AKTIN NÖVÜ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
14.06.2016
QEYDİYYAT NÖMRƏSİ
0004
ADI
“Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201606140004
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.06.2016
“Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

14.06.2016

Qeydiyyat nömrəsi

0004

Adı

“Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

30.06.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

350.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201606140004

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.06.2016

 

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.1.6-cı, 3.1.7-ci və 5.5.3-cü yarımbəndlərini rəhbər tutaraq, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli 639 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

 

qərara alır:

 

1. “Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2006-cı il 13 fevral tarixli 29 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2006-cı il 6 mart tarixli 3215 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin rabitə müəssisələri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları” və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2007-ci il 9 avqust tarixli 135 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2007-ci il 24 avqust tarixli 3358 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin rabitə müəssisələri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları”na dəyişikliklər” ləğv edilsin.

3. Hüquq şöbəsinə tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

4. Bu qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

 

Nazir

Ramin Quluzadə

 


 

 

Azərbaycan Respublikası

Rabitə və YüksəkTexnologiyalar Nazirliyinin 2016-cı il “14iyun tarixli

0004 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.1.6-cı və 3.1.7-ci yarımbəndlərinə uyğun olaraq, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinə, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının IV hissəsinə əsasən hazırlanmışdır və əməliyyat-axtarış subyektlərinin qanunla müəyyən edilmiş qaydada ümumi rabitə şəbəkəsi daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri (bundan sonra - müvafiq tədbirlər) keçirməsi üçün telekommunikasiya operatorları və provayderləri tərəfindən rabitə şəbəkələrinin əlavə (xüsusi) texniki vasitələrlə təchiz edilməsini tənzimləyir.

1.2. Bu Qaydaların müddəaları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən telekommunikasiya operatorlarına və provayderlərinə şamil edilir.

1.3. Telekommunikasiya operatorları və provayderləri əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən rabitə şəbəkələrində müvafiq tədbirlərin keçirilməsinə texniki şərait yaratmalı və bu məqsəd üçün rabitə sistemlərini müvafiq əlavə (xüsusi) texniki vasitələrlə (avadanlıqlarla) - telekommunikasiyalara nəzarət sistemləri ilə təchiz etməlidirlər.

1.4. Telekommunikasiyalara Nəzarət Sistemi (bundan sonra - TNS) - müvafiq tədbirlərin hədəfində olan subyekt və obyektlərin məlumat mübadilələrinə və həmçinin şəbəkənin bütün statistik informasiyalarına gizli qaydada nəzarəti təmin edən xüsusi aparat-proqram vasitələridir. TNS məlumat çıxarma vasitələri, nəqliyyat şəbəkəsi və nəzarət mərkəzlərindən ibarətdir.

1.5. Telekommunikasiya operatorları və provayderləri rabitə sistemlərini TNS-lərlə təchiz edərkən aşağıdakıları nəzərə almalıdırlar:

1.5.1.   Telekommunikasiya operatorlarında və provayderlərində müvafiq tədbirlərin keçirilməsi üçün TNS-lərin dəqiq sayı və tərkibi həmin telekommunikasiya operatorları və provayderləri tərəfindən öz rabitə sistemlərinin konfiqurasiyası barədə tam həcmdə məlumatlar təqdim edildikdən sonra ayrı-ayrılıqda aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən (bundan sonra - DTX) və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) səlahiyyətlərinə aid olan hissədə isə DİN ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətindən (bundan sonra - XDMX) alınmış konkret texniki-təşkilati şərtlər əsasında müəyyən edilir;

1.5.2. TNS-lərin quraşdırılması (XDMX-ya münasibətdə telekommunikasiya operatorlarında və provayderlərində yerləşən məlumat çıxarma avadanlıqlarının alınması və quraşdırılması), onlara texniki xidmət göstərilməsi və ayrıca texniki tələblərin yerinə yetirilməsi ilə bağlı maliyyə xərclərinin ödənilməsi telekommunikasiya operatorlarının və provayderlərinin hesabına həyata keçirilir;

1.5.3. TNS-lərin quraşdırılması ilə bağlı işlər ayrı-ayrılıqda aidiyyəti üzrə XDMX, DİN və DTX ilə razılaşdırılmış məhdud heyət cəlb olunmaqla konfidensial qaydada həyata keçirilir;

1.5.4. Konspirasiya və istismar şərtlərinə müvafiq olaraq telekommunikasiya operatorları və provayderləri tərəfindən TNS-lərin yerləşdirilməsi üçün xidməti ərazilər təqdim edilir. TNS-lərə xidmət göstərmək üçün rabitə şəbəkələrinin avadanlıqlarının yerləşdiyi ərazilərə ayrı-ayrılıqda aidiyyəti üzrə DTX, eləcə də DİN-in iştirakı ilə XDMX əməkdaşlarının daxil olması təmin edilir;

1.5.5. Quraşdırılmış TNS-lərin istismarı ayrı-ayrılıqda aidiyyəti üzrə DTX və XDMX tərəfindən həyata keçirilir;

1.5.6. Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin səlahiyyətli subyektləri rabitə şəbəkələrində müvafiq tədbirləri bu Qaydaların 1.5.1-ci yarımbəndinə uyğun olaraq quraşdırılmış TNS-lər vasitəsilə həyata keçirirlər;

1.5.7. Rabitə şəbəkələrində müvafiq tədbirlər “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan tələblərə uyğun həyata keçirilir.

1.5.8.   Müvafiq tədbirlərin keçirilməsinə əsas verən qərarlar və əldə olunan məlumatlar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən telekommunikasiya operatorlarına və provayderlərinə təqdim edilmir.

 

2. Telekommunikasiya operatorları və provayderləri tərəfindən telekommunikasiyalara nəzarət sistemlərinin quraşdırılması qaydası

 

2.1. TNS-lər bu Qaydaların 1.5.1-ci yarımbəndində göstərilmiş texniki-təşkilati şərtlərə uyğun layihələndirilməlidir (telekommunikasiya şəbəkələrində və idarəetmə mərkəzində aparat-proqram vasitələri, onların arasındakı telekommunikasiya xətləri və qurğuları, etibarlı elektrik təchizatı, texnoloji otaqlar və s. nəzərə alınmaqla).

2.2. Bu Qaydaların 3-cü hissəsinə əsasən müəyyən edilmiş vaxt üzrə TNS-lərin quraşdırılması başa çatdırılmalı, telekommunikasiya operatorları və provayderləri tərəfindən alınmış texniki avadanlıqlar onların balansında qalmaqla, ayrı-ayrılıqda aidiyyəti üzrə DTX və XDMX-nın istismarına verilməlidir.

2.3. TNS-lərin istismara qəbulu texniki şərtlərin tələblərinə uyğun olaraq, XDMX və DTX tərəfindən yaradılan və bu qurumların nümayəndələri ilə yanaşı, telekommunikasiya operatorlarının və provayderlərinin, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - RYTN), habelə DİN-in nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən həyata keçirilməlidir.[1]

2.4. İstismar dövründə TNS-lərə texniki xidmət telekommunikasiya operatorları və provayderləri tərəfindən təmin edilməlidir.

2.5. Rabitə şəbəkələrinin inkişaf etdirildiyi, təkmilləşdirildiyi, yeni xidmət növlərinin tətbiq edildiyi hallarda telekommunikasiya operatorları və provayderləri bu Qaydaların 1.5.1-ci yarımbəndində göstərilmiş texniki-təşkilati şərtlərə uyğun olaraq TNS-lərin müvafiq genişləndirilməsi üçün tədbirlər görməlidirlər.

 

3. Telekommunikasiyalara nəzarət sistemlərinin quraşdırılması müddətləri

 

3.1. Azərbaycan Respublikasının mövcud rabitə şəbəkələrində TNS-lərin quraşdırılması ayrı-ayrılıqda aidiyyəti üzrə XDMX, DİN, DTX və RYTN ilə əlavə razılaşdırılmış qaydada (mərhələlərlə) müəyyənləşdirilir və həyata keçirilir.

3.2. Yeni yaradılan və mövcud qanunvericiliyə uyğun lisenziya alan telekommunikasiya operatorları və provayderləri üçün TNS-lərin quraşdırılması müddətləri lisenziyalaşdırma mərhələsində bu Qaydaların 1.5.1-ci yarımbəndində göstərilmiş texniki-təşkilati şərtlər əsasında müəyyən edilir. TNS-lərin istismara verilməsi telekommunikasiya operatorlarının və provayderlərinin fəaliyyətə başlaması ilə paralel surətdə həyata keçirilir.

 

4. Məlumatın sanksiyalaşdırılmamış müdaxilələrdən mühafizəsi

 

4.1. Telekommunikasiya operatorları və provayderləri tərəfindən TNS-lərin işinə və əlaqələndirmə proseslərinə, proqram təminatına və məlumatlarına qanunvericiliklə müəyyən edilmiş qaydada (təxirəsalınmaz hallardan başqa) müvafiq icazə olmadan daxil olma imkanlarının bütövlüklə istisna olunması üçün tədbirlər görülməlidir.

 

 

5. Nəzarət

 

5.1. Bu Qaydaların müddəalarının telekommunikasiya operatorları və provayderləri tərəfindən yerinə yetirilməsinə nəzarəti RYTN həyata keçirir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 iyul 2018-ci il tarixli 002 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807110002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 iyul 2018-ci il tarixli 002 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807110002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2018-ci il) ilə “Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları”nın 2.3-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözlərinin əvvəlinə “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status