AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.11.2013
QEYDİYYAT NÖMRƏSİ
327
ADI
"Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları"nın təsdiq edilməsi və "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 04-12-2013, Nəşr nömrəsi: 267), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2013, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1461)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.12.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.050.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201311180327
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.12.2013
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

"Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları"nın təsdiq edilməsi və "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 6.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1189; 2008, № 6, maddə 586, № 10, maddə 937; 2009, № 10, maddə 846) ilə təsdiq edilmiş "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği" cədvəlinin 1-ci bəndinə "emalatxanalar" sözündən sonra ", yaradıcı gənclərin istifadəsinə verilmiş yaradıcılıq emalatxanaları, sərgi salonları" sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 18 noyabr 2013-cü il

                  № 327

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 18 noyabr tarixli 327 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi

 

Q A Y D A L A R I

 

1. Bu Qaydalar dövlət mülkiyyətində olan yaradıcılıq emalatxana-larının, sərgi salonlarının (bundan sonra - emalatxana və salonlar) güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi qaydalarını tənzimləyir.

2. Emalatxana və salonların güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi zərurəti yarandıqda, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra - Nazirlik) güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi nəzərdə tutulan emalatxana və salonların siyahısını müəyyən edir və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra - Komitə) təqdim edir.

3. Bu Qaydaların 2-ci hissəsində göstərilən siyahıya əsasən Komitə emalatxana və salonların istifadəyə verilməsi barədə yaradıcı gənclərlə (istifadəçilərlə) müqavilə bağlayır.

4. Güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququ olan yaradıcı gənclərin siyahısı Nazirliyin yaratdığı komissiya tərəfindən müəyyən edilir. Komissiya say tərkibi 5 nəfər olmaqla Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin (1 nəfər), Azərbaycan Rəssamlar İttifaqının (1 nəfər) və Azərbaycan Memarlar İttifaqının (1 nəfər) nümayəndələrindən təşkil edilir. Komissiyanın reqlamenti Nazirlik tərəfindən təsdiq olunur. [1]

5. Komissiyanın vəzifələri aşağıdakılardır:

5.1. güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququ olan yaradıcı gənclərin seçilməsi meyarlarını müəyyən etmək;

5.2. yaradıcı gənclərin yazılı müraciətləri daxil olduqca onlara 1 ay ərzində baxıb qeyd edilən meyarlara əsasən gənclərin güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququnun uyğunluğunu müəyyən etmək və bu barədə müraciət edənlərə müvafiq bildiriş göndərmək;

5.3. hər bir müraciətə fərdi qaydada baxıb yaradıcı gəncin güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququnun olmasını müəyyən etdikdən sonra 10 gün müddətində bu barədə məlumatı Nazirliyə təqdim etmək.

6. Nazirlik bu Qaydaların 5-ci hissəsində göstərilən komissiyanın təqdim etdiyi məlumatı 7 gün müddətində Komitəyə göndərir.

7. Emalatxana və salonların güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi, güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququ olan yaradıcı gənclərin seçilməsi meyarları, həmçinin yaradıcı gənclər tərəfindən müraciətlərin təqdim edilməsi yeri, vaxtı barədə məlumat Nazirlik tərəfindən rübdə bir dəfədən az olmayaraq rəsmi kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında yerləşdirilir.

8. Emalatxana və salonların idarə olunması, həmçinin saxlanılması xərclərinin ödənilməsi məsələlərinin həlli həmin emalatxana və salonların balansında olduğu təşkilat tərəfindən həyata keçirilir.

9. Emalatxana və salonların kommunal xərcləri istifadəçilər tərəfindən əhalinin istehlakçı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilir.

10. Komitə emalatxana və salonların təyinatı üzrə səmərəli istifadəsinə nəzarət etmək, onların səmərəli istifadə olunmasını təmin etməyən istifadəçilərlə bağlanmış müqavilələri qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv etmək hüququna malikdir.

11. Komitə emalatxana və salonların yaradıcı gənclərə istifadəyə verilməsi, onlarla bağlanmış müqavilələrə xitam verilməsi, habelə bu müqavilələrdə dəyişikliklər edilməsi barədə müvafiq sorğu əsasında Nazirliyə məlumat verir.

12. Dövlət mülkiyyətində olan yeni emalatxanaların istifadəyə verilməsi "Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 may tarixli 84 nömrəli qərarı ilə müəyyən olunmuş qaydada tənzimlənir.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 oktyabr 2020-ci il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1305)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 oktyabr 2020-ci il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1305) ilə “Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları”nın 4-cü hissəsindən “və Turizm” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status