AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.02.2011
QEYDİYYAT NÖMRƏSİ
29
ADI
“Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2011, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 156)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.02.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli 184 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci bəndi ilə təsdiq edilən Qaydada göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 11 fevral 2011-ci il

    № 29


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 11 fevral tarixli 29 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi

 

Q A Y D A S I

 

1. Bu Qayda “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli 184 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

2. Köç pulu və birdəfəlik kompensasiyalar xüsusi və hərbi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan prokurorluq işçisinə (bundan sonra - işçi) və onun ailə üzvlərinə verilir.

3. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar aşağıdakılar ödənilir:

3.1. işçinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərci;

3.2. yolda olan müddət üçün gündəlik xərc;

3.3. işçiyə və onun ailə üzvlərinə ev əşyalarının (əmlakın) daşınması üçün nəqliyyat xərci;

3.4. işçiyə birdəfəlik kompensasiya;

3.5. işçinin ailə üzvlərinə birdəfəlik kompensasiya.

4. Prokurorluq işçisinə birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki bir aylıq vəzifə maaşının və bir aylıq rütbəyə görə əlavə haqqın məbləği qədər hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə işçinin bir aylıq vəzifə maaşından və bir aylıq rütbəyə görə əlavə haqdan hesablanır.

5. Bu Qaydanın 3-cü bəndində göstərilənlər (50 kilometrdən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi qulluq yerinə getmək üçün işçiyə və onun ailə üzvlərinə aşağıdakı hallarda ödənilir:

5.1. bir prokurorluq orqanında olan ştat vəzifəsindən digər prokurorluq orqanının ştat vəzifəsinə təyin edilərsə;

5.2. prokurorluq orqanının daimi dislokasiya yeri dəyişərsə;

5.3. prokurorluq orqanlarında qulluq keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş işçi başqa yaşayış məntəqəsinə köçərsə.

6. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi və ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərcləri və birdəfəlik kompensasiyalar aşağıdakı məbləğdə ödənilir:

6.1. işçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərcləri - ümumi istifadədə olan hava, dəmiryol, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gediş haqqı məbləğində (nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla); [1]

6.2. işçiyə yerdəyişmə və vəzifəyə təyinolunma zamanı (50 kilo-metrdən artıq məsafə qət edilərsə) birdəfəlik kompensasiya - bir aylıq vəzifə maaşı və bir aylıq rütbəyə görə əlavə haqq məbləğində;

6.3. işçiyə prokurorluq orqanının daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə zamanı (məsafədən asılı olmayaraq) birdəfəlik kompensasiya - bir aylıq vəzifə maaşının və bir aylıq rütbəyə görə əlavə haqqın 50 faizi məbləğində;

6.4. ailə üzvlərinin hər birinə bütün hallarda birdəfəlik kompensasiya - işçinin bir aylıq vəzifə maaşının və bir aylıq rütbəyə görə əlavə haqqın 25 faizi məbləğində;

6.5. işçiyə 3000 kiloqramadək ev əşyalarının (əmlakın) daşınması üçün - müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.

7. Yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar işçiyə və onun ailə üzvlərinə bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gedərkən, yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları miqdarında vəsait verilir.

8. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi və ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün ərizə (raport), yeni qulluq yerinə köçməsini və ev əşyalarının (əmlakın) daşınmasını təsdiq edən sənədlər (təyinolunma barədə əmr, sərəncam, göndəriş vərəqəsi, nəqliyyat vasitələrindən istifadə biletləri, yükdaşıma qəbzləri, hesab-faktura və digər sənədlər) təqdim edilməlidir.

İşçinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün bu bənddə göstərilən sənədlər təqdim edilmədiyi (və ya şəxsi avtomobillə yeni qulluq keçmə yerinə getdiyi) hallarda, həmin xərclər hava, su, dəmiryol və avtomobil nəqliyyatı ilə gedişə görə müəyyən edilmiş ən aşağı qiymətlərə uyğun olaraq ödənilir.

Ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərclərini göstərən sənədlər təqdim olunmazsa, işçiyə və onun ailə üzvlərinə ödənişlər ödənilmir.

9. Birdəfəlik kompensasiya işçinin ərizəsi (raportu), təyinolunma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir.

10. İşçinin ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin edildiyi və ya dislokasiya yerinin dəyişdiyi gündən bir il müddətində işçinin ailəsi köçüb onun qulluq keçmə yerinə gələrkən (əgər işçi yeni xidmət yerində mənzillə təmin olunmamışdırsa və yaxud uşaqları ali, orta ixtisas, peşə təhsili müəssisələrinin əyani şöbəsində və tam orta ümumtəhsil məktəblərinin axırıncı siniflərində oxuyursa, mənzillə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən bir il müddətinə) ödənilir. [2]

11. Birdəfəlik kompensasiya işçinin himayəsində olan aşağıdakı ailə üzvlərinə ödənilir:

11.1. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, arvadına (ərinə);

11.2. işçinin himayəsində olan uşaqlarına;

11.3. işçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş pensiya yaşına çatmış və ya yaşından asılı olmayaraq I və II dərəcə əlilliyi olan valideynlərinə. [3]

12. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya ştat vəzifəsinə təyin edildiyi yerdə, prokurorluq orqanının daimi dislokasiya yeri dəyişdiyi hallarda isə yeni dislokasiya yerində ödənilir.

13. Birdəfəlik kompensasiya işçinin qulluq keçmə yerinə müvəqqəti olaraq gələn ailə üzvlərinə ödənilmir.

14. Yerdəyişmə və vəzifəyə təyin olunduqdan sonra işçi yeni qulluq keçmə yerində qulluğa başlamaqdan imtina etdikdə, onun özünə və ailə üzvlərinə ödənilmiş bütün xərclər geri qaytarılmalı və ya işçinin pul təminatından tutulmalıdır.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 aprel 2013-cü il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 01 may 2013-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 449)

2.       19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739)

3.       7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 aprel 2013-cü il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 may 2013-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 449) ilə "Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın 6.1-ci bəndindən "nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı," sözləri çıxarılmışdır.

 

[2] 19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739) ilə “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 10-cu hissəsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

[3] 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 11.3-cü bəndində “qrup əlil” sözləri “dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status