AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.04.2016
QEYDİYYAT NÖMRƏSİ
869
ADI
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 21-04-2016, Nəşr nömrəsi: 84), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2016, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 674)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.04.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201604200869
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.04.2016
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə qərara alıram: [1]

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılsın.

2. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddini bir ay müddətində müəyyən etsin;

3.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 aprel 2016-cı il

                 № 869

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin

 

ƏSASNAMƏSİ [2]

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki (bundan sonra - tabeliyindəki) peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası təhsil nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, tabeliyindəki qurumlar tərəfindən xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

1.7. Agentlik Azərbaycan Respublikasının Təhsil Nazirliyinə fəaliyyətinin nəticələri barədə hesabat təqdim edir.

 

2. Agentliyin fəaliyyət istiqamətləri

 

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir;

2.1.2. peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir;

2.1.3. peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür;

2.1.4. peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir;

2.1.5. qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir;

2.1.6. peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir.

 

3. Agentliyin vəzifələri

 

3.1. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. peşə təhsili sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirir;

3.1.2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, peşə təhsili üzrə dövlət proqramlarının hazırlanmasında iştirak edir və onların icrasını təmin edir;

3.1.3. peşə təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirir, onların yaradılması, yenidən təşkili və ləğvi barədə təkliflər hazırlayır;

3.1.4. peşə təhsili üçün səriştələrə əsaslanan, nəticəyönlü təhsil standartlarının və kurikulumların (proqramların) hazırlanmasını və tətbiqini təmin edir;

3.1.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, əmək bazarının tələblərinə və dövlət-özəl tərəfdaşlıq mexanizminə uyğun olaraq, tabeliyindəki peşə təhsili müəssisələrində kadr hazırlığına dair sifarişlərin formalaşdırılmasını təmin edir və proqnozları tərtib edir; [3]

3.1.6. müvafiq peşə üzrə təhsil standartlarının və kurikulumların (proqramların) hazırlanması üçün sahibkarlar, onların birlikləri, sahə və peşə assosiasiyaları ilə əməkdaşlıq edir;

3.1.7. təhsilin qeyri-dövlət sektorunun dəstəklənməsi məqsədi ilə bələdiyyə və özəl peşə təhsili müəssisələrinə metodik kömək göstərir;

3.1.8. peşə təhsili müəssisələrinin istehsalat bazalarının müasirləşdirilməsi və inkişafı üçün tədbirlər görür;

3.1.9. tabeliyindəki peşə təhsili müəssisələrində mühəndis-pedaqoji işçilərin və tələbələrin təhlükəsizliyini təmin edən tədbirlərin (əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin qorunması, sanitariya-gigiyena qaydaları və s.) yerinə yetirilməsinə nəzarət edir; [4]

3.1.10. tabeliyindəki peşə təhsili müəssisələrinin istifadəsində olan maşın-mexanizm və avadanlıqdan, texnikadan səmərəli istifadə edilməsinə, onlara vaxtında texniki xidmət göstərilməsinə nəzarət edir;

3.1.11. hüquqi və fiziki şəxslərin iştirakı ilə tədris-istehsalat sahələrinin qurulmasına şərait yaradır;

3.1.12. mülkiyyət növündən asılı olmayaraq, qurumlarla və fiziki şəxslərlə müqavilələr əsasında tabeliyindəki peşə təhsili müəssisələrində kadr hazırlığı işini təşkil edir;

3.1.13. müasir təhsil texnologiyalarından istifadə etməklə, tədris prosesində innovasiyaların tətbiqinə şərait yaradır;

3.1.14. peşə təhsili sahəsində qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayılmasını təşkil edir;

3.1.14-1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, işəgötürənlərin və təhsilalanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə iş yerlərində və tabeliyindəki peşə təhsili müəssisələrində təcrübə proqramları hazırlayır; [5]

3.1.15. peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanılmasını təşkil edir;

3.1.16. peşə təhsili sahəsində birgə fəaliyyət nəticəsində daxilolmalardan peşə təhsili müəssisələrinin inkişafı və işçilərin sosial müdafiəsi məqsədləri üçün istifadə edilməsi barədə təkliflər hazırlayır;

3.1.17. peşəyönümü işinin təşkilində və təkmilləşdirilməsində iştirak edir;

3.1.18. işəgötürənlərin sifarişləri əsasında peşə təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları təşkil edir;

3.1.19. sosial tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin inkişafını təmin edir;

3.1.20. əmək bazarının tələblərinə müvafiq olaraq, peşə təhsili üzrə ixtisasların təsnifatı barədə təkliflər verir;

3.1.21. tabeliyindəki peşə təhsili müəssisələrində mühəndis-pedaqoji və rəhbər heyətin fəaliyyətinin attestasiyasını təmin edir;

3.1.22. qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin qiymətləndirilməsi əsasında onların müvafiq peşə standartlarına uyğunluğunu müəyyən edən metodikanı hazırlayır;

3.1.23. qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin (kompetensiyaların) tanınmasını təmin edir;

3.1.24. tabeliyindəki peşə təhsili müəssisələrinin, məzunların sayına uyğun olaraq, təhsil sənədlərinin blankları ilə təmin olunmasını təşkil edir; [6]

3.1.25. peşə təhsili müəssisələri üçün təhsil menecerlərinin, mühəndis-pedaqoji heyətin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

3.1.26. peşə təhsili müəssisələrinin dərslik, dərs vəsaitləri ilə, əyani və texniki vəsaitlərlə təmin olunmasını təşkil edir, peşə təhsili ilə bağlı elektron resurs bazasının inkişafını təmin edir;

3.1.27. ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemlərin araşdırılması məqsədi ilə tədqiqat işlərinin aparılmasına dair sifarişlər verir, bu istiqamətdə analitik və metodik materiallar hazırlayır;

3.1.28. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir;

3.1.29. Agentliyin fəaliyyət istiqamətləri üzrə və peşə kadrları hazırlığına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təkliflər verir;

3.1.30. Agentliyə ayrılan dövlət vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.31. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və müvafiq tədbirlər görür;

3.1.32. xarici peşə təhsili müəssisələri ilə təhsilalanların və təhsilverənlərin mübadiləsi proqramlarını əlaqələndirir;

3.1.33. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edir.

 

4. Agentliyin hüquqları

 

4.1. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, peşə təhsili sahəsinə aid normativ və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;

4.1.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;

4.1.3. tabeliyindəki peşə təhsili müəssisələrində monitorinqlər keçirmək və araşdırmalar aparmaq;

4.1.4. tabeliyindəki peşə təhsili müəssisələrinə icrası məcburi olan əmr və göstərişlər vermək;

4.1.5. fəaliyyəti, kadr potensialı və maddi-texniki bazası “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan peşə təhsili müəssisələri barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi qarşısında vəsatət qaldırmaq;

4.1.6. Azərbaycan Respublikasında peşə təhsili sahəsində maarifləndirmə və təbliğat işi aparmaq;

4.1.7. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz fəaliyyətinə xarici və yerli mütəxəssislər, ekspertlər, məsləhətçilər cəlb etməklə, konsaltinq və digər xidmətlərdən istifadə etmək;

4.1.8. məhkəmədə iddiaçı qismində çıxış etmək;

4.1.9. sərəncamında olan maliyyə vəsaitini idarə etmək;

4.1.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

4.1.11. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qurumlararası əlaqələndirmə və məşvərət orqanları, işçi qrupları yaratmaq.

 

5. Agentliyin fəaliyyətinin təşkili

 

5.1. Agentliyin Aparatı və tabeliyindəki peşə təhsili müəssisələri Agentliyin vahid sistemini təşkil edir.

5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Agentliyin direktoru rəhbərlik edir.

Agentliyin direktoru Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Agentliyin direktorunun Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

Agentliyin direktorunun müavini Agentliyin direktorunun ona həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Agentliyin direktoru:

5.4.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir;

5.4.3. Agentliyin direktorunun müavini istisna olmaqla, Agentliyin Aparatının işçilərini (Agentliyin Aparatının struktur bölmələrinin və tabeliyindəki peşə təhsili müəssisələrinin rəhbərlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. Agentliyin xərclər smetasına uyğun olaraq, ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

5.4.5. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün tədbirlər görür;

5.4.6. dövlət orqanları, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi vəkalətnaməsiz təmsil edir;

5.4.7. təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq, Agentliyin Aparatının struktur bölmələri rəhbərlərinin vəzifələrini müəyyən edir;

5.4.8. Agentliyin Aparatına, tabeliyindəki qurumlara icrası məcburi əmr və göstərişlər verir, onların icrasına nəzarəti təşkil edir, normativ və qeyri-normativ hüquqi aktların icrasını təmin edir;

5.4.9. Agentliyin strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təkliflər verir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 may 2019-cu il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 848)

2.       29 noyabr 2019-cu il tarixli 870 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1718)

3.       5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 125)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 may 2019-cu il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 848) ilə preambulada “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[2] 16 may 2019-cu il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 848) ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 1.1-ci bəndində hər iki halda, 2.1.1–2.1.4-cü, 2.1.6-cı, 3.1.1–3.1.5-ci, 3.1.7-ci, 3.1.8-ci, 3.1.10-cu, 3.1.12-ci, 3.1.14-cü, 3.1.15-ci yarımbəndlərində, 3.1.16-cı yarımbəndində hər iki halda, 3.1.18-ci, 3.1.20-ci, 3.1.21-ci, 3.1.24–3.1.26-cı, 3.1.29-cu, 4.1.1-ci, 4.1.3–4.1.6-cı yarımbəndlərində, 5.1-ci bəndində və 5.4.3-cü yarımbəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[3] 29 noyabr 2019-cu il tarixli 870 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1718) ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 3.1.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.5. əmək bazarının tələbatına uyğun olaraq, peşə təhsili müəssisələrində kadr hazırlığına dair sifarişlərin formalaşdırılmasında və proqnozların hazırlanmasında iştirak edir;

 

[4] 16 may 2019-cu il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 848) ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 3.1.9-cu yarımbəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə, “şagirdlərin” sözü “tələbələrin” sözü ilə əvəz edilmişdir.

 

[5] 29 noyabr 2019-cu il tarixli 870 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1718) ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nə yeni məzmunda 3.1.14-1-ci yarımbənd əlavə edilmişdir.

 

[6] 5 fevral 2021-ci il tarixli 1283 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2 maddə 125) ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 3.1.24-cü yarımbəndi ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status