AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.06.2013
QEYDİYYAT NÖMRƏSİ
111
ADI
“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-06-2013, Nəşr nömrəsi: 131), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2013, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 725)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.06.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.110.080
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201306100111
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.06.2013
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 10 iyun 2013-cü il

                № 111

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 10 iyun tarixli 111 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı

 

1. Ümumi müddəa

 

1.1. Bu siyahı "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən hazırlanmışdır və bu qanuna uyğun olaraq çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısını müəyyən edir.

 

2. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzrə

 

2.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

2.1.1. valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı;

2.1.2. hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı;

2.1.3. valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

2.1.4. valideynlərin xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

2.1.5. valideynlərin cəza çəkməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;

2.1.6. uşağın qəyyumluğa və ya himayəyə verilməsi barədə yerli icra hakimiyyəti başçısının sərəncamı;

2.1.7. uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi; [1]

2.1.8. valideynlərin birinin I və ya II dərəcə əlilliyini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – TSEK) qərarı. [2]

 

3. Sağlamlıq imkanları məhdud olan uşaqlar üzrə

 

3.1. Sağlamlıq imkanları məhdud olan uşağın çətin həyat şəraitində olması onun sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən TSEK-in qərarı ilə müəyyən edilir. [3]

 

4. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər üzrə

 

4.1. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsin çətin həyat şəraitində olması Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın qərarı ilə təsdiq edilir.

 

5. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan, habelə onlara qulluq və kömək göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üzrə

 

5.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan, habelə ona qulluq və kömək göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

5.1.1. tibb müəssisələri tərəfindən verilmiş tibbi arayış; [4]

5.1.2. şəxsin əlilliyini müəyyən edən TSEK-in qərarı; [5]

5.1.3. şəxsə qulluq və kömək göstərə biləcək qohumlarının və ya qanuni nümayəndələrinin olmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq yerli qurumlarının qərarı. [6]

 

6. İctimai təhlükəli xəstəliyə tutulmalarına görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üzrə

 

6.1. İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxsin çətin həyat şəraitində olması müayinənin nəticələri barədə ərazi üzrə tibb müəssisələri tərəfindən verilmiş tibbi arayış əsasında təsdiq edilir.

 

7. İnsan alverinin qurbanı olan şəxslər üzrə

 

7.1. İnsan alverinin qurbanı olan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

7.1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınmaqla, şəxsin insan alveri qurbanı olması barədə istiqamətləndirici məktubu;

7.1.2. cinayət prosesini həyata keçirən orqanın şəxsin insan alveri ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarı və ya məhkəmənin hökmü.

 

8. Məişət zorakılığından zərərçəkən şəxslər üzrə

 

8.1. Məişət zorakılığından zərərçəkən şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

8.1.1. məişət zorakılığına məruz qalmış şəxsə verilən qısamüddətli və yaxud uzunmüddətli mühafizə orderi;

8.1.2. cinayət prosesini həyata keçirən orqanın şəxsin məişət zorakılığı ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarı;

8.1.3. məişət zorakılığı ilə bağlı şikayət üzrə zərərçəkmiş şəxslə bağlı yerli icra hakimiyyəti orqanının qərarı;

8.1.4. məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım mərkəzlərinin arayışı;

8.1.5. məişət zorakılığı ilə bağlı məlumat bankının məlumatı.

 

9. Müəyyən yaşayış yeri olmayan şəxslər üzrə

 

9.1. Müəyyən yaşayış yeri olmayan şəxslərin çətin həyat şəraitində olması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsin olduğu yer üzrə şəhər, rayon polis orqanları tərəfindən verilmiş şəxsin yaşayış yerinin olmaması barədə arayış əsasında təsdiq edilir.

 

10. Valideynlərini itirmələrinə və ya valideyn himayəsindən məhrum olmalarına görə sosial xidmət müəssisələrində yaşamış və həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər üzrə

 

10.1. Valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış və bu müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

10.1.1. şəxsin sosial xidmət müəssisələrini tərk etməsi ilə bağlı sosial xidmət müəssisəsinin arayışı;

10.1.2. şəxsin yaşayış yerinin olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsin olduğu yer üzrə şəhər, rayon polis orqanlarının arayışı.

 

11. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üzrə

 

11.1. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

11.1.1. şəxsin sosial yadırğama (dezadaptasiya) vəziyyətində olması barədə tibb müəssisələri (həkim - psixoloq) tərəfindən verilən arayış;

11.1.2. şəxsin sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması barədə tibb müəssisələri tərəfindən verilən arayış.

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [7]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325)

2.       7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518)

3.       25 aprel 2020-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 aprel 2020-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 495)

4.       5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 667)

5.       5 noyabr 2021-ci il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 noyabr 2021-ci il, № 244)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 aprel 2020-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 aprel 2020-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 495) ilə “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nın 2.1.7-ci yarımbəndində “tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrindən” sözləri ilə əvəz edilmişdir.

 

[2] 7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518) ilə “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nın 2.1.8-ci yarımbəndində “qrup əlil olduğunu təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – TSEK) müayinə aktından çıxarış” sözləri “dərəcə əlilliyini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – TSEK) qərarı” sözləri ilə əvəz edilmişdir.

 

[3] 7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518) ilə “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nın 3.1-ci bəndində “TSEK-nın müayinə aktından çıxarışla” sözləri “TSEK-in qərarı ilə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 5 noyabr 2021-ci il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 noyabr 2021-ci il, № 244) ilə “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nın 5.1.1-ci yarımbəndində və 6.1-ci bəndində “səhiyyə idarə və” sözləri “tibb” sözü ilə əvəz edilmişdir.

 

[5] 7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518) ilə “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nın 5.1.2-ci yarımbəndində “təsdiq edən TSEK-nın müayinə aktından çıxarış” sözləri “müəyyən edən TSEK-in qərarı” sözləri ilə əvəz edilmişdir.

 

[6] 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325) ilə 5.1.3-cü yarımbənddə “Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinin” sözləri “Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin” sözləri ilə əvəz edilmişdir.

5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 667) ilə “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nın 5.1.3-cü yarımbəndində “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin” sözləri “Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq yerli qurumlarının” sözləri ilə əvəz edilmişdir.

 

[7] 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325) ilə 11-ci hissənin mətnindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status