AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.03.2007
QEYDİYYAT NÖMRƏSİ
538
ADI
Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2007, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 218)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.03.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında

Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Müasir dövrdə bir sıra ölkələrdə mövcud sosial-iqtisadi problemlərin həllinə, elmi-texniki nailiyyətlərdən daha geniş və səmərəli istifadəyə və bu ölkələrin beynəlxalq əmək bölgüsündə daha fəal iştirakına xüsusi iqtisadi zonalar kimi iqtisadi fəaliyyətin yeni formasının tətbiqi vasitəsilə nail olunur. Beynəlxalq təcrübə göstərir ki, xüsusi iqtisadi zonalar ayrı-ayrı ərazilərin və bütövlükdə ölkələrin iqtisadi inkişafına güclü təsir imkanına malikdir.

Azərbaycan Respublikasında son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bazar iqtisadiyyatının bərqərar olması, ölkənin davamlı sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyası üçün münbit şərait yaranmışdır. Hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişafın yeni mərhələsindədir. Bununla əlaqədar ölkədə qəbul edilmiş strateji proqramların və layihələrin həyata keçirilməsində, prioritet iqtisadi və sosial vəzifələrin həllində xüsusi iqtisadi zonalar mühüm rol oynaya bilər. Eyni zamanda, belə zonaların yaradılması Azərbaycanın əlverişli coğrafi və nəqliyyat mövqeyinin üstünlüklərindən istifadə etməklə xarici iqtisadi əlaqələrin daha da genişlənməsinə təkan verə bilər.

Ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsinin istifadə edilməsi, rəqabət qabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması məqsədəuyğun hesab edilsin.

2. Müəyyən edilsin ki, ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasəti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir. [1]

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birgə xüsusi iqtisadi zonaların yaradılmasının prioritet istiqamətlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Müvafiq xüsusi iqtisadi zonalar barədə əsasnamə layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. xüsusi iqtisadi zonalarda güzəştli vergi və gömrük rejimi, valyuta tənzimlənməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.5. xüsusi iqtisadi zonaların hüdudlarında gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların sənədləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin buraxılma rejiminin sadələşdirilmiş qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2007-ci il

             № 538

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

2.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status