AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.09.2010
QEYDİYYAT NÖMRƏSİ
167
ADI
“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2010, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 833)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.09.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında

“Təhsil müəssisələrinin akkreditasiyası Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 aprel tarixli, 49 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 298; 2006-cı il, № 9, maddə 827) qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 28 sentyabr 2010-cu il

                     № 167

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR [1]

 

Təhsil müəssisələrinin akkreditasiyası [2]

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.28-ci maddəsinə əsasən hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.

1.2. Magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün bu Qaydalarla müəyyən edilmiş proqram akkreditasiyası proseduru Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində icra olunan təhsil proqramlarının qiymətləndirilməsinə də şamil edilir.

1.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

1.4. Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

1.5. Təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları (bundan sonra – Akkreditasiya Meyarları) Nazirlik tərəfindən hər bir təhsil pilləsi üzrə müəyyən edilir.

1.6. Təhsil müəssisəsinin akkreditasiyası zamanı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərancamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və Nazirliyin qərar, əmr və sərəncamları rəhbər tutulur.

1.7. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.7.1. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedur;

1.7.2. Akkreditasiya Komissiyası - təhsil müəssisəsinin akkreditasiyası məqsədilə müəyyən olunmuş tələblər çərçivəsində Agentlik tərəfindən yaradılan və bu Qaydalarda qeyd olunmuş öhdəlikləri yerinə yetirən komissiya;

1.7.3. Akkreditasiya Meyarları - təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi üzrə ölçülər;

1.7.4. akkreditasiya şəhadətnaməsi - “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd;

1.7.5. Akkreditasiya Şurası - akkreditasiyanın nəticələrinə dair qərar qəbul etmək səlahiyyətinə malik olan orqan;

1.7.6. Apellyasiya Komissiyası - Agentlik tərəfindən yaradılan və Akkreditasiya Komissiyasının fəaliyyətinə dair şikayətlərə baxan kollegial orqan;

1.7.7. beynəlxalq akkreditasiya - xarici keyfiyyət təminatı qurumu tərəfindən hazırlanmış qayda və meyarlar əsasında keçirilən təhsilin keyfiyyətinə təminat yaradan prosedur;

1.7.8. birgə təhsil proqramı - tədris prosesi iki və ya daha artıq ali təhsil müəssisəsi tərəfindən ortaq şəkildə həyata keçirilən və vahid milli kvalifikasiyanın, iki və ya daha artıq fərqli kvalifikasiyanın, yaxud birgə kvalifikasiyanın əldə olunması ilə nəticələnən təhsil proqramı;

1.7.9. daxili keyfiyyət təminatı - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun, təhsil müəssisəsində səmərəli və müasir tələblərə uyğun tədris mühitinin yaradılmasının və onun fəaliyyətinin özünütəhlil əsasında davamlı inkişafının təmin olunmasına xidmət edən daxili idarəetmə qiymətləndirmə sistemi;

1.7.10. xarici keyfiyyət təminatı - təhsil müəssisəsinin fəaliyyətinin keyfiyyət səviyyəsinin və onun daxili keyfiyyət təminatı sisteminin effektivliyinin qiymətləndirilməsi prosesi;

1.7.11. xarici keyfiyyət təminatı qurumu - xarici keyfiyyət təminatı sahəsində xidmət göstərən beynəlxalq səviyyədə ixtisaslaşmış səlahiyyətli qurum;

1.7.12. Özünütəhlil Hesabatı - Akkreditasiya Meyarları əsasında təhsil müəssisəsinin təhsilin keyfiyyət səviyyəsinin təmin olunmasına dair ümumi fəaliyyəti və ayrı-ayrı təhsil proqramlarının icrası üzrə təhlilini əks etdirən özünüqiymətləndirmə sənədi;

1.7.13. sillabus (işçi tədris proqramı) - fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini və istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəd;

1.7.14. təkrar akkreditasiya - təhsil müəssisəsinin və təhsil proqramlarının akkreditasiyadan keçmədiyi təqdirdə, yenidən keçirilmiş akkreditasiya;

1.7.15. Yekun Hesabat - akkreditasiya prosesləri çərçivəsində Akkreditasiya Komissiyası tərəfindən keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticələrini əks etdirən sənəd.

1.8. Bu Qaydalarda istifadə olunan digər anlayışlar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ində və bu Qaydaların 1.6-cı bəndində nəzərdə tutulan digər hüquqi aktlarda göstərilən mənaları ifadə edir.

1.9. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş məbləğdə dövlət rüsumu ödənilir.

 

2. Akkreditasiya prosesinin əsas iştirakçıları

 

2.1. Akkreditasiya prosesinin əsas iştirakçıları aşağıdakılardır:

2.1.1. Agentlik;

2.1.2. təhsil müəssisəsi;

2.1.3. Akkreditasiya Komissiyası;

2.1.4. Akkreditasiya Şurası.

2.2. Agentlik mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirən publik hüquqi şəxsdir. Agentliyin akkreditasiya prosesinə dair hüquq və vəzifələri onun Nizamnaməsi ilə müəyyən edilir.

2.3. Agentlik akkreditasiya ilə bağlı aşağıdakı hərəkətləri yerinə yetirir:

2.3.1. Akkreditasiya Komissiyasının Əsasnaməsini təsdiq edir;

2.3.2. Apellyasiya Komissiyasının Əsasnaməsini təsdiq edir;

2.3.3. Özünütəhlil Hesabatının və Yekun Hesabatın vahid nümunəvi formasını hazırlayıb təsdiq edir;

2.3.4. akkreditasiya üzrə təlimat kitabçasını hazırlayıb təsdiq edir;

2.3.5. akkreditasiya üçün TMİS-də yaradılan “Təhsil müəssisələrinin akkreditasiyası” elektron informasiya sistemini idarə edir və ondan istifadə təlimatını hazırlayıb təsdiq edir;

2.3.6. təhsil müəssisələri və Akkreditasiya Komissiyasının üzvləri üçün akkreditasiya prosesinin səmərəli təşkili və fərdlərin səriştələrinin artırılması üzrə xarici ölkələrdən mütəxəssislər də cəlb etməklə konfranslar, müşavirələr, seminarlar, təlimlər keçirir və digər tədbirlər təşkil edir;

2.3.7. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edir və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənir;

2.3.8. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, akkreditasiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

2.3.9. akkreditasiya prosesinə yerli, habelə xarici müstəqil ekspertləri və mütəxəssisləri cəlb edir;

2.3.10. təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin fəaliyyətini dəyərləndirmək və onları təkmilləşdirmək istiqamətində təkliflər verir;

2.3.11. təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı təhlillər və ümumiləşdirmələr aparır və analitik materiallar hazırlayır;

2.3.12. təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiyası ilə bağlı hər təqvim ili üzrə qrafiklər hazırlayır, təsdiq edir və rəsmi internet səhifəsində yerləşdirir;

2.3.13. akkreditasiyadan əvvəl təhsil müəssisələrini məlumatlandırır;

2.3.14. akkreditasiya ilə bağlı təhsil müəssisələri ilə müqavilə bağlayır;

2.3.15. hər bir təhsil müəssisəsinin və təhsil proqramının spesifikasına və profilinə uyğun akkreditasiya komissiyaları yaradır;

2.3.16. təhsil müəssisəsi ilə Özünütəhlil Hesabatını və Yekun Hesabatı müzakirə edir;

2.3.17. təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı hesabatların Nazirlik tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən Akkreditasiya Şurasında müzakirəsini təşkil edir, qəbul olunmuş qərarları və Yekun Hesabatları dərc edir;

2.3.18. Akkreditasiya Şurasının qərarından sonra Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına dair təhsil müəssisəsi tərəfindən Agentliklə razılaşdırılaraq təsdiq olunan fəaliyyət planının icrasına nəzarət edir;

2.3.19. təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması ilə bağlı Nazirlik qarşısında vəsatət qaldırır.

2.4. Təhsil müəssisəsi öz fəaliyyətinə və ya tədris etdiyi təhsil proqramlarına hüquqi təminat əldə etmək üçün akkreditasiyadan keçməlidir.

2.5. Təhsil müəssisələri akkreditasiya ilə bağlı aşağıdakıları həyata keçirirlər:

2.5.1. daxili keyfiyyət təminatı sistemini yaradır;

2.5.2. akkreditasiyanın keçirilməsinə dair təşkilat komissiyasını yaradır;

2.5.3. akkreditasiya üçün tələb olunan Özünütəhlil Hesabatını və ona əlavə edilən sənədləri hazırlayır;

2.5.4. Özünütəhlil Hesabatının Elmi Şurada (Pedaqoji Şurada) və ya nizamnaməyə uyğun olaraq digər səlahiyyətli idarəetmə orqanında müzakirəsini təşkil və təsdiq edir;

2.5.5. Özünütəhlil Hesabatını Agentliyə təqdim edir;

2.5.6. “Təhsil müəssisələrinin akkreditasiyası” elektron informasiya sisteminə müəyyən olunmuş reqlament üzrə məlumatları daxil edir, sənədləri və hesabatları yükləyir;

2.5.7. Akkreditasiya Komissiyası ilə akkreditasiya prosesində yaxından iştirak edir, proses zamanı tələb olunan əlavə məlumatları və sənədləri Komissiyaya təqdim edir;

2.5.8. Yekun Hesabatı Agentlik və Akkreditasiya Komissiyası ilə müzakirə edir;

2.5.9. Akkreditasiya Şurasının qərarından sonra Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrası ilə bağlı fəaliyyət planı hazırlayır və Agentliklə razılaşdırmaqla təsdiq edir;

2.5.10. zərurət olduqda Yekun Hesabatı müstəqil ekspertizadan keçirir;

2.5.11. Yekun Hesabatı özünün rəsmi internet səhifəsində yerləşdirir;

2.5.12. bu Qaydaların 4.3-cü bəndində qeyd olunan hallarda akkreditasiyanın keçirilməsinin təxirə salınması üçün müraciət edir.

2.6. Özünütəhlil Hesabatı Agentliyə təqdim edildikdən sonra Akkreditasiya Komissiyası yaradılır.

2.7. Akkreditasiya Komissiyasının tərkibinə aşağıdakı şəxslər cəlb edilə bilərlər:

2.7.1. təhsil üzrə yerli və xarici mütəxəssislər;

2.7.2. elmi müəssisələrdən nümayəndələr;

2.7.3. ixtisaslaşmış mütəxəssislər (maliyyə, informasiyakommunikasiya texnologiyaları və digər sahələr üzrə);

2.7.4. təhsilalanlar;

2.7.5. işəgötürənlər.

2.8. Akkreditasiya Komissiyasının üzvləri aşağıdakı tələblərə cavab verməlidirlər:

2.8.1. ali təhsilli olmalı;

2.8.2. təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı təlimlərdə iştirak etməli;

2.8.3. yerli və beynəlxalq akkreditasiya prosesi haqqında məlumatlı olmalı;

2.8.4. son 2 (iki) il ərzində akkreditasiyası keçirilən təhsil müəssisəsi ilə müqavilə öhdəliyi olmamalı;

2.8.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinin tələbinə uyğun olaraq təhsil müəssisəsinə aidiyyəti olan şəxslər siyahısında olmamalıdır.

2.9. Akkreditasiya Komissiyasının üzvlərinin səlahiyyətləri və vəzifə öhdəlikləri Agentlik tərəfindən təsdiq olunmuş Akkreditasiya Komissiyasının Əsasnaməsinə uyğun olaraq müəyyənləşdirilir, Komissiya üzvü və Agentlik arasında bağlanılmış müqavilə ilə təsdiq edilir. Akkreditasiya Komissiyasının işi ödənişli əsaslarla təşkil olunur.

2.10. Akkreditasiya Komissiyasının sədri və onun üzvləri Agentlik tərəfindən təyin edilir. Sədr Akkreditasiya Komissiyasının üzvlərinin rəyləri əsasında Yekun Hesabatı hazırlayıb Agentliyə təqdim edir.

2.11. Akkreditasiya Komissiyasının üzvü təhsil müəssisəsinə aidiyyəti olan şəxslərin siyahısında olduqda, onunla bağlanılmış müqavilədə göstərilən tələblərə əməl etmədikdə, Akkreditasiya Komissiyasının Əsasnaməsində qeyd olunan vəzifələrini icra etməkdən imtina etdikdə və ya özündən asılı olmayan səbəbdən icra etməsi mümkün olmadıqda, onun fəaliyyətinə Agentlik tərəfindən xitam verilir və əvəzinə yeni üzv təyin edilir.

2.12. Akkreditasiya Şurasının fəaliyyəti Nazirlik tərəfindən təsdiq edilmiş Akkreditasiya Şurasının Əsasnaməsi ilə tənzimlənir.

2.13. Akkreditasiya Şurasına Azərbaycan Respublikasının təhsil naziri rəhbərlik edir. Şura ictimai əsaslarla fəaliyyət göstərir.

2.14. Akkreditasiya Şurasının tərkibinə aşağıdakı şəxslər daxil edilirlər:

2.14.1. yerli və xarici təhsil və ya müvafiq elmi tədqiqat sahələrinin mütəxəssisləri;

2.14.2. işəgötürənlər;

2.14.3. təhsilalanlar və ya qanuni nümayəndələr;

2.14.4. tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri;

2.14.5. qeyri-hökumət təşkilatlarının nümayəndələri.

2.15. Akkreditasiya Şurası akkreditasiya prosesində aşağıdakı hərəkətləri yerinə yetirir:

2.15.1. təqdim edilmiş Yekun Hesabatların müzakirəsini həyata keçirir;

2.15.2. tələb olunduğu halda Yekun Hesabatların müzakirəsinə təhsil müəssisəsinin akkreditasiya üzrə məsul şəxsini, Akkreditasiya Komissiyasının sədrini, eləcə də müstəqil ekspertləri dəvət edir;

2.15.3. müzakirənin nəticələrindən asılı olaraq müvafiq qərarlar verir və onları dərc etdirir;

2.15.4. təqdim edilmiş Yekun Hesabat və ona əlavə olunan sənədlər müvafiq qərarın verilməsində yetərli olmadıqda, onu Agentliyə geri qaytarır.

 

3. Təhsil müəssisəsinin akkreditasiyasının növləri, mərhələləri və müddətləri

 

3.1. Təhsil müəssisəsinin akkreditasiyasının aşağıdakı növləri vardır:

3.1.1. təhsil müəssisəsinin institusional akkreditasiyası (bundan sonra – institusional akkreditasiya);

3.1.2. təhsil proqramlarının akkreditasiyası (bundan sonra – proqram akkreditasiyası).

3.2. İnstitusional akkreditasiya təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının, təhsilalanların say həddinin müəyyənləşdirilməsi və müəssisənin fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

3.3. Təhsil proqramının akkreditasiyası qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara istinadən təşkil olunaraq, təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirərək hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır.

3.4. Təhsil müəssisəsinin akkreditasiyası aşağıdakı mərhələlərdən ibarətdir:

3.4.1. hazırlıq mərhələsi;

3.4.2. qiymətləndirmə mərhələsi;

3.4.3. akkreditasiyaya dair qərarın verilməsi.

3.5. Hazırlıq mərhələsində təhsil müəssisəsinə akkreditasiyanın başlanılmasına dair rəsmi məlumatın göndərilməsi, təhsil müəssisəsinin ərizəsinin və akkreditasiya üçün tələb olunan sənədlərin elektron informasiya sisteminə yüklənilməsi, müraciətin və sənədlərin ilkin qiymətləndirilməsi və Akkreditasiya Komissiyasının yaradılması prosesləri mərhələlərlə həyata keçirilir.

3.6. Qiymətləndirmə mərhələsində Akkreditasiya Komissiyası tərəfindən təhsil müəssisəsinin institusional fəaliyyətinin və onun təhsil proqramlarının icrasının məsafədən, aşağıda göstərilən hallarda isə yerində qiymətləndirilməsi həyata keçirilir:

3.6.1. ali təhsil pilləsi üzrə akkreditasiya keçirildikdə;

3.6.2. yeni fəaliyyətə başlamış təhsil müəssisəsinin ilk akkreditasiyası keçirildikdə;

3.6.3. növbədənkənar akkreditasiya keçirildikdə;

3.6.4. təkrar akkreditasiya keçirildikdə;

3.6.5. bu Qaydaların 4.10-cu bəndində göstərilmiş sənədlərdə uyğunsuzluqlar və ya çatışmazlıqlar müəyyən olunduqda;

3.6.6. təhsil müəssisəsinin fəaliyyəti və ya təhsil proqramlarının icrasının keyfiyyəti ilə bağlı maraqlı tərəflərin (təhsilalan, təhsilverən, işəgötürən və s.) nümayəndələrindən əsaslı şikayətlər daxil olduqda;

3.6.7. TMİS vasitəsilə sonrakı qiymətləndirilmə zamanı Akkreditasiya Meyarlarının üçdə bir hissəsi üzrə nəticələrin aşağı düşməsi müəyyən olunduqda.

3.7. Akkreditasiyaya dair qərarın verilməsi mərhələsində Yekun Hesabatın təhsil müəssisəsi ilə Akkreditasiya Komissiyası arasında müzakirə olunması və akkreditasiya ilə bağlı müvafiq qərarın verilməsi prosesləri mərhələlərlə həyata keçirilir.

3.8. Təhsil müəssisələrinin akkreditasiyası hər 5 (beş) ildən bir keçirilir. Akkreditasiya qüvvədə olan şəhadətnamələrin etibarlı olduğu sonuncu ildə təşkil edilir. Akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının növbəti tədris ilindən başlayaraq 5 (beş) il müddətə uzadılması üçün hüquqi təminat yaradır.

3.9. Yeni fəaliyyətə başlamış məktəbəqədər və ümumi təhsil müəssisəsinin ilk institusional akkreditasiyası onların fəaliyyətə başladığı tarixdən 2 (iki) il sonra, digər təhsil müəssisələrinin ilk akkreditasiyası isə birinci məzun buraxılışından dərhal sonra həyata keçirilir.

3.10. Yeni tədrisinə başlanılan təhsil proqramının ilk akkreditasiyası birinci tədris ili başa çatdıqdan dərhal sonra aparılır.

 

4. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi

 

4.1. Təhsil müəssisələrinin akkreditasiyası hər təqvim ili üzrə hazırlanmış və aprel ayından gec olmayaraq Agentlik tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilir. Təhsil müəssisəsinin (o cümlədən təsisçinin) institusional və ya proqram akkreditasiyasına dair Agentliyə müraciəti əsasında akkreditasiya qrafiklərində əlavələr edilə bilər.

4.2. Təhsil müəssisəsinin və ya proqramının növbədənkənar akkreditasiyası aşağıdakı hallarda keçirilə bilər:

4.2.1. təhsil müəssisəsinin müraciəti əsasında;

4.2.2. təhsil müəssisəsi bu Qaydaların 4.32-ci bəndində göstərilən fəaliyyət planının icrası üzrə öhdəlikləri yerinə yetirmədikdə;

4.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda;

4.2.4. təhsil müəssisəsinin fəaliyyəti və ya təhsil proqramlarının icrasının keyfiyyəti ilə bağlı maraqlı tərəflərin (təhsilalan, təhsilverən, işəgötürən və s.) nümayəndələrindən əsaslı şikayətlər daxil olduqda.

4.3. Agentlik aşağıdakı hallarda institusional və ya proqram akkreditasiyasının hər dövr üzrə yalnız 1 (bir) dəfə, ən çox 1 (bir) il müddətinə təxirə salınmasına dair müvafiq qərar qəbul olunması üçün Akkreditasiya Şurasına təqdimatla müraciət edir:

4.3.1. təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə nəticələnən fövqəladə hallarda (təbii fəlakət, yanğın və s.);

4.3.2. təsisçi dəyişdikdə və ya təhsil müəssisəsi yenidən təşkil edildikdə;

4.3.3. digər dövlət qurumları tərəfindən təhsil müəssisəsində yoxlamalar aparıldıqda.

4.4. Akkreditasiyanın təxirə salınması ilə bağlı müvafiq qərar qəbul edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddəti 1 (bir) ilədək uzadılır. Növbəti akkreditasiyanın nəticələrinə dair Akkreditasiya Şurasının qərarı müsbət olduğu halda, Agentlik tərəfindən akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddəti təxirə salınmış müddət qədər azaldılır.

4.5. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün TMİS-də “Təhsil müəssisələrinin akkreditasiyası” elektron informasiya altsistemi (bundan sonra – sistem) yaradılır.

4.6. Akkreditasiyaya dair müraciətlər yalnız elektron qaydada edilir. Həmin müraciətlər TMİS-də qeydiyyata alınır və hər bir təhsil müəssisəsinə sistemdə şəxsi kabinet açılır. Müraciət Agentliyə daxil olduqdan sonra təhsil müəssisəsinin müraciətdə göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Müəssisə qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.

4.7. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramının nəticələri dövlət akkreditasiyası üçün nəzərə alınır. Ali təhsil proqramlarının akkreditasiyası yalnız Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyanın tam hüquqlu üzvü olan xarici keyfiyyət təminatı qurumları tərəfindən keçirildiyi təqdirdə, Yekun Hesabat və akkreditasiya şəhadətnaməsi bu Qaydaların 4.10-cu bəndində qeyd olunan sənədlərlə birlikdə sistemə daxil edilməlidir. Agentlik keçirilmiş akkreditasiyanın nəticələrini təhlil edərək müvafiq qərar qəbul olunması üçün Yekun Hesabatı Akkreditasiya Şurasına təqdim edir.

4.8. Birgə təhsil proqramlarının akkreditasiyası bu proqramların təşkil edildiyi ölkələr arasında bağlanılan müqavilə üzrə müvafiq akkreditasiya qurumu tərəfindən həyata keçirilir. Dövlət akkreditasiyasının nəzərə alınması məqsədilə bu Qaydaların 4.7-ci bəndinə uyğun olaraq, hazırlanmış Yekun Hesabat və akkreditasiya şəhadətnaməsi bu Qaydaların 4.10-cu bəndində qeyd olunan sənədlərlə birlikdə proqramın iştirakçıları tərəfindən sistemə daxil edilməlidir. Agentlik keçirilmiş akkreditasiyanın nəticələrini təhlil edərək, müvafiq qərar qəbul olunması üçün Yekun Hesabatı Akkreditasiya Şurasına təqdim edir.

4.9. İnstitusional və proqram akkreditasiyalarının keçirilməsinə dair Agentlik sistem vasitəsilə təhsil müəssisəsinə bu Qaydaların 2.3.12-ci yarımbəndinin tələblərini icra etdikdən sonra dərhal forması Agentlik tərəfindən təsdiqlənən bildiriş göndərir. Bildirişdə akkreditasiyanın əsası və tarixi, habelə təhsil müəssisəsinin akkreditasiyaya dair hüquq və vəzifələri göstərilir.

4.10. İnstitusional və proqram akkreditasiyalarının keçirilməsi barədə bildirişi aldıqdan sonra təhsil müəssisəsi sistemdə akkreditasiyanın keçirilməsinə dair elektron ərizəni doldurur və aşağıda qeyd edilən sənədləri 3 (üç) ay müddətində sistemə yükləyir:

4.10.1. təhsil müəssisəsinin nizamnaməsi;

4.10.2. təhsil müəssisəsinin inkişaf strategiyası və fəaliyyət planı;

4.10.3. təhsil müəssisəsinin özünütəhlil hesabatı və ona əlavələr;

4.10.4. təhsil müəssisəsi tərəfindən daxili keyfiyyət təminatı siyasətini əks etdirən sənəd;

4.10.5. daxili keyfiyyət təminatı üzrə müəssisənin fəaliyyətinə dair illik hesabat;

4.10.6. təhsil müəssisəsi tərəfindən tərtib edilmiş müəssisənin elmi (pedaqoji) fəaliyyətinin və tədris prosesinin tənzimlənməsinə və təşkilinə dair tədris planları və digər müvafiq sənədlər;

4.10.7. akkreditasiya olunan proqramlar üzrə tədris planına daxil olan fənlərin, dərsdənkənar məşğələlərin, dərnəklərin proqramları, sillabusları (işçi tədris proqramları) və (və ya) modulların təsviri;

4.10.8. akkreditasiya olunan proqramlar üzrə təhsilalanların sayı və təhsilalanların qəbulu, yerdəyişməsi, köçürülməsi, bərpası və xaric edilməsi haqqında əmrlərin surəti;

4.10.9. akademik (pedaqoji) heyətin siyahısı, professormüəllim heyətinin, ümumtəhsil və ixtisas fənn müəllimlərinin və istehsalat təlim ustalarının şəxsi uçot məlumatları;

4.10.10. tədris planında nəzərdə tutulmuş bütün növ təcrübələr üzrə proqramlar, təcrübənin keçirildiyi müəssisələrlə bağlanılmış müqavilələrin surəti və təcrübənin nəticəsi barədə hesabat;

4.10.11. ümumtəhsil müəssisəsi üzrə buraxılış sinif şagirdlərinin yekun attestasiyasının nəticələri, proqramlar üzrə bütün imtahanların nəticələri, diplom işləri haqqında məlumat və təhsilalanların yekun tezislərinin siyahısı;

4.10.12. əvvəlki akkreditasiya qiymətləndirmə nəticələrinin icmalı və müvafiq Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına dair hesabat;

4.10.13. birgə təhsil proqramını təklif edən təhsil müəssisələri arasındakı razılaşma (əgər varsa);

4.10.14. başa çatmış hər tədris ili üzrə sentyabr ayının 10-dək TMİS vasitəsilə təqdim olunmuş Akkreditasiya Meyarlarına dair müvafiq məlumatların məcmusu;

4.10.15. akkreditasiyaya görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

4.11. Təhsil müəssisəsi tərəfindən sistemə daxil edilmiş ərizə və əlavə olunan sənədlər Agentlik tərəfindən qiymətləndirilir və akkreditasiya üçün müraciətin qəbul edildiyi barədə qərar təhsil müəssisəsinin şəxsi kabinetinə göndərilir.

4.12. Tələb olunan sənədlər təhsil müəssisəsi tərəfindən sistemə tam daxil edilmədikdə, yaxud təqdim edilən sənədlərdə və ya məlumatlarda ziddiyyət aşkar olunduqda, Agentlik bu barədə təhsil müəssisəsinin şəxsi kabinetinə məlumat göndərir və çatışmazlıqların aradan qaldırılmasını tələb edir.

4.13. Təhsil müəssisəsi tərəfindən bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulan məlumat və sənədlər sistemə tələb olunan qaydada daxil edildikdən sonra ərizənin qeydiyyata alınması tarixi, nömrəsi təhsil müəssisəsinə göndərilir və akkreditasiyanın keçirilməsi üçün Akkreditasiya Komissiyası yaradılır.

4.14. Təhsil müəssisələrinin akkreditasiyasının qiymətləndirmə mərhələsində təqdim olunan sənədlərin araşdırılmasının, təhlil edilməsinin və məlumatların üzləşdirilməsinin nəticələri əsasında Yekun Hesabat hazırlanır.

4.15. Təhlil və qiymətləndirmə Akkreditasiya Komissiyasına təqdim olunmuş sənədlərin araşdırılması, yerlərdə aparılmış müşahidələrin və təhlilin, təhsil müəssisəsinin bütün fəaliyyət istiqamətləri üzrə, o cümlədən rəhbərlik, inzibati və akademik heyət, təhsilalanlar, məzunlar və əmək bazarının nümayəndələri ilə müsahibələrin və təhsil müəssisəsinin fəaliyyətində maraqlı şəxslər (təhsilalanlar, məzunlar, müəssisənin işçi heyəti, işəgötürənlər və s.) arasında keçirilmiş rəy sorğusunun nəticələri əsasında həyata keçirilir.

4.16. Təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının hər təhsil pilləsi üzrə dövlət təhsil standartlarının tələblərinə uyğunluğu müvafiq Akkreditasiya Meyarlarına əsasən aşağıdakı kimi qiymətləndirilir:

4.16.1. uyğundur;

4.16.2. əsasən uyğundur;

4.16.3. qismən uyğundur;

4.16.4. uyğun deyil.

4.17. Akkreditasiya Meyarları üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilir:

4.17.1. maksimum balın 91-100 faizi - “uyğundur”;

4.17.2. maksimum balın 76-90 faizi - “əsasən uyğundur”; 

4.17.3. maksimum balın 61-75 faizi - “qismən uyğundur”;

4.17.4. maksimum balın 60 və daha aşağı faizi - “uyğun deyil”.

4.18. Akkreditasiya Komissiyası tərəfindən Özünütəhlil Hesabatında göstərilən məlumatlar təhlil edilir və qiymətləndirilir.

4.19. Təhsil müəssisəsinin Özünütəhlil Hesabatı onun rəhbərinin müvafiq əmri ilə müəssisədə yaradılmış Komissiya tərəfindən təhsil müəssisəsinin fəaliyyətində maraqlı tərəflərin, xüsusən də işəgötürənlərin və təhsilalanların nümayəndələrinin cəlb edilməsi ilə hazırlanır.

4.20. Özünütəhlil Hesabatı təhsil müəssisəsinin Elmi Şurasının (Pedaqoji Şurasının) və ya nizamnaməyə uyğun olaraq digər səlahiyyətli idarəetmə orqanının müzakirəsinə təqdim edilir və yekun qərar əsasında təhsil müəssisənin rəhbəri tərəfindən təsdiq olunur.

4.21. Bu Qaydaların 4.10-cu bəndinə əsasən tələb olunan sənədlər akkreditasiya keçirilməzdən əvvəl sistem vasitəsilə Agentliyə təqdim edilir və 1 (bir) ay müddətində sənədlərə Agentlik tərəfindən baxılır. Təqdim edilən məlumatlarda natamamlıq aşkar olunduqda, təhsil müəssisəsinə bu barədə məlumat verilir və ona sənədlərin yenidən təqdim edilməsi üçün 10 (on) gün əlavə vaxt verilir.

4.22. Özünütəhlil Hesabatının vahid nümunəvi forması Agentlik tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.

4.23. Qiymətləndirmədən sonra Akkreditasiya Komissiyası 1 (bir) ay müddətində Yekun Hesabatı hazırlayır və müzakirə üçün sistemə yükləyir. Əlavə araşdırmaların aparılması zərurəti yarandıqda, 2 (iki) ay müddətində Yekun Hesabatı hazırlayır və müzakirə üçün sistemə yükləyir.

4.24. Yekun Hesabatda təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramının icrasının keyfiyyəti Akkreditasiya Meyarlarına uyğun olaraq qiymətləndirilir.

4.25. Yekun Hesabata əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar daxil edilir.

4.26. Yekun Hesabatda təhsil müəssisəsinin və ya ayrı-ayrı təhsil proqramlarının Akkreditasiya Meyarları üzrə qiymətləndirilməsi ilə yanaşı Akkreditasiya Komissiyası tərəfindən təhsil müəssisəsinin ümumilikdə və ayrı-ayrı proqramlar üzrə fəaliyyətinin standartlara uyğunluğunun təmin olunması üçün verdiyi tövsiyələr və digər aidiyyəti məlumatlar öz əksini tapır.

4.27. Təhsil müəssisəsi Yekun Hesabat Agentlik tərəfindən sistemə yüklənildikdən sonra 10 (on) gün müddətində həmin Hesabatla bağlı rəyini sistemdə qeyd edir. Rəy təqdim edildiyi tarixdən 5 (beş) gün ərzində təhsil müəssisəsi və Akkreditasiya Komissiyası Yekun Hesabatı müzakirə edir. Təhsil müəssisəsi ilə Akkreditasiya Komissiyası arasında Yekun Hesabatla əlaqədar razılaşma olmadığı təqdirdə, təhsil müəssisəsinin şikayəti əsasında tərəflərin iştirakı ilə Yekun Hesabata 10 (on) gün müddətində Apellyasiya Komissiyasında baxılır.

4.28. Apellyasiya Komissiyasının qərarından asılı olaraq Yekun Hesabatda müvafiq dəyişikliklər edilir və bu barədə təhsil müəssisəsinə məlumat verilir.

4.29. Akkreditasiya Komissiyası tərəfindən imzalanmış Yekun Hesabat Agentliyə təqdim edilir və reqlamentə uyğun olaraq Akkreditasiya Şurasının müzakirəsinə çıxarılır.

4.30. Akkreditasiya Şurası Agentliyin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edir və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edir:

4.30.1. təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının bütün tələblərinə “uyğundur” və ya “əsasən uyğundur” hesab edildikdə, növbəti 5 (beş) il üçün (tam müddətli) akkreditasiya etmək;

4.30.2. təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “qismən uyğun” və ya hər hansı istiqamət üzrə “uyğun deyil” hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzadaraq, təhsil müəssisəsini və ya proqramı 1 (bir) ildən sonra təkrar akkreditasiya etmək;

4.30.3. təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramlarının bu Qaydaların 4.30.1-ci yarımbəndində göstərilən tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək;

4.30.4. təhsil müəssisəsi və ya təhsil proqramları təkrar akkreditasiyadan keçmədiyi təqdirdə və ya Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “uyğun deyil” hesab edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək.

4.31. Akkreditasiya Şurası təhsil müəssisəsini və ya təhsil proqramlarını akkreditasiya etmək barədə qərar qəbul etdikdə, Agentlik bu qərar əsasında təhsil müəssisəsinin və ya təhsil proqramının akkreditasiya olunması barədə əmr verir. Həmin əmrlə təhsil müəssisəsinin statusu (tipi, növü) və hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddi müəyyənləşdirilir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddi göstərilməklə akkreditasiyadan keçibkeçməməsi göstərilir və təhsil müəssisəsinə növbəti tədris ilindən başlayaraq 5 (beş) il müddətinə qüvvədə olan (həmin illər qeyd edilməklə) akkreditasiya şəhadətnaməsi verilir.

4.32. Akkreditasiya Şurasının qərarından sonra təhsil müəssisəsi Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına nəzarəti təmin etmək məqsədilə müvafiq fəaliyyət planı hazırlayır. Fəaliyyət planı təhsil müəssisəsi və ya təhsil proqramı növbəti dövr üçün akkreditasiya olunduğu təqdirdə akkreditasiya qərarından 6 (altı) ay sonra, 2 (iki) il ərzində təkrar akkreditasiya olunduğuna dair qərar qəbul edildiyi təqdirdə isə akkreditasiya qərarından 3 (üç) ay sonra təhsil müəssisəsi tərəfindən Agentliklə razılaşdırılmaqla təsdiq olunur.

4.33. Agentlik fəaliyyət planının icrasına nəzarət edir və illik hesabatları təhlil edir.

4.34. Akkreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq, təhsil müəssisəsinin və ya təhsil proqramının təkrar akkreditasiya olunması barədə qərar qəbul edildikdə, müvafiq olaraq təhsil müəssisəsinə və ya təhsil proqramına təhsilalanların qəbulu dayandırılır.

4.35. Təkrar akkreditasiya bu Qaydalarda nəzərdə tutulan ümumi akkreditasiya prosedurlarına uyğun olaraq həyata keçirilir. Təkrar akkreditasiyadan keçməyən təhsil müəssisəsinin yenidən təkrar akkreditasiyası keçirilmir.

4.36. Təkrar akkreditasiyanın nəticəsi ilə bağlı Akkreditasiya Komissiyasının rəyi bu Qaydaların 4.30.2-ci yarımbəndinin qiymətləndirməyə dair tələblərinə uyğun olduqda, Akkreditasiya Şurasının qərarı ilə təhsil müəssisəsi və ya təhsil proqramları növbəti 3 (üç) il müddətinə akkreditasiya olunmuş hesab edilirlər.

4.37. Təhsil müəssisəsinin və təhsil proqramının akkreditasiyasının nəticəsi olaraq müəssisənin təhsil fəaliyyəti və ya təhsil proqramlarının icrası dayandırıldığı təqdirdə, müəssisədə təhsilalanların Nazirlik tərəfindən müəyyən edilən digər təhsil müəssisələrinə köçürülməsi təmin edilir. Agentlik dəymiş ziyanın fəaliyyətinə xitam verilmiş təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırır.

4.38. Akkreditasiya Şurasının qərarı, həmçinin Yekun Hesabat Agentlik və təhsil müəssisəsinin rəsmi internet səhifələrində dərc olunur.

4.39. Təhsil müəssisəsinin və təhsil proqramlarının akkreditasiyası haqqında verilmiş şəhadətnamə aşağıdakı hallarda öz qüvvəsini itirir:

4.39.1. təhsil müəssisəsinin və ya təhsil proqramlarının akkreditasiya müddəti başa çatdıqda;

4.39.2. təhsil müəssisəsi özünün və ya təhsil proqramlarının fəaliyyətini dayandırmaq barədə müraciət etdikdə;

4.39.3. təhsil müəssisəsinin lisenziyası ləğv edildikdə;

4.39.4. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

 

5. Akkreditasiya şəhadətnaməsi

 

5.1. Təhsil müəssisəsinin və ya təhsil proqramının akkreditasiya olunması barədə Akkreditasiya Şurasının qərarının qəbul edildiyi tarixdən 15 (on beş) iş günü ərzində akkreditasiya şəhadətnaməsi hazırlanır.

5.2. Akkreditasiya şəhadətnaməsi elektron sənəddir və TMİS-də elektron sənəd formasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanır.

5.3. Akkreditasiya şəhadətnaməsi üzrə təqdim edilmiş elektron sənədin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.

5.4. Elektron akkreditasiya şəhadətnaməsinin kağız daşıyıcıda əks edilmiş xarici təqdimat forması notarial qaydada eyniləşdirilə bilər. Bu halda notarius akkreditasiya şəhadətnaməsini imzalamış şəxsin elektron imzasını “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır, onu kağız daşıyıcıda çap edərək imzası və möhürü ilə təsdiq edir. Müraciət edənə akkreditasiya şəhadətnaməsinin elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında akkreditasiya şəhadətnaməsi verilir.

5.5. Akkreditasiya şəhadətnaməsinin 10 (on) simvoldan ibarət identifikasiya nömrəsi müəyyən olunur.

5.6. Akkreditasiya şəhadətnaməsi Agentliyin İdarə Heyətinin sədrinin elektron imzası ilə təsdiq edilir.

5.7. Agentlik tərəfindən generasiya edilmiş akkreditasiya şəhadətnaməsi təhsil müəssisəsi üçün açılmış şəxsi kabinetdə yerləşdirilir və Agentliyin internet səhifəsində dərc olunur.

5.8. Akkreditasiya şəhadətnaməsində akkreditasiyanın növü, şəhadətnamənin verilmə tarixi, etibarlılıq müddəti, Akkreditasiya Şurasının qərarının nömrəsi və tarixi qeyd olunur.

5.9. Akkreditasiya şəhadətnaməsində bütün məlumatlar Azərbaycan və ingilis dillərində yazılır.

 

6. Yekun müddəa

 

6.1. Təhsil müəssisəsi Agentliyin hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də akkreditasiya ilə bağlı qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 iyun 2012-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti  05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 624)

2.       10 oktyabr 2012-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1005)

3.       6 oktyabr 2016-cı il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1713)

4.       22 fevral 2017-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2017-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 314)

  1. 8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429)
  2. 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)
  3. 21 sentyabr 2020-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1221)
  4. 14 dekabr 2020-ci il tarixli 493 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 dekabr 2020-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1596)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 fevral 2017-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2017-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 314) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 1.1-ci bəndinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 1.2-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.2. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.

4 iyun 2012-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti  05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 624) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na yeni məzmunda 1.3-1-ci bənd əlavə edilmişdir.

27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda 1.5-ci bəndin altıncı abzasında “sertifikatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilmişdir.

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na yeni məzmunda 1.6-cı bənd əlavə edilmişdir.

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndindən “(əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə)” sözləri çıxarılmışdır.

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 2.4-cü bəndin ikinci abzasına “lisenziyanın” sözündən sonra “(dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

21 sentyabr 2020-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1221) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 2.4-cü bəndinin ikinci abzasından “məktəbəqədər və ümumi” sözləri çıxarılmışdır.

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 2.4-cü bəndin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.

10 oktyabr 2012-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1005) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.1-ci bəndinin birinci abzasına “göstərilənləri” sözündən sonra “, habelə ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələrini” sözləri əlavə edilmişdir.

27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.1-ci bəndinin birinci abzasında “yekun qiymətləndirilməsinin (attestasiyasının)” sözləri “yekun attestasiyasının” sözləri ilə əvəz edilmişdir.

8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2429) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 5.3-cü bəndin birinci cümləyə “statusunu” sözündən sonra “və hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddini” sözləri əlavə edilmişdir və üçüncü cümləyə “təhsil proqramları” sözlərindən sonra “, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddi göstərilməklə” sözləri əlavə edilmişdir.

27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 5.3-cü bəndinin birinci abzasının dördüncü cümləsində “sertifikat” sözü “şəhadətnamə” sözü ilə əvəz edilmişdir.

6 oktyabr 2016-cı il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1713) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 5.8-ci bəndinin on birinci abzasından “və ya lisenziya müddəti bitdikdə və uzadılmadıqda” sözləri çıxarılmışdır.

 

[2] 14 dekabr 2020-ci il tarixli 493 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 dekabr 2020-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1596) ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq edilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

Təhsil müəssisələrinin akkreditasiyası

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.

Bu Qaydalarla magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil edilir.

1.2. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

1.3. Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

1.3-1. Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası bu Qaydaların müddəaları nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

1.4. Akkreditasiyanın keçirilməsinə qoyulan tələblər və meyarlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

1.5. Təhsil müəssisələrinin akkreditasiyası aşağıdakı mərhələlərdən ibarətdir:

- akkreditasiyanın keçirilməsinə hazırlıq;

- təhsil müəssisəsinin özünütəhlili;

- Akkreditasiya Komissiyasının təhlil aparması;

- akkreditasiya haqqında yekun arayışın hazırlanması;

- təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və müvafiq keyfiyyət sənədinin — şəhadətnamənin verilməsi.

1.6. Təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

 

2. AKKREDİTASİYANIN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ

 

2.1. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Bu proses tədris ili üzrə hazırlanmış və aprel ayından gec olmayaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə həyata keçirilir.

2.2. Yeni yaradılmış, həmçinin fəaliyyətdə olan təhsil müəssisəsində yeni təhsil proqramlarının akkreditasiyası ilk buraxılış olduqdan sonra həyata keçirilir.

2.3. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil müəssisəsinə rəsmi qaydada onun keçirilməsinə ən azı 6 ay qalmış bildirilir.`

2.4. Təhsil müəssisəsi akkreditasiyanın başlanmasına ən azı bir ay qalmış Azərbaycan Respublikasının Təhsil Nazirliyinə aşağıdakı sənədləri təqdim edir:

- təhsil müəssisəsinin nizamnaməsi və təhsil fəaliyyəti üçün verilmiş sənədin (lisenziyanın (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla)) surəti;

- bütövlükdə təhsil müəssisəsi və onun filialları üzrə özünütəhlil haqqında hesabat;

- akkreditasiya olunan proqramlar üzrə tədris planına daxil olan fənlərin proqramlarının siyahısı və bu proqramlara uyğun hazırlanmış suallar;

- akkreditasiya olunan proqramlar üzrə təhsilalanların sayı və kadr potensialı haqqında məlumat, təhsilalanların qəbulu, köçürülməsi, bərpası və xaric olunması haqqında əmrlərin surəti;

- tədris planında nəzərdə tutulmuş bütün növ təcrübələr üzrə proqramlar, təcrübənin keçirildiyi müəssisələrlə bağlanmış müqavilələrin surəti və təcrübənin nəticəsi barədə hesabat;

- proqramlar üzrə bütün imtahanların nəticələri haqqında məlumat;

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

2.5. Təhsil müəssisəsinin özünütəhlil barədə hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunduqdan sonra Nazirliyin müvafiq əmri ilə Akkreditasiya Komissiyası yaradılır. Komissiyanın sədri həmin əmrlə onun üzvləri arasından təyin edilir. Sədr Komissiyanın işini əlaqələndirir, onun iclaslarını çağırır, bütün zəruri sənədlərin Komissiya üzvlərinə çatdırılmasını, akkreditasiyanın nəticəsi haqqında yekun arayışın hazırlanmasını və iclas protokollarının tərtibini təmin edir.

2.6. Hər bir akkreditasiya olunan təhsil müəssisəsi üzrə yaradılan Akkreditasiya Komissiyasının tərkibinə təhsil müəssisəsinin maddi-texniki bazası və təhsilin idarə edilməsi sahəsində təcrübəsi olan mütəxəssislər (akkreditasiya olunan təhsil müəssisəsində işləyənlər istisna olmaqla) daxil edilirlər.

2.7. Nazirlik təhsil müəssisəsinin müvafiq sənədlərini Akkreditasiya Komissiyasının sədrinə təqdim edir.

2.8. Akkreditasiya Komissiyası təhsil müəssisəsinin müvafiq fəaliyyətinə aid olan sənədləri (kadr təminatı, elmi tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq, maddi-texniki baza və sair haqqında) 1 ay müddətində təhlil edir və buraxılış qruplarında (siniflərində) təhsil alanların biliyinin attestasiyasını keçirir.

2.9. Təhsil müəssisəsinin rəhbəri Akkreditasiya Komissiyasına onun normal fəaliyyəti üçün şərait yaradır, təhlil aparılması üçün zəruri olan sənədləri təqdim edir.

 

3. TƏHSİL MÜƏSSİSƏSİNİN ÖZÜNÜTƏHLİLİ

 

3.1. Özünütəhlilin əsas məqsədi aşağıdakılardır:

akkreditasiyada təhsil müəssisəsinin bilavasitə iştirakını təmin etmək;

təhsil proqramları üzrə hazırlığın məzmununa və keyfiyyətinə daxili nəzarət mexanizmini yaratmaq;

təhsil müəssisəsinin özünüqiymətləndirməsini təmin etmək.

3.2. Təhsil müəssisəsinin rəhbəri Elmi (Pedaqoji) Şuranın qərarı əsasında özünütəhlilin aparılması və bu proseduru həyata keçirəcək komissiyanın yaradılması haqqında müvafiq əmr verir. Təhsil müəssisəsinin rəhbərinin müavinlərindən biri komissiyaya sədr təyin edilir. Komissiya bu Qaydaların 2.6-cı bəndinə uyğun təşkil olunur.

Komissiya müvafiq əmrlə müəyyən olunmuş müddətdə özünütəhlilin nəticəsinə dair hesabat hazırlayır və onu Elmi (Pedaqoji) Şuranın müzakirəsinə təqdim edir. Həmin hesabat Şuranın qərarı əsasında müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.

3.3. Özünütəhlilin nəticələrinə dair hesabatın strukturu

3.3.1. Təhsil fəaliyyətinin təşkilati-hüquqi təminatı

Təhsil müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi təminatını müəyyənləşdirmək üçün onun fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun təhlili aparılır.

3.3.2. Təhsil müəssisəsinin idarə olunması

Təhsil müəssisəsinin idarəetmə sisteminin qiymətləndirilməsi üçün aşağıdakılar nəzərə alınır:

- idarəetmənin müəssisənin nizamnaməsinin tələblərinə uyğunluğu;

- təhsil müəssisəsində hazırlanmış tədris sənədlərinin mövcud qanunvericiliyə və bu Qaydaların tələblərinə uyğunluğu;

- təhsil müəssisəsinin struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin təşkili;

- təhsil müəssisəsinin idarə edilməsinin 4 funksiyasının (qiymətləndirmə, tənzimləmə, informasiya təminatı, nəzarət) həyata keçirilməsinin vəziyyəti.

3.3.3. Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu

Təhsil proqramları üzrə hazırlığın məzmunu onun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu və bu hazırlığı təmin edən müvafiq tədris-metodik sənədlərin təhlili əsasında qiymətləndirilir. Bu zaman aşağıdakılar təhlil olunur:

- tədris planlarının baza təhsil proqramlarına uyğun hazırlanması və təsdiqi;

- tədris planlarında olan fənlərin və onların proqramlarının məzmununun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu;

- tədris olunan fənlərə ayrılmış saatların miqdarının tədris planlarına uyğunluğu;

- tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələrinin kifayət qədər olub-olmaması və müasirliyi. Bu məqsədlə aşağıdakılar müəyyən olunmalıdır:

- fənn proqramlarında tövsiyə olunan tədris-metodik vəsaitlər və onların nüsxələrinin mövcud normalara uyğun kitabxana fondunda olması;

- tədris planında nəzərdə tutulmuş fənlər üzrə proqram təminatı;

- təhsil müəssisəsinin beynəlxalq informasiya şəbəkəsinə çıxışı;

- son beş ildə təhsil müəssisəsinin hazırladığı tədris-metodik materiallar, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər və dərs vəsaitləri;

- təhsilalanların kurs işləri, təcrübələrin (istehsalat və pedaqoji) aparılmasına dair sənədlər, məzunların buraxılış işlərinin və dövlət imtahanlarının (buraxılış imtahanlarının) nəticələri.

Təhsil proqramları üzrə hazırlığın məzmununu təhsil müəssisəsi aşağıdakı kimi qiymətləndirir:

- uyğundur;

- əsasən uyğundur;

- uyğun deyildir.

Qiymətləndirmə təsdiqedici sənədlərlə əsaslandırılmalıdır.

Təhsil proqramları üzrə hazırlığın strukturunun təhlili təhsil müəssisəsinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək məqsədi ilə aparılır.

Təhlil təhsil müəssisəsinin cari tədris ilinin oktyabr ayının 1-nə olan məlumatları əsasında aparılır. Bu zaman aşağıdakılar müəyyən edilməlidir:

- son beş il ərzində mütəxəssis hazırlığının strukturunda aparılmış dəyişikliklər və onların təhsil müəssisəsinin profilinə və əmək bazarının tələbatına uyğunluğu;

- son beş il ərzində təhsil müəssisəsini bitirənlərin (dövlət hesabına və ödənişli əsaslarla) nəticələrinin təhlili.

3.3.4. Tədris prosesinin təşkilinin qiymətləndirilməsi

Tədris prosesinin təşkilinin qiymətləndirilməsi üçün aşağıdakılar müəyyən edilməlidir:

- tədris prosesinin təşkilinin tədris planlarına uyğunluğu;

- təhsilalanların fəallığını artıran yeni təlim, texnologiya və metodların tətbiqi;

- təhsilalanların elmi tədqiqat işlərinin təşkili;

- tədris-laboratoriya bazasının mövcud tələblərə uyğunluğu;

tədris prosesində yeni informasiya texnologiyalarının və hesablama texnikasının tətbiqi.

3.3.5. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti

Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti ayrı-ayrı proqramlar üzrə təhsilalanların imtahanlarının, buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının, eləcə də özünütəhlil zamanı təhsilalanların attestasiyasının nəticələrinin təhlili əsasında müəyyən edilir. Bu zaman ayrı-ayrı təhsil proqramlarının, kadr təminatının, maddi-texniki bazanın, beynəlxalq əməkdaşlığın, sosial-məişət şəraitinin təhlili də verilməlidir.

Təhsilalanların müvafiq proqramları mənimsəmə səviyyəsi və təhsil proqramları üzrə hazırlığının keyfiyyəti aşağıdakılarla müəyyənləşdirilir:

- təhsilalanların imtahanlarının nəticələri;

- təhsil müəssisəsinin keçirdiyi monitorinqin nəticələri (buraxılış qruplarında və ya siniflərində təhsilalanların bilik səviyyəsi təhsil müəssisəsində hazırlanmış suallar əsasında müəyyənləşdirilir və qiymətləndirilir);

- məzunların buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının nəticələri (buraxılış işlərinin mövzularının təhlili, onların məzmununun təhsil proqramlarının profilinə uyğunluğu, dövlət və ya buraxılış imtahanlarının təşkili və keçirilməsi);

- attestasiya komissiyası sədrlərinin verdikləri hesabatların təhlilinin nəticələri;

- təhsil proqramları üzrə aparılan hazırlığa dair şikayətlərin (təhsilalanların, idarə və təşkilatların və sair) olub-olmaması.

- Ayrı-ayrı təhsil proqramları üzrə hazırlığın keyfiyyəti və təhsilalanların mənimsəmə səviyyəsi aşağıdakı kimi qiymətləndirilir:

- yoxlama zamanı təhsilalanların 91-100 faizi müsbət qiymət aldıqda — əla;

- 71-90 faizi müsbət qiymət aldıqda — yaxşı;

- 51-70 faizi müsbət qiymət aldıqda — kafi;

- 50 faizdən az (50 faiz də daxil olmaqla) hissəsi müsbət qiymət aldıqda — qeyri- kafi.

Yoxlama zamanı sorğu aparılacaq tədris qruplarında təhsilalanların 90 faizinin iştirakı vacibdir.

Özünütəhlil zamanı yoxlama üçün istifadə olunmuş suallar hesabatla birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.

3.3.6. Kadr təminatı

Təhsil müəssisəsinin kadr təminatının vəziyyəti müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

- kadr potensialının mövcud vəziyyəti və dinamikası;

- müəllimlərin ixtisaslarını artırması işinin təşkilinin vəziyyəti;

- müəllimlərin yaş tərkibinin təhlili.

3.3.7. Elmi tədqiqat fəaliyyəti

Təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

- elmi tədqiqat işlərinin vəziyyəti, inkişaf dinamikası və mütəxəssis hazırlığının profilinə uyğunluğu;

- elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi;

- elmi tədqiqat işlərinin maliyyə mənbələrinin təhlili;

- təhsil proqramları üzrə elmi tədqiqat işlərinin təşkilinin vəziyyəti;

- aparılan elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris ədəbiyyatlarının nəşri, elmi-pedaqoji kadrların hazırlanması, doktoranturanın, ixtisaslaşmış şuraların işi);

- müəllimlərin və təhsilalanların elmi tədqiqat işlərində iştirakı;

- elmi-metodik və praktik konfransların keçirilməsi;

- təhsil müəssisəsinin beynəlxalq və respublika müsabiqələrində, sərgilərində iştirakı.

3.3.8. Beynəlxalq əməkdaşlıq

Beynəlxalq əməkdaşlıq fəaliyyəti aşağıdakılarla qiymətləndirilir:

- beynəlxalq əlaqələrin yaradılması;

- təhsil müəssisəsinin verdiyi diplomların başqa ölkələrdə tanınması;

- beynəlxalq proqramlarda iştirak;

- təhsil müəssisəsində başqa ölkə vətəndaşlarının təhsil alması;

- təhsil müəssisəsinin təhsilalanlarının başqa ölkələrdə təhsil alması;

- elmi-pedaqoji kadrların xarici ölkələrdə ixtisaslarını artırması;

- müəllimlərin xarici ölkələrdə tədris və elmi tədqiqat fəaliyyətləri;

- müəllimlərin xarici ölkələrdə nəşr etdirdikləri elmi tədqiqat işləri.

3.3.9. Maddi-texniki baza

Ayrı-ayrı təhsil proqramları üzrə lazım olan maddi-texniki bazanın qiymətləndirilməsində aşağıdakılar nəzərə alınır:

- təhsil müəssisəsinin ayrı-ayrı təhsil proqramları üzrə və bütövlükdə maddi-texniki bazasının vəziyyəti;

- tədris-laboratoriya bazası, onun lazımi avadanlıqlarla təchizatının vəziyyəti.

3.3.10. Sosial-məişət şəraiti

Sosial-məişət şəraitinin qiymətləndirilməsində aşağıdakılar nəzərə alınır:

- yataqxana təminatı;

- tibbi xidmət;

- iaşə xidməti;

- istirahətin təşkili.

3.3.11. Təhsil müəssisəsinin maliyyə təminatı

Təhsil müəssisəsinin maliyyə təminatı aşağıdakılarla müəyyən olunur:

- büdcədən maliyyələşdirmə;

- müxtəlif növ fəaliyyətdən (elmi, pedaqoji, müqavilə əsasında həyata keçirilən digər fəaliyyətlərdən) əldə olunan gəlirlər.

Özünütəhlil hesabatına əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar əlavə olunur.

 

4. AKKREDİTASİYA KOMİSSİYASININ APARDIĞI TƏHLİL

 

4.1. Akkreditasiya Komissiyasının vəzifəsi özünütəhlil sənədlərində göstərilənləri, habelə ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyasının nəticələrini təhlil etmək, yerlərdə dəqiqləşdirmə aparmaq, buraxılış qruplarında (siniflərində) təhsil alanların bilik səviyyəsini qiymətləndirmək, nəticədə təhsilin məzmununun və mütəxəssis hazırlığı səviyyəsinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir.

Akkreditasiya Komissiyası təhlili bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edilmiş sənədlər əsasında aparır.

Təhsilalanların biliyinin ayrı-ayrı təhsil proqramları üzrə attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanan yoxlama tapşırıqları əsasında Akkreditasiya Komissiyası tərəfindən yazılı formada keçirilir. Həmin tapşırıqlar təhsil müəssisəsinin təqdim etdiyi müvafiq fənn proqramlarına uyğun şəkildə hazırlanmış suallar üzrə tərtib olunur. Təhsilalanların müvafiq proqram üzrə bilik səviyyəsi bu tapşırıqlar əsasında müəyyənləşdirilir. Tapşırıqlar 6 fənni əhatə etməklə, yaddaş biliyinin müəyyənləşdirilməsi prinsipi əsasında hazırlanmış 60 sualdan, ali təhsil pilləsinin magistratura səviyyəsində isə 4 fənni əhatə etməklə 40 sualdan ibarət olur. Suallara düzgün cavabların sayı 50 faizdən az (50 faiz də daxil olmaqla) olduqda, təhsilalanların mənimsəmə səviyyəsi “qeyri-kafi”, 51-70 faiz olduqda “kafi”, 71-90 faiz olduqda “yaxşı”, 91-100 faiz olduqda “əla” qiymətləndirilir.

Yoxlamanın aparılmasına 2 akademik saat vaxt ayrılır. Yoxlama işləri şifrlənir və müvafiq fənlər üzrə Akkreditasiya Komissiyasının üzvləri tərəfindən qiymətləndirilir.

Buraxılış qruplarında (siniflərində) təhsil alanlar təhsil proqramları üzrə yoxlamadan keçməlidirlər. Yoxlamada qruplarda təhsilalanların 90 faizinin iştirakı vacibdir.

Təhsil müəssisəsinin və onun müvafiq struktur bölmələrinin, ayrı-ayrı təhsil proqramlarının akkreditasiyadan keçməsinin əsas şərtlərindən biri Akkreditasiya Komissiyasının təhsilalanların yarıdan çoxunun biliyini müsbət qiymətləndirməsidir.

4.2. Akkreditasiya Komissiyası təhlil apardıqdan sonra təhsil müəssisəsinin fəaliyyəti barədə yekun arayış hazırlayır.

Yekun arayış təhsil müəssisəsinin özünütəhlilinin nəticələrinə dair hesabatının strukturuna uyğun tərtib olunur. Arayışda təhsil müəssisəsinin idarə olunması, mütəxəssis hazırlığının məzmunu, strukturu, keyfiyyəti, kadr təminatı, beynəlxalq əməkdaşlığı, elmi tədqiqat fəaliyyəti, maddi-texniki bazası, sosial-məişət şəraiti, maliyyə təminatı, bütövlükdə və ayrı-ayrı təhsil proqramları üzrə hazırlığın məzmunu, strukturu və keyfiyyəti təhlil edilərək qiymətləndirilməlidir.

Təhlil və qiymətləndirmə Akkreditasiya Komissiyasına təqdim olunmuş sənədlərin araşdırılması, yerlərdə aparılmış təhlilin, eləcə də təhsilalanların biliyinin yoxlanmasının nəticəsi əsasında həyata keçirilir.

Yekun arayışa əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar da daxil edilir.

Yekun arayış təhsil müəssisəsinin nəzərdə tutulmuş akkreditasiyası müddətində (bir ay) Akkreditasiya Komissiyasının iclasında müzakirə edilir və Komissiyanın üzvləri tərəfindən imzalanır. Əlavə araşdırmaların aparılması zərurəti yarandığı halda, bu müddət bir aya qədər uzadıla bilər.

Yekun arayış tanış olmaq üçün təhsil müəssisəsinin rəhbərinə təqdim edilir.

Arayış təhsil müəssisəsinin rəhbərinə təqdim edildikdən bir həftə sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şöbəsində aidiyyəti olan digər şöbələrin rəhbərlərinin və Akkreditasiya Komissiyası üzvlərinin iştirakı ilə müzakirə edilir. Müzakirə zamanı təklif olunan rəy və təklifləri də nəzərə almaqla, yekun arayışın Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə yaradılan və daimi fəaliyyət göstərən Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması barədə təqdimat hazırlanır.

 

5. TƏHSİL MÜƏSSİSƏSİNİN AKKREDİTASİYASININ NƏTİCƏSİ

 

5.1. Akkreditasiya Şurasına Azərbaycan Respublikasının təhsil naziri rəhbərlik edir. Şuranın tərkibinə akkreditasiya şöbəsinin müdiri (sədr müavini) və əməkdaşı (məsul katib), təhsil sahəsində müstəqil ekspertlər daxil edilirlər. Şuranın tərkibinə qeyri-hökumət təşkilatlarının və tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri də daxil edilə bilər.

5.2. Şuranın iclası onun üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarı iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Şuranın sədrinin səsi həlledici olur.

5.3. Şura dövlət təhsil standartlarının tələblərinə uyğun hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tələb və meyarlar əsasında təhsil müəssisəsinin statusunu və hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddini müəyyənləşdirir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddi göstərilməklə üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul edir. Bu qərarın əsasında Azərbaycan Respublikasının təhsil naziri təhsil müəssisəsinin akkreditasiyası barədə əmr verir. Həmin əmrlə təhsil müəssisəsinin statusu (tipi, növü) və həyata keçirilən təhsil proqramları təsdiq olunur. Akkreditə olunmuş təhsil müəssisəsinə müvafiq keyfiyyət sənədi — şəhadətnamə verilir.

Təhsil müəssisəsinin akkreditə olunması barədə məlumatlar mətbuatda dərc edilir.

5.4. Təhsil müəssisəsinin mövcud statusu müəyyən olunmuş tələb və meyarlara uyğun gəlmədikdə, Şura onun akkreditasiyası haqqında mənfi qərar qəbul edə bilər. Bu halda təhsil müəssisəsi Şuranın müəyyən etdiyi statusla fəaliyyət göstərə bilər.

5.5. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

5.6. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsilalanların digər təhsil müəssisələrində təhsilinin davam etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinin əvvəllər verdiyi təhsil haqqında dövlət sənədi öz qüvvəsində qalır.

5.7. Təhsil müəssisəsi Akkreditasiya Şurasının onun akkreditasiyası barədə çıxardığı mənfi qərarla bağlı qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıra bilər.

5.8. Akkreditasiyanın aparıldığı təhsil müəssisəsi üçün müvafiq sənədlər toplusu (akkreditasiya işi) tərtib olunur. Bu topluya aşağıdakılar daxil edilir:

- təhsil müəssisəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etdiyi sənədlər;

- təhsil müəssisəsinin akkreditasiya olunması üçün Akkreditasiya Komissiyasının yaradılması haqqında əmr;

- Akkreditasiya Komissiyasının arayışı;

- təhsil müəssisəsinin akkreditasiyasının nəticəsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri.

Zəruri hallarda topluya digər sənədlər də əlavə oluna bilər.

Sənədlər toplusu Azərbaycan Respublikasının Təhsil Nazirliyində xüsusi qovluqda saxlanılır.

Təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr aşağıdakı hallarda öz qüvvəsini itirir:

- təhsil müəssisəsinin akkreditasiya müddəti başa çatdıqda;

- təhsil müəssisəsinin müvafiq müraciəti olduqda;

- təhsil müəssisəsinin lisenziyası ləğv edildikdə və ya lisenziya müddəti bitdikdə və uzadılmadıqda;

- təhsil müəssisəsi yenidən təşkil olunduqda.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status