AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
24.06.2016
QEYDİYYAT NÖMRƏSİ
976
ADI
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-06-2016, Nəşr nömrəsi: 137), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2016, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1072)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.06.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201606240976
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.06.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirilsin.

2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). [1]

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə verilməsini bir ay müddətində həll etsin.

4. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908; 2016, № 3, maddə 437, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli 898 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənd və 6-cı hissə ləğv edilsin;

4.2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 289 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti aparatının işçilərinin say həddi 57 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 308 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti aparatının işçilərinin say həddi 56 ştat vahidi, rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 852 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aparatının işçilərinin say həddi 155 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının işçilərinin say həddi 4536 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti aparatının işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.”.

5. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4-cü hissə ləğv edilsin;

5.2. aşağıdakı məzmunda 4-2-ci hissə əlavə edilsin;

“4-2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu;”.

6. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bənddə, 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərdə “sosial müdafiəsi” sözlərindən sonra “, o cümlədən əmək pensiyaları və sosial sığorta” sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 3.1.28-1 - 3.1.28-6-cı yarımbəndlər əlavə edilsin:

“3.1.28-1. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinin hazırlanmasını və təsdiq olunmuş büdcənin icrasını təmin etmək;

3.1.28-2. məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirmək;

3.1.28-3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək;

3.1.28-4. əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin vaxtında maliyyələşdirilməsini təmin etmək;

3.1.28-5. dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsini təmin etmək;

3.1.28-6. işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanılmasını və mühafizəsini təmin etmək;”;

6.3. 3.1.29-cu yarımbənddə “sosial müavinətlərin” sözlərindən əvvəl “əmək pensiyalarının,” sözləri əlavə edilsin;

6.4. 3.1.36-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.36. sosial sığorta, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və kompensasiyalar sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflər vermək;”;

6.5. 3.1.37-ci yarımbənddə “sosial müavinətlər” sözlərindən əvvəl “əmək pensiyaları,” sözləri əlavə edilsin;

6.6. aşağıdakı məzmunda 3.1.37-1-ci yarımbənd əlavə edilsin:

“3.1.37-1. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası haqqında hesabatın təqdim olunmasını təmin etmək;”;

6.7. 3.1.47-ci yarımbənd ləğv edilsin;

6.8. 4.1.3-cü yarımbənddə “əmək pensiyaları” sözlərindən əvvəl “sosial sığorta,” sözləri əlavə edilsin;

6.9. aşağıdakı məzmunda 4.1.12-1 - 4.1.12-2-ci yarımbəndlər əlavə edilsin:

“4.1.12-1. məcburi dövlət sosial sığorta qaydalarına sığortaedənlər tərəfindən əməl olunmasına nəzarət etmək;

4.1.12-2. işəgötürənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünün yoxlanılmasını və fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslər barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərinin tətbiqini təmin etmək;”.

7. Həmin Fərmanla təsdiq edilmiş Əlavə V ləğv edilsin.

8. Bu Fərmanın 4.2-ci bəndinə əsasən cari ildə tələb olunan əlavə xərclər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti üzrə 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına maliyyələşdirilir.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

11. “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 501; 2003, № 8, maddə 437; 2004, № 12, maddə 994; 2005, № 9, maddə 800; 2006, № 12, maddə 1046; 2007, № 2, maddə 97, № 4, maddə 325; 2008, № 2, maddə 51, № 3, maddə 187, № 11, maddə 970; 2009, № 12, maddə 983, 2011, № 2, maddə 85, № 3, maddə 181; 2012, № 12, maddə 1083) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2016-cı il

                 № 976


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. [2]

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Fond bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Fond müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Fondun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi, məcburi dövlət sosial sığorta vəsaiti, büdcədənkənar vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Fond Bakı şəhərində yerləşir.

 

2. Fondun fəaliyyət istiqamətləri

 

2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. əhalinin sosial müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, həmin siyasətin həyata keçirilməsini təmin edir;

2.1.2. məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınması və uçotdan çıxarılması, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, sığorta haqlarının uçotu, hesablanması və toplanması qaydalarının müəyyən edilməsində iştirak edir. [3]

2.1.3. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təşkil edir, tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyətini və inkişafını təmin edir;

2.1.4. əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı müvafiq proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir.

 

3. Fondun vəzifələri

 

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır:

3.1.1. Fondun büdcə layihəsini hazırlayıb Nazirliyə təqdim etmək;

3.1.2. Fondun növbəti il üzrə təsdiq olunmuş büdcəsinin gəlir və xərclər göstəricilərinə uyğun olaraq yerli orqanların gəlir və xərclər proqnozunu təsdiq edilməsi üçün Nazirliyə təqdim etmək;

3.1.3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda sığorta haqqının toplanmasını təşkil etmək; [4]

3.1.4. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək;

3.1.5. sığortaolunana dövlət sosial sığorta şəhadətnaməsi vermək;

3.1.6. işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;

3.1.7. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların əldə edilməsi qaydalarını izah etmək;

3.1.8. sığortaedənlərin məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə hesabatlarını qəbul etmək; [5]

3.1.9. işəgötürənlərdən və sığortaolunanlardan dövlət sosial sığorta sistemində fərdi uçot qanunvericiliyində müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;

3.1.10. məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək və işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək; [6]

3.1.11. sığortaedənlərdə məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına və ödənilməsinə nəzarət etmək; [7]

3.1.12. məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedənlərin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılmasına, eləcə də yaranmış borc məbləğinin sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulmasına dair “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbir görmək;

3.1.13. ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün bu cür tələblər üzrə Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsi ilə müəyyən edilmiş iddia müddəti ərzində məhkəmələrdə iddia qaldırmaq;

3.1.14. əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənişini təmin etmək;

3.1.15. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı sosial yardımların, digər sosial ödəmələrin və sosial xidmət xərclərinin maliyyələşdirilməsi üçün Nazirlik tərəfindən təmin edilən vəsaitlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək;

3.1.16. məcburi dövlət sosial sığortası, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiyaları və digər sosial ödəmələr sahəsində normativ hüquqi aktlarının tələblərinin özünün yerli orqanları tərəfindən yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;

3.1.17. Fondun büdcəsinin icrası ilə bağlı normativ hüquqi aktlarda müəyyən olunmuş orqanlardan aylıq, rüblük və illik hesabatlar almaq, ümumiləşdirmək və onları aidiyyəti orqanlara təqdim etmək;

3.1.18. mühasibat uçotu və statistik hesabatlar aparmaq;

3.1.19. ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin monitorinqinin keçirilməsini təmin etmək;

3.1.20. əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;

3.1.21. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirmək, həmin şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri barəsində aidiyyəti qurumlarla birlikdə fərdi profilaktik işi təşkil etmək;

3.1.22. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərin fəaliyyətinə sosial reabilitasiyanın müasir metodikalarını və texnologiyalarını tətbiq etmək, onların fəaliyyətinə nəzarət etmək, həmin müəssisə və xidmətlər şəbəkəsinin inkişafına dair təkliflərini Nazirliyə təqdim etmək;

3.1.23. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək;

3.1.24. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirləri həyata keçirmək, onlar üçün yardım mərkəzləri yaratmaq və həmin mərkəzlərin fəaliyyətinə nəzarət etmək;

3.1.25. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraitində olan şəxslərə (ailələrə) və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərə (ailələrə), habelə Fondun tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan bu kateqoriyadan olan şəxslərə sosial xidmət göstərilməsini təşkil etmək, müvafiq sosial xidmətlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə tədbirlər görmək və bu sahədə nəzarəti həyata keçirmək;

3.1.26. əlillərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görmək;

3.1.27. əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sanatoriya-kurort müalicəsi üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;

3.1.28. əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müvafiq yardımların göstərilməsini, ictimaiyyətin diqqətinin onların problemlərinə cəlb edilməsini, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsini təmin etmək;

3.1.29. əlillər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məlumat bazasının təşkili, internet saytının yaradılması, seminar və konfransların təşkil edilməsi, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə dair təhlillər aparmaqla hesabatların hazırlanması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, bədən tərbiyəsi və idmana cəlb etməklə onların beynəlxalq yarışlarda iştirakı üçün şəraitin yaradılması, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış idman sağlamlıq mərkəzlərinin yaradılması və istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək; [8]

3.1.30. əhalinin sosial müdafiəsi barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc etdirmək, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

3.1.31. vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək;

3.1.32. Fondun yerli orqanlarında işin təşkilinə metodiki və əməli kömək göstərmək, işdəki qabaqcıl təcrübəni öyrənmək və yaymaq;

3.1.33. əhalinin sosial müdafiəsi ilə bağlı digər vəzifələri yerinə yetirmək.

 

4. Fondun hüquqları

 

4.1. Fond öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. məcburi dövlət sosial sığorta haqlarının yığılması, habelə qanunda nəzərdə tutulmuş sosial müdafiə məqsədlərinə çəkilən xərclərin maliyyələşdirilməsi qaydaları barədə təlimat, metodiki göstərişlər və digər normativ sənədlər barədə Nazirliyə təkliflər vermək;

4.1.2. sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq;

4.1.3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, eləcə də sığortaolunanlardan məcburi dövlət sosial sığortasına aid olan məlumatları və sənədləri tələb etmək;

4.1.3-1. sığortaedənlərdən öz işçilərinin işsizlikdən sığorta edilməsini, sığorta haqlarının düzgün hesablanmasını, vaxtında və tam məbləğdə sığortaçıya ödənilməsini tələb etmək;

4.1.3-2. sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək; [9]

4.1.4. Fondun yerli orqanlarından görülmüş iş barədə hesabat almaq, onların fəaliyyətini təhlil və müzakirə etmək və müvafiq qaydada aidiyyəti üzrə qərar qəbul edilməsi barədə Nazirliyə təkliflər vermək;

4.1.5. dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi ilə əlaqədar izahatlar vermək;

4.1.6. işəgötürənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;

4.1.7. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işəgötürənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərini tətbiq etmək;

4.1.8. Fondun büdcəsinin xərcləri hesabına maliyyələşdirilən tədbirlər üzrə aidiyyəti orqanlardan hesabatlar almaq;

4.1.9. aztəminatlı ailələrin, çətin həyat şəraitində olan şəxslərin (ailələrin) sosial müdafiəsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini Nazirliyə təqdim etmək;

4.1.10. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.11. tabeliyində idarə və təşkilatların yaradılması, ləğvi və yenidən təşkili barədə Nazirliyə təkliflər vermək;

4.1.12. əhalinin sosial təminatına dair yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, bu sahədə beynəlxalq təcrübəni öyrənmək və xarici və yerli ekspertləri, məsləhətçiləri öz fəaliyyətinə cəlb etmək;

4.1.13. nəşr, reklam-informasiya fəaliyyətini həyata keçirmək;

4.1.14. əhalinin sosial müdafiəsi sahəsində digər hüquqları həyata keçirmək.

 

5. Fondun fəaliyyətinin təşkili

 

5.1. Fondun aparatı, şəhər, rayon şöbələri (bundan sonra - yerli orqanlar), Fondun tabeliyində olan sosial xidmət müəssisələri və Fondun fəaliyyətini təmin edən digər qurumlar Fondun vahid sistemini təşkil edir. [10]

5.2. Fonda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fondun direktoru rəhbərlik edir.

5.3. Fondun direktoru Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Fondun direktorunun, onun təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini vardır.

5.5. Fondun aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.

5.6. Fondun direktoru:

5.6.1. Fondun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. Fondun səlahiyyətinə aid olan məsələlər üzrə Nazirliyə təkliflər verir;

5.6.3. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.6.4. Fondun aparatının yardımçı vəzifə tutan işçilərini işə qəbul və işdən azad edir;

5.6.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Fondun aparatının, yerli orqanlarının strukturunu, xərclər smetasını və ştat cədvəlini təsdiq üçün Nazirliyə təqdim edir;

5.6.6. Fondun aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

5.6.7. Fondun büdcəsində nəzərdə tutulmuş vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

5.6.8. Fondun direktorunun müavinləri və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Fondun aparatının struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsünü aparır;

5.6.9. Fondun aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirlik qarşısında məsələ qaldırır;

5.6.10. Fondun aparatının və yerli orqanlarının işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;

5.6.11. Fondun işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;

5.6.12. dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqı və işəgötürənlər birlikləri ilə, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə Fondu vəkalətnaməsiz təmsil edir;

5.6.13. Fondun strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

5.6.14. Fondun fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;

5.6.15. Fondun qəbul etdiyi qərarlardan verilmiş şikayətlərə baxır və əsas olduqda, həmin qərarları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;

5.6.16. Fonda ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;

5.6.17. Fondun fəaliyyət istiqamətləri üzrə digər səlahiyyətləri həyata keçirir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 may 2017-ci il tarixli 1425 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 829)

2.       14 mart 2018-ci il tarixli 1884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 mart 2018-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 434)

3.       23 fevral 2019-cu il tarixli 546 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 245)

4.       30 iyun 2020-ci il tarixli 1076 nömrəli Azərbaycan  Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №6, maddə 717)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №6, maddə 717) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[2] 14 mart 2018-ci il tarixli 1884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 mart 2018-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 434) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 1.1-ci bəndinə “sığortası” sözündən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilmişdir.

 

[3] 14 mart 2018-ci il tarixli 1884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 mart 2018-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 434) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 2.1.2-ci yarımbəndinə “uçotdan çıxarılması,” sözlərindən sonra “sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması,” sözləri əlavə edilmişdir.

 

[4] 14 mart 2018-ci il tarixli 1884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 mart 2018-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 434) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndinə “sığorta haqlarının” sözlərindən sonra “və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda sığorta haqqının” sözləri əlavə edilmişdir.

 

[5] 14 mart 2018-ci il tarixli 1884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 mart 2018-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 434) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.8-ci yarımbəndinə “sığortası” sözündən sonra “və işsizlikdən sığorta” sözləri əlavə edilmişdir.

 

[6] 14 mart 2018-ci il tarixli 1884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 mart 2018-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 434) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.10-cu yarımbəndinə “etmək” sözündən sonra “və işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək” sözləri əlavə edilmişdir.

 

[7] 14 mart 2018-ci il tarixli 1884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 mart 2018-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 434) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.11-ci yarımbəndi çıxarılmışdır.

 

[8] 23 fevral 2019-cu il tarixli 546 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 245) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.29-cu yarımbəndindən “məlumat bazasının təşkili,” sözləri çıxarılmışdır.

 

[9] 14 mart 2018-ci il tarixli 1884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 mart 2018-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 434) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”yə yeni məzmunda 4.1.3-1-ci və 4.1.3-2-ci yarımbəndlər əlavə edilmişdir.

 

[10] 25 may 2017-ci il tarixli 1425 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 829) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 5.1-ci bəndində “(bundan sonra - yerli orqanlar),” sözlərindən sonra “Fondun tabeliyində olan sosial xidmət müəssisələri və” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status