AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.02.2010
QEYDİYYAT NÖMRƏSİ
225
ADI
“Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 24-02-2010, Nəşr nömrəsi: 43), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2010, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 89)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemi Haqqında Əsasnamə”Nin Təsdiq Edilməsi Və Azərbaycan Respublikası Prezidentinin 2005-Ci Il 6 Aprel Tarixli 219 Nömrəli Fərmani Ilə Təsdiq Edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu Üzrə Dövlət Komissiy

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Təhsil sahəsində həyata keçirilən islahatların təhsilin keyfiyyətinə təsirinin təhlilinin, bu islahatların keçirilməsi üçün real vəziyyəti əks etdirən statistik araşdırmaların aparılmasının təmin edilməsi üçün vahid elektron məlumat sisteminin yaradılması zəruridir.

Bu sistemin yaradılmasının və ondan müvafiq dövlət orqanları və təhsil müəssisələri tərəfindən istifadənin təmin olunması, həmçinin sistemin təşkilati-hüquqi əsaslarının müəyyən edilməsi məqsədi ilə qərara alıram:

1. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya həmin təhsil müəssisələri tərəfindən məlumatların sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə məsuliyyət müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi üçün zəruri tədbirlər görsün. [1]

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmasının və həmin təhsil müəssisələri tərəfindən məlumatların sistemə vaxtında, tam və düzgün daxil edilməsinin təmin olunması üçün müvafiq tədbirlər görsün.

5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 294; 2006-cı il, № 12, maddə 1047) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.4-cü bəndi çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2010-cu il

     № 225

 


 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1. Bu Əsasnamə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin (bundan sonra – Sistem) yaradılması, zənginləşdirilməsi və ondan istifadə qaydalarını müəyyən edir. Sistemə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir.

2. Sistemin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə proqram təminatının yaradılması və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Sistem administratoru) tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilir. Sistemdə yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir. [2]

3. Sistemi tələbə-məzun elektron məlumat bazası və bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksi təşkil edir.

4. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin bu Əsasnamənin 6-cı bəndində nəzərdə tutulan dövlət orqanlarıdır.

5. Sistemə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin qoşulması məcburidir.

6. Sistemə aşağıdakı dövlət orqanları bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qoşula bilərlər:

6.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;

6.2. Azərbaycan Respublikası Milli Məclisinin Aparatı;

6.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti;

6.3-1. Azərbaycan Respublikasının Prokurorluğu; [3]

6.4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

6.5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

6.5-1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti; [4]

6.6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

6.7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

6.8. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

6.9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

6.10. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi; [5]

6.10-1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; [6]

6.10-2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; [7]

6.10-3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; [8]

6.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

6.11-1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti. [9]

6.12. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. [10]

 

II. Sistemin strukturu

 

7. Sistemin strukturuna Sistem administratorunda olan mərkəzi server və hər bir istifadəçinin bu sistemə qoşulmaq imkanına malik bir və ya bir neçə işçi stansiya daxildir.

8. İstifadə olunacaq işçi stansiyaların texniki təchizatı (avadanlıq və rabitə xidməti) istifadəçilərin öz hesabına həyata keçirilir.

9. Sistemdə istifadə olunacaq texniki vasitələrin siyahısı və bu texniki vasitələr üzərinə qoyulmuş tələblər Sistem administratoru və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilir. [11]

10. Tələbə-məzun elektron məlumat bazası mərkəzi serverdə yerləşir.

11. Məlumat bazasının informasiya təminatı Sistem administratoru, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir.

 

III. İstifadəçilərin sistemə qoşulması

 

12. Sistemə qoşulmaq üçün müraciət ali və ya orta ixtisas təhsili müəssisəsi, yaxud müvafiq dövlət orqanı tərəfindən Sistem administratoruna göndərilir. Müraciət etmiş qurumun sistemə qoşulması, ondan istifadə etməsi və sistemin təhlükəsizliyinin təmin edilməsinə dair texniki və texnoloji imkanları Sistem administratoru tərəfindən yoxlanılır. Yoxlama müsbət nəticə ilə başa çatdıqda bir həftə ərzində mərkəzi serverə qoşulmaq üçün işçi stansiyaların müraciətdəki sayına müvafiq olaraq tələb olunan istifadəçi adı, parolu və digər bağlantı parametrləri Sistem administratoru tərəfindən müəyyən edilir və müvafiq proqram təminatı işçi stansiyalara quraşdırıldıqdan sonra müraciət edənin təyin etdiyi məsul şəxsə təhvil verilir.

 

IV. Sistem administratoru

 

13. Sistem administratoru mərkəzi serverdə yerləşən məlumat bazasının təhlükəsizliyinə cavabdehlik daşıyır.

14. Sistem administratoru:

14.1. sistemin fasiləsiz fəaliyyətini və məlumat bazasına daxil edilən məlumatların mühafizəsini təmin edir;

14.2. işçi stansiyalarla bağlantıların təmin edilməsinə nəzarət edir;

14.3. işçi stansiyalarda sistemə qoşulmaq üçün lazım olan proqram təminatının yaradılmasını həyata keçirir;

14.4. mərkəzi serverə qoşulmaq üçün müvafiq bağlantı parametrlərini verir;

14.5. keçirilən imtahanlar nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslər haqqında məlumatları mərkəzi serverə daxil edir;

14.6. məlumatların işçi stansiyalardan ötürülməsinə nəzarət edir;

14.7. bütün işçi stansiyalarda çalışacaq operatorların proqram təminatından effektiv istifadə olunması üçün treninq həyata keçirir;

14.8. müvafiq statistik məlumatlar hazırlayır;

14.9. aşağıdakı hallarda işçi stansiyanın fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul edir və onu icra edir:

14.9.1. serverə virus hücumları olduqda;

14.9.2. texniki problemlərin aradan qaldırılması zamanı;

14.9.3. serverə səhv məlumatlar göndərildikdə.

 

V. Sistemin istifadəçiləri

 

15. Təhsil müəssisəsi olan istifadəçilər:

15.1. informasiyanın mühafizəsi və doğruluğunu təmin etmək üçün məsul şəxsi və məlumat axtarışını icra edən və yeni məlumatları mərkəzi serverə daxil edən operatoru (operatorları) təyin edir;

15.2. mərkəzi serverə tələbələri və magistrantları haqqında aşağıdakı məlumatları daxil edir:

15.2.1. soyad, ad və ata adında ola biləcək dəyişikliklər;

15.2.2. akademik müvəffəqiyyət haqqında məlumat;

15.2.3. ixtisas dəyişmələri;

15.2.4. təhsildə fasilələr;

15.2.5. tələbələr sırasından xaric edilmələr;

15.2.6. bərpalar;

15.2.7. təkrar ali təhsil və ya orta ixtisas təhsili alan şəxslər haqqında məlumatlar;

15.2.8. bir təhsil müəssisəsindən digərinə köçürmələr, o cümlədən təhsil müəssisəsinə xarici ölkədən köçürülmüş tələbələr haqqında məlumatlar;

15.2.9. təhsil müəssisəsinə qəbul edilmiş əcnəbilər haqqında məlumatlar;

15.2.10. diplom əmrləri və diplom haqqında məlumatlar.

16. Məsul şəxs Sistem administratoru ilə birlikdə Sistemin fasiləsiz fəaliyyətini təmin edir və məlumatların yenilənməsinə, düzgünlüyünə, tamlığına və mühafizəsinə görə cavabdehlik daşıyır. Məsul şəxs təhsil müəssisəsindəki yeni məlumatların tam və vaxtında (10 gün ərzində) məlumat bazasına daxil edilməsini təmin etməlidir.

17. Təhsil müəssisəsi olan istifadəçilər mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq öz işçi stansiyasında çalışan operator vasitəsilə yalnız özlərinin tələbələri, magistrantları və məzunları barədə məlumatlara baxa və orada bu Əsasnamənin 15.2-ci bəndinə əsasən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər.

18. Dövlət orqanı olan istifadəçilər mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq öz işçi stansiyasında çalışan operator vasitəsilə yalnız müxtəlif növ axtarışlar həyata keçirə bilər, tələbələr, magistrantlar və məzunlar haqqında məlumatlara baxa bilərlər. Dövlət orqanı olan istifadəçilərə məlumat bazasına məlumat daxil etmək və orada dəyişikliklər etmək hüququ verilmir.

19. Məsul şəxs və ya operator işdən çıxarıldığı təqdirdə istifadəçi bu haqda Sistem administratoruna dərhal məlumat verir, administrator isə məlumatın mühafizəsini təmin etmək məqsədilə birinci halda bütün, ikinci halda isə yalnız operatorun çalışdığı işçi stansiyadakı istifadəçi adını, parolu və digər bağlantı parametrlərini dəyişdirir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 iyul 2010-cu il tarixli 302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2010-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 621)

2.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101)

3.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

4.       3 aprel 2015-ci il tarixli 494 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 373)

5.       5 iyun 2015-ci il tarixli 548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 704)

6.       14 iyul 2015-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2015-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 836)

7.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

8.       16 may 2017-ci il tarixli 1401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 805)

  1. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
  2. 18 dekabr 2017-ci il tarixli 1738 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2306)
  3. 30 oktyabr 2020-ci il tarixli 1171 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 oktyabr 2020-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1249)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 may 2017-ci il tarixli 1401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 805) ilə 3-cü hissədə “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 may 2017-ci il tarixli 1401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 805) ilə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin 2-ci hissədə “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 iyul 2010-cu il tarixli 302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2010-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 621) ilə Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 6.3-1-ci bənd əlavə edilmişdir.

 

[4] 18 dekabr 2017-ci il tarixli 1738 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2306) ilə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin 6.5-ci yarımbəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda 6.5-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101) ilə “Tələbə-məzun” Dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin 6.10-cu bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 6.10-cu bənddən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[6] 5 iyun 2015-ci il tarixli 548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 704) ilə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 6.10-1-ci yarımbənd əlavə edilmişdir.

 

[7] 14 iyul 2015-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2015-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 836) ilə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 6.10-2-ci yarımbənd əlavə edilmişdir.

 

[8] 30 oktyabr 2020-ci il tarixli 1171 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 oktyabr 2020-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1249) ilə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 6.10-3-cü bənd əlavə edilmişdir.

 

[9] 3 aprel 2015-ci il tarixli 494 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 373) ilə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 6.11-1-ci yarımbənd əlavə edilmişdir.

 

[10] 16 may 2017-ci il tarixli 1401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 805) ilə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin 6.11-1-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və 6.12-ci bənd ləğv edilmişdir.

 

[11] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin 9-cu hissəsində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin 9-cu hissəsinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status