AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.09.2013
QEYDİYYAT NÖMRƏSİ
247
ADI
“Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-09-2013, Nəşr nömrəsi: 196), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2013, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1127)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.09.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201308300247
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.09.2013
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.28-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 5 sentyabr 2013-cü il

                 № 247

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2013-cü il 5 sentyabr

tarixli 247 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilməsi halları və Qaydası” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 331-ci maddəsinin müddəalarına uyğun olaraq hazırlanmışdır və gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə hallarını və qaydasını tənzimləyir.

1.2. Məhv edilən mallara görə gömrük rüsumları və vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.

1.3. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında həyata keçirilir.

1.4. Malların məhv edilməsi həmin malların tamamilə məhv edilməsi ilə nəticələnən, onların sonrakı bərpasını və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə həyata keçirilir.

1.5. Malların məhv edilməsi üsulları aşağıdakı tələblərə cavab verməlidir:

1.5.1. malların istehlak xassələrinin bərpası imkanını istisna etməlidir;

1.5.2. əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsini təmin etməli və malların məhv edilməsi nəticəsində təhlükəli maddələrin və tullantıların (qalıqların) əmələ gəlməsinə səbəb olmamalıdır.

1.6. Malların məhv edilməsi Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinin tələblərinə əməl edilməklə həyata keçirilməlidir.

1.7. Malların məhv edilməsinin ətraf mühitə ziyan vura biləcəyinə əsaslar olduqda, ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınmalıdır.

1.8. Malların məhvinin təhlükəli və ya radioaktiv tullantıların (qalıqların) atılması, axıdılması və anbarlaşdırılması ilə bağlı olmasına ehtimal olduqda, belə məhvetməyə qanunvericilikdə nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən müvafiq icazələr alınmaqla və onların iştirakı ilə yol verilir. [1]

1.9. Malların məhv edilməsində ekoloji və səhiyyə tələbləri üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir.

 

2. Malların məhv edilmə halları

 

2.1. Gömrük orqanlarına təqdim edilmiş mallar aşağıdakı hallarda məhv edilir:

2.1.1. şəxsin müraciəti əsasında;

2.1.2. qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə.

2.2. Şəxsin müraciəti əsasında malların məhv edilməsinə icazənin verilməsi, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılarla (qalıqlarla) bağlı məsələlər bu Qaydanın 3-cü - 5-ci hissələri ilə tənzimlənir.

2.3. Bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir.

 

3. Şəxsin müraciəti əsasında malların məhv edilməsinə icazə verilməsi

 

3.1. Şəxsin müraciəti əsasında, bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, aşağıdakı mallar məhv edilir:

3.1.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək gətirilən mallar;

3.1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və gömrük anbarı, ixrac və təkrar ixrac gömrük prosedurları, tranzit, son istifadə, daxildə emal, xaricdə emal, müvəqqəti idxal və sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar.

3.2. Şəxsin müraciəti əsasında aşağıdakı malların məhv edilməsinə yol verilmir:

3.2.1. Azərbaycan Respublikasına gətirilməsi qadağan olunmuş malların;

3.2.2. Azərbaycan Respublikasının və xarici ölkə xalqlarının mədəni, tarixi, arxeoloji sərvəti olan əşyaların;

3.2.3. xüsusi təhlükəli heyvan xəstəlikləri və bitki karantini obyektlərinin yayılması hallarının qarşısını almaq məqsədi ilə aparılan tədbirlər istisna olmaqla, “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya (CİTES) əsasən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növlərinin, onların hissələrinin və törəmələrinin.

3.3. Gömrük orqanları tərəfindən malların məhv edilməsinə aşağıdakı hallarda icazə verilmir:

3.3.1. malların məhv edilməsi ətraf mühitə və insan sağlamlığına zərər vura bilərsə;

3.3.2. malların məhv edilməsi dövlət üçün xərclərə səbəb ola bilərsə;

3.3.3. gömrük orqanının malların məhv edilməsi prosesinə nəzarət etmək imkanı olmazsa.

3.4. Malların məhv edilməsinə məhvetmə nəticəsində onlar ilkin istehlak xassələrini və ya kommersiya dəyərini tamamilə itirdikdə yol verilir.

3.5. Malların məhv edilməsinə icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri tərəfindən qəbul edilir.

3.6. Şəxsin müraciəti olduqda, qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların məhv edilməsinə gömrük orqanları tərəfindən icazə verilir.

 

4. Şəxsin müraciəti əsasında malların məhv edilməsi zamanı gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi

 

4.1. Şəxsin müraciəti əsasında malların məhv edilməsi əməliyyatı zamanı gömrük rəsmiləşdirilməsi aşağıdakı gömrük orqanları tərəfindən həyata keçirilir:

4.1.1. bu Qaydanın 3.1.2-ci yarımbəndində göstərilən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş (tranzit xüsusi gömrük prosedurundan başqa) malların məhvi seçilmiş gömrük prosedurunun gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən;

4.1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya tranzit gömrük proseduru altında yerləşdirilən və gömrük nəzarəti altında çatdırılma qaydalarına uyğun çatdırılan malların yerləşdiyi ərazi fəaliyyət zonasına daxil olan gömrük orqanı tərəfindən.

4.2. Malların məhv edilməsi malları gömrük orqanına təqdim edən və məhvetmə ilə bağlı müraciət edən şəxsin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada ərizəsi təqdim edilməklə və bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir.

4.3. Ərizə ilə birlikdə gömrük orqanına aşağıda göstərilən sənədlər təqdim edilməlidir:

4.3.1. mallar məhv edilənədək yerləşdirildiyi gömrük proseduruna dair gömrük bəyannaməsi;

4.3.2. invoys - idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;

4.3.3. yol-nəqliyyat sənədləri;

4.3.4. malın mənşəyini təsdiq edən sənəd;

4.3.5. malın fitosanitar sertifikatı (bitki və bitkiçilik məhsulları üçün);

4.3.6. malın uyğunluq sertifikatı;

4.3.7. malın baytarlıq sertifikatı (dövlət baytarlıq nəzarətində olan yüklər üçün);

4.3.8. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış, qida təhlükəsizliyi sertifikatı; [2]

4.3.9. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda nəzərdə tutulan hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və müvafiq dövlət orqanının rəyi.

4.4. Gömrük nəzarəti altında malların məhv edilməsinə dair ərizə və sənədlər qəbul edildikdən sonra gömrük orqanının vəzifəli şəxsi tərəfindən sənədlərdə göstərilən məlumatların həqiqiliyi yoxlanılır. Sənədlər yoxlanıldıqdan sonra təqdim edilən mallara gömrük orqanı tərəfindən baxış keçirilir. Baxış zamanı malın adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə kodu, çəkisi, miqdarı və təsviri müəyyən edilir.

4.5. Malların məhv edilməsi gömrük orqanına müraciət edən şəxsin və ya onun nümayəndəsinin, o cümlədən bu Qaydanın 1.8-ci bəndində göstərilən icazəni verən dövlət orqanının nümayəndəsinin iştirakı ilə gömrük nəzarəti altında həyata keçirilir.

4.6. Malların məhv edilməsinə dair bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada tərtib edilən akt malların məhv edilməsi üçün gömrük orqanına müraciət edən şəxs və ya onun nümayəndəsi, həmçinin gömrük orqanının və digər dövlət orqanlarının nümayəndələri tərəfindən imzalanır. Həmin şəxslərə aktın surəti verilir.

4.7. Gömrük orqanı malın məhv edilməsinə dair icazə verməkdən imtina etdiyi halda, imtinanın səbəbini göstərməklə şəxsə yazılı məlumat verir.

4.8. Şəxsin müraciəti əsasında malların gömrük nəzarəti altında məhvinin yerinə yetirilməsinə görə Gömrük Məcəlləsinin 232.1.3-cü maddəsinə uyğun olaraq gömrük yığımları alınır.

4.9. Şəxsin müraciəti əsasında malların məhvi və yaranan tullantıların (qalıqların) zərərsizləşdirilməsi onların sahibinin vəsaiti hesabına həyata keçirilir.

 

5. Şəxsin müraciəti əsasında malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantıların (qalıqların) gömrük rəsmiləşdirilməsi

 

5.1. Şəxsin müraciəti əsasında malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılar (qalıqlar) gömrük nəzarəti altında olan mallar kimi gömrük rəsmiləşdirilməsindən keçirilməlidir.

5.2. Malların məhv edilməsinə icazə vermiş gömrük orqanı məhvetmə nəticəsində əmələ gəlmiş tullantıların (qalıqların) gömrük rəsmiləşdirilməsinin yerini müəyyən edir.

5.3. Məhvetmə nəticəsində əmələ gəlmiş tullantılar (qalıqlar), digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, digər gömrük prosedurunda yerləşdirilənə qədər Gömrük Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilir.

5.4. Məhvetmə nəticəsində tullantı (qalıq) olan malların buraxılması və ya şəxsin sərəncamına verilməsi seçilmiş gömrük proseduruna uyğun olaraq həyata keçirilir.

5.5. Gömrük dəyəri 20 ABŞ dollarından artıq olmayan, basdırıldığına və ya basdırılmalı olduğuna görə sonrakı istifadəsi qeyri-mümkün olan tullantılar (qalıqlar) sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun şəkildə gömrük rəsmiləşdirilməsindən keçirilməməlidir.

5.6. Malların məhvi nəticəsində yaranan tullantılar (qalıqlar) daxili bazarda istifadə olunduqda və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər tətbiq edilir.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər. [3]

 


 

“Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”na

1 nömrəli əlavə

 

ƏRİZƏ

 

1. Gömrük orqanının adı

 

 

 

2. Müraciət edən şəxsin rekvizitləri

 

 

 

3. Gömrük proseduru və əməliyyatlar

 

 

 

4. Mallar haqqında məlumatlar

Göndərən ölkə

Malların adı

Miqdarı

İnvoys üzrə dəyəri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. Nəqliyyat qaiməsinin nömrəsi    _____________________________

6. Gömrük prosedurlarının və gömrük orqanlarının tələblərinin yerinə yetirilməsi təmin ediləcəkdir.

 

Müraciət edən şəxsin təsdiqi

 

Səlahiyyətli şəxs           ___________________                              M.Y.

 

İmza               ____________________________                              Tarix “___” _______________

 

7. Gömrük orqanının rəisi

və ya onu əvəz edən şəxs    ______________                            M.Y.

 

İmza                   __________________________                             Tarix “___” _______________

 

                                                                                                          Qeydiyyat №________

 


 

“Gömrük orqanlarına təqdim edilmiş malların

məhv edilmə halları və Qaydası”na

2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Malların gömrük nəzarəti altında məhv edilməsinə dair

 

A K T

 

Gömrük orqanının adı __________________________________________

 

1. Mallar haqqında məlumatlar

 

Malların adları

XİFMN üzrə kodu

Miqdarı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. Malların məhv edildiyi yer ______________________________________________________

3. Aşağıdakı məhvetmə üsulları tətbiq edilib ________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

4. Məhvetmə nəticəsində aşağıdakı tullantılar (qalıqlar) yaranmışdır:

 

Tullantıların (qalıqların)

adları

XİFMN üzrə kodu

Miqdarı

Tullantıların (qalıqların)

yerləşdiyi yer

Tullantıların (qalıqların)

vəziyyəti, (yararlı olduğu halda yerləşdirildiyi gömrük prosedurunun kodu)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. Məhvetmədə iştirak etdilər:

gömrük orqanının və digər orqanların nümayəndələri

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

__________________________________________________     imza ___

 

müraciət edən şəxs və ya onun nümayəndəsi

__________________________________________________       imza ___

__________________________________________________       imza ___

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       01 may 2015-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 626)

2.       20 may 2019-cu il tarixli 232 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2019-cu il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 966)

3.       21 sentyabr 2020-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1222)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 sentyabr 2020-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1222) ilə “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.8-ci bəndində “və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən” sözləri “, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən” sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 may 2019-cu il tarixli 232 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2019-cu il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 966) ilə “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 4.3.8-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.3.8. malın gigiyenik sertifikatı (yeyinti məhsulları üçün);

 

[3] 01 may 2015-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 626) ilə “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın sonuna aşağıdakı məzmunda “Qeyd” əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status