AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.09.2012
QEYDİYYAT NÖMRƏSİ
213
ADI
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-09-2012, Nəşr nömrəsi: 217), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2012, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 939)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.120.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201209260213
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.09.2012
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 26 sentyabr 2012-ci il

№ 213

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 26 sentyabr tarixli 213 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.5-ci yarımbəndinə əsasən hazırlanmışdır.

1.2. Bu Qayda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Ordusunu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra - SHXÇDX) yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınmasını müəyyən edir. [1]

1.3. Bütün çağırışçılar və hərbi vəzifəlilər "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərbi qeydiyyat qaydalarına ciddi əməl etməlidirlər.

1.4. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyatda durmalıdırlar. [2]

1.5. Çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və SHXÇDX-də xüsusi qeydiyyata alınırlar. [3]

1.6. Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa) hərbi qeydiyyata götürülmürlər. [4]

1.7. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən aparılır. [5]

 

2. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat üzrə vəzifələri

 

2.1. Vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. [6]

2.2. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.

2.3. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər.

2.4. Hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxmaq üçün çağırışçılar və hərbi vəzifəlilər SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə şəxsən müraciət etməlidirlər.

 

3. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, təşkilatların və vəzifəli şəxslərin hərbi qeydiyyat üzrə vəzifələri

 

3.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları çağırışçıları və hərbi vəzifəliləri yalnız hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata alınma və ya hərbi qeydiyyatdan çıxarılma barədə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdırlar.

3.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri hərbi vəzifəlilərin və çağırışçıların öz soyadını, adını, atasının adını dəyişdirməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər.

3.3. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların qeydiyyatda olduğu SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər.

3.4. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər.

3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi müəyyən edilmiş bütün çağırışçılar və hərbi vəzifəlilər barədə onların hərbi qeydiyyatda olduğu SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidir. [7]

3.6. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə vaxtında təqdim etməlidirlər.

 

4. Yekun müddəalar

 

4.1. Çağırışçılar və hərbi vəzifəlilər iş yerlərində və təhsillərində olan dəyişikliklər barədə hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər.

4.2. Çağırışçılar və hərbi vəzifəlilər ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəni və ya hərbi bileti qəsdən korladıqda, etinasız saxlanılma nəticəsində itirdikdə, hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər.

4.3. SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       06 may 2015-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 655)

2.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

3.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

4.       23 yanvar 2018-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2018-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 138)

5.       7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514)

6.       24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 06 may 2015-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 655) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 1.2-ci bənddə “həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədi ilə bütün çağırışçı və hərbi vəzifəli şəxslərin müəyyən olunmuş qaydada” sözləri “Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə” sözləri ilə əvəz edilmişdir.

 

10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrini” sözləri “Azərbaycan Ordusunu” sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 yanvar 2018-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2018-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 138) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 1.4-cü bəndinə “hərbi vəzifəlilər” sözlərindən sonra “(bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[3] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 1.5-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində,” sözləri çıxarılmışdır və həmin bəndə “Fövqəladə Hallar Nazirliyində,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində,” sözləri əlavə edilmişdir.

 

[4] 06 may 2015-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 655) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”na yeni məzmunda 1.5-ci və 1.6-cı bəndlər əlavə edilmişdir.

 

[5] 23 yanvar 2018-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2018-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 138) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”na yeni məzmunda 1.7-ci bənd əlavə edilmişdir.

 

[6] 06 may 2015-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 655) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 2.1-ci bənddə “Hərbi vəzifəlilər” sözləri “Vətəndaşlar” sözü ilə əvəz edilmişdir.

 

[7] 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 3.5-ci bəndində “sağlamlıq imkanları məhdud olan və ya əlil sayılan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 3.5-ci bəndində “Tibbi-sosial ekspert komissiyaları” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə və “verməlidirlər” sözü “verməlidir” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status