AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
24.05.2010
QEYDİYYAT NÖMRƏSİ
274
ADI
“Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-05-2010, Nəşr nömrəsi: 115), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2010, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 403)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında

“Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:

1. “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 may 2010-cu il

    № 274

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi

Qaydaları

 

1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydalarını tənzimləyir.

2. Xüsusi təyinatlı təhsil müəssisələri mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində təsis edilir.

3. Xüsusi təyinatlı ali təhsil müəssisələri, ali təhsil əsasında əlavə təhsil müəssisələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya müvafiq mərkəzi icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən, orta ixtisas təhsili, ümumi təhsil müəssisələri, orta ixtisas təhsili əsasında əlavə təhsil müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsis edilir.

4. Bu Qaydaların 3-cü bəndinə uyğun olaraq təqdim edilən vəsatətə, həmin vəsatətdə xüsusi təyinatlı təhsil müəssisəsinin təsis edilməsi zərurəti əsaslandırılmaqla, aşağıdakılara dair məlumatlar (sənədlər) əlavə edilməlidir:

4.1. xüsusi təyinatlı təhsil müəssisəsinin fəaliyyəti üçün mövcud olan və ya tələb olunan zəruri kadr potensialı, maddi-texniki baza və təhsil infrastrukturu barədə;

4.2. xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin layihəsi;

4.3. xüsusi təyinatlı təhsil müəssisəsinin ştat cədvəlinin layihəsi;

4.4. kadrlara olan cari və perspektiv tələbat barədə;

4.5. mövcud olduğu halda, komplektləşdirilmiş tədris qruplarının sayı barədə;

4.6. mövcud olduğu halda, ayrı-ayrı struktur bölmələri üzrə kursantların (müdavimlərin), dinləyicilərin və digər təhsilalanların sayı barədə;

4.7. xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşməsi təklif olunan mövcud və ya yerləşməsi üçün zəruri hesab edilən binaların (otaqların) sayı, sahəsi, yerləşmə ərazisi barədə;

4.8. xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşməsi təklif olunan binanın tədris və təlim-tərbiyə prosesinin həyata keçirilməsi üçün yararlılığı barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, sanitariya-gigiyena normalarına uyğunluğu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, binanın balansdan-balansa verilməsi zərurəti yarandıqda isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı.

5. Xüsusi təyinatlı təhsil müəssisələrinin kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu bu tipli təhsil müəssisələri təsis olunduqdan sonra da formalaşdırıla bilər.

6. Xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsində həmin təhsil müəssisəsinin adı, fəaliyyətinin məqsədi, olduğu yer, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, strukturu və idarə edilməsi, tədris işinin təşkili və elmi-tədqiqat fəaliyyəti, daimi və dəyişən heyəti, maliyyə-təsərrüfat fəaliyyəti, yenidən təşkili və ləğvi qaydası və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər müəyyənləşdirilir.

7. Xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsi həmin təhsil müəssisəsinin təsisçisi tərəfindən təsdiq edilir.

8. Xüsusi təyinatlı təhsil müəssisəsi bu Qaydaların 3-cü bəndinə uyğun olaraq təsis edildikdən və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alındıqdan sonra tabeliyində bu tipli təhsil müəssisəsi təsis edilmiş mərkəzi icra hakimiyyəti orqanı səlahiyyətləri daxilində həmin təhsil müəssisəsinə münasibətdə idarəetməni həyata keçirməyə başlayır, xüsusi təyinatlı təhsil müəssisəsinin strukturunu və ştat cədvəlini təsdiq edir, onun fəaliyyətinin təşkili, kadr potensialının və maddi-texniki bazasının yaradılması, o cümlədən tədris, elmi, elmi-metodiki, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatı istiqamətində zəruri tədbirləri həyata keçirir. [1]

9. Tabeliyində xüsusi təyinatlı təhsil müəssisəsi təsis edilmiş mərkəzi icra hakimiyyəti orqanının həmin təhsil müəssisəsinə münasibətdə səlahiyyət dairəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilir.

10. Xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti, hüquq və vəzifələri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar nəzərə alınmaqla, həmin təhsil müəssisələrinin nizamnamələri ilə müəyyən edilir.

11. Təhsilin məzmununa və təşkilinə dair tələblərə əməl olunmaqla, xüsusi təyinatlı təhsil müəssisələrində maddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun normativ hüquqi aktların tələblərinə və dövlət standartlarına uyğunluğu təmin edilir.

12. Xüsusi təyinatlı təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu qanunvericiliklə müəyyən edilmiş normativlərdən aşağı olmamalıdır.

13. Xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təşkili, saxlanma xərcləri, tədris və elmi fəaliyyəti, o cümlədən maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

14. Xüsusi təyinatlı təhsil müəssisəsinin filialının (filiallarının) açılması barədə bu Qaydalara uyğun olaraq vəsatət qaldırıla bilər.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı

 

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturunda:

1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası;

1.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi;

1.3. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi;

1.4. Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi;

1.5. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi; [2]

1.6. Cəmşid Naxçıvanski adına Hərbi Lisey;

1.7. Heydər Əliyev adına Hərbi Lisey.

2. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası. [3]

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda:

4.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası; [4]

4.2. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi; [5]

4.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi;

4.4. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası.

6. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin strukturunda: [6]

6.1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası;

6.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi.

7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası. [7]

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 iyul 2010-cu il tarixli 300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul 2010-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 619)

2.       8 may 2012-ci il tarixli 629 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 422)

3.       11 dekabr 2012-ci il tarixli 759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1233)

4.       22 may 2014-cü il tarixli 170 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 483)

5.       7 sentyabr 2016-cı il tarixli 1039 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1476)

6.       18 dekabr 2017-ci il tarixli 1739 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2307)

7.       5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın 8-ci hissəsinə “texnologiyaları” sözündən sonra “, rəqəmsal tədris resursları” sözləri əlavə edilmişdir.

 

[2] 7 sentyabr 2016-cı il tarixli 1039 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1476) ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1.4-cü və 1.5-ci bəndləri ləğv edilmişdir.

 

[3] 18 dekabr 2017-ci il tarixli 1739 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2307) ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 2-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 iyul 2010-cu il tarixli 300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul 2010-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 619) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 4.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.1. Azərbaycan Polis Akademiyası;

 

[5] 11 dekabr 2012-ci il tarixli 759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1233) ilə Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 4.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Orta ixtisas hərbi məktəbi;

 

[6] 22 may 2014-cü il tarixli 170 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 483) ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 6-cı bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası.

 

[7] 8 may 2012-ci il tarixli 629 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 422) ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”na yeni məzmunda 7-ci hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status