazılmış möhürü, ştampı və ünvan lövhəsi vardır.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648)
  2. 16 avqust 2004-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 689)
  3. 25 oktyabr 2005-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 988)
  4. 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830)
  5. 2 mart 2012-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 253)
  6. 22 may 2015-ci il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 iyun 2015-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 771)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 may 2015-ci il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 iyun 2015-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 771) ilə ləğv edilmişdir.

 

[2] 2 mart 2012-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 253) ilə “Uşaq evlərinin Nümunəvi Əsasnaməsi”nin 7-ci hissənin ikinci cümləsində “təhsil şöbələrinin” sözləri “icra hakimiyyəti orqanlarının” sözləri ilə əvəz edilmişdir.

 

[3] 18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648) ilə  16-cı bənd yeni redaksiyada verilmişdir.

 

[4] 18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648) ilə  17-ci bənddə "yaşadıqları ərazinin icra hakimiyyətlərinin qərarına əsasən" sözləri "yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarına əsasən" sözləri ilə əvəz olunmuşdur.

 

2 mart 2012-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 253) ilə “Uşaq evlərinin Nümunəvi Əsasnaməsi”nin 17-ci hissənin ikinci cümləsində “nazirlik” sözü “yerli icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[5] 18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648) ilə  18-ci bənddə "rəsmi təqdimatı" sözü "rəsmi təqdimatı əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarı" sözləri ilə əvəz edilmişdir.

 

[6] 18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648) ilə  17-ci bənddə "yaşadıqları ərazinin icra hakimiyyətlərinin qərarına əsasən" sözləri "yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarına əsasən" sözləri ilə əvəz olunmuşdur.

 

[7] 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830) ilə 20-ci bəndinin doqquzuncu abzasında “pensiya kitabçası” sözləri “pensiya vəsiqəsi” sözləri ilə əvəz edilmişdir.

 

 

[8] 18 avqust 2000-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 648) ilə  22-ci bənddə "təhsil şöbəsi" sözləri "təhsil şöbəsi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları" sözləri ilə əvəz edilmişdir.

 

2 mart 2012-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 253) ilə “Uşaq evlərinin Nümunəvi Əsasnaməsi”nin 22-ci hissənin ikinci cümləsində “təhsil şöbəsi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları” sözləri “yerli icra hakimiyyəti orqanı” sözləri ilə  əvəz edilmişdir.

 

[9] 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830) ilə 24-cü bəndinin yeddinci abzasında “pensiya kitabçası” sözləri “pensiya vəsiqəsi” sözləri ilə əvəz edilmişdir.

 

[10] 25 oktyabr 2005-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 988) ilə 42-1-ci bənd əlavə edilmişdir.

 

[11] 2 mart 2012-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 253) ilə “Uşaq evlərinin Nümunəvi Əsasnaməsi”nin 43-cü hissənin ikinci cümləsində “Təhsil Nazirliyi” sözləri “yerli icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[12] 16 avqust 2004-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 689) ilə44-cü bəndinin ikinci cümləsindən "və tabe olduğu təhsil şöbəsində qeydiyyata alınır" sözələri çıxarılmışdır.

 

[13] 2 mart 2012-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 253) ilə “Uşaq evlərinin Nümunəvi Əsasnaməsi”nin 56-cı hissədə “təhsil” sözü “icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

[14] 2 mart 2012-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 253) ilə “Uşaq evlərinin Nümunəvi Əsasnaməsi”nin 66-cı hissədə “təhsil” sözü “yerli icra hakimiyyəti” sözləri ilə əvəz  edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status