AKTIN NÖVÜ
Səhiyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
13.10.2014
QEYDİYYAT NÖMRƏSİ
39
ADI
“Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi qaydalarının təsdiq edilməsi barədə”
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.10.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201410130039
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.10.2014
“Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi qaydalarının təsdiq edilməsi barədə”
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

13.10.2014

Qeydiyyat nömrəsi

39

Adı

Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi qaydalarının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

21.10.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

220.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201410130039

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

20.10.2014

 

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.13-cü və 14.5-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Kadrlar, elm və təhsil şöbəsinin müdiri K.Mehdiyevaya tapşırılsın ki, rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi bu qərarla təsdiq edilmiş qaydalara uyğun olaraq təmin edilsin.

3. Hüquq və daxili nəzarət sektorunun müdiri vəzifəsini icra edən E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

4. Qərarın icrasına nəzarət Nazir müavinlərinə həvalə edilsin.

 

Kollegiya sədri,

Nazir

 

Oqtay Şirəliyev

Kollegiyanın məsul katibi

Nərgiz Şahbazova

 

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının “13” oktyabr 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü bəndinə əsasən hazırlanmışdır və dövlət sifarişi əsasında rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi qaydalarını müəyyən edir.

1.2. Həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir.

1.3. Bu qaydalar ödənişli əsaslarla təhsil almış rezidentlərə və Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin rezidentlərinə şamil edilmir.

1.4. Təyinat əsasında iş yerinə göndərilən həkim-mütəxəssislərə Nazirlik tərəfindən iş yerinə göndəriş verilir (1 nömrəli əlavə).

 

2. Həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi

 

2.1. Həkim-mütəxəssislərin təyinatı tərkibi Nazirliyin əmri ilə təsdiq olunan “Rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı üzrə Komissiya” (bundan sonra - Komissiya) tərəfindən həyata keçirilir. Komissiya 7 nəfərdən ibarətdir.

2.2. Komissiyanın fəaliyyəti hazırkı qaydaların tələblərinə uyğun olaraq Nazirlik tərəfindən müəyyən edilir.

2.3. Komissiya tərkibi təsdiq olunduğu gündən öz işinə başlayır və komissiyanın yeni tərkibi təsdiq olunana qədər öz səlahiyyətlərini yerinə yetirir.

2.4. Nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla həkim-mütəxəssislərə ixtisaslarına uyğun olaraq təyinat verilir və bu vakansiyalar Komissiya tərəfindən Nazirliyin rəsmi internet saytının (www.health.gov.az) “Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu” bölümündə yerləşdirilən tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçilir.

2.5. Vakansiyaların seçimi zamanı həkim-mütəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilir.

2.6. Təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq keçirilmiş Yekun Attestasiyadan sonra 1 aydan gec olmayaraq aparılır.

2.7. Nazirliyin tabeliyində olmayan tibb müəssisəsinə həkim-mütəxəssislərin təyinatı həmin tibb müəssisəsinin tabe olduğu qurumun Nazirliyə göndərdiyi müraciətinə əsasən həyata keçirilir.

2.8. Komissiya həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edir. Eyni zamanda təyinat aparılarkən aşağıdakı hallarda rezidenturanı bitirən şəxslərin vakansiyalar üzrə istəyi nəzərə alınır:

- müvəffəqiyyət göstəricilərinin (yekun attestasiyanın nəticələri) yüksək olması;

- rezidenturada oxuyarkən şəxsin apardığı elmi-tədqiqat fəaliyyəti.

Həmçinin təyinat aparılarkən evli cütlüyün təyinat vaxtı eyni ərəzi üzrə işləmək arzuları nəzərə alınır.

2.9. Özü və ya himayəsindəki ailə üzvü (valideyn, həyat yoldaşı) I və ya II dərəcə əlilliyi olan şəxs, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan həkim-mütəxəssislərə istəkləri nəzərə alınmaqla təyinat və ya azad təyinat haqqında arayış (2 nömrəli əlavə) verilir. Əri (arvadı) hərbi qulluqçu (zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu) olan həkim-mütəxəssislərə öz ərinin (arvadının) xidmət yeri nəzərə alınmaqla təyinat verilir, belə imkan olmadıqda isə (yaxud özləri istəsələr) onlara azad təyinat haqqında arayış verilir.[1]

2.10. Təyinatı aparılan şəxslər Komissiyanın iclası barədə iclasa 5 iş günü qalmış təhsil aldıqları kilinik baza vasitəsi ilə və Nazirliyin rəsmi internet saytında elan verilməklə məlumatlandırılırlar. Təyinat haqqında qərar həkim-mütəxəssisin iştirakı ilə qəbul edilir. Həkim-mütəxəssis komissiyaya gəlmədiyi təqdirdə təyinat haqqında qərar onun iştirakı olmadan qəbul edilir.

2.11. Komissiya açıq səsvermə yolu ilə sadə səs çoxluğuna əsasən təyinat barədə qərar qəbul edir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur.

2.12. Həkim-mütəxəssisin komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır.

2.13. Komissiya iclasların protokollarını və həkim-mütəxəssislərin təyinat cədvəlini tərtib edir. Təyinat cədvəlində qeyd olunan iş yerlərinin rəhbərlərinə təyinat barədə Komissiyanın qərarından çıxarış göndərilir.

2.14. Həkim-mütəxəssislər iş yerinə göndərişdə göstərilən müddətdən gec olmayaraq iş yerinə gəlməli və burada işə qəbul olunduğu tarixdən 3 il müddətində tam işləməlidirlər.

2.15. Tibb müəssisəsinin rəhbəri iş yerinə göndərişlə gəlmiş həkim-mütəxəssisləri işə qəbul etməli və bu barədə 1 iş günü müddətində Nazirliyə məlumat göndərməlidir.

2.16. Həkim-mütəxəssis göndərişdə göstərilmiş müddətdə iş yerinə gəlib çıxmırsa, tibb müəssisəsinin rəhbəri 3 iş günü müddətində bu barədə Nazirliyə məlumat verməlidir. Üzrlü səbəbdən iş yerinə gələ bilməyən həkim-mütəxəssis göndəriş verildiyi tarixdən 30 gün müddətində iş yerinə müraciət edərək bu qaydaların 2.15-ci bəndində göstərilmiş qaydada işə qəbul olunur. Bu müddət ötürüldüyü halda həkim-mütəxəssis iş yerinə göndərişin yenidən rəsmiləşdirilməsi üçün Nazirliyə müraciət etməlidir.

2.17. Həkim-mütəxəssis göndəriş verildiyi tarixdən 6 ay müddətində iş yerinə gəlib çıxmırsa və ya bununla bağlı Nazirliyə müraciət etmirsə, həmçinin təyinat yerində işləməkdən imtina etdikdə, bu hal onunla bağlanılmış mülki-hüquq müqaviləsi üzrə öhdəliyin pozulması kimi qiymətləndirilir və Nazirlik tərəfindən həmin müqaviləyə əsasən zəruri tədbirlər görülür.

2.18. Sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət müddətləri göndəriş əsasında əmək fəaliyyəti müddətinə aid edilmir.

 


 

 

Rezidenturanı bitirən

həkim-mütəxəssislərin

iş yerlərinə göndərilməsi

Qaydalarına 1 nömrəli əlavə

 

İŞ YERİNƏ GÖNDƏRİŞ

№ ________

 

 

_________________________________________________________________________________________

(rezidentura bazasının adı)

____________________ ixtisas üzrə _________________________________________ 20—ci ildə bitirmiş

(ixtisasın adı və kodu)

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________

(təyinat verilən müəssisənin adı və yeri)

ştat cədvəlinə uyğun olaraq __________________________ aylıq məvaciblə sərəncamınıza göndərilir.

Gəlib çıxma vaxtı __ ____________ 20__ -ci il

Mütləq iş müddəti ______3______ il

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin müdiri

_____________________________________     ______________________________________

                         (SAA)                                                                               (imza)

М.Y.

__ ____________ 20__ -ci il.

 


 

 

Rezidenturanı bitirən

həkim-mütəxəssislərin

iş yerlərinə göndərilməsi

Qaydalarına 2 nömrəli əlavə

 

AZAD TƏYİNAT HAQQINDA ARAYIŞ
№ ________

 

 

_________________________________________________________________________________________

(rezidentura bazasının adı)

_______________________ixtisas üzrə _____________________________________- 201 –ci ildə bitirmiş

(ixtisasın adı və kodu)

________________________________________________________________________________________

________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________

uyğun olaraq azad təyinat verilir.

 

 

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin müdiri

_____________________________________      ______________________________________

                         (SAA)                                                                               (imza)

М.Y.

__ ____________ 20__ -ci il.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 dekabr 2018-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812170076, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 dekabr 2018-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812170076, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2018-ci il) ilə “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”nın 2.9-cu bəndinin birinci cümləsində “qrup əlil” sözləri “dərəcə əlilliyi olan şəxs” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status