AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
22.05.2015
QEYDİYYAT NÖMRƏSİ
1242
ADI
Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubunun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 24-05-2015, Nəşr nömrəsi: 110), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2015, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 600)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.05.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201505221242
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.05.2015
Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubunun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair 2015-ci il aprelin 25-də Bakı şəhərində imzalanmış Niyyət Məktubu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Niyyət Məktubunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Niyyət Məktubunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 may 2015-ci il

№ 1242


Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa

Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında

Azərbaycan-Fransız Universitetinə dair

 

NİYYƏT MƏKTUBU

 

Azərbaycan Respublikasının təhsil naziri və Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri,

Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikasının Prezidenti arasında 2014-cü il 4 sentyabr tarixində baş tutmuş müzakirələri rəhbər tutaraq,

Azərbaycan Respublikası və Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında 1993-cü il 20 dekabr tarixli Müqaviləni nəzərə alaraq,

Fransa Respublikası Prezidentinin 2014-cü il 12 may tarixində Azərbaycana səfəri zamanı iki Nazirlik arasında imzalanmış universitetlərarası əməkdaşlıq sahəsində Niyyət Məktubunu nəzərə alaraq,

nazirlər arasında 2014-cü il 12 noyabr tarixində Parisdə baş tutmuş görüşün yekunlarını nəzərə alaraq,

təhsil sahəsində əlaqələrin iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafına verdiyi töhfənin əhəmiyyətini qeyd etdilər;

təhsil sahəsində əməkdaşlığın 2013-cü ilin oktyabrında təsdiq olunmuş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində Azərbaycanda həyata keçirilən təhsil sisteminin islahatlarının məzmununa uyğun olaraq aparılmasının məqsədəuyğunluğunu vurğuladılar;

bu əməkdaşlığın Azərbaycanın Avropa Ali Təhsil Məkanına inteqrasiyası üçün müsbət rolunu qeyd etdilər;

2013-cü və 2014-cü illərdə Bakıda keçirilmiş 1-ci və 2-ci Azərbaycan-Fransız Universitetləri forumlarının nəticələrini alqışladılar;

2015-ci il 27 fevral tarixində Parisdə Fransa tərəfinin təşkil və ev sahibliyi etdiyi “Azərbaycan günü”nün nəticələrini alqışladılar;

Azərbaycan və Fransa hökumətlərinin Azərbaycan vətəndaşlarının Fransada ali təhsil almaları üçün imkanlarının artırılması istiqamətində səylərini qeyd etdilər;

bununla bağlı, Azərbaycan Respublikası Prezidentinin və Fransa Respublikası Prezidentinin 2014-cü il 4 sentyabr tarixində irəli sürdükləri birgə Azərbaycan-Fransız Universitetinin (UFAZ) təsis olunması təşəbbüsünün həyata keçirilməsinin vacibliyini vurğuladılar;

UFAZ layihəsinin Azərbaycanın və Fransanın iki yüksək səviyyəli, tanınan milli brendləri olan ali təhsil müəssisəsi arasında tərəfdaşlığa əsaslanacağını və fransız tərəfdaş ali təhsil müəssisəsinin əhatə olunan sahələrin çərçivəsini genişləndirməsi və layihə üçün insan resurslarının toplanması məqsədi ilə digər fransız ali təhsil müəssisələri ilə əlaqələndirmə sərbəstliyinə malik olacağını qeyd etdilər;

UFAZ layihəsinin və bu çərçivədə həyata keçiriləcək fəaliyyətlərin Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında digər formatlarda əməkdaşlığı təşviq edəcəyini vurğuladılar;

layihənin ilkin mərhələsində ingilis dilinin əsas tədris dili olacağı, tələbələrin fransız dili səviyyəsi nəzərə alınmaqla, mümkün qədər qısa müddətdə fransız dilində tədrisin tətbiq olunacağı barədə razılığa gəldilər;

UFAZ layihəsi və Azərbaycanın SABAH qrupları layihəsi arasında sıx əlaqələr qurulmasının əhəmiyyətini vurğuladılar;

UFAZ layihəsi üçün Fransanın tərəfdaş universitetində mövcud olan akademik standart və tələblərin səviyyəsinin formalaşdırılmasının vacibliyinə toxundular;

UFAZ layihəsinin muxtariyyət şəraitində həyata keçirilməsinə dair hər iki tərəfin ortaq baxışlarını qeyd etdilər;

layihənin iki tərəfin tələb və prioritetlərinə uyğun olaraq növbəti mərhələlərdə inkişafına və genişlənməsinə imkan yaradan təkmilləşən xarakterə malik olacağını vurğuladılar.

Azərbaycan tərəfinin professorlarının xidmətləri, nəqliyyat və yaşayış xərcləri də daxil olmaqla, UFAZ layihəsinin fəaliyyət xərclərini qarşılamaq üçün mexanizm tərtib edəcəyi və fransız tərəfinin UF AZ layihəsinin ilkin mərhələsində Azərbaycan tərəfinin razılığı ilə layihə əlaqələndiricisini işə götürəcəyi nəzərdə tutulur.

Fransanın təhsil sektorunun nümayəndələri ilə 2015-ci il 31 mart - 3 aprel tarixlərində aparılmış müzakirələrin nəticələri əsasında Tərəflər aşağıdakı yol xəritəsi barədə razılığa gəldilər:

1. UFAZ layihəsinin 2016/2017-ci tədris ilindən etibarən başlanılmasını təmin etmək məqsədi ilə birgə səylərin göstərilməsi;

2. aşağıdakı fəaliyyətin həyata keçirilməsi məqsədi ilə 2015-ci ilin iyun ayına qədər hər iki tərəfin müvafiq hökumət və universitet nümayəndələrindən ibarət birgə İşçi Qrupun təsis olunması:

• 2015-ci ilin iyununa qədər UFAZ layihəsi üçün prioritet ixtisaslarını və layihədə iştirak etməkdə maraqlı olan və hər bir ixtisas üzrə yüksək kvalifikasiyalara malik olan müvafiq Fransa universitetlərini müəyyənləşdirmək;

• 2015-ci ilin iyununa qədər hər bir tərəf üçün UFAZ layihəsində tərəfdaş universitet kimi fəaliyyət göstərəcək tanınan milli brendə malik yüksək səviyyəli ali təhsil müəssisəsinin təyin olunması məqsədi ilə müvafiq olaraq Azərbaycan və Fransa hökumətlərinə tövsiyələr vermək;

• 2015-ci ilin oktyabrına qədər təyin olunmuş iki tərəfdaş universitet arasında UFAZ layihəsi üzrə digər məsələlərlə yanaşı, aşağıdakıları da əhatə edəcək tərəfdaşlıq sazişinin imzalanmasını təklif etmək:

• Azərbaycanın tərəfdaş universitetinin seçilmiş fakültələrinin nəzdində UFAZ-ın Birgə Təhsil və Tədqiqat Məktəbi kimi yaradılmasının elementləri və təfərrüatları;

• kurikulumun hazırlanması, qəbul və qiymətləndirmə prosedurları, fransız dili təlimləri, diplomlar və tələbə mobilliyi də daxil olmaqla, UF AZ layihəsi çərçivəsində təhsil və tədqiqatların məzmununun formalaşdırılması mexanizmləri;

• UFAZ layihəsində çalışacaq azərbaycanlı və fransız akademik və tədqiqatçı heyətin işə götürülməsi, mübadiləsi və təlimləri;

• UFAZ layihəsinin təfərrüatlı maliyyə planı.

3. 2015-ci ilin noyabrına qədər layihənin idarə olunması məqsədi ilə hər iki tərəfin müvafiq hökumət və universitet nümayəndələrindən ibarət Birgə İdarəetmə Komitəsinin təsis olunması.

Bu Niyyət Məktubu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan tərəfinin yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Niyyət Məktubu Bakı şəhərində 2015-ci il 25 aprel tarixində, Azərbaycan və fransız dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır.

 

Azərbaycan Respublikasının

Fransa Respublikasının milli təhsil,

təhsil naziri

ali təhsil və tədqiqat naziri

Mikayıl CABBAROV

Najat Vallo-Belkasem adından

 

Fransa Respublikasının

 

Azərbaycan Respublikasındakı

 

fövqəladə və Səlahiyyətli Səfiri

 

Paskal MÖNYE

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status