AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.08.2007
QEYDİYYAT NÖMRƏSİ
134
ADI
Azərbaycan Respublikasında atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 859)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.08.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.7-ci və 1.9-cu bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alIr:

1. “Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi Qaydaları və Şərtləri” və “Cıdır meydanlarına olan texniki Normalar və Tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 24 avqust 2007-ci il

№ 134    

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 24 avqust tarixli 134 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi Qaydaları və Şərtləri

 

1. ÜMUMİ MÜDDƏA

 

Bu Qaydalar və Şərtlər (bundan sonra – Qaydalar) “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi istiqamətlərini müəyyən edir.

 

2. ATÇILIQ TƏSƏRRÜFATININ ZAVOD KATEQORİYASINA AİD EDİLMƏSİ QAYDALARI VƏ ŞƏRTLƏRİ

 

2.1. Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi üçün iddiaçı təsərrüfat tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə aşağıdakı sənədlər təqdim edilməlidir:

2.1.1. atçılıq təsərrüfatının adı, təşkilati-hüquqi forması və yerləşdiyi ünvan göstərilməklə rəhbər şəxsin ərizəsi;

2.1.2. dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti;

2.1.3. təsərrüfatın vergi orqanlarında uçota alınması barədə təsdiq edilmiş şəhadətnamənin surəti; [1]

2.1.4. işçilərin ixtisas dərəcəsi, onların damazlıq atçılıq sahəsindəki iş stajı barədə məlumat;

2.1.5. Dövlət Damazlıq Kitabında qeydə alınan atların sayı, atların sınaq yarışlarında göstərdiyi nəticələr, son 5 il ərzində təsərrüfatın atçılıq sahəsində iqtisadi göstəriciləri barədə məlumatlar;

2.1.6. təsərrüfatın infeksion xəstəliklərə görə sağlam olmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı; [2]

2.1.7. təsərrüfatın torpaq, o cümlədən otlaq sahəsi, tövlə, bina və qurğuları, su mənbəyi, yem ehtiyatı, texnikası barədə məlumat.

2.2. Atçılıq təsərrüfatı aşağıdakı tələblərə əməl edilməsi şərti ilə zavod kateqoriyasına aid edilir:

2.2.1. müxtəlif atçılıq subyektlərinə damazlıq at satışını həyata keçirməklə yanaşı, öz ilxısının davamlı istehsalını və dövriyyəsini təmin edə biləcək sayda bu Qaydalara əlavə olunmuş cədvələ uyğun cins atların olması;

2.2.2. döllük üçün istifadə edilən törədici ayğır və madyanların yetişdirilən cinsin tanınmış ailə və xətlərinə mənsub olması;

2.2.3. atların ildə bir dəfə bonitirəsinin aparılması;

2.2.4. cinsin 4-cü nəsil səviyyəsində təmizlikdə yetişdirilməsinin təmin edilməsi;

2.2.5. qəbul edilmiş identikləşdirmə sisteminə daxil olan üsullarla atların nişanlanması;

2.2.6. yetişdirilən atların mənşəyini təsdiq edən sənədlərin (o cümlədən, genetik ekspertizanın nəticəsi üzrə) olması;

2.2.7. ilkin zootexniki və damazlıq uçot sənədlərinin (ilk növbədə damazlıq pasportlarının (şəhadətnamələrinin, törədici ayğırların və madyanların zavod kitablarının, damazlıq vərəqələrinin, bonitirə cədvəllərinin, seçmə - taylaşdırma aktlarının, cütləşmə və doğum uçotu jurnallarının) müvafiq qaydalara əsasən işlənilməsi;

2.2.8. cins atların yüksək zavod kondisiyasında yetişdirilməsini təmin edə biləcək torpaq və otlaq şəraitinə, su təchizatına, zoobaytar tələblərə cavab verən tövlə, bina və s. qurğulara malik olması;

2.2.9. təsərrüfatın əsas istehsal sahəsinin ümumi hasara alınması, giriş qapılarında dezobaryerlərin qoyulması;

2.2.10. qəbul edilmiş baytarlıq-sanitariya və ekoloji tələblərə riayət olunması;

2.2.11. təsərrüfatda seleksiya-damazlıq işlərini və yetişdirmə üsullarını mükəmməl bilən, yüksəkixtisaslı zoobaytar mütəxəssislərinin olması.

2.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bir ay müddətində təqdim olunmuş sənədlərə baxır. Bu sənədlər üzrə göstəricilər atçılıq zavodunun tələblərinə uyğun gəlmədiyi halda, Kənd Təsərrüfatı Nazirliyi müraciət edən tərəfə əsaslandırılmış imtina göndərir. Göstərilən bütün tələblərə və şərtlərə cavab verdiyi halda isə təsərrüfata atçılıq zavodu statusunun verilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırır.

2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti təqdim olunan sənədlərə əsasən atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi barədə qərar qəbul edir.

 

“Atçılıq təsərrüfatının zavod kateqoriyasına

aid edilməsi Qaydaları və Şərtləri”nə

     ƏLAVƏ

 

Sıra №-si

Göstəricilər

Minimal tələblər

 

1.

Tövlə - otlaq şəraitində (başla)     

            törədici ayğır

            madyan

 

 

3

50

2.

Mədəni – ilxı saxlama şəraitində (başla)

            törədici ayğır

            madyan

 

 

7

100

3.

Təmiz cinsli atların ümumi atlara nisbəti (%-lə)            

            törədici ayğır

            madyan

 

 

100

100

4.

Bonitirənin nəticəsinə görə ilxının kompleks qiymətləndirilməsi (%-lə)

            törədici ayğır – elit sinifli

            madyan: elit I sinif  

 

 

100

60

40

5.

Yüksək sinifli damazlıq cavan atların satışı (ümumi satılan atlara görə, (%-lə)    

            minik cinsləri

            digər yerli cinslər

 

 

 

80

50

6.

Hər 100 baş madyandan bala (başla)       

            minik cinsləri

            digər yerli cinslər

 

 

60

75

7.

Atın mənşəyini təsdiq edən sənədin olması (%-lə)        

            törədici ayğır

            madyan

            cavan ayğır

            cavan madyan

 

100

100

100

100

               Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 24 avqust tarixli 134 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Cıdır meydanlarına olan texniki

 

NORMALAR VƏ TƏLƏBLƏR

 

1. ÜMUMİ MÜDDƏA

 

Bu Normalar və Tələblər «Atçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və cıdır meydanlarına olan texniki normaları və tələbləri müəyyən edir.

 

2. CIDIR MEYDANLARININ FƏALİYYƏTİ ÜÇÜN TƏLƏB OLUNAN ƏSAS BİNA VƏ QURĞULAR

 

2.1. Cıdır meydanlarının fəaliyyəti üçün aşağıdakılar olmalıdır:

cıdır yolları;

at tövlələri;

tribunalar;

inzibati və yardımçı binalar;

maşın və mexanizmlər;

kommunikasiya sistemləri.

2.2. Cıdır meydanlarının texniki vəziyyəti və şəraiti orada keçirilən təlimlərin, məşqlərin, cıdırların, at idmanı yarışlarının tələb olunan qaydalara uyğun keçirilməsini, habelə insanların və atların təhlükəsizliyini təmin etməlidir.

 

3. CIDIR YOLLARINA OLAN TƏLƏBLƏR

 

3.1. Cıdır yolları – sınaqdan keçirilən cins atların təhlükəsizliyini və maksimum səviyyədə iş qabiliyyətinin üzə çıxarılmasını təmin etmək məqsədi ilə cıdır meydanının ərazisində xüsusi düzəldilmiş, əsasən ellips formalı qaçış sahəsidir, onlar əsas (yarış üçün), məşq üçün və ehtiyat yollarından ibarət olmaqla, bir-birindən xüsusi plastik borular və yaxud həmişəyaşıl kollarla ayrılır.

3.2. Əsas (yarış üçün) yolun uzunluğu 1600 m-dən, eni 18-20 m-dən az olmamaqla, döngələrdə içəri tərəfə meyillilik bucağı 120, yolun düz hissəsində 30 təşkil edən virajlarla əhatə olunur.

3.3. Uzunluğu 1600 m olan ellipsvari yarış yolunun düz hissəsi 486 m , döngələrdə yolun uzunluğu 314 m , radiusu isə 100 m təşkil edir. Finiş düzü 400 m-dən az olmamaqla, hakim tribunasının önündə başa çatır.

3.4. Ellipsvari yol şimaldan cənuba doğru uzanır və tamaşaçı tribunası bir qayda olaraq ellipsin qərb tərəfində, mümkün qədər orta hissəsində yerləşir.

3.5. Cıdır yolları strukturuna və örtüyünə görə xüsusi düzəldilmiş süni, təbii və yaşıl örtüklü ola bilər.

3.6. Süni örtüklü yol müxtəlif material qarışıqları (reseptlər) əsasında hazırlanmış 20-25 sm qalınlığı olan üst qatdan, alt qatı isə bərk materialdan (çınqıl, yaxud yerin quruluşundan asılı olaraq təbii torpaq qatı) ibarət olur.

3.7. Meydanın yerləşdiyi yerdə təbii ekoloji şəraitdən asılı olaraq yolun rahatlığını və elastikliyini təmin etmək məqsədi ilə təbii qumdan (70-80%), rezin yonqarından (8-12%), köhnə peyin və ağac yonqarının qarışığından (5%), digər yumşaq və elastik materiallardan istifadə edilə bilər.

3.8. Yol örtüyü müntəzəm olaraq dırmıxlanmalı və hamarlanmalı, yarış yolunda digər texnikanın, o cümlədən atın və insanların hərəkətinə yol verilməməlidir. Yarış keçirilməyən vaxtlarda yolu xüsusi düzəldilmiş taxta körpülər vasitəsilə keçmək olar.

3.9. Xüsusi reseptlə hazırlanmış qarışıq örtüyü olmayan, təbii torpaq qatından ibarət cıdır yolları müntəzəm olaraq əkilməli, quraqlıq şəraitdə su çilənməli və dırmıxlanmaqla səthin yumşaq və hamar saxlanılması təmin olunmalıdır.

3.10. Ot örtüklü yaşıl yolun salınması üçün erkən yazda yolda narın əkin aparılır, hamarlanır, suvarılır və əsasən 40% paxlalı (yonca), 60% taxıllar fəsiləsindən olan çayır, ayrıq, yulaf, qırtıc otlarının toxumları səpilərək yenidən hamarlanır. Toxum adi yem üçün əkilən normadan 5-8 dəfə çox olmalıdır.

3.11. Yaşıl yolun atın dırnağı ilə zədələnmiş və digər səbəblərdən seyrəlmiş hissələrinə əllə narın kompost, yaxud köhnə peyinlə qarışdırılmış əlavə toxum səpilir, dırmıxlanır və suvarılır.

3.12.Əsas (yarış üçün) cıdır yolu ilə meydanın kənar sərhədi (hasarı) arasında ən azı 12 m məsafə olmalıdır.

 

4. AT TÖVLƏLƏRİNƏ OLAN TƏLƏBLƏR

 

4.1. Sınaq yarışlarında iştirak edən cins atlar xüsusi layihələr əsasında daş və ya kərpic materialdan inşa edilmiş tövlələrdə saxlanılır.

4.2. Hər bir tövlə binası əsasən 80 başlıq olmaqla su, kanalizasiya, işıq, istilik, ventilyasiya və digər zəruri kommunikasiya sistemləri ilə təchiz olunmalıdır.

4.3. At tövləsində atlar sahəsi 12- 16 m2 olan xüsusi arakəsmələrdə (qəfəslərdə) saxlanılır. Arakəsmələrin qapıları dəhlizə açılmaqla, qapının üst hissəsi və arakəsmənin yan üst tərəfləri yerdən 1,5 m hündürlükdən dəmir barmaqlıqlarla əhatə olunur.

4.4. Arakəsmələrdə döşəmə döyülmüş (preslənmiş) gil təbəqəsi ilə, dəhliz isə yumşaq asfaltla, yaxud preslənmiş gil təbəqəsi ilə örtülür. Dəhlizin eni 3 m-dən az olmamalıdır.

4.5. Atlara zoobaytar baxışın keçirilməsi, onların nallanması və yəhərlənməsi üçün tövlənin orta hissəsində ayrıca dəhliz - manej olmalıdır.

4.6. Tövlədə yem mətbəxi, 2-3 günlük yem ehtiyatının saxlanması üçün yer, jokey və mehtərlərin istirahət otağı, avadanlıq otağı, duş və sanitar otağı olmalıdır.

4.7. Arakəsmədə atların qüvvəli yemlə təmin olunmaları üçün yerdən 1,2 m hündürlükdə axur düzəldilir.

4.8. Tövlənin ümumi giriş qapısı ikitaylı olmaqla, ümumi eni 4,5 m-dən, hündürlüyü isə 3 m-dən az olmamalıdır.

4.9. Tövlələrin kənarında atlar üçün xüsusi gəzinti meydançaları – levadalar qurulur.

 

5. TRİBUNALAR

 

5.1. Cıdır meydanlarında sınaq yarışlarının idarə olunması və seyr edilməsi xüsusi layihələr əsasında qurulmuş tribunalar vasitəsi ilə həyata keçirilir.

5.2. Tribunalarda tamaşaçılar, xüsusi qonaqlar (VIP) və hakimlər heyəti üçün yerlər ayrılır. Bunlar ayrı-ayrı tribunalarda da yerləşdirilə bilər.

5.3. Tamaşaçı tribunasının arxa hissəsində, yaxud altında cıdır-şans (totalizator) kassaları yerləşir.

5.4. Tribuna elə qurulmalıdır ki, tamaşaçılar yolboyu atın hərəkətini vizual qaydada tam izləyə bilsinlər.

5.5. Tribunanın yanında yarışa çıxarılan atlara baxış keçirilməsi üçün xüsusi meydança - paddok ayrılır.

5.6. Tribuna və paddokun yaxınlığında dopinq nəzarəti məntəqəsi və jokeylərin çəkilərinin müəyyən edilməsi üçün tərəzi olmalıdır.

 

6. YARDIMÇI BİNALAR, MAŞIN VƏ MEXANİZMLƏR, KOMMUNİKASİYA SİSTEMLƏRİ

 

6.1. Cıdır meydanının fəaliyyəti üçün aşağıda qeyd olunan binalar, yardımçı sahələr, maşın və mexanizmlər olmalıdır:

qaba və qüvvəli yem ehtiyatlarının saxlanması üçün yem anbarı;

ən azı 12 atın eyni vaxtda yəhərlənməsi üçün yəhərləmə məntəqəsi;

cıdır meydanına yeni gətirilən atların karantində saxlanması üçün karantin məntəqəsi;

atların fizioterapevtik müayinəsi və müalicəsi üçün lazımi avadanlıqlarla təchiz olunan baytarlıq məntəqəsi (lazaret);

cıdır yarışlarına kənardan gələn qonaqlar üçün mehmanxana, yaxud qonaq evləri;

cins atların sərgisinin, baxış və satış hərraclarının keçirilməsi üçün xüsusi manejli pavilyon;

atların avtomaşınlara yüklənməsi üçün platforma;

tamaşaçılar və işçi heyəti üçün yeməkxana və istirahət yerləri;

inzibati bina və tədris mərkəzi;

start verilməsi üçün xüsusi mexanizm (start-boks);

atdaşıyan xüsusi avtomaşınlar, suçiləyən və yük avtomaşınları, yolların işlənilməsi üçün traktorlar, əkin və hamarlama işlərinə lazım olan mexanizmlər;

cıdır yarışlarının idarə olunması üçün daxili telefon sistemi (ratsiya), foto-finiş, elektron tablo, video, audio və kompüter sistemləri.

6.2. Maneəli cıdırlarda, konkur və stipl-çez yarışlarında yarış yolu boyu xüsusi maneələr quraşdırılır və yarışdan sonra götürülür.

6.3. Cıdır meydanının bütün istehsalat sahələri üzrə su, kanalizasiya, elektrik, yanğın əleyhinə, rabitə sistemləri qurulmalıdır.

6.4. Cıdır meydanının ərazisində onun əsas fəaliyyəti üçün tələb olunan istehsalat və yardımçı binalardan, qurğu və avadanlıqlardan başqa, digər təyinatlı obyektlərin yerləşməsinə və fəaliyyətinə yol verilmir.

6.5. Cıdır meydanının ümumi sahəsi hər tərəfdən hasara alınmalı, əsas və əlavə giriş qapılarında dezobaryerlər qoyulmalıdır.

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853)
  2. 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) ilə “Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi Qaydaları və Şərtləri”nin 2.1.3-cü yarımbəndi çıxarılmışdır.

 

[2] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi Qaydaları və Şərtləri”nin 2.1.6-cı yarımbəndində “dövlət baytarlıq xidmətinin” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status