AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.01.1996
QEYDİYYAT NÖMRƏSİ
9
ADI
Bakı metropolitenində 1995-ci il oktyabrın 28-də baş vermiş qəza ilə əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişinlərin və yüklərin təhlükəsizliyinin təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bakı metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi haqqında

Bakı metropolitenində 1995-ci il oktyabrın 28-də baş vermiş qəza ilə əlaqədar respublikanın
nəqliyyat sahələrində sərnişinlərin və yüklərin təhlükəsizliyinin
təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

1995-ci il oktyabrın 28-də Bakı metropoliteninin "Ulduz" və "N. Narimanov" stansiyaları arasında qəza baş vermiş, nəticədə insan tələfatı olmuş, xeyli adam yaralanmış, metropolitenə külli miqdarda zərər dəymişdir. Göstərilən hadisənin nəticələrinin aradan qaldırılması, metropolitendə və digər nəqliyyat sahələrində bu cür hadisələrin baş verməsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Metropolitendə iş sabitliyinin saxlanılması, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi sahəsində Dövlət Komissiyası tərəfindən görülən işlər nəzərə alınsın.

2. Dövlət Komissiyasının "Bakı metropolitenində baş vermiş qəza ilə əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı" təsdiq edilsin (əlavə olunur).

Respublikanın əlaqədar təşkilatları, yerli icra hakimiyyəti orqanları "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin, digər nəqliyyat müəssisələri və təşkilatlarının sərəncamında olan obyektlərdə, nəqliyyat vasitələrində qəza hadisələrinin, hər cür təxribatın qarşısını almaq məqsədilə təqdim edilmiş tədbirlər planının həyata keçirilməsini təmin etsinlər. [1]

3. Respublika hüquq-mühafizə orqanlarının və nəqliyyat idarələrinin rəhbərləri göstərilən vəzifələrin həllindən ötrü işlənib hazırlanmış planın qısa müddətdə həyata keçirilməsini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görsünlər və bu istiqamətdə aparılan işlər barəsində hər ay Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat versinlər.

4. İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılsın ki, Respublika Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin mövcud vəziyyəti müasir tələblərə cavab vermədiyi üçün onların maddi-texniki bazalarının möhkəmləndirilməsi məqsədilə bir ay müddətində tədbirlər planı hazırlasınlar.

5. Respublika nazirlikləri, komitələri, baş idarələri, konsernləri, şirkətləri, birlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi haqqında" 1994-cü il 29 iyun tarixli 284 nömrəli qərarının tam həcmdə yerinə yetirilməsini təmin etsinlər.

6. Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin nəqliyyat və rabitə şöbəsi Bakı metropolitenində kadr məsələləri ilə bağlı vəziyyəti öyrənsin və bu barədə öz təklifini təqdim etsin.

7. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin nəqliyyat və rabitə şöbəsinə və aidiyyatı üzrə digər şöbələrə tapşırılsın.

 

Baş nazir F. QULİYEV

 

Bakı şəhəri, 24 yanvar 1996-cı il

               № 235


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1995-ci il 4 sentyabr tarixli, 198 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Bakı metropolitenində baş vermiş qəza ilə əlaqədar respublika nəqliyyat sahələrində
sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər
Planı

Sıra №-si

Tədbirlərin adı

İcra müddəti

İcraçılar

1

2

3

4

1.

"Bakı şəhər metropoliteninin "Ulduz" və "N. Nərimanov" stansiyaları arasında baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 28 oktyabr tarixli 402 saylı Fərmanına müvafiq olaraq, həlak olanların ailələrinə yardım göstərilməsi üzrə lazımi tədbirlər görülsün.

1 il

Şəhər və rayon İcra Hakimiyyətləri

2.

Zərər çəkmiş vətəndaşların pensiya və müavinətlərinin vaxtında verilməsi təmin edilsin.

mütəmadi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3.

Bakı metropoliteninin "Ulduz" və "N. Nərimanov" stansiyaları arasında baş vermiş qəzanın səbəblərinin araşdırılması, həmin hadisədə təqsirkar olan şəxslərin müəyyən edilməsi üçün hüquq-mühafizə orqanlarının birgə xüsusi axtarış əməliyyatlarının gedişi barədə Dövlət Komissiyasına müntəzəm surətdə məlumatlar verilsin.

 

Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

4.

Bakı metropolitenində təxribata daha tez məruz qala biləcək obyekt və sahələrdə rejim tədbirləri tətbiq edilsin, stansiyaların, depo və tunellərin, tikilməkdə olan metropoliten obyektlərinin mühafizəsi, xidmət obyektlərində pasportları və əl yüklərini yoxlama rejimi gücləndirilsin. Respublika iqtisadiyyatında mühüm rol oynayan nəqliyyat obyektlərinin istismarı və mühafizəsi üzrə rejimin gücləndirilməsi sahəsində tədbirlər görülsün.

mütəmadi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu, Xəzər Dəniz Gəmiçiliyi, "Azərbaycan Hava Yolları" DK, "Azəravtonəqliyyat" DK, "Azərtunelmetrotikinti" DŞ, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Respublika Prokurorluğu, şəhər və rayon icra hakimiyyətləri [2]

5.

Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 100 №-li qərarı ilə qüvvədən düşmüşdür.

6.

Metro stansiyalarında sərnişin axınının gərginliyini azaltmaq üçün qatarların hərəkət cədvəlinin dəyişdirilməsi sahəsində optimal sərnişin paylama mexanizmi yaradılsın.

5 gün

Bakı metropoliteni

7.

Sərnişinlərə nəzarət gücləndirilsin, onların özləri ilə apardıqları əşyalar tam yoxlanılsın. Qatarların sonuncu stansiyalarda ciddi yoxlanılması və onların dalanlarda, tunellərdə məqsədli, müvəqqəti və müddətli (gecə) dayanmalarda mühafizəsi təşkil edilsin. Elektrik deposundan buraxılan qatarların yoxlanılmasından ötrü xüsusi komissiya yaradılsın, qatarlara həmin komissiya tərəfindən texniki baxış keçirilsin və onların xəttə buraxılmasına dair müsbət rəy verildikdən sonra akt tərtib etməklə istismar üçün xəttə verilsin.

mütəmadi

Daxili İşlər Nazirliyi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

8.

Metropolitenin sabit işinin təmin edilməsi məqsədilə:

  • intizamın möhkəmləndirilməsi, texniki istismar qaydalarının, təlimatların və əmrlərin danışıqsız və dəqiq yerinə yetirilməsinə görə məsuliyyətin artırılması işçilərin başlıca vəzifəsi hesab edilsin, bölmələrdə qəflətən yoxlamaların aparılması üzrə kompleks briqadalar yaradılsın;

mütəmadi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

  • işçilərin bilik və bacarıqlarının səviyyəsi müntəzəm surətdə yüksədilsin, bundan ötrü mövcud texniki imkanlardan geniş istifadə edilsin, işçilərin bilik və bacarıqlarının plandankənar yoxlanması keçirilsin. Bütün xidmət sahələrində texniki yoxlamalar keçirilsin, hərəkətin təhlükəsizliyinə təsir edə biləcək halların aradan qaldırılması üçün müvafiq tədbirlər planı hazırlansın;

mütəmadi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

  • bütün hərəkət vahidləri, obyektlər, xidmətlər ilkin yanğınsöndürmə vasitələri və alətləri ilə təmin edilsin, müəssisədə olan bütün elektrik avadanlığının, o cümlədən məişət xarakterli elektrik cihazları və avadanlıqlarının elektrotexniki qaydalara müvafiqliyi xüsusi yaradılmış komissiya vasitəsilə müayinə edilsin;

15 gün

Bakı metropoliteni, Daxili İşlər Nazirliyi

  • texniki vasitələrin və qurğuların diaqnostik və profilaktik yoxlamalarının, plan-xəbərdarlıq təmirinin müddətlərinə və keyfiyyətlə yerinə yetirilməsinə riayət olunmasına ciddi nəzarət edilsin; texniki cəhətdən nasaz hərəkət qatarlarının xəttə buraxılması ilə bağlı hər hansı bir cəhdin qarşısı alınsın. Vaqon parkının texniki vəziyyəti təhlil edilsin, təmir texnologiyasına nəzarət gücləndirilsin, lazımi ehtiyat hissələrinin və texniki avadanlığın alınması üçün müvafiq tədbirlər həyata keçirilsin;

mütəmadi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

  • hərəkət qatarlarına və onların avadanlıqlarına, təmas şəbəkəsi, elektrik təchizatı, işarəvermə və rabitə qurğularına texniki nəzarət sistemlərinin yaradılması və tətbiqi üzrə proqram işlənib hazırlansın;

1996–1997-ci illər

Bakı metropoliteni

  • birinci kateqoriyalı istehlakçı kimi metropolitenin sabit və fasiləsiz enerji təchizatı təmin edilsin;

2 ay

"Azərenerji" DŞ, Bakı metropoliteni

  • komanda heyətinin daimi əsaslar üzrə gecə-gündüz nöbətçiliyi təşkil edilsin;

mütəmadi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

  • işçilərin professional hazırlığını yüksəltmək üçün lazımi təlim-tədris tədbirləri görülsün.

mütəmadi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

9.

Bakı metropoliteninin "M. Əzizbəyov" və "Q. Qarayev" stansiyaları arasındakı tunelə neft məhsullarının sızmasının, "Xətai" stansiyasındakı eskalator maşınları bölməsində yeraltı sulara qarışan neft yağlarının toplanmasının səbəbləri və mənbələri öyrənilsin. Həmin ərazidən keçən kəmərlərin müayinəsi aparılsın, zədələr aradan qaldırılsın, neqativ proseslər ləğv edilənədək göstərilən stansiyaların təhlükəsiz istismarının təmin olunmasından ötrü lazımi tədbirlər görülsün.

10 gün

Dövlət Neft Şirkəti, Bakı metropoliteni, Daxili İşlər Nazirliyi

10.

Yağla işləyən bütün cihaz və qurğular dəqiq yoxlanılsın, onların bir çoxunun köhnəldiyinə görə yağ buraxması nəzərə alınaraq təmir olunsun, yaxud yeniləri ilə əvəz edilsin.

mütəmadi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

11.

Bakı metropoliteninin maliyyə-texniki bazasını möhkəmləndirmək məqsədilə:

  • müəssisənin rentabelliyinin yüksəldilməsi üzrə tədbirlər işlənib hazırlansın və həyata keçirilsin;

1 ay

İqtisadiyyat Nazirliyi, Bakı metropoliteni

  • yeni vaqonların, müxtəlif material, avadanlıq və ehtiyat hissələrinin alınmasına, köhnə vaqonların əsaslı təmir edilməsinə vəsait ayrılması 1996-cı ildən başlayaraq hər il büdcə layihələrində imkan dairəsində nəzərdə tutulsun.

1996–1998-ci illər

Maliyyə Nazirliyi, Bakı metropoliteni

12.

1994–1995-ci illərdə və bundan sonrakı müddətlərdə metropolitenin təsərrüfat-maliyyə fəaliyyətini yoxlamaq, dövlət büdcəsindən ayrılan vəsaitin bilavasitə lazımi istiqamətdə xərclənməsini araşdırmaqla nəzarəti gücləndirmək

 

Maliyyə Nazirliyi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

13.

Bakı metropolitenində və digər nəqliyyat müəssisələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə, yanğınsöndürmə və xilasetmə işlərinin etibarlı təşkil olunması üçün, Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri idarəsinin nəzdində ixtisaslaşdırılmış xüsusi qrup yaradılsın və onun texnika və avadanlıqlarla təchiz edilməsi üçün aşağıda adı çəkilən malların alınmasına vəsait ayrılsın:

  • AQ-24 (130) markalı qazdan-tüstüdən mühafizə xidməti avtomobili — 1 ədəd
  • AV-20 53229 PM-525 markalı köpüklə yanğınsöndürmə avtomobili — 2 ədəd
  • PO-3 Aİ markalı köpük əmələ gətirən — 20 ton
  • KİP-8 markalı oksigen təcridetmə əleyhqazı — 30 ədəd
  • 4 saatdan artıq işləyən R-12 markalı əleyhqazı — 30 ədəd
  • 30 metrlik xilasetmə kəndiri — 50 ədəd
  • 50 metrlik xilasetmə kəndiri — 20 ədəd
  • RU markalı avtogenlə kəsici qurğu — 2 ədəd
  • FZQP-1M markalı qrup fanarı — 50 ədəd
  • USPİ–4-50 markalı xilasetmə qurğusu — 2 ədəd
  • NQ-16 markalı hidravlik qayçı — 5 ədəd
  • XPİ markalı kimyəvi hopdurucu — 10 ton
  • İstilik keçirməyən geyim dəsti — 50 ədəd

1996-cı il

Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi

Respublika büdcəsinin imkanları daxilində yüklərin, bağlamaların müasir cihazlarla yoxlanılmasından ötrü aşağıdakı avadanlıqların alınması nəzərdə tutulsun:

  • metal əşyaları müəyyən etmək üçün əldə gəzdirilən xüsusi cihazlar — 60 ədəd
  • fabrik üsulu ilə hermetik bağlanılmış yüklərin yoxlanılmasından ötrü xüsusi stasionar qurğular — 2 ədəd

1996–1998-ci illər

Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi

14.

Metropolitendə hər cür qəza və yanğın hadisələrinin vaxtında qarşısını almaq üçün bütün texniki vasitələr və şəxsi heyət daim hazır vəziyyətdə saxlanılsın, yanğın təhlükəsizliyinin tələbləri ciddi yerinə yetirilsin, şəhərin müvafiq xidmətləri ilə birgə yanğınsöndürmə və yanğından xilasetmə üzrə müntəzəm taktiki təlimlər həyata keçirilsin.

mütəmadi

Daxili İşlər Nazirliyi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti [3]

Müəssisədə işləyən bütün işçilərdən rübdə bir dəfə yanğın-texniki minimum üzrə məqbullar qəbul edilsin.

15.

Yanğın təhlükəsizliyinin təmin olunması vərdişlərinin öyrədilməsi məqsədilə nəqliyyatın bütün növlərində müvafiq təşkilatları (mülki müdafiə, polis, qaz, elektrik, su təchizatı şəbəkələri, təcili yardım və s.) cəlb etməklə vaxtaşırı yanğından mühafizə təlimləri keçirilsin.

ildə 2 dəfə

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi, "Azəravtonəqliyyat" DK, "Azərbaycan Hava Yolları" DK, Xəzər Dəniz Gəmiçiliyi, Bakı Dəniz Limanı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Respublika Mülki Müdafiə Qərargahı, "Azəriqaz" DŞ, "Azərenerji" DŞ, Mənzil-Kommunal Təsərrüfatı Komitəsi, şəhər və rayon İcra Hakimiyyətləri

16.

Respublikaya işgüzar məqsədlərlə və şəxsi dəvətlə gələn xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, həmçinin xarici ölkələrdən gəlmiş nəqliyyat vasitələrinin, onların sürücülərinin respublika ərazisində qeydiyyatdan keçmələrinə, yaşamalarına, davranış qaydalarına riayət etməsinə nəzarət gücləndirilsin.

mütəmadi

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Gömrük Komitəsi

17.

Respublika xalq təsərrüfatı sahəsində fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılması üzrə işlərin təşkili, onların profilaktikası və öyrənilməsi üzrə ixtisaslaşmış dövlət struktur bölməsinin yaradılması üzrə təkliflər işlənib hazırlansın.

1 ay

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

18.

Dəmiryol nəqliyyatının tərtibetmə məntəqələrində çeşidləmə qovşaq stansiyalarında qatarların, xüsusən neft məhsulları və yanğına qarşı təhlükəli yük doldurulan qatarların tərtib edilməsi zamanı onların texniki və yanğın əleyhinə təhlükəsizlik vəziyyəti yoxlanılsın və aşkara çıxarılan qüsurlar operativ surətdə aradan qaldırılsın.

mütəmadi

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi

19.

Tərtibetmə və təyinat məntəqələrində sərnişin qatarlarına gündəlik nəzarət gücləndirilsin, bələdçi briqadalarından sayıqlığın artırılması tələb edilsin və xüsusi təlim kursları keçməklə onlar yanğınsöndürmə vərdişlərinə öyrədilsin.

mütəmadi

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi

20.

Bütün gəmi və bərələr yanğın təhlükəsizliyindən ötrü xüsusi yanğınsöndürmə və xilasetmə inventarları ilə təchiz edilsin və komplektləşdirilsin. Texniki vasitələrin işi təsdiq olunmuş normativ aktlara uyğun ciddi surətdə yoxlanılsın və bununla əlaqədar müvafiq təlimlər keçirilsin.

1 ay

Xəzər Dəniz Gəmiçiliyi

21.

Bərə gəmilərinin işinə nəzarət artırılsın, limana buraxılan bütün avtomaşın və vaqonlara daxili və xarici baxış keçirilsin, əraziyə kənar şəxslərin daxil olmamasına nəzarət gücləndirilsin. Dəniz vağzalının ərazisində gözləmə zalının qorunmasına diqqət artırılsın. Bütün obyektlərdə yanğından mühafizə vasitələri komplektləşdirilsin.

mütəmadi

Bakı Dəniz Limanı

22.

Sərnişin nəqliyyatında texniki cəhətdən nasaz avtomaşınların, tramvay və trolleybusların xəttə buraxılması qəti qadağan olunsun, sərnişin nəqliyyatı vasitələrinin vaxtlı-vaxtında və ciddi texniki yoxlamadan keçirilməsi, sürücülərin səfərqabağı həkim müayinəsindən keçməsi təmin edilsin.

mütəmadi

"Azəravtonəqliyyat" DK, Bakı Şəhər İcra Hakimiyyətinin "Sərnişinnəqliyyat" İdarəsi

23.

Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Respublika Komissiyası şəhər sərnişin nəqliyyatının və şəhərlərarası nəqliyyatın hərəkət və yanğın təhlükəsizliyinin vəziyyəti məsələsi üzrə növbədənkənar iclasını keçirsin, hərəkət və yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində profilaktika işlərinin gedişini müzakirə etsin, bu sahədə işlərin gücləndirilməsi və məqsədyönlü aparılması üçün daim lazımi tədbirlər görsün.

mütəmadi

Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Respublika Komissiyası, Daxili İşlər Nazirliyi

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745) ilə 2-ci hissənin ikinci abzasında "Bakı Metropoliteninin" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745) ilə "Bakı Metropolitenində baş vermiş qəza ilə əlaqədar respublika nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı"nın 4-cü hissəsinin "İcraçılar" sütunundan "Azərtunelmetrotikinti" DŞ," sözləri çıxarılmişdır.

 

[3] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745) ilə Bakı Metropolitenində baş vermiş qəza ilə əlaqədar respublika nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı"nın, 4-cü, 7-ci, 10-cu, 12-ci, 14-cü, 15-ci hissələrinin və 8-ci hissəsinin ikinci, üçüncü, beşinci, səkkizinci, doqquzuncu abzaslarının "İcraçılar" sütununda "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status