AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.05.2015
QEYDİYYAT NÖMRƏSİ
125
ADI
“Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-05-2015, Nəşr nömrəsi: 102), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2015, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 613)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.05.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201505010125
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.05.2015
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 212; 2010, № 3, maddə 264, № 11, maddə 1039) ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 1 may 2015-ci il

                 № 125

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – əcnəbilər) tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri, habelə tədris dilini zəif bilən əcnəbilərin hazırlıq sinif və kursları üzrə Azərbaycan Respublikasının təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura və magistratura səviyyələri üzrə elmi müəssisə və təşkilatlarda və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında (bundan sonra – təhsil müəssisələri) təhsil almasına dair ümumi tələbləri müəyyən edir. [1]

1.2. Bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.

1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

 

2. Azərbaycan Respublikasının vətəndaşlarının xaricdə təhsili

 

2.1. Azərbaycan Respublikasının vətəndaşlarının xaricdə təhsili aşağıdakı əsaslarla həyata keçirilir:

2.1.1. Dövlət proqramları çərçivəsində və beynəlxalq müqavilələr əsasında;

2.1.2. Azərbaycan Respublikasının hüquqi şəxslərinin, xarici ölkələrin və onların təhsil müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüd (tələbələrin təhsil almaları ilə əlaqədar təhsil haqqı, yataqxana, yaşayış xərci və digər xərclərin qarşılanması) və qrantlar əsasında;

2.1.3. təhsil müəssisələrinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladığı müqavilələr əsasında;

2.1.4. xarici ölkələrin dövlət qurumlarının ayırdıqları kvotalar əsasında;

2.1.5. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladıqları müqavilələr əsasında.

2.2. Azərbaycan Respublikasının vətəndaşları təhsil almaq məqsədi ilə yerləşdikləri dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrini, ixtisası (ixtisaslaşmanı), təhsil pilləsini və səviyyəsini seçməkdə sərbəstdirlər.

2.3. Təhsil müəssisələri xarici ölkələrin təhsil müəssisələri ilə şagird və tələbə mübadiləsini bu Qaydalara və bağladıqları müqavilələrə uyğun həyata keçirirlər.

2.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. [2]

2.5. Növbəti təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istəyən xaricdə təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. [3]

 

3. Əcnəbilərin Azərbaycan Respublikasının təhsil müəssisələrinə qəbulu

 

3.1. Əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

3.1.1. təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında;

3.1.2. təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;

3.1.2-1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; [4]

3.1.3. təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında;

3.1.4. təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;

3.1.5. təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;

3.1.6. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında. [5]

3.1-1. Əcnəbilərin hazırlıq sinif və kurslarına qəbulu bu Qaydaların 3.1.1-3.1.5-ci yarımbəndlərində göstərilmiş əsaslarla həyata keçirilir. [6]

3.2. Əcnəbilər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sənədləri təqdim etməlidirlər. [7]

3.3. Doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün müraciət edən əcnəbilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 7.3-cü bəndində müəyyən edilmiş sənədləri təqdim etməlidirlər.

3.4. Bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – TMİS) “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət edir. Həmin müraciətlər TMİS-də qeydiyyata alınır və hər bir əcnəbiyə sistemdə şəxsi kabinet açılır. Əcnəbi onun üçün açılmış şəxsi kabinetdə müraciətinin statusunu izləyə bilər. Əcnəbi TMİS-nin Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir: [8]

3.4.1. seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər); [9]

3.4.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

3.4.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

3.4.4. etibarlı sərhədkeçmə sənədi;

3.4.5. 3x4 ölçüdə 6 ədəd fotoşəkil;

3.4.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

3.4-1. Bu Qaydaların 3.4-cü bəndinə əsasən tələb olunan sənədlər müraciət TMİS-də qeydiyyata alındıqdan sonra müvafiq təhsil müəssisəsinə təqdim olunmalıdır. [10]

3.5. Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir.

3.6. Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən əcnəbilər ingilis dili üzrə beynəlxalq imtahan formalarının birindən yetərli bal topladığı halda (bakalavriat səviyyəsi üçün IELTS 5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyələri üçün IELTS 5.5 bal, TOEFL 50 bal), dil biliklərinin yoxlanılmasından azad olunurlar.

3.7. Aşağıdakı kateqoriyalardan olan əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlar:

3.7.1. Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pilləsində və ya səviyyəsində təhsil almaq üçün müraciət edənlər;

3.7.2. yerləşdiyi dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları.

3.8. Əcnəbilər Azərbaycan Respublikasında peşə təhsili və ümumi təhsil müəssisələrinə, habelə əyani təhsilalma formasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində ölkə ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidirlər.

 

4. Əcnəbilərin təhsilinin təşkili

 

4.1. Əcnəbilərin ümumi təhsil və peşə təhsili pillələrində təhsili müvafiq dövlət standartları və təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. [11]

4.2. Ali və orta ixtisas təhsili müəssisələrində əcnəbilərin təhsili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, kredit sistemi əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramlarına müvafiq olaraq təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir.

4.2-1. Əcnəbilərin hazırlıq sinif və kurslarında təhsili “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq həyata keçirilir.

4.3. Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil alan əcnəbilər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər. Əcnəbilər təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməlidirlər.

4.4. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. İcbari ümumi orta təhsildə əcnəbilərin təhsili ödənişsiz əsaslarla həyata keçirilir. [12]

4.5. Kvota əsasında təhsil alan əcnəbilərin təhsil haqqı Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun olaraq ödənilir.

4.6. Əcnəbilərlə və ya onların təhsil haqqını ödəyən hüquqi və fiziki şəxslərlə təhsil müəssisəsi arasında bu Qaydaların əlavəsindəki formaya uyğun müqavilə bağlanılır (icbari ümumi orta təhsil hazırlıq siniflərində və kurslarında təhsil alanlar istisna olmaqla). [13]

4.7. Bu Qaydaların 3.1.2-ci, 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərində qeyd olunmuş fəaliyyətlər təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyini (təsisçi funksiyalarını digər dövlət qurumu yerinə yetirdikdə, həmçinin həmin orqanı) məlumatlandırmaqla həyata keçirilir.

4.8. Təhsil müəssisəsi təhsil alan əcnəbilər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə müəyyən edilmiş forma üzrə hesabat təqdim edir.

4.9. Təhsil müəssisəsini bitirən əcnəbilərə təhsil haqqında dövlət nümunəli sənəd verilir.

4.10. Əcnəbilərin bir təhsil proqramından və ya bir təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.

4.11. Ali və orta ixtisas təhsili müəssisələrinin əcnəbi tələbələri və məzunları haqqında məlumatlar “Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin əcnəbi tələbələri və məzunları haqqında məlumatlar isə “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinə daxil edilir. [14]

4.12. Azərbaycan Respublikasında təhsil alan əcnəbilər təhsil müəssisələrindən xaric edildikdə, təhsil müəssisəsi 3 (üç) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.

 


 

“Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na

 

əlavə

 

Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında

 

MÜQAVİLƏ

 

Bakı şəhəri                                                                                “___” ___________ 20 _____ il

 

Bundan sonra “təhsil müəssisəsi” adlandırılacaq ________________ bir tərəf və “əcnəbi tələbə” adlandırılacaq __________________________ digər tərəf aşağıdakı məzmunda Müqavilə bağladılar.

 

1. Müqavilənin predmeti

 

Təhsil müəssisəsi ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında _______________ təhsil səviyyəsinə uyğun ______________ ixtisas üzrə təhsil verməyi, əcnəbi tələbə isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün ______________ manat məbləğində təhsil haqqının təhsil müəssisəsinə ödənilməsini öhdəsinə götürür.

 

2. Tərəflərin vəzifələri

 

2.1. Təhsil müəssisəsi:

2.1.1. əcnəbi tələbə tədris ili başlananadək illik təhsil haqqının azı 50 faizini təhsil müəssisəsinin hesabına köçürdükdən sonra onun təhsil müəssisəsinə qəbulu haqqında əmr verir;

2.1.2. tədrisin dövlət təhsil standartlarına uyğun olaraq, ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış təhsil proqramları ilə müəyyən olunmuş kompetensiyalara (səriştələrə) uyğun mütəxəssis hazırlığını təmin edir;

2.1.3. əcnəbi tələbəyə ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş hüquq və təminatlardan istifadə etmək imkanı yaradır;

2.1.4. əcnəbi tələbəni təhsil prosesi və daxili intizam qaydaları ilə tanış edir və ona hüquq və vəzifələrini izah edir;

2.1.5. əcnəbi tələbə təhsilini uğurla başa vurduqdan sonra ona təhsil haqqında dövlət nümunəli sənəd verir.

2.2. Əcnəbi tələbə:

2.2.1. seçdiyi ixtisas üzrə tədris planı əsasında təhsil almaqla, tələb olunan kreditləri toplayır;

2.2.2. təhsil haqqını illik əsaslarla _____________ tarixədək ödəyir;

2.2.3. təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir;

2.2.4. Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim edir. [15]

 

3. Müqavilənin əlavə şərtləri

 

3.1. Təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir:

3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə;

3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə;

3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda;

3.1.4. Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə.

3.2. Əcnəbi tələbə hər hansı səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə təhsil müəssisəsindən xaric olunduqda, ödənilmiş təhsil haqqı geri qaytarılmır.

3.3. Müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.

3.4. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 eyni nüsxədə tərtib edilmiş, bir nüsxəsi təhsil müəssisəsində əcnəbi tələbənin şəxsi işində, digər nüsxəsi isə əcnəbi tələbənin özündə saxlanılmışdır..

 

 

Təhsil müəssisəsinin rəhbəri _____________________________________

Ünvan ________________________________________________________

Əcnəbi tələbənin soyadı, adı, atasının adı __________________________

Ünvan ________________________________________________________

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyun 2016-cı il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 iyun 2016-cı il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1200)

2.       23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239)

3.       28 aprel 2017-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 671)

4.       8 noyabr 2018-ci il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2430)

5.       19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2741)

6.       23 fevral 2019-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 fevral 2019-cu il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 357)

7.       19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294)

8.       11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2021-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1171)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyun 2016-cı il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 iyun 2016-cı il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1200) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 1.1-ci bəndində “doktorantura səviyyəsi” sözləri “doktorantura və magistratura səviyyələri” sözləri ilə əvəz edilmişdir.

28 aprel 2017-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 671) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 1.1-ci bəndində “elmi tədqiqat müəssisələrində” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2021-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1171) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 1.1-ci bəndə birinci halda “səviyyələri” sözündən sonra “, habelə tədris dilini zəif bilən əcnəbilərin hazırlıq sinif və kursları” sözləri əlavə edilmişdir.

 

[2] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 2.4-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.2-ci bəndinə müvafiq olaraq dövlətlər arası razılaşmalara əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbulunun aparılması Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

 

[3] 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 2.5-ci bəndində “təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələri ilə müəyyən olunmuş qaydada” sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 fevral 2019-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 fevral 2019-cu il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 357) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na yeni məzmunda 3.1.2-1-ci yarımbənd əlavə edilmişdir.

 

8 noyabr 2018-ci il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2430) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.6-cı yarımbəndində “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[5] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.6-cı bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.1.6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci və 6.2-ci bəndlərinə müvafiq olaraq, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında.

 

8 noyabr 2018-ci il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2430) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.6-cı yarımbəndində “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[6] 11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2021-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1171) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın yeni məzmunda 3.1-1-ci bənd əlavə edilmişdir.

 

[7] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.2-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.2. Əcnəbilər Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi sənədləri təqdim etməlidirlər.

 

[8] 11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2021-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1171) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.4-cü bəndin birinci abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.4. Bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

[9] 11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2021-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1171) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.4.1-ci və 3.4.5-ci yarımbəndlər ləğv edilmişdir.

 

[10] 11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2021-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1171) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın yeni məzmunda 3.4-1-ci, 3.8-ci və 4.2-1-ci bəndlər əlavə edilmişdir.

 

[11] 19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2741) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 4.1-ci bəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[12] 28 aprel 2017-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 671) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 4.4-cü bəndinin birinci cümləsində “elmi təşkilatların” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilmişdir.

11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2021-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1171) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 4.4-cü bəndin birinci cümləsindən “və vətəndaşlığı olmayan şəxslərin” sözləri çıxarılmışdır.

 

23 fevral 2019-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 fevral 2019-cu il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 357) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 4.4-cü bəndin birinci cümləsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi müəssisə və təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

 

[13] 11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2021-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1171) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 4.6-cı bəndə “orta təhsil” sözlərindən sonra “hazırlıq siniflərində və kurslarında təhsil alanlar” sözləri əlavə edilmişdir.

 

[14] 8 noyabr 2018-ci il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2430) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 4.11-ci bəndində “dövlət elektron məlumat sisteminə” sözləri “, ümumi təhsil və peşə təhsili müəssisələrinin əcnəbi tələbələri və məzunları haqqında məlumatlar isə “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinə” sözləri ilə əvəz edil edilmişdir.

 

[15] 11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2021-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1171) ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın əlavə - “Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında Müqavilə”nin 2.2.3-cü və 3.1.3-cü yarımbəndlərinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və müvafiq olaraq yeni məzmunda 2.2.4-cü və 3.1.4-cü yarımbəndlər əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status