AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.09.1995
QEYDİYYAT NÖMRƏSİ
198
ADI
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında Nizamnamənin təsdiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bakı metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi haqqında

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında Nizamnamənin təsdiqi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış əlavə olunan Nizamnamə təsdiq edilsin.

 

Baş nazir F. QULİYEV

 

Bakı şəhəri, 4 sentyabr 1995-ci il

                   № 198


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1995-ci il 4 sentyabr tarixli, 198 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında
Nizamnamə [2]

 

1. Ümumi müddəalar

 

1. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (mətndə «Metropoliten» adlandırılır) Bakı şəhərində əhalinin sərnişin daşımalarına olan tələbatını vaxtında, tam və keyfiyyətlə ödəmək məqsədilə fəaliyyət göstərir və şəhər nəqliyyat sisteminin əsasını təşkil edir.

Qatarların hərəkətinin və manevretmə işlərinin təhlükəsizliyini təmin etmək, həmçinin sərnişinlərin həyatı və sağlamlığı üçün təhlükəli olan vəziyyətlərə yol verməmək məqsədilə metropolitenin müəssisə, idarə və təşkilatlarının işçilərindən işdə yüksək mütəşəkkillik və xidməti vəzifələrinin qüsursuz yerinə yetirilməsi tələb olunur.

Metropolitendə intizamın pozulması insanların həyatı və sağlamlığı üçün, qatarların hərəkətinin və manevretmə işinin təhlükəsizliyi və daşınan yüklərin mühafizəsi üçün təhlükə yaradır, həmçinin müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olur.

2. Mövcud əmək qanunvericiliyinə əsaslanan bu Nizamnamə metropoliten işçiləri tərəfindən intizama riayət olunmasının xüsusi şərtlərini müəyyən edir.

3. Bu Nizamnamə mənzil-kommunal təsərrüfatı, məişət xidməti, fəhlə təchizatı, ictimai iaşə sistemi, kənd təsərrüfatı, tibbi-sanitariya idarələri, təhsil müəssisələri, kitabxana, metodiki kabinet, mədəni-maarif, idman və uşaq müəssisələri, pansionat və istirahət evlərinin işçiləri istisna olmaqla, təşkilat-hüquq formalarından asılı olmayaraq, metropolitenin müəssisə, idarə və təşkilatlarının, həmçinin aparatının bütün işçilərinə şamil edilir.

4. Metropoliten işçilərinin intizamı mövcud qanunvericiliklə tətbiq olunan normativ aktlarla müəyyən olunmuş qayda və normalara riayət etməkdən, müəssisə, idarə və təşkilat rəhbərlərinin (mətndə «rəhbər» adlandırılacaq) əmr və göstərişlərinin, həmçinin əmək müqavilələri ilə nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsindən ibarətdir.

5. İşçilərin vəzifə borcu:

a) qatarların hərəkətinin və manevretmə işinin təhlükəsizliyini, sərnişinlərin vaxtlı-vaxtında daşınmasını, qatarların hərəkət cədvəlinə riayət olunmasını, hərəkət qatarlarının boşdayanmalarının azaldılmasını təmin etmək;

b) metropolitenin texniki vasitələrinin (vaqonların, yolların, rabitə vasitələrinin və s.) həmçinin avadanlıqların, materialların, daşınan yüklərin, digər əmlakın mühafizəsini təmin etmək, onların oğurlanması hallarının qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək;

v) əmək mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi üzrə qayda və normaları yerinə yetirmək;

q) yüksək mədəni xidməti təmin etməklə, sərnişinlərə qayğı göstərmək;

d) bu Nizamnamənin tələblərini bilmək və yerinə yetirmək.

6. Rəhbərin borcudur:

a) tabeçiliyində olanların işini düzgün təşkil etmək, dəqiq əmr və göstərişlər vermək və onların dürüst və vaxtında yerinə yetirilməsini yoxlamaq, qatarların hərəkətinin və manevretmə işinin təhlükəsizliyinin təşkilinə xüsusi diqqət vermək, əməyin və idarəetmənin elmi əsaslarla tətbiqini təmin etmək;

b) qənaət rejiminə, material ehtiyatlarından səmərəli və faydalı istifadə olunmasına, daşınan yüklərin və tapşırılan əmlakın qorunmasını təmin etmək, onların itkisinə, korlanmasına və oğurlanmasına imkan yaradan səbəb və şəraiti aşkara çıxarıb aradan qaldırmaq;

v) əmək intizamının səviyyəsinin yüksəldilməsinə diqqət vermək, kadr axınının azalmasına nail olmaq, xidməti işdə fərqlənən işçiləri mükafatlandırmaq və intizamı pozanları ciddi tənbeh etmək, onların ehtiyac və tələblərinə qarşı həssaslıqla yanaşmaq;

q) «Əməyin Mühafizəsi haqqında» Azərbaycan Respublikası qanununa, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qayda və normalarına əsasən müvafiq kompleks tədbirlər işləyib həyata keçirmək;

d) istehsalatda qrup halında və ya ölümlə nəticələnən bədbəxt hadisə baş verdikdə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək şəraitinin Dövlət ekspertizası xidmətinə dərhal xəbər vermək.

7. Sərnişinlərə xidmət göstərilməsi, qatarların hərəkəti və manevretmə işləri ilə bağlı rəhbər heyət və işçilər vəzifələrinin icrası zamanı geyim formasında olmalıdırlar.

 

2. Mükafatlar

 

8. İşçilər əmək vəzifələrinin nümunəvi yerinə yetirilməsinə, işin keyfiyyətinin yaxşılaşdırılmasına, əmək məhsuldarlığının yüksəldilməsinə, yenilikçiliyə, təşəbbüskarlığa, tapşırılan əmlakın qorunmasına, uzunmüddətli və qüsursuz işə görə mükafatlandırılırlar.

9. İşçilər üçün mükafatlandırmanın aşağıdakı növləri tətbiq olunur:

a) təşəkkür elan edilməsi;

b) mükafat verilməsi;

v) qiymətli hədiyyə ilə mükafatlandırma;

q) təltif etmə;

d) peşəsinə görə ən yaxşı işçi və qazandığı nailiyyətlərə görə digər adların verilməsi;

e) kollektiv müqavilə ilə nəzərdə tutulan mükafatlar;

j) «Fəxri dəmiryolçu» döş nişanı ilə mükafatlandırma.

Eyni vaxtda bir neçə mükafatın verilməsi mümkündür.

10. Əmək sahəsində xüsusi xidmətlərinə görə işçilər, müəyyən olunmuş qaydada, Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edilirlər.

11. İşçilərin mükafatlandırılması qaydaları:

a) hər işçini işə qəbul etmək hüququna malik olan rəhbər əmrlə təşəkkür elan etmək, pul mükafatı, qiymətli hədiyyə və təltiflərlə mükafatlandırmaq hüququna malikdir. Rəhbər mükafatlandırmanın kollektiv müqavilə ilə nəzərdə tutulan digər növünü də tətbiq edə bilər;

b) işdə qazanılan nailiyyətlərə görə peşəsinin ustası və ya digər adların verilməsi müəyyən olunmuş qaydada həyata keçirilir;

v) «Fəxri dəmiryolçu» döş nişanı Metropolitenin müəssisələr Şurasında baxılır və bu Şuranın qərarı ilə verilir.

12. Yuxarı rəhbər işçi aşağı rəhbər işçinin mükafatlandırma hüquqlarından tam həcmdə istifadə edə bilər.

13. Mükafatlandırma əmrlə elan edilir və işçinin əmək kitabçasına qeyd olunur.

 

3. İntizam tənbehi

 

14. İşçinin təqsiri nəticəsində intizam pozuntusu onun intizam xətası hesab olunur.

Əmək vəzifələrinin icrası ilə bağlı olmayan bir şəraitdə müəyyən olunmuş davranış qaydalarının pozuntusuna görə intizam məsuliyyəti daşıyan işçi kateqoriyalarının siyahısı Azərbaycan Respublikasının Dəmir Yol Nəqliyyatı və Nəqliyyat Tikintisi Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmaqla metropoliten rəhbərliyi tərəfindən müəyyən olunur. [3]

Əmək vəzifələrinin icrası ilə bağlı olmayan bir şəraitdə müəyyən olunmuş davranış qaydalarının xidməti binalarında, qatarlarda, metropolitenin müəssisə, idarə, birlik və təşkilatlarının ərazisində pozuntusuna görə mövcud əmək qanunvericiliyi və bu Nizamnamə ilə nəzərdə tutulan intizam tənbehləri (işdən çıxarılmadan başqa) verilə bilər.

Hər bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər.

15. İntizam xətasına yol verdiyinə görə işçiyə qarşı Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulanlardan başqa aşağıdakı intizam tənbehləri tətbiq oluna bilər:

a) bu Nizamnamənin 16-cı bəndində nəzərdə tutulan əsaslar və qaydalar üzrə maşinisti elektrik qatarını (mühərrik-vaqonlu hərəkət qatarını) idarə etmək hüququ verən şəhadətnamədən, sürücünü mühərrik-rels nəqliyyatını idarə etmək hüququ verən şəhadətnamədən, elektrik qatarının mühərrik-vaqonlu hərəkət qatarının maşinist köməkçisini maşinist köməkçisinin şəhadətnaməsindən üç ay müddətinə məhrum etmək və yaxud həmin şəhadətnamədən bir il müddətinə məhrum edərək, bu müddətdə başqa işə keçirmək olar;

b) bu Nizamnamənin 17-ci bəndində nəzərdə tutulan əsaslar üzrə peşəsini (ixtisasını) nəzərə alaraq, iş təklif etmək şərtilə metropolitenin istismarı, yaxud qatarların hərəkətinin və manevretmə işlərinin təhlükəsizliyinin, daşınan yüklərin və tapşırılan əmlakın mühafizəsinin təmin edilməsi ilə bağlı vəzifələrdən azad edilmə;

v) bu Nizamnamənin 18-ci bəndində nəzərdə tutulan əsaslar üzrə işdən azad edilmə (işdən çıxarılma).

İşçi tibbi baxımdan səhhətinin vəziyyətinə uyğun gəlməyən başqa bir işə tənbeh olaraq keçirilə bilməz.

16. Maşinist, mühərrik-rels nəqliyyatının sürücüsü, yaxud maşinist köməkçisi qatarın aşması, yaxud qəzaya uğraması üçün təhlükə yaradan xətaya yol verdikdə, elektrik qatarını (mühərrik vaqonlu hərəkət qatarını) idarə etmək hüququ verən şəhadətnamədən, sürücü mühərrik-rels nəqliyyatını idarə etmək hüququnu verən şəhadətnamədən, elektrik qatarının (mühərrik-vaqonlu hərəkət qatarı) maşinist köməkçisi maşinist köməkçisinin şəhadətnaməsindən üç ay müddətinə məhrum edilə bilər.

Qatarın aşmasına, yaxud qəzaya uğramasına səbəb olan xətaya yol verdikdə, işə narkotik, yaxud sərxoşluq vəziyyətində gələn maşinist, mühərrik-rels nəqliyyatının sürücüsü və maşinist köməkçisi işdən kənar edilir və onlara qarşı bir il müddətinə şəhadətnamədən məhrum edilmə və ya işdən çıxarılma tənbehi tətbiq oluna bilər.

Bu zaman maşinist şəhadətnamədən məhrum edilməklə birlikdə maşinist köməkçisi, yaxud çilingər kimi başqa işə keçirilir, sürücü və maşinist köməkçisi isə şəhadətnamədən məhrum edildiyi müddətə qədər nəqliyyat vasitələrinin istismarı ilə bağlı olmayan işə keçirilirlər.

Yuxarıda sadalanan tənbeh vasitələri metropolitenin müəssisələr Şurasının qərarı ilə həyata keçirilir.

17. Peşəsini (ixtisasını) nəzərə almaq şərtilə iş təklif etməklə tutduğu vəzifədən azad edilmə kimi intizam tənbehi qatarların hərəkətinin və manevretmə işlərinin, adamların həyatının və sağlamlığının təhükəsizliyi üçün qorxu yaradan intizam pozuntusuna görə, yaxud sərnişinlərin daşınması və onlara xidmət göstərilməsinin, yüklərin və tapşırılan əmlakın saxlanılmasının təmin edilməsinin müəyyən olunmuş qaydalarının pozuntusuna görə verilə bilər.

18. İşdən çıxarılma kimi tənbeh mövcud əmək qanunvericiliyi ilə nəzərdə tutulan hallardan başqa həmçinin işçi tərəfindən qatarların hərəkətinin və manevretmə işlərinin, adamların həyatının və sağlamlığının təhlükəsizliyi üçün qorxu yaradan, yaxud yüklərin və tapşırılan əmlakın saxlanılmasının pozulmasına səbəb olan kobud intizam pozuntusuna yol verildikdə tətbiq edilir.

Göstərilən tənbehin verilə biləcəyi kobud intizam pozuntularının və həmin pozuntulara görə məsuliyyətə cəlb edilə biləcək işçi kateqoriyalarının siyahısı Azərbaycan Respublikasının Dəmiryol Nəqliyyatı və Nəqliyyat Tikinti İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmaq şərtilə metropoliten idarəsi tərəfindən təsdiq olunur. [4]

İşçi mövcud əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada işdən çıxarılır.

19. İntizam tənbehini işçini işə qəbul etmək hüququna malik olan rəhbər işçi də verə bilər.

20. Hər bir yuxarı vəzifəli rəhbər işçi tabeliyində olan müəssisə, idarə, birlik və təşkilatların işçilərinə münasibətdə aşağı vəzifəli rəhbər işçilərə məxsus olan tənbeh hüquqlarını bütünlüklə həyata keçirə bilər.

Bu Nizamnamənin 15-ci bəndinin «a» yarımbəndində nəzərdə tutulan (intizam) tənbehi 3 ay müddətinə metropolitenin rəisi və hərəkət qatarlarının xidmətinin rəisi verə bilər.

21. Qatarların hərəkətinin və manevretmə işinin adamların həyatının və sağlamlığının təhlükəsizliyi üçün qorxu yaradan xətaya yol vermiş işçi həmin sahədə sərəncam, yaxud nəzarət-müfəttişlik funksiyalarını yerinə yetirən vəzifəli şəxs tərəfindən müvafiq rəhbər işçiyə təxirsiz xəbərdarlıq etməklə həmin iş günündə (növbəsində) işdən kənar edilir. Xəbərdarlıqda işdən kənar edilmənin müfəssəl səbəbləri və təfsilatı göstərilməlidir.

Lazımi əsaslar olmadan işdən kənar edilmə təqsirkar vəzifəli şəxsin müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsinə səbəb olur.

22. Müvafiq rəhbər işçilər olmadıqda, tənbehi onların vəzifələrini rəsmi surətdə yerinə yetirən vəzifəli şəxslər tətbiq edə bilərlər.

23. Rəhbər işçi intizam tənbehi tətbiq etməzdən əvvəl baş vermiş xətanın səbəblərini hərtərəfli və obyektiv surətdə təhqiq etməli, xətaya yol verən işçidən qabaqcadan yazılı şəkildə izahat almalıdır.

İzahat verməkdən imtina etmək təqsirkar işçini cəza məsuliyyətindən azad etmir.

İntizam tənbehi yol verilən xətanın ağırlığına, onun baş verdiyi səbəblərə, işçinin təqsirinin dərəcəsinə uyğun olmalıdır.

Rəhbər işçi intizam tənbehinin növünü müəyyən edərkən, həmin xətanın xarakterini, vurduğu zərəri, xətanın baş verdiyi şəraiti, həmçinin xətaya yol vermiş işçinin buna qədərki xidmətlərini də nəzərə almalıdır.

Rəhbər işçi intizam tənbehi verərkən, xidməti etika qaydalarına riayət etməli və tabeliyində olan şəxsin ləyaqətinin alçaldılmasına yol verməməlidir.

24. İntizam tənbehinin tətbiqi xətaya yol vermiş işçini qanunvericilikdə nəzərdə tutulan digər məsuliyyətdən azad etmir.

İntizam tənbehi müəyyən olunmuş qaydada mükafatlardan, il ərzində işin yekunlarına görə mükafatlardan məhrum edilməklə və mövcud qanunvericiliklə və kollektiv müqavilə ilə nəzərdə tutulan digər tədbirlərlə birləşdirilə bilər.

25. İntizam tənbehi xəta aşkara çıxarıldıqdan sonra bir ay müddətində, işçinin yolda olmasından, xəstələndiyindən, məzuniyyətdə olmasından və s. asılı olmayaraq, tətbiq edilir.

Materiallar təhqiqat orqanlarına, yaxud yoldaşlıq məhkəməsində baxılmaq üçün verildikdə intizam tənbehi cinayət işinin qaldırılması, yaxud dayandırılması barədə rədd cavabı verilməsindən, yaxud əmək kollektivi ya da yoldaşlıq məhkəməsi tərəfindən intizam tənbehinin tətbiqi barədə müvafiq rəhbər işçi qarşısında məsələ qaldırmaq haqqında qərar çıxarılmasından ən azı bir ay müddətində tətbiq oluna bilər. [5]

26. Yuxarı vəzifəli rəhbər işçi ona verilən səlahiyyətlər çərçivəsində belə bir qərar üçün lazımi qədər əsas aşkar edərsə, aşağı vəzifəli işçinin verdiyi intizam tənbehini ləğv edə bilər, onu daha yüngül tənbeh ilə əvəz edə bilər, yaxud onu gücləndirə bilər.

Əgər təqsirkar işçinin müraciəti ilə əlaqədar olaraq, intizam tənbehi məsələlərinə baxılarsa, intizam tənbehinin gücləndirilməsinə yol verilə bilməz.

27. İntizam tənbehi verilməsi haqqında əmrlə tanış olduqdan sonra ötən üç ay müddətində və işdən çıxarılma haqqında əmri aldıqdan sonra ötən bir ay müddətində işçi həmin əmrlər barədə müəyyən olunmuş qaydada şikayət təqdim edə bilər.

28. Əgər işçi intizam tənbehi tətbiq olunduğu gündən ötən bir il ərzində yeni tənbeh almamışsa, o, intizam tənbehi almış hesab edilmir, lakin bu heç də Nizamnamənin 15-ci bəndinin «b» və «v» yarımbəndlərinə müvafiq surətdə tutduğu vəzifədən azad edilən və işdən çıxarılan işçilərin bundan əvvəl tutduğu vəzifəyə bərpasına imkan vermir.

Əgər işçi əmək intizamının yeni pozuntusuna yol verməzsə və əməyə vicdanlı münasibət nümayiş etdirərsə, ona verilmiş intizam tənbehi ilin tamamına qədər ləğv edilə bilər.

Qatarların hərəkəti və manevretmə işi ilə bağlı olan işçilər işə bərpa edildikdən əvvəl müəyyən olunmuş qaydada imtahandan (sınaqdan) keçməlidirlər. Əgər işçi iki dəfə dalbadal imtahandan (sınaqdan) keçə bilməzsə, işçi öz razılığı ilə ixtisasına uyğun digər işə keçirilir, başqa işə keçirilməkdən imtina etdikdə isə mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada işdən çıxarıla bilər. Qatarların hərəkəti və manevretmə işi ilə bağlı işdəki fasilə üç aydan çox olmazsa, imtahan (sınaq) keçirilmir.

29. İntizam tənbehi verilməsi üzrə işçilərin əmək mübahisələrinə müəssisə, idarə, birlik və təşkilatların müvafiq həmkarlar ittifaqı təşkilatı orqanlarının əmək mübahisələri üzrə komissiyaları və rayon (şəhər) xalq məhkəmələri tərəfindən baxılır.

Bu Nizamnamənin 15-ci bəndinin «v» yarımbəndinin tələbləri nəzərdə tutularaq, işçiyə verilən tənbeh barədə bilavasitə rayon (şəhər) xalq məhkəməsinə şikayət verilə bilər.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745)

2.       16 dekabr 2016-cı il tarixli 508 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2227)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745) ilə adında və mətnində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745) ilə Bakı Metropoliteni işçilərinin əmək intizamı haqqında Nizamnamə"nin adında və 1-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[3] 16 dekabr 2016-cı il tarixli 508 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2227) ilə “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında Nizamnamə”nin 14-cü hissənin ikinci abzasında “inzibati məsuliyyət” sözləri “intizam məsuliyyəti” sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 dekabr 2016-cı il tarixli 508 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2227) ilə “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında Nizamnamə”nin 18-ci hissənin ikinci abzasında “inzibati” sözü “pozuntulara görə” sözləri ilə əvəz edilmişdir.

 

[5] 16 dekabr 2016-cı il tarixli 508 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2227) ilə “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında Nizamnamə”nin 25-ci hissənin ikinci abzasında “inzibati tənbeh” sözləri “intizam tənbehi” sözləri ilə və “inzibati cəzanın” sözləri “intizam tənbehinin” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status