AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.10.2010
QEYDİYYAT NÖMRƏSİ
177
ADI
“Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2010, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 908)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.10.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 15 oktyabr 2010-cu il

                   № 177

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 15 oktyabr tarixli 177 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Pambıq qəbulu qəbzinin forması və verilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və pambıq qəbulu qəbzinin forması və verilməsi qaydalarını müəyyən edir.

1.2. Pambıq emalı müəssisəsinin (bundan sonra - tədarükçü) pambıq istehsalçısı (bundan sonra - istehsalçı) ilə bağlanmış müqaviləyə əsasən pambığın qəbul edilməsi barədə istehsalçıya verdiyi pambıq qəbulu qəbzi qanunvericiliyə uyğun olaraq ciddi hesabat blankı hesab olunur və üç nüsxədən ibarət tərtib edilir.

1.3. Pambıq qəbulu qəbzi pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir.

1.4. Pambıq qəbulu qəbzinin forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunur.

1.5. Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən şəxslər pambıq qəbulu qəbzi üzərinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən aldıqları xüsusi seriyaları həkk etməlidirlər. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir. [1]

1.6. Ciddi hesabat blanklarının uçotunun aparılması, həmçinin istifadəsiz qalmış və korlanmış blankların saxlanması və məhvi qanunvericiliklə müəyyən olunmuş qaydada aparılır.

 

2. Pambıq qəbulu qəbzinin forması

 

2.1. Pambıq qəbulu qəbzində aşağıdakı məlumatlar göstərilməlidir:

2.1.1. pambıq qəbulu qəbzi blankının seriyası və nömrəsi;

2.1.2. pambıq emalı müəssisəsinin adı, yerləşdiyi ünvan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2.1.3. pambıq istehsalçısı haqqında məlumatlar: fiziki şəxsin - soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyət vəsiqəsinin nömrəsi; hüquqi şəxsin - adı, yerləşdiyi yer, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2.1.4. pambığın toxumluq və ya texniki növə aid olduğunu göstərən məlumat;

2.1.5. toxumluq və texniki pambığın seleksiya və sənaye sortu;

2.1.6. pambığın kəmiyyət və keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı;

2.1.7. pambıq qəbulu məntəqəsinin adı;

2.1.8. alqı-satqı müqaviləsinin nömrəsi və tərtib edildiyi tarix;

2.1.9. pambıq qəbulu qəbzinin tərtib edildiyi tarix;

2.1.10. pambıq emalı müəssisəsinin möhürü və səlahiyyətli şəxsin imzası;

2.1.11. pambıq istehsalçısının pambığı təhvil verən səlahiyyətli nümayəndəsinin imzası;

2.1.12. tərəflərin razılığı ilə əlavə məlumatlar.

2.2. Tədarükçü qəbul etdiyi xam pambıq üçün istehsalçı ilə həmin qəbzlərə əsasən hesablaşmanı aparır.

Ödəniş nağd formada və ya istehsalçıların hesablaşma hesabı olduqda, nağdsız hesablaşmalar şəklində həyata keçirilə bilər.

 

3. Pambıq qəbulu qəbzinin verilməsi

 

3.1. Qəbzlərin bütün sütunları səliqəli və aydın şəkildə doldurulmalıdır.

Pambıq qəbulu qəbzinin 1-ci bölməsində gün ərzində qəbul olunan xam pambığın növü üzrə ayrı-ayrılıqda miqdarı, dəstin nömrəsi, seleksiya növü, reproduksiyası, sənaye növü, yığım üsulu, laboratoriya arayışının nömrəsi, faktiki fiziki, kondisiya və zibillik normasına görə hesablama çəkisi, faktiki zibillik və nəmlik faizi, alış qiyməti və məbləği göstərilməlidir.

3.2. Tədarük olunmuş xam pambıq üçün pambıq qəbulu qəbzini baş əmtəəşünas, yaxud əmtəəşünas-qapançı tərtib edir və qəbzin birinci nüsxəsini istehsalçıya, ikinci nüsxəsini istehsalçı ilə hesablaşmanın aparılması üçün tədarükçünün mühasibatlığına təqdim edir, üçüncü nüsxə isə bu qəbzi tərtib edən şəxsdə qalır.

Eyni vaxtda laboratoriya müdiri (baş laborant) tədarükçünün mühasibatlığına laboratoriya jurnalında imza etmək şərtilə, pambığın təhvil nəticələri haqqında hər bir istehsalçıdan qəbul olunan xam pambığın dəstinə görə pambığın keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı barədə arayış təqdim edir.

3.3. Tədarükçünün rəhbəri və baş mühasibi alınmış məhsul üçün tərtib olunan pambıq qəbulu qəbzinin düzgünlüyünə ciddi nəzarət etməlidirlər.

3.4. Tədarükçü hər mövsümdə tələbata uyğun sayda pambıq qəbulu qəbzinin blanklarını mətbəədə çap etdirir və pambıq qəbulu məntəqələrini vaxtında həmin blanklarla təmin edir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 oktyabr 2016-cı il tarixli 396 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1714)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 oktyabr 2016-cı il tarixli 396 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1714) ilə “Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”nın 1.5-ci bəndinin birinci cümləsində “fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış” sözləri “fəaliyyətini həyata keçirən” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status