AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.08.2009
QEYDİYYAT NÖMRƏSİ
144
ADI
Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 08-08-2009, Nəşr nömrəsi: 173), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2009, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 620)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında

Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarında (bundan sonra kredit təşkilatı) həmin səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştirak etmə hüququ aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə:

1.1.1. kredit təşkilatının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; [1]

1.1.2. kredit təşkilatının icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

1.1.3. kredit təşkilatının illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; [2]

1.1.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla, kredit təşkilatının xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi; [3]

1.1.5. kredit təşkilatının reqlamentinin qəbul edilməsi və reqlamentə əlavə və dəyişikliklərin edilməsi;

1.1.6. kredit təşkilatının faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətinin, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətinin müəyyənləşdirilməsi;

1.1.7. növbəti və tələb olunduğu hallarda növbədənkənar auditin keçirilməsi barədə qərarın qəbul edilməsi və bu məqsədlə kənar auditorun təyin edilməsi;

1.1.8. kredit təşkilatının büdcəsinin qəbul və təsdiq edilməsi;

1.1.9. kredit təşkilatının inzibatçılarının işə götürülməsi müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi;

1.1.10. Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, kredit təşkilatının inzibatçılarının kredit təşkilatı adından və kredit təşkilatı hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərinin və həmin səlahiyyətlərin kredit təşkilatının digər əməkdaşlarına verilməsi hüququnun hədlərinin müəyyənləşdirilməsi;

1.1.11. kredit təşkilatı inzibatçılarının kommersiya maraqlarının açıqlaması haqqında qaydaların və həmin qaydalara dəyişiklik və əlavələrin qəbul edilməsi;

1.1.12. kredit təşkilatının səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;

1.1.13. kredit təşkilatının kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərarın qəbul edilməsi.

1.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

1.2.1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının Nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

1.2.2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsi;

1.2.3. bu Fərmanla müəyyən edilmiş səlahiyyətlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həll edilməsi.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 1.1-ci bəndində göstərilən məsələlərin həllində iştirak edərək, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan kredit təşkilatlarının səmərəli idarə edilməsi ilə bağlı müvafiq tədbirlər görsün və bu barədə ildə bir dəfə Azərbaycan Respublikası Prezidentinə məlumat versin.

3. Bu Fərmanın 1-ci hissəsinin müddəaları Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş kredit təşkilatlarına şamil olunmur. [4]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 avqust 2009-cu il

    № 144

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 fevral 2016-cı il tarixli 805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 5 mart 2016-cı il, № 51; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 2, II kitab, maddə 269)

2.       1 mart 2019-cu il tarixli 572 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 413)

3.       15 aprel 2019-cu il tarixli 635 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 635)

4.       22 sentyabr 2021-ci il tarixli 1448 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 aprel 2019-cu il tarixli 635 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 635) ilə 1.1.1-ci yarımbəndindən “və Audit Komitəsinin (Təftiş Komissiyasının)” sözləri çıxarılmışdır.

 

[2] 1 mart 2019-cu il tarixli 572 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 413) ilə 1.1.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.

 

[3] 26 fevral 2016-cı il tarixli 805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 5 mart 2016-cı il, № 51; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 2, II kitab, maddə 269) ilə 1.1.4-cü yarımbəndində “bağlanmasına razılıq verilməsi” sözləri “, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi” sözləri ilə əvəz olunmuşdur.

22 sentyabr 2021-ci il tarixli 1448 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203) ilə 1.1.4-cü yarımbəndə birinci halda “kredit təşkilatının” sözlərindən əvvəl “Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.

 

[4] 22 sentyabr 2021-ci il tarixli 1448 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203) ilə yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status