AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.09.2009
QEYDİYYAT NÖMRƏSİ
136
ADI
“Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2009, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 740)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.09.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinədövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

“Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. Rasi-zadə

 

Bakı şəhəri, 10 sentyabr 2009-cu il

      № 136

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 10 sentyabr tarixli 136 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında

 

ƏSASNAMƏ [2]

 

I. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununa və “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli və 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanlarına əsasən hazırlanmışdır və taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin (bundan sonra - dövlət nəzarəti) həyata keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Dövlət nəzarətinin məqsədi taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracını nizamlayan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilməsini təmin etməkdir. [3]

 

II. Dövlət nəzarətinin aparılması qaydaları

 

2.1. Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti monitorinqlər, araşdırmalar, yoxlamalar, ekspertizalar və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər (bundan sonra - nəzarət tədbirləri) formasında həyata keçirilir.

2.1-1. Taxılçılıq fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [4]

2.2. Taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal edilmiş və ixracı nəzərdə tutulan məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və aşağıdakı tələblərə riayət edilməsinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - səlahiyyətli orqan) tərəfindən öz səlahiyyətləri daxilində nəzarət edilir: [5]

2.2.1. taxıl məhsullarının insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək standart və tələblərə uyğunluğuna; [6]

2.2.2. istehsal edilən, habelə ixracı nəzərdə tutulan qablaşdırılmış taxıl məhsullarının üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, dövlət dilində olmasına;

2.2.3. Azərbaycan Respublikasında istehlak üçün idxal olunmuş qablaşdırılmış taxıl məhsullarının üzərindəki etiketlərin və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmasına;

2.2.4. qablaşdırılmış taxıl məhsullarının etiketinin üzərində məhsulun adının, həcminin növünün və tərkibinin, istifadə sahəsi və qaydalarının, istehsal tarixinin və yararlılıq müddətinin, saxlanma şərtlərinin, istehsalçının adının, ünvanının, əmtəə nişanının və normativ sənədlərdə tələb olunan digər məlumatların olmasına;

2.2.5. taxıl məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq və gigiyenik sertifikatlarının olmasına;

2.2.6. taxıl məhsullarının tədarükü, saxlanması və daşınması zamanı normativ sənədlərin tələblərinin pozulması nəticəsində baş verə biləcək hər hansı bir tərkib dəyişmələrinə və çirklənmələrə səbəb olan halların (şəraitin) mövcud olub-olmamasına;

2.2.7. səlahiyyətli orqanlar tərəfindən verilmiş və ya tanınmış qüvvədə olan sertifikatın mövcudluğuna;

2.2.8. uyğunluq nişanından, müalicəvi, pəhriz , ekoloji təmiz adlarından müvafiq dövlət orqanının icazəsi əsasında istifadəsinə;

2.2.9. sertifikat və razılıq verilmiş məhsulun normativ sənədlərinə və ya istehsalın texnoloji proseslərinə edilmiş dəyişikliklər barədə sertifikat və razılıq verən səlahiyyətli orqana vaxtlı-vaxtında məlumatın verilməsinə;

2.2.10. taxıl məhsulunun istehsalının müvafiq səlahiyyətli dövlət orqanında qeydiyyatdan keçmiş normativ sənədlər (standartlar, normalar) əsasında aparılmasına, o cümlədən beynəlxalq, regional və xarici ölkələrin milli standartları əsasında istehsal olunan taxıl məhsullarının keyfiyyətinə olan tələblərə cavab verməsinə və göstərilən standartların standartlaşdırma və sertifikatlaşdırma sahəsində milli orqanda (Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) qeydiyyata alınmasına; [7]

2.2.11. taxılçılıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilən məhsulların sınaqlarının dövri olaraq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş və müvafiq qaydada akkreditasiya olunmuş laboratoriyalarda (mərkəzlərdə) aparılmasına;

2.2.12. Azərbaycan Respublikasına idxal edilmiş taxıl məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu araşdırılarkən istehsalçı ölkənin müvafiq orqanları tərəfindən verilmiş məhsulun mənşəyini, keyfiyyətini və təhlükəsizliyini xarakterizə edən uyğunluq, gigiyenik, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda fitosanitar və baytarlıq sertifikatların rəsmi tərcüməsinin mövcudluğuna.

2.3. Səlahiyyətli orqanın taxıl məhsullarına dövlət nəzarəti sahəsində aşağıdakı səlahiyyətləri vardır:

2.3.1. taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilməsini yoxlamaq;

2.3.2. taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxalı və ixracı ilə məşğul olan taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;

2.3.3. müəyyən edilmiş qaydada keyfiyyətinin təmin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;

2.3.4. taxılçılıq fəaliyyətinin subyektlərinə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması haqqında icrası məcburi olan göstərişlər vermək;

2.3.5. keyfiyyət göstəriciləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən taxıl məhsullarının istifadəsini qadağan etmək, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul etmək və təkliflər vermək;

2.3.6. hüquqi və fiziki şəxslərin müraciəti əsasında taxıl məhsullarının keyfiyyətinin ekspertizasını aparmaq;

2.3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

2.4. Taxılçılıq fəaliyyəti subyektlərində nəzarət tədbirlərinin keçirilməsi barədə səlahiyyətli orqanın rəhbərinin imzası və orqanın möhürü ilə təsdiq olunmuş sərəncam verilir. [8]

2.5. Sərəncamdakı məlumatlar aşağıdakılardır:

2.5.1. nəzarət tədbirlərini aparacaq əməkdaşın soyadı, adı və vəzifəsi;

2.5.2. nəzarət tədbirlərinin aparılmasının əsası;

2.5.3. nəzarət tədbirlərinin aparılacağı taxılçılıq fəaliyyəti subyektinin rekvizitləri;

2.5.4. nəzarət tədbirlərinin məqsədi;

2.5.5. nəzarət tədbirlərinin müddəti.

2.6. Dövlət nəzarəti qaydasında planlı yoxlamalar ildə iki dəfədən çox olmamaq şərtilə səlahiyyətli orqan tərəfindən hər ilin əvvəlində təsdiq olunan plan üzrə qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

2.7. Taxılçılıq subyektinin fəaliyyətində insanların sağlamlığı və həyatı, ətraf mühitin çirklənməsi, taxıl məhsullarının zədələnməsi (korlanması) üçün təhlükə yarandıqda, səlahiyyətli orqanın qərarına əsasən aidiyyəti dövlət orqanlarının iştirakı ilə təkrar yoxlamalar aparıla bilər. Yoxlama 10 gündən artıq davam edə bilməz. Yoxlama həyata keçirən şəxsdən asılı olmayan səbəblərdən yoxlamanı başa çatdırmaq mümkün olmadıqda, yoxlama müddəti səlahiyyətli orqanın rəhbərinin qərarı ilə 30 günə qədər artırıla bilər. Yoxlama zamanı götürülmüş nümunələrin ekspertizasını (sınaqları, müayinəsini) keçirmək zərurəti yaranarsa, ekspertiza keçirilən dövrdə yoxlama müddətinin axını dayandırılır.

2.8. Taxıl məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə dövlət nəzarəti aparan səlahiyyətli şəxs tərəfindən, təsərrüfat subyektinin nümayəndələrinin iştirakı ilə, seçilmiş nümunələrin ekspertizası (sınaqları, müayinəsi) akkreditasiya olunmuş müvafiq laboratoriyalarda (mərkəzlərdə) təsərrüfat subyektinin vəsaiti hesabına vahid metodika üzrə aparılır və müvafiq qaydada sənədləşdirilir. Ekspertizanın (müayinə və sınaqların) nəticələri nümunələrin seçildiyi məhsulun partiyasına şamil edilir və ekspertizanı (müayinə və sınağı) aparmış məsul şəxslərin imzaları ilə müvafiq sənədlərlə rəsmiləşdirilir.

2.9. Dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin müraciəti (şikayətləri) əsasında və yoxlamanın nəticəsi üzrə taxılçılıq fəaliyyəti subyekti barəsində görülən tədbirlərin icrasını yoxlamaq məqsədi ilə növbədən kənar yoxlamalar aparıla bilər.

2.10. İstehsal, tədarük, saxlanma, daşınma, satış, idxal və ixrac zamanı, həmçinin ayrı-ayrı ərazilərin (şəhər, rayon, kənd, sahə və s.) təminatında taxıl məhsullarının lazımi keyfiyyətdə olmasının ümumi vəziyyətini müəyyən etmək və qanun pozuntusu əlamətləri barəsində daxil olmuş məlumatları dəqiqləşdirmək məqsədi ilə monitorinqlər aparılır.

2.11. Daxil olmuş müraciətlərdə göstərilən halların və sübutların dəqiqləşdirilməsi, qanun pozuntusu əlamətlərinin əhatə etdiyi subyektlərin və konkret pozuntuların səbəblərinin müəyyən edilməsi məqsədi ilə səlahiyyətli orqan tərəfindən araşdırmalar (ilkin araşdırmalar) aparıla bilər.

2.12. Səlahiyyətli orqanın dövlət nəzarəti aparılmasına səlahiyyətli əməkdaşları aşağıdakı hüquqlara malikdir:

2.12.1. zəruri hallarda taxılçılıq fəaliyyəti subyektlərinin rəhbərliyini məlumatlandırmaqla istehsal, saxlanma və satış sahələrinə sərbəst daxil olmaq;

2.12.2. taxılçılıq fəaliyyətinin subyektlərindən zəruri məlumatları və sənədləri almaq;

2.12.3. taxılçılıq fəaliyyəti subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən, yoxlamanın məqsədləri üçün əvəzsiz istifadə etmək;

2.12.4. normativ sənədlərə müvafiq olaraq məhsulun qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təyin etmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada sınaq nümunələri götürmək;

2.12.5. normativ sənədlərin və qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, qanun pozuntusunun dayandırılması barədə və onların aradan qaldırılması məqsədi ilə icrası məcburi olan göstərişlərin verilməsi, inzibati cərimələr tətbiq edilməsi, sertifikat və şəhadətnamələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün vəsatət qaldırmaq;

2.12.6. keyfiyyət göstəriciləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən taxıl məhsullarının istifadəsinin və satışının qadağan edilməsi, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul edilməsi üçün rəhbərliyə təkliflər vermək.

2.13. Taxılçılıq fəaliyyəti subyektlərinin rəhbərləri və digər vəzifəli şəxsləri səlahiyyətli orqanın əməkdaşlarına taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatları və sənədləri təqdim etməli, nəzarət tədbirlərinin aparılması üçün şərait yaratmalıdırlar.

2.14. Nəzarət tədbirlərinin nəticələri iki nüsxədə tərtib olunur və aktla rəsmiləşdirilir. Aktın bir nüsxəsi taxılçılıq fəaliyyəti subyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir, digəri isə səlahiyyətli orqanda saxlanılır. Taxılçılıq fəaliyyəti subyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı imzalayarkən öz rəyini əlavə etmək hüququna malikdir. Taxılçılıq fəaliyyəti subyektinin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda nəzarət tədbirini həyata keçirən səlahiyyətli orqanın əməkdaşları tərəfindən xüsusi qeydlər aparılır.

2.15. Tərtib olunan aktda məlumatlar aşağıdakılardır:

2.15.1. nəzarət tədbiri aparılan hüquqi və fiziki şəxs haqqında məlumatlar (ünvanı, rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı, VÖEN);

2.15.2. nəzarət tədbirini aparan səlahiyyətli şəxslər haqqında məlumatlar (vəzifəsi, soyadı, adı, atasının adı);

2.15.3. nəzarət tədbirinin adı, aparılmasının hüquqi əsası, səbəbləri və müddəti;

2.15.4. nəzarət tədbiri zamanı araşdırılan hallar, sınaq üçün götürülən nümunələr, onların qiyməti və məhsul partiyası haqqında məlumatlar;

2.15.5. nəzarət tədbirinin nəticələri.

 

III. Tətbiq olunan hüquqi tədbirlər

 

3.1. Müəyyən edilmiş pozuntuların təyin olunmuş müddətdə aradan qaldırılması məqsədi ilə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqan taxılçılıq fəaliyyətinin subyektinin rəhbərinə icrası məcburi olan göstəriş vermək, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan məhsul partiyasının istifadəsinin və realizə edilməsinin qadağan olunması, dövriyyədən (satışdan) çıxarılması haqqında qərar qəbul etmək hüququna malikdir. Nəzarət tədbirlərinin nəticələri üzrə verilən göstəriş və qərarların icrası taxılçılıq fəaliyyətinin subyektləri üçün məcburidir. [9]

3.2. Aşağıdakı hallarda taxıl məhsullarının Azərbaycan Respublikasında istifadəsinin (satışının) qadağan edilməsi, həmçinin istehsal, ixrac, satış və idxal zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə göstəriş verilir:

3.2.1. yoxlanılan taxıl məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlmədikdə;

3.2.2. yoxlanılan taxıl və taxıl məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun sabit istehsalına şərait olmadıqda;

3.2.3. taxıl məhsulları dövlət nəzarətindən gizlədildikdə;

3.2.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada sertifikat və ya digər normativ sənədsiz, yaxud qüvvədə olma müddəti bitmiş normativ sənədlə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə məhsul istehsal edildikdə və saxlandıqda;

3.2.5. saxta və müvafiq icazə alınmadan başqasının əmtəə nişanı ilə məhsullar istehsal edildikdə və satıldıqda;

3.2.6. istehsalçı (idxalçı, ixracatçı, satıcı) tərəfindən məhsulların sertifikatlaşdırma qaydaları pozulduqda və məhsul istehlak keyfiyyətlərinə uyğun olmayan qaydada etiketləndikdə və ya qablaşdırıldıqda;

3.2.7. taxıl məhsullarının saxlanılması və ya satışı zamanı mövcud norma və qaydalar pozulduqda.

3.3. Sertifikat və şəhadətnamə alınmış taxıl məhsullarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar edildikdə, sertifikatın fəaliyyəti qanunvericiliyə uyğun dayandırılır.

3.4. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan taxıl məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanın və ya məhkəmənin qərarına əsasən həyata keçirilir.

3.5. Taxıl məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti aparılarkən, inzibati məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə, inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati tənbeh tətbiq edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

3.6. Səlahiyyətli orqanın əməkdaşları tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi zamanı nümunələr götürülərkən 2 (iki) nüsxədə "Nümunə götürmə aktı" tərtib olunur. Həmin akt səlahiyyətli orqanın əməkdaşı və taxılçılıq fəaliyyəti subyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır, bir nüsxəsi səlahiyyətli orqanda saxlanılır, digər nüsxəsi isə taxılçılıq fəaliyyəti subyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir.

3.7. Nümunə götürmə aktında aşağıdakı məlumatlar olmalıdır:

3.7.1. nümunə götürülməsində iştirak edən əməkdaşların soyadı, adı, vəzifəsi;

3.7.2. nümunənin adı, çəkisi;

3.7.3. nümunələrin sayı və miqdarı;

3.7.4. nümunənin götürülməsinin hüquqi əsası;

3.7.5. nümunələrin götürülmə tarixi və saatı;

3.7.6. nümunənin götürüldüyü yer, taxılçılıq fəaliyyəti subyektinin adı, ünvanı;

3.7.7. qablaşdırmanın forması;

3.7.8. aparılacaq analizlər dəqiq göstərilməklə tədqiqat və ya ekspertizanın məqsədi;

3.7.9. nümunə götürülən məhsul partiyasının həcmi və s.

3.8. Qiymətləndirmənin nəticələri əsasında qanunvericiliklə müəyyən edilmiş sənədlərin verilməsi təmin edilir.

3.9. Nəzarət tədbirləri keçirilməsi zamanı tərtib olunan "Sərəncam", "Akt", "İnzibati Xəta Haqqında Protokol" və "Nümunə götürmə Aktı"nın formaları səlahiyyətli orqan tərəfindən təsdiq edilir. [10]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2.       16 iyul 2014-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 iyul 2014-cü il, № 161; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 944)

3.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

4.       16 dekabr 2016-cı il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2228)

5.       5 fevral 2018-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 6 fevral 2018-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 337)

6.       20 iyul 2018-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 iyul 2018-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1647)

7.       30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

8.       30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101)

9.       8 may 2021-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 523)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101) ilə qərarın adına və 1-ci hissəsinə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilmişdir.

 

[2] 30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101) ilə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin adına, 1.1-ci, 2.1-ci, 3.5-ci bəndlərinə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilmişdir.

 

[3] 30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101) ilə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.2-ci, 3.1-ci, 3.4-cü, 3.5-ci bəndlərində, 2.2.12-ci, 2.3.1-ci, 2.3.5-ci, 2.12.4-cü, 2.12.6-cı, 3.2.1-ci, 3.2.2-ci yarımbəndlərində “standartlara və tələblərə” sözləri və 2.2-ci bəndində “standartlara” sözü “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 iyul 2014-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 iyul 2014-cü il, № 161; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 944) ilə 2.1-1-ci bənd əlavə edilmişdir.

 

[5] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz  edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

5 fevral 2018-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 6 fevral 2018-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 337) ilə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2-ci bəndində “İqtisadiyyat Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

20 iyul 2018-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 iyul 2018-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1647) ilə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2-ci bəndindən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılmışdır.

 

[6] 16 iyul 2014-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 iyul 2014-cü il, № 161; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 944) ilə 2.2.1-ci yarımbənddə “əmlakı” sözü “dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilmişdir.

8 may 2021-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 523) ilə “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2.1-ci yarımbəndi ləğv edilmişdir.

 

[7] 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2.10-cu yarımbəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101) ilə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2.10-cu yarımbəndi ləğv edilmişdir.

 

[8] 16 iyul 2014-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 iyul 2014-cü il, № 161; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 944) ilə 2.4-cü-2.9-cu və 2.15-ci bəndlər ləğv edilmişdir.

 

[9] 16 iyul 2014-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 iyul 2014-cü il, № 161; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 944) ilə 3.1-ci bəndin birinci cümləsində “orqanın vəzifəli şəxsi” sözləri “orqan” sözü ilə əvəz edilmişdir.

 

[10] 16 dekabr 2016-cı il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2228) ilə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 3.9-cu bəndindən “, İnzibati Xəta Haqqında Protokol” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status